Qaradağlı qətliamı (1992) (2-ci hissə)
Əvvəli 1-ci hissədə
Qətliamın icrası
Bir çox dindar ermənilərin üzərində “gözə-göz, dişə-diş” prinsipinin təsiri qalmışdı. Belə ki, Qaradağlının alındığı xəbərindən sonra Qırmızı Bazar qəsəbəsindən gələn bir neçə erməni Melkonyandan 4 nəfər azərbaycanlını qan qurbanı kimi özlərinə verilməsini istəmişdi. Onlar OMON-un 1990-cı ildə bu qəsəbədə apardığı əməliyyatlar zamanı öldürdüyü 4 erməniyə qarşı həmin şəxsləri qətlə yetirmək istəyirdi. Ermənilərdə bu dini ritual “matağ” adlanırdı (Kuznetsov, 2017:142). Lakin Melkonyan onların bu istəklərini qəbul etmədi (Melkonian, 2008:212).
Ermənilər fevralın 17-də günorta saatlarında kəndi tamamilə ələ keçirdikdən sonra əsirləri müəyyən yerdə yığmağa başladılar. Qaradağlı sakini Aslan Tağıyev xatırlayırdı: “Oğlum Telmanda hərbi forma var idi. Düşündüm ki, onun hərbi paltarı erməniləri qızışdıra bilər. Odur ki, cəld hərəkətlə dəri gödəkçəmi və köhnə şalvarımı soyunub Telmana uzatdım və paltarını dəyişməsini tələb etdim. O, mənə tabe olub hərbi formasını mənə verdi və mənim verdiyim paltarları geyindi. Bu zaman mən onun paltarın altında qumbara gizlətdiyini gördüm. Dedim ki, oğlum, üst-başımızı axtaranda onu səndə tapsalar axırın çatacaq. Onu bir kənara at. Telman kövrək səslə dedi: “Yox! Ata, o mənə lazım olacaq.” Komandirimiz Ədalət Məmmədov ermənilərlə danışıqdan qayıtdı. Beş dəqiqəlik məsləhətləşmədən sonra çölə çıxmaq qərara alındı. Bir-bir çölə çıxır, silahlarımızı qapı ağzında yerə atır sıraya düzülürdük. Yenidən əmr verildi ki, kimdə silah, sənəd, pul və qiymətli əşya varsa yerə töksun. Pul və sənədlərdən böyuk bir qalaq alınmışdı. Arxada dayananlardan başlayaraq bizim adamların üst-başlarını əlləri ilə yoxlamağa başladılar. Təxminən 15 nəfər yoxlandı, onlardan heç nə tapılmadı. Telmana növbə çatmamış yoxlamanı davam etdirməyi lazım bilmədilər. Ürəyim bir az sakitləşdi.” (Zülfüqarlı, 2010:12-13).
Əsir götürülən döyüşçülərdən Vidadi Hüseynov isə həmin anları belə xatırlayırdı: “Ermənilər bizi girov götürərkən onların yanında ağ xalatlı həkim qrupu da var idi. Erməni əsgərləri cərgədə yanımıza gəlib saatlarımızı, pullarımızı və qiymətli əşyalarımızı tələb edirdilər. Arxadan 10-15 nəfərin üst-başını yoxladılar. Sonra yoxlamanı davam etdirmədilər. Kolxoz idarə binası həyətində biri “Ural”, o biri “KamAz” markalı iki yük maşını dayanmışdı. Bizə maşınlara tərəf hərəkət əmri verildi. Bir erməni zabiti qocaları və qadınları “KamAz”-a, cavanları isə üstü çadırlı “Ural”-a minmələrini əmr etdi. Mən 14 yaşlı məktəbli Avtandil Nağıyevə maşına çıxmağa kömək etdim və özüm ən axırıncı olaraq maşına çıxdım. Oturmağa yer olmadığından Faiq məni özünə tərəf çəkdi və mən onun dizləri üstündə oturdum. Birdən bir mülki geyimdə olan orta yaşlı erməni maşına yaxınlaşıb dedi: “Mən burda 3 nəfər türk öldürməliyəm”. Sonra Eldarı adla çağırdı. Eldar Dadaşov yerə düşən kimi tapança ilə onu alnından vurdu. O biri maşından da bir nəfər düşürüb vurdular. Bundan sonra kimi çağırdılarsa heç kim cavab vermədi.” (Zülfüqarlı, 2010:12-13). İkinci öldürülən şəxs Şahmurad