Xocavənd əməliyyatı (Şuşakənd-Qırmızı Bazar-Quzeyçartar cəbhəsi)

Xocavənd əməliyyatı (Şuşakənd-Qırmızı Bazar-Quzeyçartar cəbhəsi)

Şuşakənd-Qırmızı Bazar cəbhəsi

Azərbaycan Ordusunun Üçüncü Qarabağ müharibəsində strateji əhəmiyyətli cəbhələrindən biri Şuşakənd-Qırmızı Bazar istiqamətində idi. Burada Azərbaycan mövqelərinin Xankəndi-Qırmızı Bazar yoluna yaxın olması hücum edən tərəfə üstünlük qazandırırdı. Muxtar kəndindən Şuşakəndə, oradan isə Dağyurd kəndinə qədər uzanan 16 kilometrlik cəbhə “DQR” sakinlərdən yaradılmış 33-cü batalyon tərəfindən müdafiə olunurdu. Separatçı qurumun Müdafiə Ordusunun nizami hərbi qulluqçularından fərqli olaraq, könüllülər texnika ilə təchiz olunmuşdu, ağır silahlar isə məhdud sayda idi. Ərazidə erməni hərbi bölmələrinin 4 postu vardı. 301 saylı post Muxtar kəndinin şimalında, Şuşakəndin isə qərbindəki Muxətər aşırımında yerləşirdi. 1045 metr yüksəkliyində yerləşən post Qarqarçay kanyonuna baxdığı üçün Azərbaycan mövqeləri ondan xeyli uzaqda idi.(1) 302 saylı post Muxtar kəndinin girişində 301 saylı postla eyni hündürlükdə yerləşirdi. Bu postun yeri erməni tərəfi üçün çox əlverişsiz idi, çünki onun qarşısında 1280 metr yüksəkliyində yerləşən Azərbaycan postu dururdu. Həmin postla Muxtar kəndində hər hərəkəti müşahidə etmək olurdu. 303 saylı post isə Muxtar kəndinin qərbində 1175 metr hündürlükdə yerləşirdi. Bu postun çox yaxınlığında Azərbaycan postu olması onu xüsusilə təhlükəli edirdi. Azərbaycan postu təxminən 20 metr erməni postundan aşağıda yerləşsə də, postlar arasında məsafənin minimal həddə olması vəziyyəti gərginləşdirirdi. 304 saylı post da buna görə 303 saylı döyüş mövqeyinə yaxın şimalda Şuşakəndin girişində yerləşmişdi. Həmin post silsiləsinin uzantısında isə 305306 saylı döyüş mövqeləri yerləşirdi. 

Muxtar və Şuşakəndin alınması

Əraziyə hücum Şuşadan postların reaktiv yaylım atəşi ilə bombalanması ilə başladı. Ümumi artilleriya hazırlığından sonra mühəndis qrupları yolları minalardan təmizlədi. Hücum əməliyyatı çox sürətlə başladı. Əsas təzyiq ən yaxın erməni döyüş mövqeyi 303 saylı posta oldu. Eyni zamanda, paralel formada 301 və 302-yə hücum edildi. Həmin postlar tank əleyhinə raketlərlə intensiv atəşə tutuldular. Azərbaycan hərbçiləri 303 saylı və 304 saylı posta bir neçə istiqamətdən daxil oldu. 304 saylı post intensiv şəkildə “Faqot” tank əleyhinə raketlərlə atəşə tutuldu. Səngərlərə edilən ilk atəşlərdə artıq ölü və yaralılar vardı. Bundan sonra Azərbaycan hərbçiləri dövrə vuraraq postu mühasirəyə almağa başladılar. 

İlk alınan döyüş mövqeyi 302 saylı post oldu. Burada Azərbaycan əsgərləri hücum tərəfi olaraq böyük üstünlüyə malik idi. 302 postunun itirilməsi ilə 301-ə ciddi təzyiq düşdü. Şuşadan tank atəşi ilə uzunmüddətli atəş nöqtəsində müşahidə aparan Armen Babayan öldürüldü.(2)

Digər əsgərlər çox əlverişsiz vəziyyətdə qaldıqları üçün postu tərk etdilər. Müharibənin 2-ci saatında 303 saylı post Azərbaycan tərəfinin nəzarətinə keçdi. Postdakı əsgərlərdən Artur Koçaryan həlak oldu, digər 3 nəfər əsgərin isə taleyi indiyə kimi naməlumdur. Muxtar kəndinin təxminən 80 sakininin icma rəhbəri Mxitar Arstamyan xatırlayır: Azərbaycanlılar müharibənin ilk dəqiqələrində kəndin yaxınlığındakı 302 və 303 saylı postlarda göründülər. Onlar Şuşadan artilleriya dəstəyi alırdılar, onların topunu gördüm.  Müharibənin başlamasından bir saat sonra əhali qonşu Şuşakəndə  köçürülmüşdü.


Muxtar kəndi və ətrafdakı relyef.

