Qaradağlı qətliamı (1992) (1-ci hissə)
Kəndin tarixi
Qaradağlı kəndinin əsasını təşkil edən eyniadlı tayfa Səlcuq imperiyası zamanı indiki Güney Azərbaycana gəlmişdi (Nikonov, 1984:147). Əsasən öz adını verdikləri Qaradağ vilayətində məskunlaşan bu tayfa 18-ci əsrdə Qarabağ və Azərbaycanın digər regionlarına köç etməyə başladı. Qarabağ xanlığı dövründə qaradağlı tayfası köçəri həyat tərzi sürürdü və xana heç bir vergi ödəmirdi (Abbasov, 2007:53). Çar Rusiyasının Qarabağı ələ keçirməsindən qaradağlı tayfası oturaq həyat tərzinə keçdi və Vərəndəli kəndində məskunlaşdı. Bir müddət sonra burdakı erməniləri sıxışdıran qaradağlılar həm kəndin adını, həm də ərazidəki etnoqrafik vəziyyəti dəyişdirə bildilər. Kəndin adı 19-cu əsrin ikinci yarısında Qaradağlı-Vərəndəli adlandırılmağa başladı. 1885-ci ildə kənddə 70 tatar (azərbaycanlı) ailəsi yaşayırdı (Balayan, 2020:502). Əhalinin sayı sürətlə artdı və Sovet hakimiyyəti ərəfəsində bölgənin ən iri yaşayış məntəqələrindən birinə çevrildi.
1923-1988-ci illərdə
1923-cü ilin iyulunda DQMV-nin formalaşmasından sonra yaşayış məntəqəsi muxtariyyətin ərazisinə daxil olan 173 kənd arasında idi (Saparov, 2014:120). Kəndin adı Sovet hakimiyyətinin ilkin dövrlərində Qaradağlı-Vərəndəli olaraq qalmışdı (Vəliyev, 1993:42). 1930-ci illərdə kənd indiki adı ilə Qaradağlı adlandırıldı. Qaradağlı 14 erməni kəndinin əhatəsində yerləşdiyi üçün bir müddət ermənilər yaşayan Qağartsi və Paravatumb kəndləri ilə eyni kolxozda birləşdirilmişdi (Zülfüqarlı, 2010:6). Bu amil digər erməni kəndləri ilə Qaradağlı arasında iqtisadi və mədəni əlaqə yaratdı. Buna baxmayaraq, 1988-ci ilə kimi azərbaycanlılar və ermənilər arasında ən böyük toqquşma bu kənd əhalisi nümayəndələri ilə ermənilər arasında baş vermişdi. 1966-cı ildə 8 yaşlı erməni Nelson Movsesyanın meşədə öldürülməsi keçmiş DQMV ərazisində böyük rezonans doğurdu. Qətldə Qaradağlı kənd məktəb direktoru Ərşad Məmmədov, onun qohumları Ələmşad Məmmədov və Zöhrab Məmmədov şübhəli şəxs kimi həbs edildi. 1967-ci il iyulun 3-də Stepanakert şəhərindəki məhkəmə kollegiyasının qərarı ilə Ələmşad Məmmədova edam, Ərşad Məmmədov isə 15 il həbs cəzası verildi. Zöhrab Məmmədov isə bəraət aldı. Məhkəmənin qərarını “yumşaq” hesab edən Benik Movsesyan və onun tərəfdarları ilə milis arasında 2 saata yaxın baş tutan qarşıdurma zamanı təhlükəsizlik kordonunu aşan bir qrup erməni müttəhimləri aparan maşını dövrəyə alıb yandırdı (Melik-Şaxnazarov, 2009:41-42). Bu hadisə zamanı hərbi kinoteatra və parka 1464 manat 20 qəpik maddi ziyan dəydi, 13 milis işçisi və Sovet Ordusunun iki əsgəri yaralandı. Hadisə ilə bağlı Sovet hökuməti sərt tədbirlər gördü. Səkkiz aya qədər davam edən istintaq işi 1968-ci il iyulun 23-də yekunlaşdı. Məhkəmə kollegiyasının son qərarı isə belə oldu: Benik Movsesyan, Artyuşa Əsribabyan, Conrik Ohanov, Yermak Arakelyan və Albert Danielyana güllələnmə, Ambarsum Arustamyana 15 il, Sergey Ohanyana 12 il, Ernest Arustamyana 8 il, Manvel Babayana 6 il, Nikolay Cavadyana 5 il, Georgi Ohanesyana 5 il, Aleksandr Çalyana 4 il, Suren Sərkisyana 4 il, Jora Şahnəzəryana 4 il, Ağasi Qriqoryana 3 il, Qrant Sərkisyana 3 il, Valeri Arutyunyana 3 il, Setrak Sərkisyana 2 il, Armen Canqiryana 2 il və Yuri Avanesyana 2 il həbs cəzası verildi (Quliyev, 04.07.2018:4-6).
