Koronavirus və qlobal dəyişikliklər: Qloballaşma və inteqrasiya proseslərinin xarakterinin dəyişməsi
Koronavirus pandemiyası və ölkələrin virusun yayılmasına qarşı reaksiyaları dünyanı elə bir nöqtəyə gətirdi ki, artıq keçmiş dünyaya geri dönüş mümkün deyil. Böhranın ortasında olmağımız bəzi mövzular şişirtsə də, hökumətlərin müdaxiləsinin miqyası baş verən bəzi dəyişikliklərin geridönülməz olacağını göstərir. Uzunmüddətli təsirlərə malik bəzi tendensiyalara nəzər yetirərək onları dəyərləndirək.
Xeyr, qloballaşma prosesi sona çatmamışdır; iqtisadiyyatlar onsuz da böyük zərər çəkir və hər halda, qloballaşmadan əvvəlki dünya heç də pandemiyalardan sığortalanmamışdı: taun xəstəliyi Çindən Avropaya səyahətin aylarla çəkdiyi vaxtda belə dünyada yayılmışdı. Digər tərəfdən, beynəlxalq münasibətlərdə realizmə doğru müəyyən keçid qaçılmazdır. Avropa Birliyinin tam olaraq dağılması real görünməsə də, pandemiya Avropanın “köhnə” nüvəsi ilə Birliyin yeni, əsasən Şərqi Avropadan olan üzvləri arasındakı dərin fərqi bir daha vurğulamışdır. Həm böhrana cavab strategiyaları ilə, həm Avropa miqyasında nümayiş etdirdiyi həmrəyliyi ilə bu iki qrup bir-birindən xeyli fərqli olduğunu göstərmiş. Bu da Qərbi Avropa ölkələrini gələcəkdə öz arasındakı əməkdaşlığa üstünlük verərək Şərqi Avropadan bir qədər məsafə saxlamağa vadar edə və 1990-cı illərdə mühafizəkar siyasi qüvvələr tərəfindən təklif olunan “çoxpilləli” Avropa ideyasına yeni nəfəs verə bilər. Bu həmçinin AB-nin daha effektiv və ambisiyalı xarici siyasət yürütməsinə səbəb ola bilər.