Erməni işğalı dövründə Cəbrayılda məskunlaşma və regionun “DQR” iqtisadiyyatında rolu

Erməni işğalı dövründə Cəbrayılda məskunlaşma və regionun “DQR” iqtisadiyyatında rolu

Erməni bölmələrinin 1993-cü ildə işğal etdiyi rayonlardan biri Cəbrayıl idi. 1050 kvadrat kilometr ərazisi olan Cəbrayılın Azərbaycan nəzarətində qalan hissəsi 1994-cü il “Horadiz əməliyyatı” zamanı işğaldan azad edilən Cocuq Mərcanlı idi. Bu kənddə 1994-2016-cı illərdə tək ailə yaşayırdı. 2016-cı ildə başlayan 4 günlük müharibə zamanı kəndin ətrafındakı strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin götürülməsi Cocuq Mərcanlının təhlükəsizliyini təmin etdi və buranın əhalisi 23 il sonra doğma yurduna geri döndü. Cəbrayılın digər işğal edilmiş ərazilərində isə 27 il ərzində fərqli siyasət həyata keçirilirdi. 1999-cu ilə qədər Cəbrayılın 2 kəndində ermənilər yaşayırdı və onlardan biri keçmiş DQMV daxilindəki kənddi. Erməni tərəfi 2000-ci ilə qədər davam edən intensiv danışıqlara qədər ərazini “bufer region” kimi görürdü. Lakin 2000-ci illərdə erməni tərəfi istədiyi müstəqilliyi Azərbaycandan ala bilməyəcəyini gördükdən sonra regiona olan baxış da dəyişməyə başladı. Beləliklə, Cəbrayıldakı məskunlaşmanı iki hissəyə ayırmaq olar. İlk olaraq, Cəbrayılın 4 kəndində məskunlaşma başladı, daha sonra isə burada 3 yeni yaşayış məntəqəsi tikildi. Sərhəd xəttinə yaxın ərazilər hərbi əhəmiyyəti olduğu üçün boş saxlanıldı. Yalnız sərhədə yaxın Daşkəsən kəndində kənd təsərrüfatı üçün mövsümi yaşayış vardı. Bunu Azərbaycan MN-in müharibə ərzində kənddən çəkdiyi kadrlarda görmək mümkündür.
 

Aşağı Sirik

Cəbrayılda erməni mülki əhalisinin məskunlaşdığı əsas kənd Aşağı Sirik idi. Kəndin sakini olmuş Qriqorun sözlərinə görə, burda əhalinin məskunlaşması müharibə bitdikdən dərhal sonra, 1994-cü ildə başlayıb. Rəsmi qaynaqlarda isə kəndin salınma tarixi kimi 1995-ci il qeyd edilir. Aşağı Sirik “DQR” inzibati-ərazi vahidinə əsasən Hadrut rayonuna daxil edilmişdi. Kəndin adı işğal dövründə adı Haykavan olaraq dəyişdirilmiş və Xandzadzor (Ağcakənd, Xocavənd) icmasının tərkibinə verilmişdi. 2000-ci illərə qədər kənddə yaşayış xüsusilə çətindi və bu səbəblə əhalinin bir qismi ərazini tərk etmişdi.

2000-ci illərdən başlayaraq kənddə məskunlaşmanı artırmaq üçün diaspor xüsusilə fəal işlər aparmağa başladı. 2004-cü ildə “Erməni “Ümumi Xeyriyyə Birliyi”nin Fransa bölməsi Aşağı Sirikdə yeni yaşayış evlərinin inşaatına başladı. Həmin il Kaliforniyadan olan Tatryanların vəsaiti hesabına yeni evlər və tibb məntəqəsi tikildi. Bundan başqa, ABŞ-da yaşayan Saqdejiyan ailəsi Amerika Erməni Milli Komitəsi (Armenian National Committee of America – ANCA) xətti ilə kənd sakininə ev hədiyyə etmişdi. Kənddəki məktəb isə ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən “Erməni-Amerika Qocalar Birliyi” fondunun maddi dəstəyi hesabına tikilmişdi. 2005-ci ildə kənddə yeni 5 yaşayış evi inşa edilmiş, inzibati binalar təmir olunmuşdu.

Müxtəlif yerləşdirmə proqramlarına baxmayaraq, kənddə məskunlaşma zəif olaraq qaldı. Aşağı Sirik kəndində 2010-cu ildə 61 nəfər yaşayırdı. 2015-ci ildə isə 15 təsərrüfat olan kənddə əhalinin sayı 70 nəfərə çatmışdı. Kənd məktəbində isə 24 şagird təhsil alırdı, onlardan 16-sını məktəbəqədər uşaqlar təşkil edirdi. Kənddə əhali əsasən maldarlıq və kənd təsərrüfatı ilə məşğul olurdu, yaşayış məntəqəsi elektrik, internet və televiziya xətti ilə tam təmin edilmişdi.

