Ağdərə əməliyyatı (Talış-Madagiz cəbhəsi)

Ağdərə əməliyyatı (Talış-Madagiz cəbhəsi)

27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əsas iki hücum istiqamətindən biri Ağdərə idi. Bu ərazi Birinci Qarabağ müharibəsi zamanı da ağır döyüşlər məkanı olmuşdu. Belə ki, 1992-ci ildə “Ağdərə əməliyyatı” zamanı Azərbaycan bölmələri 16-18 iyunda Talış, Madagiz və Tonaşeni, 26 iyunda Karmiravanı, 4 iyulda isə Ağdərə şəhərini ələ keçirə bilmişdi. Bu ərazini təxminən 1 il nəzarətdə saxlayan Azərbaycan Ordusu 1993-cü ilin iyununda Ağdam əməliyyatı zamanı erməni hücumunu saxlaya bilmir. 24 iyun 1993-cü ildə erməni qoşunları Akop-Kamari (Lüləsaz) kəndindən Cerabert kəndi istiqamətində hərəkət edərək buranı ələ keçirir. Mühasirə təhlükəsi olduğu üçün şəhəri qoruyan bölmələr 26 iyun 1993-cü ildə Ağdərə şəhərindən çıxırlar və şəhərə nəzarət yenidən ermənilərin əlinə keçir. 1994-cü ilin yaz əməliyyatlarında isə erməni bölmələri aprelin 22-dən 25-dək şimal istiqamətində hərəkət edərək Madagiz, Talış və Levonarxı, mayın əvvəlində isə Karmiravan və Seysulanı işğal edə bilirlər. Lakin həmin günlərdə baş tutan əks-hücumda Karmiravan və Seysulanın böyük hissəsi geri qaytarılır. Bu Ağdərə-Tərtər istiqamətində sonuncu döyüş olur və 5 may tarixində müharibəni sonlandıracaq Bişkek protokolu imzalanır. Müharibə ərzində keçmiş Ağdərə rayonunu tamamilə ələ keçirən Azərbaycan bölmələri atəşkəs imzalanana qədər nəzarətində olan demək olar ki, bütün əraziləri itirir.

1994-cü ildə Azərbaycan ordusunun nəzarətində Tərtər rayonunun tərkibinə verilmiş bir neçə DQMV kəndi qalmışdı: “Marguşavan və Marağa kəndləri (Leninavan-Şıxarx qəsəbələri), Karmiravan (Qızıloba), Buruç (Həsənqaya), Maralyansarov məntəqələri tamamilə, Çaylı, Cerabert, Levonarx (Göyarx) və Seysulan kəndlərinin bir qismi”.

Bu istiqamətdə strateji yüksəkliklərin demək olar ki, hamısının erməni ordusunun nəzarətində olması həm mülki şəxslərə, həm də hərbçilərə maneə yaradırdı. Təsadüfi deyil ki, 2016-cı il aprel müharibəsinə qədər 4 ən qanlı atəşkəs pozulma faktından 3-ü məhz Tərtər-Ağdərə istiqamətində baş vermişdi. 2008-ci ildə Levonarx istiqamətində atışmalar zamanı Azərbaycan bölmələri 4 əsgər, 2010-cu ilin fevralında Talış-Tapqaraqoyunlu istiqamətində atışmalar zamanı 3 əsgər itirir. 2010-cu ilin iyun ayında gizir Mübariz İbrahimovun Çaylı kəndi yaxınlığında erməni postuna hücumu zamanı isə özü ilə birlikdə 4 erməni əsgəri həyatını itirir.[1]

