Azərbaycan-Ermənistan normallaşması prosesi Ermənistan seçkilərindən sonra
Azərbaycan-Ermənistan sülh prosesində onilliklər ərzində əldə edilmiş ən mühüm irəliləyişə yol açan Vaşinqton sammitinin bir illiyi ərəfəsində Ermənistan parlament seçkilərinə ev sahibliyi etdi. Seçkilərin nəticəsində Baş Nazir Nikol Paşinyan öz mandatını yeniləsə də, sülh prosesinin tamamlanması üçün çətinliklər hələ bitməyib.
7 iyun 2026-cı il seçkiləri Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının 49%-dən bir qədər çox səs toplayaraq parlamentdə çoxluq əldə etməsi ilə yekunlaşdı. Bu nəticə Paşinyana koalisiya tərəfdaşlarına ehtiyac olmadan hökumət formalaşdırmağa imkan verir və ümumən onun Azərbaycan və Türkiyə ilə normallaşmanı davam etdirmək, Ermənistanı Avropa İttifaqı və ABŞ-a daha da yaxınlaşdırmaq və Rusiyadan asılılığını tədricən azaltmaq kursunun davamlılığını təsdiqləyir.
Lakin seçkilər bu mandatın məhdudiyyətlərini də üzə çıxardı. “Vətəndaş müqaviləsi” konstitusiya dəyişiklikləri üçün tələb olunan üçdə iki səs çoxluğunu əldə edə bilmədi. Bu məqam xüsusilə əhəmiyyət kəsb edir, çünki Bakı, Ermənistanın konstitusion çərçivəsində dəyişikliklərin edilməsini paraflanmış sülh sazişindən onun yekun imzalanmasına keçid üçün əsas şərtlərdən biri kimi irəli sürüb. Beləliklə, seçkilər Ermənistanı kimin idarə edəcəyi sualına cavab versə də, digər, potensial olaraq daha mühüm sualı açıq saxladı: Paşinyan sülh prosesini başa çatdırmaq üçün zəruri olan konstitusiya dəyişikliklərini təmin edə biləcəkmi?
Məsələ yalnız hüquqi və ya prosedur xarakter daşımır. Söhbət sülh razılaşmasının nə dərəcədə davamlı olacağından və normallaşma prosesinin hansı cür irəliləyicəyindən gedir. Bakının nöqteyi-nəzərindən ikitərəfli sülh sazişi yalnız bir hökumətin və ya bir parlament çoxluğunun mövqeyindən asılı olmamalıdır. Ərazi iddialarından imtinanın Ermənistanın konstitusion quruluşunda təsbit edilməsi bu gün götürülən öhdəliklərin gələcək siyasi dəyişikliklərdən sonra da qüvvədə qalacağına daha böyük əminlik yarada bilər.
Konstitutsiya referendum (hələ də) qaçılmazdırmı?
İrəvan üçün bundan sonrakı mərhələdə ən rahat yol konstitusiya məsələsindən qaçmaq (və ya təxirə salmaq), əvəzində normallaşmanın siyasi və institusional baxımdan daha asan istiqamətlərində irəliləmək olardı. Ermənistanda və xaricdə bəzi dairələr – həm parlament seçkilərindən əvvəl, həm də xüsusilə seçkilərin nəticələri məlum olduqdan sonra – əvvəlcə sülh sazişinin imzalana biləcəyini, konstitusiya dəyişikliklərinin isə sonradan referendum vasitəsilə həll edilə biləcəyini təkliflərini irəli sürüblər. Digərləri isə ümumiyyətlə konstitusiya referendumunun zəruri olub-olmadığını sual altına alırlar.
Azərbaycan tərəfinin mövqeyi aydındır. Prezidentin köməkçisi Hikmət Hacıyevin Dilicana səfərini təşkil etməklə (yeri gəlmişkən, o, seçkilərdən sonra Ermənistana səfər edən ilk yüksək vəzifəli xarici rəsmi oldu) Bakı sülh və normallaşma prosesinə sadiqliyini nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan rəhbərliyinin bəyanatları vasitəsilə geri addım atmaq niyyətində olmadığı digər bir tələbi də bir daha təsdiqləndi: Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları hesab etdiyi müddəanın çıxarılması.
