Topçubaşov esse müsabiqəsi 2021
Topçubaşov Mərkəzi may ayının 4-də Azərbaycanın görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun ad gününə həsr olunmuş esse müsabiqəsi elan edir. Müsabiqə son bir il yarım ərzində baş verən müxtəlif və bir o qədər də əlaqəli hadisələrin fonunda gələcək mütəxəssislərin öz yanaşmalarını ifadə etməsinə dəstək vermək məqsədilə təşkil olunur.
İkinci dəfə keçiriləcək müsabiqədə həm ölkə daxilində, həm də xaricdə yaşayan və təhsil alan Azərbaycan vətəndaşlarının regional və qlobal proseslərə, ilk növbədə, Qarabağ müharibəsi, pandemiya və digər tarixi hadisələrin siyasi, iqtisadi və digər cəhətlərdən təsirləri ilə bağlı təhlilləri qəbul ediləcək.
Azərbaycan vətəndaşlarının iştirakı üçün seçilmiş mövzularda ilin ən əsas hadisələri kimi pandemiyanın ölkələrə göstərdiyi təsirlər və Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalarda digər qüvvələrin təsiri ilə yanaşı, son illər gündəmdə olan Qərb təsir vasitələrinin həm daxili problemlər, həm də güclərin artan qüdrəti kimi məsələlər də nəzərdə tutulmuşdur:
1. İkinci Qarabağ müharibəsinin regional və qlobal sistemə təsiri
2. “COVID-19” və qlobal siyasət: pandemiyadan sonra dünya necə görünəcək?
3. Təkqütblü dünyadan regionallaşmaya: regional güclərin yüksəlişi
4. Populist cərəyanlar, onların daxili siyasətdə və beynəlxalq münasibətlərdə rolu
5. Qlobal nizamsızlıq: 10 il sonra dünya siyasətinin konturlarını necə görürsünüz?
Esse müsabiqəsində 35 yaşa qədər Azərbaycan vətəndaşları iştirak edə bilər. Göstərilən 5 mövzudan birini seçərək öz yanaşmanızı 2500 sözdən artıq olmayan esse halında, Azərbaycan, ingilis və ya rus dilində yaza və tərcümeyi-halınızla birgə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Ən yaxşı üç essenin hər birinin müəllifinə 300 manat məbləğində mükafat təqdim olunacaq.
Esselərin qəbul müddəti: 4 may 2021 – 31 avqust 2021