Aşağı Sirikin əhalisi müharibə ilə də ilk dəfə 2016-cı ildə qarşılaşdı. Belə ki, həmin ilin aprelində başlayan 4 günlük müharibə zamanı kəndin sakini olan 26 yaşlı müqaviləli hərbi qulluqçu Vardan Tadevosyan və 34 yaşlı Andranik Qriqoryan öldürülmüşdü. Tadevosyan Aşağı Sirik kəndinə Ermənistanın Şirak vilayətinin Getap kəndindən, Qriqoryan isə Gümrüdən köçmüşdü. Ümumilikdə, kənd əhalisinin mütləq əksəriyyətini Ermənistan erməniləri təşkil edirdi. 2020-ci ilin sentyabrında başlayan hərbi əməliyyatlar zamanı Cəbrayıl rayonuna daxil olan kəndlər arasında ən gec işğaldan azad edilən məntəqələrdən biri Aşağı Sirik idi. Kəndin erməni sakini Astğik Yenqoyan həmin günü belə xatırlayır: “Uşaqlarımızı böyütmək üçün əlimizdən gələni etmişdik. Təsərrüfatda 17 donuz, 11 qaz, 16 ördək, 4 inək və 30 toyuq var idi. Yoldaşım dəyirmanda işləyirdi. Evimiz dörd otaqlı idi və bütün əşyalarımız təzə idi. Sentyabrın 28-də müharibə başlayan gün uşaqlardan 3-nü götürdük, qalan 3-ü evdə qaldı. Yeddinci övladımız hələ dünyaya gəlməmişdi. Qardaşım cəbhədən zəng vurub dedi ki, evi tərk edin. Getdik və hər şeyimizi – evimizi, fermamızı, inəklərimizi və donuzlarımızı orda qoyub çıxdıq.” Rəsmi məlumata əsasən, Azərbaycan bölmələri kəndə 9 noyabrda daxil olublar. Kəndi tərk edən ermənilərin hazırda bir hissəsi Ermənistanda, digər hissəsi Qarabağın erməni nəzarətində qalan hissələrində yaşayırlar. Azərbaycan MN, kəndin görüntülərini isə 5 may 2021-ci ildə yayımlayır.


Yuxarı Məzrə

Cəbrayılda ermənilərin məskunlaşdırdığı bir digər kənd isə Yuxarı Məzrə idi. Bu kənd keçmiş DQMV-yə daxil olan Hadrut rayonu içərisində Cəbrayılın anklav kəndi idi. 1991-ci ildə Azərbaycan SSR DİN və SSRİ Xüsusi Təyinatlı Polis Dəstəsinin Hadrut rayonu daxilində apardığı əməliyyat Yuxarı Məzrə kəndi ərazisindən başlamışdı. SSRİ-nin dağılmasından sonra Sovet qoşunlarının köməyindən məhrum qalan kənd 1992-ci ildə işğal edilir. Bu məntəqə erməni bölmələri tərəfindən işğal edilən ilk Cəbrayıl kəndi idi. Müharibə bitdikdən sonra kəndin adı Dzoragyux olaraq dəyişdirilir.

Kənddə məskunlaşan ermənilərin əksəriyyəti 1991-ci il əməliyyatı zamanı dağıdılan qonşu Daşbaşı kəndinin sakinləri idi. Kəndə ilk gələn Mülküdərə sakini Boris Sevyan həmin günü belə xatırlayır: “Bakıdan əsirlikdən qayıtdıqdan sonra kəndimə geri döndüm. Ora dağıdılmışdı. Yaxınlıqdakı Yuxarı Məzrə kəndi isə boş idi. Ev tikənə qədər orada yaşamağa qərar verdim. Kəndin yuxarı hissəsində əvvəllər mənə işgəncə verən azərbaycanlı zabit Solmaza məxsus olan evi seçdim. Mən və Mülküdərə kəndindən olan Benik, qonşu dağıdılmış Daşbaşı kəndindən 8 ailə ilə birlikdə burada məskunlaşdıq.”

