İranın İsrailə raket hücumu və Yaxın Şərq genişmiqyaslı müharibənin astanasında

İranın İsrailə raket hücumu və Yaxın Şərq genişmiqyaslı müharibənin astanasında

2023-cü il oktyabrın 7-də Həmasın İsrailə hücumu ilə başlayan müharibə və sonrasında İsrail ordusunun İran-dəstəkli Həmas və Hizbullah qüvvələrinə qarşı müxtəlif vaxtlarda həyata keçirdiyi uğurlu əməliyyatlar nəhayət ki, İranın da birbaşa iştirak edəcəyi regional müharibə ilə nəticələnə bilər. Belə ki, sentyabrın 27-i Hizbullah lideri Həsən Nəsrallahın Livanın paytaxtı Beyrutda İsrailin hava hücumları nəticəsində öldürülməsindən sonra oktyabrın 1-də İran İsrail ərazisini ballistik raketlərlə yaylım atəşinə tutmağa başladı. Xatırlamaq yerinə düşər ki, Tehran aprel ayının 1-i İsrailin İranın Suriyadakı konsulluğunu bombalayıb İnqilab Keşikçiləri Korpusunun yüksək çinli hərbçilərini qətlə yetirməsindən sonra aprelin 13-də ilk dəfə İsrail ərazilərini birbaşa öz ərazisindən dron və ballistik raketlərlə atəşə tutmuş və İsrailə qırmızı xətləri yenidən keçiləcəyi təqdirdə cavabın daha ağır olacağını göstərmişdi.

İslam Keşikçiləri Korpusuna (bundan sonra İKK) yaxınlığı ilə bilinən “Təsnim” xəbər portalı son hücumu İsrailin Həmasın siyasi lideri İsmayıl Haniyəni, Hizbullah lideri Həsən Nəsrallahı və onunla eyni gündə qətlə yetirilən İKK generalı Abbas Nilforuşanı öldürməsinə cavab kimi təqdim edib. İran rəhbərliyi hücumun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirildiyini iddia edir (özünü müdafiə və yalnız hərbi obyektlərin hədəf alınması). Tehran İsraili hərbi vasitələrə əl ataraq cavab verəcəyi təqdirdə daha ağır zərbələr endirəcəyi ilə hədələyir.

Qeyd edilməlidir ki, aprel ayındakı hücumdan fərqli olaraq bu dəfə İran dronlardan istifadə etməyib və hücum barədə qarşı tərəfə xəbərdarlıq edilməyib. “Təsnim”in xəbərinə görə hücum əməliyyatında 200-ə yaxın ballistik raketdən istifadə olunub. Lakin bu dəfəki əməliyyatda İran ordusu aprel ayındakı kimi köhnə raketlərdən yox, daha müasir arsenaldan, ən önəmlisi isə ictimaiyyətə ötən il təqdim olunan hipersonik raketlərdən istifadə edib. İsrail hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələri aprel ayında olduğu kimi ABŞ, Fransa və Iordaniya ilə koordinasiyalı şəkildə raketlərin böyük hissəsini İordaniya və öz hava sahəsində neytrallaşdırmağı bacarıb. Buna baxmayaraq, müxtəlif internet portallarında yayılan videolarda raketlərin paytaxt Təl-Əvivdə dağıntılara səbəb olduğu görünür. İranın hipersonik raketlərinin İsrailin Dəmir Qübbə, Barak və ya Ox (Arrow) sistemləri ilə üst səviyyədə təşkil olunmuş hava müdafiə mexanizmlərinə ciddi təzyiq yaratdığı artıq bir gerçəkdir. Ancaq gərginliyin bu mərhələsində İranın son hücum texnologiyalarının bir qismini istifadə etməsi İsrailə bu təhdidlə başa çıxmaq üçün bir material təqdim edir ki, bu da gələcəkdə İranın caydırıcı gücünü azalda bilər.

İran hərbi qüvvələrinin baş qərargah rəisi General-Mayor Məhəmməd Həsən Baqeri İranın “Həqiqi Vəd 2” (Operation True Promise II) əməliyyatı ilə İsrailin İrana və İran-dəstəkli qüvvələrə qarşı hücumlarda istifadə olunmuş 3 əsas hərbi və kəşfiyyat bazalarını hədəf aldıqlarını bildirib. Bunlar İranın xüsusi xidmət orqanlarına uğurla sızaraq yüksək rütbəli zabitlərin və elm adamlarının öldürülməsini təşkil edən Mossadın qərargah binası, İsrailin son nəsil F-35 qırıcılarının olduğu Nevatim hava bazası və Nəsrallahın ölümündə aktiv istifadə olunan Hatzerim bazasıdır. İranın İsrailə qarşı bu səviyyədə cavabı təbii ki, iki ölkə arasında bütün qırmızı xətlərin keçilməsi deməkdir. Nəticədə, Yaxın Şərqdə hərbi-siyasi vəziyyət heç vaxt olmadığı qədər qeyri-müəyyəndir.

