Daşaltı əməliyyatı (2020)
Kəndin tarixi
Şuşanın Daşaltı kəndi rayon mərkəzindən 5 km aralıda yerləşən yaşayış məntəqəsidir. Daşaltının ərazisi 3526,36 hektar təşkil edir ki, bunun 1372,11 hektarı kənd təsərrüfatı, 1996,34 hektarı isə meşə torpaqlarıdır (Ghahramanyan, 2015:310). Buranın yaşayış məntəqəsi kimi əsası 18-ci əsrin əvvəllərində qoyulub. 18-ci əsrin ikinci yarısında Köhnə Tağlar və Çaylaqqala kəndlərindən əraziyə ermənilərin köçməsi ilə kənd daha da böyüdü. Əhali bu köçün səbəbi kimi kürd tayfaların həmin kəndlərə hücumunu göstərirdi (Balayan, 2020:583).
Daşaltı kəndi Çar Rusiyası dövründə sürətlə böyüdü və 19-cu əsrin sonlarında əhalinin sayı min nəfəri keçdi. 1880-ci illərdə Daşaltıda Şuşa taciri Daniel Aharonyan tərəfindən tikilmiş ipək fabriki fəaliyyət göstərirdi. Bura 1905 və 1918-1920-ci illərdə erməni və müsəlman əhalisinin qarşıdurma məkanına çevrildi. ADR dövründə Xosrov bəy Sultanovun ram edə bilmədiyi az sayda kəndlər arasında Daşaltı da vardı. Daşaltıda Sovet hakimiyyəti 1920-ci ilin may ayında bərqərar oldu. Kəndin ilk sovet nümayəndəsi Maryangül Sərkisyan seçildi (Balayan, 2020:585). 1931-ci ildə kənddə kolxozun əsası qoyuldu. Ərazidə ipək fabriki, südçülük ferması fəaliyyət göstərirdi.
Qarabağ hərəkatı və birinci müharibə zamanı
1988-ci ilin fevralında başlanan Miatsum hərəkatı zamanı Daşaltı kəndi Qarabağ komitəsinin əsas dəstək aldığı kəndlərdən biri idi. Həmin dövrdə Daşaltı Şuşa rayonunda yerləşən ən böyük erməni kəndi idi və siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. Erməni separatçılığına qarşı SSRİ hakimiyyəti tərəfindən 1991-ci ilin mayın 15-də Şuşada “Halqa əməliyyatı”na başlandı. Şuşanın ermənilər yaşayan Metsqaladərəsi, Kirov, Yextsahoq kəndlərinin əhalisi deportasiya edildi. Pasport rejimini tətbiq edən Sovet bölmələri Daşaltıdan avtobuslarla kişiləri çıxardı. Bu ərazi həmin əməliyyat zamanı Şuşanın tam deportasiya edilməmiş yeganə erməni kəndi idi.
1991-ci ilin avqustunda Moskvada baş verən hadisələr Qarabağda vəziyyəti yenidən gərginləşdirdi. Mərkəzi hökumətin nəzarətinin itməsi ilə yenidən aktivləşən ermənilər Daşaltı kəndində Vaqarşak Aruşanyanın rəhbərliyi altında dəstə formalaşdırdı. Bu dəstə Laçın-Şuşa yolunu mütəmadi atəşə tuturdu. SSRİ-nin dağılması ilə Qarabağda vəziyyət daha da gərginləşdi. 1992-ci ilin yanvarın ortalarında Kərkicahanın ermənilərin əlinə keçməsi ilə Şuşa üçün təhlükə yarandı. Bu səbəbdən, eləcə də Şuşanın Yuxarı Quşçular və Malıbəyli kəndlərinin blokadadan çıxarılması üçün müdafiə naziri Tacəddin Mehdiyev Daşaltıya hücum təşkil etdi. Lakin bu hücum uğursuz alındı, 140-dan çox itki verən Azərbaycan bölmələri Şuşaya geri çəkilməli oldu. Daşaltıdakı erməni bölmələri 1992-ci ilin mayında Şuşaya həyata keçirilən hücumda da əsas iştirakçılardan olmuşdu.