Hüseynov idi. Onları Murad Quliyevin evinin yanında öldürmüşdülər. Şamxal Şirinov xatırlayır: “Bizdə azyaşlı uşaqlar var idi. Hüseynov İbrahim Həbib oğlu, Əliyev Xaliq Məhərrəm oğlu, Hüseynov Niftalı Bakir oğlu. Bunları maşının yanına gətirdilər. Ermənilərin komandiri var idi. Ona “Mamedcan” (Manvel Yegiazaryanı nəzərdə tutur) deyirdilər, qara forma geyinmişdi, başında çalması var idi. Hamını maşına mindirəndə dedi ki, uşaqları özümlə aparacam. Yaşıl rəngdə VAZ-2106-sı var idi.” “Arabo” və “Aramo” batalyonunun döyüşçüləri kənd anbarındakı tonlarla buğdanı maşınlara yüklədilər. Kənddəki bütün evlər yağmalandıqdan sonra yandırıldı. Bundan sonra maşınlara hərəkət etmə əmri verildi. Yük maşınından biri Şahmurad Hüseynovun meyidi üzərindən keçərək getməyə başladı. Vidadi Hüseynov xatırlayır: “Ural” maşınında çox sıx oturmuşduq, 70-80 nəfər bir maşında idi. Telman mənə özündə qumbara olduğunu dedi. Arxadan isə “Jiquli” gəlirdi. O, qumbaranı maşına atmağı təklif etdi. Həmin vaxt maşın dayandı. Bu ərazidə bir dəfə erməni öldürmüşdük. Dedilər ki, 10 nəfər düşsün aşağı. Başa düşdüm ki, qisas almaq istəyirlər. Maşının arxasında oturduğum üçün qapı açılan kimi özümdən asılı olmayaraq aşağıya düşdüm. Əllərində bayraq var idi, avtomatlar hazır gözləyirdi.” “Arabo” və “Aramo” dəstələrinin döyüşçüləri qadınların da olduğu 38 əsirin xəndəyə girməsini əmr etdi (Melkonian, 2008:211). İlqar Hüseynov xatırlayır: “Qardaşım Vidadi, mən və Telman aşağıya düşdük. Telman mənə pıçıltı ilə özündə qumbara olduğunu dedi. Simi çəkdi və yanındakı əsgərin ayağının altına tulladı.” Telman Tağıyevin atdığı qumbara “Vətənpərvərlər” dəstəsinin üzvü Levonun ayaqları arasında partladı (Melkonian, 2008:211-212). Vidadi Hüseynov xatırlayır: “Ermənilər “qranat” deyə qışqıraraq uzandılar.Mən tullandım, avtomatlar atırdı, nəsə mənə deydi amma özümü itirmədim. Xəndəyə üzü üstə düşdüm. Özümdən getdim. Hava qaralanda özümə gəldim və gördüm ki, meyidlər asfaltın kənarındadı. Yaxınlaşıb üzlərinə baxmağa qorxdum. Meşə ilə gecə Ağdamın Abdal-Gülablı kəndinə gəlib çatdım.” Qumbaranın partlamasından sonra “Arabo” və “Aramo” dəstəsinin əsgərləri əsirləri güllələməyə başladılar və bıçaqları ilə istisnasız olaraq hamısını doğradılar. Aştarakdan olan dəstənin 5 üzvündən biri olan Edo bir neçə nəfərin üzərinə benzin tökdü və yandırılmış kibriti onların üstünə atdı. Monte xəndəyə yaxınlaşanda orada yanmış meyitlərin qalıqları var idi. Həmin ərazidə atışma zamanı ermənilər 33 nəfəri bıçaq və avtomatla öldürdü (Aydınoğlu və Sultanov, 2012:6). Bu ərazidəki qətliamdan sonra maşınlar yenidən hərəkətləndi. Zəki bulağı tərəfdə maşınlar bir daha dayandı. Şamxal Şirinov xatırlayır: “Əsirlər arasında Mobil Vəliyev var idi. Ermənilərə yalvardı ki, onu öldürməsin, 6 qız atası idi. Ermənilərdən biri gülümsəyərək dedi ki, dur qaç, sənə toxunmayacağıq. 10-15 metr qaçmışdı ki, arxadan vurdular.” Nngi kəndi ətrafında isə daha bir girov - Elmidar Bayramov öldürüldü. Bu istiqamətdən sonra qətliam bitdi və maşınlar Xankəndiyə kimi hərəkət etdi. Burada əsirlərin müxtəlif həbsxanalara yerləşdirildi.
