İranın Cənubi Qafqaz siyasəti: Bakı-Tehran xəttində yumşalma mümkündürmü?
44 günlük İkinci Qarabağ müharibəsi və Rusiyanın Ukraynanı işğalından sonra Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi şərait İranı ciddi şəkildə narahat edir. Türkiyənin regionda güclənməsi, İsrail və Azərbaycan arasında dərinləşən əlaqələr, ABŞ-ın Azərbaycan və Ermənistan arasında vasitəçilik etməsi və Zəngəzur koridoru başda olmaqla bir çox məsələlərdə İranın kənara sıxışdırılması ölkənin siyasi elitasının Cənubi Qafqazla bağlı yeni siyasət axtarışına çıxmasına səbəb olur. İranın son illərdə regionla və xüsusilə də Azərbaycanla bağlı yeritdiyi siyasətdəki problemlərin əsas səbəblərindən biri İranın regional konfiqurasiyada özünə yer tapa bilməməsi və ümumən Cənubi Qafqazda proseslərə ciddi şəkildə təsir edə biləcək gücə sahib olmamasıdır.
İran Azərbaycana birbaşa və dolayı yollarla təzyiq göstərək ölkənin mövqeyini dəyişə bilmədiyini görür və buna görə də Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır. Son günlərdə İranın Ukraynada istifadə üçün Rusiyaya təmin etdiyi "Şahid" pilotsuz uçuş aparatlarını Ermənistana verməsi ilə bağlı yayılan xəbərlər də buna işarədir. İran Ermənistanı Azərbaycana qarşı dəstəkləməklə rəsmi Bakını təzyiq altında saxlamaq və hələ də Cənubi Qafqazda oyunçu olduğunu nümayiş etdirməyə çalışır. Ancaq nəzərə almaq lazımdır ki, İranın Ermənistan üzərində olan təsir gücünü sərhədləyən bir çox amillər mövcuddur və uzun müddətdə İranın bu strategiyasının uğurlu olma ehtimalı yüksək deyil. Məhz bu səbəbdən İran, Azərbaycan ilə diplomatik kanalları qorumağa, və yaxud yenidən yaratmağa, çalışır və rəsmi Bakının İrandan tam üz çevirməsinə mane olmağa çalışır. Son 2 ildə Azərbaycanın İrana qarşı ritorikasının sərtləşməsi və İranın təzyiqlərinə cavabsız qalmaması Bakı-Tehran münasibətlərinin artıq 2020-ci ildən əvvəlki vəziyyətə qayıtmayacağını göstərir və İranın hərbi-siyasi elitası gec də olsa, artıq bu reallığı anlayır və ona uyğun addımlar atmağa çalışır. İranın qarşıdakı illərdə regionda əsas məqsədi Azərbaycanla əlaqələrini müəyyən çərçivələrdə davam etdirmək, eyni zamanda Ermənistanın təhlükəsizliyi üçün qarantorlardan birinə çevrilərək İrəvan üzərində əldə edəcəyi təsirlə Azərbaycan-Ermənistan münasibətlərində söz sahibi olmaqdır.
Cənubi Qafqazda İran üçün ən əsas təhlükə İsrailin regionun təhlükəsizlik arxitekturasının bir parçasına çevrilməsi və İran üzərində şimaldan gələn İsrail təhlükəsidir. İranın Suriya, Livan və Fələstin (Qəzza zolağı) vasisətislə İsraili çevrələmək planına cavab olaraq İsrailin Azərbaycan, İraq Kürdüstanı və Körfəz ölkələrində mövcudiyyətini gücləndirərək İranı əhatələməsi rejim üçün çox ciddi təhlükəsizlik problemidir və İran, İsrail ilə konfliktində Cənubi Qafqazın yeni bir cəbhəyə çevrilməsini istəmir. İranın Azərbaycanda "şiəlik kartından" istifadə edərək daxili nüfuz şəbəkəsi yaratmaq cəhdinin uğursuz olması ölkəni konvensional diplomatik metodlardan istifadə etməyə məcbur edir və İranın regional siyasətindəki təlatümlər də müəyyən qədər bununla bağlıdır. İranın xarici siyasətində əsas diqqət mərkəzi olan Yaxın Şərq regionunda apardığı fəaliyyətləri və müəyyən uğurlarını Cənubi Qafqazda təkrar edə bilməməsi və uzun illər regionun Rusiyanın “təhlükəsizlik çətiri” altında olmasına güvənməsi İranın 2020-ci ildən sonrakı geosiyasi reallıqlardan kənarda qalmasına səbəb olub. Ancaq İran rəhbərliyi artıq anlayır ki, Cənubi Qafqazda söz sahibi olmaq və xüsusilə də Azərbaycan üzərində nüfuz əldə etmək üçün indiyə qədər atdığı addımlar uğursuz olub. Son iki il ərzində Azərbaycanın İran tərəfindən maliyyələşədirən və idarə olunan şəbəkələrə qarşı açıq şəkildə hərəkətə keçməsinə və hətta rəsmi ritorikada İranda yaşayan türklərin hüquqları ilə bağlı problemləri dilə gətirməsinə rəsmi Tehranın adekvat reaksiya verə bilməməsi da bunun göstəricisidir. Tehranda yerləşən səfirliyimizə hücum edilməsi də elə əslində İranın Azərbaycan üzərində çəkindirici gücünün hansı dərəcədə zəif olmasını nümayiş etdirir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, İran elitası daxilində Azərbaycana baxış birmənalı deyil. Tehranda Azərbaycanla münasibətləri daha mülayim çərçivəyə qaytarmaq və sərt ritorikadan yayınmaq tərəfdarı olan qüvvələrlə Azərbaycana qarşı sərt mövqedə olan və xüsusilə də İsrail-Azərbaycan münasibətlərindən ciddi narahat olan qüvvələr arasında fikir ayrılıqları var. Məhz bu səbəbdən də qarşıdakı illərdə ciddi dəyişikliklərdən keçəcək İranda Cənubi Qafqaza hansı mövqedən yanaşılacağı qaranlıq qalmaqdadır. Lakin onu demək mümkündür ki, Azərbaycan Türkiyə və İsraillə strateji əlaqələrini davam etdirdikcə və İrandakı mövcud rejimin mahiyyəti ciddi şəkildə dəyişmədikcə İranın Cənubi Qafqaz və Azərbaycan siyasətində ciddi və uzunmüddətli yumşalma və ya dəyişiklik real görünmür. Qərblə nüvə danışıqlarının aparıldığı və Körfəz ölkələri ilə barışıq prosesinin getdiyi bir vaxtda İran-Azərbaycan münasibətlərinin hələ də gərgin olaraq qalmış olması iki ölkə arasındakı əlaqələrin gələcəyindən xəbər verir.