Ağdərə əməliyyatı (Çərəktar-Narınclar-Heyvalı cəbhəsi)

Ağdərə əməliyyatı (Çərəktar-Narınclar-Heyvalı cəbhəsi)

Laçın sərhədindən Murovdağa qədər uzanan geniş təbii zolaqda cəmi iki yaşayış məntəqəsi mövcuddur. Ağdərənin Narınclar və Çərəktar kəndləri azərbaycanlı əhali ilə məskunlaşmış məntəqələrdir. Bu kəndlərin əhalisi Kolanı tayfasına mənsubdur. Həmin tayfa kürd mənşəli hesab olunur (Geybullaev, 1986, s. 101). Erməni kəndləri ilə iqtisadi əlaqələri olduğuna görə bu ərazi 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edilmişdi. 1992-ci ilin oktyabrında Azərbaycan Ali Soveti Ağdərə rayonunu ləğv etdikdən sonra bu kəndlər Kəlbəcər rayonuna birləşdirildi. Hər iki kənd 1993-cü il Kəlbəcər əməliyyatı zamanı işğal olundu

İkinci Qarabağ müharibəsindən sonra Kəlbəcər rayonunun Azərbaycanın nəzarətinə keçməsi Ağdərə istiqamətindəki hərbi-strateji vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdi. 1994-cü ildən bəri bölgədə mövcud olan möhkəmləndirilmiş erməni hərbi mövqeləri Azərbaycanın nəzarətinə keçdikdən sonra tərk edildi və nəticədə Ermənistan qüvvələri yeni müdafiə xətti qurmağa məcbur oldu. 2022-ci ildə Ermənistan ordusunun ərazidən tam çıxarılmasından sonra bu zonanın təhlükəsizliyi “DQR” Müdafiə Ordusu tərəfindən təşkil edildi. Dağlıq relyef müdafiə olunan tərəfə müəyyən taktiki üstünlük versə də, ərazinin genişliyi və mürəkkəb coğrafiyası Azərbaycan Ordusuna mövqeləri yan keçmək və lokal mühasirələr qurmaq üçün əlverişli şərait yaradırdı. Həm canlı qüvvə, həm də hərbi-texniki baxımdan üstünlük Azərbaycan tərəfinin manevr imkanlarını genişləndirirdi.

Narınclar müdafiə sektoru 

Kəlbəcər-Ağdərə istiqamətində müdafiə xətti iki əsas sektordan ibarət olub onlar arasında ən böyüyü və strateji əhəmiyyət daşıyanı Narınclar sektoru idi. Laçın sərhədindən Çərəktara qədər uzanan geniş ərazini əhatə edən bu xətt ümumilikdə 12 döyüş mövqeyinə (postda) malikdi.

Silsilənin ilk mövqeyi 801 nömrəli post olub Kəlbəcərin Mərcimək kəndi yaxınlığında yerləşirdi. Dəniz səviyyəsindən 1467 metr hündürlükdə yerləşən bu mövqeyin şərqində Araqçay vadisi yerləşdiyindən strateji əhəmiyyəti xüsusilə yüksəkdi. Eyni istiqamətdə yerləşən 802 nömrəli post 1312 metr yüksəklikdə, daha dərinlikdə qurulmuşdu. Ləğv olunmuş Bala Ağca kəndi yaxınlığında yerləşən 803 nömrəli post Ağdərənin Qozlu kəndinə gedən yolun üzərində idi və 1754 metr yüksəklikdə yerləşirdi. Onun qarşısında, 1950 metr yüksəklikdə yerləşən 804 nömrəli post ikinci xətti təşkil edirdi. 

805 saylı post 2300 metr hündürlükdəki Köyükqayası dağında yerləşirdi. Bu mövqe müdafiə xəttinin ön zolağında yerləşən və ərazidəki ən strateji postlardan biri hesab olunurdu. Kəlbəcərin Ağcakənd yaşayış məntəqəsinin şimalında yerləşən 806-cı post 1900 metr yüksəklikdə idi. Bu ərazidə briqadaya tabe olan iki kəşfiyyat bölməsindən biri mövqe tutmuşdu.(1) Onun davamı kimi formalaşdırılmış 807-ci döyüş mövqeyi 2200 metr hündürlükdə, Köyükqayası silsiləsi üzərində yerləşirdi.