İtkilər
Qaradağlı əməliyyatı zamanı “Arabo” batalyonunun “Arç” ləqəbli komandiri Edik Melkumyan öldürüldü. Eyni zamanda kəndə hücum zamanı Qağartsi kənd dəstəsinin komandiri Kamo Balasyan və onun müavini Magellan Petrosyan yaralandı (Balayan, 2020:504). Kənddəki müdafiə qüvvələrinin güclü müqaviməti xüsusilə “Arabo” və “Aramo” dəstəsinin üzvlərini aqressivləşdirmişdi (Abrahamyan, 2007:337). “Vətənpərvərlər” dəstəsinin üzvü Hrayr Karapetyan Qaradağlıdakı qətliamı buradakı itkilərlə əlaqələndirirdi: “Təəssüflər olsun ki, Qaradağlı uğrunda gedən döyüşdə 6 itkimiz oldu ki, onların da bir qismi “Arabo” dəstəsindən idi. Həmçinin 3-ü bizim dəstədən olmaqla 14 yaralı vermişdik. Qaradağlıda bizim dəstənin üzvlərinin də iştirak etdiyi xoşagəlməz hadisələr baş verdi. Yaxınlarını itirməyin yaratdığı kədər bəziləri vicdanlarını itirməsi ilə nəticələnmişdi.”
Markar Melkonyan Qaradağlıdakı qətliam nəticəsində 53 nəfərin öldürüldüyünü qeyd edir (Melkonian, 2008:212). Uppsala universitetinin tədqiqatçısı Svante Kornel Malıbəyli, Qaradağlı və Ağdaban kəndlərinin işğalı və əhalisinin qovulması nəticəsində azı 99 mülki şəxsin həlak olduğunu, 140 nəfərin isə yaralandığını qeyd edib (Cornnel, 1999:31). Bir digər tarixçi Kristofer Tornton Qaradağlı qətliamı nəticəsində 12-si uşaq olmaqla, 50-yə yaxın azərbaycanlının qətlə yetirildiyini yazıb (Thornton, 2014:633-649).
Azərbaycan qaynaqlarında bununla bağlı ziddiyətli rəqəmlər qeyd olunur. Məlumatların birində 54 nəfər dinc sakinin qətlə yetirildiyi, 50 nəfərin əsir götürüldüyü, digər məlumatda isə 90 nəfərin həlak olması, 6 nəfərin itkin düşməsi və 9 nəfərin əsir götürülməsi bildirilir. Aşağıda Qaradağlıdakı döyüşlər zamanı həlak olan şəxslərin bir qisminin ad və soyadları qeyd olunub:
- 1990-1992-ci illərdə öldürülənlər - Məmmədov Tohid, Məmmədov Məmməd, Şirinov İltifat, Şirinova Qaragöz, Hüseynova Səbiqə, Hüseynova Məxmər, Quliyev Əloğlan, Quliyev Gündüz, Quliyeva Nazənin, Hüseynova Rahilə, Hüseynova Rəxşəndə, Hüseynova Gülzəndə, Hüseynova Qənirə, Hüseynov Zülfüqar, Hüseynov Xandəmir, Hüseynov Əsgər, Hüseynov Xanalı, Hüseynov Şahmurad, Hüseynov Dəmir, Hüseynov Nahid, Hüseynov Fədail, Hüseynov Fehruz, Hüseynov Həbib, Babayeva Validə, Zeynalov Nobil, Həsənov Altay, Dadaşov Manaf, Dadaşov Uğur, Dadaşov Eldar, Bayramov Rəşid, Rüstəmova Zibər, Bayramov Arif, Kərimov Əliqismət, Doluxanov Rəhim, Abbasov Sərvər, Bayramov Elmidar, Kazımov Səlim, Tağıyev Telman, Tağıyev Elsevər, Tağıyev Bakir, Tağıyev Zakir, Tağıyev Faiq, Süleymanov Elçin, Quliyev Nəbi, Quliyev Mirzəli, Quliyev Ələkbər, Əliyev Zahid, Əliyev Qasım, Mustafayev Qərib, Mustafayev Talıb.
