Geosiyasi ambisiyaların kölgəsində qalan fikir istehsalı
Sovet İttifaqının son illərindən etibarən müstəqillik, millət, dövlət kimi yeni və aydın olmayan məhfumlar azərbaycanlıları otuz ildən çoxdur məşğul etməkdədir. Tarixi inkişafı ucqarlara aid dinamika ilə formalaşan azərbaycanlılar üçün bu məsələlərə cavab tapmaqda yaşadığı tərəddüdlər də başa düşüləndir. Müstəqillikdən əvvəl soydaşlarımızın Ermənistandan məcburi deportasiyası, ardınca isə yenə Ermənistanla aparılan müharibədə yaşanan acı məğlubiyyət insanların Azərbaycan adlı müstəqil dövlətin mahiyyətini sorğulaması da yadırğanmamalıdır. Xalq olaraq stabillik və sükünəti, günlük dolanışığın vacibliyini hər şeyin önünə qoyan azərbaycanlıların dövlətin mövcudluğunu idrak etməsi 1990-cı illərin sonuna qədər davam etdi. Dövlətin öz qurumlarını təsis etməyə başladığı andan, yəni 2000-ci illərin başlarından etibarən xalq dövlət deyilən siyası quruluşu da idrak və qəbul etməyə başladı. Burada ən vacib faktor şübhəsiz ki, iqtisadi resursların əl çatanlığı nəticəsində formalaşan istehlak cəmiyyətinin şərtlərlə razılaşması və cəmiyyətin müəyyən hissəsinin rifahının sürətlə yüksəlməsidir. Yəni, dövlət öz qurumlarını, institutlarını gücləndirdiyi, bürokratiya aparatının yeni insan resursları ilə genişləndirdiyi bir vaxtda dövlətin ambisiyaları ilə cəmiyyətin prioritetləri fərqli dinamika ilə formalaşır. Təbii ki, cəmiyyətin laqeydliyini və ya ehtiyatlılığını tarixi şərtlərlə təsvir etmək mümkündür və bunun üçün kifayət qədər istinadımız mövcuddur. Cəmiyyətlə bağlı məsələləri növbəti dəfələrə saxlayaraq, hazırki yazıda dövlətin diqqət etməli olduğu daha vacib məsələyə, fikir istehsalının vacibliyinə nəzər yetiriləcəkdir.
Vətən müharibəsindəki şanlı qələbə ilə birlikdə Azərbaycan dövlətçiliyi yeni bir mərhələyə qədəm qoymaqdadır. Geosiyasi şərtlər, dünya və bölgədəki reallıqlar əsasında formlaşan yeni konsepsiya dövlətin ambsiyalarının şəkillənməsinə münbit zəmin yaradır. Təbii olaraq, bu tendensiya özünü ictimai müzakirələrdə də əks etdirməkdədir. Odur ki, bu gün Azərbaycanda istər ənənəvi, istərsə də yeni mediada Azərbaycanın yeni geosiyasi şərtlər çərçivəsində yeri bəzən əsaslı, çox vaxt isə populist arqumentlərlə təqdim edilməyə çalışılır. İlk baxışda burada təəccüblü bir şey olmadığı görülsə də, bu müzakirələrin effektivliyi sorğulanmalıdır. Həqiqətənmi Azərbaycanın geosiyasi mövqeyinin eyni xətt, narrativ üzrəində təsviri və müzakirəsi və bunun davamlı olaraq təkrarlanması dövlətin maraqları və ambisiyaları ilə üst-üstə düşür? Və ya dövlətin daxildəki müzakiərlərdən bəsləndiyi, faydalandığı hər hansı diskurs mövcuddurmu? Bu suallara tələsmədən, soğulayaraq cavab verməyə çalışsaq bu ictimai müzakirənin mövcud ambisiyalar ilə üst-üstə düşmədiyi aydın olmağa başlayır. Çünki yerli ictimai müzakirələrin cəmiyyət içərisində qarşılığı olmadığı kimi, dövlətin geosiyası hədəflərini də bəsləmir. Burada bir daha “fikir istehsalı” məhfumunun düzgün təqdim edilməsi və bunun nə üçün vacib olduğu zərurəti ortaya çıxır.
