Xocavənd əməliyyatı (Maçkalaşen-Sos-Qırmızı Bazar cəbhəsi)

Maçkalaşen - Sos cəbhəsi
Azərbaycan Ordusunun Üçüncü Qarabağ müharibəsində əsas hücum istiqamətlərindən biri Maçkalaşen – Sos cəbhəsi idi (Süleymanov & Ələkbərova, 2024:59). Bu kənd, birinci və İkinci Qarabağ müharibələri zamanı da Azərbaycan Ordusunun hücum obyekti olsa da, nəzarətə alına bilməmiş azsaylı yaşayış məntəqələrindən biri kimi qalmışdı. 44 günlük müharibədə Azərbaycan bölmələri Maçkalaşenə daxil olsalar belə, mövqelərini möhkəmləndirə bilməmişdilər.
Azərbaycan Ordusunun mövqeləri Füzulinin Qacar kəndi yaxınlığındakı Xazaz dağı və ətrafında yerləşirdi.(1) Maçkalaşenin coğrafi şəraiti müdafiə tərəfinin regionda fəaliyyətini asanlaşdırırdı.
Erməni tərəfi bu əraziyə mənəvi və dini baxımdan xüsusi əhəmiyyət verirdi. IV əsrə aid Amaras monastırı bu vadidə yerləşirdi. Buna görə də ərazinin nəzarətə götürülməsi üçün Azərbaycan Ordusunun hava üstünlüyünü təmin etməsi, eləcə də artilleriya vasitələrindən dəqiq zərbələr endirməsi vacib idi. Həmin ərazi Müdafiə Ordusunun Martuni müdafiə sahəsinin 3-cü briqadası tərəfindən qorunurdu. Əsas müdafiə xətti ermənilərin Lusavoriç dağı və Ay zirvəsi adlandırdıqları 967 yüksəkliyi üzərində qurulmuşdu.
Amaras monastırı
324 saylı post uğrunda döyüş
Hərbi əməliyyatların ilk saatlarında Azərbaycan Ordusunun əsas hədəfi 621 metr yüksəkliyində yerləşən 324 saylı post oldu. Bu post Amaras monastırından təxminən bir kilometr aralıda yerləşirdi. Maçkalaşenin cənubundakı bu strateji nöqtəni ələ keçirmək ümumi əməliyyatın uğuru üçün çox vacib idi. Buna görə də, əməliyyatlar başlayandan qısa müddət sonra postdakı erməni qüvvələri ciddi müqavimət göstərə bilmədi. Gözlənilməz hücumdan istifadə edən Azərbaycan bölmələri postdakı müqaviməti tez bir zamanda qıra bildi.
Döyüş zamanı postda üç erməni hərbçi var idi. Hücum zamanı onlardan biri, Karen Balayan, özünü qumbara ilə partlatdı. Birinci tağım komandirinin müavini Suren Hovsepyanın sözlərinə görə, digər həlak olan əsgər Roma ləqəbli Artur Kirakosyan idi. Postdakı üçüncü əsgər Tatul Xaçatryan isə uzun müddət itkin hesab olundu, lakin sonra ağır yaralı tapıldı. Tatul Xaçatryan həmin anı belə xatırlayır: “Azərbaycanlılar ilə postda əlbəyaxa döyüş baş vermişdi. Döyüş zamanı düşmənin atdığı qumbaranın qəlpələri məni qolumdan, ayağımdan və kürəyimdən yaraladı. Belə ağır vəziyyətdə 14 gün ərzində on kilometr məsafə qət edərək sülhməramlılara çata bildim. Ruslar mənə ilkin yardım göstərib əməliyyat etdilər. Razılaşma nəticəsində Azərbaycana məxsus təcili tibbi yardım məni Həkəri körpüsünə apardı və Ermənistana qayıda bildim.”
Həmin hücumda yaralananlardan biri də Karen Tamazyan idi. O da Tatul Xaçatryan kimi qumbaraatan qəlpələri nəticəsində yaralanmışdı. Batalyon komandiri Artur Hakobyan xatırlayır: “Azərbaycanlılar 324 saylı postu tutsalar da, ordakı erməni əsgərlərinin müqaviməti ilə arxa cəbhədə vaxt qazandıq. Yenidən toplaşdıq və azərbaycanlıları ikinci səngərdə qarşılayıb dayandıra bildik”.
