Köhnə Tağlar – Çaylaqqala əməliyyatı
Köhnə Tağlar və Çaylaqqala kəndləri keçmiş Hadrut rayonuna (DQMV) daxil olan ən hündür yaşayış məntəqələridir. Çaylaqqala kəndi Sarpenxut və Çəmən dağının (2197,0 metr) ətəklərində, Köhnə Tağlar kəndi isə Karmirkar (1903,0 metr) və Ziyarət dağının (2478,3 metr) arasında yerləşir. Bu kəndlərin əsası 19-cu əsrin ikinci yarısında qoyulub (Qeybullayev, 1986: 108). Köhnə Tağlar əhalisinin əsas hissəsi bura 1829-cu ildə İranın Xoy və Salmas şəhərlərindən, Çaylaqqala erməniləri isə İranın Qaradağ vilayətinin Napüştə kəndindən gəlmişdir (Balayan, 2020:207). Bu kəndlərin əhalisi Qarabağ ərazisində bir neçə kəndin qurulmasında iştirak edib. Misal üçün, Şuşanın Daşaltı yaşayış məntəqəsi Çaylaqqala və Köhnə Tağlardan köçən ermənilər tərəfindən, Hadrutun Böyük Tağlar kəndi isə Köhnə Tağlar erməniləri tərəfindən əsası qoyulub. Köhnə Tağlar yaşayış məntəqəsinin adı Sovet hakimiyyəti qurulana qədər Azərbaycan dilində idi. Çaylaqqala kəndi isə müxtəlif dövrlər ərzində Xuzabirt, Odzaberd və Xocaburt adlandırılmışdı (Sidorenko, 1972:101; Quliyev, 1989:77)[1].
Köhnə Tağlar və Çaylaqqala kəndləri 1918-1920-ci illərdə
Çar Rusiyasının 1917-ci ildə dağıldığı dövrdə ölkədə baş verən vətəndaş müharibəsi regiona da öz ciddi təsirini göstərdi. 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası və Ermənistan Birinci Respublikası Qarabağa öz iddiasını irəli sürdü. Bu dövrdə regionda fəaliyyət göstərən Dağlıq Qarabağ Milli Şurası Ermənistana birləşmək istəyirdi. Lakin Osmanlının, eləcə də daha sonra Böyük Britaniyanın dəstəyi ilə Azərbaycan hökuməti regionda hakimiyyətini möhkəmlətdi. Həmin dövrdə Azərbaycan və erməni bölmələrinin toqquşma ərazilərindən biri də Köhnə Tağlar və Çaylaqqala idi. Bu ərazi Dağlıq Qarabağ Milli Şurası tərəfindən indiki Laçın rayonundakı erməni bölmələri arasında təminat məntəqəsi kimi istifadə edilirdi. Bu səbəbdən həmin əlaqəni qırmaq üçün ADR rəhbərliyi əraziyə ordu göndərdi. 28 may 1919-cu ildə Qarabağdakı Azərbaycan bölmələrinin Çaylaqqala kəndinə hücumu zamanı ermənilər ciddi itkilərə məruz qalsa da, mövqeləri əldən vermədilər. Buna baxmayaraq, digər regionlarda ermənilərin məğlubiyyəti ilə Dağlıq Qarabağ Milli Şurası 1919-cu ilin avqustun 22-də ADR tərkibində qalmağa razı oldu. Lakin ermənilər 1920-ci ilin mart ayında yenidən üsyan etdilər. Şuşadan başlayan üsyan uğursuz alındı. Xosrov bəy Sultanov Qarabağın mərkəzində üsyanı neytrallaşdıra bilsə də, Köhnə Tağlar və Çaylaqqala kəndlərini tuta bilmədi (Chorbajian, 1994:126). Bununla belə, həmin ərazi 1920-ci ilin mayında XI Qızıl Ordu və Azərbaycan SSR bölmələri tərəfindən ələ keçirildi. RSFSR Azərbaycanın Qarabağ üzərində hüquqi iddiasını təsdiqlədi.
Qısa müddət sonra vəziyyət dəyişməyə başladı. Ermənistanın 1920-ci ilin sonunda sovetləşməsindən sonra daşnakların iddia etdiyi bütün ərazilərdən imtina edildi. Bu isə ölkədə güclü antikommunist hərəkatı başlatdı. Zəngəzurda Njdenin rəhbərlik etdiyi qüvvələr burada Sovet hakimiyyətini devirdilər və hücum təşkil edərək Hadrutun cənubunu, o cümlədən Çaylaqqala və Köhnə Tağları ələ keçirdilər. Bu istiqamətdə hücuma Tevan Stepanyan rəhbərlik edirdi (Balayan, 2020:208). Sovet bölmələri 1921-ci ildə yenidən hücuma keçərək əraziləri geri qaytarmağa nail oldu. 1921-ci ildə Qafqaz Bürosunun qərarı ilə Dağlıq Qarabağ Azərbaycan tərkibində saxlanıldı və 2 il sonra regionda Muxtar Vilayət Dağlıq Qarabağ (MVDQ) yaradıldı. Yeni formalaşdırılan quruma Köhnə Tağlar və Çaylaqqala kəndləri də daxil edilmişdi. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra da regionda qarşıdurmalar baş verdi. Cəbrayıl rayon təşkilatının katibi Azərbaycan SSR hökumətinə göndərdiyi məktubda Qubadlı qəzasının azərbaycanlı sakinləri ilə Çaylaqqala kəndi sakinləri arasında etnik zəmində toqquşmaların ola biləcəyi haqqında məlumat vermişdi (Quliyev,1989:77). Çaylaqqala əhalisində daşnak meyli yüksək idi və onlar Sovet hökumətinə 1930-cu illərə qədər üsyan etdilər (Balayan,2005:296). Ərazidə 1930-cu illərin ortalarında – kollektivizasiya siyasəti nəticəsində tam sabitlik hökm sürməyə başladı.
Miatsum hərəkatı və müharibə dövründə
Sovet hökumətinin formalaşdırdığı “xalqlar dostluğu” ideyası ilə 1988-ci ilə qədər sülh içində yaşayan Dağlıq Qarabağ erməniləri bu tarixdən etibarən regionun Ermənistana birləşdirilməsi ideyasını – miatsumu həyata keçirməyə başladılar. DQMV Ali Sovetinin Azərbaycan SSR və SSRİ Ali Sovetinə Ermənistan SSR-ə birləşdirilməsi haqqında müraciəti hər iki hökumət qurumu tərəfindən rədd edildi. 1988-1991-ci illərdə SSRİ hökuməti münaqişəni sülh yolu ilə həll etməyə çalışsa da buna nail ola bilmədi.
