Ağdərə əməliyyatı (Lüləsaz-Levonarx cəbhəsi)
Azərbaycan bölmələrinin Suqovuşanı ələ keçirməsindən sonra əsas hədəfləri şərq istiqamətindən hücumla ala bilmədiyi Levonarx (Göyarx), qərb istiqamətdə isə Suqovuşanın cənubunda yerləşən Lüləsaz (Akop-Kamari) idi. Levonarxın azad edilməsi erməni bölmələrinin şimal-şərq cəbhəsinin çökməsi, Lüləsazın alınması isə bu kəndlə birlikdə Tonaşen və Dostagirin mühasirəyə alınması, eyni zamanda Ağdərə-Kəlbəcər yolu istiqamətində ümumi hücuma imkan verəcəkdi. Ümumilikdə, bu iki əməliyyat Ağdərənin yarımmühasirəyə alınması üçün vacibdi.
Lüləsaz-Levonarx uğrunda döyüşlər
Oktyabrın 4-də Madagizin qərbi boyunca yüksəklikləri ələ keçirən Azərbaycan Ordusu qəsəbəyə girmədən cənub istiqamətində hərəkət etməyə başlayır. Oktyabrın 5-də Azərbaycan bölmələri Madagizdən cənuba doğru Lüləsaz (Akop-Kamari) istiqamətində hücuma keçir. Əməliyyatın ilk günündə yüksəkliklərdən biri[1] Azərbaycan bölmələrinin nəzarətinə keçir. Lakin növbəti gün bu istiqamətdə erməni xüsusi təyinatlılar və “Daşnaksütyun” partiyasının könüllüllərindən ibarət xüsusi qrupun əks-hücumundan sonra sonra ermənilər vacib yüksəkliyi yenidən ələ keçirə bilir. Ermənistan MN mətbuat katibi Şuşan Stepanyan bu döyüşlərdə Azərbaycan bölmələrinin 6 əsgər itirdiyini qeyd edirdi.[2] Erməni mənbələri isə müharibədən sonra bu istiqamətdə təkcə “Daşnaksütyun” könüllülərindən ibarət 24 əsgəri itirdiyini qəbul edirlər. Bu döyüşdə öldürülən erməni əsgərləri arasında “Dro Kanayan” dərnəyinin üzvü Vigen Muradyan da vardı. Həmin döyüşdə iştirak edən erməni hərbçisi xatırlayır: “Biz iki qrup olaraq bu döyüşdə iştirak etmişdik. Bizim dəstədə 26 nəfər var idi, onlardan ikisi döyüş vaxtı yaralandı və biz 24 nəfər qaldıq. Oktyabrın 6-da səhər saat 10-11 radələrində Lüləsaz yüksəkliyində 20 metr məsafədə ağır döyüş gedirdi. Orada çox itki verdik, ölənlər içində dostum Arşak Karapetyan da var idi. Bununla belə, erməni qüvvələri yüksəkliyini yenidən ələ keçirə bildi”.
Azərbaycan bölmələri Suqovuşanı tam nəzarət altına aldıqdan sonra oktyabrın 9-da yenidən bu istiqamətdə əməliyyata başladı. Bu dəfə isə əsas hədəf 951 yüksəkliyi[3] idi. Son dərəcə vacib olan bu yüksəklik Suqovuşana cənubdan, Tonaşenə qərbdən, Lüləsaza cənubdan, Dostagir kəndinə isə şimal-qərbdən vizual nəzarət etməyə imkana verirdi. Erməni hərbi komandanlığı bunu bildiyi üçün yüksəkliyin qorunmasını elit xüsusi təyinatlılarına tapşırmışdı. Bundan başqa, Azərbaycan bölmələrinin hərəkət yolunu vurması üçün Tonaşen və Dostagir ərazisində artilleriya bölmələri yerləşdirilmişdi. Bu yüksəkliyin alınması əməliyyatına polkovnik-leytenant Əfqan Abdurahmanov rəhbərlik edirdi. Oktyabrın 10-u səhər saat 8:00-da artilleriya hazırlığı həyata keçirilir, saat 9.00-da isə hücum başlanır. Erməni hərbi komandanlığı dağ silsiləsi boyunca yüksəkliklərdə olduğu üçün hücum istiqamətinə nəzarət edirdi. Nəticədə, hücumun əvvəlində döyüşə girən Azərbaycan bölmələri pusquya