Ermənistan hökuməti indi bu tələbi qarşılamaq üçün siyasi baxımdan həyata keçirilə bilən yol tapmalıdır. Nəzəri olaraq, Paşinyanın iki seçimi var. O, konstitusiya dəyişikliklərinin başlanması üçün tələb olunan parlament həddinə çatmaq məqsədilə müxalifət deputatlarının dəstəyini qazanmağa çalışa bilər. Alternativ olaraq, Ermənistan qanunvericiliyində nəzərdə tutulan prosedurlar çərçivəsində kifayət qədər ictimai dəstək səfərbər edərək məsələni referendum yolu ilə xalqın səsverməsinə çıxara bilər. Lakin bu yolların heç biri hamar görünmür. Müxalifət deputatlarının səslərini əldə etmək Paşinyanın böyük siyasi qələbə qazanmasına kömək etməkdə maraqlı olmayan siyasi qüvvələrlə əməkdaşlıq etməsini tələb edəcək. Referendum isə daha böyük risk daşıyır: konstitusiya məsələsini birbaşa seçicilərin mühakiməsinə çıxarmaqla Paşinyan həm də öz siyasi nüfuzunu və potensial olaraq daha geniş sülh gündəliyini sınağa çəkmiş olacaq.
Paşinyan konstitusiya dəyişikliklərini Azərbaycanla sülhə və daha geniş regional normallaşmaya doğru son institusional addım kimi təqdim edə bilər. Lakin referendumun uğursuzluğu siyasi baxımdan ciddi itkiyə çevrilə və hökumətin nüfuzunu məhz sülh sazişinin yekun mərhələlərinin müzakirə edilməli olduğu bir vaxtda zəiflədə bilər.
Ümumiyyətlə, referendumun uğurlu nəticələnəcəyinə də zəmanət yoxdur. Hazırda parlamentdə təmsil olunan iki müxalifət qüvvəsi birlikdə səslərin üçdə birindən çoxuna sahibdir və bu, onların referendumu həqiqətən rəqabətli siyasi mübarizəyə çevirə biləcək kifayət qədər çəkiyə malik olduğunu göstərir. Beləliklə, kampaniya konstitusiya dəyişikliklərinin dar çərçivəsindən kənara çıxaraq (2021-ci ildən bəri az qala 3-cü dəfə) Paşinyanın xarici siyasəti, Ermənistanın Rusiya ilə münasibətləri, Qarabağ münaqişəsinin irsi və ölkənin Qərblə getdikcə yaxınlaşan münasibətləri barədə daha geniş siyasi qiymətləndirməyə çevrilə bilər.
Risklər xüsusilə yüksəkdir, çünki Paşinyanın siyasi reytinqi növbəti seçki qələbəsini təmin etmək üçün kifayət qədər güclü olsa da, artıq nə 2018-ci il “Məxməri inqilab” dövründəki, nə də 2021-ci il parlament seçkilərindən sonrakı səviyyədədir. Beləliklə, o, olduqca həssas bir seçim qarşısındadır: konstitusiya dəyişikliyi Azərbaycanla davamlı sülhün əldə olunması üçün zəruri ola bilər, lakin buna nail olmaq prosesi özü sülh prosesinin tamamlanmasını çətinləşdirə biləcək siyasi zəiflikləri üzə çıxara və onun hakimiyyətinin legitimliyinə zərbə bilər.
Azərbaycan tərəfi baxımından da mühüm və hələ cavabsız qalan sual var: Ermənistan ictimaiyyəti təklif olunan konstitusiya dəyişikliklərini rədd edərsə, Bakı necə davranacaq? Azərbaycan konstitusiya məsələsini sülh sazişinin imzalanması üçün əsas şərt kimi ardıcıl şəkildə təqdim edib. Lakin uğursuz referendumun təkcə sazişin imzalanmasına deyil, daha geniş normallaşma prosesinə hansı təsir göstərəcəyi hələ də aydın deyil.