Miatsum ideyası Köhnə Tağlar - Çaylaqqala bölgəsində yaşayan əhalidə daha güclü idi. Sovet dövründə Çaylaqqala kəndi Hadrut rayonunun Spitakşen, Petrosaşen, Arpagədik və Vaqaver kəndlərinin inzibati dairə mərkəzi idi. Bu vadi boyunca yaşayan kəndlərin əhalisi 1988-1991-ci illərdə silahlanaraq Laçının, Qubadlının, eləcə də Cəbrayılın sərhəd kəndlərinə hücum edirdi. Köhnə Tağlarda 1988-ci ildə Əmiryanın rəhbərliyi altında silahlı dəstə (1991-ci ildən etibarən “Vrijaru” adlandırıldı) formalaşdırılmışdı.[2] Çaylaqqalada isə 1989-cu ildən etibarən Aşot Mikaelyanın rəhbərlik etdiyi silahlı qruplaşma mövcud idi.
Qarabağda xarici ölkələrdən gələn silahlıların artması, eləcə də azərbaycanlılar yaşayan ərazilərə hücumlar mərkəzi daha radikal qərar verməyə vadar etdi. 1991-ci ildə Azərbaycan SSR OMON, SSRİ DİN daxili qoşunları DQMV və ətrafında “Halqa əməliyyatı”nı başlatdılar. Əməliyyatın aparıldığı əsas istiqamət Hadrut idi. SSRİ və Azərbaycan SSR-in ortaq hərbi əməliyyatı zamanı Hadrut rayonunun cənub sektorundakı demək olar ki, bütün kəndlər deportasiya edildi. Bu əməliyyatlar nəticəsində ərazi boyunca Spitakşen, Petrosaşen və Arpagədik kəndləri dağıdıldı. Ərazidə deportasiyaya məruz qalmayan yeganə kəndlər Köhnə Tağlar və Çaylaqqala idi. Sovet qoşunları kəndləri mühasirəyə alsa da, yaşayış məntəqələrinə daxil olmadı, blokada tətbiq etməklə əməliyyatı yekunlaşdırdı (Balayan,2020: 222). Ancaq 1991-ci ildə SSRİ-nin dağılması ilə erməni bölmələri aktivləşdi və qısa müddətdə bütün ərazilərdə nəzarəti ələ aldılar. Azərbaycan bölmələrinin bu regiona ən yaxın mövqeyi Çaylaqqala yaxınlığındakı Topağac yüksəkliyi (2011,8 metr) idi. Lakin bu yüksəklik 1992-ci ilin oktyabrında başlayan uğursuz Laçın koridoru əməliyyatından sonra erməni bölmələrinin nəzarətinə keçdi (Gore, 2008:97). Köhnə Tağlar və Çaylaqqala kəndləri 1993-cü il avqust ayında gedən hərbi əməliyyatlar zamanı şiddətli bombardman edilsə də Azərbaycan Ordusu bura nəzarəti ələ keçirə bilmədi (Hovannisyan, 2014:43).
1993-cü il avqustun 7-də Cəbrayıl və Qubadlı ərazilərinə başlanan erməni hücumlarından sonra Azərbaycan bölmələri kəndlərin yaxınlığından geri çəkilməyə başladı. Birinci Qarabağ müharibəsi zamanı Köhnə Tağlar və Çaylaqqala kəndlərindən 150-ə yaxın şəxs erməni hərbi birləşmələri tərkibində Azərbaycana qarşı əməliyyatlarda iştirak etdi. Köhnə Tağlardan 5 nəfər, Çaylaqqaladan isə 7 nəfər müharibə zamanı həlak oldu.
Atəşkəs dövründə regionda vəziyyət
Birinci Qarabağ müharibəsi bitdikdən sonra Çaylaqqala vadisi boyunca ərazilərdə aşağıdakı fəaliyyət baş tutdu: 1991-ci ildə dağıdılan Petrosaşen kəndi bərpa layihəsinə daxil olunmadı və ləğv edildi. Spitakşen və Arpagədik kəndlərində isə çox az sayda əhali yaşamağa başladı. İlkin dövrlərdə Spitakşenə 6 ailə, Arpagədik kəndinə isə 8 ailə köçürüldü. Regiona əhalinin köçürülməsi növbəti illərdə də təşviq edilsə də bu istənilən nəticəni vermədi. 2010-cu ildə Arpagədikdə 17, Spitakşendə isə 11 nəfər yaşayırdı. Spitakşen faktiki olaraq yaylaq kəndinə çevrildi. Arpagədikdə isə son dövrə qədər 16 şəxs yaşayırdı.
Beləliklə, atəşkəsdən sonra ərazidə əsas iki kənd – Köhnə Tağlar və Çaylaqqala qaldı. Bu kəndlərdə müharibədən sonra bərpa işləri aparıldı. Çaylaqqalada yeni evlər tikildi, zədələnmiş evlər isə təmir olunmağa başladı. Kənddə elektrik enerjisi və daxili su şəbəkəsi bərpa olundu. Regionda əsas tibb məntəqəsi də Çaylaqqalada yerləşirdi. Kəndin məktəbində isə 16 şagird təhsil alırdı. Kənddəki əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi. 4897,48 hektar ərazisi olan kəndin sadəcə 1492,69 hektar ərazisi kənd təsərrüfatı üçün yararlı idi (Ghahramanyan, 2015:118). Yüksək dağ kəndi olduğu üçün buranın sakinləri adətən maldarlıqla məşğul olurdu. Çaylaqqala kəndində əhali sərin sevən bitkilər - lobya və kartof əkirdi. 2000-ci illərin axırlarında kəndin demoqrafiyasında zəif artım müşahidə olundu. Ərazidən çox sayıda insanın yaşamasının qarşısını alan bir digər faktor isə mina idi. Birinci Qarabağ müharibəsindən 25 il keçməsinə baxmayaraq ərazidə hələ də zərərsizləşdirilməmiş minalar tapılmaqda idi. 2009-cu ildə əhalinin sayı 117-dən 132-ə yüksəldi. İkinci Qarabağ müharibəsi ərəfəsində isə 48 təsərrüfatı olan kənddə 128 nəfər yaşayırdı.
