Qarabağ münaqişəsində Laçın dəhlizi faktoru
Laçın dəhlizi keçmiş DQMV ilə Ermənistanı birləşirən, eni 5 km olan dar koridordur. Bu dəhliz özündə Laçın şəhəri və ona daxil olan Zabux, Sus və Aşağı Sus kəndlərini əhatə edir. Laçın koridoru 1988-ci ildə başlayan Dağlıq Qarabağ ermənilərinin separatçı addımlarından sonra xüsusi əhəmiyyət qazandı. Nəqliyyat koridorunun statusu ilə bağlı istər Sovet hakimiyyətinin ilk vaxtlarında, istərsə də 1990-cı illərdə müxtəlif iddialar səsləndirilir. Həm Azərbaycan, həm də Ermənistanın dəhlizin gələcəyi ilə bağlı radikal qanadlarda dayanması bu ərazinin hüquqi statusu ilə bağlı aktuallığını olduğu kimi saxlayır.
Laçının DQMV-yə daxil olması barədə iddialar
Erməni rəsmiləri Laçına olan iddianı əsaslandırmaq üçün Sovet hakimiyyətinin ilk illərində bu ərazinin DQMV-yə daxil olduğunu, DQMV-nin Laçın vasitəsilə Ermənistanla birbaşa əlaqəsinin olduğunu bildirirlər. Bunun üçün əsas arqument kimi 1920-ci illərdəki Sovet atlaslarından istifadə edilir. Bəzi Qərb tarixçiləri də ermənilərin bu iddialarını dəstəkləyən fikirlər söyləyir. Misal üçün, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu professoru olan Tim Potyer yazır: “Muxtar Vilayət Dağlıq Qarabağ(MVDQ) qısa müddət ərzində (1923-cü ilin iyul ayından "Qırmızı Kürdüstan"ın qurulduğu 1924-cü ilə qədər) bir istiqamətdə Ermənistan sərhədinə toxunurdu (Potier,2021:5). Uppsala universitetinin tarixçisi, AMEA fəxri üzvü olan Svante Kornel isə 1926-cı il Sovet atlasına əsaslanaraq MVDQ ilə Ermənistanın 1930-cu illərdə aparılan inzibati islahata qədər ümumi sərhədi olduğunu qeyd edir (Cornell, 2000:60). Ancaq Sovet atlaslarını, eyni zamanda regionun inzibati quruluşunu araşdırarkən bütün bunların reallığa uyğun gəlmədiyini müşahidə edirik.
1928-ci il Ermənistan SSR xəritəsinə əsasən MVDQ ərazisi və Laçın
1928-ci il Azərbaycan SSR xəritəsinə əsasən MVDQ ərazisi və Laçın
1928-ci ildə yayımlanan Azərbaycan və Ermənistan SSR xəritələrində cüzi fərqliliklər görünür. Ermənistan SSR atlasında MVDQ-nin Ermənistanla sərhədinin toxunduğu göstərilsə də Azərbaycan SSR xəritəsində MVDQ-nin anklav olduğu açıq şəkildə nəzərə çarpır. Ümumilikdə isə hər iki xəritədə də Laçının (o vaxt ki, adı ilə Abdallar) MVDQ sərhədlərindən kənarda olduğu görünür. Bundan başqa, erməni tarixçilərinin əksəriyyəti MVDQ-nin Ermənistan SSR ilə heç vaxt ümumi sərhədi olmadığını qəbul edirlər. Erməni əsilli amerikan tarixçisi Robert Hyusen qeyd edir: “1923-cü ildə SSRİ Ali Soveti Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan birləşdirilərək paytaxtı Laçın olan “Qırmızı Kürdüstan” muxtar bölgəsini formalaşdırdı. Sovet İttifaqının bu muxtariyyəti formalaşdırma səbəbləri aydın deyil. Ehtimal olunur ki, bu addım Sovet İttifaqında və ölkə xaricində yaşayan kürd əhalisində sovetpərəst bir mövqe tutmaq, Dağlıq Qarabağ erməniləri ilə Ermənistan arasında bir etnik ayrılıq yaratmaq məqsədi güdürdü. 1929-cu ildə yenə də tam anlaşılmayan səbəblərdən bu muxtariyyət ləğv edildi və yerli kürd əhalisi daha sonra Stalin tərəfindən Orta Asiyaya deportasiya olundu.” (Hewsen, 2001:242).
Qarabağ ilə Ermənistan arasında sərhədin olmadığını qəbul edən bəzi erməni tarixçiləri isə buna səbəb kimi 1918-ci ildə bu iki coğrafi bölgəni birləşdirən Xarar bölgəsinin (Spitakaşen və Petrosaşen kəndləri) Xosrov bəy Sultanovun və Osmanlı ordusu tərəfindən məhv edildiyini iddia edir (Mkrtçyan, 1989:102). Maraqlısı odur ki, həmin kəndlər Qarabağ və Ermənistan arasında yox, Laçından 39 kilometr cənub-şərqdə yerləşən Aşağı Fərəcan kəndi ərazisində mövcud olub. Bu kənd isə Ermənistan sərhədinə 12,8 km uzaqlıqdadır. Bu səbəbdən erməni siyasətçiləri Laçına olan iddiasını nə tarixi, nə də etnoqrafik baxımdan əsaslandıra bilmir.
Laçının işğalı
Laçın SSRİ-nin dağılmasından sonra xüsusi önəm daşımağa başladı. DQMV rəhbərliyi 1991-ci ilin sentyabrında Azərbaycandan ayrıldıqlarını rəsmən bildirmişdilər. Buna baxmayaraq, DQMV Azərbaycan içərisində blokadada qaldığı üçün Laçın ermənilər üçün əsas hədəf sayılırdı.