Kənd işğal dövründə Hadrutun Arakül kənd icmasına daxil idi. Kənddə işğal dövründə əhalinin sayı demək olar ki, bütün illərdə sabit formada qalır. Digər regionlardan fərqli olaraq, burada 28 il ərzində heç bir infrastruktur tikilmir. 2005-ci ildə Yuxarı Məzrədə əhalinin sayı 20 kişi, 17 qadın olmaqla 37 nəfər, 2010-cu ildə 38 nəfər, 2015-ci ildə isə 39 nəfər idi. Müharibə ərəfəsində isə Yuxarı Məzrədə 9 ailə yaşayırdı. 11 təsərrüfatın olduğu kənddə əhali əsasən maldarlıq və atçılıqla məşğul olurdu. Kənddə məktəb və bağça yox idi, bu səbəbdən əhali uşaqları qonşu Arakül kəndinə aparırdı. 27 sentyabrda başlayan müharibədə Azərbaycan bölmələri bu kənd üzərində faktiki nəzarəti 20 oktyabrda[1] ələ keçirsə də, rəsmi məlumata görə Yuxarı Məzrə 7 noyabrda işğaldan azad edilib.
 

Çullu və Dağ-Tumas

Cəbrayılda ermənilərin məskunlaşdığı digər kəndlər isə Çullu və Dağ-Tumas idi. Hər iki kənd 1993-cü il dekabrında işğal edilmiş rayonlarda qurulmuş Kaşatağ rayonuna daxil edilmişdi. Ermənilər Çullunun adını dəyişdirərək Lçaşen, Dağ-Tuması isə Tovmasar adlandırmışdı. Hər iki kənd icma kimi Qubadlının adı Aygeovit olaraq dəyişdirilən Balasoltanlı kəndinə daxil edilmişdi. Yuxarıda adı qeyd edilən digər kəndlərdən fərqli olaraq bu iki kənddə məskunlaşma çox zəif idi. Dağ Tumasda 2005-ci il rəsmi statistikasına əsasən, 6 nəfər yaşayırdı. Kənd 2011-ci ilin aprelində “DQR” lideri Bako Saakyanın imzaladığı qanunla ləğv edilir. Çullu kəndi isə Dağ Tumasa nisbətən böyükdü. Burada 2005-ci il statistikasına əsasən, 21 nəfər yaşayırdı. Lakin burda da əhali zamanla daha da azalmışdı. 10 il sonra 3 təsərrüfatın mövcud olduğu Çulluda 8 nəfər yaşayırdı.

Kəndlərdə əhali azalsa da, onların “DQR” iqtisadiyyatında çəkisi get-gedə artırdı. Xüsusilə, 2010-cu ildən etibarən bu ərazi qonşu Qubadlı və Zəngilan rayonları ilə birlikdə əsas taxılçılıq bölgəsi kimi ixtisaslaşmağa başladı. Bu plan 2014-cü ildən etibarən rəsmi olaraq gündəliyə salındı. 27 yanvar 2014-cü il tarixində “DQR” kənd təsərrüfatına yardım fondunun icraçı direktoru Aşot Baxşıyan iqtisadi sahədə uğurların qarantı kimi Araz vadisi və Tumas yaylasındakı ərazilərdə həyata keçirilə biləcək layihələri görürdü: “Araz vadisi Qarabağ üçün bir növ kənd təsərrüfatı məhsullarının anbarına çevrilə bilər, bunun üçün orada mövcud olan əkin sahəsindən tam istifadə etmək lazımdır. Bu gün Hadrut rayonunda 27 min hektara yaxın[2] və Kaşatağ rayonunun Tovmasar ovalığından Araz vadisinə qədər dövlət ehtiyat fondunun torpaqlarının (9 min hektar) potensialından tam istifadə olunmur.”

Ərazidə aparılacaq planlı işlərlə tanış olmaq üçün 2014-cü ilin iyun ayında “DQR”-in baş naziri Arayik Arutyunyan regiona baş çəkir. Həmin il Tumas yaylası və ətrafında 10 min hektara yaxın ərazidə taxıl biçini aparılırdı. Lakin həmin il yağan dolu 109 hektar buğda, 394 hektar arpa, həmçinin 40 hektar tərəvəz və bostan bitkilərinə ciddi ziyan vurmuşdu. 2015-ci ilin may aylarında Dağ Tumas ətrafında və Qubadlının, Zəngilanın da daxil olduğu bölgələrdə ümumi 1609 hektar sahədə biçin aparılır və 5814 ton arpa yığılır.

Lakin 2014-cü ildə olduğu kimi, 2015-ci ildə də məhsulun azalmasına təsir edən təbii proseslər baş verdi. Həmin ilin avqust ayında Çullu kəndinin taxıl sahələrində başlayan yanğın Qubadlıya qədər əraziyə yayılır. Yanğınsöndürən maşının da yandığı hadisə zamanı təbii fəlakət çox çətinliklə ram edilə bilir.