Narınclar kəndinin şimalındakı yüksəkliklərdə bir-birinə yaxın şəkildə qurulmuş 808809 nömrəli postlar müvafiq olaraq 1903 və 1924 metr yüksəkliklərdə idi. Azərbaycan bölmələrinə ən yaxın mövqe isə Xaçınçay vadisinə baxan, Təzəkənd kəndi yaxınlığında yerləşən 810 saylı post idi. Bu döyüş mövqeyi 1700 metr yüksəklikdə yerləşirdi.

Təzəkənd-Çıraq kəndi boyunca Xaçınçay vadisində yerləşən 811-ci post və onu izləyən, dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən 812-ci post Kəlbəcər–Ağdərə sərhəd xəttinin sonuncu döyüş mövqeyi sayılırdı.

Bütün bu mövqelər Müdafiə Ordusunun 8-ci atıcı briqadası – “TSOR” tərəfindən müdafiə olunurdu. Briqadanın 3-cü batalyonu Vəngli kəndində yerləşdirilmişdi. Batalyonun döyüş qabiliyyətini artırmaq məqsədilə onun tabeliyinə iki artilleriya batareyası, tank əleyhinə və kəşfiyyat bölmələri verilmişdi. 2023-cü ilin sentyabr ayında Narınclar sektorunda fəaliyyət göstərən kəşfiyyat bölmələri ilə birlikdə briqadanın kəşfiyyat rəisi, mayor Armen Beqlaryan da həmin ərazidə mövcuddu. Batalyona Hrayr Sarkisyan komandanlıq edirdi.

Narınclar - Vəngli döyüşləri

2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri “DQR” ilə təmas xətti boyunca hərbi əməliyyata başladılar. Artilleriya zərbələri saat 12:50 radələrində başladı. Əsas hücum istiqaməti yaxınlıqdakı strateji əhəmiyyətə malik Vəngli yaşayış məntəqəsi idi. Döyüş əməliyyatlarının əvvəlində Azərbaycan bölmələri mövqelərarası ərazilərə doğru irəlilədilər və bəzi postları yan keçərək arxa cəbhəyə daxil oldular. Briqadanın kəşfiyyat rəisi, mayor Armen Beqlaryan xatırlayır: “Postlar arasında ərazilər kifayət qədər geniş idi, bu da rəqibin meşədən keçərək bizim mövqeləri sürətlə mühasirəyə almasına imkan yaratdı.” 

Azərbaycan bölmələri ilk olaraq müdafiə sektorunun qərbində hücuma başladılar. Ən şiddətli döyüşlər 811 və 812 saylı postların ətrafında baş verdi. Batalyon komandiri Hrayr Sarkisyan qeyd edir: “19 sentyabr tarixində mən komanda müşahidə məntəqəsində idim. Təxminən saat 12:00 radələrində mövqelərimizə ilk artilleriya zərbəsi endirildi. Mərmilər müşahidə məntəqəsinin və eyni zamanda "Taxtabaşı" adlandırılan 811-ci mövqenin yaxınlığında partladı. Qarşı tərəf bu ərazini ələ keçirmək məqsədilə buraya xeyli sayda qüvvə cəmləşdirmişdi, çünki həmin mövqe Vəngli kəndinə gedən yol üzərində strateji əhəmiyyət daşıyırdı.” 

Azərbaycan xüsusi təyinatlı qüvvələri sürətli və koordinasiyalı hücum nəticəsində 811-ci döyüş mövqeyini qısa müddətdə nəzarətə götürdü. Geri çəkilən erməni birləşmələri Vəngli kəndindən Narınclar istiqamətində irəliləyən kəşfiyyat bölməsi ilə birləşərək mövqeyə əks-hücum təşkil etdilər. Döyüş mövqeyi müvəqqəti olaraq onların nəzarətinə keçdi, lakin qısa müddətdə Azərbaycan bölmələri postu yenidən ələ keçirdi. Döyüş zamanı postun komandiri Lernik Haşumyan yaralandı, əsgər Tiqran Avetisyan isə həlak oldu. 

