Tovuz döyüşləri (1-ci hissə)
İkinci hissəni buradan oxuya bilərsiniz.
Ermənistanda 2018-ci ildə baş verən “Məxməri inqilab”dan sonra hakimiyyətin dəyişməsi beynəlxalq müşahidəçilərdə, eləcə də Azərbaycan cəmiyyətində Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün müəyyən ümid yaratmışdı. “Haykakan Jamanak” qəzetinin baş redaktoru olmuş Nikol Paşinyan jurnalist fəaliyyətinə görə əvvəllər həbs olunmuşdu. O, Ermənistanda insan hüquqlarının qorunması sahəsində aktiv fəal kimi tanınırdı. Paşinyanın iqtidara gəlməsindən sonra Ermənistan - Azərbaycan münasibətlərində müəyyən pozitivlik yarandı. 2018-ci ilin dekabrın 5-də Milan şəhərində Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşdü. Bu görüşdə tərəflər müəyyən razılaşma əldə etdiklərini bildirdilər. Bu razılaşmadan sonra Nikol Paşinyan xalqların sülhə hazırlığının vacibliyini vurğuladı. Paşinyanın hakimiyyətdə olduğu ilk il ərzində Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində insidentlər minimuma endi. Münasibətlərdə normallaşma Ermənistan müxalifətinin ürəyincə deyildi və iqtidara təzyiq artmağa başladı. Müxalifətin təzyiqi ilə bir müddət sonra Paşinyanın Azərbaycana qarşı ritorikası dəyişməyə başladı. Ermənistanın siyasətində əsaslı dəyişiklik 2019-cu il martın 29-da hiss edildi. Həmin gün Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşdən bir neçə saat sonra Ermənistan müdafiə naziri David Tonoyan Nyu-Yorkda yerli erməni icması ilə görüşündə yeni prinsipini açıqladı. Ermənistanın hərbi lideri Qarabağ münaqişəsinin nizamlanmasında "sülh müqabilində ərazilər" düsturunun “yeni müharibə - yeni ərazilər” ilə əvəz olunduğunu bildirdi: “Sülh müqabilində ərazilərin geri verilməsi artıq keçmişdə qalıb. Erməni tərəfi başa düşüb ki, “təhlükəsizlik zolağı” ərazilərinin Madrid prinsipləri əsasında Azərbaycana verilməsi ölkənin müdafiə potensialını sarsıdacaq. Ermənistan Silahlı Qüvvələrinin strategiyası bundan sonra hücum xarakterli olacaq. Biz daimi müdafiə strategiyasından çıxacağıq. Biz hərbi əməliyyatları düşmənin ərazisinə keçirə bilən bölmələrin sayını artıracağıq”.
2019-cu ilin may ayında Şuşanın işğal il dönümündə iştirak edən Nikol Paşinyanın nümayişkaranə rəqsi azərbaycanlıların heysiyyətinə toxundu. 2019-cu il avqustun 5-də Xankəndində keçirilən ümumerməni oyunları zamanı Paşinyanın Dağlıq Qarabağı Ermənistan ərazisi adlandırması tərəflər arasında gərginliyi artırdı. Bundan başqa o, ATƏT-in müəyyən etdiyi danışıqlar formatını dəyişdirərək “DQR”-nin sülh danışıqlarına müstəqil tərəf kimi daxil edilməsini təkid etməyə başladı. Bu istək Azərbaycandan başqa ATƏT-in Minsk qrupunun üzv dövlətləri rəhbərliyində də narazılıq yaratdı. Qorçakov adına İctimai Diplomatiya Fondunun təşkil etdiyi videokonfransda çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov mövcud “müəyyən edilmiş danışıqlar formatını” dəstəklədiyini bildirdi. ATƏT-in digər həmsədr dövlətləri olan Fransa və ABŞ da buna bənzər açıqlama ilə yadda qaldılar. 2020-ci il martın 31-də “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “prezident seçkilərindən” sonra Arayik Harutyunyanın andiçmə mərasimini Şuşada həyata keçirməsi gərginliyi daha da artırdı. Həmin mərasimdə “DQR” rəhbərliyi “parlamentin” 2022-ci ildə Şuşaya köçürüləcəyini açıqladı. Şuşanın azərbaycanlılar üçün daşıdığı mənəvi əhəmiyyəti nəzərə almadan atılan bu addım Azərbaycan tərəfi üçün səbr kasasının daşmasından ötrü son damla idi.
Son olaraq, iyulun 2-də general-leytenant Vaqarşak Harutyunyan hərbi konsepsiyalarında Mingəçevir su anbarının vurulmasını qeyd etməsi münasibətləri tamamilə korladı.[1] Bu ifadədən 10 gün sonra Tovuz ətrafında döyüşlər başlandı.
