Rusiya imperiyasının mülkiyyət və məhkəmə islahatlarının Azərbaycanda modernist təzahürü: Cümhuriyyətə gedən yol

Rusiya imperiyasının mülkiyyət və məhkəmə islahatlarının Azərbaycanda modernist təzahürü: Cümhuriyyətə gedən yol

 

Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə var idi. Bu təpə çox hadisələrin şahidi olmuşdu. Sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən aralığa qan salmışdılar. Burada çox adam əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.   

“Dəli Kür”, İsmayıl Şıxlı

 

Azərbaycan ədəbiyyatının ölümsüz əsərlərindən biri olan “Dəli Kür”də təsvir olunan bu təpə əsrlərlə xalq arasında ədalətin təmin edilmə mexanizminin ümumiləşmiş təzahürüdür. Vərasət, ailə məsələləri xaricində ənənəvi şəriət hüququnun aid olduğu dövlətlərin periferiyasında yerləşən bu xalqın ictimai şərtlərini formalaşdırmaqda rolu elə də davamlı olmamışdır. Əvəzində isə kəndin, icmanın, tayfanın daxildə bir araya gəlib təyin etdiyi standartlar əsrlərlə dəyişmədən davam etdi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiya İmperiyası tərəfindən ilhaq edilən Arazdan şimaldakı Azərbaycan torpaqlarında ilk dəfə fərqli hüquq mexanizmi və ədalət anlayışı tətbiq edilməyə başlandı. Modernizmin ilkin təzahürü kimi ortaya çıxan yeni hüquq sistemi xalqın dinamikasını bütünlüklə dəyişdirərək, növbəti yüz ildə baş verən bütün proseslərin əsas istinadına çevrildi. Çar Rusiyasının Azərbaycanda mövcud olduğu dövr bir çox perspektivdən analiz edilib, araşdırılsa da bu dövrü dövlətin hüquq sistemindən ayrı başa düşmək mümkün deyil. Bundan başqa modernizmin, onun əsas istinadı olan institutların hüquqi mexanizminin olduğunu da nəzərdə saxlamaq və məsələlərə elə baxmaq lazımdır. Bu günə qədər qeyd edilən mövzuların əsaslı şəkildə işlənməməsi həm cəmiyyətin inkişaf dinamikasını başa düşməkdə, həm də dövlətçiliyin formalaşma prosesini izah etməkdə çətinliklər yaratmış, əvəzində isə ən asan alternativlərə yönəlməyə səbəb olmuşdur. Lakin cavablandırmalı olduğumuz əsas məsələ Arazın şimalındakı azərbaycanlıların primitiv (ellilikcə toplaşmaq) qərar vermə adətlərindən institutsional sistemə keçidi və bunun davamında aid olduqları quruluşda öz varlıqlarını qəbul etdirmək üçün istinad etdikləri mexanizmin əhəmiyyəti və funkisonallığıdır. Odur ki, modernizm məfhumunu bilərək və ya bilməyərək azərbaycanlılara təqdim edən Rusiya İmperiyasının qanunverici və icraedici qurumlarının periferiyadakı rolunu, fəaliyyətini və təsirini də mütləq nəzərə almaq lazımdır. Həmin məsələlərin mahiyyətini başa düşmək bizə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma dinamikasını, bu prosesdə rol oynamış şəxslərin formalaşma prosesini qavramaqda faydalı olacaqdır. Bu yazıda da 1846-ci ildə mülkiyyət hüququnun tətbiqi ilə dövlətçiliyin yeni mərhələsinə qədəm qoyan azərbaycanlıların modernizm ilə təcrübəsinə sosioloji çərçivədən nəzər yetiriləcək, tarixi hadisələrin gedişi yenidən rekonstruksiya edilərək təqdim ediləcəkdir. 

 

Modernizm və mülkiyyət 

18-ci əsrin ortalarından etibarən Qərbin standartlarının təzahürü kimi ortaya çıxan modernizmin əsas səciyyəvi cəhətləri arasında davamlı yayılma və cəmiyyətin fərqli qruplarının bu prosesə cəlb olunması ilk sırada dayanır. Modernizmin yeni kültürəl quruluş və ya təşəbbüs kimi qəbul edilməsini təşviq etmək üçün insanları bu prosesin daşıyıcısı, təmsilçisi olduğu fikrinə inandırmaq modernizmin son iki yüz ildə dünyada yayılmasında mühüm rol oynamışdır. İnsan azadlığının davamlı vurğulanması, ənənəvi cəmiyyətlərdən fərqli olaraq şəxsi keyfiyyətlərinin modern cəmiyyət üçün vacibliyi fikri bu dövrün uzun müddət hər kəsin nəzərində “müqəddəsləşdirilməsinə” səbəb oldu. Buna paralel olaraq da müəyyən fərdlərin və ya qrupların irəli sürdüyü modernist proqramların ümumi maraq və məqsədlər üçün dövlətlər tərəfindən nəzərə alınması ilə cəmiyyətdə müəyyən qrupların legitimliyi tanındı. Beləliklə modernizmlə birlikdə cəmiyyətin müəyyən qrupları ilə dövlətin institutları arasında əməkdaşlıq ənənəvi “sosial kontraktdan” daha əsaslı və qalıcı yeni bir mərhələyə keçdi. Yazılı mətnlər, qanunlar, sərəncamlarla təyin olunan bu mərhələ tərəflərin siyasi, iqtisadi, kültürəl arealını təyin etməklə ənənəvi cəmiyyətlər üçün yeni standartları formalaşdırdı. 