düşdü və mövqelər sağdan-soldan, xüsusilə Dostagir kəndi tərəfdən atəşə tutuldu. Tank atəşi nəticəsində hücuma rəhbərlik edən iki zabit, polkovnik-leytenant Soltan Məmmədov və polkovnik-leytenant Əfqan Abdurahmanov həlak olur. Həmin anı leytenant Cavid İbrahimli belə xatırlayır: “Əfqan Abdurahmanov bizə yuxarı çıxmazdan əvvəl hücuma dəstək vermək üçün göndərilən TƏİR qrupunu gözləməyi və gələn kimi bələdçilik edib, yanına gətirməyi tapşırdı. Xeyli gözlədim, gələn olmadı, içimdə bir narahatlıq, həyəcan vardı. Yenidən əlaqəyə girdim, gəlib çıxmadıqlarını bildirdim. “Mütləq gələcəklər, gözlə”,- dedi. Bizim danışıqdan 5 dəqiqə keçməmiş dağın yuxarısında partlayış səsi gəldi. Həmin vaxt bizimkilər hücumun detallarını müzakirə etmək üçün bir yerə toplaşmışdı. Düşmən də Tonaşendən şəxsi heyətin bir yerə toplaşdığını görüb həmin yerə tankdan atəş açmışdı. Qalxdım ayağa, gördüm ikinci mərmini də atdılar. Ümumilikdə, 3 tank mərmisi atdılar və 3-ü də taborun olduğu yerə düşdü. Bir an donub qaldım, özümü toparladım, beynimdən ilk keçən söz “uşaqları vurdular” oldu. Üstümdə nə varsa çıxarıb bir tərəfə atdım. Dəlicəsinə, düşmən tərəfindən vurulacağımı belə düşünmədən yuxarıya doğru qalxdım. Ən birinci qarşıma çıxan tabor komandirim Soltan Məmmədovun nəşi oldu. 4-cü bölükdən Amil Vəliyev onun başının üstündə çarəsizlikdən ağlayırdı. Əlindən bir şey gəlmirdi, tabor komandiri şəhid olmuşdu. Qəlpə telefonun baş tərəfindən sıyrılmış və ürəyinə dəymişdi. Yuxarı çıxanda gördüm ki, bir nəfəri yorğanın içində gətirirlər. Müddətdən artıq kiçik çavuş Xəyal Əsgərzadə idi, ağrıdan qışqırırdı. İki morfin vursalar da, ağrı onun üçün dözülməz idi. Ağır yaralandığı üçün oktyabrın 19-da şəhid oldu. Vüsalı aşağı yola salandan sonra düzənlik kimi olan yerə çıxdım. Gördüklərimdən şok oldum, ağır səhnə idi. Bir əsgərin bədəni parça-parça olmuşdu. Başımı yana çevirəndə bir hərbçinin qolunun yana açılmış vəziyyətdə olduğunu gördüm. Qolundakı saatdan Əfqan Abdurahmanovu tanıdım. Əlində nəyisə möhkəm sıxmışdı. Mərminin partlayış dalğasından üç nəfər bir-birinin üstünə düşmüşdü. Üstdəki əsgəri çəkib kənara qoyanda Qusar rayonundan olan Murad Məmmədovu tanıdım, şəhid olmuşdu. Sonra yerə oturdum, komandirimin, qərargah rəisi Əfqan Abdurahmanovun kürəyi dizimin üstündə idi. Heç bir qəlpə yarası yox idi, sağ olduğuna inanırdım. Onu səsləsəm də, cavab gəlmədi. Sağ qolundan çəkib bədənini çevirəndə sol qolunda qan olduğunu gördüm. Başını yan tərəfə çevirəndə isə daşın, ya da qəlpənin boynundan başına girdiyini gördüm. Onun ölümünə də bu səbəb olmuşdu.” Həmin döyüşdə Azərbaycan bölmələri 10 şəhid, 12 yaralı olmaqla 22 itki verdi. Bu döyüşdən 4 saat sonra bu mövqeləri vuran tank tapılır, kamuflaj edilən tank gizlədilmişdi və qabaqcadan onu aşkar etmək mümkün olmamışdı. Beləliklə, hücumun əvvəlindəcə ağır itkilər verən Azərbaycan bölmələri bu istiqamətdə əməliyyatı dayandırır və müharibənin sonunadək mövqe döyüşləri aparır.