Münaqişənin səbəbləri
Döyüşlərin başlanmasından qısa müddət sonra münaqişənin səbəbləri haqqında müxtəlif versiyalar ortaya atıldı. Qərb ekspertlərinin böyük əksəriyyəti münaqişəyə Azərbaycanın səbəb olduğunu düşünürdü. Britaniyanın beynəlxalq münasibətlər sahəsində beyin mərkəzi “Chatham House” təşkilatının Rusiya və Avrasiya üzrə mütəxəssisi Laurens Broers döyüşləri Azərbaycanın geosiyasi motivləri ilə əsaslandırmağa çalışdı. “Karnegi Avropa Fondu”nun baş elmi əməkdaşı, Cənubi Qafqaz regionu üzrə ekspert Tomas de Vaal münaqişənin dondurulmuş formatının Bakı üçün uyğun olmadığını bildirdi: “Bu əməliyyatları hansı dövlətin başlatdığı bəlli deyil. Ancaq Azərbaycan bunu həyata keçirməyə daha çox maraqlıdır. Azərbaycan 2018-ci ildən bəri siyasi irəliləyişin olmamasından məyusdur. Prezident Əliyev bunu açıq şəkildə deyib. Bu əməliyyatla vəziyyətin “normal olmadığını” dünyaya xatırlatmaq istəyə bilər.” Lakin bu ekspertlərin nəzərə almadığı bir çox nüans var idi. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın beynəlxalq sərhədlərinə hücumu bu təşkilatın bütün üzvləri ilə üz-üzə gəlmək demək idi. Azərbaycan bu halda Rusiya və digər üzv dövlətlərlə konfliktə girə bilməzdi. Üstəlik, belə bir hücum beynəlxalq hüququn ona verdiyi legitim müdafiə prinsipindən istifadə etməsinə maneə törədə, Qarabağ münaqişəsinin həllinə yönəlik diplomatik fəaliyyətə kölgə sala bilərdi. Azərbaycanın regionda aktiv hərbi əməliyyat keçirmə niyyətinin olmadığını göstərən əsas fakt 2018-ci ilin dekabr ayından etibarən Ağstafa-Qazax istiqamətində 130 kilometrlik Ermənistanla sərhəd ərazilərin 3-cü Ordu korpusunun nəzarətindən alınaraq Dövlət Sərhəd Xidmətinə verilməsi idi. 3-cü Ordu Korpusu 2020-ci ildə Tovuz rayonunun bir neçə sərhəd kəndində fəaliyyət göstərirdi.
Bir çox müşahidəçilər Tovuz döyüşlərini Avropanın enerji təhlükəsizliyinə təhdid çərçivəsində analiz etdi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova iyul qarşıdurmasını bu səpkidə dəyərləndirmişdi. Bu, eyni zamanda Azərbaycan hökumətinin rəsmi versiyası idi. Prezidentin köməkçisi Hikmət Hacıyev “Euractiv” saytına verdiyi müsahibədə bunu qeyd edir: “Ermənistanın 12-16 iyul tarixlərində Azərbaycana qarşı hərbi təxribat törətmək üçün Tovuzu seçməsi təsadüfi deyildi. Tovuz təmas xəttində deyil, Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəddə yerləşir. Bakı-Tiflis-Supsa, BTC neft kəməri və çoxmilyonluq meqalayihədə mühüm zəncir olan Cənub Qaz Dəhlizi (CQD) bu ərazinin yaxınlığından keçir. Ermənistanın məqsədi mülki əhali ilə yanaşı, Azərbaycanın mühüm enerji infrastrukturunu, eləcə də qitənin enerji təhlükəsizliyi üçün strateji siyasi və iqtisadi əhəmiyyət kəsb edən neft və qaz kəmərlərini hədəfə almaq idi”. Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin böyük elmi işçisi Brenda Şaffer də bu versiyanı dəstəklədi: “Tovuz toqquşması Ermənistan üçün 1967-ci ildə Misirin İsrail gəmilərinə Tiran boğazını bağlamasına bənzər bir səbəb yaratdı. Bu, yeni strateji reallıq idi. Ermənistan Azərbaycanın CQD-nin kommersiya əməliyyatlarını yenidən açmağı planlaşdırmasından həftələr əvvəl qəfil hücuma keçdi. 33 milyard dollarlıq təbii qaz layihəsi onilliklər ərzində Avropaya yeni təbii qaz həcmlərini gətirmək üçün nəzərdə tutulmuşdu. Bu, Azərbaycanın strateji mövqeyini yaxşılaşdırmaqla Azərbaycanı Avropanın əsas enerji təchizatçısına çevirməli idi. Ermənistanın niyyəti buna mane olmaq idi”. Mərkəzi Asiya-Qafqaz İnstitutunun və İpək Yolu Tədqiqatları Proqramının Birgə Mərkəzinin qeyri-rezident baş elmi işçisi Avinoam İdan münaqişənin Türkiyə və Rusiya arasındakı proksi konfliktin davamı olduğunu hesab edirdi: “Tovuz bölgəsində baş verən zorakılıqlar əslində Rusiya ilə Türkiyə arasındakı toqquşmanı