Ənənəvi cəmiyyətin bütünlüklə hakim olduğu Rusiya İmperiyasının 18-ci əsrin sonlarında Qərblə rəqabətdə geri qalmasının əsas səbəblərindən biri də ənənəvi qurumların fəaliyyətinin davamlılığı və mərkəzlə periferiya arasındakı rəqabətin zəifliyində görülməkdədir. Sonuncu məsələdə həmin dövrdə davam edən təhkimçiliyin (1861-ci ildə ləğv edilir)  hələ də qüvvədə qaldığı əsas olaraq göstərilsə də, Rusiyada mərkəz vilayətlərdəki elitanın da legitim haqqları ilə kifayətlənərək ictimai məsələlərdə rol oynamaması qeyd edilməlidir. Dinamiklikdən uzaq cəmiyyətə məxsus bir imperiya kimi Rusiya öz varlığını, hegemoniyasını ancaq genişlənərək davam etdirə bilərdi. 19-cu əsrin əvvələrində İran və Osmanlılara qarşı aparılan müharibələrin əsas məqsədlərindən biri də mərkəzdəki elitanın mobilizasiyasını təşkil etmək idi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Arazdan şimalda Azərbaycan torpaqlarının ilhaqını tamamlayan Rusiya imperiyası üçün hər şey ilk başda bitmiş görünsə də, özünün varlığını yeni coğrafiyada qəbul etdirmək gözlənildiyi qədər asan olmadı. Belə ki, yeni coğrafiyada özünün varlığını qəbul etdirmək üçün imperiyanın qarşısında duran ən böyük sınaq onun Qafqazda institutlaşması, qurumlarının funksionallığının təmin edilməsi idi. Sonrakı illərdə baş verən lokal üsyanlar, müxtəlif qrupların etirazları əslində “işğalçı”, “gavur” imperiyadan daha çox, öz institutlarının funksionallığını təmin edə bilməyən və beləliklə də yerli elitanın legitimliyini sual altında qoyan imperiyaya qarşı şüurlu reaksiyasını ehtiva edirdi. 

Yerli etirazların əsas kulminasiyası isə 1840-ci illər torpaq islahatları zamanı baş verdi və bu hadisələrin davamında bəylərin və ağaların hüquqlarının tanınması ilə əlaqədər imperator tərəfindən 1846-cı ilin dekabrın 6-da fərman imzalandı. Fərmana uyğun olaraq bəylərin istifadə etdikləri yaşayış və qeyri-yaşayış torpaqları onların irsi torpağı kimi təsdiq edilir, eyni zamanda 1840-cı ildən sonra onlardan alınmış əmlak geri qaytarılırdı. Həmin fərmanla əsrlər boyu əsas mülkiyyət forması kimi keçərli olan tiyul, yəni şərti torpaq sahibliyi formasında yuxarı təbəqənin nümayəndələrinə verilmiş torpaqlar da bəylərin, ağaların və məliklərin mülkiyyəti kimi tanınırdı. Bundan başqa şəxsi mülkiyyət kimi torpaq öz sinfindən olan başqa birinə satıla və ya bağışlana bilərdi.

Sovet tarixçiliyi bu hadisəni bəylərin və ağaların kəndlilər üzərində zülmünün qanuniləşdirilməsi kimi göstərməyə çalışaraq məsələnin arxa planını gözardı edirdi. Belə ki, Tadeuş Svetoxovskinin də vurğuladığı kimi, 1846-cı il mülkiyyət hüququnun təsdiqlənməsinə qədərki dövrdə ənənəvi imtiyaz sahibi olan bəylər və ağalar əhalini imperiyanın periferiyada buraxdığı boşluqlara qarşı mobilizasiya edə bilmişdi. İstər passiv, istərsə də aktiv etirazlar, sabotajlar nəticəsində Rusiya İmperiyası mülkiyyət hüququnu qəbul etməyə məcbur qalmışdı. Bu hadisə Azərbaycanın son iki yüz illik tarixində xalq ilə elitanın əməkdaşlığının yekun nəticəsi kimi xüsusi əhəmiyyətə malikdir. Çünki digər belə bir əhəmiyyətli hadisə ancaq 2020-ci ildə Vətən müharibəsi dövründə, dövlətlə xalqın birlikdə mübarizəsi prosesində ortaya çıxacaqdı. 