Bu hadisədən sonra, 1971-ci ildə kənd əhalisinin istəyi ilə Qaradağlıda erməni kəndlərindən ayrılaraq müstəqil kolxoz yaratmaq məsələsi müzakirə edildi. Həmin ildə kənddə Nərimanov adına kolxoz təsərrüfatı formalaşdırıldı (Zülfüqarlı, 2010:6). Qaradağlı kəndi Martuni rayonunda taxılçılığa görə fərqlənirdi. Əhalinin rifahı digər azərbaycanlılar yaşayan yerlərlə müqayisədə yüksək idi. Bu da kənd əhalisinin sürətlə artması ilə özünü göstərdi. Qaradağlı Ümumittifaq çərçivəsində də xeyli məşhur kənd idi. Sovet yazıçısı Aleksandr Rusov “Üç alma” romanında Qaradağlı kəndindən bəhs etmişdi (Rusov, 1977:321).
Qarşıdurmanın başlanması
1988-ci ilin fevralında başlanan Miatsum hərəkatı özünü DQMV-nin azərbaycanlılar yaşayan kəndlərində göstərməyə başladı. Qaradağlı kənd sakinləri tamamilə erməni kəndləri əhatəsində olduğu üçün ilk hücumlara da onlar məruz qaldı. Bu dövrdə kənddə təxminən 1200 nəfər əhali yaşayırdı (Melkonian, 2008:208). Bu səbəbdən baş leytenant Ədalət Məmmədov ehtiyatda olan zabit Telman Tağıyev, Məmməd Məmmədov, Məhəmmədəli Bayramovla birlikdə özünümüdafiə dəstəsini formalaşdırdı. Kəndin ətrafında 5 post yaradıldı. Martuni istiqamətində, kəndin girişində yaradılmış post əhəmiyyətinə görə birinci post hesab olunurdu. Bu posta nəzarəti məktəb direktoru Nobil Zeynalov öz üzərinə götürmüşdü. Orada əsasən Nobil müəllimin şagirdləri olmuş gənclər və məktəblilər keşik çəkirdilər. Asfalt yoldan azca aralı kolxoz idarəsinin yaxınlığında qurulmuş mövqe ikinci post, kəndin çıxışında asfalt yolun üstündə qurulmuş mövqe 3-cü post, Kəndxurd istiqamətində qurulmuş mövqe 4-cü post hesab olunurdu. 5-ci post isə kəndin ortasında keçən Xonaşen çayının üstündə, Zinki dərəsinin qarşısında yaradılmışdı (Zülfüqarlı, 2010:6-7).
1988-1989-cu illərdə kənd ətrafında ara-sıra atışma olsa da insan tələfatı baş verməmişdi. 1990-cı ilin sonuna yaxın regionda vəziyyət gərginləşməyə başladı. Noyabrın 24–də ermənilər 3 nəfər azərbaycanlını Martuni-Stepanakert yolunda qətlə yetirdi. Qaradağlı sakini Xandəmir Bəbir oğlu Hüseynov doğma kəndində dəfn olundu (Alıoğlu, 17.02.2013:7). Həmin hadisədən sonra ərazidə fasiləsiz post patrulu quruldu. Faktiki olaraq, Qaradağlı sakinləri Martunidən Stepanakertə gedən yolu nəzarətdə saxladıqları üçün buradan heç bir erməni avtomobilinin hərəkətinə izn vermirdilər. Bu səbəbdən ermənilər dağ yolları ilə hərəkət etməyə məcbur olurdu.