304-cü postun əsgərləri Hadrutdandı. Armen Tamrazyan və Artak Avanesyan ilk hücumda mövqelərində öldürüldü. Hücum zamanı kvadrokopterin atdığı qumbara nəticəsində bir nəfər kəllə-beyin travması aldı, digəri isə ayağından yaralandı. Azərbaycan hərbçiləri tez bir zamanda 304 saylı postun ətrafında hərəkət edərək Xankəndi ilə Qırmızı Bazarı birləşdirən R-31 yolunu nəzarətə götürdülər. Bu zaman postdakı erməni əsgərləri Şuşakəndə geri çəkilmək istəyəndə snayper atəşinə məruz qaldılar. Bu qarşıdurmada mövqenin komandiri yaralandı, əsgər Ararat Abaqyan isə həlak oldu. Postdakı 8 hərbçidən 2-si yaralandı, 5 nəfər isə Şuşakənd istiqamətində geri çəkildi. 304-dəki əsgərlərin Şuşakəndə geri çəkilməsi ilə Azərbaycan hərbçiləri 305 saylı postun arxasına keçdilər. Erməni hərbçilərin xaotik geri çəkilməsi ilə Vrej Bağdasaryan snayper atəşi ilə öldürüldü. Müharibənin 3-cü saatında Azərbaycan bölmələri 304 və 305 saylı posta daxil oldular. Azərbaycan Müdafiə Nazirliyi alınmış 303 və 304 saylı döyüş mövqeyinin kadrlarını sentyabrın 29-da nümayiş etdirdi. Hücuma davam edən Azərbaycan hərbçiləri axşama yaxın Şuşakəndin şərqindəki 306 saylı postu ələ keçirdilər. Beləliklə, Daşkənddən Şuşakəndə gedən yol da Azərbaycan Ordusunun nəzarətinə keçdi. Müharibənin 4-cü saatında bu istiqamətdə Azərbaycan hərbçilərinin qarşısında qoyduğu bütün hədəflər yerinə yetirildi. Sentyabrın 20-də Azərbaycan Ordusu Muxtar və Şuşakəndə tam nəzarət edirdi. 

Aşağı Yemişcan və Dağyurdun alınması

Sentyabrın 19-da Muxtar-Şuşakənd istiqamətində ciddi uğurlar əldə edən Azərbaycan Ordusu paralel olaraq qonşu Aşağı Yemişçan və Yuxarı Yemişçan kəndləri istiqamətində əməliyyata başladılar. Azərbaycan Ordusunun bu istiqamətdə əsas postu İkinci Qarabağ müharibəsi zamanı alınmış Çaxmaq zirvəsi idi. 1211,3 metr yüksəklikdən Yemişçan kəndləri aydın görünürdü. Erməni ordusu isə bu postun qarşısında 1114 yüksəkliyində yerləşmişdi. Ərazidəki döyüş mövqelərini yerli əhalidən formalaşmış könüllü dəstələr müdafiə edirdi. Azərbaycan Ordusunun kəndin qərbində 1150 metr hündürlükdə yerləşən postu hücum edən tərəfə ciddi üstünlük verirdi. 

Müharibənin ilk günündə birbaşa post hücumlarına ehtiyac olmadı. Muxtar-Şuşakənd istiqamətində cəbhənin çökməsindən istifadə edən Azərbaycan əsgərləri R-31 yolu ilə hərəkət edərək Yemişçan kəndlərinə qərbdən yaxınlaşdı. Bu istiqamətdə yalnız 1 erməni döyüş mövqeyi mövcuddu. Azərbaycan əsgərlərinin həmin postun arxasına keçməsi ilə erməni qüvvələri müqavimət göstərmədən mövqelərini tərk etdilər. Beləliklə, Azərbaycan Ordusu sentyabrın 20-də Aşağı və Yuxarı Yemişçan kəndlərinə daxil oldu. Azərbaycan Ordusunun sürətli hücumu nəticəsində yerli sakinlər yaxınlıqdakı Xaçmaç kəndinə qaçdılar və onlardan bəziləri meşədə azdılar. Robert MusaelyanŞura Minasyandan indiyə kimi xəbər yoxdur. Kənd icmasının rəhbəri Artyuşa Mikaelyan yolda öldürüldü, Melikset Paşayan isə Azərbaycan Ordusu tərəfindən əsir alındı.(3)

Azərbaycan Ordusunun Şuşakənd - Qırmızı Bazar cəbhəsi istiqamətində əsas hədəflərindən biri Xankəndi - Qırmızı Bazar yolunun üzərində olan Dağyurd kəndi idi. Bu kənd İkinci Qarabağ müharibəsindən sonra təmas xəttində yerləşirdi. Kəndin ətrafında ermənilərin 4 postu yerləşirdi. Xaçmaç kəndinə doğru olan 309 nömrəli post və 938 metr yüksəkliyində yerləşən 312 nömrəli post digər 2 post kimi vacib hesab olunmurdu. 1040 metr yüksəklikdə yerləşən 310 nömrəli post üzü Qarabulaq kəndinə baxırdı. Bura ermənilərin ən vacib postu hesab edilirdi. Yüksəklikdə yerləşməsi onu strateji baxımdan çox vacib edirdi.  952 metr yüksəklikdə yerləşən 311 nömrəli post isə üzü Çağadüz kəndinə baxırdı. Bu cəbhə xəttində Azərbaycan postları ilə erməni postları arasında xeyli məsafə vardı. Çağadüz kəndinin içində yerləşən Azərbaycan postu 895 metr yüksəklikdə idi. İkinci Azərbaycan postu isə nisbətən hündürdə, 956 metr yüksəkliyində yerləşirdi. 

