Ermənistanda etirazlar: Kilsənin yüksəlişi, yoxsa revanşist rejimin geri qayıtma cəhdləri?
9 mayda Yerevanda protest. (Foto: armradio.am)
Qazax-İcevan sərhədində Azərbaycan və Ermənistan sərhəd komissiyalarının 8-ci görüşündən sonra Qazaxın anklav olmayan dörd kəndinin qaytarılması ilə bağlı verilən bəyanat Ermənistanda etirazlara səbəb oldu.
Əvvəllər Tavuş vilayətinin Kirants, Voskepar və Noyemberyan kəndlərində keçirilən etiraz aksiyaları paytaxt Yerevana da sıçradı. Etirazların lideri Tavuş yeparxiyasının primatı olan arxiyepiskop Baqrat Qalstanyandır. Əvvəllər Kanadanın erməni yeparxiyasında arxiyepiskop vəzifəsini tutan Qalstanyan, intiqamın vətəni geri qaytarmağın yolu olduğunu iddia edərək bazar xütbələrinin birində açıq şəkildə özünü revanşist elan etmişdi. Üstəlik, Qalstanyanın təsiri sadəcə ritorikası ilə limitli deyil; Tavuş yeparxiyası onun dəstəyi ilə uşaqlar üçün hərbi təlimlər keçir, Qaregin Njde millətçiliyini təbliğ edir.
Erməni mənbələrinin məlumatına görə, mayın 9-da Yerevanın Respublika meydanında keçirilən etiraz aksiyasında 20-31 min nəfər iştirak edib.
Səhnəyə ağ dini geyimdə çıxan arxiyepiskop Qalstanyan Ermənistan hökumətini ölkənin təhlükəsizlik sistemini məhv etməkdə, siyasi uğursuzluqda və kilsəni hədəfə çevirməkdə ittiham edib. O, Ermənistanın baş naziri Nikol Paşinyana istefa verməsi üçün bir saat vaxt verib. Vaxt bitib Paşinyan istefa etməyincə 15 dəqiqə daha əlavə edib. Bu əsnada bir çox hökumət üzvləri, o cümlədən Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan sosial media hesablarında Nikol Paşinyanın şəklini paylaşaraq onun xalqın seçdiyi lider olduğunu yazıblar. Paşinyan istefa verməyincə, arxiyepiskop növbəti məqsədlərinin parlamentdə etimadsızlıq səsverməsi ilə baş naziri vəzifəsindən azad etmək olduğunu bildirib və mitinqdən sonra bu məsələ ilə bağlı iki müxalifət partiyası ilə görüşüb. Lakin parlamentdəki 107 yerdən yalnız 35-i müxalifət bloklarına aiddir və etimadsızlıq səsverməsi təqdim etmək üçün onlara bir səs lazımdır.
Sonrakı günlərdə Qalstanyanın çağırışı ilə ölkənin hər yerində itaətsizlik aksiyaları keçirildi. Etirazçılar Ermənistan-İran və Ermənistan-Gürcüstan yollarını müvəqqəti bağlayıblar. Yerevan Dövlət Universitetinin bəzi tələbələri dərsləri boykot edərək şəhərin müxtəlif yerlərində yolları bağlayıblar.
Demək olar ki, Qalstanyanın ilk günkü odlu alovlu çıxışları sonrakı günlərdə ona kömək etmədi. Baş verən itaətsizlik aksiyaları daha kiçik miqyasda olub və polis vəziyyətə nəzarət etməkdə çətinlik çəkməyib. Ermənistan mətbuatının məlumatına görə, 150-dən çox adam saxlanılıb.
Mayın 10-u və 12-də keçirilən etiraz aksiyalarında əvvəlki aksiyada iştirak edənlərin üçdə biri qədər insan iştirak edib. Səhnədə çıxış edən Qalstanyan vaxtilə Köçəryan və Sərkisyan dövründə müxtəlif vəzifələrdə çalışmış müstəqil deputat İşxan Zakaryanla görüşdüyünü və deputatın Paşinyana etimadsızlıq səsverməsində iştirak edəcəyini bildirib. Amma etimadsızlıq səsinin parlamentdən keçməsi üçün 54 deputatın səsi lazımdır ki, bu da o deməkdir ki, Qalstanyan Paşinyanın partiyasından olan deputatları razı salmalıdır.
Olub bitənləri izləyənlər üçün isə Baqrat Qalstanyanın başçılıq etdiyi etiraz aksiyaları “dejavu” hissi verir.
Təşkilat baxımından bu etiraz Nikol Paşinyanı hakimiyyətə gətirən 2018-ci il Məxməri İnqilabının uğursuz davam filminə bənzəyir.
