Ermənistan-Azərbaycan sərhəd qarşıdurması: kimdir müqəssir?

Ermənistan-Azərbaycan sərhəd qarşıdurması: kimdir müqəssir?

Foto: Erməni artilleriyasının Tovuzun Dondar Quşçu kəndinə açdığı atəşin nəticələri. 14 iyul 2020. Heydər Mirzə

12 iyul 2020-ci il tarixində Azərbaycan Müdafiə Nazirliyi ölkənin şimal-qərbində - Tovuz rayonu ərazisində hərbi insidentin baş verməsilə bağlı məlumat verdi. Adı çəkilən rayon üçün sərhəd xəttində atışmalar nadir hadisə olmasa və çoxları baş verənlərin belə atışmalardan biri olduğunu hesab etsə də, hadisələr nəzarətdən çıxdı və sürətlə az qala real müharibə səviyyəsinə çatacaq qədər böyüdü.

İki ölkə artıq 30 ildən uzun müddətdir Ermənistan tərəfindən Azərbaycanın de-yure hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonların işğalı səbəbində müharibə vəziyyətindədir. 1988-ci ildə Sovet İttifaqı daxilində etnik toqquşmalar kimi başlayan münaqişə 1990-cı illərdə hər iki tərəfdən 20.000 nəfərin həyatını itirməsilə nəticələnən qanlı müharibəyə çevrildi. 1994-cü ildə müharibənin aktiv hissəsi sona çatdıqda Ermənistan qüvvələri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik 7 inzibati rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20%-ni işğal etmiş və 700.000 azərbaycanlını evlərindən didərgin salmışdı. Atəşkəs mübaribəni sonlandırmaq məqsədi güdürdü, lakin heç də möhkəm deyil. Konflikt özü isə regiondakı vəziyyət postsovet məkanında baş verən bir sıra entik münaqişələri ifadə etmək üçün istifadə edilən “donmuş münaqişə” terminə o qədər də uyğun gəlmir. Ərazidə sonuncu geniş miqyaslı alovlanma 2016-cı ilin aprelində - Azərbaycan ordusu Dörd Günlük müharibə dövründə bir neçə kvadrat kilometr ərazini işğalçı ordu qüvvələrindən azad etdikdə baş vermişdi.

Bu dəfə isə müharibənin baş verdiyi ərazi Dağlıq Qarabağdan bir neçə yüz kilometr aralıda yerləşən iki ölkənin dövlət sərhədidir. Toqquşmalar 12 iyul tarixində başladı və qısa fasilələrlə növbəti iki gün ərzində də davam etdi. Qarşıdurmanın bütün detalları açıqlanmasa da, məlumatlarda ağır artilleriya atəşi və dronlarla hücumların olduğu bildirilir. Azərbaycan tərəfindən təcrübəli və sevilən bir general və Ermənistanın hücumuna məruz qalan kənddə yaşayan bir mülki şəxs də daxil olmaqla artıq bir neçə nəfərin həlak olması barədə məlumat verilib. Bu ölümlər Azərbaycanda qəzəb və məyusluq doğurduğundan, baş verən hadisələrin qarşısını almaq daha çətin tapşırığa çevrilmişdir. Bununla belə,  Azərbaycan Müdafiə Nazirliyi yalnız düşmənin hərbi obyektlərinə atəş açacağını bildirərək erməni mülki şəxsləri hədəfə almaqdan açıq şəkildə imtina etmişdir. 

Ermənistan rəsmiləri Bakını provokasiyada günahlandıraraq toqquşmaların məsuliyyətini Azərbaycan tərəfinə atmağa çalışsa da, Bakı üçün xüsusi olaraq bu ərazidə hərbi əməliyyatlar təşkil etmək üçün stimul yoxdur və bunun da bir sıra səbəblərlə izah etmək mümkündür.

Birincisi, toqquşmaların baş verdiyi ərazi yaxınlığında ölkənin iqtisadiyyatı üçün vacib infrastruktur qovşaqlarının yerləşir. Münaqişə zamanı Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu kimi obyektlər qarşı tərəfin koordinasiyalı hücumlarına məruz qala bilər. Bu xüsusi infrastruktur vahidlərinin fiziki olaraq qorunması Azərbaycanın milli təhlükəsizlik məsələsidir və onların məhv edilməsi qeyri-mütənasib şəkildə ölkənin bütün iqtisadiyyatına təsir edə bilər. Bu səbəbdən Azərbaycanın belə infrastrukturun fiziki təhlükəsizliyi barədə riskə gedərək bu ərazidə hərbi əməliyyatlara başlaması ağlabatan deyil.