2016-cı ildə başlayan “4 günlük müharibə” zamanı da Tərtər-Ağdərə istiqaməti əsas döyüş əməliyyatları gedən bölgə idi. Müharibənin ilk günündə Talış kəndi istiqamətində  iki ərazidə erməni müdafiə xəttini yarmaq mümkün olsa da 2 dəfə Talış kəndinə girən xüsusi təyinatlılar burada möhkəmlənə bilməmişdi. Azərbaycan MN həmin günlərdə Naftalan şəhərinə təhlükə törədən yüksəkliklərin, eləcə də Seysulan kəndinin azad edilməsi barədə məlumat vermişdi.  Azərbaycan bölmələri Talış kəndinin şimalında bəzi yüksəklikləri tutsa da, əsas yüksəkliklər ermənilərdə qalmışdı və onlar Naftalan və Tapqaraqoyunluya[2] rahatlıqla nəzarət edirdilər. Bu səbəbdən 2020-ci ildəki müharibədə Talış kəndi əsas hədəflərdən biri idi. Ermənistan hərbi komandanlığı da bu istiqamətin vacibliyini nəzərə alaraq ən güclü bölmələrini bu cəbhə xətti istiqamətində yerləşdirmişdi. 2017-ci il məlumatına əsasən, erməni ordusunun Tonaşendə 38862 nömrəli hərbi hissəsi və dağ-atıcı diviziyası (eyni zamanda bura “Yeğnikner” dəstəsi də daxil idi), Ortakənd kəndində 47455 nömrəli hərbi hissəsi və dağ-atıcı diviziyası, Ağdərədə 49971 nömrəli hərbi hissəsi və hərbi bazası, Madagizdə 33651-6 nömrəli motoatıcı alayı və dağ-atıcı diviziyası, Levonarx kəndində 35366 nömrəli hərbi bazası yerləşirdi. Bundan başqa Ağdərə cəbhəsini Ermənistan ordusunun elit bölmələri sayılan 022 xüsusi təyinatlıları qoruyurdu. Onlara qarşı isə Azərbaycanın 1-ci Ordu Korpusunun hərbi hissələri əməliyyat keçirməli idi. Ümumi əməliyyatlara bu korpusun komandiri, general-mayor Hikmət Həsənov rəhbərlik edirdi. Artilleriya hazırlığı səhər saat 6-da başlasa da, hücum çox gec, günəş artıq kifayət qədər yüksəkliyə qalxanda baş verdi. Erməni komandanlığının ərazini yaxşı müşahidə etməsi səbəbi ilə zirehli texnikanın əsas hissəsi qabaqcadan irəli aparılmadı və ümumi hücumun həyata keçməsi 2-3 saat vaxt aldı. Erməni ordusuna endirilən ilk artilleriya zərbəsi uğurlu oldu; belə ki, Ağdərədə bir neçə D-30 haubitsasının və çoxlu yük maşınının olduğu anqar məhv edildi. Ancaq həmin gündə digər istiqamətlərdə artilleriya zərbələri istənilən nəticəni vermədi. Təqribən 38 dəqiqə davam edən artilleriya atəşindən sonra erməni müdafiə xəttini yarmaq üçün hücum başlandı.
 

Talış kəndi uğrunda döyüşlər

Bu istiqamətdə hərbi əməliyyatlar İncəçayın şimal-şərq hissələri ilə Tərtər çayları arasındakı Murovdağ silsiləsinin şərq ətəkləri istiqamətində gedirdi. Talışın qərbində 900 m-ə qədər zirvələr var və şərqə doğru getdikcə onun hündürlüyü sürətlə azalır. Talış kəndi də dağlar arasındakı vadidə yerləşir. Talışdan şərqdə dağlar 400-500 m hündürlükdə, eni təqribən 6 km olan yastı vadiyə çevrilir, bu vadi isə daha sonra çılpaq düzənliyə çevrilir. Bu ərazidəki erməni mövqeləri möhkəmləndirilmiş sahənin perimetri boyu bütün zirvələrdə yerləşmişdi. Silsilələr boyu xəndəklərlə birləşmiş dayaq məntəqələrindən ibarət istehkamlar isə bu müdafiə məntəqəsini daha da güclü edirdi. Talışın qərbində isə 831,2 yüksəkliyi yerləşirdi və bu ərazi  möhkəmləndirilmiş nöqtə kimi mühüm əhəmiyyət kəsb edirdi. Bütövlükdə möhkəmləndirilmiş ərazi at nalını xatırladırdı və çay vadisində hakim mövqe tuturdu. Erməni ordusunun ən zəif mövqeləri isə 2016-cı ilin aprelində Azərbaycan bölmələri tərəfindən ələ keçirilən Talışın şimalındakı ərazilər idi.