Atəşkəs dövründə
Birinci Qarabağ müharibəsi bitdikdən 6 il ərzində Daşaltı kəndində durğunluq oldu. 2000-ci ildən etibarən Daşaltının infrastrukturunun yaxşılaşdırılması, eləcə də kommunal problemlərinin həllinə başlanıldı. Həmin il kəndə təbii qaz xətti çəkildi. Müdafiə naziri Seyran Ohanyanın təşəbbüsü ilə kənddə 1992-ci ilin Daşaltı əməliyyatında həlak olanlar üçün abidə ucaldıldı. 2004-cü ildə Uruqvay, Kipr və Yunanıstan ermənilərinin maddi yardımı ilə Daşaltıya 3 kilometr uzunluğunda yeni su kəməri çəkildi; bununla da kəndin su problemi tamamilə həll edildi. 2015-ci ildə Argentina ermənilərinin köməyi ilə Daşaltıda kənd inzibati binası tikilib istifadəyə verildi. 2 il sonra iyulun 10-da Argentina ermənilərinin himayəsi ilə “Hayastan” fondu yeni uşaq bağçası tikdi. Həmin bağçanın tikintisinə 374.938 ABŞ dolları sərf edilmişdi. 2014-2015-ci illərdə “Hayastan” fondu və “DQR” hökumətinin birgə maliyyəsi ilə kənddəki məktəbin idman zalı əsaslı təmir olundu. 2018-ci ildə isə “Hayastan” fondunun Fransa bölməsinin maliyyə dəstəyi ilə kənddə günəş enerjisi ilə işləyən su qızdırıcıları quraşdırıldı. Bu layihə ilk olaraq Daşaltıda həyata keçirilmişdi. Həmin il Daşaltı-Şuşa yolunun təmir edilməsinə başlanıldı və əhalinin bir qisminə dam örtüklərini yenilənməsi üçün maliyyə ayrıldı. “Hayastan” fondu ümumilikdə Daşaltı kəndinə 816 min ABŞ dolları xərcləmişdi.
Daşaltı kəndinin əhalisi əsasən heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olurdu. 2017-ci il yanvarın 1-nə qədər olan məlumata görə, kənddə 212 baş iribuynuzlu mal-qara saxlanılırdı. Arıçılıq geniş yayılmışdı. Daşaltı kəndinin sakinləri əsas gəlirlərini tərəvəz məhsullarının satışından əldə edirdi. Kənddə 2015-ci ildə 161 təsərrüfatda ümumilikdə 660 nəfər yaşayırdı. (Ghahramanyan, 2015:310).
