Azərbaycanda modernləşmə prosesi və dövlətin formalaşma dinamikası
Azərbaycanlıların son iki yüz illik tarixini ehtiva edən ən səciyyəvi cəhət modernləşmə prosesi və bunun davamında ortaya çıxan modern dövlət aparatının mövcudluğunun idrak edilərək qəbul olunmasıdır. Rusiya İmperiyasının Cənubi Qafqaza gəlişi ilə başlayan bu proses özünəməxsus dinamika ilə davam etməkdədir. Əsrlər boyu imperiyaların ucqarlarında gündəlik qayğıları ilə yaşayan azərbaycanlılar və ya özlərinin təbiri ilə desək müsəlmanlar Rusiya İmperiyasının timsalında modern dövlətlə tanış olur və onun imperiya siyasəstinin davamlılığını təmin etmək üçün yaratdığı imkanlardan istifadə edərək bir əsrdən qısa bir zamanda müstəqil modern dövləti, cümhuriyyəti yaradırlar. İki il sonra işğal edilən Azərbaycan alternativ modernist dövlətçiliyin təmsilçisi olan sovet ittifaqının tərkibində öz varlığını davam etdirə bilir. Yetmiş illik sovet təcrübəsindən sonra yenidən müstəqil dövlət olan Azərbaycan özünəməxsus dinamika ilə öz mövcudluğunu davam etdirməkdədir. Qısa zaman kəsiyində fərqli dövlət modelləri ilə qarşılaşan azərbaycanlıların dövrün şərtlərinə uyğunlaşmaqda çətinlik çəkdiyini iddia etmək isə əlbəttə əsassızdır. Akademik standartlara əsaslanmayan bu iddialar uzun zamandır azərbaycanlıları qaralamaqdan başqa bir işə xidmət etmir və buna görə də ortada istinad ediləcək və ya təkzib ediləcək ciddi bir fikir yoxdur. Həmin boşluğu doldurmaq məqsədi daşıyan bu yazıda modernləşmə ilə birlikdə ortaya çıxan dövlət məhfumu Azərbaycan kontekstində ələ alınacaq və hadisələrin inkişaf dinamikasına nəzər yetiriləcəkdir. Məsələyə metodoloji yanaşmaq üçün isə dövriləndirmə aparmağın labüd olduğunu düşünərək modernləşməni üç mərhələyə ayırmaq lazımdır: 1828-ci ildən 1920-ci ilə qədər olan klassik modern dövr, sovet dövründəki alternatif modernləşmə və müstəqilliyimizin bərpasından sonrakı post-kolonial modernləşmə. Burada modernləşmə müstəqil dəyişən (variable), dövlət isə modernləşmə ilə formalaşan aslı dəyişən kimi işlənəcək.
Türkmənçaydan sonra
1828-ci il Türkmənçay müqaviləsi ilə Arazdan şimaldakı Azərbaycan torpaqları Rusiya İmperiyası tərəfindən ilhaq edilir. Bununla da 18-ci əsrin ortalarından etibarən lokal ixtilaf və toqquşmalar içərisində olan xanlıqlar aradan qaldırılır və imperatorun təyin etdiyi canişin və qubernatorların rəhbərlik etdiyi yeni idarə mexanizmi yaradılır. Əhalinin həyatını, gündəlik fəliyyətini tənizmləmək məqsədi daşıyan modern qurumlar ortaya çıxır. Şeyx Şamil hərəkatının basdırılması ilə birlikdə qarşısında heç bir təşkilatı və logistik əngəl qalmayan Rusiya İmperiyası Cənubi Qafqazda mövcudluğunu tamamilə bərqərar edir. Uzun müddət imperiyaların ucqarlarını təşkil edən Arazdan şimaldakı Azərbaycan torpaqlarında modern dövlət mexanizmi ortaya çıxır, həm də dövlətin mövcudluğu özünü daha qabarıq göstərməyə başlayır. Sonuncu məsələ, dövlətin mövcudluğu Osmanlı – Səfəvi rəqabəti dövründə heç vaxt bir tərəfin lehinə nəticələnməmiş, davamlı olaraq dəyişikliyə məruz qalmışdır. Odur ki, insanlar dövrün şərtlərinə, konyukturaya uyğun hərəkət edərək həyatlarını davam etdirməyə çalışırdılar. Şərtlərin davamlı dəyişdiyi bir coğrafiyada Qərb modelli güclü modern dövlətin, daha dəqiq desək imperiyanın mövcudluğu hadisələrin sonrakı gedişatını kökündən dəyişdi.