Erməni tərəfi isə kəndi tamamilə blokadaya almaq üçün buranın Xocavəndlə əlaqəsini qırmaq istəyirdi. Lakin bölgədə olan Sovet qoşunları qarşıdurmanın genişlənməsinə imkan vermirdi. Tərəflər arasında ən güclü toqquşma 1991-ci ilin yanvarında başladı. Yanvarın 10-da kənd sakini Sultan Bayramov Qaradağlıya qayıdan zaman birinci postdan 4 kilometr məsafədə onun mindiyi “UAZ-469” markalı 53-55 AQT dövlət nişanlı minik maşını ermənilər tərəfindən qəfil atəşə tutuldu. Maşının sürücüsü Kərəm Tağıyev maşını sürüb kəndə çatdırsa da, Sultan Bayramovun həyatını xilas etmək mümkün olmadı. O, iki saatdan sonra aldığı yaralardan dünyasını dəyişdi (Zülfüqarlı, 2010:7). Həmin gün buna cavab olaraq Kəndxurd istiqamətində erməni avtomobilinə açılan atəş zamanı Anjela Qriqoryan, Leonid Qasparyan və Samvel Antonyan öldürüldü (Melik-Şaxnazarov, 2009:548). Martın 2-də kəndin ətrafinda atışma zamanı Zülfüqar Hüseynov və Ələkbər Quliyev həlak oldu (Alıoğlu, 17.02.2013:7). Azərbaycanlılar yaşayan kəndlərə mütəmadi hücum zamanı xeyli mülki şəxslərin, eləcə də Sovet əsgərlərinin öldürülməsi mərkəzin radikal qərarı ilə nəticələndi. 1991-ci ilin aprelində 4-cü Sovet Ordusu və eləcə də Azərbaycan OMON-u DQMV və ətrafında “Halqa əməliyyatı”na başladı. Əməliyyat zamanı Qaradağlı kəndinin ətrafındakı Kəndxurd, Aşan, Nngi, Gişi və Paravatumb kəndlərində xeyli sayda silah-sursat ələ keçirildi. Avqustun 18-də OMON Qaradağlı ətrafında 64 nəfər ermənini əsir götürdü. Onlar arasında Aşan kəndinin kolxoz sədri də var idi. Əsirlərin əksəriyyəti Şuşa həbsxanasında saxlanılırdı (Denber & Goldman, 1992:53). Markar Melkonyan iddia edir ki, həmin əməliyyatlar zamanı Qaradağlı sakinlərinin bir hissəsi OMON-un erməni kəndlərindəki əməliyyatları zamanı güc tətbiqinin əleyhinə idi və bunun erməniləri daha da aqressivləşdirəcəyindən çəkinirdi (Melkonian, 2008:208).
Lakin pasport rejimi və həyata keçirilən əməliyyat tam icra edilə bilmədi. Moskvada baş verən hərbi çevriliş vəziyyəti kökündən dəyişdirdi. Azərbaycanın öz müstəqilliyini elan etməsindən sonra Sovet Ordusunun köməyindən məhrum olan DQMV kəndləri çətin vəziyyətdə qaldı. Daha da aqressivləşən ermənilərin sentyabrda Qaradağlıya gedən avtobusa həyata keçirdiyi hücumda ən azı 6 nəfər həlak oldu (De Vaal, 2008:139). Avtobus faciəsindən sonra Elnur Süleymanov, Xanalı Hüseynov və Rayət Quliyev sentyabr ayının 25-də gecə silahlanaraq Aşan kəndinə hücum etdilər, buradakı atışmada 3 erməni öldürüldü (Zülfüqarlı, 2010:8). 1991-ci il noyabrın ikinci yarısında SSRİ DİN Daxili qoşunları regiondakı vəziyyətə nəzarəti tamamilə dayandırdı. Noyabrın 18-də Xocavəndin ermənilər tərəfindən tutulmasından sonra Qaradağlının şərq istiqamətdəki köməkdən tamamilə məhrum oldu. Ərazinin təchizatı yalnız hava yolu ilə mümkün idi (Velimamedov, 2021:270-271). Bu səbəbdən 1991-ci ilin dekabrında Qaradağlı əhalisinin böyük əksəriyyəti kəndi tərk etdi.