Azərbaycan DİN Daxili Qoşunlarının 17072 saylı hərbi hissəsi isə 812 saylı post uğrunda əməliyyata başladı. Daxili qoşunların xüsusi təyinatlıları müharibədəki ən ağır itkini bu istiqamətdə verdi. Hücuma rəhbərlik edən polkovnik-leytenant Rəşad Hüseynovun rəhbərliyindəki bölmənin iki nəqliyyat vasitəsi qumbaraatan atəşi ilə vurularaq sıradan çıxarıldı. Həmin döyüşdə hücuma rəhbərlik edən Rəşad Hüseynov və onun tabeliyindəki 11 nəfər xüsusi təyinatlı – gizirlər Vaqif Rəcəbov, Elvin Əhmədov, baş çavuş Ramin Hüseynov, çavuş Zahir Əliyev, kiçik çavuş Süleyman Mehdiyev, əsgərlər Fərid Nəbiyev, Rəşad Vəlizadə, Azər Məmmədov, Samir Sadıqov, Camal SəmədovSahil Babayev həlak oldu (Məmmədov, 2024, 15 fevral, s. 3). Hrayr Sarkisyanın sözlərinə görə, bu manevr Azərbaycan qüvvələrinin Vəngliyə doğru irəliləyişini ləngitmişdi. Həmin döyüşdə erməni bölməsinə komandanlıq edən Hrayr Sarkisyan xatırlayır: “Azərbaycanlılar səssizcə dərədən keçərək erməni mövqelərinə yaxınlaşmışdılar. Döyüş əməliyyatlarında Azərbaycan Ordusunun xüsusi təyinatlı hərbi qulluqçuları iştirak edirdi. Onlar ən müasir silahlarla, gecəgörmə cihazları və termal kameralarla təchiz olunmuşdular. Narıncların Turşsu ərazisində iki zirehli texnikanı sıradan çıxarmağa müvəffəq olduq. Bizim əsgərlər rəqibə ciddi itkilər yetirdi. Bu manevr sayəsində azərbaycanlıların Vəngliyə doğru zirehli texnika irəliləyişinin qarşısı alındı.” Sarkisyanın sözlərinə görə, bu manevr Azərbaycan qüvvələrinin Vəngliyə doğru irəliləyişini ləngitmişdi. Buradakı ciddi müqavimətə baxmayaraq, Azərbaycan Ordusu əlavə qüvvələr cəlb edərək sentyabrın 19-da saat 16:00 radələrində həmin postu nəzarətə götürməyə nail oldu.


Vəngli kəndi və ətrafdakı relyef.

Azərbaycan bölmələri paralel olaraq müdafiə sektorunun şərqində təzyiq göstərməyə başladılar. Artıq hücumun ilk saatında ermənilərin 801 və onun arxasındakı 802 saylı postu ələ keçirən bölmələr müdafiə xəttində geniş bir boşluq yaratdılar. 801 və 802-dəki qüvvələr 803-cü mövqeyə geri çəkildi və oradakı şəxsi heyətlə birlikdə müdafiəni təşkil etməyə çalışdı. Azərbaycan hərbçiləri bu posta hücum etmək əvəzinə, mövqeni yan keçərək Qozlu kəndinə aparan yol istiqamətdə irəliləməyə başladı. Bu vəziyyət Narınclar kəndində yerləşən Müdafiə Ordusu bölmələri arasında ciddi çaşqınlıq yaratdı. Tank əleyhinə tağım kənd ərazisindəki 809 və 810 saylı mövqelər arasındakı ərazidə yerləşdirilmişdi. Saat 15:00 radələrində 811-ci postun Azərbaycan Ordusunun ələ keçirilməsindən sonra qərb istiqamətində təzyiq daha da gücləndi. Bu səbəbdən batalyonun ehtiyat qüvvələri və onlara qoşulmuş Vəng kəndindən olan yerli könüllülər Azərbaycan qüvvələrinin irəliləyişin qarşısını almaq məqsədilə 812 saylı postun yaxınlığında yeni müdafiə xətti boyunca mövqelər tutdular. Bu ərazidəki müqavimət Azərbaycan bölmələrinin sürətini nisbətən azaltdı. Bununla belə, sentyabrın 19-u axşama yaxın 803, 804, 805, 806, 807 və Narınclar kəndinin qərbində yerləşən müdafiə sektoruna daxil olan 808 və 809 saylı postları tamamilə mühasirəyə düşdü. Azərbaycan bölmələri meşəlik ərazidən bir neçə istiqamətdə Narınclar - Vəngli yoluna çıxmışdılar.(2)

Batalyon komandiri Hrayr Sarkisyan xatırlayır: “Əməliyyatlar başlayandan az sonra hərbi hissə ilə rabitə kəsildi. Vəziyyəti izləmək məqsədilə 809-cu döyüş mövqeyinə getdim. Bu mövqe ətraf ərazini adi gözlə müşahidə etməyə imkan verirdi. Saat 17:00-da artıq mühasirəyə düşdüyümüzü anladıq. Mövqelərimiz meşəlik və dağlıq ərazidə yerləşirdi və bir-birindən təcrid olunmuşdu. Qarşı tərəf bundan istifadə edərək bizi arxadan mühasirəyə aldı. Arxa cəbhədən yardım məqsədilə göndərilən bütün nəqliyyat vasitələri atəşə tutulurdu.” 