Taxıldan başqa Cəbrayılın bu sektorunda bostan və tərəvəz bitkiləri əkilirdi. 2016-cı ildə Dağ Tumas ətrafında 7 hektar sahədə soğan, 3 hektara yaxın sahədə qarpız əkilir. Erməni fermer “Azat Artsax” qəzetinə verdiyi müsahibəsində hər hektardan 30 ton soğan götürməyi planlaşdırdığını söyləmişdi. Ərazidə kənd təsərrüfatının intensiv inkişafı növbəti ildə də davam edir. Kaşatağ vilayət administrasiyasının kənd təsərrüfatı şöbəsinin müdiri Leon Simonyan 2017-ci ilin aprelində verdiyi müsahibədə Həkəri çayının sol sahilindəki Tumas yaylasında 8 min hektara yaxın sahədə arpa, buğda, çovdar səpildiyini qeyd edirdi. 27 iyun 2017-ci il tarixində “DQR” lideri Bako Saakyan Çullu kəndinə gəlir. Burada taxıl biçinini izləyən Saakyan məhsuldarlığın artması üçün əraziyə yeni kombaynların gətiriləcəyinə söz verir və bəzi fermerlərə saat hədiyyə edir. Həmin dönəmdə Dağ-Tumas və Çullu kəndlərinin də daxil olduğu geniş bir bölgədə 23 min hektar sahədə taxıl sahəsi şumlanmışdı. Beləliklə, müharibəyə qədər bu əraziyə əhəmiyyətli iqtisadi region kimi baxılırdı. Cəbrayılın Araz vadisində olan ərazilərində yeni kənd təsərrüfatı regionları yaratmaq üçün Çullu kəndinin cənubunda yeni su anbarı tikilmişdi. Lakin bütün bu planlara müharibə mane oldu. Azərbaycan bölmələri 27 sentyabrda başlayan hərbi əməliyyatlar zamanı Cəbrayılın Dağ Tumas və Çullu kəndləri üzərində nəzarəti oktyabrın 21-də ələ keçirdi. Dağ Tumasın rəsmi olaraq işğaldan azad edilməsi 23 oktyabrda, Çullunun isə 28 oktyabrda elan olundu.
 

Yeni yaşayış məntəqələri

Cəbrayıl rayonunda işğal dövründə 3 yeni yaşayış məntəqəsi tikilmişdi. Onlardan biri və ən böyüyü olan Arajamuğ kəndi şəhər mərkəzindən 5,7 km uzaqlıqda, Ağtəpə kəndinin şərqində, Y14-01 yolunun kənarında əsası qoyulmuşdu. 2004-cü ildə əsası qoyulan Arajamuğ kəndi “Tufenkian” fondunun maliyyəsi hesabına tikilmişdi. Bu fonda erməni əsilli amerikalı biznesmen Ceyms Tufenkyan rəhbərlik edirdi. 2012-ci ildə kəndin ərazisi Amerika ermənilərinin bir digər fondu olan “Artsax”-ın maliyyəsi ilə daha da genişlənir. 2008-ci ildə 68 nəfər əhalisi olan kənd get-gedə böyüyür və 2015-ci ildə burdakı əhalinin sayı 117-yə yüksəlir. Kənddə yaşayan əhalinin demək olar ki, hamısı Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın nəzarətində qalan ərazilərdə yaşamış erməni qaçqınları təşkil edirdi.

2017-ci ildə kanadalı rejissor Atom Eqoyan ilə birlikdə “Sistem of e Daun” (System of a Down) qrupunun solisti Serj Tankian da bu kəndə gəlir və burada tikilən yeni evlərin açarlarını erməni ailələrinə təqdim edir. Təqdimatdan sonra Tankian jurnalistlərə verdiyi müsahibədə erməni rəhbərliyininin yerləşdirmə siyasətini dəstəkləyir: “Hadrutun Arajamuğ kəndində yeni mənzillərin təqdimatında iştirak etdiyim üçün qürurluyam. Müxtəlif tədbirlərdə iştirak etmişəm, ən çox həyəcanı burada keçirdim. Mən Qarabağa gəlib ifa etmək istərdim, əgər bacarsam, digər musiqiçiləri də özümlə gətirəcəm. İndi ən əsas iş Qarabağ haqqında danışmaq, onu hər yerdə təmsil etməkdir. Ümid edirəm ki, Qarabağdakı solo konsertim gecikməyəcək.” Həmin tədbirdə iştirak edən “Tufenkian” fondunun qəyyumu Andranik Qasparyan bundan sonra Arajamuğ kəndi ilə bağlı proqramın “Artsax” fondu tərəfindən həyata keçiriləcəyini bildirir: “Məqsədimiz fondumuzun proqramları vasitəsilə digər xeyirxah şəxslərin diqqətini Qarabağa cəlb etməkdir. Biz bir kəndlə fəxr etməməliyik, bizim sərhəd zonasında 20 belə kəndimiz olmalıdır.”