əks etdirir. Rusiya Türkiyə ilə qarşıdurmasında Ermənistandan rıçaq kimi istifadə edir. Belə görünür ki, Rusiyanın təşəbbüsü Qafqazdan keçən enerji ixracı infrastrukturu ilə bağlı Türkiyəyə siqnal olmalı idi. Həmin tendensiya Liviyada da hiss edilir.” Brenda Şaffer və Avinoam İdan birgə yazdığı məqalədə Tovuz döyüşlərini eyni zamanda İran və Ermənistanın hərbi ittifaqının nəticəsi kimi görürdü: “Ermənistan müdafiə naziri David Tonoyanın strateji doktrinası müdafiənin tərkib hissəsi kimi hücum hərəkətlərindən istifadə etmək, səngər kimi statik mövqelərdə qalmamaqdan ibarətdir. Bu doktrina “HƏMAS” və “Hizbullah”ın həyata keçirdiyi tunel müharibəsinə çox bənzəyir. Ermənistan hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusundan tunel əməliyyatları ilə təlimlərdə iştirak edərək böyük təcrübə qazanıblar. Ermənistanın 12 iyulda qəfil hücuma keçməsində Tovuz istiqamətindəki tunellərin böyük rolu var idi.” Qeyd edilən bu versiyalar da Tovuz döyüşlərinin mahiyyətini nümayiş etdirmirdi. Bu addım Azərbaycan Ordusunun 2018-ci ilin may ayında və 2019-cu ilin iyulunda həyata keçirdiyi əməliyyatlara cavab xarakteri daşıyırdı. 2018-ci ildə Azərbaycan hərbçiləri Naxçıvan MR-ə daxil olan ərazidəki neytral sayılan torpaqları ələ keçirərək döyüş mövqelərini erməni postlarına yaxınlaşdırmışdı.[2] Bu hadisə Nikol Paşinyanın iqtidara gəlməsindən qısa müddət sonra baş verdiyi üçün erməni mətbuatında demək olar ki, işıqlandırılmadı. 2019-cu ilin yay aylarında isə Qazax istiqamətində DSX qoşunları mövqelərini Babaqar dağı istiqamətində 1,5-1,7 km irəli çəkdilər.[3] Bu iki hadisə Ermənistan Baş naziri Nikol Paşinyanın aqressiv ritorikasının formalaşmasında əsas amillərdən biri oldu. 2020-ci ilin iyul döyüşləri bu addıma cavab xarakteri daşıyırdı. Burda da əsas məqsəd neytral sayılan ərazidəki postları Azərbaycan istiqamətində yaxınlaşdırmaq idi. Ermənistanın hərbi komandanlığının məhz Tovuzu seçməsi isə yuxarıda qeyd edilən DSX və 3-cü Ordu korpusu yerdəyişməsinə əsaslanırdı. Ermənistan bölmələri bu istiqamətdə sərhəd xətti boyunca ağır silahları olan ordu qruplaşmasından ibarət idi. Çox güman ki, erməni hərbi komandanlığı Azərbaycan 3-cü Ordu korpusunun zəiflədiyini düşünürdü və bu səbəbdən əməliyyat istiqaməti olaraq məhz Tovuzu seçdi. Tovuz-Tavuş sərhəd xətti Azərbaycanda olduğu kimi Ermənistanda da 3-cü Ordu korpusu hərbçilərinin nəzarətində idi. Bu korpusa KTMT-nin 2017-2018-ci illərdə Baş katibi olmuş general-polkovnik Yuri Xaçaturovun oğlu, general-mayor Qriqori Xaçaturov rəhbərlik edirdi.[4]
Münaqişə zonasının təsviri
Ermənistan Respublikasının Tavuş mərzi[5] və Azərbaycan Respublikasının Tovuz rayonu Çar Rusiyası dövründə Qazax qəzasının tərkibində olub. Bu ərazi 1918-ci ildə ADR və Ermənistan DR arasında aparılan danışıqlardan sonra etnik tərkibə görə bölündü (Hovannisian, 1971:82). Hər iki ölkədə Sovet hakimiyyətinin qurulmasından sonra Ermənistan istiqamətində qalan sərhəd bölgələrdə Şəmşəddin rayonu, Azərbaycan ərazisində isə Tovuz rayonu yaradıldı. Ərazi bölünsə də, toponim baxımından yaxınlıq qaldı. Belə ki, Şəmşəddin rayonunun mərkəzi Tovuzqala (indiki Berd) şəhəri idi. Regiona indiki adını verən Tavuş kəndi isə SSRİ dağılana qədər əvvəlcə Tovuzkənd, daha sonra isə Tovuz adlandırılmışdı. Qarabağ münaqişəsi başladıqdan sonra bu region sərhədin Qazax istiqamətindən fərqli ciddi ziyan çəkmədi. Ermənistan Ordusunun bu bölgədə mövqeləri Azərbaycan Ordusundan xeyli aşağıda yerləşirdi və bu səbəbdən strateji üstünlük Azərbaycanın tərəfində idi. Tərəflər arasında dövlət sərhəddinin delimitasiyası həyata keçirilmədiyi üçün Birinci Qarabağ müharibəsindən etibarən Azərbaycan bölmələrinin bir neçə istiqamətdə Ermənistan ərazisinə daxil olduğu iddia edilirdi.