1992-ci il yanvar əməliyyatı
1992-ci il Azərbaycan üçün ağır başladı. Yanvarın 8-də Qaradağlı güclü atəşə məruz qaldı. Atışma zamanı Böyük Vətən müharibəsi iştirakçısı Qasım Əliyev və Milli Ordunun döyüşçüsü Məzahir Gülverdiyev həlak oldu (Alıoğlu, 17.02.2013:7). Xocavənd-Xankəndi yolunu blokadadan çıxarmaq istəyən ermənilər yanvarın 11-də Qaradağlını ələ keçirmək üçün əməliyyat hazırlığına başladı. Milli Ordu bölmələri hücumla bağlı hazırlıqdan vaxtında xəbər tutdu. Erməni dəstələrinin qüvvələrini Qaradağlıdan yayındırmaq üçün Muğanlı kənd sovetində yığıncaq keçirildi. Tədbirdə Muğanlı kənd sovetinin sədri Eyvaz Hüseynov, ərazi icraiyyə komitəsinin sədri Rəhman Rəhmanov, rayon daxili işlər şöbəsinin rəisi Ələkbər Məmmədov, komendant Mübariz Atakişiyev və Qaradağlı kənd sakini Ələsgər Hüseynov iştirak edirdi. İclasda erməni qoşunlarının qüvvələrini yayındırmaq üçün Xocavənd üzərinə hücuma keçmək qərara alındı. O zaman Muğanlının 100 mm-lik doludağıdan topla silahlanmış özünümüdafiə dəstəsi var idi. Bu silah Qaraçuq silsiləsinin Kəmərqaya hündürlüyünə yaxın qoyulmuşdu ki, bu da Xocavənd və ətraf ərazilərdə erməni qoşunlarını atəşə tutmağa imkan verirdi. Hücumda Muğanlı özünümüdafiə dəstəsi, Əmiranlar özünümüdafiə dəstəsi və Kuropatkino özünümüdafiə dəstəsi iştirak edirdi. Plana görə, Muğanlı özünümüdafiə dəstəsi Qağartsi ferması ərazisindən, Əmiranlar və Kuropatkino özünümüdafiə dəstəsi isə Qonaq evi və çörək sexindən hücuma keçməli idi. Bu istiqamətdəki erməni bölmələrinə Saro Yeremyan rəhbərlik edirdi. 1992-ci il yanvarın 12-də səhər saat 8-də Muğanlı dəstəsinin döyüşçüləri diqqətlərini özlərinə yönəltmək üçün Qağartsi ferması yaxınlığında mövqe tutaraq erməni dəstələri ilə döyüşə başladılar. Döyüş zamanı dəstənin döyüşçüləri İbad Hüseynov, Müşfiq Hüseynov, Aslan Quliyev, Adil Quliyev və Elxan Namazov şəhərin girişinə yaxın postu ələ keçirə bildi. Bir neçə saatlıq döyüşdən sonra erməni dəstələri Kalinin adına kolxozdan əks-hücuma keçdilər. Azərbaycan bölmələri geri çəkilmək məcburiyyətində qaldı.
Bu əməliyyatdan bir neçə gün sonra yenə xəbər gəldi ki, Qaradağlı ətrafına çoxlu erməni dəstələri toplaşıb. Yenə Eyvaz Hüseynov, Rəhman Rəhmanov, Ələkbər Məmmədov, Mübariz Atakişiyev və Ələsgər Hüseynovun iştirakı ilə iclas keçirildi. İclasda 12 yanvar 1992-ci il hücumundan nümunə götürərək Xocavəndə yeni hücumun həyata keçirilməsi qərara alındı. Hücum axşam saatlarında başladı. Əvvəlcə erməni mövqeləri İlyas Hüseynov tərəfindən doludağıdan topla atəşə tutuldu. Bundan sonra İbad Hüseynov, Müşfiq Hüseynov, Elxan Namazov və Səxavət Quliyev Xocavənddən Əmiranlara gedən yolda postu ələ keçirdilər. Yanvarın 12-də baş verən hücum