Son zamanlar Qarabağdakı toqquşmaların əsas motivi nədir?
Oktyabrın 13-də Azərbaycan Müdafiə Nazirliyi Qarabağda mülki avtomobillərin atəşə tutulduğu barədə açıqlama verdi. Açıqlamada saat 14:00 radələrində Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonunda mülki infrastruktur qurmaq üçün adı çəkilən rayona hərəkət edən və hərbi ləvazimat daşımayan maşınların Gözlükörpü qəsəbəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulduğu bildirilirdi. Erməni tərəfi bu məlumatı təkzib etsə də, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəsmi saytı xəbəri təsdiqlədi. Rusiya MN-ə görə, oktyabrın 13-də Sərsəng su anbarı yaxınlığında Rusiya sülhməramlı qoşunlarının müşayiət etdiyi tikinti materialları daşıyan Azərbaycan maşınları atəşə tutulub. Oktyabrın 14-də Azərbaycan Müdafiə Nazirliyi daha bir məlumat yayaraq Füzuli rayonunda erməni kəşfiyyat dronunun (quadcopter) ələ keçirildiyini açıqladı. Ermənistan tərəfi əvvəlcə bu xəbəri təkzib etməyə cəhd etsə də, Azərbaycan Müdafiə Nazirliyi qısa müddətdə ələ keçirilən pilotsuz uçuş aparatının görüntülərini paylaşdı.
Oktyabrın 14-də axşam saatlarında erməni tərəfi Azərbaycan əsgəri Əfqan Həmzəyevi qətlə yetirərək vəziyyəti xeyli gərginləşdirdi. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin qanunsuz erməni silahlı dəstələrinin açdığı snayper atəşi nəticəsində öldürüldüyünü bildirərək "terror aktını törədən qanunsuz erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi üçün qəti addımlar atılacağı" barədə xəbərdarlıq etdi. Bundan əlavə, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında “Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə görüşü keçirildiyi bir vaxtda Ermənistanın dəstəklədiyi erməni qanunsuz hərbi dəstələrinin həyata keçirdiyi terror aktı qəsdən törədilmiş təxribatdır” fikirləri öz əksini tapdı. Açıqlamada həmçinin “Bu, Ermənistanın bölgədəki vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanan birgə bəyanatın müddəalarının həyata keçirilməsinə əngəl törətmək və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin başqa bir sübutudur. Bu terror aktını araşdırmaq üçün Rusiya-Türkiyə Birgə Müşahidə Mərkəzinə müraciət ünvanlanmışdır" sözlərinə yer verilmişdi.
Oktyabrın 15-də səhər saatlarında erməni hərbçiləri yenidən mülki təcili yardım maşınının arxasında gizlənərək Qarabağın Ağdərə istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməyə cəhd göstərdilər. Təxribatdan dərhal sonra"… Görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alındı və təcili yardım maşınında olan ermənilər geri qayıtmaq məcburiyyətində qaldılar", - deyə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yaydı.
Erməni tərəfi son təxribatlara görə məsuliyyət daşımaqdan imtina etməklə yanaşı, baş verənlərdə Azərbaycanı yox, “ikili oyun oynamaq məqsədi güdən” Rusiyanı ittiham etməyə başladılar. Erməni tərəfində bəziləri daha da irəli gedərək rus sülhməramlılarının Azərbaycanla əlaqədə olduğunu iddia etdilər. Bundan əlavə, onlar rus sülhməramlılarını qəsdən erməni qüvvələrini uğursuzluğa düçar etməkdə və Azərbaycanın hücumları üçün əlverişli mühit yaratmaqda günahlandırdılar. Lakin Rusiyanı Azərbaycanı “geri oturtmamaq” və ya qəsdən atəşkəsin pozulmasının qarşısını almamaqda günahlandırmaq Moskva perspektivindən baxdıqda o qədər də məntiqli görünmür. Hər şeydən əvvəl Rusiya aqressiyanın qarşısını almaqda və bölgədə sabitliyi təmin etməkdə maraqlıdır. Kreml başa düşür ki, əgər bunu edə bilməsə erməni əhalisi bölgəni tərk edəcək və beləliklə də, faktiki olaraq onun bölgədəki hərbi varlıq səbəbinə son qoyulacaq. İkincisi, bu vaxta qədər Rusiya onsuzda Azərbaycanı “atəşkəsi pozmaqda” ittiham etməkdən çəkinmirdi.