Müharibə zamanı şimal istiqamətində erməni ordusunun ən güclü müdafiə xətti olan yerlərdən biri Tonaşen idi. Tonaşendə erməni bölmələrinin 38862 nömrəli hərbi hissəsi və dağ-atıcı diviziyası (“Yeğnikner” qrupu) vardı. Bu qrupa “DQR” qəhrəmanı, polkovnik Karen Calavyan rəhbərlik edirdi. Təcrübəli hərbçilərdən ibarət olan bu qrupun məhv edilməsi üçün sentyabrın 27-dən etibarən Tonaşen ağır artilleriya zərbələrinə məruz qalır. Müharibənin ilk günlərində, sentyabrın 30-da Tonaşen istiqamətində iki tanka dronla endirilən zərbə nəticəsində bir tank sıradan çıxır, ikinci tank isə dronun son anda yerdəyişməsi ilə məhv olmaqdan qurtulur. Tonaşen Vətən müharibəsi zamanı Murov istiqamətindən (qərbdən) gələn 3-cü Ordu Korpusu və Madagiz istiqamətindən (şərqdən) gələn 1-ci Ordu Korpusunun birgə əməliyyatı ilə ələ keçirilməli idi. Əraziyə ilk olaraq Murovdan gələn qrup yaxınlaşır, lakin oktyabrın 6-da baş verən ilk hücum uğursuz alınır və qrup itkilər verərək geri çəkilir. Oktyabrın ortalarında Suqovuşanı ələ keçirən Bərdə korpusunun bölmələri Tonaşen istiqamətində kəşfiyyat döyüşlərinə başlayırlar. Bunun üçün ilk növbədə Suqovuşanın qərbindəki bütün əraziləri götürmək lazım idi. Oktyabrın 10-14-ü arası baş verən döyüşlərdən sonra[4], nəhayət oktyabrın 15-də Azərbaycan bölmələri Suqovuşan su anbarından cənub istiqamətindəki yüksəklikləri nəzarətə götürür. Oktyabrın 16-na qədər olan döyüşlərdə Azərbaycan bölmələri Suqovuşanın cənub və qərbindəki yüksəkliklərə nəzarəti ələ keçirir. Həmin gün Tonaşen istiqamətində ilk kəşfiyyat əməliyyatı zamanı müddətdən artıq hərbi qulluqçu Cəlil Cəfərov snayper atəşi ilə həlak olur.
Noyabrın əvvəlində Tonaşen kəndində intensiv hərbi əməliyyatlar başlayır. Erməni agentliyi “Bars Media” noyabrın 3-də Tonaşen kəndinin qərbində Azərbaycan qüvvələri ilə Ermənistan hərbçiləri arasında döyüşlərin kadrlarını nümayiş etdirir. Bu istiqamətdə Tonaşenin ələ keçirilməsi üçün “TOS-1A” ağır odsaçan artilleriya sistemindən istifadə edilsə də, hücum uğursuz olur və ən azı 1 əsgər itirən həmlə qrupu geri çəkilir. Noyabrın 5-də baş verən döyüşlərdə Tonaşendəki 10-cu dağ atıcı diviziyasının 7-ci dağ atıcı alayının qərargahına ağır artilleriya zərbələri endirir. Buradakı erməni bazasına endirilən ən azı 6 zərbə zamanı silah anbarı, yük maşınları və digər infrastruktur tamamilə dağıdılır. Noyabrın 8-dən 9-a keçən gecə döyüşlərdə isə “TB-2” dronu Tonaşen kəndi istiqamətində 1 ədəd T-72 tankını sıradan çıxarır. Həmin gün hərbi komandanlıq Tonaşenin ələ keçirilməsi üçün yekun hücum əməliyyatı hazırlayırdı. Həmin əməliyyatda iştirak edəcək əsgər İftixar Qaraşlı xatırlayır: “Noyabrın 8-i Tonaşen kəndi istiqamətində döyüşə hazırlaşırdıq. Noyabrın 9-u gecə döyüş hazırlığı saxlanıldı, xəbər gəldi ki, düşmən təslim oldu”. Beləliklə, israrlı müvaqimət göstərən erməni bölmələri Tonaşen və onun şimalındakı Dostagir kəndlərindəki mövqeləri qorumağı bacardılar. Bununla belə, müharibədə bu kəndə çox böyük ziyan dəyir. Müharibədən sonra, noyabrın 20-də Tonaşendə çəkilmiş videoda kənddə məhv edilən infarstruktur və hərbi texnikaların miqdarı burada erməni bölmələrinin xeyli itki verdiyini göstərirdi.
