4 günlük müharibə (Aprel döyüşləri)

4 günlük müharibə (Aprel döyüşləri)

Müharibənin başlanma səbəbləri

Azərbaycan və Ermənistan prezidentlərinin 2016-cı il martın 31-də Vaşinqtonda keçirilən Nüvə Sammitindən qayıtmasından dərhal sonra Azərbaycan Ordusu ilə Ermənistan bölmələri arasında münaqişə başlandı. Azərbaycan rəhbərliyi üçün Vaşinqton görüşü ABŞ-la iki ölkə arasında gərginləşən ikitərəfli münasibətlərdə böyük inkişafa imza atmışdı. ABŞ rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü təsdiq etməsi Bakı rəsmiləri tərəfindən müsbət qarşılandı. Bəzi ekspertlər Aprel münaqişəsinin Nüvə Sammitindən sonra baş verdiyi üçün bəzən Azərbaycanın sammitdən məyus olması ilə əlaqələndirir. Lakin bunun üçün qeyd edilən səbəblər üst-üstə düşmür. Bir çox beynəlxalq müşahidəçilər dörd günlük müharibəni daxili amillərlə, ilk növbədə iqtisadi tənəzzüllə əlaqələndirdilər. Erməni ekspertləri vəziyyətin Azərbaycan tərəfindən qəsdən gərginləşdirildiyi qənaətindədirlər.  Mikayel Zolyan iddia edir ki, Bakı bu eskalasiya və mini qələbə ilə daxili cəmiyyəti sosial-iqtisadi problemlərdən yayındırmaq niyyətində olub. Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev isə belə düşünmür: “Atışmalar 2015-ci ilin dekabrında və 2016-cı ilin yanvarında devalvasiyadan sonra qiymət artımına qarşı regional etirazlar zamanı baş versəydi bu iddianı məntiqli hesab etmək olardı. 2016-cı ilin fevral ayının əvvəlində Bakı TANAP-ın tikintisini maliyyələşdirmək üçün Avropa İnvestisiya Bankından (AİB) bir milyard avro məbləğində kredit götürmüşdü. Bu səbəbdən beynəlxalq investorları çəkindirəcək bir hərbi əməliyyat rəsmi Bakının planına daxil deyildi.” Şiriyev müharibənin başlanmasına səbəb kimi Ermənistanın 2016-cı ildə həyata keçirdiyi hərbi siyasətlə əlaqələndirir: “ Təmas xəttində əsl dəyişiklik Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın 2016-cı ilin fevral ayının əvvəlində İrəvanın “statik müdafiə” strategiyasından daha aktiv çəkindirmə rejiminə keçdiyini bildirməsi ilə baş verdi. Bu, Ermənistanın müdafiə taktikasından hücum taktikasına keçdiyini göstərirdi. Bu strategiyanı Erməni Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisyan da təsdiqləyir”.

Tomaş Baranets və Beşkid Juray isə münaqişənin səbəbini Ermənistan və Azərbaycan arasındakı hərbi disbalansda görür: “2010-2015-ci illərdə Azərbaycanın Rusiyadan aldığı silahlar Ermənistan üzərində güclü hegemoniya yaradıb.[1] Çox güman ki, Azərbaycan rəhbərliyi 2016-cı ilin fevralında Moskvanın İrəvana “Smerç”, “TOS-1”, “Avtobaza-M” radarlarının daxil olduğu 200 milyon dollar kredit verməsini hərbi disbalansa dəyişdirməyə yönəlik təhdid kimi görüb. Bu amil Bakını Qarabağda məhdud və orta dərəcədə uğurlu əməliyyat üçün son fürsətdən istifadə etməyə məcbur edə bilər.” “Karnegi” fondunun baş elmi işçisi Tomas de Vaal  müharibəni  hər iki tərəfin müdaxiləsi ilə nəticələnən təsadüfi atəşkəs pozulması kimi dəyərləndirir. Con Hopkins universitetinin əməkdaşı Svante Kornell isə münaqişənin əsas səbəbləri kimi həm Azərbaycan, həm də Ermənistandakı hərbi dəyişiklikləri görür. Digər fərqli arqumentlərə baxmayaraq, həm azərbaycanlı, həm də erməni ekspertlər Rusiya və Türkiyənin münaqişədə birbaşa rol oynaması fikrini rədd edirlər.

 

Talış əməliyyatı

Azərbaycan bölmələrinin 2016-cı il aprel əməliyyatlarında əsas zərbə istiqaməti Talış kəndi idi. Bu kənd 1992-ci ildə “Ağdərə əməliyyatı” zamanı milli ordunun nəzarətinə keçsə də 2 il sonra yaz əməliyyatları zamanı ermənilər yenidən kəndi işğal edə bilmişdi. Atəşkəsdən sonra Talış və ətraf yüksəkliklərin düşmən nəzarətində olması həm Naftalan şəhərinə, həm Tapqaraqoyunlu kəndinə, həm də Tərtərin digər kəndlərinə açıq nəzarət etmə imkanı verirdi. Aprel əməliyyatlarına qədər erməni bölmələrinin dəfələrlə bu istiqamətdə atəşkəsi pozması kəndin tutulmasının vacibliyini ortaya qoyurdu. Bu səbəbdən əsas hücum əməliyyatı burda həyata keçirildi. Ümumi əməliyyatlarda isə ordunun 15-20 faizi iştirak etdi.

Hədəf Tapqaraqoyunlu istiqamətdən hərəkət edərək Talışın şimal və şimal-qərbində yerləşən yüksəklikləri ələ keçirmək və kəndə daxil olmaq idi. Bundan başqa, Azərbaycan bölmələri Gülüstan, Seysulan və Madagiz istiqamətində də hücum əməliyyatına başladı. Hücum aprelin 2-də gecə saat bir radələrində başlandı. Qəfil hücum zamanı Talış istiqamətindəki ön xətt bölmələri ciddi müqavimət göstərə bilmədi. Həmin anı xüsusi təyinatlı gizir Sərxan Məmmədov belə xatırlayır: “Biz orta neytral xətlə hərəkət edən zaman irəlidəki düşmən səngərindən hündür səslə ermənicə nəsə dedilər. Aramızdakı döyüşçülərdən biri erməni dilini bildiyi üçün "dəqiq sayımızı bilirlər, bu barədə bir-birinə xəbər verirlər” dedi. Sonra isə erməni tərəfinin bizi bir az da irəli buraxıb atəş açmaq istədiyi danışıqlardan məlum oldu. Elə bu an polkovnik-leytenant Murad Mirzəyev əlaqəyə girərək bizə pusquda olduğumuzu dedi. O, bizə xəbər verdi ki, mövqeyinizi tutun, ehtiyatlı olun. Düşmən güllə yağışına başladı və biz cəld üç yarımqrupa bölünərək mövqelərimizi tutduq. Qarşı tərəf bizim öldüyümüzü düşünürdü. Lakin heç bir itki olmadan ermənilərin ön xəttini yardıq və mövqelərimizi tutduq.” Şimal və şimal-qərbdən müdafiə xəttini yaran xüsusi təyinatlılar Talış kəndini ələ keçirmək üçün əməliyyata başladı. Sərxan Məmmədov xatırlayır: “Murad Mirzəyev bizə dedi ki, Talış kəndini götürmək üçün 40 dəqiqə vaxtınız var. Biz artıq kəndə girəndə gördük ki, ermənilər kəndi boşaldıb, heç kim yoxdur. Orada bir erməni ailəsi qalmışdı. Zeynalov Əliağa öz qrupu ilə təpənin üstünə çıxaraq bizə koordinatlar verirdi. Kəndin içində ermənilərin böyük bir taborları var idi və erməni əsgərlər postlarını qoyub qaçırdılar. Kəndin içində atışma oldu, bir neçə ermənini öldürdük, iki-üç nəfər isə meşəyə tərəf qaçdı. Evlərə girib yoxlamaq istəyirdik, komanda gəldi ki, öz mövqelərinizə keçin. Qarşıdan erməni maşını gəlirdi. Sürücünü vurduq. Maşına yaxınlaşanda gördük ki, ermənilərin silah-sursatı ilə doludur. Əvvəlcə partlatmaq istədik, sonra saxladıq ki, atışmada özlərinə qarşı istifadə edərik. Lakin 12 saatdan sonra ermənilər tanklarla irəliləyib bizim ələ keçirdiyimiz postları[2] geri almaq üçün əməliyyata başladılar.”