- Girovluqda olarkən qətlə yetirilənlər - Hüseynov İmran, Hüseynov Şura, Şirinov Böyükkişi, Tağıyev Kamil, Vəliyev Fazil, Nəzərov Şura, Quliyev Əlaslan, Quliyev Kamal
- Taleyi indiyədək naməlum olanlar – Əliyev Xaliq, Hüseynov İbrahim, Hüseynov Niftalı, Kərimov Firdovsi, Əliyev Vətən, Axundov Hafiz, Dadaşov Mikayıl, Hüseynov Əbülfət, Vəliyev Füzuli, Malik Mustafayev, Nəsir Əmrahov.
Bu qeyd olunan siyahıda Məmmədov Tohid, Şirinov İltifat, Şirinova Qaragöz, Hüseynova Səbiqə, Hüseynova Məxmər, Quliyev Əloğlan, Quliyev Gündüz, Hüseynova Gülzəndə, Hüseynova Qənirə, Hüseynov Zülfüqar, Hüseynov Xandəmir, Babayeva Validə, Bayramov Rəşid, Tağıyev Elsevər, Tağıyev Bakir, Süleymanov Elçin və Quliyev Ələkbər fevral faciəsinə qədər ermənilər tərəfindən öldürülmüşdü. Ümumilikdə, əldə edilmiş statistika əsasında 15 fevraldan aprelə qədərki dövrdə minimum 52 nəfərin erməni bölmələri tərəfindən qətlə yetirildiyini qeyd etmək mümkündü. Kəndin alınması zamanı girov götürülənlərin bir qismi isə mart ayına kimi Azərbaycana geri verildi. Aprelin 26-da girovların dəyişdirilməsi prosesində iştirak edən AXC-nin Ağdam üzrə bölməsinin rəhbəri Allahverdi Bağırovun “Helsinki Watch”-a verdiyi müsahibədə 17 nəfər Qaradağlı sakininin hələ də əsirlikdə olduğu bildirmişdi (Denber & Goldman, 1992:39).
Nəticə
Qaradağlının işğalı Azərbaycan hökumətinə təzyiqin artması ilə nəticələndi. Kərkicahan, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlının itirilməsi müdafiə naziri Tacəddin Mehdiyevin reputasiyasına ciddi zərbə endirdi. Bu səbəbdən müxalifətdən güclü təzyiqə məruz qalan Prezident Ayaz Mütəllibov fevralın 17-də onu vəzifəsindən kənarlaşdırdı. Bu dövrdə orduda ümumi əhval-ruhiyyə çox zəifdi. Ermənilərdə isə əksinə özünə inamın artması növbəti hücumlarla nəticələndi. Qaradağlıdan sonra erməni bölmələri fevralın 22-də Füzuli rayonunun Xocavənd rayonu daxilində qalan anklavı Yuxarı Veysəllini ələ keçirdi. Bununla Qaradağlının geri qaytarılması qeyri-mümkün oldu.
İşğal nəticəsində Qaradağlı kəndində 200 yaşayış evi əşyalarla birlikdə, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana və çoxlu sayda digər obyektlər dağıdıldı (Alıoğlu, 17.02.2013:7). Qarabağ müharibəsi dövründə kənddə bir neçə hektar sahədə narkotik vasitə - həşiş əkilmişdi (Melkonian, 2008:257). Müharibə bitdikdən sonra həmin sahələr yandırıldı.