Kənd ərazisindəki erməni döyüşçülərinin sayı 90 nəfərdən ibarət idi. 2021-ci ildə formalaşdırılmış bu erməni bölmələrinə Sasun Sahakyan rəhbərlik edirdi. 311-ci postun komandiri Armen Arustamyan idi. 2022-ci ilə qədər Rusiyada yaşayan Armen Arustamyan kəndə anasına baş çəkmək üçün gəlmişdi və Sasun Sahakyanın taqım komandiri təklifini qəbul edərək kənddə qalmışdı. 310-cu postun komandiri isə Dağyurd kənd məktəbində bədən tərbiyəsi müəllimi işləyən Valeri İsraelyan idi. 

Müharibə başlamadan əvvəl Azərbaycan Ordusu ərazidə kəşfiyyat işləri aparmağa başladı. Sentyabrın 19-da səhər saat 8:30 radələrində 311-ci postun komandiri Armen Arustamyan Azərbaycan bölmələrinin hərəkətini müşahidə etdi və dərhal bu barədə yuxarı komandanlığa məlumat verdi. Azərbaycan hərbçiləri Çağadüz kəndindən 70-ə yaxın qüvvə ilə Navatxan çayı istiqamətində hərəkət edirdi. Sasun Sahakyanın əmri ilə dərhal həyəcan verildi və bununla bağlı kənd icra nümayəndəsi Karen Qasparyana xəbərdarlıq olundu. Valeri İsraelyan xatırlayır: “Səhər saat 11-də məktəbdə olanda tarix müəllimi gəlib dedi ki, kənd icra nümayəndəsi zəng edərək hərbi vəziyyətin elan olunduğunu bildirib. Daha sonra Qasparyan mənə zəng etdi və vəziyyətin ciddi olduğunu bildirdi. Azərbaycanlılar dərədən keçərək kəndə doğru gəlirdilər. Tez bir zamanda silahlanıb həmin istiqamətə doğru hərəkət etdik. Andrey, Artak və mən dərəyə çatdıq. Orada düşmənin irəlilədiyini gördük. Yuxarıya doğru qalxanda artıq döyüşməyə başladıq.

Azərbaycan Ordusu hücum zamanı birbaşa mövqelərə hücum etmək əvəzinə, düşmənin müdafiəsiz sahələrindən yan keçərək əraziləri nəzarətə götürməyə çalışdı. Bu manevr kənddə yerləşən erməni silahlı qüvvələrinin bölünməsinə, eləcə də onların koordinasiyasının pozulmasına səbəb oldu. Dərə boyunca hərəkət edən Azərbaycan Ordusu ilə Dağyurd kənd sakinlərinin döyüşündə erməni tərəfi ağır itkilər verdi. Bu döyüşlərdə Geqam Kazaryan, Vardan İsraelyan, Vrej Qasparyan, Valeri QasparyanRobert Avetisyan öldürüldü.(4) Dərədə döyüş davam edərkən digər qrup 311-ci posta hücum edərək postu ələ keçirdi. Bu döyüşdə postun komandiri Armen Arustamyan, Arsen AvşaryanŞabo Qriqoryan məhv edildi. Dağyurd məktəbində hərbi müəllim işləyən Vardan Avanesyan xatırlayır: “Əks-hücuma keçməli olduq, itiriləsi vaxt yox idi. Mən, David, Artem və bir az sonra bizə qoşulan Armen ilə hücuma keçdik.” Bu döyüşdə Armen Qasparyan öldürüldü, Vardan Avanesyan isə ağır formada yaralandı. Yaralıları bölük komandiri Sasun Sahakyan mövqelərindən çıxardı. Güclü müqavimətə rast gələn erməni hərbçiləri 310-cu postdan qumbaraatanlarla 311-ci postu vurmağa başladı. Bununla belə, heç bir nəticə əldə etməyən ermənilər axşam saatlarında kəndə geri çəkilməli oldular. 