Erməni bölmələri ilk zərbədən sonra toparlana bildi. Azərbaycan XTQ-nin birinci müdafiə xəttinə girməsindən sonra ikinci müdafiə xəttindəki erməni bölmələri ərazini artilleriya zərbələrinə məruz qoydu. Talış kəndinə yalnız şimal istiqamətdən girən Azərbaycan xüsusi təyinatlıları erməni tanklarının həyata keçirdiyi əks-hücumu saxlaya bilmədi və komandanlığın əmrinə əsasən geri çəkildi. Ancaq axşama yaxın Talışın şimal-qərbi istiqamətində hücuma davam edən Azərbaycan xüsusi təyinatlıları 170 nömrəli postu ələ keçirə bildilər. Burda gedən döyüşlər zamanı ermənilər  4 hərbçisini (Merujan Stepanyan, Rafik Akopyan, Viktor Yuzixoviç, Agasi Asatryan) itirdi. Madagiz və Gülüstan istiqamətində hücumlar isə uğursuz alındı. Madagizdə yerləşən 140 nömrəli posta hücum zamanı 3 Azərbaycan xüsusi təyinatlısı həlak oldu. Seysulan istiqamətində edilən hücum zamanı isə 116 saylı post ələ keçirildi və burada olan 4 erməni hərbçi (kapitan Armenak Urfanyan, kiçik serjant Robert Abajyan, Kerem Sloyan, Andranik Zöhrabyan) öldürüldü. Ancaq 11:30-da erməni xüsusi təyinatlılarının həyata keçirdiyi əks-hücum zamanı post yenidən geri alındı. Bu əməliyyat zamanı Azərbaycan bölmələri 20-dən çox itki verdi. Aprelin 2-i axşam saatlarında tankların köməyi  ilə erməni xüsusi təyinatlıları 170 saylı posta hücuma keçdilər. Hücum əməliyyatına polkovnik-leytenant Artyom Gevorkyan rəhbərlik edirdi. Burda baş verən döyüşlərdə briqada komandiri Murad Mirzəyev daxil olmaqla  xüsusi təyinatlı qrupun 7 üzvü həlak oldu. Ağır döyüşdən sonra erməni bölmələri postu ələ keçirə bildi.

Aprelin 3-ü səhər saatlarında hər iki tərəf mövqe döyüşlərinə başladı. Günorta saatlarında isə Azərbaycan təktərəfli atəşkəs elan etdi. Lakin bu addım taktiki idi və hərbi əməliyyatlar dayanmadı. Həmin gün axşama yaxın Qarabağ ermənilərinə kömək üçün Ermənistandan könüllülər gəlməyə başladı. Aprelin 4-də Azərbaycan XTQ-si yenidən Talış kəndi uğrunda əməliyyata başladı. Həmin anı xüsusi təyinatlı Elnur Zəkəriyəyev belə xatırlayır: “Ayın 4-də səhər saat 05:00-da üzbəüz döyüşə girdik. Düşmən dağınıq idi və rabitə əlaqəsi qura bilmirdi. Komandirimizin verdiyi dəqiq koordinatlar və artilleriya dəstək atışı ilə düşmənə sarsıdıcı zərbə vuruldu. İki snayperimiz qısa müddət ərzində 8 düşmən əsgərini məhv etdi. Bundan sonra biz qarışıqlıqdan istifadə edib düşmən üzərinə yeridik. Ermənilər də əsas qüvvələrini Talış yüksəkliyinə yönləndirirdi. Onlar tank, top, haubitsalardan atəşə başladılar.”

Talış kəndinə daxil olan Azərbaycan XTQ-si bu dəfə də burda möhkəmlənə bilmədi. Azərbaycan bölmələrinin inadlı müqavimətinə baxmayaraq həmin gün Talışın qərbi və şərqi istiqamətindən edilən hücumlardan sonra ermənilər iki postu geri ala bildilər. Hücuma davam edən erməni bölmələri itirdikləri bütün postları geri almaq istəsələr də buna müvəffəq ola bilmədilər. Həmin gün tanklardan ibarət zərbə qrupu formalaşdırıldı və Talışın şimalındakı ərazilərə hücum başlandı. Şiddətli döyüşlərə baxmayaraq erməni bölmələri irəliləyə bilmədi. Hücuma keçən dəstələri dayandırmaq üçün Azərbaycan Ordusu ilk dəfə olaraq “Smerç” reaktiv yaylım atəş sistemi və “TOS-1A” odsaçan artilleriya sistemindən istifadə etdi. Həmin gün Talış istiqamətində erməni könüllüləri daşıyan avtobus İsrail istehsalı “Harop” kamikadze dron vasitəsi ilə vuruldu, aprelin 4-dən 5-nə keçən gecə isə Madagizdəki hərbi bazanın qərargahına zərbələr endirildi. Bu dəfə erməni bölmələri ciddi itki verərək hücumu dayandırmaq məcburiyyətində qaldılar. Tərəflərin mövqe müharibəsinə başlaması ilə cəbhə xətti stabilləşdi. Bununla da 1 gün sonra atəşkəslə bağlı razılıq əldə edildi. Atəşkəsə baxmayaraq təmas xəttində gərginlik 10 aprelə kimi davam etdi. 6 apreldə baş verən atışmalarda erməni bölmələri 1, 8 apreldə isə 2 əsgər itirdi.

Talış kəndindəki baş verən döyüşlər zamanı Azərbaycanın bölmələrinin nə qədər əraziyə nəzarəti ələ keçirməsi indiyə kimi müəmma olaraq qalmaqdadır. Milli Orduya məxsus qrupların 2 dəfə Talış kəndinə daxil olmasını Rusiyanın “Ria-Novosti” xəbər agentliyi də təsdiqləyir. Lakin hər iki dəfə də mövqelərin qorunub saxlanmasına nail olunmadı. Erməni bölmələrinin Talışın şimalında bəzi uğurlarını aprelin 3-də Talışın şimal-qərbində çəkilmiş kadrlardan müəyyənləşdirmək olur. Bu videoda Talış kəndi əraziləri açıq görünsə də aprelin 8-də “ANS” telekanalının çəkdiyi kadrlarda cəbhə xəttinin ilkin çəkilən kadrların olduğu ərazidən xeyli uzaqlaşdığı müşahidə olunur. Bununla belə, Azərbaycan bölmələri bu sektorda sadəcə 3 postu itirdi. Tap Qaraqoyunlu-Talış kəndi istiqamətində ələ keçirilən 14 post isə Milli Ordunun nəzarətində qaldı. Ümumilikdə Talış istiqamətində hücumda Azərbaycan Silahlı Qüvvələri uzununa təqribən 4-5 kilometr, dərininə isə 1-1,5 kilometr ərazidə cəbhə xəttini yardı. Bu isə Talış kəndini birbaşa atəş altında saxlamağa imkan verdi.

