Küçələrdən sərhədə: İranın Azərbaycanla bağlı artan paranoyası
Dekabrın 31-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının İranın xarici siyasətində prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Bəyanat Tehranın bu ilin payızında Azərbaycanla yaşanan gərginlikdən sonra ikitərəfli vəziyyəti normallaşdırmaq istəyindən xəbər verir. Bununla belə, iki ölkə arasında gərginlik hələ də yüksək olaraq qalır.
Artan gərginlik
Azərbaycan-İran münasibətləri Azərbaycanın 2020-ci ildəki müharibədə Ermənistan üzərində qələbə çalmasından sonra gərginləşib. Lakin son bir neçə ayda İranın Azərbaycan sərhədi yaxınlığında iki irimiqyaslı təlim keçirməsi və Bakını düşmənləri ilə əməkdaşlıqda və daxili işlərinə qarışmaqda ittiham etməsi ilə vəziyyət kəskin şəkildə pisləşib. Bakının irəli sürdüyü və Azərbaycanın qərb vilayətlərini Cənubi Ermənistan ərazisindən keçməklə Naxçıvan eksklavı ilə birləşdirəcək Zəngəzur quru nəqliyyat dəhlizinin potensial reallaşması da İranın özünü təhlükədə hiss etməsinə səbəb olub. İran ehtiyat edir ki, bu dəhliz onun Ermənistana çıxışını kəsə və onu Azərbaycandan keçmək istisna olmaqla, Cənubi Qafqaz regionundan daha da ayıra bilər.
Oktyabr ayında “Qüdrətli İran” kod adlı hərbi təlimlər zamanı İran qüvvələri ponton körpüləri qurmağı və müəyyən hissəsi iki ölkə arasındakı sərhədin bir qismini təşkil edən Araz çayını keçmək üzrə məşq edib. İran qüvvələri ilk dəfə idi ki, belə təlimlər keçirirdi. "Mən İranın üç əvvəlki prezidenti ilə - prezident [Məhəmməd] Hatəmi, prezident [Mahmud] Əhmədinejad və prezident [Həsən] Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı”, - deyə noyabrın sonlarında Azərbaycan Prezidenti İlham Əliyev İranın hazırkı hökumətindən məyusluğunu ifadə edib.
Tabu zonaya soxulmaq
Bakının artan qəzəbinə baxmayaraq, İran dövlət mediası da son aylar Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə şübhə altına almağa başlayıb. Azərbaycanlılar İranda ən böyük etnik azlığı təşkil etdiyinə görə, Azərbaycan və İran arasında sərhədlərlə bağlı sualların həlli keçmişdə Pandora qutusunun açılmasına bənzəyirdi. Hər iki ölkə başa düşürdü ki, sərhədlərin legitimliyinə kölgə salmaq bir-birinin suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi qəbul edilə və hərbi münaqişəyə çevrilə bilər. Lakin bu anlayışa İran tərəfindən getdikcə daha çox etiraz edilir. Noyabrın 4-də dövlət televiziyasında yayımlanan müsahibədə İran parlamentinin azərbaycanlı əsilli deputatları iki ölkə arasında müəyyən edilmiş sərhədlərin etibarlılığına şübhə ilə yanaşıblar. İranın dövlət mediası da sosial mediada Azərbaycanın Naxçıvan bölgəsinin sakinlərinin Rusiyanın Ukraynanı işğal etməzdən əvvəl başlatdığı dezinformasiya kampaniyasına bənzər dil və taktikalardan istifadə edərək İrana qoşulmaq üçün müraciət etdiklərini iddia edərək dezinformasiya kampaniyalarını gücləndirib. İranın ali dini liderinin baş müşaviri Əli Əkbər Vilayəti “Təsnim” xəbər agentliyində (İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəlidir) dərc olunan məqaləsində İran hüdudlarından kənarda yaşayan azərbaycanlılara üstüörtülü bir iddia irəli sürüb.
İranın əlaltılarından təhdid
Tehran Azərbaycana mesaj ötürmək və təsir göstərmək üçün asimmetrik taktikalardan da istifadə edib. Onilliklər ərzindəki təcrübədən sonra, İranın bu sahədəki oyun kitabı olduqca sadədir: İranın düşmənlərinə qarşı mübarizə yükünü “müqavimət oxu” adlandırılan SEPAH-ın əlaltılarının həvalə etmək. 2012-ci ildən İran Birləşmiş Ştatlara və onun regional tərəfdaşlarına qarşı çəkindirmə strategiyasını “mozaik müdafiə”dən – işğalçı qüvvəyə qarşı dağıdıcı müharibəni vurğulayan doktrinadan ölkəyə potensial hücumların qarşısını almaq üçün İran sərhədlərindən kənarda vuruşmağı önə sürən daha hücum xarakterli “irəli müdafiə” doktrinasına dəyişib. Bu strategiya Tehranın strateji təcridini kompensasiya etmək üçün İraq, Suriya, Livan və Yəməndə əlaltı təşkilatların istifadəsi ilə nümayiş etdirilib.
