Azərbaycanda İslamın kültürəl mahiyyəti və sekulyar cəmiyyətin formalaşmasındakı rolu

Azərbaycanda İslamın kültürəl mahiyyəti və sekulyar cəmiyyətin formalaşmasındakı rolu

Sekulyarizm Azərbaycanın modernist diskursunda özünəməxsus yerə sahibdir. Bu məsələ davamlı olaraq dövlət rəsmiləri, ictimai xadimlər, fikir adamları tərəfindən vurğulanmaqda və beynəlxalq aləmdə ölkənin təbliğatında istifadə edilməkdədir. Praqmatik çərçivədən baxdıqda bunun düzgün strategiya olduğunu qeyd etməkdə fayda var. Aid olduğumuz problemli coğrafiya, geosiyasi şərtləri də nəzəri alsaq, sekulyarizmin siyasi alət kimi ələ alındığını da görə bilərik. Din və dövlətin bir-birindən ayrı olduğu, bütün inanc və etiqad azadlıqlarının qorunduğu Azərbaycanın tarixi inkişafında dinin, daha dəqiq desək, İslamın aid olduğu yer bir çox məsələdə olduğu kimi hələ də əsaslı şəkildə araşdırılmayıb. Ənənəvi sekulyarlıq diskursundan kənara çıxmayan fikirlər də əsaslı nəzəri bilgi və metodoloji standartlardan çox uzaqdır. Belə olan halda İslam ölkəsi olan Azərbaycanın sekulyar ənənəsini təmin edən şərtlər ya nəzərdən qaçırılır, ya da ki, yanlış şərh edilir. 

Burada təbii ki, Sovet dövrü akademik standartlarının vacib rol oynadığını vurğulamaq lazımdır. Müstəqillikdən sonra da həmin standartlar yerli fikir istehsalının formalaşmasını ləngitməyə davam etdi. Azərbaycanda cəmiyyət və din münasibətləri haqqında yazılı və sözlü mənbələr marksist ədəbiyyatda toplandığı üçün ötən əsrin 90-cı illərindən etibarən Qərb akademiyasında da həmin fikirlər aktuallaşdı. Post-kolonial diskursun bu trendi gücləndirdiyini, eləcə də şiə-sünni fərqliliyi fikrini qabardaraq din və cəmiyyət, İslam və sekulyarizm haqqında irəli sürdüyü iddiaları da unutmamaq lazımdır. Amma bununla belə, Azərbaycanda sekulyar cəmiyyətin mövcudluğuna, İslam dininin orqanik bağlarının güclü olmamasına dair hələ də ciddi elmi və ya publisistik əsər təqdim olunmayıb. Əsas arqument  kimi isə Mirzə Fətəli Axundzadənin fəaliyyəti və Rusiya imperiyasının 19-cu əsrin əvvəllərindən etibarən Qafqazdakı mövcudluğuna istinad edilməkdədir. Əslində isə bu iki faktorun Azərbaycanda sekulyarizmin mövcudluğunu başa düşməkdə rolu ikinci dərəcəlidir. Çünki nəzərdən qaçırılan birinci dərəcəli məsələ İslamın özü və onun Azərbaycanda cəmiyyətin formalaşmasındakı roludur. Elə buna görə də, bu yazıda Azərbaycanda Rusiya imperiyasına qədər və ondan sonrakı dövrdə İslamın din kimi quruluşu, funksiyası və fərqliliyi ələ alınacaq, fərqli inkişaf mexanizminin şərtləri müzakirə ediləcəkdir. Yekunda isə Azərbaycanda insanların İslama münasibətinin kültürəl tərəfinə nəzər yetiriləcəkdir. 