 

Lələtəpə əməliyyatı

Lələtəpə yüksəkliyi hündürlüyü 271,1 metr olan və Cəbrayılın Cocuq Mərcanlı kəndindən 2,9 km məsafə aralıda yerləşən hərbi baxımdan strateji ərazidi. Birinci Qarabağ müharibəsi illərində Lələtəpə yüksəkliyi gərgin döyüşlərin getdiyi ərazilərdən biri idi. Bu yüksəkliyə nəzarət şərqdə yerləşən Horadiz şəhərini, eləcə də Füzuli rayonunun əksər hissəsini artilleriya zərbələrinə məruz qoymağa imkan verirdi. Erməni bölmələri 1993-cü ildə Cəbrayıl-Horadiz döyüşləri zamanı Lələtəpəni ələ keçirə bilmişdilər. Lakin 1994-cü ildə Horadiz əməliyyatı zamanı yüksəklik yenidən Azərbaycan ordusunun nəzarətinə keçmişdi. Yanvarın ilk həftəsində Azərbaycan Silahlı Qüvvələri cənub-şərq istiqamətində təxminən 15 km dərininə və 5 km eninə müdafiə xəttini yarmağa müvəffəq oldu. Buna baxmayaraq, inadlı döyüşlərdən sonra 1994-cü ilin fevralın 12-də ermənilər hündürlüyü yenidən ələ keçirə bildilər. Erməni bölmələri may ayına qədər davam edən döyüşlərdə Cəbrayıl rayonunun yeganə kəndi Cocuq Mərcanlı üzərində nəzarəti bərqərar edə bilmədilər. Buna baxmayaraq, yüksəkliyə nəzarət kəndi atəş altında saxlamağa imkan verdi, bu səbəbdən bir ailə istisna olmaqla, bütün əhali kəndi tərk etdi.

Lələtəpənin 22 il erməni nəzarətində qalması Azərbaycan bölmələri və ətraf kəndlər üçün təhlükə yaratdığı üçün aprel ayında başlayan hərbi əməliyyatlarda əsas hədəflərdən biri kimi bu yüksəklik seçildi. Hücum əməliyyatı aprelin 2-si gecə saatlarında başladı. Gecə saat 3-də komandanlığın əmrinə əsasən Lələtəpə istiqamətində başlayan hücuma əvvəlcə 7 nəfərlik kəşfiyyat qrupu, daha sonra isə onların arxasınca digər qruplar irəliləməyə başladı. Hücum əsas iki qrup üzərindən planlanmışdı. Əməliyyata hərbi hissə komandiri, polkovnik Şükür Həmidov rəhbərlik edirdi. Ümumi komandanlığı isə polkovnik[3] Mayis Bərxudarov həyata keçirirdi. Səhər saat 04:50-də başlayan atışmada erməni bölmələrinin ilk postu ələ keçirildi. Yüksəklik uğrunda əsas əməliyyatı  ikinci kəşfiyyat qrupu həyata keçirdi. Burda baş verən 1 saatlıq döyüşdə ciddi itkilər hesabına əsas dayaq məntəqəsi ələ keçirildi. Aprelin 2-də təxminən saat 05:45 radələrində Lələtəpə Azərbaycan bölmələrinin tam olaraq nəzarətinə keçdi. Azərbaycan bayrağını Lələtəpədən asan əsgər Asim Quliyev həmin anı belə xatırlayır: “Həmin bayrağı dəfələrlə təlimlərə aparmışdım. Yoldaşlar arasında hər zaman arzulayırdıq ki, məhz bu bayraq bizim iştirakımızla azad olunan ərazidə ucaldılsın. Elə qismət oldu ki, Lələtəpə istiqamətində hərəkətə keçəsi olduq. Düşmənin müdafiə xəttini yararaq zirvəyə çıxdıq. 1 saatlıq döyüşdən sonra səngərdə bir dənə də olsun sağ düşmən hərbçisi qalmamışdı. Düşmən əlavə qüvvələrlə və artilleriyanın dəstəyi ilə hücuma başlayırdı. Mən hər kəsə zəfərimizi bəyan etmək üçün mərmi partlayışlarını və ölümü nəzərə almayıb bayrağımızı asmaq qərarına gəldim. Həmin vaxt tanklarımızın səsini eşitdim. Onlar köməyə gəlirdilər. Sevinc göz yaşlarımıza hakim ola bilmirdim”. Bu əməliyyat zamanı 112[4] və 115 saylı[5] postlarda ümumilikdə 22 erməni əsgəri öldürüldü.

Yüksəkliyin itirilməsi ilə razılaşmayan ermənilər aprelin 2-də yenidən buranı ələ keçirmək üçün əməliyyata başladılar. Bu döyüşlər zamanı Azərbaycan bölmələri helikopterdən istifadə etdi. Saat 12 radələrində erməni əsgər Narek Malxasyan qumbaraatanla  Azərbaycan məxsus Mİ-24 helikopterini vurdu. Aprelin 2-si və 3-ü  erməni bölmələri tank qruplaşması ilə Lələtəpə istiqamətində hücuma başladılar. Aprelin 3-də erməni tərəfi Lələtəpənin ələ keçirildiyi haqqında məlumat yaydı. Azərbaycan MN dərhal bu xəbəri yalanladı. Bu döyüşlər davam edən zaman Rusiyanın təzyiqi ilə Azərbaycan təktərəfli atəşkəs elan etdi. Müdafiə naziri Zakir Həsənov xatırlayır: “Mənə Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqudan zəng gəldi. Dedi ki, “bu işə” son qoyulmalıdır, ölkə rəhbərliyi bu barədə danışacaq. RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov da bizim Baş Qərargah rəisimizə zəng vurdu.” Aprelin 3-ü və 4-ü baş verən döyüşlər bu istiqamətdəki cəbhə xəttində hansısa dəyişiklik yaratmadı və mövqe döyüşlərindən sonra əməliyyatlar dayandırıldı.

Atəşkəs barədə razılaşma əldə edildikdən sonra Lələtəpənin Azərbaycan nəzarətində olmasını ilk olaraq “Frans Press” agentliyi təsdiqlədi. Beləliklə, Lələtəpə istiqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri  uzununa 1,5 kilometrdən 2 kilometrə, dərininə isə 500 metrdən 1 kilometrə qədər ərazidə cəbhə xəttini yardı, ümumilikdə isə 7 erməni postu ələ keçirildi. Lələtəpənin ələ keçirilən ən vacib postu cənubda yerləşirdi.  Bu post vasitəsilə Azərbayan bölmələri eni 1 km olan açıq sahə zolağını rahatlıqla müşahidə etmə imkanı əldə etdi.