Azərbaycanın əsas hücumu Talışın qərbində yerləşən yüksəkliklər istiqamətində başladı. Bu istiqamətdəki yüksəklikləri götürmədən ümumi hücum alına bilməzdi. Polkovnik-leytenant Bayram İbişovun rəhbərlik etdiyi qrup əsas zərbəni bu istiqamətdə endirdi və bu müdafiə xətti ilk gündəcə yarıldı. Beləliklə, həmin vacib post ələ keçirildi. Bu postun olduğu yüksəklik Azərbaycan hərbçiləri tərəfindən 482 yüksəkliyi adlanır.[3] Burada baş verən döyüşdə ermənilər azı 1 əsgər itirərək geri çəkilir. Azərbaycan bölmələri isə bu istiqamətdəki döyüşlərdə 11 əsgər itirir, 6 nəfər isə yaralanır. Mühəndis-istehkam qoşunları isə dərhal bu istiqamətdə yerləşən dağ yolunu açır və ora zirehli texnikanın yığılmasına başlanır. Bu istiqamətdə gedən döyüşlər barədə müharibənin ilk günlərində heç bir məlumat yox idi. Yalnız oktyabrın 26-da “Yuronyuz” (Euronews) telekananalının çəkdiyi kadrlar əsasında bəlli olur ki, Azərbaycan ordusu bu istiqamətdə İsrail modifikasiyası olan 1 “BMP-2”  və 1 “M1970” zirehli transportyoru itirib. Bu postu ələ keçirən Azərbaycan bölmələrinin 831,2 yüksəkliyi uğrunda əməliyyata başlayır. Bu istiqamətdə əməliyyata polkovnik-leytenant Səxavət Baxışov rəhbərlik edirdi. Azərbaycan bölmələrinin hücumda istifadə etdiyi “BMP-3”-ün hərəkəti 831,2 yüksəkliyindəki dirəkdə quraşdırılmış kamera vasitəsilə çəkilir və həmin gün Ermənistan MN tərəfindən nümayiş etdirilir. Yüksəkliyi qorumaq üçün erməni komandanlığı əraziyə yük maşınlarından ibarət hərbi kolon göndərir. Lakin dağlardan hərəkət edən bu kolon Azərbaycan HHQ-si tərəfindən aşkar olunur və onlar bombalanır. Bununla belə, yolda məhv edilən erməni kolonu Azərbaycan bölmələrinin idarə etdiyi “BMP” və “İMR-2”-nin hərəkətinə mane olur. Hərbi kolon məhv edildiyi üçün yüksəklikdə əsgərlər birbaşa döyüşdən çəkinərək geri çəkilirlər. Beləliklə, o qədər də intensiv sayılmayan 831,2 yüksəkliyi uğrunda gedən döyüşlərdə erməni bölmələri 2 tank itirərək ərazini tərk edirlər. Talışın qərb istiqamətindəki mövqelərin Azərbaycan bölmələri tərəfindən ələ keçirilməsi 3 oktyabrda təsdiqlənir. Həmin gün Azərbaycan MN, bu istiqamətdəki döyüşlərin nəticələri ilə bağlı videokadrları   nümayiş etdirir.

Hücumun ikinci hədəfi isə Talış kəndinin şərqində dağların düzənliyə çevrildiyi yüksəklikdəki dayaq məntəqəsi idi. Bu istiqamətdəki dayaq məntəqəsi ilə ermənilər cəbhənin Tapqaraqoyunlu istiqamətinə vizual nəzarət edə bilirdi. Burada bir-birindən ayrı iki hücum həyata keçirildi.  Bu döyüşün nəticələri “Caliber” xəbər portalı tərəfindən bir  gün sonra nümayiş etdirildi. Hücum zamanı erməni bölmələri ən az 11 erməni hərbçisini itirmişdi. Erməni əsgərlərinin forma və silahları ilə birlikdə məhvi onların burada bir müddət müqavimət göstərdiyini nümayiş etdirir. Azərbaycan bölmələri bu istiqamətdə cinahlardan keçərək dayaq məntəqəsini mühasirəyə almağa başlamasından sonra geri çəkilmək istəyən erməni dəstəsi pusquya salınır və son fərdinə kimi öldürülür. Bu dayaq məntəqəsi ələ keçirildikdən sonra Azərbaycan bölmələri cənuba doğru hərəkət edərək Talış kəndini dik yamaclardan ayıran 701,3 yüksəkliyinə hücuma başladılar. Bu hücum polkovnik-leytenant Orxan Rzayevin  rəhbərliyi ilə aparılırdı. Bu istiqamətdəki döyüşlər ərazinin şimal-şərq müdafiə qülləsinin dirəyində yerləşən erməni kamerası tərəfindən çəkilir. Əməliyyat 27 sentyabr axşam saatlarında başlayır. SU-25 qırıcı təyyarəsinindən və “TOS-1A”-dan istifadə edən Azərbaycan bölmələri 28 sentyabr gecə saat 3-də yüksəkliyi ələ keçirə bilir. Beləliklə, 9 saat davam edən ağır döyüşlərdən sonra erməni bölmələri ağır itkilər verərək geri çəkilir. Lakin yüksəkliyi yenidən geri almaq üçün səhərə yaxın erməni xüsusi təyinatlıları bu əraziyə basqın edir. Polkovnik-leytenant Elzamin Təhməzovun son anda buradakı Azərbaycan bölmələrinin köməyinə çatması ilə yüksəklik qorunub saxlanıldı. Ertəsi gün döyüşlə bağlı “DQR” MN-in paylaşdığı videokadrlarda çox sayda zədələnən texnikalardan ən azı birinin erməni tankı olduğunu müəyyənləşdirmək olur. Azərbaycan MN-in paylaşdığı videolarda isə 701,3 yüksəkliyi ərazisində  gedən döyüşlərdə düşmənin iki tankının PUA vasitəsilə vurulduğu göstərilir.