Tovuz döyüşlərinin əsas istiqamətləri Ermənistanın keçmiş Şəmşəddin rayonuna daxil olan Nerkin Karmirağbyur (keçmiş Qızılbulaq), Aygepar[6], Movses (keçmiş Müsseskənd) və Çinari (keçmiş Çinarlı) kəndləri boyunca Tovuzun Əlibəyli, Ağdam və Koxanəbi yaşayış məntəqələri idi. Ərazidəki ən hündür mövqe sayılan 1121,5 yüksəkliyinə Azərbaycan bölmələri nəzarət edirdi. Bu yüksəklik Əlibəyli ilə Ağdam kəndləri arasında yerləşirdi. Bu istiqamətdə ikinci ən hündür mövqe Ağdam kəndinin cənub-qərbində yerləşən “975,5 yüksəkliyi” idi. Bu yüksəkliyi azərbaycanlılar “Qaraqaya”, ermənilər “Qaradaş” adlandırmışdı. Həmin yüksəklik Azərbaycan-Ermənistan sərhəddində yerləşirdi və əraziyə Birinci Qarabağ müharibəsindən etibarən Azərbaycan hərbçiləri nəzarət edirdi. Yüksəkliyə gedən yol 962 metr hündürlükdə yerləşən, Qarabağ müharibəsi zamanı istifadə edilən postun ərazisindən keçirdi. Həmin post isə Ermənistan ərazisində yerləşirdi, ermənilər bu postu “Anvax” (Qorxmaz) adlandırmışdı. Bu postun tutulması zirvədə olan əsgərlərin blokadaya düşməsi demək idi. Erməni hərbi komandanlığı neytralda yerləşən bu postu ələ keçirərək döyüş mövqelərini Azərbaycan sərhəddinə yaxınlaşdırmaq istəyirdi. Bu səbəbdən əsas hədəf kimi bura seçildi.
Döyüşlərin başlanması
“Anvax” postu ilə bağlı münaqişəyə qədər məlumatlar ziddiyyətlidir. Həmin postla bağlı iki versiya mövcuddur. Birinci versiyada neytral ərazi olması səbəbindən heç bir tərəfin bura nəzarət etməməsidir. Digər versiyada isə posta Azərbaycan hərbçilərinin nəzarət etməsi, döyüşlər başlanan gün isə əsgərlərin ərzaq üçün döyüş postunu tərk etməsi və buranı boş buraxmasıdır. Nəzarətsiz qalan post iyulun 12-də səhər saatlarında erməni hərbçiləri tərəfindən ələ keçirildi.[7] Saat 12:30 radələrində “UAZ-439” markalı avtomobillə əraziyə qayıdan Azərbaycan hərbçiləri postun yaxınlığına çatanda atəşə məruz qaldılar. Gözləmədiyi hücuma məruz qalan hərbçilər avtomobili postun ətrafında qoyaraq ərazini tərk etməli oldular. Döyüş mövqeyində olan erməni hərbçilərinin atəşi ilə “UAZ-439” yandırıldı. Saat 13:45 radələrində Azərbaycan hərbçiləri postu geri almaq üçün hücuma keçdilər, lakin 7 nəfər itki verərək geri çəkilməli oldular. Döyüş zamanı çavuş Vüqar Sadıqov və baş əsgər Elşad Məmmədov həlak oldu. Yaralanan 5 əsgərdən biri Xəyyam Daşdəmirov isə xəstəxanada keçindi. İyulun 12-də axşam saatlarında döyüşlərin şiddəti artmağa başladı. Tərəflərin artilleriya, minaatan və tankların tətbiqi ilə davam edən gecə döyüşlərində baş leytenant Rəşad Mahmudov həlak oldu. Döyüşlər 3 saatlıq fasilədən sonra səhər artilleriya dueli ilə yenidən başladı. Bu dəfə tərəflər xaotik zərbələrlə döyüş mövqeləri ilə bərabər yaşayış məntəqələrini bombalamağa başladı. Erməni bölmələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan, Dondar Quşçu kəndini isə D-30 topundan atəşə tutdu.[8] Buna cavab olaraq, Azərbaycan hərbçiləri Çinari kəndini 82 və 120 millimetrlik minaatanlarla vurmağa başladı. Bu zərbələrdən biri Nerkin Karmirağbyur, Aygepar və Çinari yaşayış məntəqələrinə gedən qaz xəttini zədələdi. Həmin kəndlərin sakinləri “Azadlıq” radiosunun erməni müxbirinə verdiyi müsahibədə regionda əsl müharibənin getdiyindən şikayətlənirdi: “Hər zaman buralarda bir və ya iki atəş olurdu. Hazırda evimizdən çıxmağa qorxduğumuz əsl müharibə gedir. Bu formada artilleriyanın işlədiyi müharibə görməmişdik. 