Amerikada mövcud isteblişmentə qarşı resentiment

Amerikada mövcud isteblişmentə qarşı resentiment

Amerikada baş verənlər Fridrix Nitsşenin (Friedrich Nietzsche) “əxlaqda qul üsyanı” və ya “resentiment” adlandırdığı nəsnənin məhsuludur. Özünün “Qəzəb erası: indinin tarixi” (Age of Anger: A History of the Present) kitabında Pankac Mişra (Pankaj Mishra) “resentiment” terminini “paxıllıq, alçalma hissi və zəifliyin qarışığından qaynaqlanan və digər insanlarının varlığına qarşı olan narazılıq” kimi ifadə etmişdir. Resentiment bəzi elementləri tarix boyu izlənilə bilən güclü bir duyğudur (sentimentdir). Plebey filosof, Sparta totalitarizminin dəstəkçisi Sokrat da vaxtilə Afina zadəganlarına qarşı əxlaqda qul üsyanını təhrik edərkən resentiment tərəfindən idarə olunurdu. Alman romantiklərin fransız maarifçiliyinə qarşı kəskin nifrəti Əks-maarifçiliyə və nasional-sosializmin yüksəlişinə səbəb olarkən də proses resentiment tərəfindən idarə olunurdu. Hər hansı bir siyasi hərəkatın özünü göstərməsi üçün onun mesajlarına cəmiyyətdə tələb olmalıdır. Bəzi amerikalılar arasında öz ölkələrində üstünlük təşkil edən dəyərlərə yad olmaları, bölüşmədikləri mədəni dəyişiklik axınlarının gerisində qaldıqları fikri artmaqdadır. Bu mədəni dəyişiklikləri, qurulmuş həyat tərzlərinə təhdid  olaraq görürlər. Beləliklə, onlar isteblişmentə (quruluşa) qarşı qəzəblə üsyana qalxırlar.

Tədqiqatlar göstərir ki, özünü cəmiyyətdən daha çox xaric edilmiş kimi hiss edənlər daha çox şübhəli və konspirasiya düşüncəsinə meylli olurlar. “QAnon”un uğurunu da izah edən məhz budur. Sosial cəhətdən xaric edilmiş və ya  özünü bu cür hiss edən insanlar, konspirasiya inamları ilə daha çox assosiasiya olunur. Nəticə etibarı ilə Tramp strategiyasının əsas elementi siyasi cəhətdən məyus olan və “modernləşmənin məğlubları” kimi tərif edilə bilən seçiciləri hədəf almaqdır. “Modernləşmə məğlubları” status itkisi ilə təhdid olunur və özlərini mədəni cəhətdən təcrid olunmuş hiss edirlər; Sürix Universitetindən Hans-Georq Betsin də qeyd etdiyi kimi “ənənəvi olaraq kollektiv kimlikləri yaradan və davam etdirən alt-mədəniyyətlər, mühitlər və qurumlar getdikcə aşınır və məhv edilir”. Mədəni təcrid hisləri və təhlükəsizlik axtarışı bu qrupları Trampın populizminə tərəf yönəldir. Ted Qurr “İnsanlar niyə üsyan edir” (Why Men Rebel) adlı əsərində özünün nisbi məhrumiyyət nəzəriyyəsini bir qədər də genişləndirmişdir; bu nəzəriyyə insanların siyasi sistemin özlərinin həyat gözləntilərini qarşılaya bilməməsindən getdikcə məyus olması ilə yaranan psixoloji vəziyyəti ifadə edir. Postindustrial cəmiyyətlərdə baş verən köklü dəyişikliklərə uyğunlaşa bilməyən və ictimai təzyiqlərin öhdəsindən gəlməkdə çətinlik çəkən fərdləri kənar ideologiyalar cəzb edir. Onları hərəkətə gətirən isə “qlobalist isteblişment”ə qarşı resentiment və “ölkələrini geri qazanmaq” istəkləridir. Trampın tətbiq etdiyi aqressiv təbliğat üsulu və konspirativ siyasi ritorika məhz bu cür insanların qəlbini fəth etməyə yönəlib.