Pezeşkiyanın şeir diplomatiyası Azərbaycan-İran münasibətlərində yumşalma yarada biləcəkmi?

Pezeşkiyanın şeir diplomatiyası Azərbaycan-İran münasibətlərində yumşalma yarada biləcəkmi?

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın aprel ayında Bakıya tarixi səfərinin əks-sədası hələ də qalır. Bu səfərin bir çox aspektləri arasında ekspertlərin diqqətini ən çox cəlb edən məqam isə Pezeşkiyanın gözlənilməz, lakin simvolik şeir diplomatiyasıdır. 

Rəis-cümhurun Azərbaycan Televiziyasına müsahibəsi zamanı və rəsmi səfər çərçivəsində həmkarı İlham Əliyevlə birgə mətbuat konfransında Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından misralar səsləndirməsi Azərbaycanda böyük marağa və müzakirələrə, eyni zamanda simvolizm axtarışına səbəb oldu. Tarixi narazılıqların və geosiyasi gərginliyin dominantlıq etdiyi bölgədə belə bir jest təbii olaraq aşağıdakı sualı aktuallaşdırır: Poeziya və ümumiyyətlə mədəni mübadilə Azərbaycan-İran münasibətlərindəki qalın buzları əritməyə kömək edə bilərmi?

“Heydərbaba”nın simvolizmi

Məşhur Azərbaycan şairi Şəhriyarın “Heydərbaba”sı sadəcə poema deyil. O, şairin uşaqlıq xatirələri və keçmişə nostalgiyası, siyasi sərhədlərin yaratdığı identikliyin parçalanmasına mərsiyəsidir. Pezeşkiyanın Arazın hər iki tərəfində yaşayan etnik azərbaycanlılar üçün isə həsrət ifadə edən bu poemadan istifadə etməsi isə heç təsadüfi sayılmamalıdır. 

Bu, İran rəhbərinin siyasi arenada şeirdən istifadə etdiyi ilk hadisə deyildi. O, Bakıya səfərindən bir neçə ay əvvəl də daxili auditoriya üçün “Heydərbaba”dan bəzi misralar səsləndirmiş və bu addım dövlətin bəzi hardlaynerlərinin tənqidinə tuş gəlmişdi. Bu cür reaksiya İrandakı etnik-mədəni münasibətləri, xüsusilə azərbaycanlı kimliyi ilə əlaqədar həssaslığı bir daha ortaya çıxarmışdı. Tənqidlərə rəğmən, Pezeşkiyan, göründüyü kimi, sonrakı dövrdə də özünün mötədil imicinə sadiq qalmağa çalışmışdır. 

Geosiyasi aysberqin görünməyən tərəfi

Poetik jestlər xoş siqnallar göndərsə və bəzi qəlbləri riqqətə gətirsə də, Azərbaycan və İran arasındakı problemlər fundamentaldır. 2020-ci ildən bəri ikitərəfli münasibətlərin trayektoriyasına baxsaq görərik, İranın Azərbaycan sərhədi yaxınlığında keçirdiyi genişmiqyaslı hərbi təlimlər və 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu kimi hadisələrə görə etimadın ciddi şəkildə sarsılması ilə nəticələnib. Son aylarda diplomatik əlaqələrin intensivləşməsi və iqtisadi əməkdaşlıq ilə bağlı razılaşmalar bu münasibətləri düzəltməyə çalışsa da, bu münasibətlərin içində dərinköklü geosiyasi və ideoloji çatlar hələ də qalır.

Münasibətləri gərgin saxlayan bir neçə (daimi?) faktor mövcuddur:

1. Geosiyasi rəqabət: İran Azərbaycanın Türkiyə ilə müttəfiqliyinə və İsrail ilə strateji tərəfdaşlığına hər zaman şübhə və narahatlıq ilə yanaşıb. Xüsusən də müdafiə və kəşfiyyat sektorlarında genişlənən bu əməkdaşlıq Tehran tərəfindən öz regional mövqeyinə birbaşa təhdid kimi qəbul edilir. İran rejimi, təbii ki, şimal sərhədləri yaxınlığında İsrailin mövcudluğundan ehtiyatlanır və onu daxili sabitliyə potensial təsirləri olan bir təhlükəsizlik təhdidi kimi görür.

2. Bir-birinə ziddi tarixi narrativlər və subyektivliyin inkarı: Tehranın Azərbaycana baxışı müəyyən mənada Moskvanın Ukraynaya münasibətinə bənzəyir: hər ikisi keysdə birincilər ikinciləri tam suveren və fərqli bir xalq və dövlət kimi deyil, tarixən metropoliyaya tabe statuslu və ya onun bir hissəsi kimi nəzərdən keçirir. Bu perspektiv Azərbaycanı müstəqil mədəni, siyasi və tarixi kimlikdən məhrum etmək, onun əvəzinə onu fars və ya İran sivilizasiya sferasının bir hissəsi kimi qələmə vermək cəhdlərində özünü göstərir. Bu cür narrativlər Azərbaycanın subyektivliyinin azaldılmasına xidmət edir və Bakıda əks-reaksiyaları gücləndirir: daha radikal və millətçi baxışlı qırğılar öz növbəsində xatırladır ki, 11-20-ci əsrlər arasında indiki İran üzərində hökmranlıq edənlər əslində Azərbaycan/türk sülalələri olublar.