Böyük Pyotrdan bəri modernləşmə yolunu seçən Rusiya İmperiyası bütün çatışmazlıqlarına baxmayaraq II Yekaterina dövründən etibarən Avropa klubuna daxil olmuşdu. Avropadakı tərəf müqabilləri kimi Rusiya İmperiyasının da modernləşməsinin özəyini metropoliya və periferiya arasındakı ziddiyət təşkil edirdi. Dövrün digər imperialist dövlətləri kimi Rusiya da ələ keçirdiyi yeni ərazilərdə sivil idarə etməni daha sürətli qura bilmək üçün zaman-zaman yerli elitanın maraqlarını nəzərə almalı olurdu. Rəsmi fərmanlar ilə təsdiqlənən imtiyazlar isə məhkəmələr, hüquqi mexanizm tərəfindən tənzimlənməkdəydi. Azərbaycan torpaqlarının ilhaqından çox keçmədən yüksək zümrənin, bəylərin və ağaların hüquqlarını, imtiyazlarını tanıyan 1846-ci il fərmanı imperator tərəfindən imzalanır. Bununla da bəy və ağalar sadəcə mülkiyyətin toxunulmazlığını təmin etmədilər, həm də legitimliklərinin tanınmasına nail oldular. Əvvəlki əsrlərdə torpağın sahibliyinin (tüyul torpalar) təkcə dövlətə məxsus olduğunu nəzərə alsaq, Rusiya imperatorunun bu fərmanı imzalaması azərbaycanlıların modern dövlət ilə ilk tanışlığı hesab edilməlidir. Mülkiyyət hüququnun tanınması ilə birlikdə mülk sahiblərinin dövlət ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. İlkin mərhələdə dövlətin təyin etdiyi standartlara uyğun olaraq mülkün təsnifatı, qeydiyyatı, xəritəyə alınması prosesi modernləşmənin səciyyəvi cəhətləri kimi qeyd olunmalıdır. Lakin mülk sahiblərinin özləri üçün tamamilə yeni olan modern standartlar, götürdüyü öhdəliklər də legitimliyin təmin edilməsində vacib rol oynamışdır. Öhdəliklərin yerinə yetirilməsi qarşılığında isə mülk sahibləri imtiyazlı zümrə kimi dövlətin resurslarına çıxış əldə etdilər. Rusiya İmperiyasının rasional səbəblər ilə başlatdığı siyasət idarəetməni asanlaşdırmaq, funksionallaşdırmaqla yanaşı azərbaycanlıların modernləşmə prosesini daha da sürətləndirdi.
“Azərbaycanlıların modernləşmə prosesi” dedikdə söhbətin xalqın çox kiçik bir hissəsindən getdiyini də qeyd etmək lazımdır. Daha millətin adının olmadığı (və ya çoxları üçün müsəlman) bir vaxtda modern dövlət, imperiya tərəfindən yeni insitutlarla tanış olan xalqın çox böyük hissəsinin məsələləri idrak etməsi bir neçə onillik davam edəcəkdi. Lakin kiçik bir qrupu əhatə edən bəy və ağalardan ibarət imtiyazlı zümrənin dövlətlə münasibətlərini təyin və təmin edən dövlət qrumları modernləşmənin dinamikasını formalaşdırdı. İmperiyaların genişlənməsi ilə birlikdə yayılan Qərb modernitəsinin ən səciyyəvi cəhiyyəti yaratdığı instituların fərqli coğrafiyalar, xalqlar və etnik qrupları qısa zaman ərzində dəyişdirməsi və formalaşdırmasıdır. Qərb modernləşməsinin Azərbaycandakı ilk təzahürü olan dövlət aparatı modern dövrün təmsilçisi kimi ortaya çıxır və insanların dövlət anlayışı yeni mərhələyə qədəm qoyur. Daha dəqiq ifadə edəcək olsaq, insanlar modern olanın dövlət, dövlətin isə modern olan fikrini qəbul etməyə başlayır. Modern dövlətlə tanışlıq mərhələsində imperiya siyasətinin birbaşa və ya dolayı təsiri olsa belə elita yeni şərtlərə uyğunlaşmaqda gecikmədi, əksinə öz standartları çərçivəsində özünəməxsus “modus vivendi” formalaşdıra bildi. Sonrakı onilliklər ərzində modern hüququn tətbiq edildiyi mülkiyyət sistemi (ətraflı 12.09.2021-ci ildə dərc olunan “Rusiya imperiyasının mülkiyyət və məhkəmə islahatlarının Azərbaycanda modernist təzahürü: Cümhuriyyətə gedən yol” yazısında), yeni mədəni-maarif fəaliyyətləri və ən əsası kapitalist sənayenin inkişafı modernləşməni sürətləndirdi və qısa dövr yaşamasına baxmayaraq müstəqil Azərbaycan dövlətinin yaranmasına vəsilə oldu. Odur ki, azərbaycanlılar üçün modernləşmənin ilk əyani nailiyyəti müstəqil dövlətin yaradılması hesab edilə bilər.
