Füzuli uğrunda döyüşlər
Azərbaycan Ordusunun 27 sentyabrda başladığı əməliyyatlarda əsas zərbə istiqaməti Füzuli idi. Rusiyalı hərbi analitik Ruslan Puxov əməliyyatı belə xarakterizə edirdi: “Erməni nəzarətində olan ərazinin şərq sərhədlərində, düz bir dayaq zolağı ilə birləşdirilmiş yüksəkliklərdə 120 kilometrlik eşelonlu müdafiə sistemi inşa edilmişdir. Nəzarət zonasının sərhədlərinin bu konturu onun hərbi əməliyyatlar zamanı sabitliyini təmin edir və Ermənistan Silahlı Qüvvələrinə mövqe üstünlüyü verir. Ümumiyyətlə, təmas xəttinin şimal və qərb hissələri dağlıq bir ərazi olduğu üçün ermənilərin burada "Ohanyan xətti"nin yüksəkliklərinə güvənərək müdafiə təşkil etməsini asanlaşdırır. Bununla belə, Qarabağın cənub hissəsində, Füzuli - Horadiz - Cəbrayıl sektorunda ərazinin düzənlik olması Azərbaycan Ordusunun mexanikləşdirilmiş bölmələrinin hərəkətlərini asanlaşdırır. Buna görə də müşahidəçilərin proqnozlaşdırdığı kimi, azərbaycanlılar sentyabrın 27-dən etibarən İran sərhədinə bitişik münaqişə zonasının cənub hissəsində - Füzuli istiqamətində güclü tank bölmələrinin dəstəyi ilə əsas hücuma başladılar.” Azərbaycan Ordusu ən güclü zərbəni Füzuli istiqamətində - Köndələnçay çayının geniş vadisi boyunca endirdi. Ordunun əsas hədəfi Qaraxanbəyli kəndi idi. Müdafiə Ordusunun həmin gün yayımladığı videoda 2-3 tankdan və ən azı 14 “BMP”-dən ibarət konvoyun hücuma keçdiyi görünür. Hücum istiqaməti Alxanlı kəndindən Qaraxanbəyliyə gedən yolda, erməni ordusunun yolunu əhatə edən yoxuşun qarşısında düzülmüşdü. İlk hücum zamanı bu istiqamətdəki erməni postları ələ keçirildi. Müəyyən qədər irəliləyən Azərbaycan bölmələri cinahlardan hücum təhlükəsi ilə qarşılaşsa da ermənilər ilk gün bunu həyata keçirə bilmədilər.
Sentyabrın 27-də Qaraxanbəyli istiqamətində irəliləyən tank kolonu ilk müdafiə xəttini və arxasında bir neçə dayaq məntəqəsini ələ keçirməyi bacarmışdı, ancaq daha irəli gedə bilmədi. Bu istiqamətdə Azərbaycan bölmələrinin irəliləməsini Ermənistan MN-in 3 oktyabrda yayımladığı video görüntüdən müəyyənləşdirmək olur. Videoda Alxanlı kəndinin qərb kənarında yerləşən xarabalıqlar görünür. Azərbaycan tankının vurulduğu göstərilən videodan da müəyyənləşdirmək olur ki, ermənilər ilk müdafiə xəttini itirib, lakin Qaraxanbəyli üzərində vizual və atəş nəzarətini qoruyub saxlamışdı. 27 sentyabrda Qaraxanbəylinin 4 km şimalındakı Azərbaycan bölmələrinin hücumu isə fəlakətlə nəticələnir. Ən azı 4 “BMP-2” ilə həmin istiqamətdə hücuma keçən bölmə tamamilə məhv edilir. 386 nömrəli “BMP” tam işlək, 388 nömrəli “BMP” isə tırtılını itirmiş vəziyyətdə ermənilərin əlinə keçir. 397 nömrəli və digər nömrəsi bilinməyən “BMP” isə vurulur. Bu döyüşdə ən azı 15 Azərbaycan hərbçisi həlak olur. Onlardan biri kiçik çavuş Məhəmməd Babazadə idi. Burada ələ keçirilən “BMP”-lər ermənilər tərəfindən tez bir zamanda istismara verildi və oktyabrın 1-də artıq döyüşlərdə istifadə edilməyə başladı.
27 sentyabrda Qaraxanbəyli ilə eyni zamanda Köndələnçayın cənub sahilində yerləşən Aşağı Seyidəhmədli kəndinə hücum başladı. Aşağı Seyidəhmədli kəndi Füzulidə ən güclü müdafiə xətti olan yerlərdən biri idi. Burdakı döyüşlər Qərvənd kəndi yaxınlığında, 8 km şimal-qərbdə yerləşən bir kamera tərəfindən çəkilib. Uzaqdan çəkilişdə bu istiqamətdə Azərbaycan bölmələrinin minimum 5 zirehli maşından istifadə edərək hücuma başladığını söyləmək mümkündür. Hücum zamanı qarşıdakı postlar ələ keçirildi, yoxuşu aşan Azərbaycan tankları arxa müdafiə xəttini dağıtmağa çalışdı, lakin hücum zamanı bir tank vuruldu. Ermənistan MN bu döyüşün videokadrlarını 28 sentyabrda göstərdi.