İkincisi, Azərbaycanın işğal olunmuş ərazilərindən xeyli uzaqdakı dövlət sərhədində, hər iki tərəfdə sıx məskunlaşmanın olduğu ərazidə bu formada şiddətli hadisələrin qızışması Azərbaycanın maraqlarına uyğun deyil. Ermənistanla “sərhəd” və Dağlıq Qarabağ və ətraf 7 rayondakı Ermənistan qüvvələri ilə “təmas xətti” anlayışları arasında vacib fərq göstərilməlidir. Azərbaycanın rəsmi mövqeyi, öz növbəsində, Ermənistanla sərhəddə eskalasiyanın qarşısını almaqdan ibarətdir, çünki Bakı qarşı tərəfin beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı heç bir ərazi iddiası irəli sürmür. Müvafiq olaraq, sərhəd boyunca yerləşən və təmas xəttindən çox uzaq olan Tovuzda təxribatın başlanması mövcud münaqişənin həlli üçün Azərbaycanın əsaslarına qarşıdır.

Üçüncüsü, yuxarıda göstərilən iddia Azərbaycanın Ermənistanla birbaşa sərhədlərinin tədricən demilitarizasiyası planlarına ziddir. 2018-ci ilin dekabr ayından bəri sərhəd boyu toqquşmaların azaldılmasına yönəlmiş tədbirlər çərçivəsində Azərbaycan tərəfi Ermənistanla şimal-qərb sərhəd xəttindəki – Ağstafa və Qazax rayonlarındakı hərbi postları və hərbi hissələri Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə təhvil verməkdədir. Hazırda toqquşmalarının baş verdiyi Tovuz rayonunun bu baxımdan növbəti ərazi olduğu gözlənilirdi. Bakının bu spesifik addımı onun Ermənistanla sərhədi və Dağlıq Qarabağdakı təman xəttini fərqləndirməkdə maraqlı olduğunu göstərmək üçün aydın ismarıc göndərməyə çalışırdı. Beləliklə, Tovuzdan planlı bir hücum qurmaq nəinki Bakının beynəlxalq ictimaiyyətə çatdırmaq istədiyi mesajlara, həm də şimal-qərb sərhədlər boyunca uzun müddət davam edən hərbi yenidənqurması planlara heç də uyğun gəlmir. 

Nəhayət, işğal olunmuş ərazilərdə deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (Rusiyanın “NATO”su) üzv olan Ermənistan Respublikasının ərazisinə birbaşa hücum Azərbaycanın uzunmüddətli strategiyası ilə üst-üstə düşmür. Bakı hərbi əməliyyatlara başlamaq niyyətində olsaydı, beynəlxalq aləm tərəfindən Azərbaycanın ərazisi kimi tanınan və KTMT-nin yuridiksiyasına daxil olmayaraq hansısa üçüncü tərəfin hərbi müdaxiləsini istisna edən Dağlıq Qarabağ və ətraf rayonlar daha məqsədəuyğun seçim olardı. Mübahisə yaratmayan ərazilər boyunca Bakı ilə İrəvan arasında açıq qarşıdurma olduğu halda Ermənistanın üzv olduğu KTMT-nin müdaxiləsi də qaçılmaz olardı. Buna görə də bir neçə yüksək vəzifəli zabitin itkisinə qəti şəkildə cavab vermək məcburiyyətində qaldıqda belə Azərbaycan eyni zamanda öz reaksiyasında təmkin göstərməyə məcburdur, çünki Ermənistan ərazisində hərbi əməliyyatların getməsi gözlənilməz nəticələrə səbəb ola bilər. Bu baxımdan bəzi müşahidəçilər hətta 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin fəlakətli nəticələrini xatırlatmaqdan belə çəkinmirlər.

Bunula belə, alovlanmanın səbəblərini müəyyənləşdirməyə çalışdıqda KTMT faktorunu istisna edə bilmərik: xüsusilə də erməni tərəfinin öz milli təhlükəsizlik strategiyasını bu ilin 10 iyul tarixində  - toqquşmalardan bir neçə gün əvvəl yenilədiyi zaman Rusiya ilə müttəfiqlik və KTMT üzvlüyü xüsusi vurğulandığı halda. Buna uyğun olaraq, dövlət sərhədi boyunca döyüşlərə başlamaqla Ermənistan lideri Nikol Paşinyan beynəlxalq nəbzi yoxlamağa və KTMT-nin münaqişəyə daxil edilə biləcəyini görməyə cəhd göstərdiyi ehtimal oluna bilər: müsbət reaksiya Paşinyanın son tədbirləri ilə (məsələn KTMT-nin Ermənistandan olan sədrinin həbsi) pisləşməyə başlayan Ermənistan-KTMT (və ya Ermənistan-Rusiya) hərbi müttəfiqliyini gücləndirə, mənfi reaksiya (ya da ümumiyyətlə reaksiyanın olmaması) isə Ermənistandakı anti-Rusiya hisslərinə təkan verə bilər. 

