Vüsal Quliyev Çində ezamiyyətdədir
Topçubaşov Mərkəzinin Avrasiya və Şərqi Asiya regionu üzrə eksperti və Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin şərqşünas tədqiqatçsı Dr. Vüsal Quliyev Çin Xalq Respublikasının Pekin və Şanxay şəhərlərində yerləşən bir neçə strateji tədqiqat institutunun xüsusi dəvətilə iyun ayı boyunca yerli mütəxəssislərə təlimlər keçmiş və eyni zamanda Çinin Cənubi Qafqaz regionu üzrə aparıcı ekspert və akademik tədqiqatçıları ilə də görüşlərdə iştirak etmişdir.
Səfər çərçivəsində müzakirə edilmiş əsas mövzular Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti, Azərbaycan-İran diplomatik münasibətlərində yaşanan böhran, Rus-Ukrayna müharibəsinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına təsiri, Cənubi Qafqazın Çinin Kəmər və Yol layihəsindəki yeri, Zəngəzur Koridorunun geoiqtisadi əhəmiyyəti, Türk Dövlətləri Təşkilatının artan potensialı, Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında möhkəmlənən mövqeyi və s. olmuşdur.
Bundan başqa, Vüsal bəy Çinin səfir və diplomatlarını yetişdirən əsas təhsil ocaqlarından biri olan Pekin Xarici Dillər Universitetində (eyni vaxtda 101 xarici dilin tədris edildiyi dünyadakı nadir yerlərdən biri) mühazirə keçmişdir. "Trans-Xəzər Marşrutunun Kəmər və Yol təşəbbüsü çərçivəsində dəyərləndirilməsi" adlı mühazirə həmin universitet nəzdində fəaliyyət göstərən dünyada Azərbaycan dilinin xarici dil kimi bakalavr pilləsi üzrə tədris olunduğu tək yer olan Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə həyata keçirilib. Bu çıxış Çində Azərbaycana həsr olunmuş "Azerbaijan Time Lectures" başlıqlı silsilə mühazirələr layihəsi çərçivəsində baş tutmuşdur.