Azərbaycan bölmələrinin Füzuli istiqamətində digər hücum istiqaməti isə Horadiz kəndi idi. Bu əməliyyatın Araz vadisində qruplaşmanın cinahını qorumaq üçün köməkçi hücum olub-olmadığını söyləmək mümkün deyil. Hücum istiqaməti kəndin şimal və cənubundakı yüksəkliklər idi. Şimal hücumu Horadiz kəndindən təxminən 3.8 km şimalda baş verdi. Bu döyüş kənddən 1,3 km şimalda və 2,5 km məsafədə yerləşən müdafiə xəttində yerləşən bir kamera tərəfindən çəkilirdi. Hücumun nəticələri Ermənistan MN-in 29 sentyabrdakı videoçarxında göstərildi. Videodan tam anlaşılmasa da erməni qüvvələrinin yerləşdiyi istiqamətdə hərəkət edən biri tank olmaqla iki zirehli texnikanın yandığı göstərilir. Bu tankın partlayışını daha sonra 4 oktyabrda Ermənistan qərargahındakı monitor ekranında da müşahidə etmək olar. (1:45 hissə)
Zirehli texnika itkisinə baxmayaraq Azərbaycan bölmələri şimalda ön dayaq məntəqəsini və əsas müdafiə səddinin bitişik hissəsini ələ keçirməyi bacardılar. Bu 30 sentyabrda peyk görüntülərində əraziyə doğru uzanan rabitə xəttinə əsasən müşahidə edilir. Eyni zamanda Horadiz kəndindən 3 km cənubda daha bir erməni dayaq məntəqəsi də ələ keçirilə bildi. İkinci hücum isə Horadiz kəndindən 1,5 km cənubda reallaşdırıldı. Bu hücumun nəticələri sentyabrın 27-də, axşam saatlarında Azərbaycan MN-in paylaşdığı “düşmən zirehli texnikasını döyüş meydanında qoyaraq qaçır” başlıqlı xəbəri ilə aydın oldu. “Bayraktar”dan çəkilmiş videoda Horadiz kəndinin cənubunda 2 tank və 6 piyada döyüş maşınından ibarət bir konvoyun alovlandığı görünür. Bununla belə, texnikanın üzərində Azərbaycan qoşunlarında eyniləşdirmə üçün istifadə olunan iki uzununa ağ xətt, hərəkətlərinin istiqaməti və xarakterindən bəlli olur ki, Azərbaycan MN öz hücumunun uğursuzluğunu lentə almışdı. Sentyabrın 30-da peyk görüntüsündə bu kolonun izlərinin Azərbaycan mövqelərindən başladığı açıq-aydın görünür. 27 sentyabrda cəbhəboyu şiddətli döyüşlər gedən zaman Azərbaycan MN günorta saatlarında döyüşlərlə bağlı açıqlama verdi: “Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib. Hazırkı məlumata görə, cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz kəndi, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.” Kəndlərin nəzarətə götürülməsi xəbəri elan edilsə də müharibə ərzində Horadiz kəndi istisna, digər heç bir kəndin videokadrları ictimaiyyətə təqdim edilmədi. Bu kəndlərdə döyüşlərin davam etdiyini göstərirdi. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan öz “Feysbuk” səhifəsində 6 kəndin azad edilməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin bəyanatını istehza ilə şərh edirdi: “Altı kənd, buna 10 şəhər də əlavə edin. Bəli, lənət olsun, heç olmasa Füzuli şəhərinin düzgün fotoşopunu düzəltməyini öyrənmədiniz”.
Ertəsi gün, 28 sentyabrda Azərbaycan bölmələri Qaraxanbəyli istiqamətində hücuma davam etdi. Bu istiqamətdə hərəkəti Aşağı Seyidəhmədliyə hücumu 5,5 km məsafədən çəkən Qərvənd kəndi yaxınlığındakı eyni kamera vasitəsilə müşahidə etmək mümkün oldu. Kamera vasitəsilə 1 Azərbaycan tankının və 2 “BMP-1”-in Qaraxanbəylinin mərkəzi hissəsindəki əsas küçə boyunca qərbə doğru hərəkət etdiyi müşahidə olunurdu. Bu istiqamətdə iki Azərbaycan “BMP-1”-si vurulmuşdu. Onların vurulma videosu isə kadrlarda yox idi. Bu hücum zamanı ermənilər qonşu Mərdinli kəndindən ərazini atəşə tutur. Burda cənub istiqamətində dönməyə çalışan bir “BMP” vuruldu, bu zaman digər iki “BMP” Qaraxanbəylinin qərb istiqamətində hərəkətə başladı. Videoda birinci “BMP”-nin xarabalıqların içərisi ilə hərəkət etdiyi, ikinci “BMP”-nin isə onu izlədiyi görünür. Bu zaman ikinci “BMP” cənubdan tank əleyhinə idarəolunan raket (TƏİR) ilə vurulur. Qarşıda gedən “BMP” geri çəkilməyə qərar verir və yerində dönməyə çalışır. Bu zaman əvvəl yanan “BMP”-nin uzaqdan partladığı müşahidə olunur.
Azərbaycan bölmələri Qaraxanbəyli hücumuna dəstək kimi onun cənub cinahını təmin etməli olan Aşağı Əbdürrəhmanlı kəndinin xarabalıqları yaxınlığında hücuma başladılar. Hücum bir-birindən 3 km aralıda ən azı iki hissədə baş verdi. Birinci hücum zonası Aşağı Əbdürrəhmanlıdan 1 km şimalda yerləşirdi. Bu hücumda Azərbaycan bölmələri ən azı 1 tank, 1 mühəndis-istehkam maşını, 6 ədəd isə müxtəlif modifikasiyalı “BMP”-dən istifadə edirdi. Lakin tank hücumun əvvəlindəcə TƏİR atəşi ilə sıradan çıxarıldı. Tankın heyəti yerində dönərək uzaqlaşmaq istəsə də alov buna imkan vermədi, yanma təhlükəsi olduğu üçün heyət tankı tərk etdi. Mühəndis-istehkam maşını da yoxuş olan yerə istiqamətlənəndə vuruldu. Hücumun hədəfi olaraq seçilən dayaq məntəqəsi ələ keçirilsə də qərbdə və şərq istiqamətində mövqelər ələ keçirilmədi. Bu vəziyyətdə ya dayaq məntəqəsi tərk edilməli, ya da mühəndis-istehkamçılar düşməndən qorunan yol qurmalı idi. Çox itki verən Azərbaycan bölmələri geri çəkilməli oldu. Geri çəkilərkən bütün ərazi erməni hədəfində olduğu üçün pulemyotla atəşə tutuldu. Oktyabrın 2-sində Ermənistan MN-in bu görüntülərində geri çəkilən əsgərlərin necə atəşə tutulduğu göstərilir.