Kənddə döyüş davam edərkən yerli əhali yaxınlıqdakı meşədə gizlənmişdi. Hərbi əməliyyatların başlanmasından dərhal sonra yaralanan Karen Qasparyan mülki əhali ilə birlikdə qonşu Ağbulaq kəndinə təxliyə olundu.(5) Sentyabrın 20-də Dağyurdda qalmış erməni hərbçilər ərazini tərk etdilər. Beləliklə, Azərbaycan Ordusu Dağyurd kəndinə tam nəzarəti ələ keçirdi.(6)

Xankəndi-Qırmızı Bazar-Xocavənd yoluna tam nəzarət

Sentyabrın 20-də Xankəndi-Qırmızı Bazar yolunun Şuşakənd-Dağyurd hissəsi tam olaraq Azərbaycanın nəzarətində idi.  Azərbaycan Ordusu Xankəndi-Qırmızı Bazar yolundan başqa bir əsas yola Xankəndi-Xocavənd istiqamətində hərəkət etməyə başladı. Sentyabrın 20-də səhər saatlarında bölmələr Şuşakənd kəndinin kənarından Xankəndi-Xocavənd yolu ilə Dağdağan kəndinə doğru hərəkət etdilər. Müqavimətə rast gəlməyən Azərbaycan hərbçiləri qısa müddətdə Dağdağan kəndinin qarşısında durdular. Kənd icra nümayəndəsi Karen Qriqoryan xatırlayır: “Sentyabrın 20-də, saat 11:00 radələrində “HHMQ postu” adlanan torpaq yol üzərində üç ədəd piyadanın döyüş maşını müşahidə etdim. Qısa müddət sonra məlum oldu ki, Azərbaycan qüvvələri Şuşakənd kəndində yerləşən erməni mövqelərindən təxminən iki kilometr aralıda yerləşən Dağdağan kəndinə qədər irəliləyiblər. Döyüş maşınlarından biri olduğu yerdə qaldı, digər ikisi isə meşə istiqamətində hərəkət etdi. Qalan texnikanı sonradan görmədim. Təxminən bir saat sonra azərbaycanlı hərbçilər artıq Dağdağan kəndinə daxil olmuşdular. Onların piyadaları yolun hər iki tərəfində mövqe tutmuşdular.” 

Azərbaycan Ordusu Şuşakənd istiqamətində həyata keçirdiyi hücum zamanı əlavə olaraq Daşkənd kəndinə də nəzarəti ələ keçirdi. Sentyabrın 20-də “DQR” Müdafiə Ordusunun 33-cü batalyonuna mənsub Aşağı Yemişcan, Qızıloba və Xaçmaç kəndlərindən olan könüllü dəstələr Bovurxan dağını keçərək Xankəndi–Xocavənd yolu istiqamətində geri çəkilməyə başladılar. Həmin gün Dağyurd kəndindən olan könüllülər Ağbulağ kəndinin torpaq yolu ilə Cəmiyyət kəndinə doğru geri çəkildilər. Aşağı Yemişcan istiqamətində yerləşən qüvvələr isə Dağdağan kəndinə çatmadan əsas yolu yan keçərək Malıbəyli kəndinə yönəldilər. Ərazidə qalan bütün qüvvələr Dağdağan kəndinin arxasında mühasirəyə düşdü. Blokadada yalnız kənd könüllüləri deyil, eyni zamanda Müdafiə Ordusunun motoatıcı bölmələri və xüsusi təyinatlı heyəti də qaldı. Mühasirədə qalmış zabit Hakob Avanesyan xatırlayır: “Mühasirəni yarmaq üçün əməliyyat planı hazırlandı. Təxminən üç kilometr məsafə qət edərək Dağdağan istiqamətinə doğru irəliləməyə başladıq. Həmin ərazidə hərbi təlimlər keçirdik. Döyüşçülərlə söhbət etdim, mövcud vəziyyəti izah etdim və mümkün itkilər barədə açıq şəkildə məlumat verdim. Daha sonra onlardan soruşdum: “Hazırsınızmı?” Hamı başı ilə təsdiq cavabı verdi. İrəliləyərkən Azərbaycan Ordusuna məxsus “KamAZ” markalı hərbi nəqliyyat vasitələrinin Dağdağan istiqamətində hərəkət etdiyini müşahidə etdik. Həmin vaxt biz ərazidəki ən yüksək döyüş mövqelərində idik. Bir müddət sonra Xocalıda yerləşən hərbi hissənin qərargah rəisi bizimlə əlaqə saxlayaraq hücuma keçməməyi əmr etdi. O bildirdi ki, yaxın vaxtlarda ərazidən çıxarılacağıq. Ardınca Müdafiə Naziri Kamo Vardanyanla əlaqə yaratmaq mümkün oldu. Nazir xəbərdarlıq etdi ki, irəliləməyimiz halında qarşıdurma baş verə bilər. Bir neçə gün gözlədik. Nəhayət, Şahramanyan Azərbaycan tərəfinin nümayəndələri ilə birlikdə əraziyə gəldi və bizə silahların təhvil verilməsi əmri verildi. Əmrə tabe olduq və mövqelərdən geri çəkildik.”

Azərbaycan Ordusu Dağdağanı nəzarətə götürdükdən sonra, ondan 3-4 km şimalda yerləşən Harov kəndindəki yol qovşağı istiqamətində irəlilədi. Bölmələr ciddi müqavimətə rast gəlmədən kənd yollarını nəzarətə götürsələr də, yaşayış məntəqəsinə daxil olmadılar.(7) Azərbaycan Ordusu sentyabrın 21-də Harov kəndində nəzarət-buraxılış məntəqəsi qurdu. Kəndlərin əhalisinin Xankəndiyə axışı ilə yollarda uzun tıxaclar yarandı. 