1992-ci ilin yaz aylarında Azərbaycanda Xocalının işğal edilməsindən sonra başlayan siyasi böhran nəticəsində Ayaz Mütəllibov prezident vəzifəsindən istefa verdi. Yeni prezident seçkiləri keçirilənə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edildi. İranda Ermənistan rəhbərliyi ilə danışıqlara gedən Yaqub Məmmədov geri dönərkən, Ermənistan ordusunun atəşkəsi pozaraq Şuşaya hücum edib şəhəri ələ keçirdiyini eşitdi. Şuşanın itirilməsi Azərbaycan ictimaiyyəti üçün çox ağır zərbə oldu. Erməni bölmələrinin növbəti hədəfi Laçın idi. Bakıda isə bu ərəfədə Şuşanın işğalı ilə bağlı Milli Məclisdə qızğın müzakirələr gedirdi. 1992-ci ilin mayında baş vermiş geosiyasi proseslər də Azərbaycanın Qarabağdakı mövqeyinə zərbə vurdu. 14-15 may 1992-ci il tarixlərində Daşkənddə Rusiya Federasiyasının himayəsi altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaradıldı. Ermənistan KTMT-yə üzv olsa da, Azərbaycan üzvlükdən imtina etdi (Kurtov,2008:268). 1992-ci ilin mayın ortalarında rus hərbçilərinin Ağdamdan çıxdığı və Əsgərana qarşı bir hücum olmayacağı xəbərindən dərhal sonra erməni ordusu bu istiqamətdəki ordusunu Şuşa-Laçın xətti boyunca yığmağa başlamışdı. Mayın 14-də erməni qoşunlarının Laçın istiqamətində hücumu başlandı. Erməni qoşunları səhər saatlarında Zarıslı istiqamətində güclü hücuma keçdilər. 14 may gecəsi Ayaz Mütəllibovun Ali Sovetin qərarı ilə prezident vəzifəsinə bərpa edildiyi xəbərləri gəldi (De Vaal, 2008:212). Bu xəbərdən sonra Azərbaycan ordusuna aid bəzi dəstələr özbaşına cəbhə bölgəsini tərk etməyə başladı. Mayın 14-dən 15-nə keçən gecə AXC batalyonunun döyüşçüləri cəbhə bölgəsindən geri çəkildilər. Arif Paşayevin rəhbərlik etdiyi Laçın alayının xeyli sayda döyüşçüsü də Bakıya getməyə başladılar. Etibar Məmmədovun gətirdiyi 135 döyüşçü də mövqelərini tərk etdi. Onlar geri çəkilərkən ordunun içində panika yaradacaq xəbərlər yaymağa başladılar, nəticədə digər hərbi hissələrdə olan əsgərlərdə böyük ruh düşkünlüyü yarandı. Beləliklə, mayın 14-dən 15-ə keçən gecə ordunun bir hissəsinin ön xətdən icazəsiz geri çəkilməsi prosesi başladı. 1992-ci il mayın 15-dən 16-a keçən gecə Gəncəyə gedən Rəhim Qazıyevə Azərbaycan qoşunlarının Laçından qaçdığı barədə də məlumat verilir. Dərhal Bakıya qayıdan Qazıyev Ali Sovetin qarşısında öz əsgərlərini görmüşdü. ANS telekanalının lentə aldığı videoda Ali Sovetin qarşısındakı meydanda Rəhim Qazıyevin bir əsgəri necə yumruqladığı və Bakıya hansı əsasla gəldiyini soruşduğu göstərildi. Daha sonra kürsüyə qalxan Qazıyev çıxışında Xalq cəbhəsi rəhbərliyini əsgərləri cəbhədən geri gətirərək Laçını təhlükədə qoymaqda günahlandırdı.
18 may 1992-ci ildə ermənilər Laçın şəhərini və Gorus-Laçın-Şuşa yoluna bitişik kəndləri də döyüşsüz ələ keçirdilər. Beləcə, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz açıldı. Erməni tərəfi də Laçını, demək olar ki, müqavimətsiz ələ keçirdiyini təsdiqləyir. Robert Köçəryan xatirələrində yazır: “Şuşanı aldıqdan sonra düşmən ruhdan düşdü. Biz isə əksinə, qələbədən ilhamlanaraq Laçın istiqamətində irəliləməyə davam etdik. Ermənistanla Qarabağı birləşdirən dəhlizin tutulması bizim üçün həyati əhəmiyyətli idi. Düşmənin müdafiəni təşkil etməsinə imkan verməmək və yenidən toparlanmasına mane olmaq üçün tempi saxlamaq lazım idi. Hücum sürətlə həyata keçirildi, dəstələrimiz kəndləri, demək olar ki, müqavimət olmadan ələ keçirdi. Düşmən hər şeyi – silahları, texnikanı, döyüş sursatını tərk edərək panika içində geri çəkildi. Qələbə sayəsində təkcə hərbi yox, həm də digər resurslarımızı da artırdıq. Tərk edilmiş bütün kəndlərdə qida, yanacaq təchizatı, ev heyvanları, ehtiyacımız olan hər şey var idi. Yalnız bir həftə ərzində qoşunlarımız bütün Laçın bölgəsini azad etdi və 18 mayda Laçına daxil olduq. Hər şey Şuşadakı ssenaridə olduğu kimi baş verdi. Laçının müdafiəçiləri hücum ərəfəsində onu tərk etdilər və biz boş şəhərə girdik.” (Koçaryan, 2019:86). Laçın uğrunda döyüşlərdə Azərbaycan ordusu ümumilikdə 31 nəfər itki verdi, 43 nəfər isə yaralandı. Bu, demək olar ki, rayonun döyüşmədən təslim edilməsi demək idi. Seyran Ohanyanın Laçında döyüşən Azərbaycan ordusu barədə bunu deyirdi: “Məndə elə bir fikir yarandı ki, onlar yalnız əhalinin şəhərdən çıxmasını təmin etmək üçün bizim qarşımızı kəsmişdilər.” (De Vaal, 2008:214). Beləcə, müqavimət olmadan erməni ordusu əsas strateji şəhər olan Laçını ələ keçirə bildi və buranı tamamilə yandırdı.
Laçın dəhlizini geri qaytarma planları
1992-ci ilin yaz ayında Şuşa və Laçını ələ keçirən ermənilərdə böyük bir ruh yüksəkliyi və eyforiya hiss olunurdu. Ermənilər müharibənin çətin anlarının artıq geridə qaldığını, Azərbaycan ordusuna rahatlıqla qalib gələcəklərini düşünürdü. Robert Köçəryan o günləri belə xatırlayırdı: “Bir sıra parlaq qələbələrdən sonra hər kəsdə eyforiya yaranmışdı. Laçın və Kəlbəcər bölgələrini bir-birindən ayıran ərazilərdə müdafiə xətti yaratmaq üçün heç bir iş görmədik. Təbii ki, qələbələr məni də sevindirmişdi, amma buna baxmayaraq çox narahat idim. Azərbaycanın Qarabağın itirilməsini qəbul etməyəcəyini və baş verənlərin yalnız döyüş əməliyyatlarında qısa bir fasilə olduğunu başa düşürdüm. Genişmiqyaslı müharibənin başlaması an məsələsi idi. Hər kəsə elə gəldi ki, çox vaxtımız var və Azərbaycan tezliklə özünə gəlməyəcək. Bir sözlə qələbə arxayınlığının cəzasını misli ilə çəkdik.” (Koçaryan, 2019:86-87).