İkinci hücum zonası isə Aşağı Əbdürrəhmanlıdan 1 km cənub-qərbdə yerləşirdi. Bu istiqamətdə hücuma keçən Azərbaycan bölmələri düşmənin ön dayaq məntəqəsini ələ keçirə bilir, lakin düşmənin ana xəttinə hücuma başlayan iki ədəd “BTR-82A” markalı zirehli transportyordan biri vurulur, ikinci “BTR” isə tüstü qumbarası ataraq geri çəkilir. Bu istiqamətdə gedən döyüşləri çəkən kamera dirəyi “CBC Azərbaycan” kanalının reportajında göstərilmişdi. 30 sentyabra qədər olan döyüşlərdə bu istiqamətdə olan dayaq məntəqəsi və şimalda olan yüksəkliklər tutula bilir.
Sentyabrın 28-də Azərbaycan hücumunun nəticələri barədə indiyə qədər heç nə demək mümkün deyil. Azərbaycanın bu istiqamətdəki uğurları minimal idi. Sentyabrın 30-da çəkilmiş peyk görüntülərində Qaraxanbəyli və Aşağı Seyidəhmədli istiqamətində yeni mövqelər müşahidə edilir. İstənilən halda bu istiqamətdə erməni ordusunu geriyə atmaq mümkün olmadı. Həmin gün Dağlıq Qarabağ ermənilərinin “rəhbəri” Arayik Arutyunyan döyüşlərlə bağlı məlumat verərkən bəzi ərazilərdə mövqelərin itirildiyini qəbul etdi: “Hazırda baş verənlər bütün təmas xətti boyunca əvvəllər heç vaxt baş verməmiş genişmiqyaslı müharibədir. Bu, 2016-cı ilin aprel ayı deyil, Tovuz hadisələri deyil. Bu, hazırlıq işlərinin aparıldığı klassik bir müharibədir. Görünür ki, müharibə genişmiqyaslıdır və Azərbaycan bütün qüvvə və texnikasından istifadə etmişdir. Azərbaycanın hərbi əməliyyatların başlayacağını gözləyirdik, ona görə də Müdafiə Ordusu onlara hazır idi. Bununla belə, bəzi ərazilər üzərində nəzarəti itirmişik. Talış kəndi istiqamətində və cənubda (Füzuli və Cəbrayılda) itirilmiş mövqelər var.”
29 sentyabrda isə gecə “DQR” “Müdafiə Ordusu” itirilmiş mövqeləri geri qaytarmaq üçün əks-hücuma keçdi. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bununla bağlı məlumatda deyirdi: “Ermənistan Silahlı Qüvvələri cəbhənin Füzuli-Cəbrayıl istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərsə də Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.” Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı erməni ordusunun Aşağı Veysəlli kəndindənki mövqelərə hücum etdiyini qeyd edirdi. 29 sentyabr səhər saatlarında isə Azərbaycan MN hücumun Füzuli istiqamətində getdiyini açıqlayır: “Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.”
İlk gündəki çətinliklər Azərbaycanın hücumunu dayandırmadı və 29-30 sentyabrda yenidən Aşağı Seyidəhmədli-Qaraxanbəyli istiqamətində hücum başlandı. Bu hücum Vətən müharibəsində ən ağır və qanlı döyüşlərdən biri olur. 3 tank iştirak edən hücumun əvvəlində tanklardan biri ermənilər tərəfindən vurulur. Hücum çoxsaylı piyada dəstəyi ilə həyata keçirilirdi. Hücum zamanı AN-2 təyyarəsi vurulur. Bu döyüşün video görüntüsünü isə erməni tərəfi 29 sentyabrda nümayiş etdirir.
Buna baxmayaraq hücum davam edir və ilk müdafiə xətti yarılır. Tanklardan biri təxminən 300 metr qərb istiqamətində irəlilədikdən sonra vurulur. İkinci müdafiə xəttini yara bilməyən Azərbaycan bölmələri geriyə çəkilməyə məcbur olur. Bu geri çəkilmə zamanı ordu çox böyük itkiyə məruz qalır.
Beləliklə, 30 sentyabra qədər olan döyüşlərdə Aşağı Seyidəhmədli kəndi istiqamətindəki Azərbaycan bölmələri irəliləyə bilmir və hücum dayandırılır. Erməni media agentliyi “Bars Media”nın 29 sentyabrda Qaraxanbəyli uğrunda gedən döyüşlərdəki çəkdiyi kadrlar isə müharibədə ən yadda qalan videolardan biri idi. Erməni tərəfinin mövqeləri Qaraxanbəyli ilə bitişik Mərdinli kəndi istiqamətində idi. Bu kənddəki mövqelərdən Qaraxanbəyli kəndi çox rahat müşahidə edilə bilirdi. Yük maşınlarının bu mövqedə sakit şəkildə hərəkət etməsi isə ən azından Qaraxanbəylinin qərb hissəsinin Azərbaycan Ordusu tərəfindən ələ keçirilmədiyini göstərirdi. Bunu dəyişmək istəyən Azərbaycan bölmələri bu istiqamətdə hücuma başlamışdı. Videonun 2:25-ci hissəsində Azərbaycan ordusuna aid “BMP”-nin vurulma anı qeyd olunur. Bu əsnada yanındakı Azərbaycan əsgərlərinin qaçması zərbənin çox güclü olmadığını göstərirdi, lakin 2:42-də artıq “BMP”-nin tüstülədiyi hiss edilir.
Oktyabrın 3-də Ermənistan MN-in göstərdiyi kadrlarda Qaraxanbəylidə qərbə doğru hərəkət edən Azərbaycan tankının qumbaraatan ilə necə vurulduğu göstərilirdi. Oktyabrın 7-də Qaraxanbəyli kəndində döyüşlər hələ də davam edirdi. Elə həmin gün Dağlıq Qarabağ ermənilərinin “lideri” Arayik Arutunyan Qaraxanbəyli uğrunda döyüşlərdə fərqləndikləri (Azərbaycan tankları və “BMP”-lərini vurduqları üçün) David Qriqoryanı və Yura Alaverdiyanı “Artsax Qəhrəmanı” adı ilə təltif etmişdi. Onlardan biri David Qriqoryan 4 oktyabrda Azərbaycan bölmələri tərəfindən öldürüldü.