Mülkiyyət və onun hüquqi mexanizminin imperiyaların, dövlətlərin müxtəlif formalaşma mərəhələlərində rolu haqqında bir çox klassik və modern akademik mənbələr mövcuddur. Bu əsərlərin əsas məğzi mülkiyyətin təmin etdiyi resurslar və imkanlara sahib olan müəyyən qrupların dövlətlə rəqabəti və əməkdaşlığının xarakterini təsnif etməkdən ibarətdir. Kristian Lund və digərlərinə görə mülkiyyət hüququnun dövlət tərəfindən qəbul olunması uğrunda aparılan bütün mübarizənin mərkəzində legitimlik axtarışı dayanmışdır. Bir quruluşdan digərinə keçid zamanı da imtiyazlı təbəqənin tək qayəsi mülkiyyətin toxunulmazlığını təmin edərək öz legitimliyini qorumaq olmuşdur. 1846-cı fərmanı ilə birlikdə bəylər və ağalar təkcə mülkiyyətin toxunulmazlığını təmin etmədilər, həm də legitimliklərinin tanınmasına nail oldular. Əvvəlki əsrlərdə torpağın tək sahibliyinin dövlətə məxsus olduğunu nəzərə alsaq Rusiya İmperiyasını bu fərmanı imzalatmağa nail olmaq azərbaycanlıların modernizm ilə ilk uğurlu tanışlığı kimi görülməlidir. Mülkiyyət hüququnun tanınması ilə birlikdə mülk sahiblərinin dövlət ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. İlk olaraq dövlətin təyin etdiyi standartlara uyğun olaraq mülkün təsnifatı, qeydiyyatı, xəritəyə alınması prosesi qeyd edilməlidir. Veberçi terminologiya ilə ifadə etsək bürokratik aparat öz mexanizmini tətbiq etməyə başlayır. Lakin mülk sahiblərinin özləri üçün tamamilə yeni olan modern standartlar qarşısında götürdüyü öhdəliklər də legitimliyin təmin edilməsində vacib rol oynamışdır. Öhdəliklərin yerinə yetirilməsi qarşılığında isə mülk sahibləri imtiyazlı zümrə kimi dövlətin resurslarına çıxış əldə etdilər. Bunların arasında təhsil imkanlarının əldə edilməsi və bu resursdan sistemli şəkildə faydalanmaq üçün atılan addımlar ayrıca incələnməlidir. 

Mülkiyyətin təsdiqlənməsi haqqında fərmandan cəmi üç il sonra, 11 iyun 1849-cı ildə Zaqafqaziyanın gənclərinin xəzinənin hesabına imperiyanın ali və orta ixtisas məktəblərində təhsili və tərbiyəsi haqqında fərman imzalanır. Zaqafqaziyanın imtiyazlı sinfinə mənsub şəxslərinin övladlarının diyardakı dövlət xidmətinin müxtəlif sahələrində fəaliyyət göstərməsi üçün mütəxəssislərin yetişidirilməsini nəzərdə tutan bu fərman təbii ki, imperiyanın rasional maraqlarına xidmət edirdi. Ancaq hadisələrin gedişatı göstərdi ki, mülkiyyətin təmin etdiyi imtiyazlar əsasında ali təhsil almaq imkanı əldə edən azərbaycanlılar növbəti onilliklərdə təhsil məsələsini xalqın dirçəldilməsində əsas prioritetə çevirəcəkdi. İmperiya mərkəzində ali təhsilini tamamladıqdan sonra vətənə dönən azərbaycanlılar dövlətin nəzərindəki yerli məmur vəzifəsi ilə kifayətlənmədilər. Xalqın maariflənməsi üçün anadilli dövlət məktəblərinin vacibliyini başa düşdükləri üçün fəaliyyətlərini bu istiqamətdə yönəltdilər. Aid olduqları sinfin imtiyazlarından faydalanaraq dövlət hesabına təhsil aldıqları üçün bu imkanların digər zümrələrdən olan şagirdlərə də şamil oluması üçün çalışırdılar. Buna görə də, imperiyadakı digər müsəlman xaqlar, xüsusən də Volqaboyu və Krım tatarları ilə müqayisədə azərbaycanlılar təhsil islahatının maliyyə tərəfini dövlətin qarşılaması üçün çalışırdılar. Əsas diqqət çəkən məqam bundan ibarətdir ki, Volqaboyu və Krım tatarları İsmayıl bəy Qasprinskinin rəhbərliyində üsuli-cədid məktəblərinin maliyyələşdirilməsini icmanın öhdəliyi olaraq qəbul etsələr də, 1870-ci illərdən sonra azərbaycanlılar dövlət tərəfindən maliyyələşən anadilli məktəb fikri üzərində ortaq məxrəcə gəlmişdi. Mülkiyyətin təmin etdiyi resurslardan faydalanaraq yetişən azərbaycanlı intelegentsiya anadilli təhsilin əlçatan olması üçün Rusiya imperiyasının çöküşə qədər davamlı olaraq axtarışda oldu. 