Hadrutdan 52 km məsafədə yerləşən Köhnə Tağlar kəndi isə Çaylaqqalaya nisbətən kiçik yaşayış məntəqəsidir. 4338,61 hektar sahəsi olan kəndin sadəcə 982,18 hektarı əkinçilik üçün yararlıdır. Ərazicə kiçik olmasına baxmayaraq, Köhnə Tağlar 2010-cu ilə kimi regionda ən çox insanın məskunlaşdığı yaşayış məntəqəsi idi. 2009-cu ilə kimi 158 nəfərin yaşadığı kəndin əhalisi 1 il sonra 115-ə endi. Sosial vəziyyətin ağırlığı və yol problemi səbəbi ilə növbəti illərdə də əhali azalmağa başladı. Kənddə bu dövrdə 11 şagirdi olan kiçik məktəb fəaliyyət göstərirdi. 2015-ci ildə 38 təsərrüfatı olan yaşayış məntəqəsində 96 nəfər yaşayırdı (Ghahramanyan, 2015:124). Hadrutun ucqar kəndləri olduğu üçün atəşkəs dövründə regiona investisiya demək olar ki, qoyulmadı. Yalnız 6 sentyabr 2018-ci ildə Laçın istiqamətindən Çaylaqqalaya gedən yol təmir edildi. Köhnə Tağlar isə bu layihədən kənarda qaldı. Ərazidə müharibə ərəfəsində asfalt yol çəkilməsi nəzərdə tutulsa da, bu proses həyata keçirilə bilmədi.
İkinci Qarabağ müharibəsi zamanı
27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Hadrutun qərb istiqamətinə oktyabrın ortalarında yaxınlaşdı. Ordu komandanlığının bu ərazidə əsas məqsədi Laçın-Hadrut ərazisində Şuşaya gedən yolu kəsmək, Hadrut-Şuşa istiqamətində isə dağlıq kəndləri ələ keçirərək maksimum tez bir zamanda Şuşaya yaxınlaşmaq idi. Bu səbəblə Köhnə Tağlar ərazisində ciddi ordu qrupundan istifadə edilmədi. Buna baxmayaraq, kəndi ələ keçirmək üçün oktyabrın 16-da həmlə edildi. Bölmələrin əsas məqsədi kəndin şimalındakı Ziyarət dağı üzərində nəzarəti ələ keçirmək idi. Ziyarət dağının əks yamacında yerləşən artilleriya batareyası və Ağcakənd istiqamətində yerləşən minaatan batareyasının dəstəyi ilə zirvəyə hücum başlandı. Hücum zamanı Köhnə Tağların ətraf yüksəkliklərində ermənilərə məxsus iki tank ələ keçirildi. Dolanlar kəndindəki bölmələr Köhnə Tağlara 3,5 km məsafədə yaxınlaşsa da kəndi götürə bilmədi. Bu istiqamətdəki döyüşlərdə ermənilər "Kamaz" tipli yük avtomobilini, minaatan heyətinin bir neçə əsgərini itirsələr əsas mövqeləri qoruyub saxlaya bildilər.
Təxminən eyni vəziyyət Ziyarət dağında müşahidə olundu. Bu istiqamətdə müharibənin növbəti günlərində xüsusi dəyişiklik baş vermədi və bölmələr olduqları yerdə qaldılar. Çaylaqqala istiqaməti Laçın-Şuşa yolunu kəsmək baxımdan əhəmiyyətli idi və burada xüsusi təyinatlıların xidmətinə ehtiyac duyuldu. Oktyabrın 27-də Azərbaycan bölmələri Laçının Aşağı Fərəcan və Fərəcan kəndlərinə daxil oldu, buradan isə Arpagədik və Çaylaqqala istiqamətində hərəkətə başladı. Erməni bölmələri ilə ilk qarşıdurma Arpagədikdə yaşandı. Bu istiqamətdəki döyüşlərdə yaralanan 26 yaşlı əsgər Hümmət Abbaszadə xatırlayır: “Laçın rayonuna daxil olan ilk dəstələrdən biri biz olduq. Səfiyan, Güləbird kəndlərində gedən qızğın döyüşlərdə düşmən hərbçilərini məhv edərək torpaqlarımızdan çıxmağa məcbur etdik. Burdan isə Arpagədik kəndi istiqamətində hərəkət etdik. Həmin vaxt dağdan enən zaman düşmən əsgərləri ilə üzbəüz gəldik. Snayper atəşi ilə çiynimdən yaralandım. Ümumilikdə 3 güllə yarası aldım. Əsgər yoldaşlarım məni döyüş meydanından təhlükəsiz əraziyə apardılar. Oradan da hospitala göndərildim”.
Arpagədikdə gedən döyüşlər zamanı Milli Ordu əsgəri Cəlal Bayramov həlak oldu. Oktyabrın 28-də Azərbaycan bölmələri Çaylaqqalaya yaxınlaşdı. Çaylaqqala kəndi hücum ərəfəsində “Smerç” raketləri ilə bombalandı. Buradakı erməni dəstəsinə mayor Qari Abrahamyan rəhbərlik edirdi. Çaylaqqalanın şimalındakı 2095 yüksəkliyi uğrunda gedən döyüşlərdə minaatan zərbələrinə məruz qalan Azərbaycan bölmələri geri çəkilməyə məcbur oldu. Bu, Azərbaycan Ordusunun Çaylaqqala istiqamətində son döyüşü idi. Çaylaqqala güclü qorunduğu üçün dağlarla Köhnəkənd istiqamətində sızma əməliyyatı aparan Azərbaycan hərbçiləri şimala doğru hərəkət etməyə başladılar. Həmin döyüşçülər və onlara Hadrutun şimal kəndlərində köməklik göstərən xüsusi təyinatlılar Laçın-Şuşa yolunun müdafiəsiz hissəsinə daxil olaraq kommunikasiyanı kəsə bildilər. Beləliklə, əsas döyüşlər şimala doğru ərazilərdə başladı, Arpagədik-Çaylaqqala-Köhnə Tağlar istiqamətində isə cəbhə sabitləşdi. Müharibənin sonuna yaxın, 7 noyabr tarixində erməni mənbələri Arpagədikin Laçına baxan hissəsində bir yüksəkliyi yenidən ələ keçirdikləri barədə məlumat verdilər. Beləliklə, 3 tərəfli bəyanatın imzalandığı 10 noyabr tarixində keçmiş Hadrut rayonunun sadəcə Arpagədik, Spitakşen, Çaylaqqala və Köhnə Tağlar kəndləri erməni tərəfinin nəzarətində qaldı.