324 saylı post saat 14:30-15:00 radələrində Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bununla da, Azərbaycan əsgərləri yaxınlıqdakı Amaras monastırına daxil oldular.(2)
Azərbaycan Ordusunun tez bir zamanda postu alması cəbhə xəttindən 1-2 km aralıda yerləşən Maçkalaşen əhalisində panika yaratdı. Kənd icmasının rəhbəri Lernik Avanesyan xatırlayır: “324-cü post tutulanda düşünürdük ki, azərbaycanlılar kəndə girə bilər. Onlar artıq tut bağlarına qədər enmişdilər”. Bu səbəbdən kənd əhalisi təcili evakuasiya olundu. Evakuasiya zamanı 1 mülki sakin həyatını itirdi: Qarnik Qabrielyanın evinə “Qrad” mərmisi düşmüşdü. Kənd sakinləri əvvəlcə Sosa, daha sonra Arpadüzü, Qarazəmi və Kişə getdilər.
324-cü postun tutulması ilə sağ cinah açıq qaldı. 1-ci bölüyün komandiri Sos Qukasyan 324-cü posta nəzarət edən taqım komandiri Artyom ilə əlaqə saxlaya bilmədi. Artıq postun Azərbaycan Ordusu tərəfindən ələ keçirildiyi bəlli idi. Bu vəziyyətdə komanda məntəqəsində birinci bölük postu geri almaq üçün hazırlıq görürdü. 1-ci bölüyün tibb təlimatçısı Arus Vardanyan bölük komandiri Sos Qukasyan ilə son danışığını belə xatırlayır:
- Səngərdə qal, burdan çıxma. Hər şey yaxşıdır, gedim görüm Tyomaya nə olub, qayıdacağam.
- Tez qayıdacaqsan?
- Hə, 20 dəqiqəyə qayıdıram.
324-cü postu geri almaq üçün birinci tağım 3-cü bölük və kəşfiyyatla birlikdə hücuma keçsə də, artıq ikinci səngərdə ağır itkilər verərək geri çəkilməli oldular. Hücumdan qısa müddət sonra rabitədə Sos Qukasyanın ağır yaralandığı və təxliyə olunduğu xəbəri yayıldı. O, xəstəxanaya çatmamış həyatını itirdi.
323 saylı posta və 1-ci bölüyün qərargahına hücum
Azərbaycan Ordusunun bu istiqamətində əsas hücum istiqaməti isə Amarasdan 2,5 km aralıda yerləşən 323 saylı posta yönəlmişdi. Həmin posta ən yaxın yerləşən Azərbaycana aid döyüş mövqeyi 719 yüksəkliyində yerləşirdi və arada məsafə xeyli az idi. 323 saylı döyüş mövqeyinə kapitan Boris Musayelyan rəhbərlik edirdi.
Azərbaycan Ordusu paralel formada həm 324, həm də 323 saylı posta hücuma başladı. Artıq saat 15:00 radələrində 324 saylı postun itirilməsi bu istiqamətdəki əsgərlərdə təşviş yaratdı. Postda 8 hərbçi vardı və onlara tezliklə Maçkalaşen kəndindən Nver Qabrielyanın qrupu köməyə gəldi. O, başqa bölmənin zabiti idi və müharibədən əvvəl məzuniyyətdə idi. İlk artilleriya zərbələrindən sonra Azərbaycan Ordusu saat 13:40 radələrində posta yaxınlaşdılar. İlk 2 hücumu erməni əsgərləri dəf etsə də, üçüncü cəhddə müdafiə xətti yarıldı. Musaelyan bölük komandiri ilə əlaqə saxlayaraq kömək çağırsa da, vəd edilən yardım gəlmədi.
323 saylı postdan 200 metr aralıda “DQR” Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və Maçkalaşen sakinlərindən ibarət daha bir post vardı. Boris Musayelyan onları köməyə çağırmaq üçün səngərdən çıxarkən vuruldu. Xəstəxanaya çatdırılan Musaelyanın həyatını xilas etdilər. Saat 17:30-18:00 radələrində komandirin yaralanması ilə postdakı əsgərlər tamamilə ruhdan düşdülər.