Eyni zamanda 27 sentyabr günü Azərbaycan bölmələri İncəçay vadisi boyunca Talışın şərqindəki müdafiə xəttinin şimal-şərq hissəsinə hücuma keçdilər. Bu istiqamətdə gedən döyüşlər Azərbaycan MN-in 1 gün sonra yayımladığı kadrlarda da göstərilir. Bu hücum eyni zamanda həmin gün günorta saatlarında Ermənistan MN tərəfindən nümayiş etdirilən ilk müharibə  kadrları idi.  Piyadaların müşayiəti ilə 3 ədəd T-72 “Aslan” tankı tərəfindən həyata keçirilən hücum uğursuz alınır, 2 tank minalanmış sahəyə düşərək partlayır. Partlayış güclü olsa da tanklar sıradan çıxmır. 18 oktyabrda peykdən çəkilmiş görüntülərdə partlayışın olduğu yer aydın görünsə də, tanklar orda deyildi. İstənilən halda Azərbaycan bölmələrinin bu istiqamətdə ilk hücumu uğursuz alınır. Həmin istiqamətdə gündüz vaxtı çəkilən kadrlarda isə geri çəkilən tankın birinin partladığı müşahidə olunur. Axşama yaxın Azərbaycan bölmələri yenidən şimal-şərq hissədə hücuma keçdilər. Hücum qrupu serpantin yolla dayaq məntəqəsi istiqamətində irəliləyir. Bu döyüşlər də əvvəlki kamera ilə lentə alınır və oktyabrın 3-də “DQR” Müdafiə Ordusunun kanalında yayımlanır. Hücumda iştirak edən 2 ədəd “BTR-82A” uğurla yoxuşu aşa bilir, lakin onlardan sonra gələn digər zirehli transportyor vurulur və alovlanır. Eyni mənzərə erməni postundan 7 km cənubda, Tərtər çayı yaxınlığında da lentə alınır.

Texniki itkilərə baxmayaraq, Azərbaycan bölmələri bu istiqamətdə də dayaq məntəqəsini ələ keçirə bilirlər. Sentyabrın 27-də axşam saatlarında “DQR” lideri Arayik Arutyunyan Talış kəndi istiqamətində bəzi mövqeləri itirdiklərini etiraf edir: “Hücumlar Ömər dağından Araz çayına qədər bütün cəbhə boyu davam edir. Xüsusən də Talış istiqamətində mövqeləri itirmişik. Bizim onlarla itkimiz və yaralımız var. Bu müharibə heç bir halda 2016-cı ilin apreli ilə müqayisə edilə bilməz”.

Azərbaycan MN sentyabrın 28-i səhər saatlarında verdiyi açıqlamada Talış kəndi ətrafında yüksəkliklərin tutulduğunu elan edir. Azərbaycan hərbi komandanlığı həmin gün eyni zamanda Talış istiqamətində desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Vardanyanın öldürüldüyünü bildirir.[4] Beləliklə, ilk iki gündəki hücumlarda Azərbaycan bölmələri Talışın qərbində və şərqindəki bütün erməni istehkamlarını ələ keçirir. Talış kəndində qalan erməni ordusu faktiki mühasirədə qaldığı üçün  kənd boşaldılır. Talışda çətin vəziyyətdə qalan erməni ordusunun təminatının qarşısını almaq üçün Azərbaycan HHQ-si yol istiqamətində hərəkət edən erməni texnikalarını vurmağa başlayır. Peykdən çəkilmiş görüntüdə Talışın cənub hissəsində olan D-30 haubitsalarını daşıyan yük maşınının vurulduğunu görmək mümkündür. Yük maşını məhv edilsə də, silahlara ciddi ziyan dəymir və ermənilər haubitsaları ərazidən evakuasiya edir. Bundan başqa, Talışdan 1 km cənubda buradakı erməni qüvvələrinə köməyə gələn bir erməni tankı vurulur. Lakin peyk görüntülərində bu erməni tankının qalıntılarına rast gəlinmir, buradan belə nəticəyə gəlmək olar ki, zərbənin gücü tankı sıradan çıxarması ilə nəticələnməmişdi.  Həmin gün Madagizin şimalında bir digər erməni T-72 tankı geri çəkilmək istəyərkən, Madagizin cənubunda isə 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu kamikadze pilotsuz uçuş aparatı tərəfindən məhv edilir. Oktyabrın 7-də Azərbaycan MN-in yayımladığı videoda Talışın şimal-şərqində evaukasiya olunan erməni mövqeləri nümayiş etdirilir.