Sentyabrın 20-də səhər saatlarında Azərbaycan Ordusu mühasirədəki tank əleyhinə taqımın üzərinə hücuma keçdi. Döyüş zamanı mayor Hovsep Hovsepyan və əsgər Eduard Sarkisyan qəlpə yaraları aldılar. Xəstəxana Vəngli kəndində yerləşdiyindən onların həmin əraziyə təxliyəsi zəruri oldu. Təcili tibbi yardım maşınının olmaması səbəbindən, yaralılar tank əleyhinə taqımın “UAZ” markalı nəqliyyat vasitəsi ilə daşınmalı oldu. Bu nəqliyyat vasitəsini əsgər Vardan İsraelyan idarə edirdi. Yolda hərəkət zamanı heyətə əlavə olaraq Vəngli batalyonunun müqaviləli hərbi qulluqçusu Baqdan Baqramyan və kiçik zabit Sasun Gevorkyan qoşuldular. Lakin Vənglidən təqribən 7 km aralıda yerləşən Qazaxəli adlanan hissədə pusqu quran Azərbaycan xüsusi təyinatlıları nəqliyyat vasitəsinə çarpaz atəş açdılar. Atəş nəticəsində idarəetməni itirən avtomobil yolun kənarındakı dərəyə yuvarlandı. Avtomobildə olan altı nəfərdən dördü həlak oldu.(3) Buradakı atışmada Müdafiə Ordusunun daha 2 hərbçisi - Narek StepanyanXaçatur Qalayan öldürüldü. Beləliklə, atəşkəsə dair razılıq əldə olunarkən həmin ərazi artıq Azərbaycanın tam nəzarətində idi. 

Çərəktar-Qozlukörpü-Heyvalı döyüşləri 

Azərbaycan Ordusunun Kəlbəcər-Ağdərə istiqamətində digər əsas hücum istiqaməti Çərəktar kəndi idi. Bu ərazi Narınclar kəndinə nisbətən daha alçaq yüksəkliklərlə əhatələnmişdi. “DQR” Müdafiə Ordusunun ən vacib postu qərbində, 1260 metr yüksəkliyində yerləşirdi. Həmin postdan Kəlbəcərin Bağlıpəyə kəndi aydın şəkildə müşahidə edilə bilirdi. Müdafiə Ordusu burada 9M133 Kornet tank əleyhinə idarəolunan raket kompleksini yerləşdirmişdi. Azərbaycan bölmələri isə 1100 metr hündürlükdə yerləşən postdan Çərəktar kəndindəki fəallığı adi gözlə müşahidə edə bilirdilər. Əvvəlcədən böyük qüvvə cəmləmiş Azərbaycan bölmələri, sentyabrın 19-da günorta hücuma keçərək erməni müdafiə xəttini qısa müddətdə yardılar. Postun alınması zamanı Müdafiə Ordusunun 2 hərbçisi – müqaviləli hərbi qulluqçu David Sarkisyan, Kornet operatoru, kiçik serjant Kamo Ohanyan həlak oldu. Müqavimətin tez qırılmasında Azərbaycan snayperlərinin dəqiq və koordinasiyalı fəaliyyəti həlledici rol oynadı. Qərib CavadyanSarkis Tsakanyan dəqiq atəş nəticəsində öldürüldü. Hərbi əməliyyatların başlanmasından 2 saat sonra Azərbaycan bölmələri cənub-qərbdən, monastır istiqamətindən Çərəktar kəndinə daxil oldular. Əraziyə tam nəzarət həyata keçirildikdən sonra əsas zirehli texnika R-29 yolu boyunca kəndə yeridildi