Azərbaycanda Əbülfəz Elçibəyin prezident seçilməsindən sonra siyasi sabitlik formalaşdı. Bu siyasi sabitliyin nəticəsi olaraq Azərbaycan ordusu 1992-ci ilin yay aylarında uğurlu hərbi əməliyyatlara başladı. Qısa müddətdə keçmiş Şaumyan rayonu ərazisindəki erməni müdafi xətti qırıldı. Elə ilk günlərdə Ermənistan ordusunun Ağdərənin müdafiəsindən məsul Vaqif Qalstyan və Ermənistan Müdafiə Nazirliyinin Xüsusi Alay komandiri Vladimir Karapetyan öldürüldü. (Tadevosyan, 2007:573). Goranboy istiqamətindən irəliləyən Azərbaycan qoşunları 18 iyun 1992-ci ildə Tərtər çayına çatdı. Uğurlu hücumlar nəticəsində Madagiz, Tonaşen, Levonarx, Həsənqaya, Akop Kamari, Mingrelsk (indiki Meqrelalay), Mağavuz (indiki Çardaqlı), Canyataq və Gülyataq kəndləri azad edildi. Bu əməliyyatlar zamanı erməni ordusu ciddi itkilər verdi. 21 iyun tarixində “Qurtuluş” batalyonunun komandiri Leonid Azgaldyan, 3 iyulda isə “Sasna Tsrer” dəstəsinin komandiri Samvel Gevorkyan öldürüldü. 4 iyul 1992-ci ildə Ağdərədə ümumilikdə 42 nəfərlik 3 kiçik dəstə qalmışdı (Tadevosyan, 2007:574). 4 iyul 1992-ci il səhər tezdən Azərbaycan ordusunun dəstələri – OMON, “Qurtuluş” batalyonu, 123-cü alayın tank batalyonu Ağdərə şəhərinə daxil oldu. Ümumilikə, yay əməliyyatlarında Azərbaycan ordusu keçmiş DQMV-nin 52 faizinə nəzarəti bərpa edə bildi. Azərbaycan ordusu mərkəz Xankəndiyə bəzi istiqamətlərdə 10 km-ə qədər yaxınlaşdı. Buna baxmayaraq, erməni tərəfi yenidən təşkilatlana bildilər. Avqust aylarından etibarən güclü müdafiə döyüşlərində Azərbaycan ordusunu yoran ermənilər əks hücuma keçərək Ağdərə rayonunun daxilinə doğru irəliləyə bildilər. Bu uğursuzluqlardan sonra prezident Elçibəy yeni hədəf kimi Laçın dəhlizinin tutulmasını əmr etdi. Bu hərbi komandanlıq arasında narazılıq yaratdı. Surət Hüseynov bu hadisələri belə xatırlayır: “1992-ci ildəki hücumumuz uğurlu alınmışdı, Xankəndindən 17 km aralı idik. Amma Elçibəy birdən Laçın dəhlizini bağlamaq əmri verdi. Mən bunun əleyhinə idim. Ona görə ki, şimal istiqamətindəki döyüş əməliyyatları bizim üçün ən uğurlu idi və zərbənin istiqamətini dəyişdirəcəyimiz təqdirdə çətinliklərlə üzləşə bilərdik. Digər tərəfdən dinc erməni əhalisinin Qarabağı tərk etmək imkanı əldə etməsi üçün Laçın dəhlizi açıq olmalı idi. Buna baxmayaraq, Elçibəy mənə cavab verdi ki, dəhliz bağlanmalıdır, bu müzakirə olunmur”.
1 oktyabr 1992-ci ildə Azərbaycan qoşunları hücuma keçdi. Əməliyyatın Laçına şimaldan və cənubdan zərbələr endirərək ordakı erməni qoşunlarını mühasirəyə almaq idi. Əməliyyat uğurlu olacağı təqdirdə Dağlıq Qarabağdakı erməni qoşunlarının Ermənistanla əlaqəsi kəsiləcəkdi. Əsas zərbə Qubadlı rayonunun Muradxanlı kəndi istiqamətindən endirildi. 1992-ci il oktyabrın 3-6-da şiddətli döyüşlərdən sonra Azərbaycan qoşunları cənubdan Laçına yaxınlaşa bildilər. 1992-ci ilin sentyabr ayının sonunda Ermənistan müdafiə nazirinin 1-ci müavini, general-leytenant Hraç Andreasyan Laçın dəhlizi bölgəsindəki erməni qoşunlarının komandanlığını ələ aldı. Andreasyanın təyinatından sonra cəbhədə vəziyyət dəyişdi. Onun əmri ilə cənubdan Laçına doğru irəliləyən Azərbaycan ordusunun sağ cinahına zərbə endirmək üçün Şuşa və Qubadlı bölgələrinin sərhədində erməni qruplaşması formalaşdırıldı. Bir neçə yerdə Azərbaycan ordusu Laçın dəhlizinə nəzarəti ələ keçirdi, nəticədə dəhliz zonasındakı erməni ordusunun əlaqəsi praktiki olaraq kəsildi. Şimaldan irəliləyən Azərbaycan ordusu isə Laçına 6-8 km məsafədə yaxınlaşsa da Gorus-Laçın-Şuşa yolunu, eyni zamanda Laçın şəhərini tuta bilmədi. Azərbaycan qoşunlarını müdafiə döyüşləri ilə yoran ermənilər 1992-ci il oktyabrın 8-də əks-hücuma keçdi. Əsas zərbə cənubdan irəliləyən Azərbaycan qoşunlarının sağ cinahına endirildi. Qubadlı istiqamətindən Laçına doğru irəliləyən Azərbaycan qoşunlarının sağ cinahını yaran erməni qoşunları Azərbaycan ordusunun əsas qüvvələrinə hücum edərək bu istiqamətdə böyük bir boşluq yaratdılar və bu boşluğu genişləndirməyi bacardılar. Erməni ordusunun əks-hücumu irəliləyən Azərbaycan ordusu dəstələrində nəzarətin itirilməsinə, ciddi təşkilatçılıq səhvlərinə gətirib çıxardı. Beləcə, 1992-ci il oktyabrın 9-12-də Azərbaycan ordusu Laçından geri çəkilməyə məcbur oldu. 12 oktyabr 1992-ci ildə hücumu davam etdirən erməni qoşunları Qubadlı rayonu sərhədinə çatdı və burada Muradxanlı kəndi yaxınlığında dayandırıldı (Vəliməmmədov, 2019:101-102). Beləcə, Laçın əməliyyatı uğursuzluqla nəticələndi.