 

Hərbi və ərazi itkiləri

Aprel müharibəsi zamanı Azərbaycan bölmələrinin itkisi rəsmi olaraq tam açıqlanmadı. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının 6 aprel tarixində verdiyi məlumata əsasən, döyüşlərdə 31 hərbi qulluqçu şəhid olub. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun sosial şəbəkələr üzərində apardığı araşdırmalara görə, aprelin 1-6-da cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu həlak olub. Həlak olanlardan 48 nəfəri əsgər, 12-i Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 12-i gizir, 22 nəfəri isə zabit idi. Azərbaycan əsas itkilərə Talış-Seysulan-Madagiz istiqamətində olan döyüşlərdə məruz qalıb. Belə ki, burda baş verən döyüşlərdə Azərbaycan Ordusu 72 nəfər, Lələtəpə istiqamətində gedən döyüşlərdə isə 22 nəfər hərbi qulluqçusunu itirdi. Aprel münaqişəsi zamanı Azərbaycanın itirdiyi ən yüksək rütbəli hərbçilər polkovnik Vüqar Yusifov,  polkovnik-leytenant Raquf Orucov və polkovnik-leytenant Murad Mirzəyev idi. Talış istiqamətində döyüşən polkovnik-leytenant Murad Mirzəyev və mayor Samid İmanov ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adını aldı.[6] 10 apreldə Ermənistan tərəfi Murad Mirzəyevin və Füzuli istiqamətində vurulan Mİ-24 helikopteri ekipajının (mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov) cəsədlərini Azərbaycana təhvil verdi. 4 zabit 1 gün sonra müdafiə nazirinin iştirak etdiyi tədbirdən sonra dəfn edildi. Aprelin 19-da təmas xəttində cəsədi tapılan Seymur Baxışovun dəfn edilməsi ilə döyüşlər zamanı həlak olanların nəşinin ailələrinə təhvil verilməsi prosesi başa çatdı. Ümumilikdə, Azərbaycan tərəfi müharibə zamanı 1 helikopter, 1 tank, 3 PUA itirdiyini etiraf edib. Ermənistan tərəfi isə Azərbaycanın müharibədə 300 əsgər, 26 tank, 2 helikopter, 14 PUA və 1 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi itirdiyini bildirir. Aprel münaqişəsi zamanı Tərtər, Ağdam və Goranboy istiqamətində mülki infrastruktura ciddi ziyan dəydi. Erməni bölmələrinin artilleriya zərbələri nəticəsində 6 mülki şəxs həlak oldu.

Aprel münaqişəsi zamanı Ermənistan tərəfi həm ərazi, həm də ciddi hərbi itkilərə məruz qaldı. Müharibədən sonra rəsmi məlumata əsasən “DQR” şimalda və cənubda 800 hektar ərazi itirdiyini etiraf edib.[7] Bu da ümumi “DQR” ərazisinin təxminən 0,06%-ni təşkil edirdi. Azərbaycan MN-in müharibə ərzində Gülüstan[8]Seysulan[9] kəndlərinin, eləcə də Madagizə gedən yolların ələ keçirilməsi ilə bağlı bəyanatı isə təsdiqlənmədi. Ermənistan MN məlumatına görə atışmalar zamanı 92 erməni hərbçisi həyatını itirib, 1 əsgər isə itkin düşüb. Aprel münaqişəsi zamanı erməni tərəfinin itirdiyi yüksək rütbəli hərbçilər polkovnik-leytenant Aleksan Arakelyan, polkovnik-leytenant Onik Qriqoryan, polkovnik-leytenant Roman Poqosyan idi. Bu zabitlərin hər üçü Lələtəpə istiqamətində gedən döyüşlər zamanı həyatını itirib. Mayor Suren Melkumyan və baş leytenant Maksim Qriqoryan da onlarla birlikdə aprelin 2-də baş verən döyüşlərdə həlak olub. Azərbaycan bölmələrinin Talış istiqamətində hərəkət edən könüllülərin olduğu avtobusa endirdiyi dron zərbəsi nəticəsində isə 7 nəfər öldürüldü. Erməni tərəfi müharibə zamanı 14 tank itirdiyini qəbul edib. Azərbaycan tərəfi isə Ermənistanın müharibə zamanı 320 əsgər, 33 tank və 15 top itirdiyini bildirir. Erməni tərəfi Talışda 1 ailənin 3 üzvünün Valera Xarapyan, Marusya Xalapyan və Razmela Xalapyanın aprelin 2-də kəndə daxil olmuş azərbaycanlı xüsusi təyinatlılar tərəfindən öldürüldüyünü iddia edir. Xocavənd istiqamətində “Qrad” zərbələri zamanı isə 12 yaşlı Çartar sakini Vaqinak Qriqoryan həyatını itirdi.

 

Aprel müharibəsi Ermənistan cəmiyyətində

Müharibədən sonra Ermənistan cəmiyyəti iki hissəyə bölünmüşdü. Hökumət və ordu rəhbərliyi müharibənin nəticələrini minimallaşdırmağa, müxalifət isə əksinə itirilən ərazilərlə bağlı sərt şəkildə dövləti ittiham edirdi. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Movses Akopyan “Joqovurd” qəzetinə müsahibəsində qeyd edirdi: “Aprel döyüşləri zamanı Ermənistan tərəfinin itirdiyi mövqeləri istənilən vaxt qaytarmaq olar. Lakin bu gün buna ehtiyac yoxdur. Bu gün kiçik məsələləri əsgər həyatı bahasına həll etmək, vəziyyətin gərginləşdirmək yersizdir”. “DQR” Müdafiə Nazirliyinin əməliyyat şöbəsinin nümayəndəsi Viktor Arustamyan da təxminən eyni fikri bildirdi: “Lələtəpə strateji əhəmiyyətli yüksəklik sayıla bilməz, çünki dağın zirvəsinin radiusu 5 metrdir.Ümumi landşaftla müqayisədə onun hündürlüyü 20 metrdir. Mövqe konfiqurasiyasında onun əhəmiyyətli taktiki əhəmiyyəti yoxdur. Strateji əhəmiyyətdən söhbət gedə bilməz”. Müdafiə Ordusunun komandanı, general-leytenant Levon Mnatsakanyan da Lələtəpənin strateji əhəmiyyətini kiçildirdi: “O təpənin üstündə maşın düz belə dayana bilmir. Azərbaycanlılar bu yüksəklikdən propaqanda məqsədi ilə istifadə edirlər.” “Bloomberg” agentliyinə müsahibə verən prezident Serj Sarkisyan Ermənistan Silahlı Qüvvələrinin  üçün heç bir strateji əhəmiyyət kəsb etməyən müəyyən əraziləri itirdiyini bildirib. Erməni siyasi şərhçi Tevos Arşakyan isə bu fikirləri tənqid edir: “Belə çıxır ki, əsgərlərimiz və səhra komandirlərimiz 1994-cü ilin qışında Lələtəpə yüksəkliyi uğrunda boş yerə döyüşüblər. Həmin yüksəklik uğrunda gedən döyüşlərdə 400-ə yaxın erməni əsgəri həlak olub. İndiki generallar, siyasətçilər Lələtəpə yüksəkliyinin vacib hərbi xüsusiyyətini anlamırlar. Lələtəpə strateji əhəmiyyət kəsb edir və buradan Horadiz istiqamətində geniş ərazilərə nəzarət etməyə imkan verir.” Şuşanın ələ keçirməsi ilə tanınan general-mayor Arkadi Ter-Tadevosyan da Talış yüksəkliklərinin strateji əhəmiyyəti olduğunu qeyd edir: “Şimalda düşmənə verdiyimiz bu ərazilərə görə çox şey itirmişik və itirəcəyik. İndi də bunu gizlətmək üçün bu ərazinin vacib olmadığını deyirlər. Bunlar bizim çox mühüm strateji yüksəkliklərimizdir. Talış, Madagiz və Ağdərədə insanların rahat yaşaması üçün bu ərazinin qaytarılması vacibdir.” Ermənistan hökumətini ən sərt tənqid edən hərbçi isə general-leytenant Samvel Babayan idi: “Ermənistan nə maliyyə, nə də insan resursları baxımından Azərbaycanla rəqabət apara bilməz. Təsəvvür edin ki, onlar Naxçıvanda İsrail, Rusiya reaktiv sistemləri quraşdırırlar. Sual yarana bilər. Niyə? Qarabağa zərbə endirmək üçün? Təbii ki, xeyr. Biz hücuma keçsək onlar Naxçıvandan rahatlıqla İrəvanı vura bilərlər. İrəvandan Naxçıvana 42 km məsafə var. Azərbaycanın əlindəki reaktiv silahlar 70-150 km məsafəyə zərbə endirə bilər. Biz onlardan özümüzü müdafiə etməyə, şəhər və kəndlərimizi qorumağa hazırıq? Xeyr. Ona görə də Bakıda çay içmək barədə danışanda düşünmək lazımdır. Qorxuram ki, biz Bakıda yox, azərbaycanlılar tezliklə İrəvana gəlib burada çay içəcəklər.” “CivilNet” kanalının əməkdaşı olmuş Tatul Akopyan isə hökuməti itirilmiş ərazilərin sahəsi ilə bağlı cəmiyyətə yalan məlumat verməkdə ittiham etdi: “Ermənistan tərəfi aprel döyüşlərində təxminən 800 hektara yaxın ərazi itirdiyini bildirib. 2016-cı ilin yayında Qarabağa yola düşərkən müharibədə iştirak etmiş Müdafiə Ordusunun keçmiş komandirlərindən biri mənə dedi ki, əslində Talış istiqamətində bizim itirdiyimiz ərazi qeyd ediləndən daha çoxdur. Əldə etdiyim məlumatlar nəticəsində itirilən ərazilərin 1000 hektardan çox olduğunu müəyyənləşdirdim, lakin  bu barədə əlavə şərh vermədim. Serj Sarkisyan isə bu yaxınlarda verdiyi müsahibə zamanı 400 hektar ərazinin itirildiyini bildirir. Eyni şeyi Levon Mnatsakanyan da təkrarlayır. Halbuki reallıq başqadır.”