Əslində, avqust ayında Rusiya Müdafiə Nazirliyi Azərbaycanı atəşkəsi pozmaqda ittiham edərkən tam olaraq bunu etmişdi. “Son 24 saat ərzində bir atəşkəs pozuntusu qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələri 11 avqust 2021-ci ildə, saat 07:29-da və 07:58-də Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqeyinə zərbə tipli dronlardan istifadə edərək iki dəfə hücum edib” - bəyanatda bildirilmişdi. Sentyabrın 18-də Rusiya Müdafiə Nazirliyi Azərbaycanı yenidən bir gün əvvəl Şuşa yaxınlığında atəşkəsi pozmaqda günahlandırdı. "Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqelərinə üç hücum qeydə alınıb” sözlərinə yer verilən açıqlamada erməni tərəfinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərindən atəş açılması, atəş nəticəsində Dağlıq Qarabağ silahlı birləşmələrinin iki hərbçisinin yaralanması iddialarına yer verilib. Bu açıqlamaya reaksiya verən Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin hesabatının "təəccüblü və təəssüfləndirici" olduğunu qeyd edərək Azərbaycan nümayəndələrinin və Rusiya sülhməramlılarının hadisəni araşdırdığını bildirib. “Araşdırma nəticəsində Azərbaycan Ordusu bölmələrinin göstərilən tarixdə bu istiqamətdə atəş açmadığı müəyyən edildi. Hər iki tərəfin iştirakı ilə öyrənilən məlumatların sonradan tamamilə fərqli bir şəkildə təqdim edilməsinin səbəbləri hələ də tam aydın deyil. Azərbaycan tərəfi birgə bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunvericiliyinə uyğun olaraq bölgədə sabitliyi təmin etmək və mümkün təxribatların qarşısını almaq üçün səylərini davam etdirir”, - deyə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bildirib.
Beləliklə, qeyd etmək olar ki, Rusiyanın Azərbaycanı “aqressiya törədən” tərəf kimi təqdim etməsində hansısa əngəl yoxdur. Reallıqda Rusiyanın yayındığı əsas məsələ Ermənistanı atəşkəs rejiminin əsl pozucusu kimi hədəf göstərərək erməni tərəfini “yadlaşdırmaq”dır. Noyabrın 10-da imzalanan üçtərəfli müqaviləyə əsasən, Rusiya sülhməramlılarının yerləşdirilməsi erməni hərbçilərinin Qarabağdan çıxarılması ilə eyni vaxtda həyata keçirilməli idi.
Lakin indiyədək Rusiya nəzarət etdiyi ərazilərdən erməni qoşunlarını çıxarmaq istəmir. Bunun birinci səbəbi Rusiyanın Azərbaycan üzərindəki rıçaqlarını qorumaq istəyidir. Açıq qarşıdurmaya getmədən danışıqlarda Moskvanın əlini gücləndirməyə və ya Bakıya mesaj göndərməyə ehtiyac yaranarsa, Rusiya hər zaman bu təsir alətindən istifadə edə bilər. Rusiya baxımından bu məsələ, gələcəkdəki mümkün qeyri-müəyyənliklərə qarşı əlavə sığorta vasitəsidir. Rusiyanın bu vasitələrə ehtiyacı yoxdur, amma Moskva təsir radiusunu lazımsız yerə daraltmaq da istəmir.
Lakin bu o demək deyil ki, hazırda Rusiyanın Qarabağdakı maraqları erməni silahlı birləşmələrinin maraqları ilə uzlaşır. Şərqi Ukraynadan və ya Cənubi Osetiyadan fərqli olaraq, Qarabağda Rusiya ilə erməni silahlı birləşmələri arasında heç bir üzvi-müştəri və ya simbioz əlaqəsi yoxdur. Bu silahlı qruplar tamamilə Moskvanın nəzarəti altında deyil və bu hal Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərdə şiddətin artmasının əsas səbəbidir.
Erməni ordusunda indiki status-kvo ilə razılaşmayan, hazırda xidmətdə və ya ehtiyatda olan bir çox yüksək rütbəli hərbçi və komandirlər var. Onlar son 30 ildə işğal olunmuş Azərbaycan ərazilərində mövcud olan siyasi və iqtisadi sistemdən əsas mənfəət əldə edən şəxslər idilər. Bu müddət ərzində erməni komandirlər və ali hərbçilər yerli elitanın onurğasını təşkil edirdi. Nüfuzlu hərbçilər yerli iqtisadiyyata hakim idi və fəaliyyətlərinə nəzarət edilmirdi. Həmin zümrə 44 günlük müharibədəki məğlubiyyətdən sonra bütün iqtisadi imtiyazlarını itirdilər və tarixin tozlu səhifələrinə qarışdılar. Həmin şəxslərin rus sülhməramlılarının gəlişi ilə geri dönmək və önəmli mövqeləri geri ala bilməyə dair ümidləri də gerçəkləşmədi. Beləliklə, onlar məsələyə müdaxilə etməyə qərar verdilər. Həmin üst rütbəli komandir və hərbçilər mövcud vəziyyəti destabilizasiya etmək, problemləri mürəkkəbləşdirmək, atəşkəs rejimini pozmaq və müxtəlif təxribatlar törətməklə Ermənistandakı rus sülhməramlılarını hədəf alan mütəşəkkil dezinformasiya kampaniyası ilə Moskvanı onlarla hesablaşmağa məcbur etmək və beləliklə, yenidən nüfuzlarını bərpa etmək istəyirlər.