3. Mədəni və kimlik siyasəti: Tehran, xüsusən Bakının İranın şimalındakı etnik azərbaycanlılara mədəni təsirini nəzərə alsaq, Azərbaycan irredentizmi ilə bağlı köklü qorxular yaşayır. Bu narahatlıqlar həm Azərbaycandan, həm də Türkiyədən gələn türkçü narrativlərə və türk kimliyi ilə bağlı mesajlara görə daha da artır və Tehran bunu öz ərazi bütövlüyünə və daxili birliyinə təhdid kimi şərh edir.

4. Sekulyarizm teokratiyaya qarşı: Azərbaycanın dünyəvi və daha proqressiv imici İslam Respublikasının ideoloji əsasları ilə kəskin ziddiyyət təşkil edir. Bu əsas dissonans təkcə dövlət elitaları səviyyəsində deyil, həm də daha geniş ictimai rəydə qarşılıqlı etimadsızlığı formalaşdırır və davamlı siyasi anlaşma üçün əlavə maneə yaradır.

Bu kontekstdə hətta Pezeşkiyanın söylədiyi və zahirən zərərsiz görünən misra (“Bizi kim ayırdı?”) əslində ikibaşlı səslənir. Bəziləri üçün bu, ortaq azərbaycanlı kimliyinə poetik istinaddır. Digərləri üçün isə Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın 19-cu əsrdə indiki İrandan (yeri gəlmişkən, Azərbaycan türk sülaləsi Qacar ​​tərəfindən idarə olunurdu) ayrılması ilə bağlı Tehranın tarixi narazılğına bir işarədir. İstənilən halda, İran prezidentinin şeiri müxtəlif səviyyələrdə müxtəlif cür və bəzən bir-birinə zidd şəkildə şərh oluna bilər.

Regionda şeir diplomatiyası yeni hal deyil

Pezeşkiyanın şeiriyyata müraciətləri istər-istəməz 2020-ci ilin dekabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən hərbi qələbə paradındakı oxşar şeir diplomatiyasını xatırladır. Onun tarixi Azərbaycanın ayrılmasına istinadı Tehranda böyük tənqidə və narazılığa səbəb oldu və türk birliyinə dəstəyi və dolayısı ilə İranın Azərbaycan ostanları üzərindəki suverenliyinə meydan oxuyan təxribat kimi qiymətləndirildi.

Həqiqətən də maraqlıdır ki, Cənubi Qafqaz geosiyasətində Şərq diplomatik ənənəsi və mədəni simvolizmi güclənir. Burada poeziya həm yumşaq, həm də sərt gücü nümayiş etdirən, diplomatik mesajlaşma, ittifaqları, tarixi narazılıqları və milli kimliyi ifadə edən əhəmiyyətli bir alət kimi istifadə olunur.

Realpolitik və şeir diplomatiyası

Pezeşkyanın poeziyasının yaratdığı hərarətə baxmayaraq, strukturca antaqonist olan ikitərəfli münasibətlərin qısa zaman ərzində dəyişəcəyini güman etmək sadəlövhlük olardı. İranın “dərin dövləti” – İnqilab keşikçiləri və sərt xətt tərəfdarı olan ruhanilər hələ də əhəmiyyətli gücə malikdir və təkcə hərbi cəhətdən deyil, həm də ideoloji cəhətdən yad – dünyəvi, millətçi və İranın əsas düşmənləri ilə müttəfiqliyə malik iddialı Azərbaycana etimadsızlıqla yanaşır. Bu etimadsızlıq isə İran siyasi isteblişmentindəki mülayim düşərgənin ən səmimi jestlərini məhdudlaşdıracaq.

Bakı da öz növbəsində sadəlövhlükdən uzaqdır və Pezeşkiyanın təbəssümünün arxasında Azərbaycana periferiya kimi baxan klerikal militarizm və strateji paranoyaya əsaslanan bir sistemin dayandığını çox yaxşı anlayır. Son iqtisadi razılaşmalar və qarşılıqlı diplomatik nəzakət ikitərəfli mexanizmlərə müsbət dinamika qata bilər, lakin bu münasibətlərdə həqiqi etimadın qurulmasına kömək edəcəyi inandırıcı deyil.

Üstəlik, İrandakı etnik münasibətləri və millətçilik elementlərini, daha doğrusu Tehranın bundan qorxusunu da heç zaman unutmayaq. Rejim Pezeşkiyanın misralarına dözə bilər, lakin Azərbaycan əhalisi arasında sədaqət dəyişikliyinə tolerantlıq göstərməyəcək. Bu baxımdan Pezeşkiyanın şeir diplomatiyanın yeganə auditoriyası Bakı deyil, həm də Təbrizdir. Bəlkə də əsasən Təbrizdir.

The reality is simple: as long as Tehran’s strategic calculus is shaped by paranoia, and Baku’s by pragmatism, the poetry will remain a decorative flourish—a seasonal gust, not a structural wind. In the unforgiving logic of the region, verses may soothe, but historical and geopolitical realities still speak louder. 

Reallıq sadədir: nə qədər ki, Tehranın strateji hesablamaları paranoya, Bakınınki isə praqmatizmlə formalaşıb, poeziya struktur dəyişikliyi gətirən küləkdən çox, insanları qısamüddətli xoşhal edən meh kimi qalacaq. Bölgənin geosiyasi reallığı amansız, tarixi prosesləri isə realistdir.