Daşaltı uğrunda döyüş
Oktyabrın 24-də Çanaqçı və Sığnax kəndləri ətrafında döyüşlər başlayanda “Yeğnikner” briqada komandiri Karen Calavyan Daşaltıda erməni bölmələrinə kömək üçün 40 nəfərlik qüvvə göndərdi. Onların arasında “Əmi” ləqəbli Hayk Manukyanın 9 nəfərlik dəstəsi, 12 nəfər kəşfiyyatçı, eləcə də ehtiyatda olan hərbçilər var idi. Karen Calavyanın silahlanma üzrə müavini, polkovnik-leytenant Armen Vardanyan bu bölmələrin komandanı təyin olundu. Oktyabrın 27-də onlara mayor Qeqaznik Tonoyanın başçılığı ilə 50-yə yaxın çağırışçıdan ibarət bölük qoşuldu. Hayk Manukyanın dəstəsi Daşaltıdakı kənd məktəbində yerləşdi. Oktyabrın 28-də Şuşadakı komanda məntəqəsində Daşaltı kənd icmasının rəhbəri Mxitar Aruşanyan və kənd müdafiə qüvvələrinin komandanı, mayor Artur Arakelyanın iştirak etdiyi müşavirə baş tutdu. Həmin müşavirədə Ermənistan Respublikasının keçmiş müdafiə naziri Seyran Ohanyan da iştirak edirdi. Ümumi məsləhətləşmələrdən sonra qərara alındı ki, kənd sakinləri hərbçilərlə birlikdə Sığnax və Daşaltı arasında yerləşən 1553,3 yüksəkliyi və onun ətrafında müdafiəni təşkil etsinlər. Müşavirədən sonra Mxitar Aruşanyan və Artur Arakelyan müdafiəni təşkil etmək üçün həmin əraziyə yollandılar. Bölgədə müdafiənin təşkili üçün səngər qazılan zaman Azərbaycan HHQ-si ərazini bombaladı. Nəticədə Mxitar Aruşanyan, Artur Arakelyan və onun oğlu Kamo Arakelyan səngərdə həlak oldu. Döyüşün əvvəlində həm icra nümayəndəsi, həm də müdafiə dəstəsinin liderini itirən Daşaltı sakinlərində güclü rüh düşkünlüyü yaşandı.
Oktyabrın 30-da saat 15:30 radələrində Azərbaycan xüsusi təyinatlıları 1553,3 yüksəkliyinə doğru hərəkətə başladı. Bu istiqamətdə intensiv atışma başlandı. 1553,3 yüksəkliyindəki döyüşlərdə iştirak etmiş əsgər Sübhan Məmmədov xatırlayır: “Yüksəklik daşlı və qayalıqdan ibarət idi. Bizi orda gözləyirdilər. Səssizcə yüksəkliyə doğru irəlilədik. Bizə komanda verilmişdi ki, 5 metr ara məsafəsi saxlamaqla şok atəşi edilməlidi. Mən mövqeləndim, yanımda olan Ruslan Nəcəfovun mövqeyi əlverişsiz idi. Atışma başladıqdan sonra ermənilər əraziyə minaatanla zərbələr endirməyə başladılar. Həmin minalardan biri mənim və Ruslanın yanına düşdü. İkimiz də yaralandıq, lakin Ruslanın vəziyyəti daha pis idi.”
Bu müddət ərzində Azərbaycan bölmələri paralel olaraq həmin ərazidən Daşaltıya gedən yola girmək üçün 4 hücum təşkil etdi. Son hücumdan 1 saat sonra “Yeğnikner” kəşfiyyat taqımının döyüşçüləri zirvənin şimal-şərqindəki mövqelərdən geri çəkildi. Həmin gün xüsusi təyinatlılar zirvəni ələ keçirdi. Baş leytenant Narek Hovhannisyan və baş leytenant Tovmas Tovmasyan 1553,3 yüksəkliyini geri qaytarmaq üçün hücum əməliyyatı planlaşdırdı. Hücumu şəxsən Karen Calavyan həyata keçirmək istəsə də Müdafiə Ordusu komandanlığı buna icazə vermədi. Oktyabrın 30-dan noyabrın 2-ə kimi davam edən döyüşlərdə DİN Daxili qoşunların xüsusi təyinatlıları, eləcə də 4-cü korpusun əsgərləri birgə müqavimət nəticəsində zirvəni qoruyub saxladılar. Ermənilərin 22-ci xüsusi təyinatlıları zirvəni yenidən ələ keçirmək üçün bir neçə dəfə həyata keçirdiyi hücumların heç bir əhəmiyyəti olmadı.