Bəzi Yaxın Şərq ölkələrində olduğu kimi, Tehran Azərbaycanda əksəriyyət təşkil edən şiə əhalisini öz narrativlərini təbliğ etmək və Bakının qərarvermə mexanizminə təsir göstərmək məqsədilə yerli əlaltılar yaratmaq üçün münbit zəmin hesab edir. Son vaxtlar Azərbaycanda hökuməti devirmək və İrandan nümunə götürülmüş teokratik “Kərimə dövləti” qurmaq məqsədi daşıyan “Hizbullah”-a bənzər “Hüseyniyyun” silahlı hərəkatının meydana çıxması Tehranın Azərbaycan dövlətçiliyinə daxildən meydan oxumaq üçün hansı yollara əl atmağa hazır olduğunu göstərir. Bu təsir şəbəkələri birbaşa İİKK dəsti-xətti daşıyır.
Məzhəb ayrılığı
Bununla belə, bir sıra amillər, o cümlədən Azərbaycan dövlətinin və cəmiyyətinin dünyəvi xarakteri səbəbindən İranın dəstəklədiyi əlaltıların Azərbaycanda yerli əhalidən gözəçarpan dəstək qazanma ehtimalı çox aşağıdır. Nümunə olaraq qeyd edək ki, Azərbaycanın daxilində SEPAH tərəfindən idarə olunan qüvvələr indiyədək Ermənistanı Azərbaycana qarşı təcavüzkar kimi görən daha geniş milli diskursa zərbə vura bilməyiblər. Bunun Tehran üçün problemli olduğu sübuta yetib. Azərbaycanın bölgədə yüksəlişinin qarşısını almaq üçün İran, hətta azərbaycanlı şiə əhalisi ilə məzhəb birliyi bahasına olsa belə, Ermənistanla münasibətlərini çoxdan prioritet hesab edirdi. Bununla belə, Azərbaycan cəmiyyəti İrəvan və Tehran arasındakı, İslam Respublikasının Azərbaycanda ideoloji və ya siyasi dayaq əldə etmək imkanlarına əhəmiyyətli dərəcədə maneə törədən bu güclü əlaqələrdən agahdır.
Azərbaycanın İranın iddialarına reaksiyası
Bakı son aylarda İranın regiondakı iddialılığına qarşı sərt tədbirlər görüb. Noyabrda Azərbaycan xüsusi təyinatlıları İranla sərhəddə hərbi təlimlər keçirib. Prezident Əliyev təlimlərin Azərbaycanın cənub qonşusundan qorxmadığını nümayiş etdirmək üçün keçirildiyini vurğulayıb. Mesajı həqiqətən ünvanına çatdırmaq üçün Azərbaycan dekabr ayında Türkiyə ilə birgə hərbi təlimlər də keçirdi. “Qardaş yumruğu” adlanan təlimlərdə Azərbaycan tanklarının İranla sərhəd yaxınlığında, Araz çayı üzərində ponton körpülərdən keçməsi də daxil edilib və bu, İranın oktyabr ayındakı manevrlərinə qarşı güzgü effekti yaradıb. Türkiyə-Azərbaycan təlimlərinə Türkiyənin yüksək rütbəli hərbi rəsmiləri, o cümlədən müdafiə naziri Hulusi Akar və Hərbi Qərargah rəisi Yaşar Gülər nəzarət edib.
Həmçinin Azərbaycan İranın xüsusi xidmət orqanlarında işlədiyi iddia edilən 19 nəfəri saxlayıb. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, həmin şəxslər İran tərəfindən hərbi təlim keçmək üçün Suriyaya aparılıb və daha sonra Azərbaycan dövlətinə qarşı təxribat fəaliyyəti həyata keçirmək üçün əlaltı kimi xidmət göstərmək niyyətində olublar. Bundan əlavə, Azərbaycan xəbər kanalları İranın xüsusi xidmət orqanlarına mənsub olduğu güman edilən 14 nəfərin adını çəkərək, onları erməni separatçılarına Azərbaycana qarşı təxribat hazırlamaq məqsədilə Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağın bəzi hissələrinə daxil olmaqda ittiham edib.
İranın daxili böhranının xaricə çıxarılması
İran və Azərbaycan arasında münasibətlər həmişə gərgin olub, lakin İranda hökumət əleyhinə ümummilli etirazlar mövcud vəziyyətə yeni mürəkkəblik səviyyəsi əlavə edib. Geniş ictimai narazılıqla üzləşən İran rejimi daxili legitimlik böhranının günahını xarici qüvvələrin üzərinə atmağı seçdi. İranda hakim rejim bu etirazların xaricdən təşkil olunduğunu qəti şəkildə bəyan edir və günahkarlardan biri kimi Azərbaycanı işarə edib. Mahiyyət etibarı ilə xarici müdaxilə ittihamı İran rejimi üçün diqqəti öz uğursuzluqlarından yayındırmaq və ictimai məyusluğu azaltmağa kömək edə biləcək “bayraq ətrafında birləşmə” effektini gücləndirmək üçün əlverişli üsuldur. Beləcə, qonşu ölkələrlə gərginliyin artması daxili gərginliklər üçün bir növ “təhlükəsizlik klapanı” rolunu oynayır.