Eyni zamanda, belə bir vəziyyətdə tərəflərin prosesi necə davam etdirəcəyi və ya yeni siyasi reallığa uyğunlaşmaq üçün mövcud sülh və normallaşma çərçivəsini yenidən formalaşdırmalı olub-olmayacağı da qeyri-müəyyən olaraq qalır.
(Ən azı) dörd normallaşma istiqaməti
Lakin konstitusiya məsələsi daha geniş mənzərəni kölgədə qoymamalıdır. Azərbaycan- Ermənistan normallaşma prosesi təkcə bir masa ətrafında aparılan danışıqlardan ibarət deyil. Bu proses bir-biri ilə əlaqəli bir neçə istiqamət üzrə inkişaf edib və onların bəzilərində irəliləyiş ən siyasi həssas məsələ hələ də həllini tapmadığı halda belə davam edə bilər.
Birinci istiqamət sülh sazişinin özüdür. Proses 2025-ci ilin avqustunda tarixi mərhələyə çatdı. Həmin vaxt Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin razılaşdırılmış mətnini parafladılar. Liderlər tərəfindən imzalanmış üçtərəfli Vaşinqton Birgə Bəyannaməsində sazişin imzalanması və ratifikasiyası istiqamətində əlavə addımların atılmasının zəruriliyi vurğulandı.
Praktiki baxımdan, məzmunla bağlı danışıqlar böyük ölçüdə başa çatıb və sazişin rəsmi imzalanması qarşısında qalan yeganə əsas maneə yuxarıda qeyd olunan konstitusiya referendumudur. Növbəti mərhələdə əsas məsələ paraflanmış mətni və Vaşinqtonda əldə edilmiş siyasi öhdəlikləri rəsmi şəkildə imzalanmış, ratifikasiya edilmiş və davamlı sülhə çevirməkdir.
İkinci istiqamət sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Bu proses iki ölkə baş nazir müavinlərinin həmsədrliyi ilə fəaliyyət göstərən ikitərəfli komissiya tərəfindən həyata keçirilir. Proses yüksək dərəcədə texniki xarakter daşısa da, normallaşmanın yalnız arxa planda qalan komponenti deyil. Təxminən 1.000 kilometrlik sərhədin indiyədək yalnız təqribən 12 kilometri rəsmi olaraq delimitasiya və demarkasiya edilsə də, proses artıq konkret nəticələr verib və bu nəticələrə 2024-cü ildə Ermənistan tərəfindən bir neçə kəndin Azərbaycana təhvil verilməsi də daxildir.
Komissiyanın fəaliyyəti sərhəd xətlərinin texniki müəyyənləşdirilməsi ilə də məhdudlaşmayıb. Onların üzvləri həm birbaşa sərhəd boyunca yerləşən sahələrə, həm də hər iki ölkənin daxilində yerləşən ərazilərə, qarşılıqlı səfərlər həyata keçirməklə yerdəki praktiki problemlərlə birbaşa tanış olmaq imkanı əldə edib. Bu təmaslar mühüm etimad quruculuğu tədbirləri rolunu oynayır və potensial mübahisələrin idarə edilməsində həlledici ola biləcək kommunikasiya kanallarının yaradılmasına kömək edir. Nəticə etibarilə, sərhədin qarşılıqlı razılaşdırılmış hər bir hissəsi yeni qarşıdurma üçün fiziki və siyasi məkanı azaldır və gələcək nəqliyyat, təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün daha proqnozlaşdırılan mühit yaradır.