Toqquşmalar başladıqdan dərhal sonra Ermənistan rəsmiləri KTMT-yə işə qarışmaları üçün müraciət etsə, təcili reaksiya gəlmədi. Təşkilatın təhlükəsizlik şurasının növbədənkənar iclası əvvəlcə çağırılsa da, bir qədər sonra qeyri-müəyyən müddətə qədər təxirə salındı. Bundan əlavə, hərbi blokun iki vacib üzvü - Belarus və Qazaxıstan ümumiyyətlə Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir və KTMT-nin sessiyasının keçirilməməsində mühüm rol oynaya bilər.

Əslində, Ermənistanın bu son eskalasiyası son bir neçə ayda Paşinyanın nümayiş etdirdiyi davranışa tam uyğundur. Bu ilin may ayında o, Azərbaycan icması üçün mühüm emosional məna daşıyan şəhərdə - Şuşada "Dağlıq Qarabağ" rejiminin "prezidentinin" andiçmə mərasimində iştirak etdi ki, Bakı tərəfindən bu hərəkət əvvəlki Sarkisyan hökumətinin standartlarına görə də olduqca təxribatçı və misli görünməmiş bir hərəkət kimi qəbul edildi. İyun ayında Ermənistanla Dağlıq Qarabağı əlaqələndirən yeni magistral yolun inşasını elan edildi. Bu hərəkət o qədər həyasız təxribat idi ki, hətta Avropa Birliyi də bu barədə şərh verərək Ermənistanın qərarını pislədi və “bu magistral yolun inşası qərarının Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan - beynəlxalq hüquqa zidd olaraq qəbul olunduğunu” və “etimad, sülh və barışıq üçün əlverişli şərait yaratmağa kömək etmədiyini” qeyd etdi. Baxmayarq ki, sonuncu provokativ hərəkətlərin səbəbi məlum deyil, bunun Paşinyan tərəfindən onun Dağlıq Qarabağı satmağa hazırlaşdığı ilə bağlı konspirasiyalar yayaraq Azərbaycanla münasibətdə çox yumşaq olmaqda tənqid edən ifrat-sağçı müxalifətə qarşı həmlə olması da mümkündür.

Azərbaycan və Ermənistan arasındakı toqquşmalar həm də hüquq-mühafizə və hərbi orqanlarında hələ də kifayət qədər nüfuzunu saxlamış anti-Paşinyançı köhnə elita tərəfindən də təhrik edilə bilər. Baş Naziri tələyə salmaqla bu ünsürlər onu Azərbaycanla döyüş sahəsində uğursuz olan zəif lider kimi göstərmək istəyə bilər. Paşinyanın daxili rəqibləri, xüsusən də həbs olunan keçmiş prezident Köçəryan tərəfindən sərt tənqidində əsas mesajlarından biri də onun düzgün hərbi siyasət apara bilməməsinin Ermənistan silahlı qüvvələrinin gücünə zərər verməsi və birbaşa Qarabağ rejimini təhdid etməsi idi. Artıq Ermənistanda Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan ölən, yaralanan və əsir götürülən yüzlərlə insanın olduğu barədə şayiələr yayılıb – Ermənistan indiyə qədər dörd döyüşçünün ölümünü etiraf edib ki, bu da toqquşmanın miqyası nəzərə alındıqda etibarsız bir say kimi görünür.

*               *               *

Azərbaycanla Ermənistan arasında dramatik hərbi eskalasiya davam edir və nə qədər davam edəcəyini söyləmək mümkün deyil. Əgər hadisələr keyfiyyətcə yeni ssenari əsasında davam etsə, ənənəvi olaraq xarici status-kvo mühafizəçilərinin belə indiki şərtlər daxilində tərəfləri sülhə necə cəlb edəcəkləri qeyri-müəyyən görünür. Bununla yanaşı, baş verən son hadisələr Dağlıq Qarabağ münaqişəsinin illərlə laqeyd və düzgün idarə edilməməsinin nəticəsidir. Dəyişən mühitdə köhnəlmiş alət və metodlarla davam edən beynəlxalq ictimaiyyət tərəfindən 2016-cı ilin dərsləri kifayət qədər öyrənilməyib. Azərbaycan ərazilərinin qanunsuz işğalı faktının tanınması artdıqca, 2018-ci il “Məxməri inqilabı”ndan sonra Ermənistanın guya liberal yeni hökumətinin sülh prosesini canlandıracağı barədə əsassız və sadəlövh gözləntilərə səbəb oldu. Əslində, Ermənistana beynəlxalq təzyiqlərin olmaması yalnız Paşinyan hökumətinin Dağlıq Qarabağ məsələsində getdikcə populizmə yönəlməsi və vəziyyəti daha da alovlandıran bir sıra təxribatçı addımlar atması ilə nəticələndi. Azərbaycanlı məcburi köçkünlərin hüquqlarını bərpa etmək və İrəvan elitasının ərazi ambisiyalarını dayandırmaq üçün əsaslı tədbirlər görülməsə, heç bir atəşkəs davamlı olmayacaq.