İranın Azərbaycana hücumu: Bəs bundan sonra?
Martın 5-də İranın Araş-2 dronları Azərbaycanın Naxçıvan Muxtar Respublikasında hava limanına zərbə endirdi və bir məktəbin yaxınlığına düşdü. Bu hadisə Bakı ilə Tehran arasında münasibətlərdə ciddi gərginlik yaradıb. Hücum İran ilə ABŞ-İsrail qüvvələri arasında genişlənən müharibə fonunda baş verib. Tehran Vaşinqtonu atəşkəsə məcbur etmək üçün qonşu ölkələrdə mülki və enerji infrastrukturuna hücumlarını artırır. Azərbaycan rəhbərliyi insidenti “terror aktı” adlandıraraq müvafiq cavab tədbirlərinin görüləcəyini bəyan edib. İran tərəfi isə silahlı qüvvələrinin hücumda iştirakını inkar edərək araşdırma başladıldığını bildirib.
Azərbaycanın hədəfə alınması müharibənin şimal istiqamətində yeni cəbhə açması ehtimalını gündəmə gətirdiyindən bu addımın strateji məntiqi ilə bağlı suallar yaranır. Son hücumların yönəldiyi Körfəz ölkələrindən fərqli olaraq, Azərbaycan ərazisində ABŞ və ya İsrail hərbi bazaları yerləşmir. Martın 1-də baş tutan telefon danışığında Azərbaycanın xarici işlər naziri iranlı həmkarını əmin etmişdi ki, Azərbaycan ərazisi heç bir ölkə tərəfindən İrana qarşı hücumlar üçün istifadə olunmayacaq.
Buna baxmayaraq, zərbə Bakının cavab tədbirləri görməsinə səbəb ola və iki qonşu ölkə arasında daha geniş böhrana çevrilə bilər. Bu isə Türkiyəni də prosesə cəlb edə bilər ki, belə bir ssenari Tehran üçün arzuolunan deyil.
Eyni zamanda müharibənin şimala yayılması İranın azərbaycanlı əhalisini diqqət mərkəzinə gətirə bilər. Bu isə ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin ölkənin şimal-qərbində möhkəmləndiyi bir vaxtda İran üçün əlavə təzyiq deməkdir.
Baş verənləri izah edən amillərdən biri İranın hərbi qərar qəbuletmə sistemindəki dəyişikliklər ola bilər. Son illərdə Tehran səlahiyyətlərin müxtəlif əməliyyat bölmələri arasında bölüşdürülməsini nəzərdə tutan daha mərkəzsiz “mozaik müdafiə” doktrinasını tətbiq edir. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin 31 vilayətində fəaliyyət göstərən bölmələrə malikdir və bu bölmələrin hər biri digər bölgələrdə komanda strukturları sıradan çıxsa belə əməliyyatları davam etdirmək üçün geniş operativ muxtariyyətə malikdir. Xarici hücum zamanı İraq və ya Suriya tipli sistem çöküşünün qarşısını almaq məqsədi daşıyan bu daha horizontal idarəetmə strukturu eyni zamanda siyasi rəhbərliklə SEPAH arasında koordinasiya xəttini zəiflədə bilər. Bu tendensiya İranın Oman və Türkiyəyə qarşı son hücumlarında da müşahidə olunub. Belə şəraitdə Tehranın diplomatik mesajları ilə real əməliyyat-idarəetmə səviyyəsində atılan addımlar arasında ikitirəlik yaranır ki, bu da vəziyyəti daha da qəlizləşdirir. Azərbaycan bu ikili yanaşma ilə əvvəllər də üzləşib.
2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Bakı ilə Tehran arasında dialoq müəyyən dövrlərdə müsbət istiqamətdə inkişaf etsə də, SEPAH-ın sərhəd boyunca eskalasiyaya səbəb olan addımları bu prosesə dəfələrlə mane olmuşdu.
Bugünkü vəziyyəti daha təhlükəli edən isə bu gərginliyin genişlənən regional müharibə fonunda baş verməsidir. Belə şəraitdə hər hansı səhv hesablamanın regional təhlükəsizlik üçün daha ciddi nəticələr doğurması mümkündür.
İranın Azərbaycana münasibətdə təhlükə qavrayışındakı dəyişiklik ABŞ və İsrailin fevralın 28-də İrana hücum etməsindən əvvəl də müşahidə olunurdu. 2025-ci ilin iyununda baş verən on iki günlük İran-İsrail müharibəsindən sonra Tehranın əsas ittihamı guya Azərbaycanın İsrailə öz hava məkanından istifadə etməyə icazə verməsi ilə bağlı idi. Lakin hazırkı müharibə ərəfəsində bu hədd daha da aşağı salınmışdı. Sərt xətt tərəfdarları Azərbaycanın Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri vasitəsilə İsrailin enerji təhlükəsizliyinə dolayı töhfə verdiyini iddia etməyə başlamışdılar. Yanvarın 23-də SEPAH-a yaxın Fars xəbər agentliyi BTC kəmərini İsrailin enerji təminat zəncirinin strateji elementi kimi təqdim edərək Azərbaycanın Tel-Əvivlə əməkdaşlığı dayandırmaması halında onun hədəfə çevrilə biləcəyini yazmışdı. Sərt xətt tərəfdarlarının təsiri artdıqca bu kimi narrativlər ideoloji ritorikadan çıxaraq İranın yüksək səviyyədə qərar qəbuletmə prosesinin mərkəzinə yerləşməyə başlayır və Azərbaycanın qarşısında daha qarşıdurmaya meyilli İran mövqeyinin ortaya çıxması ehtimalını gücləndirir.