Eyni zamanda, Narınclar cəbhəsində müdafiə xəttinin yarılması nəticəsində Azərbaycan bölmələri Qozlu kəndinə gedən əsas yola çıxış əldə etdilər. Bu əməliyyat ümumi gedişatı dəyişdirərək, Çərəktar istiqamətində hərəkət edən əsas qüvvələrin irəliləyişini asanlaşdırdı və onların qarşısında ciddi hərbi əngəl qalmadı. Sürətlə irəliləyən bölmələr həmin gün Qozlukörpü kəndinə daxil oldular.(4) Bunun nəticəsində, cənubdakı Qozlu və şimaldakı Çapar, İmarət-Qərvənddəki erməni bölmələrinin əsas magistrala yolu bağlandı. Qozlu kəndinin sakini Alik Zakaryan xatırlayır: “19 sentyabr tarixində adi gündəlik işlərimizlə məşğul idik ki, günorta saatlarında atəş səsləri eşidilməyə başladı. Vəziyyətin ciddiliyini anlayaraq evimizin zirzəmisinə endim və orada insanları yerləşdirmək üçün hazırlıqlara başladım. Qısa müddət ərzində təxminən 25 ailə toplaşdı. Günün sonunda sığınacaqda qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla artıq 100-ə yaxın insan vardı. Kənd hər tərəfdən bombalanırdı. Rabitə əlaqəsi yox idi. Yaxınlıqdakı Qozlukörpü və Çapar kəndləri artıq təxliyə olunmuşdu. Axşam saat 11 radələrində yaxınlıqlardan avtomat atəşlərinin səsləri eşidildi. Kəndin kişiləri mərkəzdə toplaşaraq mövqe tutmağa başladılar (həmin vaxta qədər bir neçə könüllü yaxın mövqelərə yerləşmişdi). Lakin nə rayon rəhbərliyindən, nə də digər instansiyalardan evakuasiya və ya mövqelərə çəkilmə ilə bağlı hər hansı göstəriş verilməmişdi. Gecə saat 03:30 radələrində mənə zəng gəldi və bildirildi ki, qarşı tərəf artıq Qozlu istiqamətindəki yolu bağlamaqdadır və orada qalmaq təhlükəlidir — kənd mühasirəyə düşə bilər. Mən bu vəziyyəti sığınacaqda olan insanlara izah etdim və yola düşmək üçün hazırlıqlara başladıq. Kəndi qaranlıqda, diqqət çəkməmək üçün tərk etdik. Bəziləri avtomobillə, əksəriyyəti isə piyada hərəkət etdi. Təxminən 3 kilometr məsafə qət edərək Qızılqaya kəndinə çatdıq. Qızılqayadan isə Heyvalıya yönəldik.” 

Qozlukörpüdə baş verən döyüşdə erməni hərbçilər, eləcə də polis müqavimət göstərmədən geri çəkildi. Burada Rusiya sülhməramlılarının hərbi şəhərciyi yerləşdiyi üçün Azərbaycan bölmələri ehtiyatla hərəkət etdi. Erməni qüvvələrinin bir qismi magistral yola çıxışı bağlanmış Zardaxaç və Həsənriz kəndinə doğru geri çəkildi. Həsənriz kənd icmasının rəhbəri Vardan Qriqoryan xatırlayır: “Azərbaycan Ordusunun irəliləməsi fonunda biz nəqliyyat vasitələrimizi dayandırmağa və piyada şəkildə Həsənriz kəndinə doğru geri çəkilməyə məcbur olduq. Orada müdafiə mövqeyi tutaraq kəndin ətrafında dörd istiqamətdə yerləşdik və məqsədimiz Azərbaycan qüvvələrinin kəndə daxil olmasının qarşısını almaq idi. Gecə boyunca həm mövqelərimizə, həm də kəndin özünə artilleriya və digər atəş vasitələri ilə intensiv zərbələr endirildi. Səhər saat 07:00 radələrində artıq vəziyyət kritik həddə çatmışdı. Qarşı tərəf Qozlukörpü ərazisinə qədər irəliləmişdi və bu səbəbdən mülki əhali təxliyə edildi. Yarım saat ərzində evdən çıxmağa hazırlaşdıq. Bəzi şəxslər avtomobillərlə Tərtər istiqamətinə yola çıxa bildi, lakin sonuncu maşın Heyvalı yaxınlığında atəşə tutuldu. Maşındakıların sağ qalması yalnız təsadüf nəticəsində mümkün oldu – onlar vaxtında tullanaraq meşəyə çəkildilər. Qarşı tərəfin səsi artıq yaxın məsafədən eşidilirdi. Həmin anlarda mövqelərdə hələ də hərbi birləşmələr var idi və tam geri çəkilmə baş verməmişdi. Kəndin kişi əhalisi son ana qədər ətrafda dayanaraq mühasirənin qarşısını almağa çalışırdı.” 


Sosial şəbəkələrdə yayılmış videolarda Azərbaycan ordusunun Qozlukörpüyə girmə anı.