Aprel müharibəsi Ermənistanda ciddi formada anti-Rusiya reaksiyası formalaşdırdı. Azərbaycanın son 5 ildə Rusiyadan  aldığı silahların müharibənin gedişinə təsirinə qəzəblənən bir qrup kütlə İrəvanda etiraz aksiyası təşkil etdi. Aprelin 13-də Rusiya Federasiyasının Ermənistandakı səfirliyinə yürüş zamanı “İrs” partiyasının üzvü David Sanasaryan bunları deyirdi: “Rusiya bilsin ki, biz bir qarış torpağımızı belə Azərbaycana verməyəcəyik. Bizim Rusiyanın  sülhməramlılarına ehtiyacımız yoxdur. Rusiya sülhməramlı qüvvələri Ermənistanda silahlı “permyakovçu” deməkdir. Biz buna imkan verməyəcəyik. Əlinizi Qarabağdan çəkin.” 2016-cı il aprelin 21-də Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana səfəri ərəfəsində növbəti etiraz aksiyası keçirildi və bu aksiyada etirazçılar Rusiya səfirliyinə “rus çəkməsi” və "Molotov kokteyli" yazısı olan şüşə qoydular. Erməni jurnalist Tatul Akopyan da Ermənistanın Rusiya yönümlü siyasətini tənqid edirdi: “Serj Sarkisyan Avropa İttifaqı ilə Assosiasiya Sazişi əvəzinə Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq qərarı verəndə onun tərəfdarları bunu ilk növbədə Qarabağın təhlükəsizliyi ilə izah etdilər. Yəni Sarkisyan Vladimir Putinə “yox” desə, Rusiya Ermənistanı Qarabağ vasitəsilə cəzalandıra bilər. Aprel müharibəsi və Rusiyanın Azərbaycana satdığı silahlar onu sübut etdi ki, Ermənistanın Aİİ-yə qoşulması Qarabağın nə iqtisadi, nə siyasi, nə də təhlükəsizlik məsələlərini həll etmədi.”

Aprel müharibəsi Ermənistanda millətçiliyi daha da gücləndirdi. Bu əməliyyatlardan sonra xarici müşahidəçilər erməni tərəfinin kompromiss variantına daha müsbət yanaşacağını gözləsə də əksi baş verdi. Adı qeyd edilməyən erməni ekspert 2018-ci ildə "Eurasianet" saytının redaktoru Coşua Kuçeraya verdiyi müsahibədə qeyd edir: “2016-cı ilin aprel ayından etibarən Ermənistanda radikallaşma müşahidə olunur. İnsanlar Azərbaycanın  yenidən müharibəyə başlayacağı təqdirdə qisas almağı düşünür. Əhalinin çox hissəsi 2016-cı ilə itirilən torpaqları geri almaq və məsələni birdəfəlik müharibə yolu ilə həll etmək istəyir.” Eyni zamanda Azərbaycanla danışıqlar prosesində də radikal dəyişikliklər baş verdi. 2016-cı ilin aprelində müxalif deputat Nikol Paşinyan qeyd edirdi: “Ermənistan açıq şəkildə bildirməlidir ki, Qarabağ tərəfinin iştirak etməyəcəyi formatlarda Azərbaycanla heç bir danışıqlar aparmayacaq”. Paşinyanın iqtidara gəlməzdən əvvəl dediyi bu bəyanat Azərbaycanda Ermənistanın daxili siyasi kontekstində şərh olunurdu. Lakin sonrakı bəyanatlar və mayın əvvəlində Paşinyanın Qarabağa səfər zamanı işlədilən ifadələr bunun seçki vədi yox, real siyasi dəyişikliklər olduğunu göstərdi. (Shiriyev, 2018:126). Bu isə Azərbaycanla münasibəti son dərəcədə pisləşdirdi və nəticədə 2020-ci ilin sentyabrında genişmiqyaslı müharibəyə səbəb oldu.

 

Aprel münaqişəsi sonrası Azərbaycan və Ermənistanın Qarabağ siyasəti

Aprel əməliyyatları bitdikdən sonra Ermənistan və Azərbaycan arasında intensiv danışıqlar başlandı. Müharibənin dayandırılmasında əsas rolu oynayan Rusiya bu məsələdə aktiv rol oynadı. Aprelin 5-də Putin Azərbaycan və Ermənistan liderləri ilə telefonla əlaqə saxladı. Aprelin 7-də baş nazir Dmitri Medvedev İrəvana, xarici işlər naziri Sergey Lavrov isə Bakıya rəsmi səfər etdi. Mayın 16-da Vyana şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) vasitəçiliyi ilə Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü baş tutdu. Növbəti görüş isə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə iyunun 20-də Sankt-Peterburqda gerçəkləşdi. Görüşdən sonra tərəflər birgə bəyanat yayaraq, bir sıra bir sıra problemlərin həllinin münaqişənin nizamlanmasında irəliləyişə şərait yaradacağını bildiriblər. Azərbaycan və Ermənistan liderləri bundan başqa ATƏT-in Daimi Nümayəndələr Qrupunun səlahiyyətləri çərçivəsində insidentlərin monitorinqinin aparılması barədə razılığa gəldilər. Lakin bu razılaşmalar həyata keçirilmədi. Azərbaycan rəhbərliyi daha sonra insidentlərin araşdırılması mexanizmlərinin münaqişə zonasında status-kvonu gücləndirəcəyini, bunun isə faktiki işğalın rəsmiləşdirilməsinə gətirib çıxaracağını əsas gətirərək bundan imtina etdi. 2016-cı il sentyabrın 22-də Nyu-Yorkda Minsk Qrupunun həmsədrləri iki ölkənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşdü. İki tərəf arasında danışıqlar dekabrın 8-də Hamburqda Nazirlər Şurasının iclasında davam etdirilməli idi. Lakin Hamburq üçün nəzərdə tutulan 3+2 görüşü Ermənistanın xarici işlər naziri gəlmədiyi üçün baş tutmadı (Schmidt, 2017:121).