Ucqarlarda din 

Müasir Azərbaycan Respublikasını onu formalaşdıran tarixi proseslərdən və yerləşdiyi coğrafiyadan ayrı başa düşmək qeyri-mümkündür. Coğrafi olaraq daha çox Arazdan cənubdakı torpaqları əhatə edən Azərbaycanın siyasi məfhum kimi müstəqil dövlətə çevrilməsinin başlanğıcını xanlıqlar dövründən etibarən araşdırmaq və öyrənmək mütləqdir. Bu 250 illik dövr ilk əvvəl dövlətə gedən yolun başlanğıcını, ardınca isə modernizmin yaranma mərhələsini əhatə edir. Cəmiyyətin, xalqın formalaşma dinamikasını başa düşmək üçün isə əsrlərlə yaşanmış tarixi prosesləri və coğrafi şərtləri nəzərə almaq lazımdır. Coğrafi məfhum olaraq aid olduğu bütün imperiyaların ucqarlarını, periferiyasını təşkil edən şimali Azərbaycanda xalqın formalaşma dinamikası da bu reallıqlarla bir başa əlaqəlidir. Cəmiyyəti yaradan elementlərdən biri olan dinin insanlar üzərindəki təsirini coğrafi reallıqlardan ayrı başa düşmək mümkünsüzdür. Qeyd edildiyi kimi, imperiyaların sərhədini təşkil edən Arazdan şimaldakı tarixi Azərbaycan torpaqlarında dinin siyasi məqsədlərlə aktuallığı şiəliyi rəsmi din kimi qəbul edən Şah İsmayıl ilə başlayır. Səfəvilər şimal və qərb sərhədlərində öz hakimiyyətini bərqərar etmək üçün Osmanlılar ilə davamlı savaşlarda idilər. Burada hər iki tərəf dövrün siyasi şərtləri çərçivəsində təmsil etdikləri etiqadı yaymağa çalışırdı. Maraqlısı budur ki, nə Səfəvilər, nə də Osmanlılar imperiyanın ucqarlarını təşkil edən Azərbaycanın şimalında homogen bir etiqadın mövcudluğunu təmin edə bilmədi. Bu tendensiya sonrakı əsrlərdə də davam etdi və insanların fərqli din anlayışının formalaşmasında həlledici rol oynadı. Əhalinin yarımoturaq-yarımköçəri gündəlik həyatı onların dini ritual və inanclarının davamlılığını təmin edən əsas şərtlərdən biri idi. Ərazisinə görə elə də geniş olmayan bir coğrafiyada insanları bir arada tutan onların dini ritualları icrasından daha çox, məhdud resursları birlikdə istifadə edə bilmək üçün təkmilləşdirdikləri vərdişlərinə və həyat şərtlərinə nəzər yetirmək lazımdır. 

Ucqarların mürəkkəb şərtlərinə uyğun həyat mübarizəsi içərisində olan insanlar üçün din doktrinal ehkam olmaqdan çıxıb, daha çox kültürəl və sosial məfhuma çevrilir. Odur ki, insanların öz dini rituallarını davamlı olaraq icra etməsinə də dindarlıqdan daha çox kimlik çərçivəsindən baxmaq lazımdır. İslam dininin fərqli məzhəblərinə aid olmasına baxmayaraq əhalinin ortaq müsəlman kimliyinin onlara Osmanlı-Səfəvi rəqabətinin yan təsirlərindən yayınmaqda, aid olduqları coğrafiyanın şərtlərinə əsasən ənənəvi vərdişlərinin qorumasında əhəmiyyətli təsiri olduğunu unutmamaq lazımdır. Elə buna görə də, ilk böyük ayrılmanın dindarlıq və kimliyi formalaşdıran inanc arasında baş verdiyini qeyd etmək lazımdır. Oturaq həyatla köçəri həyat arasındakı fərqlər də insanların fərqli islam anlayışını formalaşdıran amillərdəndir. Şübhəsiz ki, bu ənənə Səfəvilərin çöküşü ilə xanlıqlar dövründə də davam etdi. Rusiya imperiyasının Qafqaza yerləşməsi ilə qarşılaşdığı ən böyük problemlərdən biri elə vahid islam anlayışının olmaması və azərbaycanlılar arasındakı etiqad fərqliliklərinə baxmayaraq, birgəyaşayış ənənəsinin mövcudluğu idi. Elə buna görə də, ilk olaraq sünni-şiə ixtilafını yaratmaq, osmanlılara qarşı Qarabağ süvarilərindən ibarət şiə alayını qurmaq, sünni əhalinin tədricən Azərbaycan torpaqlarını tərk etməyə təhrik kimi müxtəlif addımlar atıldı. Hər nə qədər də siyasi proseslərin təsiri altında sünni-şiə rəqabəti alovlandırılmağa çalışılsa da, əsrlərdən bəri davam edən vərdişlərin, adət-ənənənin insanların yenidən dil tapmasında, dini zəmində yarana biləcək konfliktlərin qarşısının alınmasında tarixi rolu qeyd edilməlidir. Məzhəb fərqliliklərindan istifadə etmək planlarının ciddi nəticəsi olmadığını görən Rusiya imperiyası onları koordinasiya edərək dini nəzarətdə saxlamaq qərarına gəldi və şiələr üçün şeyxülislamlıq, sünnilər üçün isə müftilik qurumu yaradıldı. Bununla da əsrlər sonra Arazdan şimalda dövlət dinə nəzarət mexanizmi yaratdı.  


