Topçubaşov Mərkəzi Macarıstanda beynəlxalq konfrans təşkil edib

Topçubaşov Mərkəzi Macarıstanda beynəlxalq konfrans təşkil edib

12 dekabr 2025-ci il tarixində Topçubaşov Mərkəzi Budapeştdə Ludovika Dövlət Xidməti Universitetinin (NKE) Con Lukaç adına Strategiya və Siyasət İnstitutu (JLI) ilə birgə “Yaxın Şərqdə münaqişə və birgə yaşayış: Müasir dinamikalar” adlı beynəlxalq konfransın həmtəşkilatçısı olub.

Macar şərqşünas Cyula Germanusun “Şərq coğrafiya deyil, düşüncə tərzidir” fikrini sitat gətirən Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov açılış nitqində Yaxın Şərqdə cərəyan edən proseslərlə bağlı müzakirələrin əhəmiyyətini vurğulamışdır. O, həmçinin konfrans üçün məkan kimi Budapeştin seçilməsini bu şəhərdəki intellektual mübadilə mühiti ilə əlaqələndirib.

Con Lukaç İnstitutunun tədqiqatçısı Zoltan Egereşi qeyd edib ki, bu konfrans təmsil etdiyi qurum ilə Topçubaşov Mərkəzi arasında əməkdaşlığın ilk konkret nəticəsidir. O, gələcək perspektivlərdən danışaraq, iki tərəf arasında tərəfdaşlıq üçün əsas ola biləcək yeni ortaq maraq sahələrinin müəyyənləşdirilməsini hədəflədiklərini və Yaxın Şərqin bu baxımdan əsas istiqamətlərdən biri olduğunu bildirib.

“Yaxın Şərqdə münaqişə dinamikaları və geosiyasi rəqabətlər” adlı birinci panel müzakirəsi Zoltan Egeresinin moderatorluğu ilə keçirilib. Paneldə Rusif Hüseynov, Budapeşt Korvinus Universitetinin Müasir Asiya Araşdırmaları Mərkəzinin rəhbəri Laslo Çiçman (László Csicsmann) və Lüdovika Universitetinin Dövlət İdarəçiliyi və Beynəlxalq Tədqiqatlar Fakültəsinin Beynəlxalq Münasibətlər və Diplomatiya kafedrasının professoru Erjebet N. Roja (Erzsébet N. Rózsa) iştirak ediblər. Panel iştirakçıları Ərəb Baharından sonra regionda baş verən daxili təlatümləri, mövcud geosiyasi prosesləri, eləcə də regional və xarici aktorların rolunu müzakirə ediblər.

İkinci panel müzakirəsi Dunay İnstitutunun tədqiqatının İbrahim Məmmədovun moderatorluğu ilə “Etniklərarası Münasibətlər və Kimlik Siyasəti” mövzusuna həsr olunub. Paneldə Zoltan Egeresi ilə yanaşı, Kanadada fəaliyyət göstərən IPEK Mərkəzinin icraçı direktoru Türkan Bozqurd və Miqrasiya Araşdırmaları İnstitutunun tədqiqat direktoru Omar Sayfo çıxış ediblər. Məruzəçilər Yaxın Şərqdə mürəkkəb etnik mozaikanı, o cümlədən İranda yaşayan azərbaycanlıların vəziyyətini və Güney Azərbaycan konsepsiyasını, təhlil ediblər.

Konfrans Rusif Hüseynovun yekun nitqi ilə başa çatıb. O, əsas müzakirələri ümumiləşdirərək, Yaxın Şərq məsələləri üzrə dialoqun və elmi əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.