Ermənistanda siyasi radikallaşma özünü müharibə zamanı göstərdi. Hələ əməliyyatlar başlayan zaman, aprelin 2-də Sarkisyan İrəvanda ATƏT səfirləri ilə görüşündə hərbi əməliyyatların genişmiqyaslı müharibəyə çevriləcəyi təqdirdə “DQR”-i rəsmən tanıyacağını bildirmişdi. Ermənistan parlamentinin üzvləri Zaruhi Postancıyan və Hrant Baqratyan 2016-cı il aprelin 6-da “DQR-in tanınması haqqında” qanun layihəsinin təsdiq edilməsi üçün qanunvericilik təşəbbüsü ilə çıxış ediblər. Qanun layihəsində deyilirdi: “Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasının beynəlxalq hüquq normalarına uyğun olaraq müstəqilliyini əldə etməsi və suveren dövlət olması faktını nəzərə alaraq, bu gündən etibarən Dağlıq Qarabağ Respublikasının status-kvoya uyğun olaraq de-fakto müstəqilliyini tanıyır.” (Baghdasaryan, 2019: 24). Lakin bu de-fakto tanınma hüquqi tanınmaya çevrilmədi. Sarkisyan daha sonra xatırlayır: “Tanrıya şükür ki, müharibə çox çəkmədi. Mən hesab etdim ki, Dağlıq Qarabağın müstəqilliyini tanımaq hələ tezdir”. Müharibədən sonra Ermənistan danışıqların gedişatını və məntiqini keyfiyyətcə dəyişmək fürsətini əldən verdi. Radikallaşma Qarabağda da özünü göstəridi. 2016-cı ilin noyabrında “DQR” Milli Assambleyasının spikeri de-fakto qurumun adının dəyişdirilməsi (“Artsax Respublikası”) və sərhədlərin müəyyənləşdirilməsini nəzərdə tutan konstitusiya layihəsinin nəzərdən keçirildiyini elan etdi. 2017-ci il fevralın 20-də keçirilən referendum sonrası de-fakto qurumun adı dəyişdirildi.  Konstitusiya dəyişikliklərinə əsasən, “DQR” baş naziri ləğv olundu,  təhlükəsizliklə bağlı daha tez qərarlar qəbul etmək üçün prezidentə daha çox səlahiyyət verildi (Torosyan, 2019: 62-63).

Azərbaycana isə müharibədən sonra beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiq göstərilməyə başlandı. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı açıq qeyd edir: “Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı razılığa gəlməyimiz üçün bizə bağlı qapılar arxasında təzyiq edilir. Diplomatiya qaydaları olduğu üçün çox detalları açıqlamırıq. Azərbaycan bununla heç vaxt razılaşmayacaq”. 2016-cı ilin oktyabrında prezident İlham Əliyev verdiyi müsahibədə  Dağlıq Qarabağla bağlı “muxtar respublika” ifadəsini işlətməklə çoxlarını təəccübləndirdi. Bundan əvvəl heç bir Azərbaycan lideri bu kontekstdə “respublika” sözünü işlətməmişdi.  ATƏT-in Minsk Qrupunun ABŞ-ı təmsil edən həmsədri Ceyms Uorlik bu bəyanatı yüksək qiymətləndirdi və prezidentin “status müzakirəsi”nə başlamaq qərarını alqışladı. Ancaq bu jestə qarşı tərəf istənilən reaksiya vermədi. Ermənistan XİN mətbuat katibi Tiqran Balayan bu addımı “özünü aldatma”, “DQR” liderinin mətbuat katibi David Babayan isə bu açıqlamanı “gülünc” adlandırdı. 2017-ci ilin fevralın 8-də “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev hökumətin Qarabağla bağlı siyasətini bir daha açıq formada bildirdi: “Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına razı olmayacaq.”

 

Aprel müharibəsindən sonra Ermənistan və Azərbaycan ordusunda baş verən dəyişikliklər

Ermənistanda müharibədən sonra orduda geniş reformlara başlandı. Buna səbəb müharibə zamanı ortaya çıxan bir sıra problemlər idi. Aprelin 26-da prezident Serj Sarkisyanın fərmanına əsasən, Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Alik Mirzəbekyan, Rabitə Xidmətinin rəisi, general-mayor Komitas Muradyan və Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyan istefaya göndərildi. Bir müddət sonra Ermənistan Respublikası Silahlı Qüvvələrinin silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingaryan həbs edildi (İvanov, 2016:155). Arşak Karapetyan Azərbaycanın təmas xəttinə ağır silahları (xüsusən də “TOS-1A”) gətirməsi barədə rəhbərliyə əvvəlcədən xəbər vermədiyi üçün, Alik Mirzabekyan erməni hərbçilərinin təchizatı ilə bağlı səhv hesablamalara görə, Komitas Muradyan isə qoşunlarda rabitə sahəsində yaranan problemlərə görə tutduğu vəzifədən uzaqlaşdırıldı. Həmin dövrdə Ermənistanın baş naziri olmuş Karen Karapetyan müharibə zamanı hərbi texnikanın yanacağın keyfiyyətsiz olması səbəbi ilə sıradan çıxdığını bildirdi. Aparılan araşdırmalar zamanı silahların satın alınmasında korrupsiya faktları[10]ortaya çıxdı. Aprel müharibəsində orduda ortaya çıxan problemlərin həlli üçün Ermənistan Silahlı Qüvvələrinin 2016-2020-ci illər üçün inkişaf planı və hərbi texnikanın inkişafı üzrə Dövlət Proqramı təsdiq edildi. Müharibədən sonra Rusiya ilə aparılan danışıqlarda Ermənistan "İsgəndər -E"[11] əməliyyat-taktiki raket kompleksini aldı. Bu raket kompleksi 2016-cı ilin sentyabrında İrəvanın mərkəzi meydanında keçirilən hərbi parad zamanı nümayiş etdirildi. 2019-cu ildə isə Ermənistan Rusiyadan dörd ədəd “Su-30SM” çoxfunksiyalı qırıcının alınması ilə bağlı razılığa gəldi. 2020-ci ilin yanvar-fevral aylarında qırıcılar Ermənistana gətirildi. Bundan əlavə 2019-cu ildə verilən qərara əsasən, Ermənistanın 2020-ci ildə hərbi xərclərinin əvvəlki ilə müqayisədə 25,3 faiz artırılması planlaşdırıldı.

Azərbaycanın hərbi komandanlığı aprel döyüşləri zamanı ələ keçirilən əraziləri qorumaq üçün müharibədən sonra böyük mühəndis işləri apardı. Bütün bu işlərə erməni tərəfi nəzarət edirdi. 2019-cu ildə jurnalistlərə verdiyi müsahibədə erməni zabiti Azərbaycan hərbçilərinin Lələtəpə yüksəkliyindəki mövqelərinə beton əlavə edərək təpəni daha da hündür etdiyini qeyd edir. Lələtəpə ərazisində görülən işlər Talışın ələ keçirilən yüksəkliklərində də davam etdirildi. Eyni zamanda cəbhə xəttində təhlükəsizliyi təmin etmək məqsədi ilə tədbirlər gücləndirildi. 2017-ci ilin mayında “Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi qaydaları haqqında” fərmanının qəbul edilməsi ilə əlaqədar bu tədbirlər daha da sərtləşdi. Diversiyaların qarşısını almaq üçün əksər sərhəd kəndlərində yeni polis məntəqələri açıldı və yeni müşahidə kameraları quraşdırıldı.