Sovet tarixçiliyi mülkiyyət hüququnun təsdiqləyən 1846-cı il fərmanını çar Rusiyasına “xidmət edən” yerli zadəganları qaralamaq üçün istifadə edib, amansız, qəddar mülkədar obrazı yaratmağa səy göstərirdi. Məsələyə sadəcə marksist nəzəriyyədən nəzər yetirsək, təbiidir ki, mülkiyyətin şeytaniləşdirilməsi ilə qarşılaşacağıq. Lakin marksist tarixçiliyin miras buraxdığı diskursu incələmək, sorğulamaq və onu dekonstruksiya etmək lazımdır. Çünki sovet tarixçiliyinin də 19-cu əsrin sonuna doğru Azərbaycanda başlayan oyanışı maarifçilik hərəkatı ilə əlaqələndirmək cəhdləri yarımçıq və ötəri mülahizələrdən ibarətdir. Elə buna görə də mülkiyyət məsələsi ətrafında formalaşan iki fərqli siyasi tendensiya bu gün də lazımi qədər diqqət görmür, müzakirə edilmir. Bunlardan biri Bakıda şəhər Duması, oradakı siyasi rəqabəti formalaşdıran və azərbaycanlıların üstünlüyünü təmin edən mülkiyyət məsələdirsə, digəri də Gəncə mərkəzli Türk Adəmi Mərkəziyyət Firqəsinin mülkiyyətə əsaslanan federalist proqramı və onun davamlılığıdır. 1878-ci ildən yaradılan Bakı şəhər Dumasına keçirilən seçkilərdə tətbiq olunan mülkiyyət sahibliyi şərti azərbaycanlıların 1913-cü il seçkilərinə qədər Dumada üstünlüyünü təmin edən əsas kriteriya oldu. Duma təkcə şəhər məsələləri ilə məşğul olan azərbaycanlıların imtiyazlarından faydalanmaq yeri deyil, həm də siyasi iddialarının formalaşdığı arenaya çevrildi. Rusiya imperiyası azərbaycanlıların Dumadakı üstünlüyünü qırmaq üçün hər seçkidə müxtəlif “yeniliklər” tətbiq etsə də, mülkiyyət üstünlüyü olan azərbaycanlılar Dumada çoxluğu təmin edə bilirdilər. Bunu da qeyd etmək lazımdır ki, 1913-cü il qeydiyyatına görə Bakıdakı mülk sahiblərinin 70 faizi azərbaycanlılar idi. Əsası “Difai” təşkilatının özəyindən ibarət olan və 1906-cı ildə formalaşan “Qeyrət” partiyasnın davamı olan Türk Adəmi Mərkəziyyət Firqəsi isə federativ Rusiyanın gələcək üçün ən məqbul model olduğunu öz proqramında əsaslandırmaqdaydı. Federativ modelin təməlini formalaşdıran mülkiyyət, bu məsələ ətrafında mobilizasiya olan partiya funksionerləri sonradan Müsavat ilə birləşib Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları arasında yer aldılar. Ancaq mülkiyyət məsələsi cümhuriyyət dövründə də Bakı mərkəzli, sosial demokrat keçmişi olan müsavatçılarla Gəncə mərkəzli mülkədar sinfinin nümayəndələri arasında əsas mübahisə mövzusu olmağa davam etdi. Buna görə də aqrar islahatların gecikməsi yerli kommunistlərin cümhuriyyətə qarşı sabotaj və təxribatları törətməsinə şərait yaratdı. 

 

Məhkəmə islahatları 

Mülkiyyət hüququnun tanınmasından sonra Azərbaycan üçün tamamilə yeni olan bir şey Rusiya imperiyasının məhkəmə sisteminin tətbiq edilməsi oldu. Ailə məsələləri xaricində şəriət məhkəmələrinin fəaliyyəti məhdudlaşdırıldı. Ancaq bununla belə, mülki işlərə baxılması prosesində həm ümumi Rusiya qanunları, həm də ənənəvi şəriət normaları tətbiq edilirdi. Bəzi hallarda, Rusiya müki qanunvericiliyində öz əksini tapmayan məsələlərdə şəriət qaydalarına da istinad edilirdi. Təbii ki, bunlar çox istisna hallar idi və Rusiya imperiyasında başlanan məhkəmə islahatları bu cür istisnaları da tədricən aradan qaldırdı. 1864-cü il 20 noyabrında II Aleksandr hazırlığına 1861-ci ildən başlanan məhkəmə islahatları haqqında sənədi imzaladı. Bununla Rusiya imperiyasında yeni dövr başlayır, de-yure də olsa Rusiya Avropanın digər monarxiyaları kimi hüququn aliliyini əsas əlan dövlət modelinə keçmiş oldu. Fərman məhkəmələrin açıq keçirilməsini, mühakimə icraatının aşkarlığını, ağır cinayət işlərinə andlı iclasçıların iştirakı ilə baxılmasını, hakimilərin müstəqilliyi və dəyişməzliyini nəzərdə tutsa da, ən vacib müddəası məhkəmə hakimiyyətinin icra və qanunverici hakimiyyətdən ayrılmasından ibarət idi. 

1856-cı ildə Krım müharibəsindən ağır məğlubiyyətlə ayrılan Rusiyanın həm iqtisadi, həm hərbi, həm də siyasi güc olaraq Avropaya aid olmadığı hər kəs tərəfindən başa düşüldü. İmperiyanın gələcəyinin təxirə salınmaz islahatlardan aslı olduğuna inanan II Aleksandr  artıq daha çox dilə gətirilən hüquq sisteminin yenilənməsi fikrini tərəddüdlə də olsa qəbul etdi. Bu hadisə dövlət strukturlarındakı islahatçılar və intelegensiya arasında yüksək rəğbətlə qarşılandı. İntelligensiya sivil millətlərin əsas üstünlüyünün hüququn aliliyinin cəmiyyətdə bərqərar olmasında görürdü. Başda Konstantin Kavelin olmaqla liberal hegelçilər 1840-1850-ci illərdən bu fikri təbliğ etməyə başlamışdılar. Onlar bu məsələni hər nə qədər ideallaşdırıb, tərənnüm etsələr də, əslində olan isə bu islahatların zərurətdən qaynaqlanması idi. Böyük Pyotrdan bəri yuxarıdan dəyişiklik ənənəsini davamı olaraq II Aleksandrın başlatdığı islahatların Rusiyanı daha irəli götürəcəyi düşünülürdü. Reallıqda isə ortaya fərqli bir mənzərə çıxdı və nəticə gözləntiləri qarşılamadı. Dövrün idealistlərinə görə ölkənin konstitusiyasının təməlini təşkil edəcək islahatlar paketi sadəcə yuxarı zümrəyə mənsub şəhər əhalisinin dünya görüşünə xitab etdiyi üçün geniş kütlələr arasında qarşılıq görmədi. 