Tamamilə çökmüş erməni qüvvələri Sərsəng su anbarı boyunca geri çəkilməsi ilə sentyabrın 20-də səhər saatlarında Azərbaycan Ordusu Yuxarı Oratağ kəndinə çatdı. Bu istiqamətdə Azərbaycan bölmələri üç qrupa ayrıldı. Əsas qüvvələr magistral yol boyunca hərəkət etdi, digər bölmələr isə Yuxarı Oratağ və Həsənrizə yönəldi. Şimalda Y32-06 yolu boyunca hərəkət edərək Zardaxaça da nəzarət edən bölmələr Həsənrizin qarşısında dayandı. Dağlıq Qarabağda erməni əhalisinin yaşadığı ən iri kənd olan Həsənrizdə Azərbaycan Ordusu möhkəmləndirilmiş müdafiə ilə rastlaşdı. Ərazini “Haterk” batalyonu və Müdafiə Ordusunun bölmələri müdafiə edirdi. Azərbaycan Ordusu müqaviməti qırmaq məqsədilə kəndin həndəvərində yerləşən mövqeləri artilleriya və aviasiya vasitəsilə intensiv şəkildə atəşə tutdu. Buradakı döyüşlərdə baş leytenant Kamo Bağıryan, serjant Karen Martirosyan, Xosrov Musaelyan, Vitali SimonyanMikael Manukyan məhv edildi.(5) Erməni qüvvələrinin ağır itkilərinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri əməliyyatlar zamanı kəndə daxil ola bilmədi. Yuxarı Oratağ ətrafındakı bölmələr isə ciddi müqavimətlə rastlaşmadı. Kəndin əhalisi sentyabrın 20-i gecə təxliyə olmuşdu. Əhalinin təxliyəsindən qısa müddət sonra kəndə Azərbaycan əsgərləri daxil oldu (Süleymanov & Ələkbərova, 2024, s. 61). Yuxarı Oratağa sığınmış Xanqutala kənd sakini 63 yaşlı Elmira Abrahamyan xatırlayır: “Hələ də partlayış səsləri eşidilirdi. Mən qızımın qayınatasının qardaşının evinə yaxınlaşdım və orada gizləndim. Bir neçə saat keçmişdi. Qapını sındırdılar və içəri üç ya da dörd nəfər azərbaycanlı daxil oldu – silahlı idilər, avtomatları var idi. Onlardan biri mənə ermənicə dedi:

– Nənə, sən ermənisən? Burada başqa biri var?

Mən cavab verdim:

– Xeyr, yoxdur.

Bu müddət ərzində evin otaqlarını axtarırdılar. Həmin anda bizə qarşı hədələr səsləndirildi.(6) Onlardan biri dedi:

– Gəlin öldürək.

Digəri isə:

– Yox, gözlə, mən zəng edim, – dedi.

Zəng etdi və telefonu gətirib mənə yaxınlaşdırdı. Onların böyüyü dedi:

– Qoca qadını niyə öldürürsünüz? Onu Kəlbəcərə aparın, oradan Bakıya göndərəcəyik.” 

Səhər saatlarında Azərbaycan xüsusi təyinatlıları Müdafiə Ordusunun Yuxarı Oratağdakı R-29 yolunun yaxınlığında yerləşən hərbi bazasını ələ keçirdilər və DQR bayrağını endirdilər.(7) Altı kəndi mühasirədə saxlayan Azərbaycan bölmələri, günorta saatlarında Sərsəng su anbarına çataraq Ağdərə rayonunu faktiki olaraq iki hissəyə böldülər. Sərsəngin şimalındakı bütün erməni bölmələri yarımmühasirə vəziyyətində qaldı. Hücuma davan edən bölmələr Heyvalı yaxınlığındakı Qızılbulaq mis-kolçedan yatağına gəlib çatdılar.(8) Bu, Azərbaycan Ordusunun Çərəktar–Heyvalı istiqamətində həyata keçirdiyi son döyüş oldu və hərbi əməliyyatlar Heyvalı kəndinin ətrafında başa çatdı. 


Sərsəng su anbarı və ətrafdakı relyef, 2010-cu il.

İtkilər 

Çərəktar – Narınclar cəbhəsi, sentyabr əməliyyatları çərçivəsində həm Azərbaycan Ordusu, həm də “DQR” Müdafiə Ordusu üçün ən yüksək itki səviyyəsinin qeydə alındığı istiqamət oldu. Sürətli hücum əməliyyatları nəticəsində erməni hərbçilərinin bir neçə hissəsi izolyasiya vəziyyətində qaldı.

