Bosniyada Qarabağa dair kitab nəşr olunub

Bosniyada Qarabağa dair kitab nəşr olunub

Avqustun 26-da Bosniya və Herseqovinanın Visoko şəhərində “Dağlıq Qarabağda hərb və sülh” (“Rat i Mir u Nagorno Karabahu”) kitabının təqdimat mərasimi keçirilib.

Ən məşhur bosniyalı jurnalistlərdən biri olan Adis Delikoviçin (Adis Deljković) qələmə aldığı kitab Topçubaşov Mərkəzi və onun direktoru Rusif Hüseynovun töhfəsi ilə hazırlanıb. Burada müəllifin Azərbaycana, xüsusilə kütləvi dağıntıları, kabus şəhərləri, minalanmış sahələri, eləcə də müharibədən sonrakı yenidənqurma işlərini müşahidə etdiyi Qarabağa səfərləri ilə bağlı şəxsi xatirələri əks olunub. Bundan başqa, Qarabağ münaqişəsinin tarixi və cari proseslər oxuculara izah edilib. Bəzi hallarda Delikoviç uşaq ikən şahidi olduğu Bosniya müharibəsi ilə paralellər aparır. Kitabda Azərbaycanın tarixi, mədəniyyəti, şəhərləri və görməli yerləri ilə bağlı maraqlı məlumatlara da yer verilib.

“Dağlıq Qarabağda hərb və sülh” (Rat i Mir u Nagorno Karabahu) kitabının rəyçiləri isə 2000-2010-cu illərdə Xorvatiyanın prezidenti olmuş Styepan Mesiç, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın baş naziri olmuş Zlatko Laqumciya və BMT-də çalışan jurnalist Erol Avdoviçdir.

Avqustun ortalarında nəşr olunmuş kitab avqustun 26-da Delikoviçin doğma şəhəri Visokoda ilk oxucuları ilə görüşüb. Şəhər bələdiyyəsinin dəstəyi ilə təşkil olunmuş təqdimat mərasiminə yerli sakinlər, xarici diplomatlar, Bosniyanın ictimai xadimləri və media nümayəndələri də daxil olmaqla 400-ə yaxın qonaq qatılıb. Tədbirdə Rusif Hüseynov da iştirak edərək nitq söyləyib.

Müzakirə iştirakçıları kitab, Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın itkiləri və qələbəsi haqqında məlumat verib, həmçinin Delikoviçin 2021-ci ildə Qarabağla bağlı çəkdiyi sənədli filmi təqdim ediblər.

 

Tədbir və kitab Bosniya mətbuatında geniş işıqlandırılıb.