Bu taktika daxili siyasətdə müvəqqəti rahatlama təmin etsə də, İranın regional mövqeyi üçün əhəmiyyətli risklər daşıyır. Azərbaycanı günah keçisinə çevirmək İran daxilində daha çox qeyri-sabitliyə və iğtişaşlara səbəb ola bilər. Məhz, Tehranın Bakının daxili vəziyyəti qeyri-sabitləşdirmək üçün iranlı etnik azərbaycanlılardan istifadə edəcəyindən qorxması “çağırılmış öncəgörənlik” effektinə səbəb olaraq, İranın öz hərəkətləri nəticəsində Azərbaycanın İranın daxili işlərinə daha çox qarışmasıyla yekunlaşa bilər. Bakı “dişə diş” strategiyasının bir hissəsi olaraq İslam Respublikasındakı azərbaycanlı azlığın taleyi barədə artıq açıq şəkildə danışmağa başlayıb, halbuki keçmişdə bunu etməkdən böyük ölçüdə çəkinirdi. “Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik.”, - deyə Prezident İlham Əliyev noyabrda bəyan edib.
İnkişaf etməkdə olan Rusiya-İran ittifaqı
İran Azərbaycanla gərginliyi artırdıqca, Azərbaycan da İsraildə səfirliyini açdığını elan edərək, yəhudi dövləti ilə təhlükəsizlik tərəfdaşlığını gücləndirmək üçün hərəkətə keçib. İsrail və Azərbaycan təxminən otuz ildir ki, sıx əlaqələrə malikdir; lakin İsrailin 1993-cü ildən Bakıda səfirliyi olsa da, indiyə qədər bu, qarşılıqlı deyildi. Səfirliyin açılması qərarı Azərbaycanın İran, Ermənistan və Rusiya regional oxunu tarazlaşdırmaq strategiyasının mühüm hissəsidir.
Rusiyanın Ukraynadakı uğursuzluğu və Kremlin İranın pilotsuz təyyarələri və raketlərinə artan ehtiyacı İrana Cənubi Qafqazda təsirini artırmaq imkanı verib. Bu yaxınlarda Bayden administrasiyası Tehran və Moskva arasında yaranan hərbi tərəfdaşlığa görə həyəcan təbili çaldı və xəbərdarlıq etdi ki, möhkəmlənən bu münasibətlər “yalnız Ukrayna üçün deyil, həm də İranın regiondakı qonşuları üçün təhlükə yaradır”. Həm Rusiya, həm də İran Qərbin regionda artan iştirakından narahatdır və bunu öz regional ambisiyaları üçün təhlükə hesab edirlər. 2022-ci ilin oktyabrında Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində monitorinq missiyasının yerləşdirilməsi barədə qərar qəbul etdikdən sonra, 2023-cü ilin yanvarında yeni missiyanın müddəti 2 ilə yüksəldildi, Moskva və Tehran Qərbin Cənubi Qafqazda mövcudluğundan narahatlığını bildirdi. Kreml Qarabağdakı status-kvonu dəyişdirmək üçün Azərbaycanla Qərb arasında potensial əməkdaşlığı Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə meydan oxumaq kimi görür - bu, İranın regionda təsirinin artmasından qat-qat təhlükəlidir. Ola bilsin ki, Rusiya ümid edir ki, İranın Azərbaycana artan təzyiqləri Bakının diqqətini yayındıracaq, onun resurslarını tükədəcək və bununla da Rusiyanın regionda onsuz da zəifləmiş hökmranlığına meydan oxumaq qabiliyyətini sarsıdacaq.
Potensial nəticələr
İrandakı daxili qarışıqlıq və Rusiyanın Ukraynadakı kobud səhvi Azərbaycan və İran arasındakı gərgin münasibətləri daha da mürəkkəbləşdirib, hər iki tərəf bir-birinin hərəkətlərini təhdid kimi qiymətləndirib və cavab tədbirləri görüb. Bu, şiddətlənən, dinamik, spiralvari vəziyyət yaradıb və münaqişə ehtimalını artırıb. Azərbaycan və İran arasında potensial silahlı toqquşma Türkiyə və Rusiya kimi digər gücləri cəlb edərək daha geniş bir region üçün böyük nəticələrə səbəb ola bilər. Bizə isə tərəflərin soyuq başla hərəkət edib-etməyəcəyini gözləmək qalır.