Yazılı və şifahi İslam  

İslam dininin Azərbaycanda təsiri, mövcudluğu haqqında araşdırma tələb edən digər məsələ onun yayılma ənənəsi ilə birbaşa əlaqəlidir. Bu məsələdə də Arazdan şimalda və cənubda fərqli tendensiyanın şahidi oluruq. Belə ki, Arazdan cənubdakı tarixi Azərbaycan torpaqlarında yazı ənənəsinin üstünlüyünün əksinə şimalda şifahi İslam ənənənəsinin ön plana çıxdığı mütləq şəkildə qeyd edilməlidir. İstənilən fikrin, ideyanın, sözün davamlılığı və təsiri onun yayılma mexanizmindən asılı olduğu üçün yazılı və sözlü nəql etmənin rolu fərqli ələ alınmalıdır. Struktur və metodologiya üzərində qurulan yazının improvizasiya və bədahətə söykənən şifahi nəqletmədən əsas fərqi fikrin davamlılığının qorunmasındakı istinadların sistemliliyi və standartlardır. Sistematika və standartların İslam dininin başlanğıcına dayandığını, ardınca isə qədim yunan fəlsəfəsinin metodologiyasına əsaslandığını nəzərə alsaq, yazılı mətndə bunların qorunması hər zaman mütləq hesab edilmişdir. Aid olduğu imperiyaların mərkəzi şəhərlərinin yerləşdiyi Azərbaycanın cənub hissəsində islamın mövcudluğu yazı ənənəsi üzərindən nəzərdən keçirilməlidir. Şübhəsiz ki, əsası Nəsrəddin Tusi ilə qoyulan bu tarix bir neçə yüz ili əhatə edir. Bu ənənə sonrakı əsrlərdə Səfəvilər sözlü dərviş ordenindən siyasi hərəkata çevriləndə də davam etdi. Odur ki, dövlətin qurulması ilə bərabər sufi rituallarından uzaqlaşaraq yazıya, ehkama əsaslanan doktrinal şiəliyə keçildi. Səfəvilərin Arazdan şimalda, Şirvanda möhkəmlənməsi 16-cı əsr boyunca davam etsə də, dini hakimiyyətin burada yayılması uzun zaman aldı. Sonrakı əsrlərdə mərkəzin diqqətindən uzaq qalan ucqarlarda intellektual ənənə də zəiflədi və İslamın mövcudluğu gündəlik dini ritualların icrası ilə məhdudlaşdı. Ancaq onu da qeyd etmək lazımdır ki, Səfəvilərə qədər də Azərbaycanın şimalında yazılı İslam ənənəsi elə də zəngin deyildi. 15-ci əsr filosofu və mistiki Seyid Yəhya Bakuvidən sonra İslam haqqında qələmə alınmış əsərlərin sayı da çox məhduddur. Ancaq bununla belə dərviş, sufi ənənəsinin İslamın davamlılığını sözlü şəkildə qoruyub saxladığını qeyd etməkdə fayda var. Elə buna görə də insanların din, inanc haqqında fikirləri Yaradanla bəndə arasındakı bağlılıq, təmiz qəlb kimi məfhumlar əsasında formalaşdı. Bu ənənənin davamını günümüzdə insanların dinə, Allaha olan münasibətində də görmək olar. Çünki “Allaha qurban olum, mənim qəlbim təmizdir” fikri sadəcə bu günün deyil, bir neçə əsri əhatə edən İslam anlayışının ümumi təzahürüdür. 