zamanı ermənilərin əsas qüvvələri olan “Qaraj” adlanan avtomobil-traktor parkına zərbə endirildi. Qısa döyüşdən sonra erməni dəstələri bu ərazidən geri çəkildilər. Şəhərin mərkəzinə doğru irəliləyən Azərbaycan dəstələri əvvəlcə dəyirmanda, sonra “Xaçev” adlanan yeməkxanada erməni dəstəsini əzdilər. Növbəti və çox vacib vəzifə Kalinin adına kolxoz idarəsinin binası idi. Bir neçə saat davam edən döyüş zamanı Azərbaycan dəstələri Kalinin adına kolxoz idarəsinin binasını tuta bildi. Əmiranlar və Kuropatkino kəndlərinin dəstələri isə “Elektroset” binasını götürərək Xocavənd şəhərinin həndəvərinə daxil oldu (Velimamedov, 2021:287). Lakin erməni dəstələri yenidən toparlana bildi, yaxın kəndlərdən olan erməni dəstələri Xocavəndə yaxınlaşdılar, bundan sonra Azərbaycan dəstələrinin hücumu dayandırıldı. Erməni dəstələri səhər saatlarında əks-hücuma keçərək itirdikləri bütün mövqelərdən Azərbaycan dəstələrini çıxartdılar. Uzun sürən döyüşlərə baxmayaraq, Azərbaycan dəstələrindən heç bir hərbçi həyatını itirmədi, yalnız bir neçə ağır yaralı var idi. Milli Ordunun yanvarın 12-i və yanvarın 16-da Xocavənd şəhərinə edilən hücumu öz məqsədinə çatdı. Əsas məqsəd erməni qoşunlarını Qaradağlıdan yayındırmaq vəzifəsi idi və bu tapşırıq yerinə yetirildi (Velimamedov, 2021:288). Buna cavab olaraq, Qaradağlı yanvarın 19-u səhər 05:45 radələrində güclü atəşə məruz qaldı. Kəndə sonuncu kömək fevralın 9-da çatdı. Həmin vaxtı Milli Orduya məxsus helikopter əraziyə patron, qumbara, eləcə də kərpic çörəklər atdı.
Kəndin işğalı
İşğal ərəfəsində Qaradağlını 125 nəfər müdafiə edirdi. Bunlardan yalnız 14 nəfəri Ağdamdan köməyə gəlmiş Milli Ordunun, 70 nəfəri isə Qaradağlı özünümüdafiə dəstəsinin döyüşçüləri idi (Zülfüqarlı, 2010:8). Erməni bölmələri yanvarda Kərkicahan qəsəbəsi və Keybalı kəndi, fevralın 11-də Şuşanın Malıbəyli, Aşağı və Yuxarı Quşçular ərazisinə daxil olduqdan sonra Qaradağlını ələ keçirmək üçün hazırlığa başladılar. Xankəndidəki Müdafiə Komitəsi Qaradağlının işğalı əməliyyatını Monte Melkonyana həvalə etdi. Maraqlıdır ki, Melkonyan Qaradağlıya hücumla bağlı kəşfiyyat məlumatı üçün Kəndxurd kəndinə gəldikdə burada yaşayan kənd sakinləri belə bir hücumun əleyhinə olduğunu bildirmişdilər (Melkonian, 2008:208-209).
Azərbaycan hərbi komandanlığı Qaradağlını blokadadan çıxarmaq üçün fevralın 13-də son cəhdə əl atdı. Polkovnik Tahir Əliyev, eləcə də Ağdam milis rəisi İslah Paşayev və Əmiranlar özünümüdafiə dəstəsinin üzvlərinin birgə əməliyyatı uğursuzluqla nəticələndi. Kaftarqaya adlanan yüksəkliyə hücum zamanı Milli Ordu bölmələrinin istifadə etdiyi BRDM vuruldu. Mühasirə təhlükəsi olduğu üçün bölmələr Ağdam rayonu istiqamətində geri çəkildi.