90-cı illərin döyüşləri heç belə güclü deyildi.” Həmin gün Ermənistan müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə söhbəti zamanı erməni bölmələrinin zərurət yaranacağı təqdirdə yeni ərazilər tutacağını bildirdi. Nazirin bu açıqlamasından dərhal sonra erməni mətbuatında “Qaraqaya” yüksəkliyinin erməni bölmələri tərəfindən ələ keçirildiyini bildirən xəbərlər yayılmağa başladı. Bu məlumat ilk olaraq Ermənistan Milli Assambleyasının vitse-spikeri Alen Simonyan tərəfindən ortalığa atıldı. Azərbaycan MN rəsmi olaraq bu iddianı təkzib etsə də, müxalif jurnalist Həbib Müntəzir və konfliktoloq Arif Yunus məlumatı təsdiqlədi. Bu məlumat ermənilərin radikal qanadında irredentist fikirlərin daha da güclənməsi ilə nəticələndi. Radikal millətçi “Sasna Tsrer” partiyasının fəxri qurucusu Jirayr Səfilyan “Azadlıq” radiosuna verdiyi müsahibə zamanı erməni generallarına müraciət edərək Başkənddən Gürcüstana qədər sərhəd ərazilərin “azad edilmə” zamanının gəldiyini açıqladı. Reallıqda isə bu xəbər dezinformasiya idi və Ermənistan MN tərəfindən daha sonra yalanlandı. Azərbaycan hərbi komandanlığı iyulun 13-də ilk dəfə pilotsuz uçuş aparatlarından istifadə etməyə başladı. İlk olaraq Movses kəndinin qərbindəki dayaq məntəqəsinə zərbə endirildi. Günün ikinci yarısında isə Çinçin kəndinin şimal-şərqindəki idarəetmə qərargahı, Aygepar kəndinin cənub-qərbindəki hərbi obyekt, Çinari kəndinin şimal-qərbində yerləşən düşmən postu vuruldu.[9] Bu hücumlar zamanı Azərbaycan hərbçiləri əsasən DSX-nın istifadə etdiyi “SkyStriker” kamikadze pilotsuz uçuş aparatını itirdilər.[10] Bu tədbirlərdən sonra Azərbaycan tərəfi erməni bölmələrinin 20 nəfərdən çox şəxsi heyətini itirdiyini elan etdi. Qarşı tərəf isə bu iddianı “gülünc” adlandırdı. Ermənistanın siyasi rəhbərliyi döyüşlərin öz ərazisində getməsinə istinad edərək iyulun 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi. Lakin KTMT Daimi Şurasının təcili iclası üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurəti səbəbindən təxirə salındı.[11] Ermənistan Baş naziri Nikol Paşinyan həmin gün verdiyi açıqlamada vəziyyətin gərginləşməsinə görə Azərbaycanın məsuliyyət daşıyacağını bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində Ermənistan hərbi-siyasi rəhbərliyini günahlandırdı. Rusiya XİN başçısı Sergey Lavrovun tərəflər arasında vasitəçilik və atəşin dayandırılması cəhdi bir nəticə vermədi. Döyüşlərin şiddəti getdikcə artdı.
Münaqişənin şiddətlənməsi
İyulun 14-ü gecə saatlarında Azərbaycan bölmələri tanklardan istifadə edərək hücuma keçməyə çalışdı. Hücum zamanı erməni bölmələrinin dəqiq atəşi nəticəsində tank sıradan çıxarıldı. Tankın içində olan tuşlayıcı operator müddətdən artıq hərbi qulluqçu Elçin Mustafazadə həlak oldu. Ermənistan tərəfi bundan sonra pilotsuz uçuş aparatlarından təmas xətti boyunca kəşfiyyat aparmağa başladı. Belə müşahidələrin biri zamanı Ağdam kəndinin qərbində, 1031 metr hündür ərazidə posta doğru gedən avtomobilə zərbə endirildi. Ermənistan tərəfi kəşfiyyat məlumatları əsasında avtomobildə Azərbaycan Ordusunun generalı və polkovniki olduğunu iddia etsə də, bu məlumat öz təsdiqini tapmadı. Səhər saatlarında Ermənistan bölmələri 1121,5 yüksəkliyinin şimalında yerləşən döyüş postunu vurmağa başladı. Bu döyüş mövqeyini Azərbaycan hərbçiləri “Mübariz postu” adlandırmışdı. Həmin istiqamətdə döyüşlərə rəhbərliyi kapitan Ruben Sanamyan həyata keçirirdi. Onun rəhbərlik etdiyi bölmənin intensiv atəşi dəqiq zərbələrlə yekunlaşdı. Atılan 3 ədəd artilleriya mərmisi Azərbaycan hərbçilərinin olduğu mövqeyə düşdü. Bu mərmilər 3-cü Ordu korpusunun komandir müavini, general-mayor Polad Həşimovun, eləcə də artilleriya rəisi, polkovnik İlqar Mirzəyevin həyatına son qoydu.[12] Həmin döyüşün şahidi olan leytenant Aqşin Əliyev xatırlayır: “Düşmən mövqelərimizi atəşə tutan zaman general-mayor Polad Həşimov mənə və digər hərbçilərə səngərə girmək əmri verdi. Mən səngərə yenicə daxil olmuşdum. Bu zaman düşmən tərəfindən atılan mərmilər general və digər hərbi qulluqçularımızın olduğu yerə düşdü. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və gizir Yaşar Babayev gözlərimin qarşısında həlak oldu.”[13] Bu döyüşlər zamanı Azərbaycan bölmələrinin bir digər itkisi isə feldşer gizir İlqar Zeynallı idi. Erməni bölmələrinin intensiv atəşi zamanı Azərbaycan tərəfi mülki itkiyə də məruz qaldı. Günorta saatlarında Movses kəndi ərazisindəki mövqelərdən endirilən artilleriya zərbələri nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak oldu.