Azərbaycanlı hərbçi Əfqan Həmzəyevin erməni snayper tərəfindən qətlə yetirilməsini alqışlayan bəzi nüfuzlu Ermənistan teleqram kanalları həm qətlin, həm də daha əvvəl Azərbaycan konvoyuna atəş açmanın mövcud vəziyyətdən bezmiş erməni hərbçilərinin içərisində olan "vətənpərvər" ünsürlər tərəfindən həyata keçirildiyi ilə öyünürdü.
Atəşkəs rejiminin pozulması və bölgədə təxribatların kəskin artmasına paralel olaraq, radikal sağçı Sasna Tsrer Partiyasının da daxil olduğu Milli Demokratik Qütb hərəkatı erməni hökumətinə və Rusiyaya qarşı "vətəndaş itaətsizliyi kampaniyası"nın başladığını elan etdi. “Sasna Tsrer”in lideri, sabiq hərbçi Jirayr Səfilyan 15 oktyabrda İrəvanda keçirilmiş mitinq zamanı keçid hökuməti qurmaq üçün küçələri, binaları mühasirəyə almağı və barrikadalar qurmağı planladıqlarını elan etdi. Həmçinin Səfilyan çıxışında keçid hökuməti qurmaq, xainləri məsuliyyətə cəlb etmək, eyni zamanda Ermənistanın real tərəfdaşları ilə ölkənin və millətin fiziki təhlükəsizliyini təmin etmək üçün mitinqlər zamanı yüksək fəallığın təmin edilməsinin vacibliyini vurğuladı. Milli Demokratik Qütb hərəkatının digər üzvü Qaregin Çuqaszyan mitinqdə çıxış edərək hazırki hökumətin Ermənistanın maraqlarını təmin edə bilmədiyini iddia etdi. Çuqaszyan hökuməti Rusiya və Türkiyənin maraqlarına xidmət etməkdə günahlandırdı və Rusiya prezidenti Vladimir Putini "imperiya arzularına" görə tənqid etdi.
Bu təxribatların zamanlaması da önəm daşıyır. Oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının onlayn görüşü zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin bölgədə sülh üçün çalışmağa hazır olduğunu bildirmişdi: “...Biz qərarlıyıq və bölgədə sülh və sabitlik yaratmaq üçün əlimizdən gələni edəcəyik. Bu məqsədə necə çatacağımıza dair aydın bir baxışımız var: dialoq yolu ilə nifrət və düşmənçilik atmosferini aşaraq, iqtisadi və nəqliyyat əlaqələrini açmaqla. Bu yol bizi bu məqsədə aparan yeganə yoldur. Ermənistanın Rusiya ilə dəmir yolu və quru əlaqəsi, Azərbaycan ərazisindən İranla dəmir yolu əlaqəsi olacaq və Azərbaycan Naxçıvanla onu əlaqələndirəcək bir dəmiryolu və avtomobil yolu əldə edəcək”, - deyə Paşinyan vurğulamışdı. MDB sammitində Paşinyandan əvvəl çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də Bakının münasibətləri normallaşdırmağa və Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu bir daha bəyan edərək Ermənistan rəhbərliyinin bu tarixi şansı əldən verməyəcəyinə ümid etdiyini qeyd etmişdi.
Təbii ki, bütün bunlar Rusiyanı narahat edir. Bir tərəfdən, Rusiya ən azından yaxın gələcəkdə bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək istəyir. Digər tərəfdən isə Moskva qəzəbli və məyus ermənilərin narazılığı ilə üzləşməmək üçün Ermənistan tərəfini son təxribatlarda açıq şəkildə günahkarlandırmaqdan çəkinir. Səbəbi nə olursa olsun, rusiyalı sülhməramlılar bu cür təxribatların qarşısını almaq üçün bu ərazidədirlər və ən qısa müddətdə bu öhdəliklərini yerinə yetirməlidirlər. Əgər rus sülhməramlıları kontingenti vəziyyətə nəzarət etmək və həmin silahlı qrupları idarə etmək iqtidarında deyilsə, kənara çəkilib Azərbaycanın həmin ərazilərə daxil olmasına imkan verməlidir.