Bir çox ekspertlər İsrailin cavabının çox ağır olacağını proqnozlaşdırırlar. Əsas iddialardan biri budur ki, İsrail İran iqtisadiyyatının əsas gəlir mənbələrindən biri olan neft infrastrukturunu və nüvə proqramına daxil olan əsas obyektləri hədəf ala bilər. Nəsrallahın ölümündən sonra İsrailin şimalında İranın nüvə obyektlərinə hücum olarsa İsraili ciddi şəkildə təhdid edə biləcək Hizbullahın olmaması məsələsi də Netanyahu kabinetinin qərarvermə prosesinə təsir edə bilər. Bu özü-özlüyündə yeni və daha təhlükəli bir eskalasiya spiralının yaranması mənasına gələcək. Hal-hazırda İran nüvə silahına sahib olmasa da çox da uzun vaxta ehtiyac olmadan nüvə silahı əldə etmək iqtidarındadır. İsrail və ABŞ ilə  regional mübarizədə Həmas və Hezbollahın da daxil oduğu “Müqavimət Oxu”na güvənən Tehran, bu qüvvələrin İsrailin son uğurlu həmlələri nəticəsində iflic olmasından sonra nüvə silahını əsas caydırıcı vasitə kimi görə bilər. İsrailin İranda nüvə proqramı ilə əlaqəli və ölkənin müxtəli hissələrində əsasən dağların altında qorunan nüvə obyektlərinə zərbələri gözlənilən effekti verməyə bilər.

İranın ballistik raketlərdən istifadə edərək İsrail ərazisinə hücum etməsi əslində kifayət qədər gözlənilməz bir addımdır. Hətta Hizbullah lideri Nəsrallahın öldürülməsindən sonra belə bir çox ekspertlər İranın buna sərt cavab verməyəcəyini qeyd edirdilər. Səbəb kimi isə üç məsələni qeyd etmək olar. Birincisi, İran ola biləcək müharibə kontekstində İsrail və Amerikanın üstün hərbi potensialından çəkindiyi üçün İsraili cəzalandırmaq üçün öz regional proksilərini önə çəkməyə üstünlük verirdi. İranın regional strategiyası müzakirələrində bu konsept “irəlidə müdafiə” və ya “hücumda müdafiə” adlanır və əsas məğzi düşmənlə potensial hərbi toqquşmaların İran ərazisindən kənarda aparılmasına hesablanıb. İranın hərbi doktrinasında bu yanaşma xüsusilə İran-İraq müharibəsindən sonra yer etməyə başlayıb. Molla rejiminin daxili siyasətdə legitimliyə iddialarının əsasında İran əhalisinin bir də o tipli ağır müharibəyə məruz qalmayacağı vədi də dayanır. Ümumiyyətlə, İran Oktyabr 7 hadisələrindən sonra keçən 1 il ərzində İsraillə hərbi toqquşmadan yayınaraq Tel-Əvivin beynəlxalq arenada daha çox izolyasiya olmasına çalışır.

İkincisi, İranın hərbi potensialı və ola biləcək toqquşmalarda İsrailə davamlı zərər verlə bilmə qabiliyyəti aşağıdır. İran ordusunun özəyində əsasən İKK qüvvələrinin son dövrlərdə inkişaf etdirdiyi dron və ballistik raket arsenalı dayanan müharibə strategiyası müdafiə meyillidir. Eyni zamanda, geniş-miqyaslı bir müharibə üçün bu potensial kifayət qədər limitlidir. 