Beləliklə, 27 sentyabrdan 3 oktyabra qədər Füzuli kəndləri uğrunda davam edən amansız müharibədə Azərbaycan Ordusu ağır itkilər hesabına Qaraxanbəyli kəndinin təxminən yarısını, Aşağı Seyidəhmədli, Horadiz kəndləri istiqamətində isə ön dayaq məntəqələrini ələ keçirə bilir. 27 sentyabrdan başlayan hücum əməliyyatlarda ən uğurlu istiqamət Cəbrayıl olur. Burda Nüzgar kəndini ələ keçirən Azərbaycan bölmələri XTQ-nin iştirak etdiyi əməliyyatla təpəlik istiqamətdən Böyük Mərcanlıya daxil olur. Böyük Mərcanlının ələ keçirilməsi müharibənin qırılma nöqtəsi olur. Beləcə, Füzuli istiqamətdən hücum dayanır və plan dəyişilir. Əsas hədəf Cəbrayıl-Hadrut istiqamətindən bütün cənub-şərq cəbhəsini mühasirəyə almaq və Füzulini ələ keçirmək idi.
Hadrut-Füzuli əməliyyatı
Azərbaycan Ordusunun oktyabrın 7-si Cəbrayıl şəhərini tamamilə azad etməsindən sonra istiqamət Hadruta çevrildi. Hadrutun şərq istiqamətdən tutulması Füzulinin ələ keçirilməsi üçün çox vacib idi. Erməni rəhbərliyi bunun qarşısını almaq üçün əks-hücum hazırladı. Plana görə erməni ordusu Horadiz kəndindən Araz çayına qədər olan ən dar yerdəki Azərbaycan qruplaşmasını kəsib mühasirəyə almalı idi. Bu hücumda 10 tank, 2 “BMP” və çoxlu sayda yük maşını iştirak edirdi. Bu əks-hücum isə erməni ordusu üçün fəlakətlə başa çatdı. Erməni bölmələri yalnız ilk dayaq məntəqəsinə çatmağı bacardı və orada məhv edildi. 5 tank məhv olundu, 5 tank və 2 “BMP” və xeyli yük maşını Azərbaycan Ordusunun əlinə keçdi. Bu döyüşün nəticələrini Azərbaycan MN 8 oktyabrda nümayiş etdirdi. Erməni tanklarının neytral ərazidə vurulması döyüşün Horadiz kəndinin içində aparılmadığını göstərirdi. Beləliklə, Horadiz kəndinə Azərbaycan bölmələri yalnız müharibənin 11-ci günündə tam olaraq nəzarət edə bildi.
Ukraynalı jurnalist Yuri Butusov qeyd edir: “Azərbaycanda pilotsuz uçuş aparatları taktiki vəzifələri həll edir, Ermənistanda isə bir neçə məhdud sayda drondan istifadə olunur. Nəticədə, ermənilər öz təşəbbüslərini düşmənə tətbiq edə bilmədilər. 8 oktyabrda Horadiz kəndi yaxınlığında zərbə endirmək cəhdi məğlubiyyətlə nəticələndi, yerdəyişmə etmək istəyən erməni ordusunun tank birləşmələri “Bayraktar” dronlarının hücumuna məruz qaldı. Horadiz kəndi ətrafındakı döyüş düşmənin hava üstünlüyü şəraitində hər hansı bir quru qüvvəsinin açıq ərazidə cəmləşməsinin qeyri-mümkün olduğunu sübut etdi.”
Erməni ordusunun Horadizdəki məğlubiyyətindən sonra Cəbrayıldan Hadrut istiqamətində hücum başlandı. Ukraynalı ekspert Yuri Podolyaka Azərbaycan Ordusunun Hadrutun şərq istiqamətində hücumunu eyni zamanda Füzuli əməliyyatının bir parçası olduğunu görürdü: “Dağlıq Qarabağın erməni rəhbərliyi başa düşür ki, Hadrut ilə Füzulini ayıran aşırmanı itirsələr Füzuli, daha doğrusu bu şəhərin xarabalıqları və əslində bütün bölgə Azərbaycan Ordusunun əlinə keçə bilər. Belə bir şəraitdə Azərbaycan Ordusu cənubdan Füzuli ətrafındakı yüksəkliklərə nəzarət edəcək və bu ərazini bir, maksimum iki günə ələ keçirəcək”.
Bu ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan erməni birləşmələrinin cəbhənin şimal və cənub istiqamətlərində geri çəkildiyini etiraf etdi, buna baxmayaraq “sülh qarşılığında ərazi” formulunun qəbuledilməz olduğunu və sona kimi mübarizə aparacaqlarını qeyd etdi.