Quzeyçartar-Xanoba-Xocavənd döyüşləri

İkinci Qarabağ müharibəsindən 2 il sonra Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qarabağdan çıxarılmışdı. Belə vəziyyətdə “DQR” Müdafiə Ordusu yenidən təşkil olundu. Təmas xətti boyunca 9 müdafiə rayonunun əvəzinə 5 müdafiə briqadası yaradılmışdı.​ Xocavənd rayonunun müdafiəsini üçüncü müdafiə briqadası həyata keçirirdi.​ Xocavənd rayonunda, eləcə də Qarabağın digər bölgələrində insan resursu çatışmazlığı səbəbindən Müdafiə Ordusu ilə birlikdə döyüş növbətçiliyini yeni formalaşdırılmış könüllü dəstələr həyata keçirirdi.​ Xocavənd şəhəri yaxınlığında yerləşən 332, 333, 334336 saylı postların müdafiəsini 2023-cü ilin mart ayından etibarən Samvel Abrahamyanın rəhbərlik etdiyi könüllü batalyon həyata keçirirdi. Batalyonun komandir müavini Artaş Artaşyan və​ şəxsi heyəti 155 nəfərdən ibarət idi. 

Bu müdafiə xəttində erməni bölmələrinin ən vacib postlarından biri 510 yüksəkliyi idi. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində bu zirvə uğrunda döyüşdə çox ağır itkilər verərək geri çəkilməli olmuşdu. Bu yüksəkliyin arxasında batalyonun 82 mm-lik minaatan batareyası yerləşdirilmişdi.​ Azərbaycan Ordusu bu istiqamətdə əsas hücum qruplaşmasını 332 saylı posta yönəltdi və  postu ələ keçirməklə Quzeyçartara, Xanoba kəndinin bir hissəsinə, eləcə də keçmiş Xocavənd kəndinə vizual nəzarət imkanı əldə etdi. 

332 nömrəli post 601 metr yüksəkliyində qurulmuşdu. Onun qarşısında duran Azərbaycan postu isə 629,2 yüksəkliyində yerləşirdi.(8) Həmin ərazi İkinci Qarabağ müharibəsi zamanı azad olunmuşdu. 332 nömrəli postu könüllülərlə birlikdə 3-cü Martuni briqadasının 2-ci batalyonu müdafiə edirdi. 

332 saylı posta hücum 

Əməliyyat zamanı mövqeydə 10 nəfər vardı ki, onlardan 8-i könüllü, 2-i isə 3-cü briqadanın hərbçiləri idi. Bu 2 hərbçi tank əleyhinə raket kompleksi “Faqot” ilə təmin olunmuşdu. Müharibənin başlanması postdakılar üçün sürpriz olmadı. Onlar Azərbaycan Ordusunun necə hazırlarşdığını görürdülər. Aram Petrosyan xatırlayır: “Sentyabrın 15-dən etibarən nəqliyyat vasitələrinin hərəkəti intensivləşdi. Düşmən texnikanı çıxarmağa başladı. Sentyabrın 19-da səhər keçmiş Martuni-2”(9) tərəfdən 200 nəfərə yaxın dəstənin irəli mövqeyə doğru necə getdiyini gördüm. Tanklar çıxarılıb əvvəlki vəziyyətlərinə gətirildi. Daha sonra mühəndislik işlərinə başladılar və kamuflyaj torunu açdılar. Biz hamımız kamuflyaj torunu açdıqlarını bilirdik. Füzulidən təcili yardım maşınları gəlməyə başladı və onlar asfaltda dayandı. Bütün bunlar saat 10:00 radələrində baş verdi.” 

Digər erməni hərbçilər də Azərbaycan Ordusunun 15 gün hazırlıq keçdiyini, toplanış məntəqələrinin koordinatlarını komandanlığa verdiklərini qeyd edirdi. Erməni hərbçilər müharibənin başlayacağını təxmin etsələr də, hücumun gecə ya da səhərə yaxın başlayacağını düşünürdü. Günorta saatlarında müharibənin başlanması onlar üçün sürpriz oldu. Artuş Artayan xatırlayır: “Döyüş təxminən saat 13:00-da başladı. Komandanımız Nairi Avakyan vəziyyəti uzaqdan, müşahidə kameraları ilə izləyirdi – düşmən haradan gəlir, neçə nəfərdi, hansı istiqamətdə hərəkət edirlər – hamısını bizə çatdırırdı. Mən dərhal 333 nömrəli posta getdim, oradan rabitə ilə 332 nömrəli postun komandiri Artur Petrosyanla yolun. Düşmən əsasən ora yönəlmişdi. Məqsədləri aydın idi – əvvəlcə 332-ni almaq, sonra Xocavənd kəndinə keçmək. Xocavənddən sonra isə düz Martuniyə yol açılırdı.

