Topçubaşov-Çxeidze Forumu işə başlayacaq
Topçubaşov Mərkəzi (Azərbaycan) və “Geocase” araşdırma mərkəzi (Gürcüstan) Azərbaycan və Gürcüstan ekspertlərinin iştirakı ilə işçi qrupa start verir: qrup və onun fəaliyyəti bir əsr əvvəl Versal sülh konfransında öz ölkələrinin nümayəndə heyətlərinə rəhbərlik etmiş qabaqcıl diplomatların şərəfinə Topçubaşov-Çxeidze forumu adlanacaq.
Forum qarşılıqlı anlaşmanın təkmilləşdirilməsi, regionla bağlı ən aktual və strateji məsələlərin müzakirəsi üçün müvafiq platformanın yaradılması, habelə dayanıqlı əməkdaşlıq və sülh fəaliyyəti naminə Azərbaycan və Gürcüstanın aparıcı alimləri və siyasi ekspertləri arasında strateji ünsiyyəti gücləndirmək məqsədi daşıyır. Belə bir platforma ekspert icmalarının bir-birlərinin narrativləri və qayğılarını başa düşmək, bu məsələləri öz ölkələrindəki siyasi elitaya, mediaya və geniş ictimaiyyətə ötürmək baxımından faydalı olacaq.
Daha sərbəst, rahat və çevik məlumat axını və mübadiləsinə imkan yaratmaq məqsədilə müzakirələrin Çethəm Haus qaydaları altında qapalı sessiyalar şəklində aparılması təklif edilir.
Tərəflər həmçinin ehtiyac əsasında öz müvafiq dövlət qurumlarına və qərarverici şəxslərə, həmçinin yerli mətbu orqanlara və cəmiyyətə də müəyyən ismarışlar ötürmək barəsində razılığa gəliblər.
Topçubaşov Mərkəzi (Azərbaycan) və “Geocase” araşdırma mərkəzi (Gürcüstan) müzakirələr silsiləsinin koordinatorları kimi çıxış edəcək, təşkilati məsələlər – müzakirələrin formatı, iştirakçıları, tədbir sonrası hesabatların hazırlanmasını həyata keçirəcəklər.