Sentyabrın 29-u hava pisləşir və dağları qatı duman bürüyür. Buna baxmayaraq, Azərbaycan bölmələri  831,2 yüksəkliyindən cənub-qərb istiqamətində[5] hücum  edərək Areqa dağını ələ keçirdilər. Ordu Talışı və Madagizi qərbdən mühasirəyə almaq üçün Areqa dağı istiqamətindən cənubdakı yüksəklikləri tutmalı idi. Bu, eyni zamanda Murov istiqamətdən gəlməli olan Azərbaycan qoşunları ilə birləşib Sərsəng su anbarı istiqamətindəki əməliyyatlar üçün də vacib rol oynayırdı. Bu səbəblə Areqa dağını ələ keçirən bölmələr Arakəsər silsiləsi boyunca 1353[6] yüksəkliyinə doğru hərəkət etdilər. Hərbçilərin “Qaranlıq meşə” adlandırdığı ərazidəki qarşıdurma isə müharibənin ən qanlı döyüşləri kimi yadda qaldı. Bu istiqamətdəki döyüşlərdə Azərbaycan bölmələrinə polkovnik-leytenant Əfqan Abdurahmanov rəhbərlik edirdi. Bu yüksəkliyi tutmaq üçün həmin istiqamətdə olan “Yal taxılı” adlı postu ələ keçirmək lazımdı. Postda olan 5 əsgərin hamısını zərərsizləşdirən Azərbaycan bölmələri sentyabrın 28-i bu yüksəkliyə yaxınlaşdılar. Həmin döyüşdə iştirak edən leytenant Cavid İbrahimli xatırlayır: “İkinci tabor qabaqda gedir, arxadan gələn bölmələr bizim azad etdiyimiz mövqelərdə möhkəmlənir, həmin yerlərin yenidən düşmən tərəfindən tutulmasının qarşısını alırdılar. Tutduğumuz mövqelərdə bir-iki gündən artıq qala bilmirdik. Ən ağır döyüşlərimiz 1353 yüksəkliyində oldu. Bu yüksəklik çox böyük strateji əhəmiyyət daşıyırdı və buradan ətraf əraziləri nəzarətdə saxlamaq, düşmənin hərəkətlərini izləmək mümkün idi. Hətta, Naftalan şəhəri uzaqdan görünürdü. Digər tərəfdən, bu yüksəkliyin və yaxınlıqda olan digər yüksəkliklərin ələ keçirilməsi Ermənistan Silahlı Qüvvələrinə 6-cı dağatıcı alayının mühasirədən çıxarılmasına imkan verirdi. Ona görə də, onlar əks-hücum əməliyyatı keçirməklə 1353 yüksəkliyini yenidən tutmaq niyyətində idilər. Düşmən tərəf böyük qüvvə toplamış, əməliyyat planı hazırlamışdı.”

Bu istiqamətdə erməni bölmələri mövqelərini geri almaq üçün ən azı bir “BMP-2”-nin dəstəyi ilə əks hücuma keçərək Azərbaycan tankını məhv etməyə nail olur. Lakin azərbaycanlı əsgərin idarə etdiyi “BTR-82A” taran edərək “BMP”-ni sıradan çıxarır. Burada çıxan yanğında həm “BTR”, həm də “BMP” yanaraq məhv olur.[7] Həmin döyüşü jurnalist Pünhan Əfəndiyev belə təsvir edir: “Yüksəkliyə qalxan yolda döngə tərəfindən düşmən 1 tank, 1 BMP və 30 nəfərdən artıq canlı qüvvə ilə hücuma keçdi. Kəhrilər xarabalığı yaxınlığında qanlı, əlbəyaxa döyüş başladı. Zirehli texnikanın mövqeyimizə girməsinə imkan vermək olmazdı. İlk növbədə onlar sıradan çıxarılmalı, sonra canlı qüvvə məhv edilməli idi. Əsgər Oruc İbişli yaxın məsafədən qumbaraatanla tankı vurdu. Xeyli irəli girən “BMP-2” isə daha böyük təhlükə yaratdı. “BMP-2”-dən durmadan mövqelərimizə atəş açılırdı. Bu ağır və təhlükəli vəziyyətdə müddətdən artıq xidmət edən hərbi qulluqçu Nəriman Atakişiyev heç kəsin gözləmədiyi halda aralıda yerləşən “BTR-82A”-ya minərək onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürdü. Düşmənin “BMP-2” maşınındakı heyət nəyin baş verəcəyini anlayana qədər əsgərimiz idarə etdiyi BTR-i düşmənin döyüş texnikasının üstünə mindirdi və onun qülləsinin hərəkətini məhdudlaşdırdı. Qarışıqlıqdan istifadə edən polkovnik-leytenantlar Əfqan Abdurahmanov və Soltan Məmmədov mövqelərindən çıxaraq düşmən “BMP-2”-yə tərəf qaçdılar və içəri əl qumbaraları atdılar. Beləliklə, 6 desant, 1 sürücü, 1 tuşlayıcı zərərsizləşdirildi. Düşmən texnikasını sıradan çıxaran Nəriman Atakişiyev isə ağır yaralandı.”[8]

