Qarabağın reinteqrasiyası üçün modellər və onların müzakirəsi
2020-ci ildə atəşkəs sazişinin imzalanmasından sonra Qarabağın erməni əhalisinin reinteqrasiyası gündəmə çıxan əsas məsələlərindən biri oldu. Bakı qətiyyətlə bəyan edir ki, bu ərazilərin və əhalinin taleyi Azərbaycanın daxili işidir, bu isə gələcək reinteqrasiya prosesinin niyyətini göstərir. Öz növbəsində, "qohum dövlət" (kin state) olaraq, əvvəlcə Qarabağda yaşayan erməni əhalisinin öz müqəddəratını təyinetmə ideyasına yönəlmiş Ermənistan, geosiyasi reallıqlar dəyişdikcə və vəziyyət inkişaf etdikcə, öz kursunu öz müqəddəratını təyinetmə gündəmi əvəzinə beynəlxalq mexanizmlərə və təhlükəsizlik təminatlarına dəyişdi. Bu məsələdə nəzərə alınmalı olan mühüm amillərdən biri də Rusiya sülhməramlılarının mandatının 2025-ci ildə başa çatmasıdır. Keçid dövrü yaxınlaşdıqca reinteqrasiya məsələsi bu prosesin mərkəzinə çevrilir. Sülhməramlıların mandatının tamamlanması ilə əlaqədar hamar keçidi təmin etmək üçün reinteqrasiya məsələsi diqqətlə nəzərdən keçirilməli və planlaşdırılmalıdır. Bu amilləri nəzərə alaraq, Azərbaycan rəsmiləri və ekspert icması bu mürəkkəb məsələnin həlli üçün bir sıra reinteqrasiya modellərini nəzərdən keçirməyə başlayıblar. Bu məqalə isə reinteqrasiya üçün potensial yolları daha yaxşı başa düşmək üçün təklif olunan müxtəlif modelləri təhlil edir.
2023-cü ilin mart ayı Xocalıda Azərbaycan hakimiyyətinin və Qarabağda yaşayan ermənilərin nümayəndələrinin tarixi danışıqlara başladığı əlamətdar ay oldu. Rusiya sülhməramlılarının da iştirak etdiyi bu müzakirələr bu məsələdə dönüş nöqtəsi oldu. Lakin qeyd etmək lazımdır ki, Bakı bu görüşləri rəsmi olaraq reinteqrasiya yolunda mühüm addım adlandırsa da, Qarabağ erməniləri onları icmanın üzləşdiyi gündəlik problemlərlə bağlı kritik texniki məsələlərin həlli üçün görüşlər kimi xarakterizə edib. Həmin ayın sonunda Azərbaycan Respublikası Prezidenti Administrasiyası iki dəfə Qarabağın erməni icmasının nümayəndələrini Bakıya dəvət edərək, əməkdaşlıq prosesini təmin etmək və reinteqrasiya və infrastruktur layihələrinin müzakirəsini asanlaşdırmaq istəyib. Ancaq bu dəvətlər rədd edilib. Nəticə etibarilə, hazırda reinteqrasiya danışıqları əsasən birtərəfli səviyyədə qalır və etnik erməni əhalisi tərəfindən dəstəklənmir. Onu da qeyd etmək vacibdir ki, Azərbaycan heç bir halda ATƏT-in Minsk qrupuna bənzər bir qurum yaratmaqla bu prosesi beynəlmiləlləşdirmək istəmədiyini açıq şəkildə bildirir. Minsk qrupu müharibələrarası dövrdə iki tərəf arasında aparılan danışıqlarda vasitəçilikdə mühüm rol oynasa da, Bakı reinteqrasiya məsələsində alternativ mexanizmlərə üstünlük verəcəyini göstərir.
Bakının bu məsələdə müqaviməti aydındır: 1998-ci ildə Minsk Qrupunun həmsədrləri potensial həll yolu kimi "ümumi dövlət" konsepsiyasına əsaslanan təkliflər təqdim etmişdilər. Bu model Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Konfederasiya dövləti yaradaratmağı və Dağlıq Qarabağa respublika şəklində dövlət və ərazi vahidi statusunun verilməsini nəzərdə tuturdu. Lakin Bakı bu variantı rədd etdi və onun Azərbaycanın suverenliyini pozduğunu və ATƏT-in 1996-cı il Lissabon sammitində dövlətlərin ərazi bütövlüyünə hörmətin və beynəlxalq səviyyədə tanınmış sərhədlərə əsaslanan dinc həll yollarının tapılmasının vacibliyini vurğulayan prinsiplərə zidd olduğunu iddia etdi.