Alternativ modernləşmək
1920-ci il 28 apreldə sovet ordusu tərəfindən işğal edildikdən sonra SSRİ-nin ittifaq respublikasına çevrilən Azərbaycan üçün yeni dövr başlayır. Anti-imperialist proqram və agenda ilə Kerenski hökümətini devirən bolşeviklər vətəndaş müharibəsindən dərhal sonra dağılmış imperiyanın sərhədlərini bərpa etməyə nail oldular. İmperializmə qarşı olan bolşeviklər yeni imperiyanın qurumlarının fəaliyyətini fordizim modeli əsasında dizayn etdilər. Amerikada ortaya çıxan fordizimin ən səciyyəvi cəhəti istehsal prosesinin standartlaşdırılması və mümkün qədər bəsitləşdirilməsinə xidmət edirdi. Qərbdəki bütün trendləri izləyən bolşeviklər mənsubu olduqları Qərb modernləşməsi ilə yan yana xarakterizə edilməmək üçün modernləşməni regional çərçivədə saxlamağı seçdilər. Beləliklə, Trotskinin inqilabı yaymaq planlarına qarşı Stalinin bir ölkədə (və ya imperiyada) sosializm modeli qalib gəldi. Mülkiyyəti ləğv edərək ölkənin sənayeləşməsinin təmin edilməsi, dövlət qurumlarının təşkilati və texniki olaraq təkmilləşdirilməsi və sosial mobilizasiyası üçün kanalların açılması, ən vacibi isə təhsil sisteminin modernləşdirilməsi, eyni zamanda da əlçatan olması sovet sisteminin alternativ modernləşməsinin əsas səciyyəvi cəhətləri arasındaydı.
İttifaq xalqlarının inkişaf dinamikasını müxtəlif kateqoriyalara bölən Narkomnats (millətlər komissarlığı) və Qosplan (dövlət planlama komitəsi) ittifaq respublikarının idarəçiliyinə də bu çərçivədən yanaşırdı. Onlara görə yüksək inkişafa nail olmuş ruslar, ukraynalılar, gürcülər həm lokal, həm də respublika səviyyəsində daha az inkişaf etmiş və ya geridə qalmış, cahil hesab edilən azərbaycanlılara, özbəklərə, belaruslara yol göstərə bilərdilər. Azərbaycanlıları az inkişaf etmiş və ya cahil hesab edən bolşeviklər dövlət rəhbərliyi və açar vəzifələrdə rus, ukraynalı, gürcü və ya ermənilərə etimad göstərirdi. Repressiyalara məruz qalan azərbacanlı intellegensiyanın əvəzinə isə yeni nəsil insan modeli yetişdirilməkdəydi. Bu illər azərbaycanlıların tarixi alın yazısı olan yeni şərtlərə uyğunlaşma dövrüdür. Rusiya imperiyasının ilk iyirmi-otuz ilində olduğu kimi, sovet hakimiyyətinin ilk iyirmi-otuz ili vəziyyətə uyğunlaşma prosesi baş verdi. Üstəlik, II Dünya Müharibəsinin yaratdığı faciəni də nəzərə alsaq sovet dövrünün şərtlərinə alışmağın daha ağrılı keçdiyini demək olar. Lakin tarixi fürsətləri dəyərləndirmə reflekslərimiz özünü sovet hakimiyyəti dövründə də göstərdi. Stalinin ölümündən sonra yaranan yumşalma ilə birlikdə İmam Mustafayevin rəhbərliyində dövlət qurumlarının və Bakının azərbaycanlılaşdırılması prosesi başlandı. Heydər Əliyevin rəhbərliyi dövründə daha da vüsət alan bu hərəkat nəticəsində Bakıda azərbaycanlıların sayı daha da artdı və kosmopolit Bakıda azərbaycanlılar digər millətləri üstələdi.