Hadrut əməliyyatının ilk günündə, 9 oktyabr tarixində Azərbaycan XTQ-si Füzulinin qərb istiqamətindəki kəndləri olan Yuxarı Güzlək və Gorazıllını operativ mühasirəyə aldı. Oktyabrın 12-sində Azərbaycan Ordusunun 15 günlük döyüşdən sonra Mərdinli kəndinə girməsinin görüntüləri yayımlandı. Bu Qaraxanbəyli kəndinin də tamamilə nəzarətə alınması demək idi. 14 oktyabrda Füzuli rayonunun Hadrut vadisi boyunca yerləşən Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük kəndləri azad edildi. Xüsusən də Kəmərtük (Qırmızıqaya) kəndinin yerləşdiyi, hündürlüyü 1462 metr olan Ərgünəş dağının Azərbaycanın nəzarətinə keçməsi erməni ordusunun bütün cənub-şərq cəbhəsinin operativ mühasirəsi ilə nəticələnə bilərdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti, polkovnik Tehran Mənsimov bu istiqamətdə gedən döyüşləri belə xatırlayır: “Mərhum polkovnik Anar Əliyevi öz taboru ilə sağ cinaha Füzuli istiqamətinə göndərdim, orada 5 kənd hələ azad edilməmişdi. Orada rəhbərliyi indi general-mayor rütbəsi daşıyan Kənan Seyidov edirdi. Sol cinaha polkovnik Zaur Məmmədov rəhbərlik edirdi. Biz əvvəllər Qarabağda birgə xidmət etmişdik. Sağ cinahda briqada komandiri mən idim, sol cinahda isə o. Ona görə burada da onu seçdim, düşündüm ki, onunla mənə daha rahat olacaq. Hadruta gəldik. Mən Füzuli istiqamətində qüvvələri 12 qrupa böldüm. Daha doğrusu, Hadrut-Füzuli istiqamətində. Oktyabrın 12-dən bizim qrupların döyüş fəaliyyəti başladı. 1698, 1666, 1304-cü yüksəkliklər, eləcə də “Vışka”, “Xaç” adlandırılan yüksəkliklər, Ərgünəş dağı, 1462-ci yüksəklik və Hadrutun özü. Biz general-leytenant Hikmət Mirzəyevin rəhbərlik etdiyi xüsusi təyinatlı qüvvələrlə birgə, döyüş apararaq, bütün bu strateji yüksəklikləri, yaşayış məntəqələrini azad etdik. Deməli, həmin 4 yaşayış məntəqəsini və strateji yüksəklikləri 4 gün ərzində azad etdik. Sağ cinahı isə rəhmətlik şəhid polkovnik Anar Əliyevin rəhbərlik etdiyi qruplar azad etdi. Onun qrupları strateji yüksəklik olan Məngələnatanı, Qarakollu, Aygestan, Pirəhmədli, Gorazıllı, Axullu, Ədilli, Düdükçü kəndlərini azad etdilər. Bütün bunlar səhv etmirəmsə, 4-5 gün çəkdi.”
Yuri Butusov qeyd edir: “14 oktyabrda erməni ordusu cənub-şərq istiqamətdən geri çəkilməyə başladı. Azərbaycanlılar erməniləri Cəbrayıl, Hadrut və Füzuli ətrafında hakim yüksəkliklərdən çıxardılar və beləliklə ermənilər üçün cəbhənin müdafiəsini təşkil etmək də mümkün olmadı”. Həmin gün Azərbaycan Ordusu Mirzəcamallı istiqamətdən Füzuliyə yaxınlaşmışdı və döyüşlər Füzulinin şimalında gedirdi. Bu Ermənistan MN-in yayımladığı kadrlarda görünür. 15 oktyabrda Azərbaycan bölmələri Füzuli rayonunun Arış kəndinə daxil oldu. 16 oktyabrda Azərbaycan MN-in yayımladığı görüntülərdə Ərgünəş dağının ordunun nəzarətində olduğu təsdiqlənir. Həmin gün Azərbaycan bölmələri qərbdən, şimal-qərbdən və şimal-şərqdən Füzulinin mühasirə halqasını daraldır. Müqavimətin faydasızlığını görən ermənilər tez-tələsik Füzulini tərk edirlər. Azərbaycan Ordusu 17 oktyabr tarixində Füzuli şəhərinə daxil olur və səhər saatlarında Prezident İlham Əliyev Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri ilə birlikdə Füzuli şəhərinin azad edildiyi barədə məlumat verir. Füzuli şəhəri azad edilsə də cənub-şərq cəbhəsində yerləşən erməni ordusunun mühasirəyə alıb məhv etmək mümkün olmur. 18 oktyabrda Azərbaycan MN-in Füzulidə yayımladığı video görüntülər mühasirə halqasının tamamilə bağlandığını göstərirdi.
Erməni ordusunun əks-hücumu
Döyüşlər Füzuli yaxınlığında başlayanda erməni komandanlığı artıq Azərbaycan Ordusunun şimal və şimal-şərq istiqamətində irəliləməsinə mane olmaq üçün plan həyata keçirməyə başlamışdı. Plan sadə idi. Komplektləşdirilməmiş motoatıcı alay formalaşdırıldı, bir tank və bir neçə artilleriya və raket batalyonu tərəfindən dəstəklənən iki az sayda motoatıcı batalyon döyüş bölgəsinə gətirildi. Azərbaycan Ordusu strateji əhəmiyyətli Füzuli şəhərinin ərazisinə daxil olanda sərhəd yaxınlığında yerləşdirilən erməni müdafiə qüvvələrinin heç bir anlamı qalmamışdı. Bu ərazilərdəki qüvvələr mövqelərini tərk edərək geri çəkilməyə başladılar. Ermənistan Silahlı Qüvvələri üçün bu dövrdə ən kritik itki nə qədər də təəccüblü olsa avtomobillər idi. "Kamaz", "QAZ" və "Ural" yük maşınları pulemyot və artilleriya qurğularının əsas nəqliyyat vasitəsi idi və ermənilər bunlar olmadan hərəkət qabiliyyətini itirdilər. Döyüşlərin ilk saatlarında Azərbaycan komandanlığı ən çox zərbəni yük maşınlarına endirirdi. Çox güman ki, Azərbaycan rəhbərliyi 2016-cı ilin yazında gedən döyüşlərin təcrübəsini düzgün qiymətləndirə və yük maşınlarının Ermənistan Silahlı Qüvvələrinin “Axilles dabanı” olduğunu anlaya bilmişdi. Erməni ordusunda ciddi sayda nasaz maşın olması ordudakı aşağı texniki keyfiyyəti göstərirdi. Çoxlu sayda nasaz yük maşınları geri çəkilmə zamanı daimi yerləşdirmə məntəqələrində, eləcə də mövqelərdə erməni bölmələri tərəfindən tərk edildi. Azərbaycan MN-in göstərdiyi videokadrlarda da onlarla belə tərk edilmiş nasaz yük maşını göstərilmişdi. Füzuli hücumunun başlanğıcında, erməni komandanlığı şimaldan Xankəndi-Xocavənd-Füzuli marşrutunun oxu boyunca, eləcə də cənubda - Xudafərin su anbarı istiqamətində başlanan əks hücum üçün qüvvələrini cəmləşdirməyə başladı. Füzuli bölgəsində relyef