1553,3 yüksəkliyinin yaxınlığından geri çəkilən erməni bölmələri Daşaltı-Sığnax istiqamətində 2 hissəli müdafiə xətti qurdular. 2-ci xətt Azərbaycan Ordusunun 1-ci müdafiə xəttindən yan keçmə ehtimalı ola biləcəyi üçün nəzərdə tutulmuşdu. Buradakı əsgərlər kənddə idi və müəyyən işarə ilə hərəkət etməli idi. Birinci müdafiə xəttindəki bölmələrə Bağdasar Bağdasaryan rəhbərlik edirdi. Müdafiə xəttinin qurulmasına iştirak edən erməni hərbçisindən biri xatırlayırdı: “Sığnax-Daşaltı arasında müdafiə xətti qurulsa da hamı başa düşürdü ki, azərbaycanlılar onlardan yan keçib birbaşa kəndə istiqamətlənəcək. İnsanlar kəndin düz qarşısında səngər qazırdı. Kənddəki əsgərlərin əksəriyyəti cəmi üç ay xidmət edən 18 yaşlı uşaqlar var idi. Onlarla yanaşı Ermənistandan gəlmiş veteran könüllülər də var idi. Başqa bir təpədə Yerevandan gələn xüsusi təyinatlılar yerləşmişdi.”
Azərbaycan bölmələri paralel olaraq Daşaltıdan yan keçərək keçmiş Nəbilər kəndi istiqamətində əməliyyata başladı. Buradakı qoşunun məqsədi Keçəldağ-Şuşa yolunu keçərək İsa bulağı ətrafındakı əraziləri tutmaq idi. Yüksəkliyin cənub-qərb tərəfindəki meşəlik ərazilərdə hərəkət edən Azərbaycan bölmələri Daşaltıya yaxınlaşdı. Bu zaman Harutyun Mnatsakanyan ərazidə toplanmış Azərbaycan qoşunlarını artilleriya zərbələrinə məruz qoymaq üçün ərazidəki bölmələrin geri çəkilməsini əmr etdi. Taqım komandiri Vahe Qareginyan bu əmri yerinə yetirdi. “ANNA-News” teleqram kanalının müxbiri Aleksandr Xarçenkonun təqdim etdiyi videoda (5:20-6:10) həmin kadrları müşahidə etmək mümkündür. Noyabrın 1-də bu istiqamətdə hərəkət edən Azərbaycan bölmələri “TOS-1A” artilleriya sistemindən atəşə tutuldu.[1] Azərbaycan HHQ-sinə məxsus PUA ağır artilleriya sisteminin yerini təyin etdiyi üçün ermənilər tələsik onu ərazidən çıxardı. Noyabrın 1-də və 2-də cəbhə xətti demək olar ki, sabit qaldı. Həmin vaxt Daşaltı kənd sakinlərindən ibarət ikinci müdafiə xəttində istehkam işləri aparıldı. Axşama yaxın “ANNA-News” teleqram kanalının hərbi müxbiri Aleksandr Xarçenko kənddəki son kadrları nümayiş etdirdi. Noyabrın 2-dən 3-nə keçən gecə Daşaltı ərazisinə qalın duman çökdü. DİN Daxili qoşunlarının xüsusi təyinatlıları, 052 xüsusi təyinatlıları, eləcə də Naxçıvandan olan xüsusi təyinatlılar kəndin ətrafındakı yüksəkliklərin ələ keçirilməsi əməliyyatına başladı.
Erməni əsgərlərdən biri hərəkəti müşahidə etdiyini iddia etsə də, gecəgörmə cihazlarının olmaması qrupun aşkarlanmasına mane oldu. Artıq səhərə yaxın erməni mövqelərinə 700 metr yaxınlaşan Azərbaycan bölməsi kənd istiqamətdəki təpəni ələ keçirdi. Bu səbəbdən Vahe Qareginyanın 3-cü taqımı yerdəyişmə etmək məcburiyyətində qaldı.
