Amerikalı hərbi ekspertlər Topçubaşov Mərkəzində olublar

Amerikalı hərbi ekspertlər Topçubaşov Mərkəzində olublar

13 mart 2025-ci il tarixində amerikalı hərbi ekspertlər, Vest-Poyntda yerləşən Müasir Müharibə İnstitutunun təsisçisi Layəm Kollinz (Liam Collins) və həmin institutun Şəhər Müharibəsi Tədqiqatları üzrə kafedra müdiri Con Spenser (John W. Spencer) Azərbaycana etdikləri tədqiqat səfəri çərçivəsində Topçubaşov Mərkəzini ziyarət ediblər.

İkinci Qarabağ Müharibəsinin Şuşa döyüşü ilə bağlı məqaləkitab fəsli yazmış qonaqların Azərbaycana səfərinin məqsədi Qarabağda döyüş meydanlarını araşdırmaq, yerli hərbçilərlə və hərbi ekspertlərlə müsahibə aparmaqdı.

Qeyd etmək lazımdır ki, bu Spenserin Azərbaycana ikinci səfəridir. Onun 2021-ci ilin noyabrında Qarabağa ilk ziyarəti Topçubaşov Mərkəzinin də iştirakı ilə həyata keçirilmiş və hərbi ekspert səfər çərçivəsində Şuşa döyüşü ilə bağlı açıq təqdimat ilə çıxış etmişdi.

Bu dəfə Topçubaşov Mərkəzində Kollinz və Spenser Mərkəzin direktoru Rusif Hüseynov və tədqiqatçısı Məhəmməd Məmmədov ilə görüşüb. Daha sonra qonaqlar Mərkəzin “Yutub” kanalı üçün video-müsahibədə də iştirak ediblər.