Köməyə gələn Nver Qabrielyan döyüş zamanı öldürülməsi ilə müqavimət tamamilə qırıldı. Postdakı əsgərlərdən biri xatırlayır: “Saat beşdə bölük komandiri Sos Qukasyan zəng vurdu və yavaş-yavaş posta qalxmağımızı söylədi. Azərbaycanlılar artilleriya ilə mövqeyimizi vurmağa başladı. Atılan mərmilərdən biri müşahidə məntəqəsinə düşdü. Bu zaman qumbaraatan Vaaq Sarkisyan yaralandı, o, qəlpələrdən xəsarət almasa da, zərbədən beyni silkələndi və durduğu mövqedən aşağı yuvarlandı. Əsgərlərdən biri Aşot Antonyan səngərdən kənarda həyatını itirmişdi, onun hansı şəraitdə ölməsi mənə müəmmalı qaldı. O gün rabitədə ciddi problem yaşayırdıq. Blindajda heç kim yox idi, o qədər çox zəng gəlirdi ki, cavab verən yox idi. Saat 19:00-a nəhayət komandanlıqla əlaqə saxlamaq mümkün oldu. Postda 3 nəfər qalmışdı. Kömək göndərilməsi barədə tələb irəli sürüldü. Kömək gəlmədiyini görən həmin 3 nəfər Maçkalaşenə düşdülər”. Beləliklə, axşam saat 19:00-20:00 radələrində postda heç kim qalmamışdı. Azərbaycan əsgərləri gecə posta daxil oldular.
Şərqdən və mərkəzdən cəbhəni yaran Azərbaycan Ordusu Ağoğlan çayını keçib kəndin ətrafındakı yüksəkliklərə hücuma başladı. 1-ci bölüyün qərargahı Maçkalaşen kəndinin şərqində, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşirdi. Müharibənin başlanması ilə qərargah ağır formada bombalandı. İntensiv artilleriya zərbələri saat 14:00-dan 18:00-a kimi davam etdi. Bölük komandiri Sos Qukasyanın 324 saylı posta kömək zamanı öldürülməsi ilə ikinci batareyanın komanda məntəqəsinin və briqadanın zenit artilleriya idarəetmə postunun yerləşdiyi Ay zirvəsinə geri çəkilməyi qərara aldı. Artıq saat 18 radələrində Azərbaycan Ordusu qərargahın 25 metrliyinə qədər yaxınlaşdı. Qərargahdakı hərbçilər xaotik atəşlərlə “KamAZ” yük maşınlarına minərək ərazini tərk etdilər.
Ay zirvəsinə hücum
Maçkalaşen-Sos cəbhəsində Azərbaycan Ordusunun ən əsas hədəfi Ay zirvəsinin tutulması idi. Bu zirvənin tutulması eyni anda 2 kəndə (Maçkalaşen və Sos) nəzarət etməyə imkan verirdi. Bundan başqa, bu zirvə vasitəsilə Quzeyçartardan Qırmızı Bazara kimi geniş ərazini müşahidə etmək mümkün idi. Bu zirvədə zenit-artilleriya idarəetmə postu, eləcə də komanda-müşahidə məntəqəsi vardı.
Hərbi əməliyyatların başlanması ilə yüksəklik Xazaz dağı ətrafındakı özüyeriyən artilleriya vasitəsilə ağır formada bombalanmağa başladı. Zirvədəki artilleriya batareyasına Ara Avanesyan komandanlıq edirdi. Ay zirvəsini atəşlə dəstəkləyən briqadanın 2-ci batareyası zirvədən təxminən 7 km aralıda, Arpadüzü kəndi yaxınlığında yerləşirdi. Burada 122 mm-lik 4 haubitsa mövcuddu. Artilleriya diviziyasının qərargah rəisi Karen Manukyan həmin ərazidə idi.(3) Xocavəndin Ağbulaq kəndi yaxınlığında yerləşən briqadanın üçüncü batareyası Şuşakəndlə bərabər Ay zirvəsini atəşlə dəstəkləyirdi. Briqadanın birinci batareyası isə Xocavəndin Kiş kəndində yerləşirdi və Çartar istiqamətində işləyirdi.(4)
Axşama yaxın 1-ci bölüyün qərargahının Ay zirvəsinə geri çəkilməsi nəticəsində burada olan hərbçilərin sayı 19 nəfərə yüksəldi. Axşam saat 19:00-20:00 radələrində zirvədəki ermənilər ilk itkilərini verdilər. Zenit-raket artilleriya batareyasının taqım komandiri Vaçaqan Dadalyan və birinci bölükdən maçkalaşenli könüllü Armen Harutyunyan həlak oldu. Batareya komandiri Ara Avanesyan zirvənin intensiv bombalanmasını belə xatırlayır: “Mənim ixtiyarımda 1 batareya idi, azərbaycanlılar isə 5 istiqamətdə zirvəni bombalayırdılar. Sağdan, soldan və mərkəzdən intensiv atəş davam edirdi. Əsas zərbələr Zoğalbulaq kəndindən, Çanaqçıdan, bir də Xazaz dağından endirilirdi. Daha qorxulu isə minaatanlar idi. Atılan minaatanlar düz bizim səngərimizə düşürdü.”