Müharibədən sonra regionda vəziyyət
Müharibə təzə yekunlaşdığı üçün erməni bölmələrinin hansı ərazilərdə qaldığı, hansı ərazilərə isə Azərbaycanın nəzarət etdiyi tam bəlli deyildi. Köhnə Tağlar və Çaylaqqala kəndlərinin erməni nəzarətində olması barədə ilk rəsmi məlumat 23 noyabr tarixində “Sputnik Ermənistan” informasiya agentliyi verdi: “Hadrut rayon administrasiyasından verilən məlumata görə, Xtsaberd və Hin Tağer kəndləri Ermənistan tərəfində qalır, lakin onların əsas ərazisi ilə əlaqəsi kəsilib. İndi orada dinc sakin yoxdur, çünki oradakı yol Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi yaşayış məntəqələrindən keçir. Yerli sakinlər ərazinin taleyi məlum olmadığından Xankəndi və ətrafında yerləşdiriləcək.” Həmin gün Ermənistan parlamentinin keçmiş üzvü Hayk Xanumyan Köhnə Tağlar kəndindən foto paylaşaraq deyilənləri təsdiqlədi. Qısa müddət sonra əraziyə gedən yolun da erməni tərəfinin nəzarətində olduğu ortaya çıxdı. Lakin müəmmalı vəziyyət yaranmışdı. Bəyanatın 6-cı maddəsinə əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana geri verilməli idi. Hadrutun Çaylaqqala, Arpagədik, Köhnə Tağlar kəndlərinin ermənilərin nəzarət etdiyi digər regionlarla əlaqəsi məhz Laçın rayonuna daxil olan Köhnəkənddən (ermənilər bu kəndi işğal dövründə Kirsavan adlandıraraq Şuşa rayonuna daxil etmişdi) keçirdi. Yeganə yolun Azərbaycana verilməsi ilə bu kəndlər blokadada qala bilərdi. Bundan başqa, regionda Rusiya sülhməramlılarının postunun olmaması ərazinin gələcəyi ilə bağlı qeyri-müəyyən mühit yaratmışdı. 26 noyabr tarixində “Civilnet” onlayn televiziyasının erməni jurnalisti Anjelika Zaxaryan öz "Teleqram" kanalında mövcud vəziyyətlə bağlı yazırdı: “Bir neçə gündür ki, Hadrut rayonunun iki kəndinin hələ də erməni nəzarətində saxlayan bir qrup şəxs haqqında məlumatlar eşidirəm. Bəziləri bunun sadəcə bir əfsanə olduğunu söylədi. Bəziləri isə belə bir qrupun olduğunu və onların mühasirəyə alındığını bildirirdi. Xoşbəxtlikdən Vova adlı tanışım vasitəsi ilə vəziyyəti aydınlaşdıra bildim. Çətinliklə telefonla əlaqə saxladım və məlum oldu ki, hətta həmin əraziyə getmək üçün yol da mövcuddur. Operator Levon ilə ora getməyə qərar verdik. Ancaq bizə xəbərdarlıq edildi ki, bu yollardan yalnız “Niva” və “UAZ” keçə bilər. Bu məsələni həll etdik. Məlum oldu ki, söhbət Xtsaberd (Çaylaqqala) və Hin Tager (Köhnə Tağlar) kəndlərindən gedir. Üstəlik, çoxdan getmək istədiyim, ancaq heç vaxt tapmadığım Kataro monastırı və Dizapayt (Ziyarət) dağı da onların nəzarətindədir. Üç tərəfdən Azərbaycan qoşunları tərəfindən mühasirəyə alınan kəndə yalnız bir yol aparır. Həmin yol isə Kirsavandan (Köhnəkənd) keçir. Bütün Laçın rayonu azərbaycanlılara veriləndə bu ərazilərin taleyi necə olacaq? Bu yol əlçatmaz olsa onlar anklavda qalacaqlar. Buradakı əsgərlər saxlamağa müvəffəq olduqları ərazini itirməkdən qorxduqları üçün yerindən tərpənməkdən imtina edirlər. Bu dəstələrin komandirləri Hayk Xanumyan, Qari Abrahamyan, Anhel Qalstyandır.” Hayk Xanumyanın dəstəsi 60 nəfərdən ibarət idi. Onun özü əraziyə isə noyabrın 14-də gəlmişdi. Kəndlərin erməni nəzarətində qalması səbəbi ilə regionun gələcəyi ilə bağlı erməni ictimaiyyətində müxtəlif planlar ortaya atıldı. Erməni "Teleqram" kanallarından biri hətta əraziyə Laçından yan keçəcək alternativ yol layihəsinin çəkilməsini təklif etdi : “Dekabrın 1-də Laçın rayonu Azərbaycana verildikdən sonra ərazi “DQR” ilə yol əlaqəsini itirəcək və tamamilə mühasirəyə alınacaq. Amma relyef imkan verir ki, Laçın rayonunun sərhədindən yan keçmək üçün ora yol salınsın. Üçtərəfli bəyanata əsasən, Azərbaycan Respublikası və Ermənistan öz mövqelərində qalmalıdırlar. Beləliklə, Ermənistanın bu ərazini qoruyub saxlamağa tam haqqı var. Xtsaberdin erməni nəzarətində qalıb-qalmaması yalnız Ermənistan hökumətindən asılıdır. Dəstə oradadır və heç yerə getməyə hazırlaşmır.” Ermənistan hökumətinin isə başqa planları vardı.
Əməliyyatın başlanması
Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildikdən sonra Çaylaqqala və Köhnə Tağlar blokadada qaldı. Buna baxmayaraq, erməni hökuməti əraziyə Şuşa rayonu istiqamətindən ərzaq və digər təminat göndərirdi. Havanın qarlı olmasına baxmayaraq bir-iki istiqamətdə sadəcə piyadaların hərəkət edəcəyi cığırlar vasitəsilə ərazi ilə əlaqə saxlanmışdı. Azərbaycanın Laçın rayonuna tam nəzarəti bir neçə gün çəkdi. Bu ərəfədə isə meşələrdə gizlənən bəzi erməni hərbçiləri həm mülki, həm də hərbçilərə hücumlar təşkil etməyə başladı. Belə ki, 2020-ci il noyabr ayının 26-da Sor kəndində ermənilərin qəfil hücumu nəticəsində 3 azərbaycanlı hərbi qulluqçu həlak oldu, 2 nəfər yaralandı. Dekabrın 8-də Hadrut yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı edilən hücum zamanı isə 1 azərbaycanlı hərbi qulluqçu həyatını itirdi, “Azercell” şirkətinin əməkdaşı isə ağır yaralandı.