İki il əvvəl "ARF-Daşnaksütyun", Robert Köçəryan və Serj Sərkisyan partiyalarının təşkil etdiyi hökumətə və sülh prosesinə qarşı analoji aksiyalar təşkil edilmişdi. Köhnə rejimlə heç bir əlaqəsi olmadığını deyən Baqrat Qalstanyan 2022-ci ildə uğursuz etiraz aksiyaları zamanı səhnəyə çıxıb və ictimaiyyətə sülh sazişinin əleyhinə danışmışdı.
Bu dəfə “Erməni, Ermənistan, Vətən və Tanrı” şüarı altında kütləyə müraciət edən Qalstanyanın nə gələcəyə yönəlik strategiyası, nə konkret həll yolu, nə də müharibəni təbliğ etməkdən başqa hər hansı təklifi yox idi. Müxalifət tərəfindən dəstəklənən arxiyepiskopun populist ritorikası və utopik vədləri ictimaiyyəti hökumət dəyişikliyi barədə düşünməyə inandıra bilməyib.
Paşinyanın istefa verəcəyi təqdirdə onun yerinə kimin keçəcəyi sualına isə dəqiq cavab yoxdur. Qalstanyan bildirib ki, bu şəxs heç bir partiyadan olmayacaq. Robert Köçəryan dövründə xarici işlər naziri vəzifəsində çalışmış Vardan Oskanyan bildirib ki, Baqrat Qalstanyan keçid dövrünün baş naziri postuna ən uyğun namizəddir.Sonradan məlum olub ki, Qalstanyan Ermənistan vətəndaşı olmaqla yanaşı, həm də , həm də Kanada vətəndaşıdır və Ermənistan konstitusiyasına görə baş nazir seçilə bilməz. Kanada vətəndaşı olduğunu təsdiqləyən Qalstanyan baş nazir postuna tələb ediləcəyi təqdirdə ona yox deyə bilməyəcəyinə eyham edib:
“[Ancaq] xalq [bunu] istəsə və erməni patriarxı [bunu] xeyir-dua verəcəksə, mən kiməm ki, yox deyim? Amma istəmirəm”.
Təbii ki, bunlar boş sözlərdir. Qalstanyanın ambisiyalarının reallaşması üçün maksimum 30 min adam və 35 millət vəkili yetərli deyil, eyni zamanda konstutusiya dəyişikliyi də lazımdır.
Bəzi şərhçilər isə mayın 9-da keçirilən aksiyanı Ermənistanın baş naziri Nikol Paşinyana 6 illik hakimiyyəti dövründə ən böyük etiraz aksiyası kimi qiymətləndirirlər. Bu da təsadüf deyil. “Gallup International”ın açıqladığı sorğunun nəticələrinə görə, ötən ilin martında sorğuda iştirak edənlərin 16%-i Paşinyanın fəaliyyətindən razı olduğu halda, bu ilin martında bu rəqəm 8% təşkil edib. 2020-ci ildən sonra da yanlış qərarlar verməkdə davam edən Paşinyanın reytinqləri azalmaqda davam etsə də, onun güclü rəqibinin olmaması, ictimaiyyətin Ermənistan müxalifətini təşkil edən fiqurlara inam və dəstəyinin olmaması Paşinyanın hakimiyətini gücləndirən amillərdəndir.
Buna görə də, bu etirazlar fonunda müxalifət liderləri aşağı profili saxlamağa üstünlük verdilər. Buna baxmayaraq, Paşinyan yönümlü media və teleqram kanallarında Qalstanyanın "Daşnaksütyun" lideri İşxan Sağatelyan, Robert Köçəryanın oğlu deputat Levon Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digər müxalifət nümayəndələri ilə görüşünün videoları yerləşdirilib.
Əlavə olaraq Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyanın və ARF-dən olan Geğam Manukyanın fəal iştirakı bu etirazların müxalifət tərəfindən təşkil edildiyinə dair şübhəyə yer buraxmır.
Qalstanyanın başlatdığı “Vətən üçün Tavuş” hərəkatını Ermənistanın ən radikal fiqurları dəstəkləyir. Etirazlara qatılanlar arasında 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən JCAG terror təşkilatının keçmiş üzvü Hampiq Sasunyan da var. 1981-ci ildə Türkiyənin Parisdəki Baş Konsulluğuna hücumu həyata keçirən və 15 saat boyunca 56 nəfəri əsir götürən, Türk mühafizəçini öldürən ASALA üzvü Baqrat Sisliyan da iştirakçılar arasında idi.
Etirazları dəstəkləyən başqa bir radikal qrup olan Milli Demokratik Alyans (NDA) rusiyayönlü köhnə rejimin dəstəklədiyi hərəkata qoşulmaqla çoxlarını təəccübləndirib. Bu gözlənilməzdir, çünki NDA özlərini adətən qərbyönlü kimi tanıdırlar və Ermənistanda tez-tez Rusiyaya qarşı etirazlar aksiyaları təşkil edirlər. Üstəlik, NDA ilə köhnə rejim arasında müəyyən düşmənçilik var.
