Əfqan sülh müzakirələri: Əfqanıstanda ikinci Taliban dövrü?
Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Əfqanıstan sülh danışıqları davam edir. İlk dəfədir ki, danışıqlar birbaşa əfqan hökuməti və Taliban arasında aparılır. Danışıqlarda ABŞ-ın 2021-ci ilin may ayınadək Əfqanıstandakı bütün hərbçilərini geri çəkməsindən sonra Yeni Əfqanıstanın quruluşu və strukturu müzakirə olunur. Əfqanıstandan ABŞ əsgərlərinin çıxarılması Prezident Donald Trampın 2016-cı ildəki seçki vədlərindən biri idi və Tramp Administrasiyası noyabrdakı prezident seçkiləri ərəfəsində əfqan prosesinin diqqət mərkəzində qalmasına çalışır.
Əfqan hökuməti-Taliban sülh müzakirələrində çox ciddi fikir ayrılıqları var. Birincisi, Taliban yeni hüquqi quruluşun İslam şəriətinə uyğun olmasını, əfqan hökuməti isə mövcud sisteminin davam etməsini tələb edir. Digər tərəfdən, ehtimal olunan yeni keçid hökumətinin də strukturunun necə olacağı əsas müzakirə mövzularından biridir. Hazırda, Taliban siyasi-hərbi cəhətdən daha üstün tərəfdir və bu üstünlüyə uyğun olaraq, Talibanın daha qazanclı çıxacağını təxmin etmək olar. Çünki digər halda Talibanın əfqan müharibəsinə davam etmək variantı var. ABŞ tərəfi öz tarixinin ən uzun müharibəsinin davam etməsində heç bir halda maraqlı deyil. Talibanın bu üstünlükdən müzakirələrdə maksimum istifadə edəcəyi ehtimal edilir. Belə görünür ki, Əfqanıstanda yeni Taliban dövrü çox da uzaqda deyil.
Bir çoxları Talibanın 1996-2001-ci il hakimiyyəti dövründəki səhvlərindən nəticə çıxarmasına və eyni səhvlərin yenidən təkrar edilməyəcəyinə ümid edir. Xüsusilə, dini-etnik azlıqlara qarşı repressiv münasibətin dəyişməsi və qadın haqlarının inkişaf etdirilməsi kimi məsələlər ən çox narahatlıq yaradan məsələlərdir. Bundan əlavə, Talibanın daha dövlətçi strukturu mənimsəməsi və silahlı qrupların Əfqanıstanda şəbəkələşməsinə imkan verməməsi gözlənilir. Bu kimi məsələlərin həllini tapması Talibanın ehtimal olunan ikinci hakimiyyəti dövründə beynəlxalq siyasi sistemə inteqrasiyasına və digər dövlətlərlə əlaqələrinin inkişaf etməsinə birbaşa təsir göstərə bilər.