Azərbaycan Ordusu saat 13:30 radələrində ilk hücumla müşahidə kamerasını sıradan çıxardı.   Daha sonra 2 tank və 1 topla post vuruldu. İntensiv bombalamadan sonra, saat 14:30 radələrində Azərbaycan Ordusunun zərbə qrupu döyüş mövqeyinə doğru hərəkətə başladı. Erməni hərbçiləri bu istiqamətdə Çinin “DJI Matrice” pilotsuz uçuş aparatından istifadə edirdi. (Ümumiyyətlə, ermənilər Üçüncü Qarabağ müharibəsində bu PUA-dan həm kəşfiyyat dronu kimi, həm də qumbaraatan kimi istifadə etdilər.) Həmin PUA vasitəsilə çəkilmiş videoda Azərbaycan qüvvələrinin 332-ci mövqeyə çoxsaylı hücumları aydın şəkildə görünürdü. Posta hücum zamanı 2 dəfə bu qumbaraatandan istifadə olundu. İlk videoda qumbara daha hündür ərazidən atıldığı üçün Azərbaycan əsgərləri döyüş vəziyyətini ala bildilər, lakin ikinci videoda minimum 1 Azərbaycan əsgərinin ağır yaralandığı sezilir. Buna baxmayaraq, həmin PUA ciddi şəkildə Azərbaycan Ordusuna zərər vura bilmədi. Postdakı hərbçilərə atəş dəstəyi 3 tankla həyata keçirilirdi. Onlardan biri 334 saylı post həndəvərində idi, digər tank quşçuluq təsərrüfatı, üçüncüsü isə yanacaqdoldurma məntəqəsi yaxınlığından atəş açırdı. İkinci tanka David Balayan, üçüncü tanka isə müqaviləli hərbçi Valeri Ayrapetyan rəhbərlik edirdi. Erməni tərəfinin dron, eləcə də tank dəstəyinə baxmayaraq, Azərbaycan hərbçiləri say çoxluğundan məharətlə istifadə etdilər. Aram Petrosyan xatırlayır: “Onların sayı çox idi. Sağ və sol tərəfdən hücuma keçdilər. Postun sağ tərəfi qorunmurdu, sol tərəf isə aralıda idi. 2 dəfə hücumlarını dəf etdik. Ancaq onlar səngərə çatanda vəziyyət dəyişdi. Səngərin içindəki adamlarımızı itirdik, bundan sonra postu saxlamağa heç bir ümid qalmadı.”  Hücum zamanı “faqotçu” Zori Danielyan, könüllülər Vəhram SarıbekyanArabo Paramazyan həlak oldu. Sonuncu yüngül qəlpə yarası aldıqdan sonra geri çəkilərkən öldürüldü. Saat 16:00-16:30 radələrində könüllülər geri çəkilməyə başladı və Azərbaycan hərbçiləri postu ələ keçirdilər. Post tutulduqdan sonra Slava Ohanyanın rəhbərlik etdiyi tank əleyhinə idarə olunan raket – “Kornet” ilə atəşə tutuldu. Lakin qarşı atəşlə erməni mövqeləri susduruldu. 

Postun ələ keçirilməsi Xocavənd şəhərində ciddi təşviş yaratdı. Şəhər administrasiyasında mer Aznavur Saqiyanın rəhbərliyi ilə təcili iclas keçirildi. Energetika və işıqlandırma xidmətinin rəisi olmuş keçmiş hərbçi Masis Süleymanyan xatırlayır: “Müharibə başlayan kimi administrasiya binasına getdik. Biz Aznavurun otağına girdik. Orda məlumat verildi ki, biz artıq bir mövqeyimizdən geri çəkilirik. Türklər (azərbaycanlılar) postu tutublar, Martuni cəbhəsi açıqdır, gedib oranı saxlamalıyıq. 8-10 nəfəri Komitas Qəhrəmanyanın “Ford” markalı avtomobilinə yığdıq və 332-ci posta ən yaxın olan Karvin adlanan əraziyə gəlib çıxdıq. Orda gördük ki, bizimkilər postdan uzaqlaşıb, yaxınlıqdakı mövqedə məskunlaşıblar.” Köməyə gedənlər arasında şəhərin meri Aznavur Saqiyan da vardı. Süleymanyanın qeyd etdiyi ərazi post Xocavənd şəhərinin girəcəyində yerləşirdi. Bu istiqamətdəki döyüşə Qriqori Qasparyan rəhbərlik edirdi.(10)