Günün ikinci yarısında Azərbaycan bölmələri Ermənistan ərazisindəki hərbi obyektlərə zərbələr endirməyə başladı. İlk olaraq Movses kəndinin cənub-şərqində uzunmüddətli atəş nöqtəsi məhv edildi, daha sonra Çoratan kəndinin qərbində artilleriya divizionunun idarəetmə məntəqəsi, Mehrab kəndinin şimal-şərqində isə kamikadze dron vasitəsilə hərbi texnika və anbar sıradan çıxarıldı.[14] Bu zərbələr nəticəsində mühəndis-istehkam bölüyünün komandiri, mayor Garuş Hambartsumyan və kapitan Sos Elbakyan öldürüldü. Ermənistan MN bir müddət sonra daha 2 hərbçi - kiçik serjant Smbat Qabrielyan və Qrişa Matevosyanı itirdiyini qəbul etdi. Həmin gün ağır yaralanan erməni əsgər Artur Muradyan iyulun 23-də həyatını itirdi. Ermənistan hərbçiləri bu əməliyyatlar zamanı “Osa AKM” zenit-raket kompleksi ilə İsrail istehsalı “Hermes – 900” dronunu vura bildi. Axşama yaxın döyüşlərin intensivliyi daha da artdı. Azərbaycan bölmələrinin atəşi nəticəsində minalardan biri Artsvaberd kəndində yerləşən, ölkənin 90 faizini gigiyenik maska ilə təmin edən “Tavuş Tekstil”in ərazisinə düşdü. Digər bir atəş nəticəsində isə Aygepar kəndində 7 evə maddi ziyan dəydi.[15]
Tərəflər arasında müharibə informasiya məkanında da gedirdi. “Anti-armenia Team” xaker qrupu Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi saytı www.primeminister.am və digər dövlət saytları gov.am, e-gov.am-ı sındırdılar. İyulun 14-də Ermənistanın müxtəlif saytları Azərbaycan IP-lərindən ən böyük DDoS hücuma məruz qaldılar. Buna cavab olaraq, Monte Melkonyan adına kiber-ordu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin məxfi məlumatlarını ehtiva edən platformanı sındırdı. İntensiv döyüşlər iyulun 14-də gecəyə doğru səngidi. Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz-Tavuş sektorunda saat 00:15-dən etibarən nisbi sakitlik hökm sürməyə başladı.
Döyüşlərin səngiməsi və atəşkəs
1 günlük fasilədən sonra iyulun 16-da Azərbaycan bölmələri yenidən “Anvax” postunu ələ keçirmək üçün hücuma keçdilər. Gecə saat 03:40 radələrində başlanan hücum uğursuzluqla nəticələndi. Güclü müqavimətə rast gələn Azərbaycan hərbçiləri 2 saatlıq atışmadan sonra geri çəkilmək məcburiyyətində qaldı. Həmin döyüşlər zamanı Azərbaycan Ordusunun MAHHXQ əsgəri Nazim İsmayılov həlak oldu.[16] Bu insident tərəflər arasında gərginliyi artırdı. Səhər saatlarında Azərbaycan hərbçiləri Aygepar və Movses kəndlərini, Ermənistan hərbçiləri isə Dondar Quşçu və Vahidli yaşayış məntəqələrini vurmağa başladı. Vahidli kənd sakini Arif Məmmədov xatırlayır: “Qoyunu örüşdən gətirmişdim. Ot tayasına yaxınlaşanda gurultu eşitdim. Tez yerə uzandım, amma zərbə məni tutdu, nəfəs ala bilmədim. Yoldaşım da həyətdəydi. Bircə qışqırdığı yadımdadı, ayağa necə qalxmışam, xatırlamıram. Əlimi üstümə-başıma apardım, dedim yaralanmamışam. Bircə bir qulağım yaxşı eşitmir, bir də başımın arxasında ağrı var. Ordan ki mən salamat çıxdım... bundan sonra artıq nə yaşasam, qazancdır.” Aygepar kəndinə endirilən zərbələrin görüntüsünü bir müddət sonra Ermənistan MN mətbuat katibi Şuşan Stepanyan öz “Feysbuk” hesabında paylaşdı.[17] Ermənistan hərbçiləri pilotsuz uçuş aparatı ilə Azərbaycan mövqelərini vurmaq istəsə də, buna nail ola bilmədi. “X-55” dronu Azərbaycan hava hücumundan müdafiə qüvvələri tərəfindən vaxtında aşkarlandı və məhv edildi.[18] Buna baxmayaraq, Aygepar - Əlibəyli istiqamətində 1 Azərbaycan tankı vuruldu. Bu tankın qalıntılarının görüntüsü iyulun 18-də və 19-da nümayiş etdirildi. Buna cavab olaraq, Azərbaycan HHQ-si Movses kəndi yaxınlığında hərbi kazarmaya və döyüş postuna, Çinari kəndində isə avtomobilə zərbə endirdi. Bu zərbə nəticəsində Çinari kənd sakini Aramayis Hovakimyan yaralandı. Erməni tərəfi kamikadze dron tərəfindən məhv edilmiş avtomobilin fövqəladə hallar nazirliyinə məxsus olduğunu etiraf etdi. Şiddətli döyüşlərə baxmayaraq, hər iki tərəf itki vermədiklərini bildirdi. İyulun 16-da axşama yaxın döyüşlərin intensivliyi azaldı və tərəflər müvəqqəti atəşkəslə bağlı razılığa gəldilər. Beləliklə, 4 gün davam edən atışmalar səngidi. Döyüşlər əsasən Tovuz istiqamətində getsə də, Gədəbəy və Naxçıvanın Ermənistanla sərhəd ərazilərində atəşkəs ara-sıra pozulurdu. Belə atəşkəs pozuntularının biri zamanı iyulun 18-də Naxçıvan istiqamətindən açılan atəş zamanı erməni əsgər Alik Manukyan öldürüldü. İyulun 20-də Tovuz-Tavuş sərhəd xətti boyunca vəziyyət yenə gərginləşdi. Həmin gün Azərbaycana məxsus “SkyStriker” kamikadze dronu erməni bölmələri tərəfindən vuruldu.