Bundan başqa, Azərbaycan hərbi-siyasi komandanlığı Ermənistanla müqayisədə hərbi gücünü artırmaq üçün silah idxalına davam etdi.  Azərbaycan 2015-2019-cu illər ərzində dünyanın 40 ən böyük silah idxalçısı sırasına daxil oldu. Bu baxımdan Azərbaycan postsovet məkanında Qazaxıstandan sonra ikinci ən böyük silah idxalçısına çevrildi. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hesabatında Azərbaycanın silah aldığı əsas dövlətlər İsrail ( 60%), Rusiya (31%) və Türkiyə (3,2%) olduğu qeyd edilir. Bu göstərici ilə Azərbaycan 2015-2019-cu illərdə silah idxalına görə Ermənistanı 3,3 dəfə qabaqlayırdı. Azərbaycan rəhbərliyi Rusiyanın Ermənistana "İsgəndər-E" əməliyyat-taktiki raket kompleksini satmasından narahat oldu. Bu raketin ola biləcək hücumunun qarşısını almaq üçün 2016-cı ilin dekabrında İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemi alındı. Havada üstünlüyü təmin etmək üçün isə 2020-ci ilin iyun ayında Türkiyədən “Bayraktar TB-2” pilotsuz uçuş aparatı idxal edildi.

 

Təhlil

Dörd günlük müharibənin nəticəsi ilə bağlı ekspertlərin rəyi müxtəlif idi. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunda “Silahlı Münaqişələrin İdarə Edilməsi Proqramı”nın direktoru olan Neil Melvin Azərbaycanın cüzi ərazi uğurları üçün çox böyük itkilər verdiyini qeyd etdi. “The Moscow Times” (Ze Moskou Tayms) əməkdaşı Metyu Bodner isə Azərbaycanın hücumunun regiondakı status-kvonu dəyişmədiyi üçün uğursuz olduğunu bildirdi. Şimali Karolina - Qrinsboro Universitetinin Sülh və Münaqişələri Araşdırmalar Departamentində dosent işləyən Əli Əsgərov isə münaqişəyə fərqli aspektdən baxır: “Bir neçə səbəbə görə aprel döyüşlərini Azərbaycan üçün uğurlu hesab etmək olar. Bu döyüş vasitəsilə Azərbaycan mövcud yanlış təsəvvürləri düzəltmək, öz hərbi potensialını nümayiş etdirmək və Azərbaycanın hücumuna müqavimət göstərmək üçün Ermənistanın hərbi imkanlarını sınaqdan keçirmək istəyirdi. Bu döyüş Azərbaycan və Ermənistanın hərbi imkanlarındakı asimmetriyanı aşkar etdi. Bakının digər məqsədi Azərbaycan əsgərlərini uğursuz ordunun əsgəri kimi hiss etdirən status-kvonun davam etməsi səbəbindən uzun müddət məğlub olmuş dövlət kimi onun xeyrinə olmayan psixoloji müharibədəki tarazlığı dəyişmək idi. Azərbaycanlıların Qarabağ münaqişəsində qələbəyə inamını itirməsi ilə bağlı iddialar aprel döyüşləri ilə yox oldu. Bundan əlavə, aprel müharibəsi ATƏT-in Minsk qrupuna bir mesaj idi. Azərbaycan Minsk Qrupunun uğursuz vasitəçiliyə alternativ olaraq müharibənin yenidən başlanmasının mümkünlüyünü ifadə etmək istəyirdi” (Askerov, 2020:74-75). Portuqaliyanın Koimbra universitetinin doktorantı Lisinia Simao isə müharibəni Azərbaycan üçün uğurlu hesab edir: “Müharibə ərazi baxımdan ciddi bir dəyişiklik yaratmasa da mühüm psixoloji və siyasi mesaj verdi. Azərbaycan üçün hərbi güc diplomatiyadan daha effektiv oldu. Ermənistanın isə müharibədə qalib statusu dəyişdi, sülh prosesində ona məhdud siyasi seçimlər verdi. Qarabağ üçün bu yeni birbaşa təhlükəsizlik çağırışı de-fakto hakimiyyəti öz siyasi strategiyasını dəyişməyə məcbur edə bilər.” Rusiyalı hərbi ekspert Pavel Felqenqauer isə erməni bölmələrinin əks-hücumu zamanı uğursuzluğuna diqqət çəkdi: “Erməni qüvvələri silah və hərbi heyətlə sürətlə gücləndirilməsinə baxmayaraq əks-hücum əməliyyatı çox erkən mərhələdə ilişib qaldı. Erməni strateqləri 1990-cı illərin müharibəsi kimi döyüşü düşmən ərazisinə keçirməyə ümid edirdilər. Lakin bu baş vermədi.” “Karnegi” fondunun baş elmi işçisi Tomas de Vaal isə münaqişənin region üçün böyük fəlakətə gətirə biləcəyini qeyd etdi: “Ermənistan və Azərbaycan Bosniya tipli münaqişədən iki-üç addım uzaqdadır. Bundan sonrakı gərginlik bütün Qafqaz regionununda sabitliyi poza bilər” (Bayramov, 2016:118).

 

Nəticə

Beləliklə, 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan bölmələri Cəbrayıl-Füzuli istiqamətində Lələtəpə hündürlüyünü, şimalda isə Talış yüksəkliyini ələ keçirdi. Lələtəpənin ələ keçirilməsi Cəbrayılın Azərbaycan nəzarətində qalan yeganə kəndi Cocuq Mərcanlıda normal yaşayışa imkan verdi. Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən kəndin bərpası üçün 2016-2017-ci illərdə dövlət büdcəsindən 17,3 milyon manat ayırdı. Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində  50 fərdi yaşayış evi, məktəb, məscid, elektrik yarımstansiyası,  qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkildi. 2019-cu ilə qədər kəndə 1428 nəfər köçürüldü. Hazırda da bu kənddə aktiv yaşam davam edir.

Talış kəndində isə şimal və şimal-qərbdəki yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətində olması tam başqa vəziyyət yaratdı. Müharibəyə qədər kənddə 573 nəfər yaşayırdı. Hərbi əməliyyatlar bitdikdən sonra isə kənddə sadəcə 50 nəfər qaldı. Kənddə yaşayış təhlükəli olduğu üçün 50 nəfər mülki əhali də tezliklə Talışı tərk etdi. Talışdan qaçan mülki sakinlərin bir hissəsi Ağdərədə, bir hissəsi isə Ermənistanın müxtəlif vilayətlərində məskunlaşdı. Burda da erməni tərəfi Azərbaycanın Cocuq Mərcanlıda etdiyi kimi ciddi infrastruktur layihələri həyata keçirdi. 2016-cı ilin dekabr ayında Ermənistan prezidenti Serj Sarkisyan Talışa gəldi. Bu səfərdən sonra kəndin bərpasına başlandı. 2017-ci ildə kəndə səfər edən Tatul Akopyan qeyd edir: “Aprel döyüşlərindən sonra bir neçə dəfə Talışda olmuşam. Burada bərpa işləri aparılıb. Kənd icra hakimiyyətinin binası, şadlıq zalı tikilib, suyun verilişi bərpa edilib. Kənddə artıq elektrik, rabitə, mağaza var, amma hələ heç kəs bura qayıtmayıb.” 2017-ci ildə kənddə yalnız fermerlər yaşayırdı. Həmin ilin may ayında tikinti işləri ilə tanış olmaq “DQR” lideri Bako Saakyan Talışa gəldi, avqust ayında isə Ermənistanın baş naziri Karen Karapetyan Talışa səfər etdi. Buna baxmayaraq, kənddə əhali məskunlaşmadı. İnsan yaşamayan Talış kəndinə bu qədər investisiya qoyulması erməni cəmiyyətində də birmənalı qəbul edilmədi. “Patrida” təşkilatının sədri Eduard Polatov qeyd edir: “2016-cı ilin aprel döyüşləri zamanı Talış kəndində 15-20 evə və inzibati binaya ziyan dəyib. Diaspora o qədər vəsait köçürüb ki, bu pulla təkcə kənd deyil, bütövlükdə böyük şəhər tikmək mümkün idi.” 2018-2020-ci illərdə Talış kəndinə köçürülən az sayıda ailə daha sonra buranı tərk etdi. 2020-ci ildə baş verən müharibə ərəfəsində rəsmi məlumata görə Talış kəndində 180 nəfər yaşayırdı. Bu insanların demək olar ki, hamısının hərbçi ailələri olduğu güman edilir.

