Yeni Ermənistan-Azərbaycan gərginliyinin mərkəzindəki dörd kənd

Yeni Ermənistan-Azərbaycan gərginliyinin mərkəzindəki dörd kənd

Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etdikdən sonra Ermənistan ilə münaqişədə əsas diqqəti digər həll olunmamış məsələlərə, o cümlədən iki ölkənin sərhədinin müəyyənləşdirilməsinə və Ermənistanın nəzarəti altında olan bir sıra Azərbaycan kəndlərinin geri qaytarılmasına keçib. Birinci Qarabağ Müharibəsi (1988-1994) dövlət sərhədini faktiki olaraq təmas xəttinə çevirib və bir tərəfin digərinin ərazisində müəyyən yüksəkliklərə, ərazilərə və anklav kəndlərə nəzarət etməsi ilə nəticələnib.

Lakin sərhədin konkret bir seqmenti son həftələrdə qızğın müzakirə mövzusuna dönüb. Bu ərazi Qazax rayonunun dörd kəndini – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılını əhatə edir. Otuz ildən artıqdır ki, Ermənistanın nəzarəti altında olan bu ərazi, bir tərəfin digərinin sərhədboyu torpaqlarındakı yaşayış məntəqələrinə nəzarət etdiyi yeganə hissədir. Bu gün bu kəndlərdə yaşayış yoxdur və onlar xarabalığa çevrilib. Onların sakinləri isə didərgin düşmüş, bəzi hallarda isə öldürülmüşdür.

Xəritə 1. Qazax rayonunun erməni nəzarəti altında olan dörd sərhədboyu kəndinin yerləşməsi

Tarix

1980-ci illərin sonlarında başlayan Ermənistan-Azərbaycan münaqişəsinin ilkin mərhələsində Qarabağdan kənarda gərginlik yaşayan ilk sərhədyanı ərazilərdən biri Qazax rayonu idi. Azərbaycanlı və erməni kəndlərinin qonşu olduğu Qazaxda unikal sərhəd vəziyyəti və bu kəndlərin bəzilərindən ermənilər üçün önəmli olan yolun keçməsi gərginliyin artmasına səbəb oldu.

Bu cəbhədə ilk insident 1990-cı ilin martında Bağanıs Ayrım kəndində baş verdi. Ermənistanı Gürcüstanla birləşdirən yollardan biri, eləcə də Ermənistanın şimal-şərqindəki Tavuş bölgəsində bir neçə mühüm kəndi birləşdirən əsas yol boyunca yerləşən Bağanıs Ayrım qonşu kəndlərdə ermənilər tərəfindən potensial təhlükə kimi görülürdü. Buna görə də, martın 4-də ermənilər kəndə silahlı basqın edərək, iki nəfəri öldürmüş və iki nəfəri də yaralamışdı.

İyirmi gün sonra, yəni martın 24-də Ermənistandan avtomat silahlarla silahlanmış bir qrup erməni Bağanıs Ayrıma daxil olmuş və 8 azərbaycanlı kənd sakinini qətlə yetirmişdi. Ölənlər arasında 5 nəfərin diri-diri yandırıldığı bildirilir. Bundan əlavə, on üç yaşayış evi dağıdılmış və talan edilmişdi. Buna baxmayaraq, ərazidə olan sovet əsgərlərinin müqaviməti nəticəsində erməni qrupu kənd üzərində nəzarəti təmin edə bilməmişdi. Lakin 1992-ci ildə Qazaxın üç eksklav kəndi ilə yanaşı, sözügedən dörd kənd də ermənilərin nəzarətinə keçdi.

Müasir dövr

Sərhədin bu hissəsi Birinci Qarabağ Müharibəsinin bitməsindən sonra da ən qeyri-sabit ərazilərdən biri olmaqda davam etdi. Bu gün Ermənistan Qazax rayonunda Azərbaycanın 56,5 km² ərazisinə nəzarət edir.