Bu hərəkat dövlətin əhəmiyyətli vəzifələrindən kənarda buraxılan azərbaycanlıların mövcudluqlarını qoruma təşəbbüsü hesab edilməlidir. Sovet sisteminin Cənubi Qafqazda təsirinin mərkəzlə müqayisədə daha az olduğu ortaya çıxdığı andan etibarən azəbaycanlıların dövlət içindəki qeyri-rəsmi təşkilatlanması da sürətləndi. Bəlkə bu gün “yerlibazlıq”,“qohumbazlıq”, “adambazlıq” hesab edilən həmin təşkilatlanma əslində sovet sisteminə qarşı formalaşan bir qoruma mexanizmi kimi oxuna bilər. Bu mexanizm həm də kosmopolit Bakıda yadırğanan, ikrahla baxılan azərbaycanlıların digər millətlərə qarşı dirənişinin özəyini təşkil edirdi. Təhsilin əlçatan olması isə bu prosesdə katalizatora çevrildi. Hər kəndin, ailənin Bakıda ali təhsil alan nümayəndəsi potensial vəzifə sahibi olaraq görülür və ona göstərilən etimadın doğruldulması gözlənilirdi. Universitet illərindən partiya təşkilatına qoşulmaq istəyinin arxasında da bir gün Bakıda yüksək vəzifə sahibi olmaq arzusu dayanırdı. Odur ki, doğulduqları rayona qayıdıb hər hansı idarədə və ya kolxozda işləmək əvəzinə Bakıda qalmaq və şanslarını bu kosmopolit şəhərdə axtarmaq daha cazibədar gəlirdi. Şəhər mühitinin dinamikası və aldıqları təhsil sayəsində kənd rayonlardan gələn azərbaycanlılar ötən əsrin 60-cı illərindən etibarən Bakıda dövlətin mərkəzinə yerləşməyə başladılar. Bu tendensiya dövlətin azərbaycanlılaşması, kənara itilmiş periferiyanın isə kosmopolit şəhərdə güclənməsini bərabərində gətirdi. Alternativ modernləşmə adlandırdığımız sovet dövrü dövlət içərisində yerləşmənin və şəbəkələşmənin zərurətini ortaya çıxartdı. Periferiyadan gələnlər bir-birini irəli çəkərək, dəstəkləyərək, qoruyaraq dövlətin mərkəzinə yerləşdi.
Müstəqil Azərbaycan və post-koloniyalizm
Müstəqilliyimizin bərpasından sonra böyük faciələr, sarsıntılar yaşasa da, Azərbaycan modernləşmə yolunda davam etdi. Bu dövrün də ən səciyyəvi cəhəti proseslərin dövlət mərkəzli inkişaf dinamikasıdır. Post-koloniyal dövrdə öz yolunu təyin etməyə çalışan Azərbaycan sürətlə qloballaşmanın parçasına çevrilsə də, yerləşdiyi coğrafiyanın reallıqlarını nəzərə almağa davam etdi. Odur ki, “bizim öz yolumuz var” fikri hələ də aktuallığını qoruyub saxlamaqdadır. Bu fikir dövlətçiliyimizin mövcudluğunu ən müfəssəl şəkildə təsvir etdiyi kimi, həm də post-koloniyal modernləşmə ilə üst-üstə düşür. Avrosentrik modernizmin tənqidi və mühakiməsi üzərində qurulan post-koloniyal modernləşmənin ən səciyyəvi cəhəti də modernləşmənin fərqliliynin mümkünlüyüdür. Mövcud olanın, ona təlqin edilən modernləşmənin əksinə post-koloniyal dövrdə insanlar daha əvvəlki təcrübələrə skeptik yanaşır və əvəzində yeni trendlərə uyğunlaşmağa çalışırlar. Sovet modelindən ayrıldıqdan çox qısa bir zamanda Qərb modernləşməsi ilə tanış olan azərbaycanlılar kollektiv yaddaşdan irəli gələrək yeni olana skeptik yanaşmağa davam etdilər. Bunun əvəzində isə 2000-ci illərin əvvələrinə gəldikdə isə dövlət öz yol xəritəsini müəyyən etmişdi. Geosiyasi şərtlər əsasında öz inkişaf dinamikasını təyin edən Azərbaycan dövləti əgər ilk mərhələdə qlobal güclərə özünü qəbul etdirmək təşəbbüsü içində idisə, günümüzdə mərkəzləşməni daha da sürətləndirməkədədir. Bu trend insanların dövləti daha fərqli görməsini, qavramasını və hətta sahiblənməsinə təsirsiz ötüşmür.