 

İstifadə edilən ədəbiyyat

Askerov, A. (2020). The Nagorno Karabakh Conflict. Post-Soviet conflicts: The thirty years’ crisis, 55.

https://www.researchgate.net/profile/Ali-Askerov/publication/345132153_The_Nagorno_Karabakh_Conflict_The_Beginning_of_the_Soviet_End/links/5f9e7a5a458515b7cfaf081d/The-Nagorno-Karabakh-Conflict-The-Beginning-of-the-Soviet-End.pdf

Baranec, T., & Juraj, B. (2020). Nagorno-Karabakh and the military balance. Analytical Articles, https://www. cacianalyst. org/publications/analytical-articles/item/13362-nagorno-karabakh-and-the-military-balance. html,(Accessed: 10.11. 2020).

http://www.cacianalyst.org/publications/analytical-articles/item/13362-nagorno-karabakh-and-the-military-balance.html?tmpl=component&print=1

Bayramov, A. (2016). Silencing the Nagorno-Karabakh conflict and challenges of the four-day war. Security and human rights, 27(1-2), 116-127.

https://pure.rug.nl/ws/portalfiles/portal/81276427/Silencing_the_Nagorno_Karabakh_Conflict_and_Challenges_of_the_Four_Day_War.pdf

Cavanaugh, C. (2017). Renewed Conflict Over Nagorno-Karabakh. Council on Foreign Relations.

https://cdn.cfr.org/sites/default/files/report_pdf/ContingencyPlanningMemo30_Cavanaugh_0.pdf

Cornell, S. E. (2017). Reversing escalation: The local and international politics of the conflict. In The International Politics of the Armenian-Azerbaijani Conflict (pp. 195-211). Palgrave Macmillan, New York.

Ilić, D., & Tomašević, V. (2021). The impact of the Nagorno-Karabakh conflict in 2020 on the perception of combat drones. Serbian Journal of Engineering Management, 6(1), 9-21.

https://scindeks-clanci.ceon.rs/data/pdf/2466-4693/2021/2466-46932101009I.pdf

Martínez Tomé, J. (2021). The Nagorno-Karabakh conflict and future prospects: analysis of public opinion in Armenia.

https://dspace.usc.es/xmlui/bitstream/handle/10347/27223/2021_TFG_MARTINEZ_Conflicto_Nagorno_Karabakh.pdf?sequence=4&isAllowed=y

Sargsyan, B. (2018). THE ROLE AND INFLUENCE OF MASS MEDIA DURING FOUR-DAY WAR IN ARTSAKH IN 2016.https://baec.aua.am/files/2018/11/Bella_Sargsyan_The-Role-and-Influence-of-Mass-Media-during-Four-Day-War-in-Artsakh-in-2016_Capstone-.pdf

Schmidt, H. J. (2017, April). The Four-Day War Has Diminished the Chances of Peace in Nagorno-Karabakh. In OSCE-Yearbook 2016 (pp. 107-124). Nomos Verlagsgesellschaft mbH & Co. KG.https://ifsh.de/file/publication/OSCE_Yearbook_en/2016/Schmidt-en.pdf

Shiriyev, Z. (2017). The „Four-Day War “Changing Paradigms in the Nagorno-Karabakh Conflict. Turkish Policy Quarterly, 15(4), 52-58.

http://turkishpolicy.com/files/articlepdf/the-four-day-war-changing-paradigms-in-the-nagorno-karabakh-conflict_en_8918.pdf

Shiriyev, Z. Perceptions in Azerbaijan of the Impact of Revolutionary Changes in Armenia on the Nagorno-Karabakh Peace Process. Caucasus Edition, 119.

https://caucasusedition.net/wp-content/uploads/2019/01/POLITICAL-TRANSITIONS-AND-CONFLICTS-IN-THE-SOUTH-CAUCASUS.pdf

Souleimanov, E. (2016). What the fighting in Karabakh means for Azerbaijan and Armenia. The Central Asia-Caucasus Analyst.

https://www.cacianalyst.org/publications/analytical-articles/item/13361-what-the-fighting-in-karabakh-means-for-azerbaijan-and-armenia.html?tmpl=component&print=1

Torosyan, H. (2019). SOME ASPECTS OF STATE-BUILDING PROCESS IN THE REPUBLIC OF ARTSAKH (NKR). Вестник Российско-Армянского (Славянского) университета: гуманитарные и общественные науки, (2), 51-68.

https://science.rau.am/uploads/documents/1626175767.pdf#page=56

Zolyan, M. (2017). The Karabakh Conflict After the «Four-Day War»: A Dynamic Status Quo. Turkish Policy Quarterly, 15(4), 111-119.

http://turkishpolicy.com/files/articlepdf/the-karabakh-conflict-after-the-four-day-war-a-dynamic-status-quo_en_6781.pdf

Иванов, В. А. (2016). О подходах в информационном пространстве Армении в контексте" четырёхдневной войны" в Нагорном Карабахе. Проблемы национальной стратегии, (5), 38.

https://riss.ru/documents/567/2f9797416bfa4f5d9b5c2970a3cab412.pdf

 

İstinadlar 


[1] Stokholm Sülh Araşdırmaları İnstitutu illik hesabatına əsasən, Azərbaycan son 5 ildə Ermənistandan 20  dəfə çox silah idxal edib. Azərbaycan silahın böyük hissəsini sayılan Rusiyadan alır.

[2] Erməni polkovnik Viktor Arustamyan həmin gün Talış istiqamətində 3 post itirdiklərini etiraf edir. Əslində isə 12 post ələ keçirilmişdi.

[3] Müharibədən sonra Lələtəpə yüksəkliyinin alınmasında roluna görə, Azərbaycan prezidenti İlham Əliyev 19 aprel 2016-cı ildə Mayis Bərxudarova  general-mayor rütbəsi verdi.

[4] 9-cu Müdafiə Ordusunun hərbi qulluqçuları – Serjantlar  Saşa Qalstyan, Adam Saakyan, Karen Nersisyan, sıravi əsgərlər Joroy Esayan, Baqrat Aleksanyan, Tiqran Berakçiyan, Baris Ozmanyan, Andranik Qriqoryan.

[5] 9-cu Müdafiə Ordusunun hərbi qulluqçuları - Leytenant Aşot Şahbazyan, serjant Arman Andrasyan, sıravi əsgərlər Artur Gevorkyan, Norik Sarkisyan, Qriqor Arutyunyan və Azat Simonyan.

[6] Lələtəpənin ələ keçirilməsində iştirak edən polkovnik Şükür Həmidov bu ada layiq görülən üçüncü zabit oldu. O, 2020-ci ildə baş verən döyüşlərdə həlak olub.

[7] Azərbaycan MN isə müharibə zamanı 2000 hektar ərazinin ələ keçirildiyini qeyd edir.

[8] Gülüstan kəndi hazırda təmas xəttində yerləşir.

[9] Seysulan kəndi hazırda erməni ordusunun nəzarətindədir.

[10] Müdafiə Ordusunun yaradıcılarından biri Samvel Babayan korrupsiya faktına görə 6 il həbs cəzası aldı.

[11] 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra idxal olunan raket kompleksinin “İsgəndər-M” olduğu aşkarlanır.