Müdafiə Ordusuna müəyyən üstünlüklər verirdi. Əks hücumda iştirak edən bölmələr təpədə, Azərbaycan bölmələri isə düzən ərazidə cəmləşmişdi. Həm də dağlıq relyef erməni birləşmələrinə gizli şəkildə qoşun cəmləşdirməsinə imkan verdi. Müdafiə Ordusunun əks-hücumunun əsas məqsədi Füzulinin azad edilməsi olmalı idi. Əlverişli nəticə əldə olunacağı təqdirdə ordu İran sərhədinə çatmağı planlaşdırmışdı. Bu halda, cənubda irəliləyən Azərbaycan Ordusu iki yerə bölünərdi. Eyni zamanda, Füzuli-Horadiz-İran sərhəd xəttinin qərbində hərbi əməliyyatlar aparan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də mühasirəyə düşə bilərdi. Ancaq müharibədən sonra aydın olur ki, erməni ordusu belə genişmiqyaslı hərəkatı həyata keçirməyə kifayət qədər imkanı yox idi. Çox güman ki, Füzuli şəhərinin azad edilməsi erməni əks-zərbəsinin planına belə daxil deyildi. Bir neçə motoatıcı batalyon və iki tank batalyonu Azərbaycan qüvvələri ilə toqquşmaya tab gətirə bilməzdi. Bu hücum keçmiş təmas xəttindən geri çəkilən pulemyot və artilleriya bölmələri üçün vaxt qazanmağa əsaslanırdı. Qarabağ ermənilərinin komandanlığı bu qüvvələri ikinci xətti doldurmaq üçün istifadə etməyi planlaşdırmışdı. Onun istehkamları Laçın dəhlizində, Xankəndi ətrafında və Şuşanın kənarında yerləşirdi. Səfərbərlik planının pozulması səbəbindən erməni qüvvələri bu vaxta qədər bu xətləri tam şəkildə doldura biləcək qüvvələri yığa bilməmişdi. Erməni əks hücumu iki gün davam etdi. Ona dəstək olmaq üçün “DQR” Müdafiə Ordusu “2S1” (Qvozdika) və “2S3” (Akasiya) özüyeriyən haubitsaların bir neçə bölməsindən, eləcə də "Qrad" raket sistemlərindən kifayət qədər güclü artilleriya toplaya bilmişdi. 17 oktyabr səhər saatlarında bir neçə motoatıcı erməni batalyonu Füzulinin şimal-qərbində, Xocavəndə gedən magistral yolda Azərbaycanın irəliləyən bölmələri ilə döyüşə girdi. Erməni bölmələri bu istiqamətdə bir neçə Azərbaycan postunu ələ keçirib Füzulinin ətrafı ilə hərəkət etməyə başladılar. Axşama yaxın Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hücumunu dayandırmağa müvəffəq olduqlarını bəyan etdi. Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan hətta Azərbaycanın bölmələrinin İranla sərhəd bölgəsində mühasirəyə alındığını barədə məlumat verdi. Düzdür, Ermənistan lideri daha sonra bu böyük uğurun sübutlarını təqdim edəcəyinə söz verdi.
Oktyabrın 17-dən 18-nə keçən gecə erməni qüvvələrinin tank batalyonu Xudafərin su anbarı istiqamətində irəliləyirdi. Lakin Füzuli bölgəsindəki hücumdan fərqli tankların şansı az idi. Batalyona pilotsuz uçuş aparatları, çoxsaylı raket sistemləri və uzun mənzilli tank əleyhinə raket sistemləri ilə zərbələr endirildi. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan video erməni tankçılarının məğlubiyyətini əks etdirirdi. Bir neçə dəqiqə ərzində Azərbaycan hərbçiləri 10-dan çox T-72 tankını məhv etməyə müvəffəq oldu. Oktyabrın 18-də səhər Azərbaycan bölmələri şimal istiqamətində hücuma keçdi, axşam saatlarında Füzuli yaxınlığındakı erməni motoatıcı batalyonu ilə baş verən döyüşdə erməni ordusu ağır itkilər verdi və yenidən əvvəlki mövqelərinə geri oturduldu. Cənubda bir tank batalyonunun məhvindən sonra erməni ordusu su anbarının ərazisindəki Azərbaycan hücumlarını saxlaya bilmədi. Buna görə də qalan qüvvələr qərbə və keçmiş DQMV sərhəddinə doğru çəkilməyə məcbur oldu. Oktyabrın 18-də axşam Ermənistan tərəfinin qalibiyyət bəyanatları humanitar barışığa zidd olaraq Bakının müharibəni davam etdirdiyi şikayətləri ilə əvəz olundu. Uğursuz bir əks-hücum nəticəsində “DQR” Müdafiə Ordusu sonuncu mobil bölmələrini də itirdi. Ancaq bu hücumlar erməni ordusuna cənub-şərq cəbhəsindəki bütün səpələnmiş artilleriya bölmələrini mühasirədən çıxarmasına imkan verdi. Bununla da Füzuli şəhəri uğrunda döyüşlər başa çatdı.
Erməni tərəfinin arqumentləri
Füzuli və Cəbrayıl istiqamətində Müdafiə Ordusunun kifayət qədər yaxşı möhkəmləndirilmiş mövqeləri, hətta uzunmüddətli atəş nöqtələri və sığınacaqları olan müdafiə sahələri var idi. Bu obyektlərin böyük əksəriyyəti birinci müharibə illərində tikilmiş və bitdikdən dərhal sonra modernləşdirilmişdi. Sonradan istehkamların yalnız bir hissəsində kiçik qarnizonlar var idi, qalanları isə tərk edilmişdi. Müdafiə mövqeləri Füzulidən Şuşa və Xankəndiyə qədər olan bütün böyük yaşayış məntəqələrinin, eyni zamanda Laçın dəhlizinə çıxışı da bağlayırdı. Ən azı altı artilleriya alayı bu "müdafiə xətti"ni dəstəkləməli idi. Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayandan dərhal sonra səfərbərlik elan edildi və könüllülərin axını başladı. Səfərbər edilmiş bölmələrin əsas vəzifəsi ikinci "müdafiə xətti"ni qorumaq idi. Füzuli uğrunda döyüşlər başlayanda iki həftədir ki, səfərbərlik gedirdi. Ancaq bu qədər uzun müddətə baxmayaraq, ehtiyat "pulemyot və artilleriya" bölmələri Füzuli və Laçın dəhlizi sahəsindəki möhkəmləndirilmiş mövqelərə yerləşmədilər. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan üçüncü gün Nikol Paşinyanın bütün səfərbərlik tədbirlərini dayandırdığını qeyd edərək məsuliyyəti onun üzərinə qoydu. Lakin daha sonra Akopyan səfərbərlik kəşfiyyatı rəqəmləri əsasında bütün sistemin genişmiqyaslı bir müharibənin başlamasına hazır olmadığını etiraf edir. Belə ki, bu ərazidə 1500 nəfər əsgər fərarilik etmişdi.