Daşaltı istiqamətində Azərbaycan xüsusi təyinatlıları ilə birlikdə Quru qoşunlarının polkovnik Vilayət Quliyev rəhbərliyi altında 181 saylı hərbi hissəsi iştirak edirdi. Bu bölmələr Daşaltıya frontal hücum həyata keçirməli idi. Baş leytenant Amil Hüseynov Daşaltı kəndinə hücumu belə xatırlayırdı: “Birinci bölük soldan, ikinci və üçüncü bölük isə sağdan irəliləməyə başladı. Birinci bölüyün hücum etdiyi istiqamətdə Xaçtəpə deyilən yer var idi. Ora ilk mən çıxdım. Oradan Daşaltı kəndi görünürdü. Güclü atışma başladı. Oradakı döyüşlərdə ilk mən və daha sonra İlkin Nəzərli yaralandı. Həmin vaxtı sağ cinahdan mayor Elçin Takuzadənin və kapitan Surxay Noçuyevin bölmələri irəliləyirdi.”
Amil Hüseynovun qrupunda olan əsgər Anar Heydərovun döyüşlə bağlı xatirələri belə idi: “Çətinliklə də olsa meşəni adlayıb Daşaltı kəndinə daxil olduq. Hərbi bölmələrimiz döyüşə-döyüşə kəndin mərkəzinə doğru irəliləyirdi. Düşmən əsgərlərinin gizləndiyi mövqelər arasında 100-120 metrlik məsafə olardı. Onların çoxlu itki verdiyi aydın görünürdü, kəndin mərkəzindəki abidənin ətrafı yaralılarla dolu idi. Düşmən əsgərlərini təqib edərkən ətrafdakı yüksəkliklərdən aramsız minaatan atəşinə məruz qalırdıq. Ona görə də istiqaməti dəyişib dağa tərəf qalxdıq.” (“Həftə içi” qəzeti, 30.01.2021).
Noyabrın 3-də Daşaltı intensiv atəşə tutulmağa başladı. Kəndi mühasirəyə almaq üçün Azərbaycan bölmələri kəndin şərqindəki yüksəkliklərdən Muxtar kəndinə hücum başlatdı. Noyabrın 3-dən 4-ə keçən gecə Muxtarın Daşaltıya baxan bütün yüksəklikləri nəzarətə götürüldü. Keçəldağ istiqamətində hərəkət edən qruplar isə qərb tərəfdən kəndi dövrəyə aldı. Bununla da, ərazidəki erməni bölmələri Şuşa şəhərinin qayalıqlarına doğru sıxışdırıldı. Həmin döyüşdə iştirak edən erməni əsgər Tiqran Şahbazyan xatırlayır: “Noyabrın 4-də səhər saat 03:30 radələrində çox güclü atəş başladı, hər tərəfdən pulemyot səsləri eşidilirdi. Biz Azərbaycan Ordusunu Sığnax istiqamətdən gözləyirdik. Amma azərbaycanlılar bizi saat 04:00-04:30-da Şuşa-Keçəldağ yolundan atəşə tutmağa başladı. Kəndin yüksəkliklərində amansız döyüş gedirdi. Başımızı qaldıra bilmirdik, artilleriya daim olduğumuz mövqeləri vururdu. Kimin kimə atəş açdığını görə bilmirdik. “Allahu Əkbər” səsləri getdikcə yaxınlaşırdı.”