İslam dininin Azərbaycanda mövcudluğuna tarixi kontekstdən nəzər yetirilməsi vacib olan digər bir məsələ onun qurumlarının fəaliyyəti və tədrisin əsaslılığını əhatə edir. Aid olduğu İslam sivilizasiyasının bir parçası kimi Azərbaycanda da dini qurumların fəaəliyyəti əsrlərlə ənənəvi şəkildə davam etdi. Məzhəb fərqliliklərindən aslı olmayaraq saysız-hesabsız məscid və vəqflər haqqında kifayət qədər yazılı material var. İslamda dinin dövlətlə dərin bağlarını nəzərə alsaq, dini qurumların fəaliyyətinin genişliyi, təsiri də yadırğanmamalıdır. Dini qurumlara məxsus saysız hesabsız mülklər də dövlətin bu əməkdaşlıqdan daima məmnun qaldığının göstəricisidir. Yuxarıda qeyd edilən coğrafi şərtlər, ucqarların reallığı da bu məsələdə həlledici rol oynamışdır. Buna baxmayaraq, Azərbaycanın şimalında İslam dininin əsaslı şəkildə tədrisinin Səfəvi dövlətinin qurulması ilə birlikdə gerilədiyini vurğulamaq lazımdır. Şah İsmayıl şiəliyi dövlətin rəsmi dini elan etdikdən sonra Cəbəl-Amildən (Livanın cənubu) şiə üləmanı paytaxt Təbrizə dəvət etmişdi. Sufi dərviş ordeni olan qızılbaşlığın dövlətin dini doktrinasının davamlılığını təmin etməkdə kifayətsiz qalacağını bildiyi üçün Şah İsmayıl bu seçimi etməli oldu. Bu ənənə Şah Abbasın dövrünə qədər davam etdi və Səfəvi dövlətində şiəliyin on iki imam xətti ərəb əsilli üləma tərəfindən yazılıb sistemləşdirildi. 17-ci əsrin sonlarına doğru Məhəmməd Baqir Məclisinin (“Əllamə” Məclisi) rəhbərliyi altında Səfəvi dövlətindəki şiəliyin farslaşdırılması və sünnilik başda olmaqla digər etiqadların zəiflədilib sıradan çıxarılması yekunlaşdı. Əvvəlcə Təbriz, daha sonra İsfahan paytaxt olmaqla bərabər həm də üləmanın əsas mərkəzinə çevrilir. Əsas mədrəsə və dini vəqflər bu şəhərlərdə qurulur. Şah Abbas zamanı Gəncə və İrəvanda dini qurumlara müəyyən diqqət göstərilsə də, bunlar kiçik istisnalar hesab edilməlidir. Beləliklə, dini tədrisin bütünlüklə Arazdan cənuba keçməsi üləmanın da buraya toplaşmasını sürətləndirdi. Üləmanın cənubda toplanması ilə birlikdə Arazdan şimaldakı din xadimlərinin funksiyası daha təməl dini biliklərin tədrisi ilə məhdudlaşdı. Ali dini təhsillə birlikdə dövrün standartlarına uyğun olaraq digər dünyəvi elmlər ancaq Təbriz, Qəzvin, İsfahan, Nəcəf kimi şəhərlərdə tədris olunurdu. Təhsili tamamlayanların da bir çoxu geri dönmədiyi üçün şimalda fikir istehsalı, biliyin yayılması da ciddi şəkildə zəiflədi. Əvəzində isə yerli din xadimləri, mollaların rolu icmadaxili ailə-məişət məsələləri ilə məhdudlaşdı. Din alimlərinin fəaliyyətinin məhdud olduğu şimal torpaqlarındakı bu ənənə xanlıqlar dövründə də davam etdi. 
 

Üləmanın varlığı

Tarixi şərtlərdən dolayı Azərabycanın şimal torpaqlarının üləma üçün cəlbedici olmaması və bunun sonrakı nəticələri başqa bir neçə yazının mövzusu olsa da, bəzi məsələlərə toxunmaq lazımdır. Bunlardan birincisi, üləmanın sahib olduğu dini imtiyazdır. Çünki Quranın, peyğəmbərin kəlamının şərhçisi hesab edilən din alimi həm də şəriətin hökmünün yerinə yetirilməsinin əsas qərarvericisi hesab edilir. Bir alimin bu səviyyəyə gəlib çatması üçün uzun illər lazımdır və bu ancaq dini tədrisin sistemli və dərin olduğu mədrəsələrdə, hövzələrdə mümkündür. Qeyd edilən şərtlərin olmadığı Azərbaycanda isə dini biliklərin rolu daha praktik məqsədlərə xidmət edirdi. Üləmanın sahib olduğu imtiyazlardan başqa İslam elminin yayılmasında və tədrisindəki roluna da nəzər yetirmək lazımdır. Qeyd etdiyimiz kimi şimalda dini tədris daha çox ibtidai xarakter daşıdığından üləmanın öz statusunu qorumaq üçün xüsusi fəaliyyəti gözə dəymir. Mollaxana və kiçik mədrəsələrdə din tədrisində dərinliyin və müxtəlifliyin olmaması da üləmanın bu sahədə marağının azlığından irəli gəlir. Rusiya imperiyası Azərbaycan torpaqlarını ilhaq etdikdən sonra bir çox din xadiminin İrana keçməsini də qeyd etməliyik. Beləliklə hər hansı ciddi üləma həmrəyliyi və dini doktrinaların qorunduğu institusional ənənədən mərhum Azərbaycanda İslamın funksiyası ancaq kültürəl mahiyyət daşımaqdaydı. Odur ki, növbəti onilliklərdə həyata keçirilən mülki, hüquqi, təhsil islahatlarına qarşı ciddi etirazlar baş vermədi. 