Sülh danışıqları zamanı Laçin dəhlizi
Laçın dəhlizi hələ 1992-1994-cü ildə davam edən müharibə zamanı danışıqların əsas predmetinə çevrilmişdi. AXC-nin Rusiya ilə yaxşı münasibət qurmasını istəyən müdafiə naziri Rəhim Qazıyev 1992-ci ilin sentyabr ayında prezidentlə məsləhətləşmədən rusiyalı həmkarı Pavel Qraçov ilə danışıqlar aparmışdı. Bu danışıqlar əsasında ruslar 6 müşahidəçisini döyüş bölgəsinə göndərdi, lakin döyüşlər davam etdiyi onlar ərazidən çıxmalı oldular. Qazıyevin bu addımı Azərbaycan rəhbərliyində ciddi narazılıq yaratdı. Onun nəyə razılıq verdiyinin təfərrüatları bəlli deyil. O dövrdə Azərbaycan Xarici İşlər Nazirliyinin məmuru olan Tofiq Zülfüqarov qeyd edir : “Ruslar Ermənistanla Qarabağ arasında Laçın dəhlizini strateji mükafat kimi müəyyən ediblər. Qazıyev rusların Laçın dəhlizindən müvəqqəti istifadəsinə razılıq vermişdi”. Hökumətin isə buna münasibəti gözlənildiyi kimi sərt oldu. Azərbaycanın daxili işlər naziri İsgəndər Həmidov sentyabrın 28-də bununla bağlı açıqlama verdi: “Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycana gətirilməsi üstüörtülü təcavüzdən başqa bir şey deyil”. Bu güclü anti-Rusiya mövqeyi Qazıyevi təcrid etdi və Rusiya Müdafiə Nazirliyini ermənilərə doğru meyilləndirdi (De Vaal, 2008:204-205).
Müharibənin bitməsindən sonrakı danışıqlar prosesində Azərbaycan və Ermənistan tərəfinin ən çox mövqeyi Laçın dəhlizi üzərində toqquşurdu. Ermənilər Laçın dəhlizinin “təhlükəsizlik sektoru” kimi dəyərləndirir və Azərbaycana güzəştə gedilməsinə qəti şəkildə əleyhinə çıxırdılar. Bununla bərabər, Ermənistan hökumətinin içində Laçınla bağlı liberal fikirdə olanlar da var idi. Misal üçün, Ermənistan xarici işlər nazirinin müavini Armen Bayburtyan Qarabağ üçün effektiv beynəlxalq təhlükəsizlik təminatları verilməklə, Laçının Azərbaycanın yurisdiksiyasına qaytarıla biləcəyininin mümkün olduğunu bildirmişdi (Cornell, 2000:107).
Laçın dəhlizi və regionun taleyi ilə bağlı bir digər təklif isə Dağlıq Qarabağa beynəlxalq təminatlarla yanaşı, neytrallıq statusunun verilməsi idi. Ermənistan Elmlər Akademiyasının əməkdaşı Nikolay Ovannisyanın təqdim etdiyi planda qeyd edilir: “DQMV-nin adı dəyişdirilərək Dağlıq Qarabağ Neytral Ərazisi (DQNT) adlandırılacaq və buna BMT Təhlükəsizlik Şurası, Ermənistan və Azərbaycan zəmanət verəcək. DQNT-nin öz konstitusiyası olmalı idi. Ərazi Ermənistan və Azərbaycan tərəfindən təsdiq edilmiş BMT Təhlükəsizlik Şurasının səlahiyyətli nümayəndəsinin nəzarəti altında yerli olaraq seçilən qanunverici və icraedici orqanlar tərəfindən idarə olunacaqdı. Ərazinin öz hərbi və polis qüvvələri, xarici nümayəndəlikləri, öz bayrağı, gerbi və s. olacaqdı. Üstəlik, təklifə görə, Laçın dəhlizi də DQNT-yə daxil olmalı idi.” Lakin Ovannisyanın verdiyi təklif faktiki olaraq Dağlıq Qarabağa siyasi neytrallıq adı ilə gizli müstəqillik vermək demək idi (Cornell, 2000:122-123). Bu isə Azərbaycanın maraqlarına cavab vermirdi. Ermənistanın dəstəklədiyi Qarabağ erməniləri isə ideal həll yolunu Laçın dəhlizi ilə birlikdə “Dağlıq Qarabağ Respublikası”na müstəqilliyin verilməsi və beynəlxalq səviyyədə tanınmada görürdülər. Onlar Dağlıq Qarabağın Azərbaycanın (hətta nominal) yurisdiksiyasına daxil olacağı istənilən həlli rədd edirdi. Buna görə də Qarabağ ermənilərinin qəbul etməyə hazır olduqları minimal həll yolu Ermənistan və Dağlıq Qarabağ arasında daimi əlaqə imkanlarını təmin edən birlik, konfederasiya və ya federasiya forması idi (Macer-Wright, 2021:5).
Azərbaycan isə bu məsələdə güzəştə getmək istəmirdi. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir: “Ermənilərin istədiyi dəhliz iqtisadi məqsədlər üçün ola bilməz. İstənilən həll yolu iki respublikadan [Ermənistan və Azərbaycandan] azad ticarət zonası şəklində iqtisadi əlaqələri inkişaf etdirməyi tələb edərdi. De-fakto dəhliz hərbi məqsədlər üçün, Ermənistanın Dağlıq Qarabağı dəstəkləmək üçün nəzərdə tutulub və bu, Azərbaycan üçün qəbuledilməzdir.” (Cornell, 2000:110).