Füzuli istiqamətində mühasirədə qalan erməni əsgərlərindən biri Rusiyadan Qarabağa könüllü kimi gəlmiş Armen Karapetyan idi. O erməni ordusunun vəziyyətini belə xatırlayır: “Çarəsiz qaldıq, başa düşürsüz? Gizlənəcək heç bir yerimiz yox idi, orda çox adam öldürüldü. Bacardığımız qədər cəbhə xəttini qorumağa çalışdıq, lakin kömək gözləyirdik. Kömək isə gəlmədi. Bizə Füzuli istiqamətində geri çəkilmək əmri verilmişdi. Lakin sonra aydın oldu ki, Füzuli artıq Azərbaycan Ordusunun əlindədir. Ətrafımız mühasirəyə alınmışdı və cəbhə xəttimiz düşmən tərəfindən artıq məhv edilmişdi. Azərbaycan qoşunları geri çəkilən Ermənistan qoşunlarını atəşə tuturdu. Xaos idi. Bizə PUA-lar, minaatanlar, “Qrad” ilə atəş açılırdı. O zaman necə sağ qalacağımı və nə edəcəyimi düşündüm. Şimal istiqamətində çəkilməli idik, lakin ərazini tanımadığımız üçün cənuba-birbaşa atəş xəttinə getdik. Əsgərlər səhvlərini başa düşəndə düşmən qüvvələri artıq geri çəkilmək üçün yollarını bağlamışdılar. Mühasirədən çıxmağa çalışanlar Azərbaycan qoşunları tərəfindən pusquya salındı. Oktyabrın 15-də bizim dəstə Füzuli yaxınlığında pusquya düşdü. Gizlənəcək yerimiz demək olar ki, yox idi. Mən və yanımdakı dostum yarğanda gizləndik. Onlar əvvəlcə bizi görmədilər, mühasirə halqasına düşən əsgərlərimizi necə öldürdüklərini görürdüm. Bu əsnada atılan gülələrdən biri mənim buduma dəydi. Levon Atanesyanla birlikdə cavab atəşi açaraq dağ istiqamətinə qaçdıq. Tezliklə huşumu itirdim və Levon məni orda qoymamaq üçün sürüklədi. İrəliləyən Azərbaycan qoşunları Levonla birlikdə gizləndiyimiz sahəyə girəndə tam olaraq özümə gəldim. Yanımızdan böyük bir dəstə keçdi. Tərk edilmiş bir tankın arxasında gizlənərək ölü təqlidi etdik. Düşmən əsgərləri yanımızdan keçirdi və söhbətlərini eşidirdim. Onlar hətta bizi gördülər, amma tankın yanında uzanaraq öldüyümüzü düşündülər. Həyatda olduğumuzu anlamamaları və bizi öldürməmələri xoşbəxtlik idi.”
Müharibənin sonuna yaxın yaralanan erməni əsgəri Emil Afrikyan isə döyüşləri belə xatırlayır: “2016-cı ildə cəbhədə olanda onların necə müharibə apardıqlarını görürdüm. Onlar “Qrad” mərmilərini hansısa bir yerə düşüb nəyisə məhv edəcəklərini ümid edərək atırdılar. İndi isə millimetr dəqiqliklə vururlar”. Füzuli döyüşlərində oğlu itkin düşən Samvel Baginyan isə bunları deyir: “ Oktyabrın 8-i oğlumu Füzuliyə göndərdilər. 11-nə qədər mənimlə, 12 və 13-nə qədər isə dostları ilə əlaqə saxlayırdı. Ayın 14-də ərazinin mühasirəyə alındığını, həm sağdan, həm də soldan güclü zərbələrə malik qaldıqlarını qeyd edirdi. Bundan sonra onunla əlaqə kəsildi. Sonra maraqlandım, bir polkovnik-leytenant dedi ki, oğlum yaralı olduğu üçün maşınla Füzulidən Xankəndiyə aparıldı. Komandirlər deyirlər ki, 1500 metrə qədər getdiklərini müşahidə ediblər. Yolun təpənin arxasından keçən hissəsindən sonra bir daha görünmədilər. 3-4 km olan bu hissə Azərbaycan Ordusunun nəzarətində idi.”
“Ze Nyu-York Tayms”a (The New York Times) danışan erməni əsgər Azərbaycan PUA-larının dəhşətindən bəhs edirdi: “Azərbaycan PUA-ları o qədər dəqiq zərbə endirirdi ki, tanklarda olan əsgərlər döyüş meydanına girib atəş açdıqdan sonra dərhal tankın içindən çıxıb gizlənmək üçün yer axtarırdı. Cəhənnəm idi.”
Ermənistanda isə bu istiqamətdə məğlubiyyəti Hadrut da daxil olmaqla, Füzuli istiqamətində irəliləyən Azərbaycan bölmələrinə atəş açmalı olan artilleriya diviziyasının qərargah rəisi Gevorq Gevorqyanın üzərinə qoyulur. Gevorqyanın komandanlığı altında olan bu diviziya 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində mövqe tutmuşdu. Lakin mühəndis istehkam işləri aparılmadığı üçün artilleriya qurğuları bu ərazidə yerləşdirilmədi.
Tərəflərin itkiləri
Füzuli uğrunda döyüşləri müharibənin ən qanlı hissəsi kimi xarakterizə etmək olar. Prezident İlham Əliyev də Füzuli uğrunda gedən döyüşlərin ağır olduğunu və çox sayıda itki verildiyini qeyd edir: “Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Ondan əvvəl Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik. Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.”