Meydana toplaşanlar arasında birinci Qarabağ müharibəsinin iştirakçısı ultra millətçi "Sasna Tser"in lideri Livan ermənisi Jirayr Səfilyan da olub. Səfilyan 2016-cı ildə silahlı üsyan yolu ilə hökuməti devirməyi planlaşdırdığı səbəbilə həbs edilməsinin ardından, onun silahlı tərəfdarları Yerevanda polis idarəsini mühasirəyə almışdılar. Silahlı qrup prezident Serj Sərkisyanın istefasını və Səfilyanın həbsdən azad edilməsini tələb etmişdilər. Bu hadisə üç polis əməkdaşının ölümü ilə nəticələnmişdi. Səfilyan isə Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra azadlığa buraxılıb və Ermənistan vətəndaşlığı alıb. Ancaq İkinci Qarabağ Müharibəsindən sonra baş verən proseslərdən sonra həm NDA, həm də vaxtilə Paşinyanı dəstəkləyən Jirair Sefilian indi müxalifət sıralarında yer alırlar.
Qalstanyana dəstək göstərən digər şəxs isə Kəlbəcər Xudavəng monastırının keçmiş keşişi Hovannes Hovanisyan olub. 1993-cü ildə Kəlbəcər işğal olunanda ASALA terror təşkilatının üzvü Monte Melkonyanla birlikdə Xudavəng monastırına ilk girənlərdən biri də Hovanisyan olub. Birinci Qarabağ müharibəsinin iştirakçısıda olan keşiş Hovanisyan Ermənistan mətbuatına müsahibəsi zamanı deyib ki, Qarabağın Azərbaycan ərazisidir deyə imza atanların əli və söyləyənlərin dili kəsilməlidir.
Erməni apolist kilsəsinin lideri II Qaregin etirazları dəstəklədiyini açıq şəkildə bildirməsə də, Baqrat Qalstanyan Qareginlə tez-tez görüşdüyünü və onun da hərəkatı dəstəklədiyini bildirib.
Qazaxın 4 kəndinin qaytarılması məsələsi müzakirəyə çıxarılandan bəri Ermənistanda buna qarşı etirazların artması müşahidə olunur. Qeyd edək ki, etirazlar təkcə müxalifətlə məhdudlaşmırdı; az sayda siyasi şərhçi bu məsələni obyektiv şəkildə qiymətləndirdi. Bəzi analitiklər Azərbaycanın haqlı tələbini “torpaq zəbti” kimi qələmə verərək, Ermənistanın müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan dəstək istəməsini yazıblar. Lakin aprelin 19-da əldə olunan razılaşma bir çox ölkələr tərəfindən müsbət qarşılandı .
Media və politoloqlar Ermənistanın qaytarmağa razılaşdığı kəndlərin Tavuş bölgəsindən olduğunu iddia eməsi əhali arasında geniş narahatlıq və çaşqınlıq yaradıb.
Nəticədə bu da suallara cavab tapmaq istəyən 30 minə yaxın insanın mayın 9-da keçirilən aksiyada iştirak etməsinə səbəb olub. Lakin səhnəyə çıxıb çıxış edənlər sərhədyanı kəndlərdəki vəziyyət, əhalinin narahatçılığından söz belə etməyiblər. Münasibətləri ümumiyyətlə maksimalist olan bu insanlar açıq şəkildə bildirirlər ki, onların məqsədi hakimiyyətdən yaxa qurtarmaq, Ermənistan-Azərbaycan normallaşma prosesini dayandırmaqdır. Hətta Qalstanyanın səhnədə “Voskepardan Artsaxa gedəcəyik” deməsi insanlara müharibədən başqa vədinin olmadığının sübutudur.
İnsanlar Nikol Paşinyanın siyasətindən razı olmasalar da, köhnə rejimin geri dönməsinə o qədər də həvəsli deyillər. Arxiyepiskopun ictimaiyyətə vəd etdiyi xaos, Azərbaycanla müharibə və daxili siyasətdə qeyri-müəyyənlikdir. Hələlik görünən odur ki, bu etiraz 2022-ci ildə Köçəryan, "Daşnaksütyun" və Sərkisyan tərəfdarlarının təşkil etdiyi etiraz aksiyaları kimi uğursuzluğa məhkumdur. Nikol Paşinyan daha bir sınaqdan çıxmış kimi görünür. Amma 2026-cı ildə keçiriləcək ümumi seçkilərdə gözlədiyi nəticəni alması çətinləşə bilər. Ona görə də vaxt itirmədən qonşuları ilə münasibətləri normallaşdırmaq üçün daha cəsarətli olmalı və regional əməkdaşlıq və sərhədlərin müəyyənləşdirilməsinin Ermənistanın xeyrinə olduğunu sübut etməlidir.