Üçüncü dünya ölkələrinin üzləşdiyi əsas problem olan dövlətin cəmiyyət, xalq tərəfindən qavranılması post koloniyal modernləşmə prosesində azərbaycanlılara da aid edilə bilər. Klassik modernləşmə mərhələsini tam yekunlaşdırmadan sovet mərkəzli alternativ modernləşmənin bir parçasına çevrilən Azərbaycanın post-kolonializm dövründə istiqamətini seçməkdə ehtiyatı, astagəlliyi yadırğamamalıdır. Odur ki, modern olana qarşı ənənəvi dəyərlərin, vərdişlərin ön plana çıxarılması və bunun təbliğ edilməsi indiki şəraitdə dövlətin mənafeyinə uyğundur. Qərb sivilizasiyasının üstünlüklərini, naliyyətlərini inkar etmədən, sadəcə texniki və intellektual (çox cüzi də olsa) bazası ilə kifayətlənmək Azərbaycanın post-koloniyal modernləşməsinin səciyyəvi cəhətlərindəndir. Marksist nəzəriyyəyə çox girmədən onu da qeyd etmək lazımdır ki, müstəqil dövlətin vətəndaşı olmaq azərbaycanlılarda şüurlu olaraq dəyişmə meyillərini formalaşdırmır. Dəyişikliyi təyin edən qüvvə ya məhdud səviyyədə dövlətin maraqları, ya da ki əmək münasibətləri olur. Dövlət dəyişiklik prosesini nəzarətdə saxlayaraq reallaşdırmağa çalışsa da, kapitalist əmək münasibətləri cəmiyyətin dinamikasını təyin edəcək əsas qüvvəyə çevrilməkdədir. Belə bir vəziyyətdə azərbaycanlıların dövlət anlayışı yaxın gələcəkdə daha da formalaşacaq və yeni məna ehtiva edəcək.
Beləliklə, yeni dünya düzəninin formalaşdığı bir dövrdə müstəqil Azərbaycan dövləti aid olduğu coğrafiyada özünəməxsus modernləşmək ənənəsini davam etdirməkdədir. Bu zaman-zaman kəsintilərə məruz qalsa da, insanların təbiəti, qlobal şərtlərlə ayaqlaşmaq və fürsətlərin düzgün dəyərləndirilməsinə görə yekunda azərbaycanlıların dövlət qurması ilə nəticələnmişdir. Bu yazıda da modern dövlətlə tanışlıq və onun qəbul edilməsi, azərbaycanlıların mövcudluğunun elə modern olanla bir başa əlaqədar olduğu işləndi. Azərbaycanın modernləşmə prosesi üç mərhələdə analiz edilərək dövrlərə bölündü. Bununla da Azərbaycanın son iki yüz illik inkişaf yolunun öyrənilməsinə həm fərqli nəzəri bir baxış, həm də metodoloji yanaşma təklif edilir. Ənənəvi təkrarçılıq, ideoloji və ya siyasi qəliblərə düşmədən Azərbaycanın mövcudluğuna ışıq tutmağa çalışan bu yazının əsas məqsədi modernləşmk və dövlətləşmək arasındakı əlaqənin dinamikasının təqdim edilməsidir. Yaxın gələcəkdə bu yazıda təklif edilən modelə əsasən hər bir dövr ayrı işlənib, daha dərindən öyrənilə bilər. Çünki Azərbaycanın Qərb mərkəzli intellektual ənənəsinin formalaşmağa başladığı bir dövrdə modernləşmək və dövlət məsələsinin fərqli kontekstlərdə işlənməsi qaçınılmaz bir zərurətdir.