Axşama yaxın Azərbaycan Ordusu 324 və 323 saylı postları, eləcə də 1-ci bölüyün qərargahını ələ keçirdikdən sonra Ay zirvəsinə hücuma başladılar. Ara Avanesyan xatırlayır: “Müşahidə aparan əsgərlərdən Vitali Abaqyan məni çağırdı və başlarına ağ papaq qoymuş 2 nəfərin onlara doğru gəldiyini bildirdi. Onların erməni olduğunu zənn etdim. Kim olduqlarını soruşduq, səslərini çıxarmadılar. Mərkəzdə ərazini müşahidə edən Qabriel Qabrielyan gələnlərin türk (azərbaycanlı) olduqlarını, səslərini eşitdiyini dedi. Əsgərlərə dərhal perimetr müdafiəsinə keçmələrinə əmr etdim. 40-50 metr məsafədə mövqeyə yaxınlaşmışdılar, daha 3 nəfər isə onlardan aşağıda idi. Birinci bölüyün işarəsi ilə onlara atəş açdıq. Hamısını vurduq. Bundan sonra təxminən 25 nəfərdən ibarət qrup yüksəkliyə hücuma başladı. Əlbəyaxa döyüş başladı. İtki verdikləri üçün geri çəkildilər. Onlar çox güman ki, bu qədər intensiv bombalamadan sonra zirvədə heç kəsin qalmadığını düşünmüşdülər.”
Zirvədə gözləmədikləri müqavimətlə rastlaşan Azərbaycan bölmələri gecə saat 04:30-a kimi buranı D-30 haubitsası, MT-12 Rapira vasitəsilə vurdular. Bu zərbələr nəticəsində ilk öncə tank əleyhinə taqım üzvləri Vitali Abaqyan və Samvel Ağamalyan, daha sonra Qırmızı Bazardan olan kəşfiyyatçı Samvel Tovmasyan həlak oldu. Bombalama nəticəsində 1-i ağır olmaqla, 2 nəfər yaralandı. Azərbaycan əsgərlərinin zirvəyə hücumunu müşahidə edən Qabriel Qabrielyan da yaralananlar arasında idi. Həmin gecə zirvədəki ermənilərə artilleriya dəstəyi verən Arpadüzüdəki mövqelər də vuruldu. Lakin burda nə ölən, nə də yaralanan olmadı. Azərbaycan Ordusu sentyabrın 20-i səhər tezdən yenidən zirvəni tutmağa cəhd etsə də, buna nail olmadı. Bununla belə, günortaya yaxın zirvəni ələ keçirməyə ehtiyac da qalmadı. Digər cəbhədəki uğurlar müharibənin taleyinə aydınlıq gətirmişdi. Sentyabrın 24-də Azərbaycan əsgərləri Sos kəndinə daxil oldular. Bu kənddə dağıntı Maçkalaşenlə müqayisədə daha çox idi. Ay zirvəsinin bombalanması nəticəsində bəzi mərmilər kəndə düşmüşdü. Kənddə 1 mülki vətəndaş – Hamlet Qasparyan həyatını itirdi. Burda yaşayan əhalinin demək olar ki, hamısı (Quzumkənddə qohumları olanlar istina) Arpadüzünə getdilər.