Əhəmiyyətli məqam ondan ibarətdir ki, hər iki tərəf bütün sərhədin delimitasiya və demarkasiyasının tamamlanmasının uzunmüddətli proses olacağını, bunun illərlə, hətta onilliklərlə davam edə biləcəyini anlayır. Bu o deməkdir ki, sülh sazişinin yaxın gələcəkdə rəsmi şəkildə imzalanıb-imzalanmamasından asılı olmayaraq, sərhədlə bağlı ikitərəfli təmaslar qaçılmaz olaraq davam edəcək. Bu mənada komissiyanın işi sülh sazişi çərçivəsi ilə məhdudlaşmır: bu, Azərbaycan və Ermənistanın gələcək illər ərzində öz ortaq sərhədlərini idarə etməli və praktiki məsələləri həll etməli olacaqları uzunmüddətli institusional mexanizmdir.
Üçüncü istiqamət nəqliyyat və kommunikasiya ilə əlaqədardır. Hər iki tərəf regional nəqliyyat əlaqələrinin açılmasının iqtisadi və strateji əhəmiyyətini getdikcə daha çox qəbul edir. Lakin onların prioritetləri hələ ki fərqlidir. İrəvan ümumiyyətlə, regional kommunikasiyaların eyni vaxtda açılmasında təkid edir, Bakı isə Vaşinqtonda razılaşdırılmış çərçivə daxilində əvvəlcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında və Ermənistan ərazisindən keçəcək yola daha çox əhəmiyyət verir. ABŞ-nin da layihəyə cəlb olunması ilə TRIPP təşəbbüsü bu gündəliyin mərkəzi komponentinə çevrilib.
Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan və Ermənistan arasaında nəqliyyat və kommunikasiya yalnız dəmir yolu və ya avtomobil yolu layihələri ilə məhdudlaşmır. Formalaşmaqda olan bu çərçivə nəqliyyat infrastrukturu, rəqəmsal bağlantı, elektrik enerjisinin ötürülməsi və potensial olaraq digər iqtisadi infrastruktur formalarını əhatə edə biləcək daha geniş kommunikasiya arxitekturasını nəzərdə tutur.
Dördüncü istiqamət iqtisadi əməkdaşlıqdır. Rəsmi sülh sazişi imzalanmamışdan əvvəl belə praktiki iqtisadi qarşılıqlı fəaliyyət formaları yaranmağa başlayıb. Azərbaycan öz ərazisindən Ermənistan istiqamətində tranzitlə daşınan yüklərə tətbiq olunan onillik məhdudiyyətləri aradan qaldırıb və Rusiya və Qazaxıstandan gələn malların Azərbaycan vasitəsilə Ermənistana çatdırılmasına imkan verib. 2025-ci ilin sonlarından etibarən Azərbaycan Ermənistana yanacaq da tədarük etməyə başlayıb, baxmayaraq ki, bu tədarüklər hələ də Gürcüstan ərazisindən tranzitlə həyata keçirilir. Hər iki ölkənin aidiyyəti nazirlikləri gələcək ticarətə daxil edilə biləcək əlavə əmtəə kateqoriyalarını (məs. tikinti materialları) da müzakirə edirlər.
Sırf kommersiya baxımından hazırkı ticarət həcmi hələ də məhduddur və bu razılaşmaların bəziləri hazırda xüsusilə rentabelli görünməyə bilər. Lakin onların əhəmiyyəti yalnız dərhal iqtisadi gəlirlərlə ölçülməməlidir. Hazırkı mərhələdə məqsəd həm də normallaşmanın digər fəaliyyət göstərən istiqamətini yaratmaq və iki ölkə arasında iqtisadi qarşılıqlı asılılığın ilkin təməllərini qoymaqdır. Hətta məhdud və kommersiya baxımından optimal olmayan mübadilələr belə əməkdaşlığın praktiki vərdişlərini formalaşdıra, dövlət qurumları və bizneslər arasında kanallar yarada və daha açıq ikitərəfli münasibətlərin konkret faydalarını tədricən nümayiş etdirə bilər. Bu mənada iqtisadi normallaşma tam siyasi normallaşmanı gözləmək məcburiyyətində deyil; əksinə, məhdud iqtisadi qarşılıqlı fəaliyyət özlüyündə daha davamlı sülh üçün şəraitin formalaşdırılması vasitəsinə çevrilə bilər.