Azərbaycan əsgərləri saat 17:00-17:30-a kimi səngərdə mövqelənən erməni hərbçilərinə qarşı hücuma davam etdilər. Bu əlbəyaxa döyüş səhnəsi kadrlara düşdü. Təxminən 7 dəqiqə davam edən keyfiyyətsiz videoda tərəflərin qarşılıqlı qumbara istifadə etdiklərini müşahidə etmək mümkündür. Əlbəyaxa döyüşdə Azərbaycan hərbçiləri  güclü müqavimətə rast gəldiyi üçün geri çəkildilər, lakin ermənilər snayper atəşi ilə ciddi itki verdilər. Snayperlərin atəşi nəticəsində baş leytenant Sevak Qriqoryan, əsgər Nelson PoqosyanQor Bağdasaryan, Babken Adamyan və şəhərin meri Aznavur Saqiyan öldürüldü, Komitas Qəhrəmanyan və Aram Martirosyan isə yaralandı. Masis Süleymanyan xatırlayır: “Azərbaycan snayperləri 332-ci postun arxasında, Xanoba kəndi istiqamətində mövqe tutmuşdular. Geri çəkilərək uzaq məsafədən atəş açırdılar. İlk olaraq Qor Bağdasaryan hədəf alındı. Təxminən 1–1,5 dəqiqə sonra Nelson Poqosyan atəş nəticəsində həlak oldu. Mənimlə yanaşı uzanan Aznavur Saqiyan həmin vaxt danışırdı. Qısa müddət sonra atəş səsləndi və onun danışığı yarımçıq kəsildi. Həmin an onun həyatını itirdiyini anladım. Daha sonra rabitə vasitəsilə əlaqə saxladıqda baş leytenant Sevak Qriqoryanın da vurulduğunu öyrəndim.” 

Azərbaycan əsgərlərinin irəliləməsinin qarşısını almaq üçün axşam saat 18:00-a kimi tankların atəş dəstəyi davam etdi. Saat 20:30-21:00 radələrində döyüşlərin intensivliyi azaldı. Axşam saatlarında batalyonunun komandir müavini Artaş Artaşyan ikinci batalyonunun komandiri Nairi Avakyanla əlaqə saxlayaraq şəxsi heyətin 510 yüksəkliyinə geri çəkilməsini istədi. Lakin Azərbaycan Ordusu buna imkan vermədi. Gecə saat 04:00 radələrində həmin mövqe də artilleriya atəşinə tutuldu, nəticədə könüllülərdən biri – Nver Paramazyan həlak oldu. Səhər tezdən isə Xocavənd şəhəri atəşə məruz qaldı. Ara-sıra atışmalar günortaya kimi davam etdi və bu istiqamətdə olan döyüşlər başa çatdı. Azərbaycan Ordusu atəşkəsdən dərhal sonra traktorla öz əvvəlki mövqelərindən 332-ci posta yol çəkdi. 

Sentyabrın 21-də Azərbaycan Ordusu Quzeyçartardan 2 km aralıda durmuşdu. 

Rusiya sülhməramlılarının fəaliyyəti və mövqeyi

Xocavənd istiqamətində yerləşən Rusiya sülhməramlılarının Sos, Qırmızı Bazar, Tağaverd, Quzeyçartar, Qarakənd və Xocavənd şəhəri ərazilərində müşahidə məntəqələri mövcuddu. Lakin döyüşlərin aktiv fazasında bu qüvvələr hadisələrə müdaxilə etməyərək sığınacaqlarda gözləmə mövqeyində qaldılar. Bu bir növ erməni tərəfində məyusluq yaratdı. Müharibə bitdikdən sonra “DQR”-in sonuncu lideri olmuş Samvel Şahramanyan oktyabrın 28-də televiziyaya verdiyi müsahibəsində bu amilə diqqət çəkmişdi: “Hərbi əməliyyatların başlanmasından bir neçə saat sonra anladım ki, biz Azərbaycanın hücumu qarşısında təkik. Rusiya tərəfi demək olar ki, müşahidəçi statusunda idi.” Erməni tərəfi bəzi hallarda rusların azərbaycanlılara yardım etdiyini də iddia edirdi. Xocavənd cəbhəsində döyüşən erməni könüllü “CivilNet”-ə verdiyi müsahibədə Quzeyçartardakı Rusiya sülhməramlıları Azərbaycan Ordusunun ələ keçirdiyi 332 saylı posta köməyə gedən erməni hərbçilərini saxlamağa cəhd etmişdi. 

Rusiya sülhməramlılarının iştirakı yalnız əməliyyatlardan sonra – meyidlərin geri alınması və mülki əhalinin evakuasiyası zamanı müşahidə edildi. Sentyabrın 20-də təxminən saat 11:00-da sülhməramlılar Qırmızı Bazar və Tağaverdin təxliyəsini həyata keçirdilər. Daha sonra dağınıq formada olan “DQR” Müdafiə Ordusunun bölmələri tərk-silah edildi. Bu ərəfədə ruslar qarşıdurmanın olmaması üçün təmas xətti boyunca hərəkət edirdilər. Sentyabrın 22-dən etibarən isə Xocavəndin evakuasiyasına başlanıldı. Sülhməramlılar ilk əvvəl yaralıları, daha sonra isə mülki əhalini şəhərdən çıxarmağa başladılar.(11) 28 sentyabra kimi şəhər tamamilə boşaldıldı. İlk Azərbaycan bölmələri şəhərə sentyabrın 28-də daxil oldu. 29 sentyabrda Xocavənd tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçdi.(12)