İranın dron hücumuna cavab olaraq Azərbaycan çəkindiricilik mesajı vermək və güc nümayiş etdirməklə regional müharibəyə sürüklənməmək arasında incə balans tapmaq kimi çətin vəzifə ilə üz-üzədir.
Bir tərəfdən, Bakı hesab edə bilər ki, sərt reaksiya verməmək zəiflik siqnalı verər və İranın yeni təzyiq və hücumlarına yol aça bilər. 2021 və 2022-ci illərdə İranın sərhəd boyunca hərbi təzyiqinə Azərbaycanın verdiyi proporsional cavablar da məhz bu məntiqə əsaslanırdı.
Digər tərəfdən isə Bakı eskalasiyanın daha da dərinləşməsində maraqlı deyil. Bu kontekstdə Azərbaycanın Tehrandan rəsmi üzr tələb etməsi həm qətiyyət siqnalı, həm də vəziyyəti sakitləşdirmək üçün potensial diplomatik çıxış yolu kimi qiymətləndirilə bilər. Bu addım tərəflərə növbəti addımlarını ölçüb-biçmək üçün vaxt qazandırır.
İndiyədək Azərbaycan bu istiqamətdə iki önəmli addım atıb. Birincisi, Bakı İrandakı diplomatik heyətinin – Tehrandakı səfirlik və Təbrizdəki baş konsulluq əməkdaşlarının – təxliyəsinə başlayıb. Bu addım münasibətləri 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində bir mühafizəçinin öldürüldüyü və Bakı səfirliyi bağladığı dövrdəki ən aşağı səviyyəyə qaytarır. Son iki ildə tərəflər münasibətləri bərpa etmək üçün müəyyən səylər göstərmiş, İran Bakı tərəfindən tələb olunan şəkildə hücuma görə məsul şəxslərin cəzalandırılması istiqamətində addımlar atmışdı. Lakin dron hücumu son iki ildə qurulan kövrək etimadı ciddi şəkildə sarsıdıb. Xüsusilə İranın qısa və orta vədədə getdikcə daha kövrək siyasi-iqtisadi vəziyyəti fonunda münasibətlərin yenidən praqmatik məcraya qaytarılmasının necə mümkün olacağı ilə bağlı suallar yaranır.
Digər mühüm addım Bakının Azərbaycan-İran sərhədində bütün keçid məntəqələrində yük maşınlarının hərəkətini müvəqqəti dayandırması oldu. Qərar həm də İran ilə Rusiya arasında Azərbaycan üzərindən həyata keçirilən tranzit yüklərin dayanması deməkdir.
Rusiya ilə İranı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə quru tranzit yüklərin böyük hissəsinin Azərbaycan üzərindən keçdiyini nəzərə alsaq, bu məhdudiyyət artıq ABŞ-ın maksimum təzyiq kampaniyası və Çinə neft ixracına mümkün məhdudiyyətlər fonunda çətin vəziyyətdə olan İran iqtisadiyyatı üçün əlavə xərclər yarada bilər.
Bu addım eyni zamanda planlaşdırılan nəqliyyat layihələrinin gələcəyini də sual altına qoyur. Fevralın 17-də İran və Rusiya Rəşt–Astara dəmir yolunun tikintisinə aprelin 1-də başlanması barədə razılığa gəlmişdi. Onilliyin sonuna doğru tamamlanması gözlənilən bu layihə Moskva, Bakı və Tehran arasında ticarət əlaqələrini gücləndirməli idi. İndi isə görünən odur ki, onsuzda uzun illər maliyyə və bürokratik əngəllərlə üzləşən bu layihənin gələcəyi ciddi sual altına düşəcək və bu, bütün tərəflər üçün böyük itki deməkdir.
Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bütün regional güclərlə praqmatik münasibətlər saxlayaraq və strateji muxtariyyətini genişləndirərək bundan fayda götürüb. Lakin hazırda bu model ciddi sınaq qarşısındadır. Bakı Ukraynadakı müharibə və Yaxın Şərqdə İran ilə ABŞ-İsrail qarşıdurmasının yaratdığı təzyiqlər fonunda həm Rusiya, həm də İranla münasibətlərdə gərginlik yaşayır. Hazırda Azərbaycan Moskva və Tehrandan son hadisələrlə bağlı rəsmi üzr gözləyir və bu ölkələrlə münasibətləri daha bərabər müstəviyə keçirməyə çalışır. Bu kontekstdə, İranla bağlı vəziyyət daha mürəkkəb görünür, çünki ölkənin gələcəyi ilə bağlı iki ən real ssenari Azərbaycanla sabit münasibətlər qurulması ehtimalını zəiflədir. Bir tərəfdən, mövcud müharibə Tehranda hakimiyyətin daha sərt xətt tərəfdarlarının dar çevrəsi ətrafında konsolidasiyasına gətirib çıxara və qonşulara qarşı daha sərt siyasəti təşviq edə bilər. Digər tərəfdən, İran dövlətinin çökməsi və ölkədə anarxik vəziyyətin yaranması daha geniş regionda geosiyasi Pandora qutusunu aça və Azərbaycanın regional mövqeyi üçün ciddi nəticələr doğura bilər.