Bu hücumların qarşısını almaq və eyni zamanda blokadada qalmış Köhnə Tağlar və Çaylaqqalaya nəzarət üçün DTX və xüsusi təyinatlılar 11 dekabr 20:40 radələrində ərazidə geniş əməliyyata başladılar. Kənddə 120 nəfər erməni hərbi qulluqçudan ibarət batalyon yerləşirdi. Erməni bölmələrinin əsas hissəsi Köhnə Tağlar – Çaylaqqala arasındakı yüksəkliklərdə mövqelənmişdi. Bir digər bölmə isə Ziyarət dağında idi. Azərbaycan bölmələri Köhnə Tağlar kəndinə Domi (Binə) kəndi istiqamətdən yaxınlaşdı. Xüsusi təyinatlı Yaşar Novruzlu xatırlayır: “Xocavəndin Domi kəndində idik. Səhər tezdən yola düzəldik. Kəndə yaxınlaşanda 10-a yaxın erməni hərbçisini müşahidə etdik. Onlarla danışığa getdik və kəndi boşaltmağı tələb etdik. Əvvəlcə etiraz etdilər, güc tətbiqi ilə xəbərdarlıqdan sonra onlar bizə nümayəndə göndərərək ərazidən çıxacaqlarını bildirdilər. Onları rus sülhməramlıları olan istiqamətə yönləndirdikdən sonra kəndə daxil olduq. Kəndi bir güllə atmadan azad etdik”.
Azərbaycan bölmələri kəndə girdikdən sonra ərazinin şərqindəki yüksəklikdə erməni hərbçilərinin olduğunu aşkarladılar. Xüsusi təyinatlı Yaşar Novruzlunun sözlərinə görə, “Kənddə Milli Ordu bölmələri yerləşdirildikdən sonra növbəti döyüş tapşırığı aldıq. Bu dəfəki hədəf yüksəklik idi. Bu yüksəklikdə ermənilərin sayı çox idi. Biz bilirdik ki, bu ərazini ermənilər xoşluqla verməyəcəklər. Onlarla burada danışığa girdik. Səhər 11 radələri idi. Onlar bizə axşam 5-ə kimi vaxt istədilər. Ancaq onların vaxt istəyi əraziyə kömək gəlməsi ilə bağlı idi. Onların vaxt tələbini yerinə yetirmədik və hücuma keçərək yüksəkliyi götürdük.” Bundan sonra xüsusi təyinatlılar kəndin solundakı döyüş mövqeyinə hücum etdilər. Həmin döyüşü Aşot Avakyan belə xatırlayır: “Dekabrın 12-də axşam saat 20:00 radələrində düşmən qəfildən bizə bitişik mövqelərə hücum etdi. Zəng etdim, heç olmasa yaralıları çıxarmaq üçün kömək istədim. Hava qaranlıq və dumanlı idi. Səhəri gün onlar yenidən böyük qüvvə ilə hücuma keçdilər. Bizim mövqenin sağında başqa postumuz var idi. Orda on əsgər var idi. O gündən onlar haqqında heç bir məlumatım yoxdur." Həmin əsgərlərin 1 gün sonra Azərbaycan bölmələri tərəfindən əsir alındığı ortaya çıxdı. Azərbaycan bölmələri dekabrın 12-də Ziyarət dağına da nəzarəti ələ keçirdi. Atəşkəsin pozulması və döyüşlər erməni ictimaiyyətində yeni bir isteriya formalaşdırdı. Ermənistan XİN bu hadisəni Azərbaycanın sülhməramlı kontingentin işinə müdaxilə və təxribat cəhdi kimi, baş nazir Nikol Paşinyan isə türk xüsusi təyinatlıların regional müdaxiləsi kimi dəyərləndirdi. Ermənistan tərəfi sülhməramlıların ərazidə vaxtında post qurmamasından şikayətlənirdi. Rusiya sülhməramlıları dekabrın 12-i axşam saatlarında Çaylaqqala və Köhnə Tağlara gələrək Azərbaycan hərbçiləri ilə danışıqlara başladı. Dekabrın 13-də Rusiya sülhməramlıları bu kəndləri nəzarət etdikləri ərazi siyahısına daxil etdi. Bu amil Azərbaycan hökuməti üzvlərində narazılıq yaratdı. Dövlət xəbər agentliyi APA-da “Rusiya sülhməramlıları erməni separatçılarının xilaskarı rolunda: Moskva açıqlama verməlidir” adlı analitik məqalə dərc edildi.[3] Milli Məclisin deputatı Vahid Əhmədov Rusiyanın son vaxtlar Azərbaycana qarşı münasibətində müəyyən çalarlar hiss edildiyini bildirdi: “Azərbaycanda keçirilən son hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi, Azərbaycanın düşməndən qənimət götürdüyü texnikalar nümayiş olundu. Onlar hamısı Rusiyanın istehsal etdiyi hərbi texnika idi. Bu məqamlar Rusiyaya təsir edib. Ona görə də Azərbaycana qarşı təzyiq göstərmək niyyətilə müəyyən manevrlər edirlər. Bildiyiniz kimi, Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Guya hansısa xəstəlik var. Bunlar hamısı yalan şeylərdir. Ancaq hesab edirəm ki, bunlar hamısı müvəqqəti hallardır. Rusiya ilə Azərbaycan strateji müttəfiqdir. Belə hallara imkan vermək olmaz”. Milli Məclis sədrinin müavini Adil Əliyev isə sülhməramlıların hər gün yeni xəritə hazırlamaq ixtiyarı olmadığını bildirdi: “Ermənistan məğlub tərəf kimi kapitulyasiyanı imzalamağa məcbur olduqdan sonra hər iki tərəfin razılığına əsasən Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Lakin Rusiya sülhməramlılarının sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə hazırlaması, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi qətiyyən başadüşülən deyil. Rusiya sülhməramlarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri yoxdur. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsanı aradan qaldırmalıdırlar.”