1997-ci ilin iyul ayında ATƏT-in Minsk qrupu “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hərtərəfli saziş” paketi hazırladı. Bu sazişin 8-ci bəndi Laçın dəhlizi ilə əlaqəli idi:
1. Azərbaycan Laçın dəhlizini ATƏT-ə icarəyə verir.
2. ATƏT “DQR” ilə birlikdə Laçın dəhlizində təhlükəsizliyə nəzarət edir.
3. Laçın dəhlizinin sərhədləri Yüksək Səviyyəli Planlaşdırma Qrupunun tövsiyələri nəzərə alınmaqla II Əlavədə razılaşdırılır.
4. ATƏT Laçın şəhərindən yan keçən yolun tikintisinə nəzarət edir. Yolun tikintisi başa çatdıqdan sonra Laçın şəhəri dəhlizdən çıxarılır və Azərbaycanın nəzarətinə qaytarılır.
5. Səlahiyyətli təhlükəsizlik qüvvələri kontingentləri istisna olmaqla, dəhlizdə daimi yaşayış məntəqələri və ya silahlı qüvvələrin olmasına icazə verilmir. Laçın rayonundan Qubadlı rayonuna və ya əksinə hərəkət edən regionun azərbaycanlı sakinləri əvvəlcədən xəbərdarlıq etməklə istənilən istiqamətdə tranzit keçmək hüququna malikdirlər.
1998-ci ilin noyabr ayında ATƏT-in verdiyi növbəti təklifdə Laçın dəhlizinin demilitarizasiyası və xüsusi rejim sisteminin tətbiqi qeyd edilirdi. 1999-cu ildə Azərbaycan və Ermənistan liderlərinin mövqeləri Laçın dəhlizi və Dağlıq Qarabağın statusu məsələsində yaxınlaşdı. Azərbaycan prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Köçəryan arasında aprelin 26-da ABŞ-da, iyulun 16-da Cenevrədə, oktyabrın 11-də isə Sədərəkdə baş tutan görüşlər nikbin əhval ruhiyyədə keçdi. Tərəflərin yaxınlaşması həm Dağlıq Qarabağ ermənilərində, həm də Azərbaycanda ciddi narazılıq yaratdı. “DQR” lideri Arkadi Qukasyan İrəvanın Bakı ilə Qarabağın gələcəyini müzakirə etməyə haqqı olmadığını bildirdi. Azərbaycanda isə müxalifət partiyaları prezident Heydər Əliyevin Vaşinqtonun təzyiqi ilə məğlubiyyət siyasəti yeritdiyini bildirmişdi. Xüsusən də hər iki liderin görüşlərinin nəticələrini müzakirə etməkdən imtina etməsi ilə ictimaiyyət arasında şayiələr yayılmağa başladı. Azərbaycanda Əliyevin Laçın dəhlizinin Dağlıq Qarabağa daxil edilməsinə razılıq verəcəyi ilə bağlı söz-söhbətlər dolaşırdı ki, bu da müxalifət liderləri arasında hiddətə səbəb oldu. Həmin dövrdə keçirilən sorğuda əhalinin 49 faizi bu məsələ ilə bağlı güzəştlərə qarşı olduqlarını bildirmişdi (Cornell, 2000:107).
Daha sonra bu şayiələrin əsassız olmadığı ortaya çıxdı. Bu əsnada tərəflər Dövlət Departamentinin keçmiş əməkdaşı olmuş Pol Qoblun planını müzakirə edirdi. Bu plana əsasən, Laçın dəhlizi ermənilərə , Meğri rayonu isə Azərbaycana verilməli idi. Azərbaycan bundan əlavə “DQR”in müstəqilliyini tanımalı idi. Qeyd edilən bu planın əslində memarı Türkiyənin keçmiş baş naziri Bülent Ecevit idi: “1990-1992-ci illər çox əhəmiyyətli idi. Rusiya hələ özünə gəlməmişdi. Türkiyə isə Qafqaz və Mərkəzi Asiya üçün açar ölkəyə çevrilmişdi. Əgər o vaxt müəyyən qətiyyətlə hərəkət etsəydik, hər şey çox fərqli ola bilərdi. 1990-cı ilin əvvəllərində gedib o yerləri görəndən sonra konkret təklifim oldu. Dedim ki, Dağlıq Qarabağın erməni əhalisinin sıx olduğu hissəsi Ermənistana birləşdirilməlidir. Azərbaycanın orada hökmranlıq edə bilməyəcəyi bəlli idi. Bunun müqabilində Azərbaycanla Naxçıvan arasında erməni torpaqları var. Bu ərazilər həm Azərbaycanla Naxçıvanı bölür, həm də bizimlə birlikdə Azərbaycanı və bütün Orta Asiyadan ayırır. Azərbaycanla Naxçıvan arasında olan erməni torpağı Azərbaycana, Dağlıq Qarabağın digər hissəsi isə Ermənistana verilsin. O vaxt Hikmət Çətinlə də bu barədə danışmışdım. Fikirləşdik, amma azərbaycanlı qardaşlarımız razılaşmadılar. Azərbaycanlı qardaşlarımızın dövlətçilik ənənəsi yoxdur. Biz orda onlara bələdçilik etməli olduq. Bu, əla fürsət idi, lakin itirildi.”(Gaytancıoğlu, 2020:31).
Qarabağın Laçınla birlikdə güzəştə gedilməsi Azərbaycan hökuməti içərisində böyük narazılıq yaratdı. 1999-cu ilin oktyabrında dövlət müşaviri Vəfa Quluzadə, prezidentin köməkçisi Eldar Namazov və xarici işlər naziri Tofiq Zülfüqarov vəzifələrindən istefa verdilər. Ermənistanda isə bu plan daha çox mübahisə doğurdu. Ermənistan üçün Meğrinin Azərbaycana verilməsi onun qonşusu olan İranla cənub sərhədinin itirilməsi demək idi. İran da bu planın qəti şəkildə əleyhinə idi. Köçəryan bu danışıqlarla bağlı diasporadan dəstək gözləsə də bunun tam əksi baş verdi. Diaspora açıq şəkildə ölkəyə həm maddi, həm də hərbi dəstək verməyəcəyi barədə xəbərdarlıq etdi (Yılmaz, 2022:190-191).
Robert Köçəryana bu məsələdə əsas dəstəyi baş nazir Vazgen Sərkisyan verirdi. Lakin 1999-cu ilin oktyabrın 27-də parlamentə edilən silahlı basqın zamanı Sərkisyan və digər 7 nəfər məclis üzvü öldürüldü. Bu terror aktından sonra Ermənistan, eyni zamanda Azərbaycan da Qobl planından tamamilə imtina etdi (Ziyadov, 2010:115).