Üçüncüsü, hakimiyyətə yeni gəlmiş Prezident Məsud Pezeşkian və reformist komandası Qərblə münasibətlərin normallaşdırılması və nüvə sanksiyalarının aradan qaldırılması məsələsini qarşısına hədəf qoyduğu üçün İsrailin artan təzyiqləri qarşısında soyuqqanlığını qoruyurdu. İran rəhbərliyinin fikrincə İsrail reformist Tehranla Vaşinqtonun arasının düzəlməsini sabotaj etmək üçün bu addımları atır və bu sadəcə İranı müharibəyə çəkmək üçün təşkil olunmuş taktiki tələdir. Təəccüblü deyil ki, Hizbullah lideri Nəsrallah öldürüldükdən sonra İran Prezidenti Pezeşkian müsahibəsində bildirmişdi ki, Amerika İran rəhbərliyinə Avqustun 1-də Tehranda Haniyənin öldürülməsinə İranın hərbi cavab verməyəcəyi təqdirdə Qəzzada atəşkəs vəd etmişdi.

İranın İsrailin son əməliyyatlarına birbaşa İsrail ərazisini hədəf alaraq cavab verməsi bir neçə məsələni hədəfləyir. Ən vacibi, Tehran regional strategiyasının özəyi olan “Müqavimət Oxu”nun İsrail tərəfindən məhv olunmasına göz yummayacağını göstərir. Tehranın son olanlar fonunda səssiz qalması regional proksiləri arasında nüfuzunun xeyli zəifləməsi ilə nəticələnə bilərdi. Bu isə İsrail və hətta regional ərəb rəqibləri ilə mübarizədə güc balansının İranın əleyhinə dəyişməsi mənasına gələrdi. Tehran Haniyə və Nəsrallahın öldürülməsindən sonra daxildə də İsrailə təcili cavab verilməsi ilə bağlı artan təzyiqlərdən sonra həm daxili birliyi təmin etməyə, həm də atacağı addımın regional müharibəyə gətirib çıxarmayacaq dərəcədə ölçülü olmasına çalışırdı. İsrailin cavab tədbirləri ilə biz bu addımın nə qədər uğurlu olub-olmadığını görəcəyik.

İkincisi, Tehran İsrailin artan aqressivliyi kontekstində qarşı tərəfə münasib reaksiya verməklə həm Fələstinə dəstək verən müsəlman dünyasından, həm də digər anti-İsrail qüvvələrin rəğbətini qazana bilər. Ancaq bütün bunların İran üçün çox ağır bədəlləri ola bilər. Hava hücumundan müdafiə baxımından nisbətən zəif olan İran qarşısında ən modern hava hücumu sistemləri ilə təchiz olunmuş və arxasında Amerikanın hərbi dəstəyini hiss edən İsrail ilə açıq müharibəyə girməklə çox böyük risk etmiş olar. İsrailin son aylarda Tehranın və onun dəstəklədiyi regional proksilərin təhlükəsizlik sistemlərinə uğurla sızması və əsas fiqurları neytrallaşdırması İranın əlini daha da zəiflədir. 

Bütün bunlar onu deməyə əsas verir ki, İran və İsrail arasında artan geniş-miqyaslı müharibə ehtimalı hər iki tərəfdə daxili siyasətdə müharibə “qırğılarının” əlini gücləndirəcək və bu xarici siyasətdə də daha radikal addımların atılması ilə nəticələnə bilər. Xüsusilə də İranda İsrailin son aylarda İran daxilində həyata keçirdiyi uğurlu kəşfiyat əməliyyatlarından sonra təhlükəsizlik orqanlarının effektivliyini təmin etmək və xarici təhdidlərə qarşı daxili resursları daha cəld mobilizasiya edə bilmək üçün sərt addımların atılması labüd görünür. Bütün bunlar təbii ki, daxili siyasətdə reformlar və xarici əlaqələrdə daha praqmatik xətt vədi ilə hakimiyyətə gələn reformist Pezeşkian administrasiyasına təzyiqləri artıracaq. İranın qonşuluğunda yerləşən ölkələr üçün də artan regional müharibə ehtimalı böyük qeyri-müəyyənlik vəd edir. Xüsusilə Azərbaycan ortaya çıxa biləcək anlaşmazlıqların qarşısını almaq üçün hər iki tərəflə daimi koordinasiya qurmalıdır. Baş verənlərin Azərbaycan-İran münasibətlərinin normallaşdığı və hər iki tərəfin qarşılıqlı narazılıqları diplomatik yolla həll etmək barədə qəti razılığa gəldiyi dövrə təsadüf etməsi məsələnin ağırlığını azaldır. Ancaq artan gərginlik və dəyişən güc balansı İranın təhdid anlayışında dəyişikliklərə səbəb ola bilər ki, bu da tərəflər üzərində təzyiqi və əlaqələrdə qeyri-müəyyənliyi artıracaq.