İslahatları hazırlayanlar güclü dövlət qurumlarının vacibliyinə inandıqları üçün, oturuşmuş, köklü qurumların hüququn aliliyini təmin edəcəyini düşünürdülər. Odur ki, cəmiyyətdə həmin qurumlarla bağlılığı yaratmağın ən təsirli vasitəsini insanların sistemin fəaliyyətinə cəlb edilməsində görürdülər. Buna görə də andlılar məhkəməsinin tətbiq edilməsi ilə cəmiyyətin bütün təbəqələri daha da proqressivləşəcək, daha dəqiq ifadə etsək sivilləşəcəkdi. Avropanın keçdiyi əmək münasibətlərinin Rusiyada formalaşacağına ümid etmək və bunu gözləmək üçün vaxt yox idi. Təhkimçilikdən azad edilmiş kəndliləri cəmiyyətə inteqrasiya etmək və onların enerjisini sivilləşməyə yönləndirmək istəyi ilk başda çox mütərəqqi fikir kimi səslənsə də, reallıqda hər şey fərqli formaya büründü. Bu fikrin müəlliflərinə görə, andlı məhkəmələr demokratik institutlarla eyni məqsədə xidmət edəcək, ağır təhkimçilikdən xilas olan insanlar məhkəmələrdəki təhsilli insanlardan vətəndaş olmağın vacibliyi öyərənərək, ətrafındakılarla bölüşəcək və insanlar arasında bağlılıq yaranacaqdı. Daha bir neçə il əvvələ qədər həyatı keçmiş ağalarının bir kəliməsindən asılı olan kəndlilər isə indi mülkədarlarla birlikdə məhkəmələrdə andlı iclasçı kimi iştirak etmək haqqı əldə etmişdi. Dövrün ən məşhur hüquqşünası hesab edilən Anatoli Koniyə görə andlı məhkəmələr yuxarı zümrənin kəndlilərin dərdini, ehtiyaclarını daha yaxşı başa düşməsi üçün ən doğru yer idi və bu insanlar kəndlilərin şəxsiyyətinə hörmət etməyi və hüquqlarının vacibliyini ancaq məhkəmə prosesində öyrənə bilərdi. Nəticə etibarı ilə andlı məhkəmələrin ən ali məqsədi kəndliləri vətəndaşa çevirmək idi. 

İlk başda Rusiyanın mərkəzi vilayətlərində tətbiq edilən məhkəmə islahatı Azərbaycanda 22 noyabr 1866-cı il tarixli əsasnamənin qəbul edilməsi ilə şamil olundu. Həmin əsasnaməyə görə məhkəmə islahatının Zaqafqaziya diyarının sənaye və əhalisi ən çox olan hissəsində tətbiq edilməsi nəzərdə tutulmuşdu və bu hüdudlarda bir məhkəmə palatasının, beş dairə məhkəməsinin yaradılması qərara alındı. Məhkəmə palatası Tiflisdə, dairə məhkəmələri isə Bakı, Gəncə, Tiflis, Kutaisi və İrəvanda yerləşəcəkdi. Yeni məhkəmələrin təşkili ilə eyni zamanda köhnə məhkəmə idarələrinin – qəza və quberniya məhkəmələrinin, cinayət və mülki məhkəmə palatalarının ləğvi də zəruri sayılırdı. 1868-ci il fevralın 19-da Azərbaycanın ərazisində Bakı və Gəncə quberniyalarında yeni məhkəmələr açıldı. Bakı istisna olmaqla quberniya şəhərlərində xüsusi barışıq şöbələri fəaliyyət göstərirdi. Barışıq şöbəsinin başında Qafqaz canişini tərəfindən təyin edilən barışıq hakimi dururdu. İbtidai istintaqın keçirilməsinin barışıq məhkəmələrinin üzərinə qoyulması ilə yanaşı, notariusun olmadığı yelərdə notariat hərəkətlərinin aparılması, habelə qəyyumluq funksiyaları da barışıq məhkəmələrinə verilmişdi. Bütün bunlarla yanaşı Azərbaycanda və bütövlükdə Zaqafqaziyada bu diyarın xüsusiyyətləri və əsas olaraq, yerli əhalinin dövlətin inkişaf standartlarından geridə qalması pərdəsi altında 20 noyabr 1864-cü il məhkəmə nizamnamələrinin tətbiqi zamanı bir sıra mühüm istisnalar nəzərdə tutulurdu. Bu istisnalara görə də andlılar məhkəməsi yaradılmadı və cinayət işlərinə dairə məhkəmələrində baxılmağa davam edildi. Məhkəmə müstəntiqləri institutu tətbiq edilmədi və cinayət işləri üzrə ibtidai istintaqın icraatı barışıq hakimlərinə və onlarına köməkçilərinin öhdəliyində qaldı. Ümumiyyətlə isə Rusiyanın mərkəzi vilayətlərində qüvvəyə minən bir çox prosedur Azərbaycanda tətbiq edilmədi, imperiyanın ucqarlarındakı xalqların sivilləşməyəcəyini düşünənlər isə öz islahatlarının hətta rus xalqı tərəfindən qəbul edilməməsindən hələ çox gileylənəcəkdi. 