Bu istiqamət iki ölkənin biznes icmaları arasında birbaşa təmaslar vasitəsilə hökumətlərarası müzakirələrdən kənara da genişləndirilə bilər. Azərbaycan və Ermənistan sahibkarlarının bir araya gətirilməsi qarşılıqlı kommersiya maraqlarının olduğu sahələri müəyyənləşdirməyə, yeni imkanları araşdırmağa və hökumətlərin indiyədək nəzərdən keçirmədiyi praktiki təkliflər irəli sürməyə kömək edə bilər. Bu cür təmaslar, öz növbəsində, iqtisadi əməkdaşlıq üçün əlavə imkanlar yarada və normallaşma prosesinə daha güclü özəl sektor ölçüsü qazandıra bilər.
Cari Azərbaycan- Ermənistan normallaşmasının əsas xüsusiyyəti onun çoxistiqamətli xarakteridir. Normallaşmanı bir-birindən ayrı, lakin qarşılıqlı əlaqəli bir neçə istiqamət üzrə irəli aparmaqla tərəflər bir sahədə yaranan geriləmənin bütün prosesi dalana dirəməsi riskini azaldırlar.
Eyni zamanda, bir istiqamətdəki irəliləyiş digər istiqamətlərdə də dinamika yarada, etimadı gücləndirə, əməkdaşlıq üçün yeni stimullar formalaşdıra və daha geniş normallaşma gündəliyinə müsbət təsirlər göstərə bilər.
Beləliklə, dörd istiqamət bir-biri ilə dərindən əlaqəlidir, lakin hər biri öz tempini və müəyyən dərəcədə əməliyyat muxtariyyətini qoruyur. Qarşılıqlı asılılıq və çevikliyin bu kombinasiyası Azərbaycan-Ermənistan normallaşması prosesinin dayanıqlılığının əsas mənbələrindən birinə çevrilib. Bu həm də o deməkdir ki, rəsmi imzalanmış sülh sazişinin olmaması digər sahələrdə praktiki irəliləyişə mütləq maneə yaratmır. Konstitusiya məsələsi müəyyən müddət ərzində həll olunmamış qalarsa, bu dinamika xüsusilə əhəmiyyətli ola bilər.
TRIPP və regionun geosiyasi ab-havası
Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP) layihəsinin gələcəyi daha geniş normallaşma prosesi üçün xüsusilə əhəmiyyətli olacaq, lakin onun perspektivlərini yalnız Azərbaycan-Ermənistan münasibətləri prizmasından qiymətləndirmək düzgün olmaz. Təşəbbüs, əsasən ABŞ-nin əhəmiyyətli dərəcədə iştirakı və siyasi himayəsi səbəbindən iki ölkənin hüdudlarından kənara çıxan geosiyasi ölçü qazanıb.
Ermənistan və ABŞ arasında 2026-cı ildə imzalanmış çərçivə sazişi TRIPP-in həyata keçirilməsinə yardım etmək məqsədilə müştərək müəssisənin yaradılmasını nəzərdə tutur və layihə subyektlərinə üçüncü tərəfləri konsessioner, sponsor, operator, podratçı və mühəndislik, satınalma və tikinti xidmətləri təminatçıları kimi seçmək imkanı verir. Azərbaycanın coğrafi mövqeyi onun ərazisini Ermənistanın cənubunda infrastrukturun inkişafı üçün tələb olunan avadanlıq, tikinti materialları və digər təchizatın təbii logistika qapısına çevirir. Azərbaycan şirkətləri TRIPP və əlaqəli infrastrukturun tikintisində də birbaşa iştirak edə bilər. Öz ərazisində dəmir yolunun Ermənistan sərhədinə qədər olan hissəsini artıq başa çatdırmış Azərbaycan şirkətləri Ermənistanın cənubunda TRIPP layihəsi çərçivəsində və daha sonra Naxçıvanda işlərini davam etdirmək üçün müvafiq texniki təcrübəyə, avadanlığa və əməliyyat imkanlarına malikdirlər. Marşrutun coğrafi davamlılığı və sərhədin hər iki tərəfində infrastrukturun uyğunluğunun təmin edilməsi zərurəti nəzərə alınmaqla, belə iştirak həm iqtisadi, həm də mühəndislik baxımından xüsusilə məntiqli ola bilər. Bu, Azərbaycan iştirakını sadəcə praktik və səmərəli deyil, həm də daha geniş bağlantılılıq layihəsinin bütövlüyü və gələcək fəaliyyəti baxımından strateji əhəmiyyətli edə bilər.