İkinci Qarabağ müharibəsindən əvvəl azərbaycanlı və erməni ekspertlər təcrübələrini öyrənmək üçün bir neçə dəfə Aland adalarına və Cənubi Tirola göndərilib. Bu səfərlərin məqsədi həmin regionlarda fəaliyyət göstərən idarəetmə modellərini və mexanizmlərini öyrənmək və onların Dağlıq Qarabağ münaqişəsinə potensial tətbiq olunmasını nəzərdən keçirmək idi. Aland adalarının özləri Finlandiya daxilində bənzərsiz bir statusa, və özünüidarəetmə və öz mədəniyyətlərini və dillərini qorumaq hüququ da daxil olmaqla yüksək dərəcədə muxtariyyətə sahibdirlər. Bu model tez-tez dünyanın müxtəlif yerlərində münaqişələrin həlli üçün əsas ola biləcək uğurlu bir muxtar və ya yarı muxtar bölgənin nümunəsi kimi göstərilir. Hal-hazırda, müharibədən sonra da Kamal Makili-Əliyev də daxil olmaqla bəzi mütəxəssislər Aland adaları modeli haqqında yazmağa davam edir və onu Qarabağda yaşayan erməni icmasının reinteqrasiyası problemi üçün əlverişli bir həll kimi görürlər. Məsələn, Makili-Əliyev məqaləsində iddia edir ki, idarəetmə bölgüsü, azlıqların hüquqlarına hörmət və təhlükəsizlik zəmanətləri verən quruluş potensial olaraq iki etnik icma arasında birlik hissini gücləndirməyə kömək edə bilər. O, eyni zamanda, gündəlik məsələləri həll, əməkdaşlığı təşviq etmək və kiçik mübahisələrin artmasının qarşısını almaq üçün bir komitə yaratmağı da təklif edir. Onun sözlərinə görə, dil, mədəni və mülkiyyət hüquqları, habelə vergi daxilolmalarına yerli nəzarət bölgənin tam silahsızlaşdırılması müddəaları ilə müşayiət olunan muxtariyyət sazişinin ən vacib komponentləridir.
Müharibədən sonra Azərbaycan rəsmiləri və ekspertləri də müxtəlif modelləri öyrənirlər. Bu yaxınlarda Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın Macar azlığı ilə bağlı təcrübəsinə istinad edərək, oxşar halları olan ölkələrin beynəlxalq ekspertlərinin reinteqrasiya ilə bağlı mövcud müzakirələrə dəyərli töhfə vermək potensialını vurğulayıb. Əslində, Slovak modeli Qarabağdakı erməni icmasının mədəni, dil və tarixi kimliyinin tanınmasını və qorunmasını, eyni zamanda bölgənin siyasi, iqtisadi və sosial həyatında əhəmiyyətli iştirakını təmin edir. Təcrübədə model erməni icmasının qərar qəbuletmə proseslərində fəal iştirakına imkan verəcək inklüziv idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. O, həmçinin açıq dialoq və konstruktiv qarşılıqlı əlaqə üçün platformaların yaradılmasını təşviq edir, müxtəlif perspektivlərin ifadəsini asanlaşdırır və hər iki icma arasında əməkdaşlıq ruhunu gücləndirir.
Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov tərəfindən təklif olunan reinteqrasiyanın başqa bir forması Xorvat modelidir. Onun sözlərinə görə, Mərkəz bu araşdırmaya müharibədən dərhal sonra başlayıb və 2021-ci ilin iyulunda bu məsələ ilə bağlı ilkin tövsiyələrini təqdim edib. O vaxtdan bəri Mərkəz bu tövsiyələri daim yeniləyərək işini davam etdirir. Bu yaxınlarda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev də müsahibələrinin birində Xorvatiyada yaşayan Serb icması haqqında danışarkən bu modeldən bəhs edib. Xorvat reinteqrasiya modelinin Avropada uğurlu bir nümunə olaraq qəbul edildiyi, ayrı-ayrı bölgələrin münaqişədən sonra yenidən ölkəyə inteqrasiyası ilə əlaqəli problemlərin həlli üçün maraqlı bir nümunə olduğu qəbul edilir. 1990-cı illərdəki Xorvatiya İstiqlal müharibəsi kontekstində Zaqreb Hökuməti, Xorvatiyanın serblərin nəzarətində olan bölgələri - Serb Krayna Respublikası üzərində nəzarəti hərtərəfli bir yanaşma ilə bərpa etməyə çalışdı. Bu model siyasi, hüquqi və təhlükəsizlik tədbirləri, həmçinin infrastrukturun bərpası və zərər çəkmiş ərazilərdə iqtisadi inkişafın təşviqi səyləri daxil olmaqla bir neçə əsas komponentin birləşməsindən ibarətdir. Xorvatiya hökuməti zərər çəkmiş ərazilərdə mərkəzi hökumətin nəzarəti altında bir idarəetmə sistemi yaratmağa hədəfləyirdu. Bu model barışığı təşviq, köçkünlərin geri qaytarılmasını təmin etmək və mərkəzi hökumətin nəzarəti altında işləyən bir idarəetmə sistemi yaratmaq məqsədi daşıyırdı. Bu baxımdan Xorvat reinteqrasiya modeli infrastrukturun bərpasının, iqtisadi inkişafın təşviqinin və zərər çəkmiş ərazilərdə sosial-iqtisadi disbalansın aradan qaldırılmasının vacibliyini vurğulayır. Buraya nəqliyyat şəbəkələrinə, kommunal xidmətlərə, səhiyyəyə, təhsilə və iş təşəbbüslərinə investisiyalar daxildir. Məqsəd yaşayış şəraitini yaxşılaşdırmaq və geri dönən əhaliyə imkanlar yaratmaqla müxtəlif icmalar arasında iqtisadi inteqrasiyanı və əməkdaşlığı təşviq etməkdir. Bakının maraqlarını təmin edə biləcək bu modelin vacib elementlərindən biri siyasi və ya ərazi əvəzinə mədəni muxtariyyətdir.