1864-cü il məhkəmə islahatları haqqında aparılan yeni tədqiqatlar, arxiv materialları islahatların əhalinin ancaq kiçik bir qrupunda təsirinin olduğunu göstərməkdədir. Daha çox şəhərlərdəki təhsilli insanlar tərəfindən şüurlu şəkildə qəbul edilən yeni islahatların, aqrar vilayətlərdə tətbiqinin elə bir təsiri olmadı. Jorq Baberovskinin də göstərdiyi kimi kəndli məclislərinə çevrilən məhkəmələrdəki andlıların 85 faizi yazıb oxuya bilmirdi. Hakim və müstəntiqlərin, vəkillərin dilini, jarqonunu başa düşməyən andlılar sonda öz ənənəvi dünya görüşlərinə görə qərar verirdilər. Təhkimli ənənəsindən irəli gələrək, hakim və müstəntiqin olduğu bir yerdə söz deməyə çəkinir və qorxularını gizlədə bilmirdilər. Digər tərəfdən də ənənəvi cəza metodlarına alışıq olan bu insanlar birdən-birə yeni sivil məhkəmələrin çıxardığı qərarları qavramaqda çətinlik çəkir, onların gözündə məhkəmələrin və dövlətin nüfuzunu daha da aşağı salırdı. Dövlətin nəzərində cinayət olan hər hansı əməl kəndli üçün gündəlik həyatın bir parçası idi və imperiyanın çöküşünə qədər bu məsələlərdə konsensus əldə edilmədi. Bütün çatışmazlıqlarına baxmayaraq məhkəmə islahatları və hüququn aliliyinin təmin olunması üçün atılan bütün addımlar istər imperiyanın mərkəzində, istərsə də ucqar vilayətlərdə qalıcı iz buraxdı. Bütün cəmiyyəti kökündən dəyişdirmək, avropalaşdırmaq yolunda başlanan bu proses onu hazırlayanların nəzərində demokratiyaya keçidin öncüsü olacaqdı. Bu islahatlarda aktiv rol oynayaraq liberal ideyaları yaymaq missiyasını öz üzərinə götürən reformist hüquqşünaslar üçün isə hər şey daha yeni başlayırdı. Sadəcə məhkəmələrdə deyil, eləcə də dövlət qurumlarında, vəkillər kolleqiyalarında şəbəkələşərək mütərəqqi fikirlərin daha təsirli çatdırılmasında vacib rol oynayan hüquqşunaslar fikir istehsalının öncüsünə çevrilərək imperiyadakı digər xalqlara da ilham mənbəyi oldular. 

Qərb tarixçiliyi, sosial elmləri uzun müddət Rusiyadakı məhkəmə islahatlarına hər nə qədər skeptik yanaşsalar da, son tədqiqatlar 1864-cü ildən sonra Rusiyada yeni bir dövrün başladığını göstərməkdədir. Bu dövr liberal fikirlərin yayılması, cəmiyyətin sivilləşməsi təşəbbüsləri ilə yanaşı hüquq elminin aktuallığının artması, Rusiyada hüquqşünaslığın ən prestijli sahə kimi tanınması ilə də qəbul olunmaqdadır. Məsələnin bu tərəfini diqqətlə incələdikdə hüquqşünaslığın bir sahə kimi 1870-ci ildən sonra imperiyanın bütün xalqları arasında xüsusi rəğbət gördüyü də qarşımıza çıxmaqdadır. Bunun ilkin səbəbi olaraq hüquqşünasların dövlətin ən mühim qurumların sürətlə yüksəlməsi, bürokratiya aparatında, Dövlət Şurasında, daxili işlər və maliyyə nazirliklərinin əsas vəziəfələrinə yerləşməsi göstərilməkdədir. Keçmiş müstəntiqlər, prokurorlar dövlət vəzifələrində rahatlıqla yüksəldiyi kimi, müstəqil vəkillər də şəhər dumaları kimi seçkili orqanlarda fəaliyyət göstərməyə başladı. Hüququn həm prestij, həm də fikir istehsalı baxımından orta və yuxarı zümrənin nümayəndələri arasında nüfuzu daha da artdı. Vəkillər kollegiyaları cəmiyyətdə diskriminasiyalara məruz qalan bir çox qruplarının özlərini ifadə etməsi üçün platformaya çevrildi. Elə buna görədir ki, yəhudilərin vəkillər kolleqiyalarından aktivliyindən narahat olan dövlət 1889-ci ildə onlar üçün kvota sistemi gətirdi. Dövlət üçün təhlükəli hesab edilən radikal sol qruplar da ilk başda vəkillər kollegiyalarında şəbəkələşirdilər. 1917-ci inqilabının əsas simaları olan Kerenski və Lenin də ilk sistemli təşkilatlanmaya üzvü olduğu kollegiyalarda başlamışdılar. 