Maçkalaşen-Qırmızı Bazar cəbhəsi
Üçüncü Qarabağ müharibəsində Xocavənd istiqamətində bir digər cəbhə xətti Maçkalaşen – Qırmızı Bazar boyunca uzanırdı. Bu xətt 4 döyüş mövqeyindən - 322 saylı post, 321 saylı post, 320 saylı post və 319 saylı post təşkil olunmuşdu. Ərazini Xocavənd rayonunun əhalisindən təşkil olunmuş və komandiri Samvel Petrosyan olan 31-ci könüllülər batalyonu qoruyurdu. Diviziya komandiri Vahram Daşyan, hərbi hissənin artilleriya rəisi Mher Qukasyan idi. Bu istiqamətdə atəş dəstəyi Arpadüzü - Quzumkənd və Ağbulaq kəndləri yaxınlığında 2 ədəd 120 mm-lik D-30 haubitsası ilə təmin olunurdu. Ümumi komandanlığı isə Karen Matevosyan həyata keçirirdi.(5)
Bu batalyona müharibə başlamadan əvvəl döyüşçülər yığılmağa başlanmışdı. Müharibədən 1 gün əvvəl qərargah rəisi Mher Sahakyan yanacaq və azuqə üçün Sos kəndinə getsə də, burada istədiyi təminatı ala bilməmişdi. Bu səbəbdən təminat Quzumkənd və Qırmızı Bazar vasitəsilə həll edildi.
Mher Sahakyan Sos kəndindən geri qayıdanda hərbi əməliyyatlar başlamışdı. Azərbaycan Hərbi Komandanlığı hərbi əməliyyatlar zamanı ilk olaraq rabitə əlaqəsini qırmaq niyyətində idi. Bunun üçün batalyonun Çartardakı Yeğişe monastırının və Bovurxan dağının yaxınlığındakı radiolokasiya stansiyası (P-18) məhv edilməli idi.(6) Əməliyyatın ilk dəqiqələrində bu hədəfə nail olundu. Bununla belə, batalyonun daxili rabitəsi sabitdi. Dizel generatorları və günəş panelləri vasitəsilə postlar arasında əlaqə qalsa da, ümumi komandanlıqla əlaqələr praktiki olaraq mümkün deyildi. Rabitəni bərpa etmək üçün Bovurxan dağına batalyonun rabitə rəisi Sergey Qriqoryan və Qray Matevosyan göndərildi. Onların hər ikisi Azərbaycan xüsusi təyinatlılarının pusqusu nəticəsində öldürüldü.
322-ci post uğrunda döyüş döyüş
Maçkalaşen-Qırmızı Bazar xətti boyunca döyüşlər 322-ci postun bombalanması ilə başladı. Həmin postun komandiri kapitan Vanik Gevorkyan xatırlayır: “Müharibə başlamazdan əvvəl zəng vurub əmr etdilər ki, mümkün qədər səngərlərdə, sığınacaqlarda gizlənin, müharibə başlayacaq. Tapşırıldı ki, minaatanların qapaqları çıxarılsın, digərləri də hazır vəziyyətdə saxlanılsın.”
Qırmızı Bazar qəsəbəsi və ətrafdakı relyef.
Qərargah rəisi Mher Sahakyan həmin vaxt komanda məntəqəsində idi. Postun ilk dəqiqələrdə ağır bombalandığını kənddən çəkilmiş videodan da müşahidə etmək olur. Kapitan Vanik Gevorkyan artilleriyadan əlavə ərazinin “TOS-1” ağır odsaçan raket kompleksi ilə vurulduğunu qeyd edir.(7) Post komandirinin dediyinə görə, həmin bombalama zamanı müşahidə üçün belə əsgərlər başını səngərdən çıxartmırdı. Qərargah rəisi Mher Sahakyan heç kəsin sağ qalmayacağını düşünürdü. Bombardman nəticəsində Arpadüzü kəndindən olan Eduard Barseqyan həlak oldu. Ağır bombalanma baş versə də, Azərbaycan Ordusu sentyabrın 19-da posta piyada hücumu həyata keçirmədi. Sentyabrın 20-i, gecə saat 01:00 radələrində bölük komandiri və Quzumkənddən olan daha 4 könüllü döyüş mövqeyinə gəldilər. Həmin 4 nəfər Eduard Barseqyanın cəsədini düşdüyü ərazidən çıxardılar. Post intensiv atəşə tutulduğu üçün postdakı şəxsi heyət ehtiyat mövqeyə geri çəkildi. Səhər saatlarında bu dəfə Azərbaycan Ordusu ərazini aviasiya ilə vurdu. Atılan 2 raket döyüş mövqeyini demək olar ki, dağıtdı. Bunu müharibədən sonra postda çəkilmiş videodan da görmək mümkündür. Lakin ehtiyat mövqeyə geri çəkilmə baş verdiyi üçün itki olmadı. Azərbaycan Silahlı Qüvvələri sentyabrın 20-də də əraziyə hər hansı piyada hücumunu həyata keçirmədi. Əsas hədəf Maçkalaşendəki Ay zirvəsi olduğu üçün, diqqət də buraya yönəlmişdi. Azərbaycan Ordusu 324 və 323-cü postu tutduğu üçün 322-ci posta hücuma ehtiyac görmədi. Vanik Gevorkyan isə hücumun olmamasını 323-cü postdakı müqavimətlə əsaslandırır.