Öz növbəsində, son məqaləsində ekspert Şücaət Əhmədzadə hər iki tərəfin ehtiyac və qorxularını nəzərə alacaq siyasi model təklif edir. Etno ərazi muxtariyyəti əvəzinə Osloda İsrail-Fələstin danışıqlar nümunəsindən istifadə etməyi təklif edir. Bu model qarşılıqlı maraq, institusional əlaqə, iqtisadi mübadilə və zorakılıqla mübarizə sahələrində əməkdaşlığı təşviq etməyi əhatə edir. O, Qarabağı 1988-ci il siyahıyaalınmasına əsasən üç zonaya bölməyi təklif edir: erməni çoxluğu olan yaşayış məntəqələri üçün A zonası, Azərbaycan çoxluğu olan yaşayış məntəqələri üçün B zonası və Laçın dəhlizi üçün C zonasına. Əhmədzadə "Dağlıq Qarabağ Müdafiə Ordusu" nun ləğv edilməsinin və yeni yerli polis bölmələrinin yaradılmasının, Azərbaycan Silahlı Qüvvələrinin erməni icmasının yaşadığı ərazilərə daxil edilməsinə moratoriumların tətbiq edilməsinin və orduda xidmət etmiş etnik ermənilər üçün heç bir hüquqi nəticənin olmamasının tərəfdarıdır. O, qaçqın erməni əhalisinin probleminə də toxunur və Qarabağın mədəni irsinin qorunmasının vacibliyini vurğulayır. Beləliklə, erməni apostol kilsəsinin Azərbaycanda Yeparxiya qurmasına və erməni kilsələrini və qəbiristanlıqlarını idarə etməsinə icazə verilməsini, Qafqaz Müsəlmanları İdarəsi isə Ermənistandakı müsəlman dini abidələrinə və qəbiristanlıqlarına nəzarət edə bilməsini təklif edir.
Bu məsələ təkcə Qarabağın erməni əhalisi tərəfindən deyil, Ermənistanın özündə də olduqca mənfi qəbul olunsa da, bəzi erməni ekspertlər bu mövzu ilə bağlı müxtəlif müzakirələrdə iştirak edirlər. Belə müzakirələrdən birində Dolce Vita kanalında Yerevan Mətbuat Klubunun prezidenti Boris Navasardyanın Azərbaycan tərəfinin Latviya və Estoniyada yaşayan, "vətəndaş olmayanlar" kimi tanınan rusların nümunəsinə baxıldığını iddia edib. "Əcnəbilər" olaraq da tanınan "vətəndaş olmayan" statusu, rusdilli əhalinin avtomatik vətəndaşlıq almaq meyarlarına cavab verməyən hissəsinə tətbiq edilmişdi. Bu status onların siyasi hüquqlarını, o cümlədən milli seçkilərdə səs vermək və müəyyən dövlət vəzifələrini tutmaq hüquqlarını məhdudlaşdırır. Qeyd etmək lazımdır ki, bu siyasət əsasən Sovet hakimiyyətinin irsinin aradan qaldırılmasına və yeni müstəqil ölkələrdə etnik latviyalıların və estonların hüquqlarının təmin edilməsinə yönəldilmişdir. Ancaq bu, 1945-ci ildən sonra tətbiq olunub, Qarabağda isə kontekst fərqlidir və bu iki halda çox paralel yoxdur. Bundan başqa, Bakı dəfələrlə bəyan edib ki, erməni əhalisi də daxil olmaqla, ölkədəki bütün etnik azlıqlar üçün bərabər hüquqların təmin edilməsinə sadiqdir. Bu, Latviya və Estoniyanın rusdilli sakinlərinin üzləşdiyi siyasi iştirak məhdudiyyətlərindən fərqli olaraq, Azərbaycanın ermənilərin hüquqlarını marginallaşdıran və ya məhdudlaşdıran siyasətdən yayınmaq istəyini nümayiş etdirir.
Dəyişən diskurs və reinteqrasiya modellərinin öyrənilməsi mühüm addım deməkdir. Ancaq başa düşmək vacibdir ki, digər ölkələrin təcrübələrin və beynəlxalq reinteqrasiya modellərinin araşdırılması önəmli olsa da, Qarabağdakı erməni əhalisinin spesifik dinamikasını və yerli xüsusiyyətləri nəzərə almaq vacibdir. Öz növbəsində, Qarabağda davamlı sülhün təməlini qoymaq yalnız hərtərəfli həllər hazırlamaqla mümkün olacaq.
Məqalənin rus dilindəki orijinalı burada dərc olunmuşdur.