Məsələyə ənənəvi Qərb akademiyası çərçivəsində nəzər yetirsək metodologiya və nəzəriyyəyə əsaslanan standartlarla qarşılaşacağıq. Modernizmlə birlikdə legitimliyi toxunulmazlıq qazanan Qərb universitet kurikulumu dünyada olub bitən hər şeyi yenidən mənalandırdı. Xüsusən də humanitar və sosial elmlər sahəsində hər şeyə diqtə edən Qərb elmi imperializimin maraqlarına xidmət etməklə Qərb dövlətlərinin kültürəl təmsilçisinə və ya agentinə çevrildi. Bununla da Qərb özündən olmayan hər şeyi yenidən təsnifatlandıraraq yeni bilgi kateqoriyaları yaratmağa başladı. Modernizmi özünün maraqları üçün səfərbər edən Qərb müxtəlif qruplar, xalqlar, cəmiyyətlər haqqında bilgi istehsal edərək onlara kim olduğunu yenidən öyrədərək son iki yüz ildir bilginin formalaşması şərtlərini təyin və diqtə edir. Elə buna görə də dünyanın yerdə qalan hissəsi Qərb metropoliyası üçün data, işlənməmiş material, araşdırma sahəsi olmaqdan xilas olmaqda çətinlik çəkir. Son 20-30 ildə “Qlobal Cənub”un Şimala qarşı dirənişi diqqət çəkməyə başlasa da, bu mübarizə yenə Qərb akademik jurnallarında, nəşriyyatlarında və işin ən ironiyası, universitetlərdə davam etməkdədir. Burada da biz modernizmin özü ilə hesablaşmasını, ən yaxşı halda isə lütfkarlığını görürük. Bir zamanların alovlu orientalistləri günümüzdə post-kolonial nəzəriyyənin təmsilçisinə çevrilərək yenə dünyadakı alternativ təşəbbüslərdən faydalanmağa çalışırlar.
Amma bütün bunlar o demək deyil ki, hər şey bir xətt üzrə davam edir. Tədricən də olsa Qərb hegomoniyasına qarşı özünə aid nəzəri və metodoloji bazanı formalaşdırmağın yollarını axtaran ölkələr ortaya çıxmaqdadır. Buraya Latın Amerikası ölkələri, Hindistan, İndoneziya, Türkiyə və İranı aid etmək olar. Sonuncular, Türkiyə və İran daha çox Qərb universitetlərindəki təmsilçiləri ilə bunu reallışdırmağa çalışdıqları halda, Hindistan öz təhsil və akademik qurumlarının fəaliyyəti ilə nail olmağa səy göstərir. Təbii ki, daxildəki bu trendler yaxın coğrafiyada da təsirsiz ötüşmür. Odur ki, Hindistanın post-kolonial modernist doktrinaları Cənub Şərqi Asiya ölkələrinin universitet kurikulumunda da özünə yer tapır. Və yaxud da Latın Amerikası ölkələri fikir istehsalında bir – birini bəsləyərək daha lokal bilgi nəzəriyyəsinin qurulmasına səy göstərir. Hər nə qədər də avrosentrizim tənqidi üzərindən formalşsa da, təkmilləşərək davam edən bu tendensiya bizə alternativlər və istinadlar təklif edir.