Narınclar cəbhəsində atəşkəsdən iki gün sonra, Hrayr Sarkisyan cəsədlərin çıxarılması məqsədilə baş çavuş Nver Tumasyanı Azərbaycan hərbçiləri ilə danışıqlara göndərdi. Azərbaycan tərəfi Tumasyana bildirmişdi ki, onun əraziyə daxil olması yalnız müəyyən şərtlər daxilində mümkündür. Qarşı tərəf silahlarını təhvil verməli və mövqelərini tərk etməli idi. Bu tələblər əvvəlcə qəbul edilmədiyi üçün batalyon sentyabrın 24-nə qədər mühasirədə qaldı

Lakin sentyabrın 23-də Müdafiə Ordusu strukturunun tədricən buraxılması başladığından, erməni hərbçiləri Narınclar istiqamətindəki bütün postları Azərbaycan Ordusuna təhvil verməyə başladılar. Proses Rusiya sülhməramlılarının müşayiəti ilə həyata keçirildi. Mayor Armen Beqlaryan xatırlayır: “Mənə bir Azərbaycan zabiti yaxınlaşdı, o məni tanıdı, mən də onu xatırladım. 44 günlük müharibə zamanı “Martuni-2” və “Martuni-3” mövqeləri arasındakı ərazidə biz qarşı tərəfə ciddi itkilər verdirmişdik.(9) Müharibədən sonra həmin zabit azərbaycanlıların həlak olmuş əsgərlərinin cəsədlərinin axtarışı ilə məşğul olan qrupun tərkibində idi. Mən isə bizim tərəfdən həmin cəsədlərin yerləşdiyi əraziləri göstərirdim. O zaman o, mayor idi, indi isə artıq polkovnik rütbəsi daşıyır. Bu dəfə isə o, bizə bizim həlak olmuş əsgərlərin harada olduğunu göstərirdi.” Ümumilikdə, Narınclar istiqamətində 12 erməni hərbçisinin cəsədi tapılaraq ərazidən çıxarıldı. Daha üç nəfər – Vilen Əzizyan, Karlen Hakobyan və Sasun Arakelyanın cəsədi indiyə kimi tapılmayıb. Azərbaycan Ordusunun bu istiqamətdəki itkiləri dəqiq rəsmiləşdirilməsə də, erməni tərəfi ilə müqayisədə daha çox idi. Ərazidə qeydə alınmış iki mülki itki isə müharibənin ilk mərhələsində artilleriya zərbələri nəticəsində baş verib. Həlak olanlar – 16 yaşlı Serqey Ovoyan və 64 yaşlı Melsik Baqdasaryan idi. 

Çərəktar cəbhəsində isə erməni bölmələrinin itkiləri xüsusilə ağır olmuşdu. Sayca üstünlük təşkil edən Azərbaycan bölmələri qarşısında əsas itkilər ilk müdafiə xəttinin yarılması zamanı baş vermişdi. Ən ciddi itkilər Həsənriz kəndi ətrafında qeydə alınıb. Bu döyüşlərdə “Haterk” batalyonunun ümumilikdə 53 üzvü həlak oldu. Atəşkəsin elan olunmasından sonra “Haterk” batalyonunun döyüş mövqelərindən geri çəkilməsi mümkün olmadı. Yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə batalyonun üzvlərinin təxliyəsi mümkün oldu. Batalyon üzvləri kolon halında Heyvalıya qədər hərəkət etdilər və oradan Xankəndiyə çatdılar. Əhalinin bir hissəsi isə 23–24 sentyabr tarixləri ərzində Həsənrizdə qalmaqda davam edirdi. Həmin günlərdə baş verən tərksilahdan sonra mülki əhali də Həsənrizdən çıxmağa nail oldu. Sentyabrın 25-nə qədər Ağdərə rayonunun bütün qərb hissəsi Azərbaycanın nəzarətinə keçdi.

Nəticə

“DQR” rəhbərliyinin təslim olması səbəbindən Çərəktar cəbhəsində yerləşən erməni bölmələri Ağdam istiqamətindən gələn qüvvələrlə birləşə bilmədi. Bu isə həmin cəbhədəki qüvvələrin koordinasiyasız və izolyasiya vəziyyətində qalmasına səbəb oldu. Əməliyyatın sürətli inkişafı nəticəsində Azərbaycan Ordusu cəbhənin bu istiqamətində müdafiə xəttini təxminən 24 kilometr dərinliyinə qədər yardı və ərazidə strateji mövqelər üzərində nəzarət qurdu.