1999-cu ilə kimi kənd ərazisi xarabalığa çevrilmişdi. Həmin ildən etibarən ərazidə yeni yaşayış məntəqəsi quruldu, buraya əhalinin köçürülməsinə başlanıldı. Kəndin əvvəlcə adı Arçadzor adlandırılsa da, qısa müddət sonra Vərəndə olaraq dəyişdirildi (Balayan, 2020:504). Qaradağlının bu dövrdə ərazisi 623,78 hektar idi. Bu ərazinin bunun 410,26 hektarını kənd təsərrüfatı, 123,54 hektarını meşə torpaqları təşkil edirdi. Kənd işğal dövründə istənilən formada inkişaf etmədi. Sosial iqtisadi vəziyyətin ağırlığı səbəbi ilə əraziyə gələn ermənilərin bir qismi buranı tərk etdi. Qaradağlıda 2015-ci ildə 24 təsərrüfatda 110 erməni yaşayırdı (Ghahramanyan, 2015:268). Kəndin əsl sakinləri isə işğaldan sonra Beyləqanın Yeni Qaradağlı qəsəbəsində məskunlaşdı. Qəsəbədə 17 fevral tarixində kənddə həlak olmuş şəxslərin şərəfinə abidə ucaldılmışdı (“Respublika” qəzeti, 18.02.2020:3). 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusu Qaradağlı kəndinə gəlib çata bilmədi. Lakin üçtərəfli bəyanatın 7-ci maddəsində yerli əhalinin yaşadığı yerlərə geri qayıtması haqqında qeydin olması Qaradağlı əhalisinin yaşadığı tarixi torpaqlara qayıtması məsələsini aktual saxlayır.
İstifadə edilən ədəbiyyat
Kitablar
Balayan, V. (2020) Glimpses on the history of the Artsakh republic settlements. Zangak.
http://www.historyofarmenia-am.armin.am/images/menus/2767/Balayan1.pdf
Cornell, S. E. (1999). The Nagorno-Karabakh Conflict. Uppsala: Univ.
Denber, R., & Goldman, R. K. (1992). Bloodshed in the Caucasus: escalation of the armed conflict in Nagorno Karabakh (Vol. 1245). Human Rights Watch.
Ghahramanyan, H. (2015). Directory of socio-economic characteristics of the administrative territorial units of the Nagorno Karabakh Republic.
https://artsakhlib.am/wp-content/uploads/2018/06/Ghahramanyan-Hakob-NKR-teghekatu.pdf
Melkonian, M. (2008). My Brother's Road: An American's Fateful Journey to Armenia. Bloomsbury Publishing.
Zülfüqarlı Məhərrəm (2010) Qaradağlı faciəsi: Dağlıq Qarabağda erməni terroru: 17 fevral 1992-ci il. Qanun nəşriyyatı.
https://www.ebooks.az/book_sz5TMeBl.html
Грант Абраамян (2007) Боевой Арцах, 1917-2000 годы, второй том, 1985-2000 годах.
Qəzetlər və məqalələr
Alıoğlu, Salman (2013) Qaradağlı faciəsinin dəhşətləri, “Respublika” qəzeti, 17.02.2013.
http://www.anl.az/down/meqale/respublika/2013/fevral/294827.htm
Aydınoğlu T. və Sultanov Z. (2012) Qaradağlı: Qarabağın sinəsinə çəkilmiş qara dağ Qaradağlı faciəsindən 20 il keçir. “Xalq” qəzeti, 17.02.2012.
http://www.anl.az/down/meqale/xalqqazeti/2012/fevral/233328.htm
Thornton, C. (2014). Genocide's Deadly Cycle: Letter from the Caucasus. Sewanee Review, 122(4), 633-649.
https://muse.jhu.edu/article/561748
Kuznetsov, Oleg (2017) The Ethno-Religious Origins Of International Terrorism Perpetrated By Armenian Nationalists (Historical-Cultural Analysis), 119-150.