Topçubaşov Mərkəzi və IDM birgə panel müzakirəsi keçirib və Anlaşma Memorandumu imzalayıb

Topçubaşov Mərkəzi və IDM birgə panel müzakirəsi keçirib və Anlaşma Memorandumu imzalayıb

3 iyul 2026-cı il tarixində Topçubaşov Mərkəzi ilə Dunay Regionu və Mərkəzi Avropa İnstitutu (IDM) Vyanada "Cənubi Qafqazda dəyişikliklər: Nəqliyyat-kommunikasiya, regional əməkdaşlıq və Avropa perspektivləri" mövzusunda birgə panel müzakirəsi təşkil ediblər. Tədbirdə Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsi və regionun Mərkəzi Avropa üçün artan əhəmiyyəti ətrafında fikir mübadiləsi aparmaq məqsədilə bir sıra ekspertlər bir araya gəliblər.

Müzakirələr zamanı Cənubi Qafqazda baş verən dərin transformasiya prosesləri, regional təhlükəsizlik dinamikası, nəqliyyat-kommunikasiya təşəbbüsləri, dəyişən geosiyasi reallıqlar və bölgə ilə Avropa arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib. Panel iştirakçıları həmçinin Mərkəzi Avropadakı proseslərə toxunaraq, hər iki regionun oxşar və fərqli cəhətlərini, qarşılaşdıqları çağırışları və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Müzakirələrin əsas mövzularından biri Mərkəzi Avropa ilə Cənubi Qafqaz arasında dialoqun və praktik əməkdaşlığın gücləndirilməsi olub. İştirakçılar bağlantı imkanlarının inkişafının, regional dayanıqlılığın və insanlararası əlaqələrin daha geniş Avropa məkanında sabitliyin və dayanıqlı inkişafın təşviqində mühüm rol oynadığını vurğulayıblar.

Paneldə aşağıdakı şəxslər çıxış ediblər:

Rusif Hüseynov - Topçubaşov Mərkəzinin direktoru;

Federika Manciameli (Federica Mangiameli) - GLOBSEC-in Gələcəyin Təhlükəsizliyi Proqramının baş proqram meneceri;

Sebastian Şeffer (Sebastian Schäffer), IDM-in direktoru.

Müzakirədə moderator kimi IDM-in tədqiqat əməkdaşı Ninon Butelu (Ninon Bouteloup) çıxışe dib. IDM-in İdarə Heyətinin sədri Fridrix Faulhammer (Friedrich Faulhammer) isə açılış nitqi ilə çıxış edib.

Tədbirin sonunda Topçubaşov Mərkəzi ilə IDM arasında uzunmüddətli institusional əməkdaşlıq üçün çərçivə müəyyən edən Anlaşma Memorandumu (MoU) imzalanıb. Memorandum birgə tədqiqatların, siyasət dialoqunun, akademik mübadilənin və qarşılıqlı maraq doğuran sahələr üzrə ortaq təşəbbüslərin təşviqini və Cənubi Qafqaz ilə Mərkəzi Avropa arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfələri nəzərdə tutur.