2019-cu ilin iyun ayında isə Arajamuğ kəndində yeni idman kompleksi açılır. Bu idman kompleksi Amerika Erməni Mədəniyyəti Assosiasiyasının (ACAA) səyləri hesabına tikilmişdi. İdman kompleksinin maliyyəsini Merilend ştatının Darnetaun şəhərindən olan Ara və Ayqo Melkonyanlar öz üzərinə götürmüşdü. Bu məntəqədə yaşayış üçün su, elektrik xətləri çəkilmiş və eyni zamanda tibb məntəqəsiməktəb tikilmişdi. 2018-ci ildə tibb məntəqəsinin açılışında Ermənistan Səhiyyə Fondunun nümayəndəsi Hrant Markaryan qeyd edirdi: “Bu tibb müəssisəsi torpağımıza olan sarsılmaz öhdəliyimizin simvoludur. Biz özümüzü bundan sonra da gücləndirməliyik ki, heç kim bu torpağa girməyə cəsarət etməsin.” Kənddə insanların məşğuliyyəti üçün isə 10 hektar nar bağı salınmışdı. Əhali bundan başqa kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurdu.

Cəbrayıl rayonundakı ikinci yeni yaşayış məntəqəsi isə Arajamuğ kəndindən 11 km aralıda, Mirək kəndinin cənubundakı Araksavan kəndi idi. Kəndin formalaşdırılması haqqında qərar 2012-ci ildə qəbul edilir. İlk olaraq buraya 8 ailə (29 nəfər) yerləşdirildi. 2014-cü ildə keçirilən “DQR” parlamentinin doqquzuncu sessiyası zamanı Levon Qriqoryanın təqdimatındakı iclasda “DQR-in inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər edilir və yeni Araksavan qəsəbəsinin Hadrut rayonunun Arajamuğ kənd icmasının tərkibinə daxil edilməsi ilə bağlı qərar qəbul edilir. Həmin il yeni kənd rəsmi olaraq “DQR” xəritəsində peyda oldu.

Bu kəndə digər ərazilərlə müqayisədə əvvəlcə az investisiya qoyulmuşdu, bu səbəbdən əhali çox az idi. 2015-ci ildə burada 35 nəfər yaşayırdı. Bu kəndin də maliyyəsi “Tufenkian” fondu tərəfindən ayrılmışdı. Kənddə ailələrin məskunlaşmasını təşviq etmək üçün “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan 2014-cü ildə bura gələrək hər bir təminatsız ailəyə 10 min dollar ekvivalentində yardım etmişdi. Ermənistanın kənd təsərrüfatı naziri olmuş David Lokyan Araksavan layihəsi ilə bağlı təxminləri belə idi: “Bu ərazidəki üç min hektar ərazi Qarabağa təxminən 150 milyon dollarlıq ümumi məhsul verə bilər ki, bu da bugünkü “DQR” büdcəsinə bərabərdir. Bu hesablamalar məhsulun birbaşa satışı ilə deyil, emal yolu ilə aparılsa Araz vadisinin potensialı indiki büdcəni dörd dəfə keçə bilər. Araksavanda tikilmiş mövcud emal zavodu kimi yeni fabriklər, soyuducular və çeşidləmə zavodları yaradılarsa Araz vadisinin gələcəyi çox məhsuldar ola bilər və oradan bölgədə istehsal olunan məhsulları dünyanın istənilən yerə çatdırmaq mümkün olacaqdır.”