Levonarx-Ağdərə döyüşləri
Erməni bölmələrinin şimal istiqamətində ən güclü müdafiə xətti Levonarx-Cerabert (Çiləbürt)– Karmiravan (Qızıloba)-Seysulan istiqaməti idi. Bu xəttin qırılması Ağdərəyə gedən yolu açdığı üçün burda çoxlu istehkamlar tikilmişdi. Müharibə başlayan zaman burdakı güclü müdafiə xəttinin qırılmasının çətinliyini görən Azərbaycan hərbi komandanlığı Cerabert-Karmiravan-Seysulan istiqamətində frontal hücum əməliyyatı həyata keçirmir. Lakin bu istiqamətdəki birləşmələrin manevr etməsinə imkan verməmək üçün havadan ərazi ağır formada bombalanır. Azərbaycan hərbi komandanlığının 27 sentyabrda başlanan müharibədə əsas hədəfinin Ağdərə olması erməni tərəfinə ilk müraciətindən bəlli idi. Həmin gün Azərbaycan MN-in Ağdərə istiqamətində olan erməni ordusunun komandanlığına müraciətində deyilirdi: “Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmağa çağırırıq. Azərbaycan Ordusunun komandanlığı bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər normalarına uyğun həyata keçiriləcək. Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək.” Bu müraciətdən sonra həmin gün Çiləbürt yaxınlığında “TB-2” dronu 1 ədəd “BMP-1” və 2 ədəd “Qrad” reaktiv yaylım atəş sistemini məhv edir.
Müharibənin ilk günlərində Tərtər şəhəri və kəndləri ən çox bu xətt boyunca olan ərazilərdən atəşə məruz qalırdı. 1 oktyabrda “TB-2” Çiləbürt-Qızıloba istiqamətində 3 ədəd “Ural” markalı yük maşını, 3 ədəd isə “Qrad” reaktiv yaylım atəş sistemini məhv edir. Azərbaycan HHQ-sinin məhv etdiyi 12 ədəd “OSA” zenit-raket kompleksindən 2-si bu xətt boyunca yerləşdirilmişdi.
Müharibənin ilk günlərində Talış kəndinin şərqində yerləşən 701,3 yüksəkliyinin ələ keçirilməsi Tərtərin Çaylı kəndinin qarşısındakı erməni bölmələrini yarımmühasirəyə saldı. 1994-cü ildən etibarən bu kəndin Aşağı Çaylı[5] hissəsinə tamamilə, Yuxarı Çaylı hissəsinin isə 90 faizindən çoxuna Azərbaycan bölmələri nəzarət edirdi və buranın tam nəzarət altına alınması üçün gizir Mübariz İbrahimovun həlak olduğu postu almaq lazımdı. Bu postun olduğu ərazini Azərbaycan hərbçiləri 457 yüksəkliyi adlandırırdı.[6] Bu istiqamətdə olan döyüşlər oktyabrın 2-si səhər saat 07:00-də ağır artilleriya bombardmanından sonra başlayır. Hücumun ilk saatlarında güclü müqavimət göstərən erməni bölmələri ilk həmləni dəf edir, əraziyə yenidən əlavə qüvvələr göndərən erməni bölmələrinə 951 yüksəkliyindən artilleriya ilə dəstək verilirdi. Kəşfiyyat rəisi Nəsimi Şıxəliyevin korpus komandirinə məruzəsindən sonra əraziyə “TOS1-A” ağır odsaçan artilleriya sistemi gətirilir və yüksəklik vurulur. Yüksəkliyin alınmasını Tofiq Şahmuradov belə xatırlayır: “Ərazi vurulan kimi 24 nəfər hərbçimiz erməni səngərlərinə girdi. Hər kəs yüksəkliyin alındığını düşünürkən bura 60 nəfərlik erməni dəstəsi hücuma keçdi. Bu kritik məqamda Ağdam N saylı briqadanın kəşfiyyat bölüyü özünü əraziyə çatdırdı. Yüksəklik uğrunda döyüşlər axşam saat 6-ya qədər davam etdi, ağır itkilərdən sonra ermənilər üzüaşağı qaçmağa başladılar.” Postun alınmasını Azərbaycan MN 4 oktyabrda paylaşdığı videokadrlarda nümayiş etdirdi. Yüksəkliyə Azərbaycan bayrağını mayor Rauf Musayev asır. Beləliklə, 4 oktyabrda Çaylı kəndinin qərbi Azərbaycan bölmələri tərəfindən təmizlənir və 5 gün sonra Azərbaycan Prezidenti İlham Əliyev “Tvitter” hesabında Tərtərin Çaylı kəndinin azad edildiyi barədə məlumat verir.