Azərbaycan-Ermənistan sərhədi boyunca və ya ona yaxın ərazilərdə planlaşdırılan bu nəqliyyat infrastruktur sabit və dəqiq delimitasiya edilmiş ərazi mühiti tələb edəcək. Buna görə layihədə irəliləyiş tərəflər üçün sərhədin müvafiq hissələrinin delimitasiya və demarkasiyasını sürətləndirmək üçün əlavə stimul yarada bilər.
TRIPP-i strateji baxımdan əhəmiyyətli edən xüsusiyyət – ABŞ-ın birbaşa iştirakı eyni zamanda onun Axill dabanına çevrilə bilər.
İran həm təklif olunan infrastruktur razılaşmalarına, həm də ABŞ-nin Cənubi Qafqazdakı rolunun genişlənməsinə ardıcıl şəkildə etiraz edib. Tehranın nöqteyi-nəzərindən İranın dərhal şimalında Vaşqinton tərəfindən dəstəklənən nəqliyyat və infrastruktur layihəsi sadəcə iqtisadi təşəbbüs kimi deyil, Amerikanın regiondakı strateji təsirinin daha geniş şəkildə genişlənməsinin bir hissəsi kimi qəbul edilə bilər. Davam edən ABŞ-İran qarşıdurması bu narahatlıqları daha da gücləndirir.
Bu, TRIPP üçün fundamental təhlükəsizlik dilemması yaradır. Hər hansı infrastruktur fiziki olaraq tikilməzdən əvvəl belə layihənin özü artıq İranın diqqətini cəlb edəcək qədər siyasi əhəmiyyət qazanıb. ABŞ və İran arasında davam edən və ya yenidən başlayan hərbi qarşıdurma şəraitində TRIPP fiziki ölçüsünə nisbətən qeyri-mütənasib təhlükəsizlik riskləri ilə üzləşə bilər. Münaqişənin başa çatması ilə bu zəiflik mütləq aradan qalxmayacaq. Atəşkəs və ya gələcək razılaşma hərbi eskalasiyanın dərhal riskini azalda bilər, lakin Tehranın layihə və onun arxasında duran ABŞ-nin rolu ilə bağlı daha geniş narahatlıqlarını aradan qaldırması ehtimalı azdır.
Bu səbəbdən İran TRIPP-in həyata keçirilməsinə müxtəlif siyasi, iqtisadi və ya təhlükəsizlik vasitələri ilə mane olmağa və ya onu çətinləşdirəcəyi və bunların Rusiya ilə koordinasiya ehtimalını da istisna etmək olmaz. Moskvanın Cənubi Qafqazda dəyişən geosiyasi balans və ənənəvi olaraq Rusiyanın təsir dairəsi hesab olunan regionda ABŞ-nin artan iştirakı ilə bağlı öz narahatlıqları var.