Çətin vəziyyətdə olan erməni qoşunların ciddi müqavimət göstərdi. Döyüşün əvvəlindəcə tabor komandiri Həmid Əliyev ağır yaralandı. Kəndə hücum zamanı digər tabor komandiri Elçin Takuzadənin rəhbərlik etdiyi bölmələr də ciddi müqavimətlə üzləşdi. Tabor komandiri və onun müavinləri yaralandı. Güclü müqavimətdən sonra bölmələr geri çəkilmək məcburiyyətində qaldı. Noyabrın 4-də günorta saatlarında kəndin şimal-qərb istiqamətindəki müdafiə xəttini təşkil edən 250 nəfərdən ibarət tabor geri çəkildi. Kənddəki erməni dəstəsinin komandanı Bağdasar Bağdasaryan xatırlayırdı: “Komandirdən geri çəkilmənin səbəbini soruşdum. Dedi ki, əmr almışıq, kəndi tərk etməliyik. Lakin onları kənddən buraxmayacağımı dedim. Polkovnik Armen Barxudaryan mənə zəng edib soruşdu: “Niyə onları buraxmırsan? Burax getsinlər, bu günün sonuna kimi sənə kömək göndərərəm.” Çıxarılan tabor Daşaltı-Sığnax yolunun sağ tərəfindəki ərazilərdə mövqeləndi. “DQR” Müdafiə Ordusu bölmələrinin geri çəkilməsindən sonra Daşaltının sol cinahı açıq qaldı. Saat 17:00 radələrində Azərbaycan ordusu Daşaltının şimal-qərb istiqamətində hücuma başladı. Bu dövrdə kənddə 3 mülki sakin qalmışdı. Bağdasar Bağdasaryan müqavimətin mənasız olduğunu başa düşdü və geri çəkilməyin lazım olduğunu bildirdi. Bir müddət davam edən müzakirədən sonra dəstənin yenidən əsgər toplamaq üçün geri çəkilməyinə qərar verildi.
Sıxışdırılmış erməni hərbçilər çay boyunca Şuşakəndə doğru geri çəkilməyə cəhd göstərdilər, lakin bu istiqamətdəki yüksəkliklər artıq Azərbaycan bölmələrinin əlində idi. Yüksəkliklərdən intensiv atəş buna imkan vermədi. Axşam saat 21:00-da sonuncu erməni əsgər açıq olan Daşaltı-Şuşa yolu ilə ərazidən çıxdı. Tabor komandiri səlahiyyətini icra edən kapitan Ramazan Hudulov xatırlayırdı: “Artıq hava qaralanda kəndə girməyə başladıq. 27 nəfərlik qrupla iləriləyərkən minalanmış sahəyə girdik, 5 şəhidimiz, 13 nəfər isə yaralımız oldu, hücum ləngidi. Düşmənin ağlına belə gəlməzdi ki, biz Daşaltını belə tezliklə ala bilərik. Kənd təmizlənəndən sonra evlərdə isti yeməklər var idi, görünür mülki əhali oradan son anda çıxmışdı. Çox əmin idilər ki, oranı ala bilməyəcəyik, lakin nə qədər səhv düşündüklərini anlamış oldular.”
Kənddə Azərbaycan bayrağını isə əsgər Əmanət Ağaşov asdı. Bununla belə, Daşaltı uğrunda döyüşlər bitmədi. Şuşaya geri çəkilən erməni bölmələri kəndi artilleriya, pulemyot və digər vasitələrlə intensiv atəşə tutmağa başladı.
Daşaltı-Şuşa yolu açıq olduğu üçün Azərbaycan bölmələri noyabrın 5-də Şuşa əməliyyatına başladı. Həmin istiqamətdəki döyüşləri polkovnik Tehran Mənsimovun rəhbərliyindəki Naxçıvan xüsusi təyinatlıları icra etdi.
Erməni bölmələri Daşaltıdan çıxsa da Ermənistan MN nümayəndəsi Artsrun Hovhannisyan Daşaltının “qəhrəmancasına” müdafiəsi haqqında məlumat verirdi. Eyni dövr ərzində Şuşada olan Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan da Daşaltının özlərində olduğunu bildirmişdi. “DQR” Müdafiə Ordusu noyabrın 7-də verdiyi açıqlamada Daşaltıda döyüşlərin davam etdiyini qeyd etmişdi. Daşaltı kəndinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə bağlı ilk məlumatı noyabrın 3-də “Donetsk Xalq Respublikasının” sabiq müdafiə naziri polkovnik İqor Girkin (Strelkov) vermişdi. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 9-da kəndin azad edildiyini elan etdi.