Dekabrın 14-də sülhməramlılar ilə Azərbaycan hərbçilərinin danışıqlarından sonra ruslar Köhnə Tağları tərk etdilər. Köhnə Tağların kənd icra nümayəndəsi olmuş Eduard Ayvazyan xatırlayır: “Kənddə rus sülhməramlıları var idi, azərbaycanlılar onlara yaxınlaşıb dedilər ki, bu kənd onların nəzarətində olmalıdır. Düşmən sülhməramlılarla sənədlərlə danışırdı.[4] Müzakirələrdən sonra Rusiya sülhməramlıları Xankəndiyə getdilər.” Həmin gün Rusiya sülhməramlılarının xəritəsindən Köhnə Tağlar və Çaylaqqala kəndləri çıxarıldı. Köhnə Tağlardakı Azərbaycan bölmələri həmin gün ermənilərin nəzarətində qalan Çaylaqqalanı ələ keçirmək üçün əməliyyata başladılar. Bu istiqamətdəki erməni bölmələrinə polkovnik-leytenant Arsen Kazaryan rəhbərlik edirdi. Çaylaqqala istiqamətində Azərbaycan hərbçilərinə müqavimət göstərməyən və ərazini könüllü tərk edən 30-dan çox erməni hərbi qulluqçu Milli Ordu bölmələrinin müşayiəti ilə Rusiya sülhməramlılarının olduğu posta kimi aparıldı. Mühasirədən çıxan bir erməni əsgəri xatırlayır: “Düşmən bizə ərazini tərk etmək üçün saat 05:00-a qədər vaxt verdi. Azərbaycanlı dəstənin sıralarında "Yaşma" xüsusi təyinatlı dəstəsi var idi. Komandirimiz Arsen Kazaryan arxamda dayanıb postu qorudu. O, azərbaycanlılarla hər şeyi müzakirə etdi və razılaşma əldə olundu ki, ərazidən çıxaq. Onlar saat beşə kimi gözləyəcəklərini və atəş açmayacaqlarına söz verdilər. Bizdən başqa həmin ərazidə daha 60 əsgər var idi. Onlar azərbaycanlılardan daha çox vaxt istəməyə çalışdılar ki, çıxıb getsinlər. Azərbaycanlılar razı olmadı və saat 6-da onlardan təxminən 10 nəfəri havaya xəbərdarlıq atəşi açmağa başladı. Arsen Kazaryan yenidən danışıqlara getdi və iki yaralı ilə birlikdə bizi ərazidən çıxardılar. Komandirimiz isə digər əsgərlərimizin yanında qaldı.”
Çaylaqqala yüksəkliklərində mövqelənən bölmələrin biri isə müqavimət göstərdi. Xüsusilə Armavirdən olan hərbçilər Azərbaycan bölmələrinin ərazidən çıxma təklifini qəbul etməyərək atəş açdılar. Xüsusi təyinatlıların hücumu nəticəsində Harutyun Andriasyan, Sarkis Harutyunyan, Andranik Şahnazaryan, Qurgen Martirosyan, Mihran Avetisyan, Roman Markaryan, Harutyun Mkrtçyan, Gevorq Arşakyan və Qarik Barseqyan öldürüldü. [5] Bu istiqamətdə əsir alınan digər erməni hərbçilər isə Köhnə Tağlar yolu boyunca piyada gətirildikdən sonra aidiyyatı qurumlara təhvil verildi. Kəndin həndəvərində olan əsas bölmə isə vaxt uzatmaq niyyətində idi. Onlara rabitə ilə kömək göndəriləcəyi haqqında məlumat verilmişdi. Tabor komandiri, polkovnik-leytenant Arsen Kazaryan döyüş olacağı təqdirdə bütün əsgərlərin öldürüləcəyini başa düşdüyü üçün tabeliyində olan 38 hərbi qulluqçu ilə birlikdə müqavimət göstərmədən ərazidən çəkilmək qərarına gəldi. Beləliklə, dekabrın 14-də Azərbaycan bölmələri Çaylaqqala kəndinə tamamilə nəzarəti ələ keçirdilər.
Laçın və Şuşa istiqamətində əməliyyatlar
Çaylaqqalada nəzarəti ələ keçirdikdən sonra xüsusi təyinatlılar Laçın istiqamətində hərəkətə başladılar. Ərazidə hələ də nəzarətsiz dəstələr mövcud idi. Bundan başqa, buradan Çaylaqqalaya kömək göndərilməsi barədə məlumat alınmışdı və bölmələrin əsas məqsədi bu dəstəni mühasirəyə almaq idi. Xüsusi təyinatlı Rəcəb Nəcəfov xatırlayır: “Laçın istiqamətdən meşə ilə hərəkət edirdik. Tərcüməçi vasitəsilə ermənilərə ərazini tərk etməyi təklif etdik. Xüsusi təyinatlı olduğumuzu bildikdən sonra 10 dəqiqə sonra ermənilər ərazini tərk etdilər. Laçının Köhnəkənd ərazisində idik. Ermənilərə bayraqla yaxınlaşdıq və xəritə ilə ərazinin bizim olduğunu bildirdik. Onlar bizdən 6 saat vaxt istədilər. Kəşfiyyat dronlarını qaldırdıq. Bizim istiqamətə gələn erməni qüvvələrinin olduğunu öyrəndik. Onlar vaxt uzatmağı istəyirdilər. Axşam hücuma keçərək postu tutduq. 12 nəfərdən 2-si öldürüldü.[6] Bizə doğru gələn erməniləri mühasirəyə aldıq. Erməni dili bilən zabitlər vasitəsilə onlara təslim olmağı təklif etdik. Onların çəkilə biləcəyi heç bir yer yox idi. Buna görə də təslim oldular.”
Dekabrın 14-də Laçının Əlican kəndində əsir götürülən qrup 30 nəfərlik DTX üzvü tərəfindən əvvəlcə Hadruta, daha sonra isə Bakıya gətirildi. Çaylaqqalaya göndərilən hərbçilərin əsir alınması xəbərlərindən dərhal sonra onların Şirak bölgəsinin Sarapat icmasından olduğu xəbərləri yayıldı. Qısa müddət sonra deyilənlər təsdiqləndi. Çaylaqqalaya kömək üçün göndərilən Şirakdan olan hərbi qulluqçular ərazini tanımırdı və əlaqə vasitəsi ilə təmin olunmamışdı. Çaylaqqaladakı erməni dəstəsinə kömək göndərilməsini əsir düşənlərin qohumları da təsdiqləyir. Onlardan biri 26 yaşlı Sedrak Soqomonyanın atası Samvel xatırlayır: “Müharibə bitəndə oğlum evdə idi. Kənd təsərrüfatı işlərində mənə kömək edirdi. Sonra hərbi komissarlıqdan zəng etdilər. Böyük oğlumu sərhəddə keçid məntəqəsinə aparacaqlarını bildirdilər. Sonuncu dəfə oğlumla dekabrın 13-də saat 16 radələrində danışdım. Sedrak onun növbəsinin dəyişdirildiyini və tezliklə evə qayıdacağını bildirdi. Səhər saatlarında bildik ki, onu əsir götürüblər. Onlar azərbaycanlıların əhatəsində idilər.”