2017-ci ildən etibarən yaşayış ərazisi genişləndirilməyə başladı. Bu dəfə kəndin genişləndirilmə layihəsi Hadrutda fəaliyyət göstərən “Dorout Studio”-ya həvalə edildi. 2018-ci ildə əraziyə “DQR” lideri Bako Saakyan da baş çəkir və ərazidə fermer təsərrüfatının yaradılması ilə bağlı məsləhətini verir. 2019-cu ilin əvvəlində isə yaşayış məntəqəsinin artıq şəhərə çevrilməsi haqqında plan hazırlanır. Fevralın 28-də Bako Saakyana yeni qurulacaq Araksavan şəhərinin (hər biri 3 otaqdan ibarət 150-dən çox evin tikilməsi planlaşdırılırdı) layihəsi təqdim edilir. Bu tədbirdə iştirak edən Ermənistan MTX rəisi Artur Vanetsyan bu sözlərlə yadda qalır: “Bu proqram vasitəsilə biz bütün dünyaya bəyan edirik ki, bir qarış torpağı belə vermək niyyətimiz yoxdur. Əksinə, soydaşlarımız bu torpaqlarda yaşamalıdır”. Bu bəyanatdan dərhal sonra Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva bu məsələ ilə bağlı rəsmi açıqlama verir: “Azərbaycan da öz növbəsində bu məsələni aparıcı beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və s. çərçivəsində qaldıracaq. Eyni zamanda, biz ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın ali siyasi rəhbərliyinin nümayəndələrinin bu cür addımlarını prinsipial şəkildə pisləməsi ilə bağlı qəti bəyanatla çıxış etməyə çağırırıq.” “DQR” XİN isə öz növbəsində Azərbaycanı ittiham edən açıqlama ilə yadda qalır: “Azərbaycan hakimiyyətinin “DQR”-in işğal olunmuş ərazilərində, o cümlədən Şaumyan rayonunda və Ağdərə rayonunun bir hissəsində məskunlaşmaq üçün dövlət siyasəti həyata keçirdiyini nəzərə alsaq, Bakının bizi Cenevrə konvensiyalarını pozmaqda ittiham etməyi ikitirəlikdən başqa bir şey deyil.” Beləliklə, Azərbaycan tərəfinin iradlarını iqnor edən erməni rəhbərliyi şəhərin tikintisinə davam edir.

Həmin il yaşayış məntəqəsi ərazisində 120 hektarlıq nar bağı salınır. Bu bağın suvarılmasında istifadə edilən müasir sistem ABŞ-dan gətirilmişdi və bir çox xüsusiyyətinə görə respublikada ilk hesab olunurdu. Ərazidəki bağların bir hissəsində damcı ilə suvarma üsulundan istifadə edilirdi. Vilayət administrasiyasının rəhbəri İvan Avanesyan əhalinin burdakı məşğuliyyəti barədə bunları deyir: “Araksavanda yay dözülməz dərəcədə isti keçir. Buna baxmayaraq, sakinlər bütün gününü tarlalarda və ya öz bağlarında keçirirlər. Çoxlu torpaq, çoxlu su və bütün il boyu kənd təsərrüfatı üçün əlverişli hava şəraiti. Burada yalnız tənbəllər ac və narazı qala bilər. Araksavan arxa cəbhədir və burada görülən işlər dövlət əhəmiyyətlidir. Əsas məqsəd ölkəmizin cənub sərhədlərini möhkəmləndirmək, külli miqdarda buğda və digər məhsullar yetişdirmək, ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir. Bizim proqramların alıcıları enerjili, zəhmətkeş, vətənpərvər ailələrdir ki, onlar güzəşt və yardım xatirinə bura köçmürlər”.

2018-ci il yanvarın 16-da kəndin ətrafındakı sahələri təmizləyərək oranı yararlı hala gətirmək üçün “Araks-Qoti” QSC şirkəti yaradılmışdı. İşlərin birinci mərhələsində 25 hektara yaxın üzüm bağları və 13,5 hektar sahədə yeni meyvə bağları (heyva və xurma) bərpa edilir. Bundan başqa, ərazidə yazlıq bitkilərin, xüsusən də qarğıdalı və günəbaxan səpilməsi nəzərdə tutulmuşdu. 2019-cu ildə “DQR”-in kənd təsərrüfatı naziri Jirayr Mirzoyan Araksavanla bağlı gələcək planları bu formada görürdü: “Qarabağın ən passiv kənd təsərrüfatı ərazisi 2014-cü ildə Araksavan qəsəbəsinin salındığı ərazidir. Burada 23 min hektardan cəmi 13,5 mini becərilmiş, qalan ərazilər çirklənmiş, kolluq və qamışla örtülmüşdür. Bu torpaqları yararlı etmək üçün hər hektara 300-350 min dram xərcləmək lazımdır. Torpaqdan əlavə, iki yerli kanalda kapital qoyuluşları etmək lazımdır. Bu ərazilər hökumət və səlahiyyətli orqanlar tərəfindən strateji hesab olunur, məqsədimiz bu ərazilərin məskunlaşdırılmasını təşkil etmək və kənd təsərrüfatı torpaqlarını tamamilə yararlı hala gətirməkdir. Bu iş uzunmüddətli böyük investisiyalar tələb edir və biz bu proqramı mərhələli şəkildə həyata keçirəcəyik.”