İtkilər
Daşaltı əməliyyatı həm Azərbaycan Ordusu, həm də erməni tərəfinin ciddi itkiləri ilə yekunlaşdı. Kəndin strateji ərazidə yerləşməsi səbəbilə buradakı erməni bölmələri çox ciddi müqavimət göstərdi. Mayor Elçin Takuzadə kəndə hücum zamanı komandanlıq etdiyi taborun 90 faizinin yaralandığını bildirmişdi. Kəndin alınmasında əsas itkiləri də məhz 181 saylı hərbi hissə verdi. Belə ki, noyabrın 5-dən sonra atəşkəs sazişinin imzalanmasına qədər Daşaltı intensiv atəşə məruz qaldı. Noyabrın 9-da Ermənistan istehsalı “Krunk” dronunun koordinasiyası ilə Daşaltı artilleriya zərbələrinə məruz qalmışdı. Bu ərazidə müharibə bitdikdən sonra da itkilər verildi. Belə ki, 2021-ci ilin dekabrın 9-da mina partlaması nəticəsində Qobustan rayon sakini Orxan Xanatov və İsmayıllı rayon sakini Vüsal Qəndiyev həlak oldu.
Ermənilərin isə bu döyüşlərdə itkisi daha ağır idi. Kənd icra nümayəndəsi Mxitar Aruşanyan, kənd müdafiə dəstəsinin lideri Artur Arakelyan, onun oğlu Kamo Arakelyan, eləcə də 1553,3 yüksəkliyinə hücumun müəllifləri Tovmas Tovmasyan və Narek Hovhannisyan, mayor Qeqaznik Tonoyan, polkovnik-leytenant Armen Vardanyan həlak oldu. Ümumiyyətlə, kənd uğrunda döyüşlərdə Bağdasar Bağdasaryan istisna olmaqla, bütün komandir heyəti həyatını itirdi. Daşaltı döyüşləri zamanı ermənilər 1 mülki itkiyə məruz qaldı. Noyabrın 5-də psixoloji pozğunluğu olan 58 yaşlı Alvard Tovmasyan kəndi tərk etmədi. Onun meyidi 2021-ci ilin yanvarın 14-də tapıldı. Daşaltıdakı məğlubiyyətə görə 2022-ci ilin avqustun 30-da həmin dövrdə “DQR” Müdafiə Ordusu komandanı olmuş Mikael Arzumanyan həbs edildi. (Eyni dövr ərzində Cəlal Harutyunyana qarşı da cinayət işi açıldı.)
Nəticə
Müharibə bitdikdən sonra Daşaltının strateji önəmi Şuşaya gedən yeganə yolun bu ərazidən keçməsi idi. Şuşanı nəqliyyat blokadasından çıxarmaq üçün dərhal Daşaltı kəndində yol tikintisinə başlanıldı. Zəfər yolu adlanan layihə 2021-ci ilin noyabrın 7-də açıldı. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Daşaltı kəndində məscidin təməlini qoydular. 2022-ci ilin aprelində isə Azərbaycan hökuməti Daşaltı kəndində turizm komplekslərinin tikiləcəyini bildirdi. Erməni rəhbərliyi isə müharibə bitdikdən sonra Daşaltı qaçqınlarının problemləri ilə üzləşdi. 2021-ci ildə Ermənistan hökumətinin maliyyəsi əsasında Xocalı rayonunun Ballıca və Təzəbinə kəndlərində Daşaltı və digər kənd sakinləri üçün 650-yə yaxın evin tikintisinə başlanıldı.
İstifadə edilən ədəbiyyat
Ghahramanyan, H. (2015). Directory of socio-economic characteristics of the administrative territorial units of the Nagorno Karabakh Republic.) https://artsakhlib.am/wp-content/uploads/2018/06/Ghahramanyan-Hakob-NKR-teghekatu.pdf
Balayan, V. (2020) Glimpses on the history of the Artsakh republic settlements. Zangak. http://www.historyofarmenia-am.armin.am/images/menus/2767/Balayan1.pdf