Bu dövrün digər xarakteristik xüsusiyyəti hüququn prestijinin artması ilə birlikdə akademik tədrisinin imperiyadakı digər millətlər arasında geniş yayılması oldu. 1880-ci illər Rusiyanın mərkəz şəhərlərindəki universitetlərdə yenidən tərtib edilən hüquq tədris planı liberal dəyərlərin təbliğini nəzərdə tuturdu. Rusiya imperiyası haqqında aparılan son araşdırmalarda bir daha görürük ki, yenidən tərtib olunan hüquq tədrisi və hüququn prestiji sadəcə xristianlar arasında deyil, eləcə də müsəlmanlar arasında da rəğbətlə qarşılanmışdı. Elə buna görədir ki, 1880-ci illərdən başlayaraq müsəlmanların yuxarı zümrəsindən olan gənclər ali təhsillərini hüquq istiqamətində davam etdirməyə başladılar. Dəyişən şərtlərə görə bu dövrdən etibarən azərbaycanlı gənclər arasında hüquq ixtisası daha populyarlıq qazandı. Əgər 19-cu əsrin ortalarında ali təhsil kimi təbiət elmləri, aqronomluq, tibb, mühəndislik, dilçilik kimi fərqli sahələr rəğbət görürdüsə, 1880-ci illərdən sonra əsas üstünlük birmənalı olaraq hüququn tərəfinə keçdi. Bu da təsadüf deyil ki, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycanda ictimai və siyasi sferada ali təhsilli hüquqşünasların sayı və nüfuzu da üstünlük təşkil edirdi. Mülkiyyət hüququnun təsdiqlənməsindən bəri əldə edilən şəxsi imtiyazları bütün cəmiyyətə tətbiq edilməsində, təhsilin əlçatan olmasında, milli maraqların formalaşmasında hüquqşünaslar çox aktiv rol oynadı. Zaqafqaziya andlılar məhkəməsinin tətbiq edilməməsinə görə məhkəmə islahatlarının ən vacib cəhətlərindən məhrum olan azərbaycanlılar peşəkar hüquq təhsilindən faydalanaraq aradakı fərqi azaltmaq üçün müəyyən təşəbbüslərlə çıxış edirdi. Azərbaycanlıların, Rusiya imperiyasındakı müsəlmanların haqqlarını Dumada müdafiə edən azərbaycanlılar arasında əsas üstünlük təşkil edənlər də elə məhz hüquqşünaslar (Əlimərdan bəy Topçubaşov, Fətli xan Xoyski, İsmayıl xan Ziyadxanov, Xəlil bəy Xasməmmədov, Məmmədyusif Cəfərov) oldu. Tələbəlik illərindən bəri liberal fikirlərlə yaxından tanış olduqları üçün Dumada “konstitusiya əsasları üzərində dayanaraq, torpaqların milliləşdirilməsi, din məsələlərində tam muxtariyyət, bütün imperiya ərazisində özünü idarə edən kiçik vahidlər və vilayət məclislərinin təsis edilməsi ilə yerlərdə geniş muxtar idarəçilik prinsipini” müdafiə edirdilər. Rusiya imperiyasının dağılmasından sonra müstəqil Azərbaycanın qurucuları arasında da hüquqşünaslar üstünlük təşkil edirdi və onlar dövlətçiliyin formalaşmasının əsas memarları oldular. 

 

Yekun 

Beləliklə Rusiya imperiyası tərkibində özünə məxsus “modus vivendi” formalaşdıran azərbaycanlılar imperiyada baş verən dəyişikliklərin təsiri altında modernizm ilə tanış oldular. Bu tanışlıq prosesində imperiya siyasətinin birbaşa və ya dolayı təsiri olsa belə elita yeni şərtlərə uyğunlaşmaqda gecikmədi, əksinə öz standartlarını da formalaşdıra bildi. Bu yazıda da modernizmlə tanışılığın əsas elementi kimi yeni hüquq anlayışı və onun daha spesifik forması kimi mülkiyyət hüququnun əhəmiyyəti nəzərdən keçirildi. Azərbaycan dövlətçiliyin meydana çıxmasında mülkiyyət hüququnun tarixi bir fenomen kimi aktuallığı sosioloji perspektivdən ələ alınaraq cəmiyyətin formalaşmasındakı təsiri müzakirə edildi. Buna paralel olaraq azərbaycanlılar üçün tamamilə yenilik olan sivil məhkəmələr, 1864-cü il məhkəmə islahatlarının Rusiya imperiyasının digər xalqları ilə bərabər azərbaycanlılar üzərindəki təsirinin əsas müddəaları vurğulandı. Yazıda təqdim edilmək istənilən əsas fikir Azərbaycanın son iki yüz illik tarixinə fərqli baxışın zəruriliyi və bunun mümkünlüyüdür. Bu dövr ərzində üç fərqli quruluş və idarəetmə forması ilə tanış olan cəmiyyətin sürətlə dəyişən dinamikası da nəzərdə saxlanılmalıdır. İmperiyanın periferiyasında gözdən-qulaqdan uzaq yaşamaq, heç nəyə qarışmadan “müsəlmançılıqları” ilə günlərini keçirmək əvəzinə millətin tərəqqisini şəxsi məsələsi edən bir ovuc insan sovet tarixçiliyinin təbliğ etməyə çalışdığı kimi sadəcə maarifçiliyin məhsulu ola bilməzdilər. Bu məsələni sorğulamaq, beyin yormaq əvəzinə sovet tarixçiliyin təyin etdiyi qəliblərə ilişib qalmaq hal-hazırda qarşımızda duran ən böyük sınaqdır. Sovet tarixçiliyinin qəliblərini qırmadan, və ya onun diskursunu dekonstruksiya etmədən bunun mümkün olmayacağı bilinən bir gerçəklikdir. Onu da qeyd etmək lazımdır ki, Qərb tarixçiliyi və sosial elmlərində də bu məsələlərə münasibətdə sovet təsiri hələ də davam etməkdədir. 