Bu məsələ bir daha 2001-ci ildə Ki-Vest danışıqları zamanı gündəliyə salındı. Bu dəfə də tərəflər razılaşmaya yaxın olsa da son nəticədə Azərbaycan yekun plandan imtina etdi. Ermənistan prezidenti Robert Köçəryan danışıqların uğursuz olmasını Azərbaycan parlamentinin sülh müqaviləsinin bəndləri ilə razılaşmamağında görür. Növbəti illərdə Azərbaycan Laçın dəhlizi ilə bağlı erməni tərəfinə sülhü təmin edəcək real təkliflər verdi. Xarici İşlər nazirinin müavini Araz Əzimov 2005-ci ildə Laçın dəhlizinin təhlükəsizliyini qorumaq üçün Ağdam-Laçın-Gorus-Sisian-Naxçıvan yolunun çəkilməsini təklif etdi. Bu plana əsasən Naxçıvana gedən yol birbaşa Laçından keçməli idi. Həm azərbaycanlılar, həm də ermənilərin bu marşrutu istifadə etməsi son nəticədə Laçın dəhlizini “həyat yolu”na çevirəcək və dəhliz boyu hərəkətin təhlükəsizliyində hər iki dövləti maraqlı tərəfə çevirəcəkdi. Bundan başqa Laçın dəhlizinin demilitarizasiyası və beynəlxalq sülhməramlılarla birlikdə yolun patrulunda iştirak etmək imkanı nəzərdə tutulmuşdu. Həmin il xarici işlər naziri Elmar Məmmədyarov BMT-dəki çıxışı zamanı qeyd edilən təklifi bir daha diqqətə çatdırdı: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistanla, Azərbaycanın Naxçıvan bölgəsində yaşayan azərbaycanlıların isə ölkənin digər əraziləri ilə bağlantısı əsas prioritet məsələdir. Biz “Sülh yolu” adlandırdığımız Laçın dəhlizindən hər iki tərəfin istifadəsini təklif edirik, bir şərtlə ki, bu yolun təhlükəsizliyi ilkin mərhələdə çoxmillətli sülhməramlı qüvvələr tərəfindən təmin edilsin.” Lakin bu təkliflər ermənilər tərəfindən qəbul edilmədi. Vəziyyəti qəlizləşdirən isə ermənilərin Laçın dəhlizinin eni ilə bağlı irəli sürdüyü maksimalist yanaşma idi. Belə ki, erməni tərəfi Laçın dəhlizinin yolun artilleriya zərbələrindən qorunması adı altında 60 km məsafədə olmasını istəyirdi. Bu isə dəhlizin Qubadlı rayonuna qədər uzanması demək idi. Bundan sonrakı danışıqlar prosesində də hansısa nəticə əldə edilmədi. 2010-cu ilin ortalarından etibarən erməni tərəfi Laçın dəhlizində Livan ermənilərini yerləşdirilməyə başlandı. Bu isə danışıqlar prosesinə ciddi zərbə endirdi və son nəticədə müharibəni də qaçılmaz etdi (Modebadze, 2021: 105).
İkinci Qarabağ Müharibəsi zamanı Laçın dəhlizi
27 sentyabrda başlayan hərbi əməliyyatlar zamanı Azərbaycan bölmələrinin əsas hədəflərindən biri də Laçın dəhlizini ələ keçirmək idi. Müharibənin ilk günündə Murovdağ zirvəsinin ələ keçirilməsi ilə Azərbaycan faktiki olaraq Ağdərə-Vardenis yoluna nəzarət etməyə başladı. Bu səbəbdən Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə sadəcə Laçın dəhlizi vasitəsi ilə həyata keçirilməyə başladı. Azərbaycan hərbi komandanlığı Ermənistandan Qarabağa hərbi texnikanın gətirilməsinin qarşısını almaq üçün oktyabrın 2-də “LORA” ballistik raketi ilə Laçının Aşağı Sus kəndindəki körpüyə zərbə endirdi (Rubin, 2020:10). Körpü ciddi zədələnsə də dağılmadı. Bununla belə, Laçın dəhlizinə giriş və çıxış zamanı axsamalar yarandı.
Azərbaycan Ordusu Laçın rayonuna oktyabrın 22-də Qubadlı rayonu istiqamətindən daxil oldu. Həmin gün Laçının Güləbird kəndi azad edildi. Azərbaycan bölmələrinin dəhlizə doğru sürətlə irəliləməsi Laçın şəhərində ciddi panik yaratdı. Bir gün sonra şəhərdə yaşayan erməni sakinin müharibəyə Putinin müdaxilə etməsi üçün rus jurnalistə yalvarması vəziyyətin mürəkkəb olduğunu göstərirdi. Təhlükəni başa düşən erməni rəhbərliyi Qubadlıdakı əsas qüvvələri şimala doğru çəkdi. Vəziyyət mürəkkəb olduğu üçün Ermənistan müdafiə naziri David Tonoyan oktyabrın 23-ü Xankəndiyə gəldi. Oktyabrın 24-də Azərbaycan bölmələri Laçın dəhlizi yaxınlığında ciddi müqavimətlə rastlaşdılar. Ermənistan hərbçiləri dəhliz boyu kəndlərə çox sayda “Qrad”, minaatan və artilleriya bölmələri yerləşdirmişdi. Bundan əlavə, ərazidə “S-300PS/PT” zenit-raket kompleksi yerləşdirilmişdi. Döyüşlərdə “Müdafiə Ordusu” və Ermənistan birləşmələri ilə birlikdə Livan erməniləri iştirak edirdi. 2 gün davam edən döyüşlərdən sonra Azərbaycan bölmələri şərq istiqamətdə yerləşən Türklər kəndini azad edərək Səfiyan kəndinə yaxınlaşdı. Oktyabrın 26-da Azərbaycan bölmələri ilə erməni ordusu arasında Laçının Səfiyan kəndi ətrafında döyüşlər başladı. Bu döyüşlər zamanı erməni ordusunun müqavimətini qırmaq mümkün olmadı və cəbhə xətti Mazutlu-Xanalılar kəndləri boyunca sabitləşdi. Buna baxmayaraq, noyabrın 10-a qədər Azərbaycan bölmələri Laçına girmək daha bir cəhd etdi. Noyabrın 5-də edilən cəhd isə Laçının Turabı kəndi istiqamətində texnikaların aşkarlanması və tamamilə məhv edilməsi ilə nəticələndi. Bu əməliyyat zamanı Azərbaycan bölmələri 1 T-72 tankı, 3 “BMP-2”, 5 zirehli yük maşını və ən az 5 hərbçisini itirdi. Beləliklə, ordu hərbi əməliyyatlar zamanı Laçın dəhlizini ələ keçirə bilmədi.
İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət
Azərbaycan bölmələrinin 7 noyabrda Şuşanı azad etməsindən sonra Xankəndiyə yaxınlaşması ermənilərin müharibənin taleyi ilə bağlı son ümidlərini də öldürdü. 10 noyabrda Azərbaycan-Rusiya-Ermənistan liderləri arasında imzalanan atəşkəs bəyanatı ilə hərbi əməliyyatlar yekunlaşdı. Bəyanatın 6-cı maddəsi Laçın dəhlizi ilə bağlı idi. Belə ki, mətbuata ilk açıqlanan sənəddə Laçın dəhlizinin erməni nəzarətində qaldığı bildirilmişdi. Kremlin rəsmi saytında göstərilən ikinci sənəddə isə bu hissə çıxarıldı və dəhlizin Rusiya sülhməramlılarının nəzarətində olduğu qeyd edildi. Həmin maddədə tərəflərin razılığı ilə yaxın üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyunca yeni nəqliyyat marşrutunun tikintisi və Rusiya sülhməramlı kontingentinin bu marşrutun mühafizəsinin təşkil etməsi haqqında ifadə var idi. Bu isə Laçın dəhlizinin de-fakto erməni nəzarətindən çıxması demək idi. Bundan əlavə, dəhlizin eni ermənilərin əvvəl iddia etdiyi kimi 60 km yox, 5 km nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev qeyd edir: “Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir.” Laçın atəşkəs bəyanatından Azərbaycana qaytarılmasa da Rusya sülhməramlıları tərəfindən boşaldıldı və 30 noyabra kimi şəhəri demək olar ki, bütün ermənilər tərk etdi. Lakin bir müddətdən sonra onların bir qismi ərazinin Rusiya sülhməramlılarının nəzarətində qalmasına əmin olmasından sonra geri döndü. 2021-ci ildə dəhlizdə yerləşən Sus kəndində 30, Zabux kəndində 40, Laçın şəhərində isə 100-120 nəfər erməni yaşayırdı. Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarıldı. Azərbaycan xalqına müraciətində prezident İlham Əliyev Laçın şəhərinin taleyi ilə bağlı suallara belə aydınlıq gətirdi: “İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi.” Maraqlıdır ki, bəyanatda yeni marşrut çəkiləcəyi qeyd edilsə də Laçın şəhərinin Azərbaycana qaytarılacağı haqqında heç bir ifadə yoxdur. Həmin gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Laçının geri qaytarılması və yeni dəhlizlə bağlı suala cavab verməməsi iki dövlət arasında bu məsələdə razılıq olmadığını göstərirdi.
Laçın rayonunun Azərbaycan nəzarətinə keçməsindən bir müddət sonra yeni yolla bağlı tikinti işlərinə başlandı. Yolun marşrutu Y41-09 magistralı ilə Gorusun (Sünik mərzi) kəndi olan Kornidzordan Laçının Qayğı ərazisinə daxil olmalı, daha sonra isə Dəyirmanyanı, Ərəb, Turabı, Unannovu kəndləri boyunca Şuşa rayonuna ərazisindəki Kiçik Qaladərəsi kəndinə uzanmalı idi. Plana görə, yol Böyük Qaladərəsi kəndini keçməklə Laçın-Şuşa yoluna birləşməli idi. Əvvəlcə yolun ümumi uzunluğu 32 km olduğu qeyd edilsə də daha sonra bunun 27 km olduğu bildirildi. Yolun çəkilməsindən sonra dəhlizdəki Laçın şəhəri və Zabux kəndi Azərbaycana verilməli idi. 22 fevral 2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov alternativ yolun təxminən yarısının çəkildiyi, iyul ayına qədər isə tam istifadəyə veriləcəyini qeyd etmişdi. Lakin AAYDA-nın 21 aprel 2022-ci il tarixli məlumatında tikinti işlərinin ilin sonunda yekunlaşacağı bildirilib. Azərbaycan tikintinin bitməsindən sonra Laçın şəhərinin Azərbaycana geri veriləcəyinə ümid etsə də Rusiya rəhbərliyi bu məsələdə prinsipial mövqedə durur. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin 20 aprel 2022-ci ildə bəyanatında deyilir : “Laçın dəhlizi üçün yeni marşrutun razılaşdırılması məsələlərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının 6-cı bəndinin müddəalarına ciddi əməl etmək lazımdır.” Bu bəyanat 2023-cü ilin noyabrından daha tez Laçının Azərbaycana geri verilməyəcəyi anlamına gəlir. Üstəlik, Laçın şəhərinin Azərbaycana verilmə müddəasının 6-cı maddədə yer almaması bu məsələ ilə bağlı qeyri-müəyyənliyi qoruyub saxlayır. Bu mövzu ilə bağlı dövlətlərarası razılaşmanın olub-olmadığı mətbuata açıqlanmır. Bu səbəbdən Laçın şəhəri və dəhlizin hələ uzun illər geopolitik əhəmiyyətini qoruyacağını proqnozlaşdırmaq olar.