Nəticə 

Üçüncü Qarabağ müharibəsində Azərbaycan Ordusunun əsas irəliləmə vektorları strateji yol qovşaqlarına yönəlmişdi. 2023-cü il sentyabrın 20-də saat 12:00 radələrində Xocalının şimal hissəsi və Xocavənd rayonunun hələ erməni qüvvələrinin nəzarətində olan əraziləri ilə Xankəndi arasında mövcud olan son əlaqə də kəsildi. Eyni zamanda, Ağdamın Abdal kəndindən hücum edən Azərbaycan bölmələri Mirikənd–Avdur, ardınca isə Cəmiyyət–Xocavənd yoluna nəzarəti ələ alaraq bölgəni tam izolyasiya vəziyyətinə saldı. Bu əməliyyatlar lokal üstünlükdən daha çox, müharibənin ümumi taleyini həll edən strateji nailiyyət idi. Erməni bölmələrinin müqavimətinin qırılmasında rabitə sistemlərinə endirilən zərbələr mühüm rol oynadı. Bovurxan yüksəkliyində yerləşən əsas radiostansiyanın sıradan çıxarılması nəticəsində bölmələrarası əlaqə yalnız daşınan “Hitera” tipli radiostansiyalarla mümkün idi. Bu vasitələr lokal koordinasiyanı təmin etsə də, Baş komandanlıqla əlaqə praktik olaraq mümkünsüz idi. Bu rabitə boşluğu qərarvermə prosesini ləngidərək mövqelərin müdafiə qabiliyyətinə mənfi təsir göstərdi. Logistika zəncirinin qırılması, xüsusilə yanacaq çatışmazlığı, döyüş texnikasının hərəkət qabiliyyətini və ehtiyatların vaxtında təchiz olunmasını ciddi şəkildə məhdudlaşdırdı. Bu çatışmazlıq yalnız texniki imkanları deyil, eyni zamanda şəxsi heyətin döyüş ruhunu da zəiflətdi və bəzi mövqelərdə müdafiənin təşkili faktiki olaraq mümkünsüz hala gəldi. Erməni zabit heyəti mövcud ərzaq təminatını yetərli saysa da, bu, əməliyyat səmərəliliyini bərpa etmək üçün kifayət etmirdi.

Əməliyyat dövründə Azərbaycan tərəfinin itkiləri rəsmən açıqlanmasa da, döyüşdə iştirak etmiş erməni hərbçilər qarşılarında peşəkar, yaxşı hazırlıqlı komanda birləşmələrinin olduğunu təsdiqləyiblər.(13) Onların ifadələrinə görə, döyüş bölgəsində çağırış yaşında olan əsgərlər gözə dəymirdi. Bu da hücum edən qüvvələrin tamamilə təlim keçmiş və seçilmiş heyətdən ibarət olduğunu göstərir. Erməni tərəfdə isə bəzi əsgərlərin mövqeləri tərk etməsi halları qeydə alınıb və bu, əsasən ehtiyat qüvvələrin vaxtında gəlməməsi ilə izah olunur. Nəticə etibarilə, müharibənin bu mərhələsində hərbi əməliyyatların uğurla icrası, rabitə və koordinasiya üstünlüyü Azərbaycan Ordusunun sürətli irəliləyişini təmin edən əsas faktorlar kimi çıxış etdi.

Qeydlər:

• (1) Bu əraziyə bəzən Daşaltı dərəsi və Hunot kanyonu da deyilir.

• (2) Onun meyidi erməni məliyi Şahnəzərin sarayında məzhəkəçi olmuş personaj Pılı Puği abidəsinin yanında tapıldı. 

• (3) Hal-hazırda Bakı Hərbi Məhkəməsində müttəhim kürsüsündə əyləşib.

• (4) Yaralanan Artak İsraelyan əmisi oğlu Andrey İsraelyanla birlikdə təxliyə olunarkən Xaçmaç kəndindəki pusquda öldürülüb

• (5) Mülki əhalinin böyük hissəsi Ermənistanın müxtəlif ərazilərində səpələndilər. Əsasən məskunlaşdıqları yer Kotayk idi.

• (6) Dağyurddakı erməni hərbçilər Cəmiyyət kəndinə getmişdilər. Rusiya sülhməramlıları ilə əraziyə gələn Azərbaycan hərbçiləri onların silahlarını təhvil alıb Xankəndiyə getməsinə imkan yaratdılar. 

• (7) Mühasirəyə alınmış erməni hərbçiləri Samvel Şahramanyanın sentyabrın 21-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə kəndə gəlməsindən sonra Xankəndiyə aparıldı.

• (8) Ermənilər bu yüksəkliyi Kohak dağı adlandırır.

• (9) Xocavənd şəhərinin cənubunda erməni bölmələrinin formalaşdırdığı ikinci müdafiə xətti belə adlanırdı.

• (10) 332-ci postda öldürülən Arabo Paramazyan onun dayısı oğlu idi. 

• (11) Bəzi ermənilər bu səbəbdən Rusiya sülhməramlılarını “deportasiya ordusu” adlandırırdı.

• (12) Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd şəhərində təntənəli surətdə dövlət bayrağını qaldırdı.

• (13) Erməni mənbələri Azərbaycan Ordusunun Xocavənd istiqamətində 60 nəfər itki verdiyini qeyd edir.