Xəritə 2. Qazax rayonunun Ermənistanın nəzarəti altında olan əraziləri

2020-ci ildə İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli atəşkəs bəyannaməsi imzalandı. Rusiya KİV-i tərəfindən yayılan bəyannamənin ilkin variantında Ermənistanın Qazax rayonunda işğal etdiyi ərazilərə nəzarəti Azərbaycana qaytarması nəzərdə tutulurdu. Buna baxmayaraq, müqavilənin bir neçə saat sonra Kreml tərəfindən dərc edilən rəsmi versiyasında Qazax rayonu haqqında heç bir müddəa mövcud deyildi. Azərbaycan mediasındakı iddiaya görə, bəyanatın dəyişdirilməsi iki tərəf arasında əldə olunmuş şifahi razılaşma ilə bağlıdır və buna görə, onlar kəndlərin qaytarılmasını yazılı müqaviləyə daxil etməməyi qərara alıblar.

Qazaxın işğal olunmuş kəndləri ilə bağlı məsələ Ermənistanda ilk dəfə 2021-ci ilin mayında Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın kürəkəni Mikayel Minasyan sosial şəbəkədə Paşinyanın Ermənistanın nəzarəti altında olan səkkiz kəndi (anklavlar da daxil olmaqla) Azərbaycana qaytarmağı planlaşdırdığını iddia etdikdən sonra diqqət çəkib. Minasyanın iddiası Ermənistan cəmiyyətində qəzəb doğursa və paytaxt İrəvanda iki günlük etiraz aksiyasına səbəb olsa da, məsələ tezliklə unudulmuşdu. 2023-cü ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə (Charles Michel) telefon danışığı zamanı bu məsələyə toxunması ilə kəndlər mövzusu yenidən gündəmə gəldi. Söhbət zamanı Əliyev Azərbaycanın səkkiz kəndinin hələ də erməni işğalı altında olduğunu bildirmiş və bu kəndlərin işğaldan azad edilməsinin vacibliyini vurğulamışdı. Əliyev 2024-cü ilin yanvarında yerli mətbuata müsahibəsi zamanı bu məsələni yenidən gündəmə gətirərək söyləmişdi: “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır.”

2024-cü il martın 10-da, yəni Qazax sərhədində sərhəd komissiyalarının yeddinci iclasından üç gün sonra, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Ermənistandan Qazax rayonundakı dörd qeyri-anklav kəndini dərhal geri qaytarmağını tələb edib. İki gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan canlı mətbuat konfransı keçirərək Ermənistanın de-yure sərhədini göstərmək üçün Ermənistanın maket xəritəsini nümayiş etdirib. O, yerli auditoriyaya Azərbaycanın tələb etdiyi kəndlərin Ermənistan ərazisi daxilində olmadığını izah edərək bildirib ki, “nə Sovet dövründə, nə də postsovet dövründə Ermənistan ərazisində belə adda kəndlər [...] heç vaxt olmayıb”.

Martın 18-də Paşinyan Qazaxın ermənilər tərəfindən işğal olunmuş Aşağı Əskipara kəndi ilə anklav olan Yuxarı Əskipara kəndi arasında yerləşən Voskepar kəndinə səfər edib. Səfəri zamanı o, Voskepar və ona yaxın yerləşən Berkaber və Kirants kəndlərinin yerli sakinləri ilə ünsiyyətdə olaraq deyib ki, “Bağanisdən Berkaberə qədər olan ərazidə demarkasiya və delimitasiya prosesinə başlamağımız məntiqlidir”. Bu ərazi həmçinin Qazaxın işğal altında olan 4 qeyri-anklav kəndlərini də əhatə edir. Bundan başqa, o, qeyd edib ki, “Bizim bu gün regionun bir sıra ölkələri ilə məsələmiz ondan ibarətdir ki, biz onların Ermənistanın ərazi bütövlüyünü tanımasını istəyirik. Amma başqalarının onu tanımasını istəyiriksə, ilk növbədə onu özümüz tanımalıyıq”. Martın 31-də partiyadaşları ilə görüşündə Paşinyan bildirib ki, “Ermənistan hakimiyyəti sülh istəklərinə və planlarına görə çox təhqir olunur”. Bunda

Paşinyanın Azərbaycanın dörd qeyri-anklav kəndini qaytarmağa hazır olması Ermənistan daxilində etirazlara səbəb olub. Müxalifətçi Anna Qriqoryan “Azadlıq” Radiosunun erməni xidmətinə deyib ki, “O [Paşinyan], düşmənə bizim ən yaxşı müdafiə mövqelərimizi, İrəvandan Gürcüstan sərhədinə gedən əsas magistral və boru kəmərini və s. verir”.

Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” müxalifət qrupunun lideri Seyran Ohanyan erməni əsgərləri Nikol Paşinyana meydan oxumağa və işğal olunmuş əraziləri boşaltmamağa çağırıb. Ohanyanın sözlərinə görə, “bu prosesdə iştirak edən insanlar cavab verməlidir” və “ordunun özündə də bu qanunsuz prosesi rədd edə biləcək ağıllı insanlar var”. O daha sonra əlavə etmişdi: "Dediyim müdafiədən imtina etmək deyil, qanunsuz əmrləri rədd etməkdir".

Voskeparın erməni sakinləri də Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində kəndlərin qaytarılmasına qarşı olduqlarını bildiriblər. Sakinlərdən biri deyib ki, “biz onların [Azərbaycanın] kəndlərini bu gün təslim etsək, sabah daha dördünü tələb edəcəklər, sonra da bizim kəndlərə iddia qaldıracaqlar”.

Erməni mediası və müxalifət nümayəndələri arasında kəndlərin qaytarılmasına qarşı tez-tez rast gəlinən səbəblərdən biri də Tavuş vilayətinin şərq hissəsini Gürcüstanla birləşdirən M16 magistralının bir hissəsinin de-yure bu 4 kəndin ərazisindən keçməsidir. Bu yaxınlarda yayılmış yanlış fikir ondan ibarətdir ki, bu magistral Ermənistan və Gürcüstanı birləşdirən əsas marşrutdur. Əslində, bu yol iki ölkəni birləşdirən bir neçə yoldan biridir və onlar arasında nəqliyyat üçün ən çox istifadə olunan marşrut belə deyil. Paşinyan martın 10-da keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq, İrəvanın yalnız Ermənistan ərazisindən keçməsini təmin etmək üçün yaxın gələcəkdə öz infrastrukturunu yenidən qurmağı təklif edib.

Xəritə 3. Ermənistan və Gürcüstanı birləşdirən başlıca magistrallar

Nəticə

Qarabağ münaqişəsinin həlli ilə hər iki dövlət indi diqqətlərini sülh prosesinə əngəl yaradan digər problemlərin həllinə yönəldiblər. Qazax rayonunun dörd sərhədboyu kəndi ilə bağlı ərazi mübahisəsi iki ölkə arasındakı mürəkkəb məsələlərdən biridir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu bildirib və erməni ictimaiyyətinə aydın izahat verib ki, bu ərazilər Ermənistan ərazisi deyil. Lakin bu qərar Ermənistan daxilində etirazlar alovlandırıb və tənqidçilər bunun əsas müdafiə mövqelərinin təslim olmasına gətirib çıxaracağını və potensial olaraq Azərbaycandan gələcək ərazi tələblərinə yol açacağını iddia edirlər. Etirazlarla üzləşməsinə baxmayaraq, Paşinyan öz mövqeyində möhkəm dayanaraq, Ermənistanın öz sərhədlərini tanımasının vacibliyini vurğulayır.

Vəziyyət daha da gərginləşmək potensialına malikdir. Azərbaycan 4 kənddən olan məcburi köçkünləri yenidən məskunlaşdırmaq niyyəti ilə bu kəndlərini geri qaytarmaq tələblərində dönməz olaraq qalır. Əgər bu problemin həlli biraz da uzansa, bölgədə hansısa formada hərbi eskalasiyaya gətirib çıxara bilər. Lakin Paşinyanın kəndləri qaytarmağa açıq-aşkar hazır olduğunu nəzərə alsaq, onların yaxın gələcəkdə Azərbaycana geri veriləcəyi ehtimalı daha yüksək görünür.