Çaylı kəndinin alınmasına baxmayaraq, kəndin cənubunda yerləşən Levonarxdakı erməni bölmələri şərq istiqamətdəki bütün hücumların qarşısına alır. Burada xeyli itki verən Azərbaycan bölmələri şərq tərəfdən hücumları dayandırır. Suqovuşan və ətrafı oktyabrın 11-i təmizləndikdən sonra Levonarx şimal istiqamətdən hücum üçün əlverişli əraziyə çevrilir. Levonarx və ətrafını tutmaq üçün Azərbaycan bölmələri bu məntəqənin qərbində yerləşən 530 yüksəkliyini ələ keçirməli idi. Böyük əhəmiyyəti olan bu yüksəklik Suqovuşan-Ağdərə yolu üzərində yerləşirdi. Bu yüksəklikdə ermənilərin möhkəm iki mərtəbəli beton bunkeri mövcuddu və bunkerlərin arasında nəfəslikdə snayper mövqeləri yerləşdirilmişdi. Yüksəklik Ermənistan bölmələrinin elit üzvləri olan 022 saylı xüsusi təyinatlılar tərəfindən qorunurdu. Bu yüksəkliyə hücum oktyabrın 14-də başlayır. Hücuma polkovnik-leytenant Nəsimi Şıxəliyev rəhbərlik edirdi, əməliyyat isə mayor Anar Şükürovun[7] rəhbərliyi altındakı xüsusi təyinatlılar tərəfindən həyata keçirildi. Güclü artilleriya zərbələrindən həmlə qrupu yüksəkliyə sağ və sol istiqamətdən sızdı. Həmin döyüşü müşahidə edən Tofiq Şahmuradov qeyd edir: “Çox gərgin döyüş gedirdi. Düşmən inanılmaz müqavimət göstərirdi. Ermənilərin Ağdərə istiqamətindən gələn böyük qüvvəsi artilleriyamız tərəfindən vuruldu. Döyüşün kuliminasiya anında təqribən 70 nəfər bunkerlərdən çıxıb valın içi ilə bölük mərkəzinə qaçmağa başladı. Bir anlıq qışqırıq, sevinc başladıkı ki, qaçdılar, yüksəkliyi aldıq. Amma həmin qüvvə yenidən qayıdaraq vuruşmağa başladı, bizim əsgərlər ilə erməni əsgərləri arasında valın içində 15-20 metr məsafədə şiddətli döyüş gedirdi. Hava qaraldı, döyüş səngidi, bizimkilərin yarısı səngərin içində, yarısı da yüksəkliyin başında səhəri açdılar. Hava ağaran kimi döyüş yenidən başladı, gecə düşmənin köməyinə gələn qüvvələrlə birlikdə rəqib əks-hücuma keçdi. Polkovnik-leytenant Nəsimi Şıxəliyev PUA-dan görüntülərə baxa-baxa döyüşü idarə edirdi, mən onu indiyənə kimi bu qədər stressli, həyəcanlı görməmişdim. 15 oktyabr axşam saat 7 olardı, düşmənin müqaviməti tam qırıldı demək olar, buna baxmayaraq minaatan hücumu dayanmaq bilmirdi. Döyüş yaxın məsafədən getdiyi üçün həlak olan Azərbaycan və erməni əsgərlərin cəsədləri bir-birinə qarışmışdı.” Oktyabrın 16-da yüksəkliyi yenidən geri qaytarmaq istəyən erməni bölmələri əks-hücumu dəf edilir və həmin gün 530 yüksəkliyi uğrunda döyüşlər başa çatır.[8]
Azərbaycan bölmələri strateji əhəmiyyətli yüksəkliyi ələ keçirsə də Levonarx kəndinə daxil ola bilmir. Bu istiqamətdə kritik sayda çox itki verən Azərbaycan bölmələri komandanlığın əmri ilə mövqe döyüşləri aparmağa başlayır. Bununla belə, komandanlıq bu istiqamətdə olan erməni bölmələrinin yerdəyişməsinə imkan verməmək üçün hava nəzarətini artırır. Beləliklə, burdakı erməni bölmələri digər istiqamətdəki bölmələrə kömək etmək imkanından məhrum olur. Bu barədə prezident İlham Əliyev müharibədən sonrakı çıxışlarında qeyd edirdi: “Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı.” Noyabrın 5-də belə bir yerdəyişmə edilən zaman Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “Kamaz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını və hərbi kolon vurularaq məhv edilir. Noyabrın 6-da isə dron zərbələri ilə Levonarx istiqamətindəki erməni minaatanları sıradan çıxarılır. Noyabrın 9-da axşam saatlarında Azərbaycan bölmələrinin 2 saatlıq artilleriya zərbələrindən sonra Ağdərə-Ağdam cəbhəsində böyük hücum hazırlığı aparılırdı. Lakin Ermənistanın təslim olmasından sonra bu əməliyyat dayandırılır.