Bu istiqamətdə Azərbaycan bölmələrinin hərəkəti ağaclara quraşdırılmış kameralar vasitəsilə izlənilirdi. Bu səbəbdən erməni bölmələri ordunun zəif yerləri müəyyən edir və həmin istiqamətdə hücumlar təşkil edirdi. Polkovnik-leytenant Əfqan Abdurahmanov bu kameralardan birini aşkarlayır və onun əmri ilə axtarışlar zamanı daha 2 kamera tapılaraq məhv edilir. Bundan sonra erməni əks-hücumları səngiyir. Əks-hücumlar dəf edildikdən sonra bu ərazi başqa bir bölüyə təhvil verilir və yüksəkliyin ətrafı minalanır. Beləliklə, erməni bölmələrinin hücumlarını dəf edən 2-ci taborun bölmələri cənub istiqamətində Madagizə doğru, digər bölmələr isə qərbə doğru Gülüstan kəndi boyunca, Kəhrilər xarabalığı istiqamətində hərəkət etməyə başlayır. Lakin qərb istiqamətdən hərəkət edən bölmələrin oktyabrın 1-də Gülüstan kəndinin cənubu boyunca növbəti dağı ələ keçirmək istəyi isə fəlakətlə nəticələnir. Bütün qrup pusquya salınır və 48 üzvü öldürülür.[9]

Bu istiqamətdəki uğursuzluqdan sonra cəbhə bu istiqamətdə stabilləşir. Buna baxmayaraq, Talışın bütün ətrafı Azərbaycan bölmələrinin əlində olduğu üçün ermənilər oktyabrın 3-də Talışdan və Madagizin şimalından çıxırlar. Azərbaycan bölmələri oktyabrın 3-də artıq Talış kəndinə daxil olurlar. Elə həmin gün də Azərbaycan Prezidenti İlham Əliyev öz “Tvitter” hesabından Talış kəndinin azad edildiyi barədə məlumat verir. 2 gün sonra isə Azərbaycan MN Talış kəndinin görüntülərini yayımlayır. Kənddə reportaj hazırlayan ilk jurnalistlər isə oktyabrın 11-də Naftalandan bura gələn “Yuronyuz” (Euronews) kanalının əməkdaşları olur. Oktyabrın 12-də Ermənistan MN Talış istiqamətində qüvvələrin yenidən qruplaşmasını həyata keçirdiyini və artıq bu istiqamətdə hücuma başladığı barədə məlumat versə də, bu məlumatın yalan olduğu növbəti gün aydın olur. Beləliklə, bu istiqamətdə döyüşlər başa çatır. 
 

Madagiz döyüşləri

Azərbaycan bölmələrinin ən əsas məqsədi isə Madagizi azad etməkdi. Bu məntəqəyə şərqdən iki istiqamətdə hücum planlaşdırılmışdı. Əsas hücum Tərtər çayının hər iki sahilində yerləşən Çaylı və Levonarx kəndləri yaxınlığında başlandı. Madagiz üzərində nəzarətin ələ keçirilməsi buradakı su anbarından Tərtərə gedən su kanalının açılması baxımından çox əhəmiyyətli idi, həmçinin Talışın şərqindəki yaylada müdafiə xəttinin qırılmasına və erməni müdafiə xəttinin bütün şimal-şərq hissəsini mühasirəyə almağa imkan verirdi.

İlk hücum Çaylı kəndindən qərbə doğru şimal istiqamətində başlandı. Bu hücum ermənilər tərəfindən 1,5 km arxada yerləşən müdafiə qülləsindəki dirəkdəki kamera və hadisə yerindən 700 m şimalda ön mövqelərdəki kamera vasitəsilə lentə alındı və həmin gün “DQR” MN-in kanalında yayımlandı. Əməliyyata Şıxarx istiqamətindən helikopterlə dəstək verilirdi. Lakin bu hücumun əvvəlində Azərbaycan helikopteri vurulur. Azərbaycan MN-in səhər saatlarında verdiyi bəyanatda ekipaj üzvlərinin sağ olması qeyd edilmişdi. Lakin pilot son anda helikopteri tərk edərkən başından zədə alaraq  ağır şəkildə yaralanır. Polkovnik-leytenant Ramiz Qasımov 25 gün koma vəziyyətində qaldıqdan sonra oktyabrın 22-də şəhid olur.

Hücum 6-7 zirehli texnikanın qüvvələri tərəfindən həyata keçirildi, onların arasında “BMP-2” və azı bir tank var idi. Hücumun əvvəlində piyadaların müşayiəti ilə hərəkət edən “BMP-2” səngərdən çıxarkən vurulur. Digər zirehli bölmələr hücuma davam edərək minalanmış sahələrə girirlər. Onlardan üçü minaya düşərək dayanır, lakin digərləri erməni səngərinə yaxınlaşa bilirlər. Hücumun surətini artırmaq üçün əraziyə rezerv qüvvələr də göndərilsə də, hücum edən qrup erməni artilleriyası tərəfindən intensiv atəşə məruz qalır.