Araksavandan başqa, bu ərazidə 2017-ci ildə yeni bir kənd salınır. Kəndin yaradılma təşəbbüskarı Ayk Avakyan idi. Avakyan buranı 1989-cu ilə qədər azərbaycanlıların yaşadığı Sünikin Yexeq (Şabadin) kəndinin şərəfinə “Yexeq” adlandırır. Öz ailəsi ilə burda məskunlaşan Avakyanın burada 26 baş iribuynuzlu mal-qarası var idi. “DQR” lideri Bako Saakyan ona təsərrüfat qurması üçün traktor hədiyyə etmişdi. Avakyan fermer olduğu müddətdə ərazidə şaftalı, ərik, gavalı, zeytun ağacları əkir. Su təchizatı və kommunikasiya məsələləri həll olunan ərazidə elektrik enerjisi çatışmazlığı isə günəş panelləri və dizel generatoru ilə təmin edilirdi. Burada daha sonra yeni iki ev tikilsə də, müharibəyə qədər rəsmi kənd statusu almır.

Cəbrayıl rayonunda əsası qoyulan üçüncü yaşayış məntəqəsi isə Cəbrayıl şəhəri ərazisində salınan Mexakavan qəsəbəsi idi. 2000-ci ilin əvvəllərində “DQR” rəhbərliyi buranı hərbçilərin ailələri ilə birlikdə yaşaması üçün bir məntəqə kimi formalaşdırmağa başlayır. 2017-ci ilin aprelində qəsəbə ərazisində park salınır. Dekabrın 29-da isə “DQR” lideri Bako Saakyanın iştirakı ilə keçirilən tədbirdə burda yaşayacaq əhaliyə onlara məxsus mənzilin açarları təqdim edilir. 250-dən çox hərbçi ailəsinin yaşadığı bu məntəqədə 700-ə yaxın əhali yaşayırdı, onlardan 150-si isə uşaqlar idi. Yaşayış məntəqəsində elektrik enerjisi, su təchizatı, mobil rabitə, beş pərakəndə satış məntəqəsi mövcud idi. Ərazidə məktəb olmadığı üçün şagirdlər avtobuslarla 5 km aralı olan bir digər erməni yaşayış məntəqəsi Arajamuğa aparılırdı. Qəsəbəyə Hadrut rayonunun Mexakavan üzrə nümayəndəsi Andranik Səfəryan rəhbərlik edirdi.

2017-ci ilin oktyabrın 1-də şəhərdə yepiskop Vrtanes Abramyanın başçılığı ilə “Zoravor Surb Astvatsatsin”[3] kilsəsinin də əsası qoyulur. 4 gün sonra Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini bildirir: “Ermənistanın ermənilərin heç zaman yaşamadığı işğal olunmuş Cəbrayıl rayonunda kilsə tikməsi qəsdən münaqişəyə dini don geyindirmək, münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud təkliflərə uyğun olaraq həllinə maneə olmaqdır. Erməni din xadimlərinin bu qanunsuz və dini dəyərlərdən kənar təxribatçı prosesdə xüsusi canfəşanlıq göstərməsi ciddi təəssüf doğurur. Ermənistanın bu təxribatçı əməli aidiyyəti üzrə beynəlxalq təşkilatlar çərçivəsində qaldırılacaq” Lakin erməni tərəfi 18 may 2018-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin baş katibinə edilən müraciətdə bu ərazidə kilsənin tikilməsinə haqq qazandırırdı.

Həmin ilin sonlarında, dekabrın 29-da “DQR” müdafiə naziri Karen Abramyan, “DQR” XİN rəhbəri Masis Mayilyanın iştirakı ilə Mexakavan qəsəbəsində Mədəniyyət evinin açılışı həyata keçirilir. Bu tədbirdə yerli sakinlər qəsəbənin qazla təmin olunması, yeni iş yerlərinin yaradılması və hostel çatışmazlığı ilə bağlı şikayətlərini dilə gətirdilər.