İtkilər
Beləliklə, 1-ci Ordu Korpusunun həyata keçirdiyi şimal əməliyyatları zamanı Azərbaycan bölmələri şimalda 149 km² ərazini (Talış və Suqovuşan) ələ keçirə bildi. Bu nailiyyətinə görə, korpus komandiri, general-mayor Hikmət Həsənov “Qarabağ” ordeni və “Suqovuşanın alınmasına görə” medalları ilə təltif edilir.[9] Çox böyük itkilər verən 1-ci Ordu Korpusu müharibənin əvvəlində Ağdərəni ələ keçirmək haqqında əsas məqsədi həyata keçirə bilmədi. 10.647 nəfər şəxsi heyətin iştirak etdiyi Ağdərə əməliyyatında 644 nəfər hərbi qulluqçu həlak oldu. Hərbi əməliyyatların aparıldığı ərazi baxımdan bu ordunun ən böyük itkiləri idi. Həlak olanlar arasında yuxarıda adı qeyd olunan Soltan Məmmədov və Əfqan Abdurahmanovdan başqa polkovnik-leytenant Zaur Cəfərov, kapitan Samir İslamov və kapitan Kazımov Elvin vardı. Azərbaycan Ordusu bu ərazidə hərbi əməliyyatlar bitdikdən sonra da ciddi itkilər verir. Belə ki, noyabrın 23-də Rusiya və erməni hərbçiləri ilə birlikdə əsgərlərin cəsədlərini axtararkən korpus komandirinin müavini, polkovnik Babək Səmidli minaya düşərək həlak olur. 2021-ci ilin fevralın 8-də isə Talış kəndində hərbi hissə komandiri, polkovnik leytenant Kamil Duniyev ilə birlikdə 3 hərbçi minaya düşür. Hərbçilərin heç biri həlak olmasa da, ciddi xəsarət alırlar.
Azərbaycan bu istiqamətdə hərbi itkilərdən başqa böyük sayda mülki itkilərə də məruz qalır. Tərtər şəhəri müharibə zamanı ən böyük dağıntılara məruz qalan iri yaşayış məntəqəsi kimi tarixə düşür. Dağıntıların həcminə görə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tərtəri “Stalinqrad” adlandırırdı. Müharibə zamanı şəhərdən başqa Şıxarx qəsəbəsi, Səhlabad və Əksipara kəndləri də intensiv atəşə məruz qalmışdı. 27 sentyabrdan-10 noyabra qədər davam Tərtər şəhərinin bombalanması zamanı ümumilikdə 17 mülki şəxs həlak oldu. Goranboy istiqamətində sentyabrın 27-də atılan top atışları zamanı isə Naftalanda Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü, oktyabrın 29-da isə Tap-Qaraqoyunlu kəndində 1 mülki şəxs həyatını itirir. Beləliklə, cəbhənin bu istiqamətindəki artilleriya zərbələri nəticəsində 23 nəfər mülki həlak olur.