Müqayisə üçün, Rusiya imperiyası tərkibinə qatıldıqdan sonra Mərkəzi Asiyaya nəzər yetirə bilərik. Maraqlıdır ki, çoxəsrlik dini mərkəz rolunu oynayan Buxara və Səmərqənd mədrəsələrinin üləması cəmiyyətin ənənəvi standartlarının dəyişməməsində həlledici rol oynamışdı. Elə buna görə də, dövrünün maarifçilik hərəkatı olan cədidçilər üləmanın nüfuzu və hətta elmi bilikləri qarşısında cəmiyyət içində möhkəmlənə bilmədi. Lakin Azərbaycanda nə Mirzə Fətəli Axundzadəyə, nə də sonrakı dövrlərdə digər ziyalılara qarşı ciddi üləma basqısı və fətvası olmamışdı. İrandakı fəaliyyəti Axundzadəni üləmanın hədəfinə çevirsə də, digərləri üçün bunu demək o qədər də doğru olmazdı. Hətta Axundzadə belə bir yerdən sonra İran üləmasının gücü qarşısında digər iranlı modernistlərlə əməkdaşlıq etməli oldu və İran millətçiliyinin banilərindən birinə çevrildi. Azərbaycanda isə yerli din xadimlərinin iddiaları, hücumları məişət səviyyəsindən uzağa getmirdi. Bu da təsadüfi deyil ki, dövrün din xadimləri tərəfindən maarifçilik hərəkatının nümayəndələrinin fikirlərinə, fəaliyyətinə qarşı dini bilgilər əsasında qələmə alınmış hər hansı bir əsər, ciddi elmi müzakirə mövcud deyil. Primitiv “dinsizlik”, “allahsızlıq” ittihamları isə yerli molların öz imtiyazlarını qorumasından başqa bir şeyə xidmət etmirdi. Bütün bunlara baxmayaraq, dövrün modernist trendləri din xadimləri arasında da qəbul edilməkdəydi. Buraya “Quran”ın dilimizə ilk tərcüməsi, maarifçi din xadimlərinin yeni məktəb modelini dəstəkləməsi kimi bir çox mütərəqqi nümunələr daxildir. 
 

Yekun

İslam sivilizasiyasının bir parçası olan Azərbaycanda dinin mövcudluğu özünəməxsus inkişaf yolu keçib. Bir neçə əsri əhatə edən bu proses  zamanı, din insanlar üçün daha çox kimliyi formalaşdıran kültürəl element rolunu oynayıb. Bu gün də dini rituallar insanlar üçün kültürəl mahiyyət daşıyır. Aid olduğumuz coğrafiyada dinin insanların həyatında ən az olduğu ölkə kimi Azərbaycanın sekulyar ənənəsi daha sistemli və geniş araşdırma tələb edir. Bu yazıda da ələ alınan coğrafi şərtlər, ucqarlarda baş verən siyasi proseslər, yazılı İslam ənənəsinin zəifliyi, ali din tədrisinin olmaması gələcək tədqiqatlar üçün aktual mövzulardır. İslam ölkəsi olan Azərbaycanın özünəməxsus İslam anlayışının olması ölkəmizi daha da fərqləndirir. Buna görə də, etiqadından aslı olmayaraq dini radikallıq elə ilk əvvəl insanlar tərəfindən pislənir. İslamın kültürəl tərəfinə daha çox sahib çıxılan cəmiyyətimizdə müstəqillikdən sonra idxal olunmağa çalışılan doktrinal islam da heç vaxt insanların ənənəvi “Allaha qurban olum, mənim qəlbim təmizdir” inancından daha populyar olmayacaq. Digər tərəfdən də sekulyarizmin Axundzadənin əsərlərinin, teatr və operanın, milli mətbuatın, bir sözlə modernizmin nəticəsi olduğunu iddia etmək də yanlışdır. Bütün bunların cəmiyyətdə müəyyən təsirinin olması birbaşa tarixi, siyasi və ictimai proseslərlə əlaqəlidir və akademik standartlar əsasında araşdırılmalıdır.