Dekabrın 14-də Laçın rayonundakı kəndlərə nəzarət etdikdən sonra Azərbaycan bölmələri Şuşa rayonu ərazisinə girərək Kiçik Qaladərəsi kəndi istiqamətində irəlilədi. Bu ərazidə vaş verən insident zamanı erməni bölmələri müqavimət göstərmədən geri çəkildiyi üçün itki vermədi. Azərbaycan Ordusu Kiçik Qaladərəsi kəndi istiqamətində hərəkət zamanı 72 nəfərdən ibarət könüllü dəstənin ərazini tərk etməsinə icazə verdi. Milli Ordu qısa müddətdə Kiçik Qaladərəsi kəndinə gedən yeganə yola nəzarəti ələ keçirdi. Növbəti gün isə kənd mühasirəyə alındı. Lakin Rusiya sülhməramlıları bu dəfə əraziyə müdaxilə etdi. Kənddə müşahidə məntəqəsi formalaşdırıldı və Azərbaycan hərbçiləri ilə danışıqlar aparıldı. Dekabrın 16-da Milli Ordu Kiçik Qaladərəsi kəndi ətrafından geri çəkildi.
Əməliyyatın siyasi təsiri
Köhnə Tağlar və Çaylaqqalanın Azərbaycanın nəzarətinə keçməsi və eləcə də çox sayda erməni hərbçisinin əsir alınması Ermənistanda rezonans yaratdı. İlk olaraq mətbuatda 173 erməni əsgərinin əsir alındığı məlumatı verildi. Bəzi hərbçilərin mühasirədən çıxmasından sonra 73 hərbi qulluqçunun itkin düşdüyü bəlli oldu. Mətbuatda və "Teleqram" kanallarda əsirlərin videoları paylaşıldıqdan sonra itkin düşən hərbçilərin yaxınları dekabrın 16-da Ermənistan Müdafiə Nazirliyinin binasına gələrək İrəvan-Gümrü yolunu bağladılar. Ermənistan hökuməti güclü təzyiqə məruz qaldığı üçün hadisə ilə bağlı Rusiya sülhməramlılarını günahlandırmağa çalışdı. Paşinyan dekabrın 16-da verdiyi müsahibədə Azərbaycan bölmələrinin Rusiya sülhməramlıları ilə birlikdə Köhnə Tağlar və Çaylaqqalanı mühasirəyə alındığını bildirdi. Lakin bu məlumat dərhal Rusiya MN tərəfindən yalanlandı. Dekabrın 18-də erməni əsirlərin yaxınları Rusiya Federasiyasının Gümrüdəki baş konsulu ilə görüşərək ondan bu məsələ ilə bağlı köməklik göstərməsini xahiş etdilər. Ermənistan hökuməti həmin gün rəsmi olaraq 62 hərbi qulluqçunun əsir düşdüyünü açıqladı və beynəlxalq qurumları əsirlərin geri qaytarılması üçün Azərbaycana təzyiq etməyə çağırdı. Ermənistan rəhbərliyi üçtərəfli bəyanatdakı bütün əsirlərin geri qaytarılması haqqında 8-ci bəndə istinad edərək Rusiyadan vasitəçi rolunu yerinə yetirməyi xahiş etdi. Azərbaycan isə əsirlərin diversant olduğunu bildirərək bundan imtina etdi. Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanın mövqeyini belə açıqladı: “Noyabrın 9-da imzalanmış üçtərəfli sazişin 8-ci bəndində hərbi əməliyyatlar zamanı əsir götürülmüş hərbi əsirlərdən bəhs edilir. Rəsmi Bakı isə hərbi əməliyyatlar başa çatdıqdan sonra əsir götürülən şəxslərin həmin bəndə əsaslana bilməyəcəyini qeyd edir”.
2021-ci il iyun-iyul aylarında erməni əsirlər mühakimə olundu. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 14 əsirlə bağlı hökm oxundu. Təqsirləndirilən şəxslər verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinin 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə günahkar hesab edildi. Hökmə əsasən, Qraç Avakyan və Geğam Serobyan 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edildi. Onlar mühakimə olunduqdan 1 gün sonra Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun vasitəçiliyi Ermənistana göndərildi. Ermənistan tərəfi əsirlərin müqabilində Füzuli və Zəngilan rayonlarının minalanmış sahələrinin xəritələrini Bakıya təhvil verdi. Bu ərəfədə Ermənistan hərbi prokurorluğu kəndlərin itirilməsi ilə bağlı istintaq tədbirlərinə başladı. Əsas günahkar kimi Çaylaqqalada müqavimət göstərmədən ərazini tərk etmiş tabor komandiri Arsen Kazaryan mühakimə olundu. Avqustun 30-da erməni hərbçiyə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 356-cı maddəsinin 3-cü hissəsi (əmri yerinə yetirməmə), 380-ci maddəsinin 1-ci hissəsi (döyüş mövqeyini özbaşına tərk etmə və ya silahdan istifadə etməkdən imtina etmə) və 376-cı maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıq) ilə ittiham irəli sürüldü. Polkovnik-leytenant Kazaryan məhkəmədə ona qarşı irəli sürülən ittihamlarla qətiyyən razı olmadığını açıqladı: “Mən 44 günlük müharibə zamanı rəhbərliyin əmrlərini qüsursuz yerinə yetirərək tabeliyimdə olanların ölməməsi və əsir düşməməsi üçün hər şeyi etmişəm. Mənim bölməm Xtsaberdə konkret döyüş tapşırığı olmadan göndərilib. Hərbi komandanlıq Azərbaycan bölmələrinin hücum etməyəcəyini düşünürdü. Onlarla mobil telefonla əlaqə saxlayırdım. Dekabrın 13-də Azərbaycan tərəfi on qat üstün qüvvə ilə hücuma keçdi. Düşmən silahlarımızı yerə qoyub təslim olmaq üçün bizə 20 dəqiqə vaxt verdi. Kömək ala bilmədiyimiz üçün geri çəkildik. Məni eyni zamanda Hin Tağer kəndində olan hərbçilərin əsir alınmasında günahlandırırlar. Halbuki bu bölmə mənim tabeliyimdə və məsuliyyətimdə olmayıb.” Kazaryanın vəkili Vahan Hovannisyan hökumətin hərbçini “günah keçisi” elan etməsindən şikayətlənirdi. Vəkilin fikirlərini daha sonra Nikol Paşinyan təsdiqlədi. 2021-ci il dekabrın 8-də Ermənistan Baş naziri Nikol Paşinyan ilk dəfə Çaylaqqala və Köhnə Tağların itirilməsinin detalları ilə bağlı suala cavab verdi. Baş nazirin bunun dövlət sirri olduğunu bildirdi: “Çaylaqqala və Köhnə Tağlar kəndlərinin itirilməsi dövlət sirridir və bu gün hər hansı açıqlamadan çəkinmək lazımdır. Erməni hərbçilərin düşmən tərəfindən əsir götürülməsi ilə bağlı artıq cinayət işi başlanıb. Buna baxmayaraq, bu cinayət işi üzrə əsas müttəhimlərdən birini həbs etmək mümkün olmayıb. Bəzi detallar var. Müxalifət müəyyən ideya və maraqlara malik olaraq təkliflər irəli sürür ki, onların cavabı müxtəlif növ spekulyasiyalara səbəb ola bilər. Bir çox detallarda dövlət sirri var.” Paşinyan “Şərəf duyuram” fraksiyasından olan deputat Tiqran Abramyanın sualına cavab verərkən dövlət sirrinin yüksək rütbəli şəxslərlə əlaqəli olduğunu bildirmişdi. Bu səbəbdən hökumət kəndlərin itirilməsinin əsas günahkarı Arsen Kazaryanı elan etdi. Təxminən 9 ay davam edən ibtidai istintaqdan sonra 2022-ci ilin fevralında Kazaryanın işi ilə bağlı prokuror ittiham aktını təsdiq etdi və işin baxılması üçün Sünik məhkəməsinə göndərdi. Hazırda cinayət işi ilə bağlı məhkəmə tərəfindən yekun qərar verilməyib.