27 sentyabrdan - 4 oktyabra qədər kamera görüntülərinə əsasən Füzuli uğrunda döyüşlərdə Azərbaycan Ordusu 8 tank, 16 “BMP”, 1 “BTR”, 1 mühəndis-istehkam maşını (“İMR”) itirdi. Müharibə ərzində Azərbaycan bölmələri ermənilərin əlinə keçən 386 nömrəli “BMP”-ni yenidən qaytara bildilər. Yuri Butusov 19 oktyabra qədər Azərbaycan ordusunun texniki itkisini belə xarakterizə edir: “Azərbaycanın texniki itkiləri böyükdür və burada qeyd etmək lazımdır ki, onların identifikasiyası döyüş ərazisi Azərbaycan Ordusunun nəzarətində olduğu üçün tam aydın deyil. Buna baxmayaraq, Azərbaycan Ordusunun texniki itkiləri ermənilərdən azdır. Ümumilikdə, Azərbaycan Ordusunun 21 ədəd T-72 və T-90 tankı, 17 ədəd yüngül zirehli maşın, 12 maşın itkisi olduğu dəqiqdir.”
Ermənistan Ordusunun bu istiqamətdə nə qədər texniki itki verdiyini müəyyənləşdirmək çətindir. Azərbaycan MN 28 sentyabrda cəbhə boyunca erməni ordusunun 22 ədəd tank və digər zirehli texnika, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi olduğunu qeyd edirdi. Lakin müdafiə olunan tərəf kimi ermənilərin müharibənin ikinci günündə bu qədər itki verməsi inandırıcı deyil. 30 sentyabrda Arayik Arutyunyan mətbuat konfransında hər iki tərəfin itkilərinin olduğunu, lakin Azərbaycan Ordusunun itkisinin daha çox olduğunu qeyd edirdi. Azərbaycanlı konfliktoloq və tarixçi Arif Yunus da Azərbaycan Ordusunun ilk müdafiə xətlərini qırarkən erməni ordusundan daha çox itki verdiyini bildirir.
Azərbaycan rəsmi olaraq Füzuli döyüşlərində 11.365 nəfərin iştirak etdiyini açıqlayır, lakin bu rayonda həlak olan əsgərlərin rəsmi sayı ilə bağlı rəqəm yoxdur. Rəsmi olaraq Füzuli uğrunda həlak olan Azərbaycan əsgərlərinin siyahısı olmasa da açıq mənbələr əsasında bu rəqəmin 520 nəfərdən çox olduğunu qeyd etmək olar. Bu, ordunun müharibə ərzində ümumi itkilərinin 18 faizini təşkil edir. Hadrutun şərqindəki əməliyyatları Füzuli döyüşlərinin bir hissəsi hesab etsək o zaman rəqəm çox daha böyük olar. Beləliklə, Füzuli döyüşləri Azərbaycan Ordusunun Vətən müharibəsində ən çox itkiyə məruz qaldığı döyüşlər kimi tarixə keçdi. Erməni ordusunun canlı itkiləri ilə bağlı məlumat dəqiq deyil. 2020-ci ilin dekabrından 2021-ci ilin oktyabrına qədər Füzulidə aparılan axtarışlarda 57 erməni əsgərinin meyidi tapılıb. 16 dekabrda Azərbaycan tərəfi 23 erməni əsgərinin cəsədini ermənilərə təhvil vermişdi.
Nəticə
1988-1994-cü illərdə davam edən Qarabağ münaqişəsi zamanı 1386 kvadrat kilometr ərazisi olan Füzulinin 462 kvadrat kilometri (ümumi rayonun 33 faizi) işğal altında qalmışdı. Vətən müharibəsində hərbi əməliyyatlar nəticəsində bütün ərazisi işğaldan azad edilən yeganə rayon Füzuli oldu. Azərbaycan Ordusu 17 oktyabrda Füzuli şəhərinə girdikdən sonra erməni ordusu bütün cənub-şərq cəbhəsindən çıxmışdı. Bu səbəbdən bu istiqamətdəki kəndlər nəzarətsiz idi və onların azad edilmə xəbəri gec verildi. Prezident İlham Əliyevin 9 noyabrda azad olunması ilə bağlı açıqladığı kəndlərin böyük əksəriyyəti əslində oktyabr ayının sonunda Azərbaycan Ordusunun nəzarətində idi. Füzulinin keçmiş DQMV içərisində qalan ən şimal məntəqəsi Yuxarı Veysəlli isə 7 noyabrda işğaldan azad edildi. Bununla da Füzuli rayonu tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçdi. Azərbaycan Ordusunun Füzuliyə nəzarəti strateji baxımdan da əhəmiyyətli idi. Region azad edildikdən sonra işğal edilmiş ərazilərdə ilk hava limanının əsası Füzuli şəhərində qoyuldu. Aeroport çox sürətlə tikildi və 5 sentyabrda hava limanına ilk təyyarə eniş etdi. Bundan başqa Şuşa şəhərinə çəkilən yeni yolun marşrutu da məhz Füzulidən keçirdi. Əvvəllər Füzulidən Şuşaya getmək üçün Qırmızı Bazar-Xankəndi (R-31 yolu) istiqamətində getmək lazım idi. Bu ərazilər Rusiya sülhməramlılarının nəzarətində qaldığı üçün noyabrın 16-sında yeni yol çəkilməsi barədə qərar qəbul olundu. Layihənin təməlindən sonra dərhal işlərə start verildi. Lakin Əhmədbəyli kəndindən başlayan yolun xüsusilə Seyidəhmədli kəndləri istiqamətində çox sayıda tank və piyada əleyhinə minaların basdırılması işin sürətini azaldırdı. Təkcə 31 mart 2021-ci ilə qədər Alxanlı-Seyidəhmədli istiqamətində 5 ədəd hərbi sursat, 207 tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina tapılmışdı. 2021-ci ilin iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan 15 əsgəri müqabilində Füzuli və Zəngilan rayonunda basdırılan tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bundan sonra işlər daha da sürətləndi və hazırda “Zəfər yolu”-nda son tamamlanma işləri aparılır.