Münasibətlərin normallaşmasına və sərhədlərin açılmasına Ermənistandan baxış
İkinci Qarabağ müharibəsindən sonra yeni şərtlər altında Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə sərhədlərinin açılması və tərəflər arasında münasibətlərin normallaşması gündəmə gəldi. Bir neçə ay ərzində Ermənistandakı post-müharibə sindromu, daxili qeyri-sabitlik, rejimin laxlanmış hakimiyyəti bu məsələlərin irəliləməsinə mane oldu. Lakin Nikol Paşinyanın yayda növbədənkənar seçkilərdə qələbə qazanması və siyasi dayaqlarını daha da möhkəmləndirməsindən sonra Ermənistanın Azərbaycan və daha çox Türkiyə ilə əlaqələrin normallaşdırılması məsələsi yenidən aktiv formada təşviq olunmağa başladı. Bu məsələlərin Azərbaycan və Türkiyədə də müzakirəsi baş verir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın son ismarışlarından biri də Ermənistanla münasibətlərin qaydaya salınması ilə bağlı idi. Azərbaycan isə Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, qarşılıqlı ərazi bütövlüyünün tanınması, eyni zamanda Zəngəzur dəhlizi vasitəsilə ikitərəfli münasibətləri normaya salmağı ümid edir.
Qeyd etmək lazımdır ki, Ermənistanda hər iki qonşu ilə münasibətlərin normallaşması və sərhədlərin açılması məsələsinə yanaşma birmənalı deyil. Bir tərəfdən dənizə çıxışı olmayan Ermənistan üç onillik ərzində qərb və şərq sərhədlərinin bağlı olmasından əziyyət çəkir. Odur ki, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması və ticarət əlaqələrinin inkişaf etməsi Ermənistan iqtisadiyyatı üçün yeni bir nəfəs ola bilər. Bu kimi müsbət effektlərlə yanaşı erməni eskpertlərinin müzakirələrində və sosial şəbəkələrdə belə gedişin Ermənistan üçün heç də uğurlu ssenari olmayacağı ilə bağlı fikirlər də yayılır. Şərti olaraq, Acarizasiya (Gürcüstanın Acarıstan bölgəsinə istinad olaraq) prosesi kimi xarakterizə edilən bu düşüncəyə görə, Ermənistanla sərhədlərin açılacağı təqdirdə yerli iqtisadiyyat Azərbaycan və türk kapitalının dominantlığına məruz qalacaq.
2000-ci illərin ortalarından, Gürcüstanda islahatçı Mixail Saakaşvili dövründən başlayaraq Azərbaycan və türk iş adamlarının, şirkətlərinin Acarıstanda, xüsusilə Batumi şəhərindəki fəaliyyəti Ermənistanda neqativ çalarlarla, az qala həmin bölgənin Azərbaycan-türk kapitalı tərəfindən işğalı kimi təqdim olunur və sonuncunun da təxmini bu cür ssenari ilə üz-üzə qala biləcəyi güman edilir. Belə olacağı halda Azərbaycan və Türkiyənin Ermənistanın daxilində iqtisadi dominantlığı ələ keçirməsinin sonuncunun nəinki iqtisadi, hətta siyasi suverenliyini itirə biləcəyi kabus kimi təqdim olunur.
Nəticə olaraq, sərhədlərin açılması məsələsi Ermənistanın daxilində böyük bir dilemma yaradır: status-kvonun davam etməsi ölkə iqtisadiyyatı üçün nə qədər çətin olsa da, fərqli addımın atılması da ciddi siyasi iradə tələb edir və güman ki, müəyyən siyasi qüvvələrin müqavimətinə səbəb olacaq.