Azərbaycan isə 2022-ci ilin fevralına qədər əsir saxladığı 32 hərbçini Ermənistana təhvil verdi. Digər hərbçilər isə Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə Azərbaycanda saxlanıldı. Ermənistan hökuməti əsir yaxınlarının təzyiqinə məruz qalmamaq üçün məsuliyyəti informasiya vasitələri ilə Rusiyanın üzərinə qoymağa çalışırdı. Bu səbəbdən Rusiyanın İrəvandakı səfirliyi qarşısında 2022-ci ildə çoxlu sayda mitinq keçirildi. Onlardan ən böyüyü iyunun 29-da keçirilən etiraz aksiyası idi. Ermənistan hökumətinin verdiyi məlumatlara əsasən Azərbaycan hələ də Çaylaqqalada tutulan hərbçilərdən bir qismini əsirlikdə saxlayır. Azərbaycan hökuməti isə əsirlərlə bağlı hər hansı məlumat verməkdən imtina edir.
Nəticə
Beləliklə, 20-ci əsrin birinci yarısında, eləcə də Birinci və İkinci Qarabağ müharibəsi zamanı ələ keçirilə bilməyən Köhnə Tağlar və Çaylaqqala kəndləri atəşkəsdən sonrakı əməliyyatlar zamanı Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu əməliyyatlar zamanı eyni zamanda Arpagədik, Spitakşen və 1991-ci ildə ləğv olunmuş Petrosaşen kəndləri də azad edildi. Bununla da keçmiş Hadrut rayonu üzərində Azərbaycanın suverenliyi bərpa olundu. Üçtərəfli bəyanatın 7-ci maddəsinə əsasən kəndlərin sakinləri BMT Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında yaşadığı ərazilərə qayıtmalı idi. Lakin Azərbaycan və Ermənistan arasında bununla bağlı razılığın olmaması münaqişənin bitməsinin ikinci ilində regiona sakinlərin geri dönməsinə şərait yaratmayıb. Ermənistan hökuməti isə əmlaklarını itirmiş Köhnə Tağlar, Çaylaqqala, Arpagədik, Spitakşen sakinlərinə 618 ABŞ dolları həcmində birdəfəlik yardım göstərdi. Həmin kəndlərin əhalisi Xocavəndin erməni nəzarətində qalmış Gavahın və Ağbulaq kəndlərinə köçürüldü. Onların və ümumiyyətlə Qarabağ ermənilərinin taleyi isə qarşıdakı illərdə müəyyənləşdiriləcək.
İstifadə olunan ədəbiyyat
Balayan, V. (2005). Artsakh History: From Time Immemorial Up to Our Days. Zangak-97.
http://karabakhcenter.com/files/file/artsakh_history_balayan_131_194.pdf
Chorbajian, L., Donabedian, P., & Mutafian, C. (1994). The Caucasian knot: the history & geopolitics of Nagorno-Karabagh. Zed Books
Əliyeva, Rübabə (redaktor) (2007), Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 1-ci cild. Bakı. Şərq-Qərb.
Ghahramanyan, H. (2015). Directory of socio-economic characteristics of the administrative territorial units of the Nagorno Karabakh Republic.)
https://artsakhlib.am/wp-content/uploads/2018/06/Ghahramanyan-Hakob-NKR-teghekatu.pdf
Gore, P. (2008). 'Tis Some Poor Fellow's Skull: Post-Soviet Warfare in the Southern Caucasus. iUniverse.
Арцрун, О. (2014). Некоторые аспекты военного искусства в период Арцахской войны 1993-1994гг. 21-й век, (1 (30)), 33-59.
Гейбуллаев, Г. А. О. (1986). Топонимия Азербайджана. Баку, Элм.
Гулиев, Д.П. (1989), К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР: 1918-1925: документы и материалы. Баку. Азербайджанское государственное издательство.
https://ebooks.az/view/ARnjWhfz.pdf
Сидоренко, А. В. (1972). Геология СССР 47 том, ч. 1. Азербайджанская ССР. Москва. Недра.
[1] Hər iki kəndin azərbaycanca adı erməni dilindəki adının hərfi tərcüməsidir (Əliyeva,2007:188). Həm Hin Tağların, həm də Xtsabertin adı Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 29 dekabr 1992-ci ildə dəyişdirilmişdir.
[2] “Vrijaru” dəstəsinin lideri Edik Ayvazyan idi.
[3] Bu yazı daha sonra saytdan silinib.
[4] Qeyd edilən kəndlər üçtərəfli bəyanatdan sonra Azərbaycanın nəzarətində qalmalı olan “boz zona”ya aid idi. Bu səbəbdən Rusiya sülhməramlıları ərazini tərk etmişdi.
[5] Onların cəsədləri dekabrın 16-da Rusiya sülhməramlıları tərəfindən aşkarlanaraq erməni tərəfinə təhvil verilib.
[6] Əməliyyatlardan 1 ay sonra Tutaks bölgəsindən Çaylaqqalaya gedən gedən yolun 5-ci kilometrliyində aparılan axtarışlar zamanı daha 6 erməni hərbçisinin qalıqları aşkar edilib.