Laçın dəhlizi ilə bağlı digər məsələ isə onun hüquqi idarəetmə mexanizmi idi. Azərbaycan rəhbərliyi 10 noyabrdakı atəşkəs razılaşmasında Naxçıvan istiqamətindəki nəqliyyatın açılmasına “Zəngəzur dəhlizi” kimi xarakterizə etdi. Bu məsələ Ermənistan tərəfində qıcıq yaratdı və 2021-ci il boyunca tərəflər arasında yaranan gərginlikdə əsas rolu oynadı. Azərbaycan bölmələrinin xüsusilə yay aylarında Kəlbəcər və Laçın istiqamətində Ermənistan ərazisinə girməsi Ermənistanı Zəngəzur dəhlizinə məcburetmə əməliyyatı kimi xarakterizə olundu. Son nəticədə tərəflər arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı razılıq əldə edilsə də burada gömrük postların qurulması ilə bağlı ortaq mövqe müşahidə edilmir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il dekabrın 14-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı Laçın dəhlizində gömrük postlarının qurulmasının istisna edilmədiyini bildirdi: “Bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvana gedən dəmir yolu xəttinin tikilməsi ilə bağlı razılığa gəlmişik. Həmçinin, avtomobil yolunun inşası ilə bağlı razılıq da əldə etmişik. Lakin avtomobil yolunun istiqaməti hələ dəqiqləşməyib. Bu, gələcək müzakirələrin predmetidir. Biz bu axşam üçtərəfli görüşdə mütləq bu məsələni müzakirə edəcəyik. Zəngəzur dəhlizindən istifadə qaydalarına gəlincə, bu, Laçın dəhlizindəki kimi olmalıdır. Çünki üçtərəfli bəyanatda açıq şəkildə göstərilib ki, Laçın dəhlizi vasitəsilə Azərbaycan Ermənistan və Qarabağ arasında əlaqə üçün təhlükəsiz və maneəsiz giriş təmin edir. Ermənistan da Azərbaycan və Naxçıvan arasında maneəsiz girişi və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük postu yoxdur. Zəngəzur dəhlizində də gömrük postu olmamalıdır. Əgər Ermənistan yükləri və insanları yoxlamaq üçün gömrük postunun qurulmasında israr edərsə, biz də Laçın dəhlizində eyni israrı edəcəyik. Bu məntiqlidir. Bu məsələdə qərar Ermənistanın üzərinə düşür. Biz iki varianta da hazırıq. Ya hər iki tərəfdə gömrük postu olmur, ya da hər iki tərəfdə gömrük postu qurulur”. Bu açıqlamanı Ermənistan və Dağlıq Qarabağ erməniləri tənqid etsə də Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edilən fikirlə bağlı danışıqlar getdiyini bildirdi: “Brüsseldə keçirilən görüşlərin nəticələrinə görə irəli sürülən təşəbbüslər üç ölkə - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il noyabrın 26-da imzaladığı üçtərəfli sazişləri inkişaf etdirir. Əsas müzakirələr baş nazirin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə davam edir. Onu da xatırlatmaq istərdim ki, bu mexanizm çərçivəsində Cənubi Qafqazda həm dəmir yolu, həm də avtomobil nəqliyyatı əlaqələrinin bərpası məsələlərinin bütün spektri nəzərdən keçirilir.” Ermənistan baş naziri Nikol Paşinyanın 31 mart 2022-ci ildə verdiyi açıqlamasında bir daha Laçın dəhlizi və Zəngəzur dəhlizi paralelinin aparılmasının qəti əleyhinə olduğunu qeyd etdi. Hazırda bu mövzu da Laçın şəhəri və ümumiyyətlə dəhlizin taleyi kimi qeyri-müəyyən olaraq qalmaqdadır.
İstifadə edilən ədəbiyyat
Azərbaycan dilində
Tomas, D. V. (2008). Qarabağ Ermənistan və Azərbaycan Sülh və Savaş Yollarında.[Карабах на пути мира и войны в Армении и Азербайджане]. Bakı: Nəşriyyat—İlay MMC.
Türk dilində
- Gaytancıoğlu, K. (2020). Bülent Ecevit’in Orta Asya ve Azerbaycan Politikası:“Ne Turancılık Ne Şovenlik Tek Hedef İş Birliği”. Elektronik Siyaset Bilimi Araştırmaları Dergisi, 11(20), 17-55
- https://esbadergisi.com/images/sayi20/2gaytancioglu-ecevit-ve-turk-dunyasi.pdf
İngilis dilində
- Kurtov, A. (2008). The CSTO, GUAM: Transformation of the Post-Soviet Area. Central Asia and the Caucasus, (3-4), 262-276.
- Macer-Wright, A. Why Negotiations in the Nagorno-Karabakh Conflict Have Failed
https://c-i.am/wp-content/uploads/CI-Essay-Alun-Macer-Wright_final.pdf - Modebadze, V. (2021). The escalation of conflict between Armenians and Azerbaijanis and the problems of peaceful resolution of the Nagorno-Karabakh war. Journal of liberty and international affairs, 6(03), 102-110.
https://www.ssoar.info/ssoar/bitstream/handle/document/71173/ssoar-jlibertyintaff-2021-3-modebadze-The_escalation_of_conflict_between.pdf?sequence=1&isAllowed=y - Potier, T. (2021). Conflict in Nagorno-Karabakh, Abkhazia and South Ossetia: A Legal Appraisal. BRILL.
- Robert, H. H. (2001). Armenia: A historical atlas. Chicago: University of Chicago Press, 89, 66-7.
- Rubin, U. (2020). The second Nagorno-Karabakh War: A milestone in military affairs. Mideast Security and Policy Studies, 184, 1-15.
https://besacenter.org/wp-content/uploads/2020/12/184web-no-ital.pdf - YILMAZ, S. (2022). Land Swap Formula in the Nagorno-Karabakh Crisis Solution: Goble Plan and Lavrov Plan. Bilig, (100), 177-209.
https://dergipark.org.tr/en/download/article-file/2261695 - Ziyadov, T. (2010). Nagorno-Karabakh negotiations: though the prism of a multi-issue bargaining model. International negotiation, 15(1), 107-131.
https://brill.com/view/journals/iner/15/1/article-p107_6.xml?ebody=abstract%2Fexcerpt
Rus dilində
- The International Crisis Group, Нагорный Карабах: план установления мира, 11 октября, 2005 г. Доклад No167.
https://d2071andvip0wj.cloudfront.net/167-nagorno-karabakh-a-plan-for-peace-russian.pdf - Велимамедов, М. (2019), Очерки по Карабахской войне. ЛитРес: Самиздат
- Кочарян, Роберт (2019), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха, Москва : Интеллектуальная Литература
- Тер-Тадевосян, Аркадий (2007) “Анализ боевых действий в Арцахе (в период с июля 1991 по июль 1992 гг.)”, Вопросы стратегии и безопасности, стр. 551-578.
http://ararat-center.org/upload/files/Razm_&_Anvtang_17_ur.pdf?fbclid=IwAR3gF7r-jaT4KS5K8HyRE7t3ZMLSD_Hp_Ho6tp79_548FKGMWTb7aA2V6yA - Մկրտչյան, Շ. Մ. (1989). Историко-архитектурные памятники Нагорного Карабаха. Парберакан.