321-ci post uğrunda döyüş döyüş
321-ci postda da 322-də olduğu kimi könüllülər tərəfindən müdafiə təşkil edilmişdi. 31-ci batalyonun tərkibində 82 mm-lik 2 ədəd minaatan batareyası burada yerləşirdi. Onların əsas döyüş istiqaməti Şexer – Qırmızı Bazar kəsişməsinə doğru idi. Hərbi əməliyyatlar başladıqdan sonra birinci bölüyün komandiri, eyni zamanda Zavadıx kəndinin icra nümayəndəsi olan Artak Danielyan kənddən yığılmış könüllülərlə birlikdə postun ətrafındakı ehtiyat ərazidə mövqeləndilər. Əraziyə əsas nəzarəti briqadanın komandir müavini Sevak Sarkisyan həyata keçirirdi.(8)
322-dən fərqli olaraq, 321-də intensiv hava hücumu həyata keçirilmədi, bununla belə, Maçkalaşen - Qırmızı Bazar xəttində ən ciddi piyada qarşıdurması burada baş verdi. Azərbaycan Ordusu ilk olaraq sentyabrın 19-də gecə Şexer kəndi istiqamətindən posta yaxınlaşdı. İlk hücumlar kəşfiyyat xarakterli idi, atışmada itki verməyən bölmələr geri çəkildilər. Hücum zamanı Azərbaycan əsgərlərinin məqsədi postu tutmaq deyildi, bölmələr postdan yan keçərək Qırmızı Bazardan Kiş kəndinə gedən Y28-05 yoluna nəzarəti ələ keçirmək istəyirdilər. Bunu başa düşən ermənilər ehtiyat səngərlərdə mövqelənərək hazırlıq gördülər. Bir neçə həmlə edən Azərbaycan əsgərləri müdafiəni yara bilmədilər. Qacar kəndindən Şexer istiqamətinə göndərilən “KamAz” yük maşınının erməni artilleriyası tərəfindən vurulması ciddi itkilərlə nəticələndi. Ciddi müqavimət olduğu üçün gecə ilə əraziyə snayperlər gətirildi. Mher Sahakyanın sözlərinə görə, Azərbaycan əsgərlərinin hərəkət istiqaməti bəlli olduğu üçün gecəni posta yaxın kolluq ərazidə səngər qazaraq keçirdilər.
Sentyabrın 20-də səhər ərazidə sakitlik hökm sürürdü. Günorta saatlarında atəşkəs imzalanmasına baxmayaraq, Azərbaycan hərbçiləri bir daha postdan yan keçmək üçün əməliyyata başladılar. Artak Danielyan son döyüşünü belə xatırlayır: “Mən pulemyotla atəş açırdım. Yanımdakılar atəşi koordinasiya etməkdə mənə kömək edirdilər. Daha sonra snayperin məni boynumdan vurduğunu hiss etdim, ondan sonra heç nə xatırlamıram”. 321-ci post döyüşü Azərbaycan Ordusunun snayperlərdən aktiv formada istifadə etdiyi 3 cəbhə xəttindən (Kərkicahan-Xankəndi və Xocavənd-Çartarla birlikdə) biri oldu.
320-ci postdə vəziyyət
Qırmızı Bazarın yaxınlığında yerləşən 320-ci post isə Üçüncü Qarabağ müharibəsinin ən sakit postlarından biri oldu. Azərbaycan Ordusu buranı nə aviasiya, nə də artilleriya ilə vurmadı, piyada hücumu həyata keçirmədi. Qarabağ ermənilərinin fikrincə, bunun səbəbi postun Rusiya sülhməramlılarının müşahidə məntəqəsinə çox yaxın olması idi. Sos kimi müşahidə məntəqəsi olan yerdə döyüşlərin olması bu ehtimalı daha az inandırıcı göstərir. Çox güman ki, postun strateji və hərbi əhəmiyyəti olmadığı üçün bombalanmasına ehtiyac görülməyib.