Qeyd edilməsi vacib olan digər problemli məsələ metodoloji boşluq və buna lazimi diqqətin göstərilməməsidir. Bu yazıda fenomenoloji metoda müəyyən dərəcə istinad edərək Rusiya imperiyası zamanı azərbaycanlıların birbaşa yaşadığı iki vacib hadisənin ardıcıllığını, arasındakı bağları nəzərdən keçirdik. Təbii ki, burada təqdim edilən fikirlər yekun mahiyyət daşımır, əksinə yeni müzakirələrin başlanğıcı üçün istinad zəmini hazırlayır. Qarşıda duran əsas məqsəd isə Azərbaycanın modernizm və bunun davamı kimi dövlətçilik ənənəsinin nəzəri bazasını formalaşdırmaqdır. Azərbaycanın modern dövlət kimi formalaşmasını aid olduğu regionun şərtlərindən, keçdiyi son iki yüz illik inkişaf yolundan ayrı ələ almaq bu günə qədər bir çox sualların cavabsız qalmasına səbəb olub. Düzgün cavabları tapa bilmək üçün isə sualları düzgün metodologiya ilə sorğulayaraq başlamaq lazımdır. Buna nail olduğumuz halda həm qlobal akademik standartlara uyğun yeni diskurs yarada biləcəyik, həm də bu günə qədər haqqımızda yazılanları düzgün analiz edib həmin fikirləri təkmilləşdirə biləcəyik. Elə buna görədir ki, Arazdan şimaldakı azərbaycanlıların müstəqil dövlət qurmasının əsas hərəkətverici qüvvəsi kimi 19-cu əsrin ortalarından başlayan modernizmlə tanışlıq prosesi, mülkiyyət hüququ və sivil məhkəmə fikrinin tətbiqi ətrafında formalaşdığı qənaətindəyəm. Amma bu fikrin daha da təkmilləşməsi, müxtəlif disiplinlərdən olan tədqiqatçılar tərəfindən dəyərləndirilməsi, şərh ediliməsi mütləqdir. Qarşıdan gələn illərdə Azərbaycan dövlətçiliyinin düzgün yazılması da ancaq qlobal akademik metodoloji standartlara əsasən mümkün olacaqdır. 

 

Mənbələr:

  1. Alexander Morrison (2012) “Metropole, Colony, and Imperial Citizenship in the Russian Empire”. Kritika: Explorations in Russian and Eurasian History, Volume 13, Number 2
  2. Audrey Altstadt (1986) “Azerbaijani Turks’ Response to Russian Conquest”. Studies in Comparative Communism, Volume 19, Issues 3-4
  3. Audrey Altstadt (1986) “The Baku city Duma – Arena for Elite Conflict”. Central Asian Survey, Volume 5, Issues 3-4, 49-66
  4. Björn Wittrock (1998) “Early Modernities: Varieties and Transitions”. Daedalus, Volume 127, No.3
  5. Christian LunD (2016) “Rule and Rupture: State Formation through the Production of Property and Citizenship”. Development and Change 47(6): 1199-1228
  6. Ekaterina Pravilova (2006) “Les Res Publicae Russes. Discours sur la Propriété Publique à la fin de l’Empire”. Annales: Histoire, Sciences Sociales. No 3. Pages 579-609
  7. Ekaterina Pravilova (2011) “The Property of Empire: Islamic Law and Russian Agrarian Policy in Transcaucasia and Turkestan”. Kritika: Explorations in Russian and Eurasian History, Volume 12, Number 2
  8. Elena I. Campell (2015) The Muslim Question and Russian Imperial Governance. Indiana University Press. Bloomington and Indianapolis
  9. Johann P. Arnason (1993) The Future that failed. Origins and destinies of the Soviet Model. Routledge. London and New York
  10. Jorg Baberowski (2006) “Law, the Judicial System and The Legal Profession”. The Cambridge History of Russia: Imperial Russia, 1689-1917. Volume II, 344-368
  11. Richard Wortman (2005) “Russian Monarchy and the Rule of Law: New Considerations of the court Reform of 1864”. Kritika: Explorations in Russian and Eurasian History, Volume 6, Number 1
  12. Shumel N. Eisenstadt (1965) “Transformation of Social, Political and Cultural Orders in Modernization”. American Sociology Review, Volume 30, No. 5
  13. Shumel N. Eisenstadt (2001) “The Civilizational dimension of Modernity: Modernity as Distinct Civilization”. International Sociology, Volume 16, Issue 3
  14. Tadeusz Swietochowski (1985) Russian Azerbaijan, 1905-1920. The Shaping of National Identity in a Muslim Community. Cambridge University Press. Cambridge
  15. Tural Abdullazadə (2021) “Rusiyanın Azərbaycanda mövcudluğu. Dvoryane, tovarişi, oliqarxi”. Topchubashov Center. Onlayn: https://top-center.org/az/tehlil/3126/rusiyanin-azerbaycanda-movcudlugu-dvoryane-tovarisi-oliqarxi
  16. Xəyyam İsmayılov (2006) Azərbaycanın dövlət və hüquq tarixi, “Nurlan” nəşriyyatı, Bakı