Sentyabrın 29-da Azərbaycan bölmələri Həsənqayadan Levonarxı “TOS-1” ağır odsaçan artilleriya sistemindən istifadə edərək bombalayır. Həmin gün Azərbaycan MN-in rəsmi məlumatında Həsənqaya yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılması barədə məlumat verilir. Ehtiyat qüvvələrlə gücləndirilməsinə baxmayaraq hücum uğursuz alınır. İntensiv atəşdən sonra manevr edə bilməyən bölmələr texnikaları ərazidə qoyaraq geri çəkilirlər. Erməni səngərlərinin yaxınlığında ümumilikdə 10 zirehli texnika qalır. Maraqlıdır ki, oktyabrın 18-nə qədər bu texnikaları nə erməni tərəfi, nə də Azərbaycan tərəfi  evakuasiya edə bilmir. Bunu ermənilərin Tərtərin cənub sahilindəki yüksəkliklərindən bu ərazini vizual atəş nəzarətində saxlaması ilə izah etmək olar. Hücum uğursuz alınsa da, Azərbaycan HHQ-si bu istiqamətdə Ermənistan ordusunu ciddi texniki itkilərə uğradır. 30 sentyabrda Levonarxın cənubunda 2 ədəd “Strela-10” zenit-raket kompleksi “TB-2” dronu vasitəsilə məhv edilir.

Azərbaycan bölmələrinin Madagiz istiqamətindəki şərqdən ikinci hücumu cənubda, Tərtər çayının cənub sahilində Levonarx kəndinin xarabalıqları istiqamətində başlandı. Hücum 5 tank və 1 “İMR” tərəfindən həyata keçirilirdi. Hücumun əvvəlindəcə koordinasiya yetərsizliyi özünü göstərdi. Texnikalar açıq şəkildə erməni mövqelərinin zərbə istiqamətinə çıxdıqdan sonra anlaşılmaz şəkildə dayandılar. Tankların ikisi yerindəcə vuruldu. Tankların hərəkət istiqamətini şimala çevirməsindən  hiss olunur ki, onlar təhlükəni şimaldan gözləyirdi.  Lakin ən azı bir tank cənub istiqamətindən vuruldu. Bundan sonra digər iki tank da  manevr edərək geri çəkilməyə başlayır. Hücumda iştirak edən “İMR” isə ikinci vurulmuş tankı ərazidən çıxarır. Beləliklə, hücum uğursuzluqla nəticələnir. Ermənilərin tankları ərazidən çıxarmasına izn verməsini onların tank əleyhinə raket ehtiyatının az olması ilə izah vermək olar. Əks halda, bu hücum zamanı bütün kolon məhv edilə bilərdi.

Digər istiqamət hücumu isə Levonarxın Tərtər kanalının cənub qolu boyunca həyata keçirilir. Burada da hücumu həyata keçirmək üçün aviasiyadan istifadə edilir. PUA-ların daha rahat hərəkət etməsi və erməni bölmələrinə məxsus zenit-raket kompleksləri aşkarlamaq üçün Azərbaycan komandanlığı  “An-2”[10] təyarələrindən “kamikadze dron”  kimi istifadə edirdi. 28 sentyabrdakı hücum zamanı  həmin istiqamətdə 2 ədəd “Osa”, 1 ədəd isə “Tor-M2KM” zenit-raket kompleksi məhv edilir. Həmin gün eyni zamanda Madagiz-Talış yolunda “Bayraktar TB-2” dronu erməni ordusuna məxsus T-72 tankını sıradan çıxarır. Beləliklə, artilleriya və HHQ-nin köməyi ilə bu istiqamətdə hücum başlayır. Sentyabrın 28-də başlayan bu hücum zamanı kanala düşən yük maşını təxminən 5 km uzaqlıqdan TƏİR atəşinə məruz qalır. Bu kadrları Ermənistan MN həmin gün öz kanalında yayımlayır. Xoşbəxtlikdən raket yük maşınına çatmamış ani manevr ilə yerə çırpılır və maşına dəymir.

Hücuma məruz qalan yük maşınının cənub-qərb istiqamətində isə bir digər hücum baş verir. Azı 1 tank və 1 “İMR-2” ilə həyata keçirilən hücum mühafizə postunun yaxınlığındakı açıq ərazidə baş verirdi. Bu hücum da digəri kimi uğursuzluqla nəticələnir. Oktyabrın 3-də “DQR” MN-in yayımladığı kadrlarda ərazinin güclü artilleriya zərbələrinə məruz qalması, həm tankın, həm də mühəndis-istehkam maşınının vurulması nümayiş etdirilir.