Melkonyan hazırlıqlar üçün Xankəndiyə geri döndükdən sonra Manvel Yegiazaryanın başçılıq etdiyi “Arabo” və Aram Torqomyanın komandanlığı altında olan “Aramo” dəstəsi Qaradağlıya özbaşına hücum həyata keçirdi (Velimamedov, 2021:288). Əsas hücum məktəb direktoru Nobil Zeynalov, milis əməkdaşı Xanalı Hüseynov və könüllü müdafiə dəstələrinin döyüşçüsü Altay Həsənovun mövqeləndiyi 1-ci post istiqamətində həyata keçirildi. Güclü müqavimət göstərən Qaradağlı müdafiəçiləri erməniləri geri oturda bildi (Zülfüqarlı, 2010:10). Bu xəbər tezliklə Xankəndiyə çatdı. Bu dövrdə Monte Melkonyanın rəhbərlik etdiyi bölmə Xocalı əməliyyatına hazırlaşırdı. Dağlıq Qarabağ ermənilərinin lideri Artur Mkrtçyan Monte Melkonyanı yanına çağıraraq “Arabo” və “Aramo” dəstəsinin özbaşına Qaradağlıya hücum etməsi, kəndin müdafiəçilərinin isə bu hücumu dəf etməsi barədə məlumat verdi. Mkrtçyan Melkonyandan əməliyyatın başa çatdırılmasını xahiş etdi. Melkonyanın dəstəsinə Mehdişen (indiki Mehdibəyli) kəndinə gələn “Vətənpərvərlər” dəstəsinin üzvləri, eləcə də Aşot “Bekor” Gulyanın rəhbərlik etdiyi 1-ci Stepanakert tağımı qatıldı (Abrahamyan, 2007:337). Fevralın 16-da günorta onları aparan “UAZ” Qaradağlıya yaxınlaşdı. Yolda həmin qüvvələri qarşılayan “Arabo” və “Aramo” döyüşçüləri kəndin alındığını bildirdi. Öz uğursuzluğunu gizlədən batalyon üzvlərinin yalanı ərazi kəşfiyyatından sonra ortaya çıxdı (Melkonian, 2008:210). Həmin gün Qaradağlı kəndi hər tərəfdən mühasirəyə alındı. Qaradağlı istiqamətində Müşkapat kəndi tərəfdən bir minaatan, Qağartsi kəndi tərəfdən isə kustar üsulla hazırlanmış top quraşdırıldı. Hücum ilk olaraq Melkonyanın atəşi ilə başladı. Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabında həmin anı belə təsvir edir: “O, soyuqqanlılıqla "B-7"-ni çiyninə qoydu, hədəfi seçdi və tətiyi basdı. Birinci mərmi gurultu ilə ikinci mərtəbədəki künc pəncərədən içəri daxil oldu, içəridə hər şeyi yandırdı. Pəncərədən sarı alov püskürdü. Bu, siqnal idi və hücum edənlər kəndi güllə yağışına tutdular.” (Melkonian, 2008:211). Əsas zərbə 1 saylı post istiqamətində endirildi. Qeyri-bərabər döyüşdə Nobil Zeynalov və onun döyüşçüləri həlak oldular. Fevralın 16-da gecə digər postların müdafiəçiləri 1 saylı posta yaxınlaşaraq həlak olmuş hərbçilərin cəsədlərini qərargaha gətirdilər. Atışma altında olsalar da onlar həmin gün kənddə dəfn olundular (Zülfüqarlı, 2010:10). Kənddəki mövqelərin bir neçəsini ələ keçirən ermənilər mühasirə halqasını bağlamaq üçün hücumu gücləndirdilər. Çətin vəziyyətdə qalan Qaradağlı müdafiəçiləri rabitə ilə Ağdama hücumu saxlaya bilməyəcəkləri barədə məlumat ötürdülər. Onlara kömək göndərilməsi vəd olunduğu üçün mübarizəyə davam etmə qərarı verildi. “Vətənpərvərlər” dəstəsinin üzvü Hrayr Karapetyan xatırlayırdı: “Gecə saat 2-də yenidən Qaradağlı istiqamətində hərəkət etdik. Səhər saat 05:00 radələrində artıq kənddə idik. Kəndxurd kəndində qumbaraatan qoyub dəstə komandirinə Qaradağlıda müəyyən vaxtda kəndi bombalamağı əmr etdik. Digər istiqamətdə isə Mosi ləqəbli üzvümüz “BMP-1”dən atəş açırdı. Sübh açılan kimi bizim dəstə, Stepanakertin 1-ci tağımı kəndə daxil oldu. Artıq saat 09:00-ı keçmişdi. Azərbaycanlılar mühasirəyə alınsalar da müqavimət göstərirdilər. Saat 11:00 radələrində kəndin mərkəzində