Erməni tərəfindən Arayik Arutyunyan Suqovuşanın itirilməsini 3 oktyabrda şimal istiqamətlərində bəzi bölmələrin geri çəkilməsi ilə əlaqələndirir: “3 oktyabrda rəqib Madagiz yaxınlığına çatanda bir qrup hərbçi “Yeğnikner” ərazisində panikaya düşərək geri çəkilir. Bu səbəbdən bizim cinahları qorumaq üçün resurslarımız əhəmiyyətli dərəcədə azaldı.” Erməni bölmələrinin bu istiqamətdə itkilərinin sayı isə dəqiq deyil. Yuxarıda qeyd edilən polkovnik-leytenant Lernik Vardanyandan başqa erməni ordusu Talış-Suqovuşan istiqamətində polkovnik Nikolay Aykyanı, polkovnik-leytenant Manvel Karapetyanı, mayor Qarnik Xaçatryanı və kapitan Armen Saakyanı itirir. Bununla belə, hələ də bu istiqamətdə erməni əsgərlərinin cəsədlərinə rast gəlinir. Suqovuşanda yanvarın 6-da aparılan axtarışlar zamanı 4, iyunun 28-də 1, iyulun 27-də 1, sentyabrın 10-da 2, sentyabrın 21-də 1, noyabrın 24-də 1 erməni əsgərinin cəsədi tapılaraq ailələrinə təhvil verilib. Erməni tərəfinin müharibə zamanı bu istiqamətdə yeganə mülki itkisi isə Ağdərədə baş verdi. Belə ki, 30 sentyabrda Ağdərəyə endirilən artilleriya zərbələri nəticəsində 3 mülki şəxs həlak olur.
Nəticə
Ağdərə əməliyyatı nəticəsində azad olunan Suqovuşanın strateji əhəmiyyəti böyükdür. Belə ki, Suqovuşanın erməni ordusunun nəzarətində olması və Tərtər istiqamətinə gedən hissələrdə bəndlər qurması səbəbilə azərbaycanlılar yaşayan hissələrdə əhali susuz qalırdı. Azərbaycan Ordusunun Suqovuşanı nəzarətə götürməsi ilə oktyabrın 7-də bənd açılır və Tərtərin su problemi qismən həll edilir. Prezident İlham Əliyev Suqovuşan və bu istiqamətdəki döyüşləri belə xarakterizə edir: “Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıldı, məhdudiyyət yaradıldı.”
Müharibədən sonra Suqovuşan və Talışda əsas ciddi problem mina məsələsi idi. Təkcə noyabrdan aprelə qədər bu ərazidə 2500 ədəd müxtəlif tipli minaların zərərsizləşdirilməsi həyata keçirilib. 23 apreldə Minatəmizləmə Agentliyinin əməkdaşı Şahin Allahverdiyev zərərsizləşdirilən minaların Suqovuşan istiqamətində aparılan təmizlənmə əməliyyatı zamanı tapılan vasitələrin cüzi bir hissəsi olduğunu qeyd edirdi. Hal-hazırda da Suqovuşan və Talışda mina təmizləmə işləri davam etdirilir. Hərbi əməliyyatlar bitdikdən sonra azad olunan ərazidə ilk infrastruktur layihəsi yol çəkilişi idi. Artıq dekabrın 15-də ümumi uzunluğu 29 km olan yolun çəkilişinə başlanılır. Yol iki istiqamətdə, Çaylı kəndindən Talış kəndi boyunca və Goranboyun Qaşaltı Qaraqoyunlu kəndindən Suqovuşan boyunca planlaşdırılmışdı. İlk olaraq Tərtərdən Talışa və ordan Suqovuşana gedən yolun çəkilişinə başlanır. Prezident İlham Əliyev, oktyabrın 3-də Tərtərə səfəri zamanı həmin yolun açılışını edir və elə həmin gün də Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyur. Ərazidə ikinci əsas infrastruktur layihəsi Suqovuşanda yerləşən KSES[10] ilə bağlı idi. Müharibə zamanı ciddi ziyan görən Suqovuşan KSES iyulun 6-da rekonstruksiya edilir və oktyabrın 3-də prezident İlham Əliyevin regiona səfəri zamanı yenidən açılır. Ümumi gücü 7,8 MVt olan KSES iki hissədən, 4,8 MVt olan “Suqovuşan-1” və 3,0 MVt olan “Suqovuşan-2” bölməsindən ibarət idi.