Bu, TRIPP-in uğursuzluğa məhkum olması demək deyil. Əksinə, onun uğuru layihənin əsasən geosiyasi təşəbbüsdən kifayət qədər iqtisadi dəyərə və kifayət qədər geniş maraqlı tərəflər qrupuna malik həqiqətən regional bağlantılılıq layihəsinə çevrilə bilib-bilməyəcəyindən asılı olacaq. TRIPP-dən faydalanan aktorların sayı nə qədər çox olarsa (Azərbaycan, Ermənistan, ABŞ, Türkiyə, Avropa bazarları və potensial olaraq digər regional iqtisadiyyatlar) layihəni pozmağa cəhd etməyin siyasi və iqtisadi dəyəri də bir o qədər yüksək olacaq.
Bu mənada TRIPP həm daha geniş sülh prosesi üçün imkan, həm də sınaqdır. Uğurla həyata keçirilərsə, Azərbaycan-Ermənistan sərhədini qarşıdurma zonasından bağlantılılıq və qarşılıqlı asılılıq dəhlizinə çevirə bilər. Lakin bunun baş verməsi üçün layihə yalnız Bakı və İrəvan arasında normallaşmanın texniki və siyasi problemlərini deyil, həm də onların ətrafında baş verən daha geniş geosiyasi rəqabəti də idarə etməli olacaq.
Seçkilər nəyi dəyişir və nəyi dəyişmir
Beləliklə, Ermənistan seçkiləri nə sülh prosesini yenidən başladıb, nə də onu başa çatdırıb. Seçkilər daha məhdud, lakin yenə də mühüm bir iş görüb: Ermənistandakı siyasi mənzərəni aydınlaşdırıb.
Paşinyan dominant siyasi aktor olaraq qalır və onun hökuməti normallaşma gündəliyini davam etdirmək üçün yeni seçki mandatına malikdir. Azərbaycan üçün bu, seçkilərin ən mühüm dərhal nəticəsidir. Hakimiyyət dəyişikliyi artıq əhəmiyyətli siyasi kapital toplamış və paraflanmış sazişin əldə edildiyi prosesə qeyri-müəyyənlik gətirə bilərdi.
Lakin davamlılıq yekun həll ilə qarışdırılmamalıdır.
Seçkilər Paşinyanı parlament çoxluğu ilə təmin edib, lakin Bakının qalan əsas etirazının mərkəzində duran məsələni daha geniş siyasi dəstək olmadan həll etməyə imkan verəcək konstitusion superçoxluğu ona verməməklə paradoks yaradıb. Seçkinin nəticəsi Ermənistan hökumətini siyasi baxımdan gücləndirir, eyni zamanda sülh prosesinin növbəti mərhələsini hakim partiyadan kənarda konsensusdan daha çox asılı vəziyyətə gətirir.
Bu, nəticə etibarilə yalnız maneə deyil, həm də imkan ola bilər. Əgər sülh prosesi həqiqətən davamlı olacaqsa, o, yalnız bir siyasi qüvvənin layihəsi olaraq qala bilməz. Ermənistanın siyasi elitasının və cəmiyyətinin daha geniş hissəsi tərəfindən dəstəklənən və ya ən azı qəbul edilən razılaşma gələcək seçki dəyişikliklərinə qarşı daha dayanıqlı olar.
Beləliklə, qarşıdakı aylar yalnız Paşinyanın siyasi bacarıqlarını deyil, hər iki tərəfin çevikliyini də sınaqdan keçirəcək. Bakı konstitusiya məsələsindəki mövqeyini qorumaqla yanaşı, konstitusion xarakter daşımayan istiqamətlər vasitəsilə nə qədər irəliləyiş əldə edilə biləcəyinə qərar verməli olacaq. İrəvan isə daxili siyasi məhdudiyyətləri sülh prosesinin tamamlanması tələbləri ilə necə uzlaşdıra biləcəyini müəyyən etməli olacaq.
Vaşinqtondan bir il sonra sülhün əsas arxitekturası sammitdən əvvəlki dövrlə müqayisədə xeyli daha inkişaf etmiş vəziyyətdədir. İndi qarşıda duran çağırış həmin arxitekturanı geri dönməz siyasi reallığa çevirməkdir.