tikilmiş ikimərtəbəli evə sığındılar.” Döyüşdə iştirak edən Aslan Tağıyev xatırlayırdı: “Vəziyyətin kritikliyini görən özünümüdafiə dəstəmizin komandiri Ədalət Məmmədov bütün postlarda olan döyüşçülərin qərargaha yığışmasını əmr etdi. Müdafiəçilər bir-bir geri çəkilib qərargaha yığışdılar. Telman Tağıyev də qərargaha gəldi. Bundan sonra qərargahın həyətinə gəlib çıxmış erməni quvvələri ilə müdafiəçilər arasında qızğın döyüş başladı. Döyüş səhərə qədər davam etdi. Müdafiəçilər son patronlarını işlədirdilər. Bunu hiss edən ermənilər qərargahın həyətinə doluşmuşdular. Fevralın 17-si səhər saat 10:00-a qədər döyüş davam etdi. Daha biz tərəfdən atəş açmağa imkan qalmamışdı.” (Zülfüqarlı, 2010:12-13). Qaradağlıya hücumu yayındırmaq üçün Azərbaycan Ordusu Əmiranlar istiqamətdən Xocavənd şəhərinə tankla hücum başlatsa da bunun hansısa bir təsiri olmadı (Hakobyan, 2011:50). Vidadi Hüseynov xatırlayır: “Ağ bayraqla bizə təslim olmağı təklif etdilər. Bizdən 2 nəfər onlarla danışığa getdi. Şərtləri bu idi ki, bütün silahları verib təslim olaq. 1991-ci ilin avqustun 18-də pasport rejimi ilə 64 nəfər erməni əsir götürmüşdük, düşündük ki, bizi dəyişdirəcəklər.” Hər tərəfdən mühasirədə qalan Qaradağlı dəstəsi saat 15:00 radələrində təslim oldu. Hrayr Karapetyanın dediklərinə görə, həmin gün 139 nəfər girov götürüldü. Müsadirə edilmiş bütün silah və sursatlar hər bir dəstə tərəfindən bölüşdürülərək götürüldü. Ümumilikdə 75 Kalaşnikov avtomatı, 6 yüngül pulemyot, qumbaraatan, tapança və 2000-ə yaxın güllə ələ keçirilmişdi. Döyüşdə iştirak edən Azərbaycan dəstəsinin üzvləri isə 118 nəfərin əsir düşdüyünü bildirmişdi.
Davamı 2-ci hissədə
İstifadə edilən ədəbiyyat
Kitablar
Balayan, V. (2020) Glimpses on the history of the Artsakh republic settlements. Zangak.
http://www.historyofarmenia-am.armin.am/images/menus/2767/Balayan1.pdf
de Vaal, T. (2008). Qarabag: Ermenistan ve Azerbaycan sülh ve savaş yollarında. Bakı, İlay neşriyatı.
Denber, R., & Goldman, R. K. (1992). Bloodshed in the Caucasus: escalation of the armed conflict in Nagorno Karabakh (Vol. 1245). Human Rights Watch.
Melkonian, M. (2008). My Brother's Road: An American's Fateful Journey to Armenia. Bloomsbury Publishing.
Saparov, A. (2014). From conflict to autonomy in the Caucasus: The Soviet Union and the making of Abkhazia, South Ossetia and Nagorno Karabakh. Routledge.
Vəliyev, M. H. (1993). Azərbaycan. Fiziki coğrafi, etnoqrafik və iqtisadi oçerk). B.: Azərbaycan nəşriyyatı.
Zülfüqarlı Məhərrəm (2010) Qaradağlı faciəsi: Dağlıq Qarabağda erməni terroru: 17 fevral 1992-ci il. Qanun nəşriyyatı.
Абасов, Ф. М. (2007). Гарабагское ханство.
http://elibrary.bsu.edu.az/files/books_rax/N_227.pdf
Александр Русов (1977) Три яблока.
Велимамедов М. (2021) Карабахская война 1991-1994. Москва :Эдитус
Грант Абраамян (2007) Боевой Арцах, 1917-2000 годы, второй том, 1985-2000 годах
Мелик-Шахназаров, А. (2009). Нагорный Карабах: факты против лжи. Волшеб. фонарь.
Никонов, В. А. (Ed.). (1984). Этническая ономастика. Наука.
Qəzetlər və məqalələr
Alıoğlu, Salman (2013) Qaradağlı faciəsinin dəhşətləri, “Respublika” qəzeti, 17.02.2013.
http://www.anl.az/down/meqale/respublika/2013/fevral/294827.htm
Quliyev, V. (2018) Cəzasız qalmayan erməni vəhşiliyi. “525-ci qəzet”, 04.07.2018.