2019-cu ildən etibarən burada da Cəbrayıldakı digər yaşayış məntəqələri kimi genişləndirilmə kampaniyasına start verildi. Həmin il iyunun 24-də Ermənistanın birinci xanımı Anna Akopyan ilk dəfə olaraq Cəbrayıla gəlir və burdakı problemlərlə maraqlanır. Yerli uşaq mərkəzindəki sərgidə iştirak edən Akopyan daha sonra hərbi şəhərciyə də baş çəkir. Burada sakinlərin problemlərini dinlədikdən sonra Akopyanın göstərişi ilə yaşayış məntəqəsində uşaq xəstəxanası və sığınacaq mərkəzinin tikilməsinə start verilir. Mexakavan qəsəbəsinin problemləri 2020-ci il prezident seçkiləri ərəfəsində namizədlərin seçki yarışında xüsusi yer tuturdu. 2020-ci ilin yanvar ayından etibarən “DQR”-də prezident və parlament seçkiləri üçün kampaniya başlayır. Bu seçki mübarizəsində 3 namizəd – “Ana vətən” partiyasından Arayik Arutyunyan, “Vahid vətən” fraksiyasından Masis Mayilyan və “Ədalət” partiyasından Vitali Balasanyan mübarizə aparırdı. Seçkilər ərəfəsində qalibiyyət üçün ən şanslı namizəd Arayik Arutyunyan hesab edilirdi. Bunun əsas səbəbi onun xüsusən də Dağlıq Qarabağ ətrafı rayonlarda həyata keçirmək istədiyi məskunlaşma siyasəti və planları idi. Bu planların içində əsas ərazi kimi Cəbrayıl xüsusi yer tuturdu. Arayik Arutyunyan 27 yanvarda seçkiqabağı təbliğat kampaniyası zamanı öz fikirlərini açıq şəkildə bildirir: “Əziz həmvətənlər! Dağlıq Qarabağı Ermənistanla birləşdirən növbəti mühüm həlqə Xınzirək-Cəbrayıl-Hadrut avtomobil yolunun əsaslı tikintisi və asfaltlanması olmalıdır. Respublikanın cənub bölgəsinin inkişafı ilə bağlı siyasi komandamızın baxışı belədir. Bir neçə gün əvvəl Qubadlıda partiya fəalları ilə görüş zamanı mən bildirdim ki, qarşıdan gələn ümummilli seçkilərdə uğur qazanacağımız təqdirdə bu, bizim prioritet layihələrimizdən birinə çevriləcək. Qarabağın cənub hissəsi istifadə olunmamış nəhəng iqtisadi potensiala malikdir, bu səbəbdən yolun təmiri vacibdir. Görüş zamanı mən bildirdim ki, köçürmə proqramında da ciddi dəyişikliklər gözlənilir. Məqsədimiz repatriasiya proqramına və əhalinin təbii artımına yenidən baxmaqdır ki, nəticədə bu artım 150.000-dən 200.000-ə qədər yüksələcək. Sevinirəm ki, həmin gün “Ana vətən” partiyasının sıralarına qoşulan Qubadlı rayonundan olan 100-dən çox soydaşımız böyük həvəslə nəzərdə tutulan proqramları dəstəklədi. Başladığımız işi davam etdirəcəyik, qüdrətli və vahid vətən quracağıq.”

“Prezident seçkilərində” qalib gələn Arayik Arutyunyan ilk planlaşdırdığı layihəni həyata keçirmək üçün iyunun 5-də Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanla birlikdə Zəngilan rayonuna gedir. Beləliklə, 2020-ci ilin iyununda Qarabağ ilə Ermənistanı birləşdirəcək üçüncü yol xəttinin çəkilməsinə hazırlıq başlanılır. Lakin bütün bu planlar 2020-ci ilin sentyabrında başlanan müharibədən sonra yarımçıq qalır.

Beləliklə, müharibə ərəfəsində erməni rəhbərliyi Cəbrayılı özünün strateji və iqtisadi ərazisi kimi görürdü və iqtisadi dayanıqlılıq üçün gələcək planlar hazırlayırdı. Bu səbəbdən regionun Azərbaycana hansısa güzəştlər sayəsində geri verilməsi mümkün deyildi. Müharibədən sonra ətraf rayonların əslində bütün danışıqlar prosesi zamanı Azərbaycana qaytarılacağını (5+2 formatı) bildirən Serj Sərkisyanın məlum açıqlamasına "İşıqlı Ermənistan" parlament fraksiyasının lideri Edmon Marukyan belə cavab vermişdi: “Əgər belədirsə, bəs nə üçün Araz çayının ətrafında Araksavan adlı yeni şəhər, Cəbrayılda Mexakavan adlı qəsəbənin salınmasında külli miqdarda pul xərclənmişdi. Belə məlum olur ki, vətəndaşlarımızın vergiləri və diasporadan alınan pullar Azərbaycana verilməsi nəzərdə tutulan əraziyə xərclənib. Yəni biz o qədər varlıydıq ki, onlar üçün şəhərlər, kəndlər salırdıq? Əgər paralel olaraq 5+2 rayonun təslim edilməsi ilə bağlı danışıqlar aparılırsa, bütün bu xərclər hansı məqsədlə həyata keçirilib?” Sual açıq olaraq qalır.

 


[1] Həmin gün azad edilən Daşbaşı Yuxarı Məzrənin şimalında, Mülküdərə isə qərbində yerləşdiyinə görə bu kəndlərin azad edilməsi Yuxarı Məzrəni nəzarətə götürmədən mümkün deyil.

[2] Cəbrayıl nəzərdə tutulur.

[3] Bu kilsə müharibədən sonra sökülür.