[19] İyulun 21-də, axşam saatlarında Azərbaycan hərbçiləri “Anvax” postunu geri almaq üçün yenidən hücum təşkil etdi.[20] Döyüş mövqeyinə çatmamış, Azərbaycan ərazisində baş verən atışmada Azərbaycan xüsusi təyinatlıları itki verərək geri çəkilməli oldu. Post uğrunda döyüşlər ara-sıra atışmalarla iyulun 29-a kimi davam etdi. Bu döyüşlərin birində, iyulun 27-də 01:10 radələrində snayper atəşi nəticəsində müqaviləli hərbi qulluqçu Aşot Mikaelyan həlak oldu. O, Tovuz döyüşlərinin son qurbanı idi. Azərbaycan rəhbərliyi postun hərbi yolla geri qaytara bilməyəcəyini yəqin etdikdən sonra diplomatik danışıqlara başladı. İyulun 18-də müdafiə naziri Zakir Həsənov həmkarı Sergey Şoyqu ilə telefon danışığı apardı. Konfliktoloq Arif Yunus postun Rusiya XİN başçısı Sergey Lavrov ilə aparılan danışıqlardan sonra Azərbaycana geri qaytarıldığını iddia edir.[21] Arif Yunusa görə, Azərbaycan bunun qarşılığında 2020-ci ilin yanvar ayından etibarən dayandırılan Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqlini bərpa edib. Lakin avqust ayına qədərki peyk görüntülərində əks olunmuş Qaraqayaya alternativ yolun çəkilməsi bu iddianın doğru olmadığını göstərir. Hazırda da “Anvax” postu ermənilərin nəzarətində qalmaqdadır.
Nəticə
Tovuz döyüşlərinin siyasi nəticələri gözləniləndən daha böyük oldu. Ermənistan hökuməti hər şeydən razı idi. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan iyulun 25-də erməni hərbçilərinə müraciətində bunu bildirdi: “3-cü Ordu Korpusunun həyata keçirdiyi hərbi əməliyyatlar erməni döyüş sənətinin tarixinə düşəcək, komandirlərin təşəbbüskarlığının və məharətinin təzahürü, o cümlədən döyüşçülərin qəhrəmanlıq və şücaətinin nümunəsi olacaqdır.” Avqustun 14-də Ermənistan Baş naziri Nikol Paşinyan Polad Həşimov və digər yüksək rütbəli hərbçilərin öldürülməsində əsas rol oynayan kapitan Ruben Sanamyana Milli Qəhrəman adı verilməsi haqqında sərəncamı Ermənistan Prezidenti Armen Sarkisyana göndərdi. Avqustun 28-də həyata keçirilən tədbir zamanı Ruben Sanamyana “Ermənistan Milli Qəhrəmanı” fəxri adı verildi.[22] Həmin tədbirdə Ermənistan tarixində ilk dəfə olaraq 55 hərbçi mükafatlandırıldı. Baş nazir Nikol Paşinyan Tovuz döyüşlərində iştirak edən hərbçiləri təltif edərkən iddialı ifadələrlə yadda qaldı: “Coğrafi və hərbi baxımdan bu lokal döyüşlər çox böyük psixoloji və geosiyasi əhəmiyyət kəsb edirdi. Ermənistan üçün bu döyüşlərin nəticələrini qeyd etmək bizə münasib fürsət kimi görünür. İyulda baş verən döyüşlər siyasi bəyanatlarımızın həqiqiliyini və düzgünlüyünü sübut etdi. Ola bilər ki, çoxları fikir verməyib, amma iyul ayındakı zəfər döyüşləri zamanı sərhədçilərin döyüş mövqelərində ümumiyyətlə itki olmayıb. Bu o deməkdir ki, Ermənistan ordusu indiyədək görünməmiş taktiki proqresə nail olub. Bu da bizim regionda həlledici təsir gücünə əsaslanan intellektual orduya malik olduğumuzu bir daha göstərir.” Təxminən eyni ifadələr Azərbaycan mətbuatında səslənsə də, nəticə göz qabağında idi. Post döyüşləri zamanı yüksək rütbəli hərbçilərin itirilməsi cəmiyyətdə həm qəzəb, həm də məyusluq yaratdı. Polad Həşimov Azərbaycanla Ermənistan arasında baş verən münaqişə zamanı döyüşdə həlak olan yeganə general oldu. Onun ölümü ölkədə Ermənistanla topyekun müharibə tərəfdarlarının sayında böyük artım yaratdı. Bu döyüşlər eyni zamanda Azərbaycan hökumətinin daxilində böhran yaratdı. Vaxtında həyata keçirilən diplomatik manevr və planlı hərbi siyasət isə vəziyyəti kökündən dəyişdirdi.