319-cu post uğrunda döyüş
Maçkalaşen-Qırmızı Bazar cəbhə xətti boyunca “DQR”-in ən vacib döyüş mövqeyi 319-cu post idi.(9) Buranın ələ keçirilməsi faktiki olaraq, Tağaverdin erməni nəzarətində qalmış hissəsi Kaler və Qırmızı Bazarın alınması deməkdi. Bu istiqamətdə Azərbaycan Ordusunun 2 döyüş mövqeyi vardı. 319-un qarşısında 830 metr hündürlükdə Azərbaycan postu yerləşirdi. Həmin postun həm Şexer, həm də Tağaverd kəndi tərəfindən təminatı mümkün idi. Qırmızı Bazara ən yaxın Azərbaycan postu isə Şexer - Hadrut yolunun kənarında, 635 metr yüksəklikdə yerləşirdi. 319-cu posta Xoren Poqosyan komandirlik edirdi.
Azərbaycan bölmələri sentyabrın 19-da günorta saatlarında postu 120 mm-lik minaatanlarla və tankla vurmağa başladı. Piyadaların hücumu isə həmin gün axşam saatlarında başladı. Ancaq ilk hücum uğurlu olmadı, itki verən bölmələr geri çəkildi. Xoren Poqosyanın dedinə əsasən, erməni bölmələri əsasən pulemyotla müdafiə olunurdu. Qərargah rəisi Mher Sahakyan postun vacibliyini nəzərə alaraq, gecə əraziyə yardım göndərdi. Gecə Azərbaycan bölmələri postu almaq üçün yenidən hücuma keçdilər, lakin bu dəfə də müdafiəni yarmaq mümkün olmadı. Səhər tezdən günortaya kimi isə ərazidə hansısa hərbi əməliyyat keçirilmədi və döyüş atəşkəsin imzalanması ilə günorta saatlarında başa çatdı.
Beləliklə, 31-ci könüllülər batalyonu müharibəni 3 itki ilə başa vurdu və bu, Müdafiə Ordusunun müharibə ərzində ən aşağı itki verdiyi cəbhə oldu. Onların rabitə əlaqəsi olmadığı üçün müharibənin bitməsini sentyabrın 23-də Samvel Şahramanyanın əraziyə gəlməsindən sonra bildilər.
Qeydlər:
• (1) Xazaz dağı İkinci Qarabağ müharibəsindən əvvəl ermənilərin “Martuni-2” adlandırdığı müdafiə zolağının parçası idi.
• (2) Axşam saatlarında erməni mətbuatı da Amarasın Azərbaycan nəzarətində olduğunu etiraf etdi.
• (3) Ay zirvəsindəki bu kadrları (1 və 2) müharibədən sonra Karen Manukyan çəkib.
• (4) Bundan başqa, anbarda 2 ədəd “KS-19” zenit topu var idi ki, bundan istifadə edilmədi və qənimət kimi Azərbaycan Ordusunun əlinə keçdi.
• (5) Onun barədə Azərbaycan Baş Prokurorluğu cinayət işi açıb.
• (6) 2023-cü ilin əvvəlindən Ermənistandan Qarabağa gələn yüksək gərginlikli xətt zədələndiyi üçün ərazi daxili enerji ehtiyatları hesabına yaşayırdı. 2023-cü ildə sentyabrın 19-da saat 13:00-dan etibarən Qarabağ tamamilə işıqsız idi.
• (7) Videoda zərbələr “TOS-1”-a müəyyən qədər oxşasa da, ona xas olan zərbə dalğaları görünmür.
• (8) O, sentyabrın 25-də Xankəndidəki yanacaq anbarı partlayışında itkin düşüb.
• (9) 318-ci post 31-ci batalyonun müdafiə bölməsinə aid olmadığı üçün qeyd edilməyib.
İstifadə edilən ədəbiyyat:
• Süleymanov, M & Ələkbərova, S. (2024). Azərbaycanın suverenliyinin təmin edilməsi üçün həyata keçirilən lokal xarakterli antiterror tədbirləri, "Hərbi bilik" jurnalı, №1, 53-64.