Haqqımızda

Komandamız

Topçubaşov Mərkəzi 2018-ci ilin aprel ayında siyasət və idarəetmənin müxtəlif aspektləri barəsindəa yazan müəlliflər üçün onlayn platforma olan “Politicon” səhifəsini idarə edən komanda tərəfindən qurulmuşdur. Mərkəz Bakı şəhərində fəaliyyət göstərən Regional Araşdırmalar İctimai Birliyi daxilində fəaliyyət göstərir. Mərkəz Azərbaycanın təhlükəsizliyi və milli maraqları üçün vacib olan postsovet məkanı, Mərkəzi və Şərqi Avropa və Yaxın Şərqlə bağlı məsələlərə daha çox diqqət yetirməklə beynəlxalq münasibətlərin təhlili ilə məşğul olur.

Komandamız dünyanın ən yaxşı universitetlərində təhsil almış və əsl qlobal dünyagörüşünə sahib olan gənc və dinamik mütəxəssislərdən ibarətdir. Biz həm də peşəkar analitik kimi inkişaf etmələrinə yardım göstərəcəyimiz təcrübəçilərin Mərkəzə cəlb edilməsində maraqlıyıq. 

 

Missiyamız

Biz - Topçubaşov Mərkəzinin komandası – Mərkəzi qloballaşma, beynəlxalq və daxili siyasət, geosiyasət, təhlükəsizlik, idarəçilik və iqtisadiyyatla əlaqəli çoxşaxəli məsələlərlə məşğul olan beyin mərkəzi, tədqiqat və müzakirə mərkəzi olaraq görürük. Beləliklə, biz öz fərqli yolumuzu seçmək, həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə müzakirələr formalaşdırmaq üçün böyük və məşhur beynəlxalq siyasi tədqiqat mərkəzlərinin təcrübəsindən istifadə edəcəyik. Fikrimiz dünya miqyaslı məsələlərin müzakirəsinin mərkəzində olmaq istəyimizdən yaranmışdır.

Son illərdəki hadisələr qlobal məsələlərin getdikcə artan təsirini və Azərbaycan kimi kiçik bir ölkə üçün bu dəyişikliklərə sürətli reaksiya verə bilmək və uzaqgörən olmağın əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Bu isə süni intellekt, kibertəhlükəsizlik və ya hibrid müharibələrin təsirlərini dərk etmək üçün bu məsələlərə yeni bir baxış bucağının gətirilməsi deməkdir. Birbaşa Cənubi Qafqazla həmsərhəd olan Şərqi Avropa və Yaxın Şərq son onillikdə gərginliyin artdığı və yeni münaqişə ocaqlarının meydana çıxdığı bölgələrdəndir. Təbii ki, regional problemlərə - post-sovet məkanında həllini tapmamış münaqişələrə, enerji təhlükəsizliyinə, güclərin regional konfiqurasiyasına diqqət yetirəcəyik, lakin heç bir şəkildə bunlarla məhdudlaşmayacağıq. Siyasi qərarları və prosesləri iqtisadi, sosioloji, mədəni və antropoloji aspektləri də özündə cəmləşdirən daha geniş bir çərçivəyə salmaqla fərqlilik yaratmaq niyyətindəyik. 

 

Etmək istədiklərimiz

Topçubaşov Mərkəzi, əsasən analitik yazılar üzərinə diqqət yetirəcək, lakin görüləcək işlər sadəcə bununla məhdudlaşmayacaq. Komandamız təcrübə və ehtiraslarımızı həmçinin ictimai müzakirələr, mühazirələr, analitik və maarifləndirici videolar daxil olmaqla alternativ formatda da oxucunu qlobal düşüncə mərkəzlərinin apardığı ən cəsarətli və oyun dəyişən tədqiqatlarla təmin etməyi planlaşdırır. Mükəmməl regional bir mərkəz olmağı hədəfləyərək, müxtəlif məsələlərdə deməyə sözü olan və buna can atan hər bir kəsi eşitməyə hazırıq. Məqsədimiz həm Azərbaycanda, həm də daha geniş bölgədə fəaliyyət göstərərək çoxsaylı və müxtəlif profilli mütəxəssislər tələbələri cəlb edəcək tədqiqat mərkəzinə çevrilməkdir. 

 

Prinsiplərimiz və dəyərlərimiz 

Topçubaşov Mərkəzi, hər şeydən əvvəl, obyektiv, müstəqil araşdırma və təhlillər aparır. Azərbaycanın milli maraqlarını təbliğ etmək istəsək də, inanırıq ki, edə biləcəyimiz ən yaxşı şey, hadisələri ideoloji və ya digər məsələlər olmadan göstərməkdir. Mərkəz keyfiyyət və kəmiyyətə diqqət yetirir və qrafiki gündəlik xəbərlər və repostlar ilə doldurmağa çalışmadan, fərqli məzmun yaratmağı hədəfləyir. 

 

Əlimərdan bəy Topçubaşov

Müasir düşüncəyə, demokratiya və sülhə olan bağlılığımızı göstərmək üçün Mərkəzimizi Müsəlman Şərqində ilk demokratik dövlətin qurucularından biri, Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Naziri kimi fəaliyyət göstərmiş (1918-1920) və öz ölkəsini Paris Sülh Konfransında təmsil etmiş böyük azərbaycanlı siyasətçi, diplomat və mütəfəkkir Əlimərdan bəy Topçubaşovun (1865-1934) şərəfinə adlandırmışıq. Bu görkəmli insan qlobal dünyaya açıq və öyrənməyə can atan gənc bir millətin baxış bucağını təcəssüm etdirir.

Topçubaşovun karyerasının zirvəsi, bəlkə də bəşər tarixinin ən qeyri-sabit illərində - imperiyaların süqutu, qlobal nizamın yenidən qurulması və yeni dövlətlərin ilk addımlarını atdığı dövrdə baş vermişdi. Oxşar dərəcədə qeyri-stabil və sərt olan indiki dövr də aktiv və dinamik düşüncə tərzi tələb edir. Topçubaşovun həyatını həsr etdiyi işin böyük və amansız bir qüvvə tərəfindən vaxtından əvvəl qarşısı alınsa da, bu ideya sonradan Azərbaycan Respublikasını müstəqilliyini yenidən bərpa etmək üçün təkan oldu. 

Ümidvarıq ki, işlərimiz bu uzaqgörən adamın ideyalarının yayılmasına az da olsa töhfə verə biləcəkdir.

Copyright © Top-center.org