Daha əvvəl də qeyd etdiyimiz kimi, geosiyasi şərtlərin müzakirəsi və mülahizəsi üzərindən davam edən ictimai müzakirələr təbii ki, akademik standardlardan məhrumdur. Elə buna görə də ardıcıl bilgi istehsalını təmin edəcək şərtlər formalaşa bilmir. Ölkədəki müstəqil araşdırma və beyin mərkəzləri zaman-zaman diqqət çəkən hesabatlarla fərqli araşdırmalar ortaya qoysalar da onlar da populyar trendləri izləməklə kifayətlənirlər. Enerji təhlükəsizliyi, bölgədəki yeni geosiyasi reallıqlar, Zəngəzur dəhlizi və bu kimi mövzuların eyni mütəxəssislər tərəfindən yazılı və sözlü təkrarlanmasının isə dövlətin ambisiyalarının konsepsiyalaşdırılmasına da qatdığı dəyər çox məhdud qalır. Bu, bir tərəfdən regional və qlobal güclərin diqtəsi ilə formalaşan şərtlərin bir başa nəticəsidirsə, digər tərəfdən isə bizim öz resurslarımızı düzgün dəyərləndirməməyimizlə əlaqəlidir. Ölkəmizdə bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin sayının çox az olduğu bir vaxtda potensialı günlük proseslərlə məşğul etmək də sorğulanmalıdır. Çünki praktik vərdişlər üzərindən davam edən analiz prosesi özü də mütəxəssislərin şəxsi bilgi və bacarıqları əsasında formalaşır. Odur ki, akademik ardıcıllıq, nəzəri və metodoloji standartlar arxa planda qalır və çox təəssüf ki, bu məsələni gündəmə gətirmək bir çoxlarının marağında deyil.
Amma bu məsələ gündəmə gətirilməli və yüksəkdən səsləndirilməlidir. Çünki regional ambisiyaları olan Azərbaycan bilgi, fikir istehsalı prosesindən tədric olunmuş vəziyyətdir. Gündəmdə istifadə olunan materiallar həm yazılı, həm də sözlü olaraq əcnəbi mənşəlidir. Burada sadəcə Qərb mənşəli fikir başa düşülməməlidir. Həm də həmin bilginin hansı kanallar üzərindən Azərbaycan ictimai-intellektual həyatına daxil olduğuna da nəzər yetirmək lazımdır. Azərbaycan dilli qaynaqların məhdudluğuna görə istinad edilən türk və ya rus dilli tərcümələr də çox vaxt orijinal fikri çatdırmaqda aciz qalır. Beləliklə “ikinci əl” bilgi, informasiya ilə fikir yaratmaq cəhdləri də qalıcı olmur. Digər tərəfdən, sosial elmlərdə mətn ənənəmizin olmaması da öz sözünü deyir. Mətn ənənəsi dedikdə hər hansı bir yazının və ya kitabın yazılı şəkildə müzakirə edilib şərh edilərək istinad və ya təkzib edilməsi başa düşülməlidir. Məhz buna nail olacağımız halda yeni bir mərhələyə addım atılacaq.
Bütün bunlara nail olsaq belə bu o demək deyil ki, biz istər Qərb, istərsə də regiondakı mövcud standardlarla ayaqlaşa biləcəyik. Unutmamaq lazımdır ki, bütün çatışmazlıqlarına baxmayaraq Türkiyə, Rusiya və hətta İranda belə möhkəm akademik ənənə mövcuddur və inter-disipliner olaraq çox şaxəlidir. Odur ki, biz öz fəaliyyətimizi müəyyən edərkən bunu haraya proyeksiya edəcəyimizi də düşünməliyik. Yəni, biz kimin üçün istinad ola bilərik və bu nə qədər real olması sualını verməliyik. Məsələyə geosiyasi reallıqlar çərçivəsindən baxacaq olsaq yenə fikir istehsalında istinad olaraq göstərilmək potensialımız var. Biz bu ənənəni hələ 20-ci əsrin əvvəlində başlada bilmişdik. O gün imperiya tərkibində etdiklərimiz Mərkəzi Asiyada necə rəğbət və qarşılıq görürdüsə, bu gün də Mərkəzi Asiyanın müstəqil ölkələrində buna nail olmaq olar. Bunun üçün aktual olacaq ən vacib məsələ isə nəzəri bazanın qurulmasıdır. Çünki hər hansı qalıcı fikri ortaya çıxarmaq ciddi nəzəriyyə və metodologiya ilə mümkündür. Ancaq bu bilgiləri bizə təmin edəcək klassik elmi ədəbiyyat isə hələ də öz dilimizdə mövcud deyil. Prosesə tərcümə işinin təşkili başlamaq da geosiyasi ambisiyaları olan Azərbaycanın öz mövqeyini konsepsiyalaşdırmağa böyük töhfə verəcək.