Regionla bağlı ən vacib məsələ isə burdakı məskunlaşmanın necə aparılması ilə bağlıdır. Talış və Suqovuşan kəndləri ləğv olunan DQMV ərazisinə daxil məntəqələr idi və Sovet dövründə də burdakı əhalinin əksəriyyətini ermənilər təşkil edirdi. 1970-ci ildə 271 nəfər əhalisi olan Madagiz qəsəbəsində yaşayan əhalinin 236-sı (87,1 faiz) erməni, 30 nəfəri (11,1 faiz) isə azərbaycanlı idi. Talış və Çaylı kəndi isə həmin dövrdə (monoetnik) ermənilərdən ibarət yaşayış məntəqəsi idi.[11] 2005-ci il “DQR” statistikasına əsasən, Madagizdə 404, Talışda isə 581 nəfər əhali yaşayırdı. 2016-cı il Aprel müharibəsindən sonra sakinlər Talış kəndini tərk etmiş, əməliyyatlar bitdikdən sonra isə çox az sayda insan geri qayıtmışdı. Bunun əsas səbəbi kəndin şimal istiqamətindəki yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi idi. Çaylı bu bölgədə ən böyük yaşayış məntəqəsi idi. Nerkin (Aşağı) Çaylı və Verin (Yuxarı) Çaylı kəndlərindən ibarət bu yaşayış məntəqəsində 1980-ci illərdə 2531 nəfər əhali yaşayırdı. Çaylı 1992-ci ildən Azərbaycan Ordusunun nəzarətində qaldığı üçün burada yaşayan erməni əhalisi kəndi tərk etmiş, onların bir qismi (50 ailədən ibarət 300 nəfər) Ağdamın işğal edilmiş Mollalar (Əlimədətli) kəndində “Nor-Aygestan” adlı yeni bir kənd salmışdı. Lakin Ağdam rayonunun Azərbaycana verilməsindən sonra bu sakinlər ikinci dəfə yaşayış yerini tərk etməli oldular.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin müharibənin bitməsini rəsmiləşdirən birgə bəyanatının 7-ci maddəsi tərəflər məcburi köçkün və qaçqınların yaşadıqları ərazilərə geri qayıtmasını nəzərdə tutur. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, Çaylı kəndində 36 ailə (114 nəfər), Talış kəndində 17 ailə (48 nəfər), Suqovuşan qəsəbəsində 19 ailə (66 nəfər) məcburi köçkün kimi qeydiyyatdadır. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə oktyabr ayında verdiyi müsahibədə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürüləcəyini qeyd edir. Bu açıqlamaya baxmayaraq, hələ ki bu məntəqələrdə hər hansı məskunlaşma həyata keçirilməyib. Bu səbəbdən Suqovuşan, Talış və Çaylı kəndlərində məskunlaşmanın necə aparılacağı indi də sual altında qalır.
[1] Ermənilər onu “Varanqataq” yüksəkliyi adlandırır. Koordinatları bəlli deyil.
[2] Bu döyüşlə bağlı Azərbaycan MN heç bir məlumat vermir. Həmin döyüşdə həlak olanlardan biri leytenant İbrahim Vəlizadə, digəri isə gizir İxtiyar İlqaroğlu idi.
[3] Azərbaycan hərbçiləri arasında “Qlobus yüksəkliyi” kimi tanınır.
[4] Oktyabrın 14-də Ermənistan MN nümayəndəsi Artsrun Ovannisyanın verdiyi xəbərə görə, Suqovuşanın meşələrində baş verən döyüşlərdə 2 erməni hərbçisi mühasirədən çıxa bilir.
[5] DQMV-də bu kəndlər ayrı idi. Ağdərə rayonu ləğv edildikdən sonra Azərbaycan hökuməti bu kəndləri birləşdirir.
[6] Sovet hərbi topoqrafik xəritəsində belə bir yüksəkliyə rast gəlinmir.
[7] Həmin döyüşdə həlak olub.
[8] Bu yüksəkliyə müharibədən sonra hansı tərəfin nəzarət etməsi haqqında sabit bir fakt yoxdur.
[9] Avqust ayında Hikmət Həsənovun vəzifəsindən azad edilməsi barədə xəbərlər çıxsa da, bu məlumat Azərbaycan MN tərəfindən təsdiqlənməyib.
[10] Kiçik Su Elektrik Stansiyası
[11] Çaylıda az sayıda qarışıq azərbaycanlılar var idi.