Azərbaycan Ordusu hərbi əməliyyatların bitməsindən sonra ərazidəki Müdafiə Ordusu bölmələrini tərksilah etməklə hissə-hissə regiona nəzarət etməyə başladı. Bu proses planlı şəkildə həyata keçirilərək ilkin mərhələdə mövcud olan silahlı müqavimətin tam neytrallaşdırılmasına yönəldi. Bəzi ələ keçirilmiş ərazilərdə artıq ciddi sayda silah-sursat ələ keçirilmişdi ki, bu da bölgənin əvvəlcədən hərbiləşdirilmiş vəziyyətdə saxlanıldığını göstərirdi. Heyvalı kəndində yerləşən “Qızılbulaq” mis-molibden yatağında “Base Metals” şirkətinin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürüldü. Əsas silah müsadirə edilən yerlərdən biri də Qozlukörpü idi. Kənd ərazisində yerləşən, xaricdən baxıldıqda adi bir ferma təsiri bağışlayan obyekt uzun müddət ərzində döyüş sursatlarının gizli şəkildə saxlandığı anbar kimi istifadə olunmuşdu. Burada qənimət kimi müxtəlif çaplı mərmilər, raketlər, minalar aşkarlanaraq götürüldü. Həmin kənddəki hərbi əməliyyatlarda Madat Babayan adlı erməni Xocalıdakı qətliamda iştirak etməsi iddiası ilə əsir götürüldü.(10) Bu hadisə, hərbi əməliyyatların eyni zamanda konkret şəxslərin məsuliyyətə cəlb olunması baxımından da əhəmiyyət daşıdığını göstərdi.

Hərbi əməliyyatların aparıldığı tarixdə sözügedən ərazilər inzibati baxımdan Kəlbəcər rayonunun tərkibinə daxildi. Lakin əməliyyatların bitməsindən təxminən üç ay sonra, Azərbaycan Respublikasının qərarı ilə Ağdərə rayonunun inzibati vahid kimi bərpası həyata keçirildi. Bununla da, 1923-cü ildə yaradılmış və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində yerləşən Ağdərə rayonu yenidən rəsmi status aldı. Bu inzibati dəyişiklik yalnız siyasi-hüquqi məsələ deyildi, həm də ərazidə mülki idarəçiliyin bərpası və sabitliyin təşkili üçün institusional əsas yaratdı. Beləliklə, hərbi əməliyyatların nəticələri təkcə sahədə deyil, həm də dövlət idarəçiliyinin strukturunda konkret dəyişikliklərlə müşahidə olundu.

Qeydlər:

• (1) Digəri ehtiyat qüvvə kimi Vəngli kəndində saxlanılırdı.

• (2) Buradakı döyüşlərdə Azərbaycan Ordusu yaralı 1 erməni əsgərinə kömək etmişdi. 

• (3) Erməni mənbəsində avtomobildəki hərbçilərin 5-i həlak olduğu qeyd olunub. Lakin mayor Hovsep Hovsepyanın rəsmi açıqlanan 265 nəfərlik siyahıda adı yoxdur. Digər sağ qalan hərbçi isə Tiqran Markaryan idi.

• (4) Qozlukörpü kəndinə Azərbaycan bölmələrinin daxil olması barədə məlumat həmin gün Ermənistanda keçirilən etiraz aksiyalarında iştirak edənlərə də bəlli idi; bu fakt sosial mediada və yerli xəbərlərdə geniş şəkildə yayılmışdı.

• (5) 29 sentyabrda axtarışlar zamanı ərazidə daha 2 erməni əsgərinin cəsədi tapılmışdı.  

• (6) Onunla birlikdə həyat yoldaşı da orda olub.

• (7) Bu hərbi bazanı Azərbaycan Ordusu 2022-ci il 4 avqust tarixində də bombalamışdı.

• (8) Həmin yatağın istismar haqqını Azərbaycan rəhbərliyi “Anglo Asian Mining” PLC şirkətinə vermişdi.

• (9) 510 yüksəkliyini nəzərdə tutur.

• (10) Hazırda Bakı Hərbi Məhkəməsində müttəhimlər kürsüsündədir.

İstifadə edilən ədəbiyyat:

• Məmmədov, A. (2024, 15 fevral). Vətənə ləyaqətli oğul olmaq şərəfdir. Əsgər, №3, s. 3

• Geybullaev, G. A. O. (1986). Toponimiya Azerbaydzhana. Baku: Elm.

• Süleymanov, M., & Ələkbərova, S. (2024). Azərbaycanın suverenliyinin təmin edilməsi üçün həyata keçirilən lokal xarakterli antiterror tədbirləri. Hərbi Bilik, 1(1), 53–64.