İstifadə edilən ədəbiyyat
Efimova, A. Escalation of the Nagorno-Karabakh Conflict: Any Hopes for the Peace Process?.
Hovannisian, R. G. (1971). The republic of Armenia: the first year, 1918-1919 (Vol. 1). Univ of California Press.
Idan, A. (2020). Russia and Turkey: Behind the Armenia-Azerbaijan Clashes?. Published in the CACI Analytical August, 31.
Idan, A., & Shaffer, B. Israel’s role in the Second Armenia-Azerbaijan War.
Jafarova, E. (2020). Armenia’s attack against Tovuz is also an attack against Europe’s energy security
Shaffer, B. The Trigger for War: Energy in the 2020 Armenia-Azerbaijan War.
Shafiyev, F., & Huseynov, V. (2020). Peace Negotiations Cannot Be Held Forever. Insight Turkey, 22(4), 99-111.
[1] Mingəçevir su anbarının vurulması ideyası bundan əvvəl 2014-cü ildə müdafiə naziri Seyran Ohanyan, 2017-ci ildə general-mayor Arkadi Ter-Tadevosyan tərəfindən də səsləndirilmişdi.
[2] Bu əməliyyat Azərbaycanda “Günnüt əməliyyatı” olaraq bilinir.
[3] Bu istiqamətdə DSX hətta Gürcüstan ərazisinə daxil olub.
[4] 2021-ci ildə istefaya göndərilib.
[5] Bir hissəsi nəzərdə tutulur.
[6] 1937-ci ildə Təzəkənd ərazisində yaradılıb.
[7] Azərbaycan MN Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı döyüş mövqeyinin itirildiyini qəbul etməmişdi.
[8] Dondar Quşçu kəndinə vurulan ziyanla bağlı görüntülər 14 iyul tarixində gecə saatlarında yayımlandı.
[9] Çinçin kəndindəki qərargaha endirilən zərbənin görüntüləri 1 gün sonra Azərbaycan MN tərəfindən bir daha nümayiş etdirilib.
[10] Azərbaycan MN bu məlumatı da təkzib edib.
[11] 1 gün sonra KTMT rəsmi açıqlama verərək hər iki tərəfi sülhə dəvət etdi və toqquşmalarla bağlı neytral siyasət yürütdü.
[12] Rəsmi olaraq günorta saatlarında təsdiqləndi. Hər iki zabit 9 dekabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
[13] Polad Həşimov və digər yüksək rütbəli hərbçilərin cəbhə xəttindən 31 km aralıda həlak olması barədə məlumatlar daha sonra yalanlandı.
[14] Çorotanın qərbindəki idarəetmə məntəqəsi və Mehrab kəndindəki hərbi texnikanın məhvi videolarının digər hissələri 15 iyul tarixində yayımlandı.
[15] Kənddəki dağıntının görüntüləri 1 gün sonra yayımlandı.
[16] Erməni tərəfi həmin gün axşam saatlarında ərazidən azı 3 Azərbaycan hərbçisinə məxsus cəsədin götürüldüyünü nümayiş etdirən foto və video yayımlamışdı.
[17] Kəndə dəyən zərəri iyulun 20-də Semyon Peqovun videosunda görmək mümkündür.
[18] Bu məlumat Ermənistan MN tərəfindən təkzib edildi.
[19] İyulun 22-də Ermənistan MN-in yayımladığı fotoda Azərbaycan HHQ-nə məxsus azı 3 pilotsuz uçuş aparatının qalınntıları nümayiş olundu.
[20] Bu məlumat Azərbaycan MN tərəfindən təkzib edilib.
[21] Tovuz döyüşlərinin Ermənistan tərəfindən başladıldığını Sergey Lavrov rəsmən bildirdi.
[22] İkinci Qarabağ müharibəsi zamanı bəzi Azərbaycan saytları onun öldürülməsi barədə məlumat versə də bu xəbər təsdiqlənmədi.