Bu istiqamətdə digər hücum isə Levonarx kəndinin 800 metr şimal-qərb istiqamətində həyata keçirilir. Piyadaların iştirakı ilə həyata keçirilən bu hücum da uğursuz alınır. Geri çəkilən Azərbaycan əsgərləri erməni bölmələrinin atəşi ilə ağır itkilər verirlər. Axşama doğru  bu istiqamətdə yenidən hücum həyata keçirilir. 3 tank və 1 “İMR” vasitəsi ilə həyata keçirilən hücumda tüstüdən istifadə edərək köhnə Levonarx-Tərtər yolunun şimalı istiqamətində hərəkətə başladılar. Lakin bu hücum da uğursuzluqla nəticələnir. Əvvəlcə bir tank sıradan çıxarılır, atəşdən yayınmaq üçün ikinci tank xarabalığa doğru istiqamətlənsə də, buna imkan tapmır və raket birbaşa hədəfə dəyir. Bir az sonra aralıda olan üçüncü tank da vurulur. Bu həmlə hücumda iştirak edən bütün tankların məhvi ilə nəticələnir. Beləliklə, Levonarx istiqamətində Azərbaycan bölmələrinin bütün hücumları uğursuz alınır.

Lakin şimal istiqamətində Azərbaycan bölmələrinin uğurlu hücumu ilə cənubdakı erməni bölmələrinin müqaviməti zəifləyir. Hücum əməliyyatı artilleriya dəstəyi ilə birlikdə aparılırdı. 28 sentyabrda Tərtərin Seydimli kəndi ərazisindəki mövqelərdən ağır artilleriya vasitəsilə erməni mövqeləri bombalanır. Həmin gün Madagizin şimal-şərqindəki strateji yüksəklik ələ keçirilir. Sentyabrın 28-dən 29-na keçən gecə Ermənistan bölmələri Madagizin şimalında itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücuma cəhd göstərir. Həmin gün gecə döyüşlərində cəbhənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan HHQ-si tərəfindən məhv edilir. Sentyabrın 29-da gecə vaxtı Tərtərin Seydimli kəndindən Madagizdəki erməni qüvvələri “2S7 Pion” artilleriya qurğuları ilə ağır formada bombalanır. Beləliklə, bu istiqamətdə cəbhə xəttini yaranan Azərbaycan bölmələri Madagizin şimal-şərqinə yaxınlaşır. Vəziyyəti qurtarmaq üçün sentyabrın 30-u Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən erməni bölmələri səhər saatlarından başlayaraq hücuma başlayır. Bu hücumu dəf edən Azərbaycan bölmələri əks-hücuma keçir. Növbəti iki gün ərzində şimal-şərq istiqamətində irəliləməyən Azərbaycan bölmələri oktyabrın 2-də Madagiz ətrafındakı hakim yüksəklikləri ələ keçirir və bu məntəqəni nəzarətdə saxlayır. Sputnik görüntülərindən bu istiqamətdə gedən döyüşlərin necə ağır olmasını müəyyən etmək olur. Belə ki, oktyabrın 18-də peykdən çəkilmiş fotoda Suqovuşanın şimal-şərqində kütləvi atəş izləri müşahidə olunur. Oktyabrın 4-də Azərbaycan ordusunun Madagizin şərqindəki erməni mövqelərini ələ keçirdiyi təsdiqlənir. Ətraf yüksəkliklərin tutulması ilə yarımmühasirə formasında qalan Tərtər çayının şimal sahilindəki erməni bölmələri oktyabrın 3-də mövqelərini tərk edir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev “Tvitter” hesabında Azərbaycan Ordusunun Madagizdə Azərbaycan bayrağını qaldırdığını elan edir.[11]

Madagizin azad olunması xəbərinə baxmayaraq, erməni bölmələri xüsusən də şimal, qərb və şimal-qərb istiqamətindəki mövqelərini qoruyub saxlamışdı və burada şiddətli döyüşlər davam edirdi. Sentyabrın 30-da 1353 yüksəkliyini ələ keçirən bölmələrə 1290,7 və 1306[12] yüksəkliklərini tutmaq əmri verildi. Güclü yağış altında həyata keçirilən hücum nəticəsində oktyabrın 1-də hər iki yüksəklik ələ keçirildi. Ağır döyüşlərdən sonra erməni əsgərlərinin müqaviməti qırılır, həmin gün Azərbaycan əsgərləri 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədlərini ələ keçirir. Kəşfiyyat bölüyünün döyüşçüsü həmin günləri belə xatırlayır: “Sentyabrın 29-da döyüş tapşırığı aldıq və kəşfiyyat bölüyünün sağ qalan heyəti ilə polkovnik-leytenant Əfqan Abdurahmanovun qrupuna qoşulmaq üçün hərəkət etdik. Polkovnik-leytenant Əfqan Abdurahmanov və 2-ci taborun komandiri polkovnik-leytenant Soltan Məmmədovun rəhbərliyi altında olan şəxsi heyətlə birlikdə 1353 yüksəkliyindən Madagiz istiqamətində irəlilədik. Üç gün ərzində meşə ilə hərəkət etdik, artilleriyanın dəstəyi ilə 1290 və 1306 yüksəkliklərini fəth etdik. Oktyabrın 2-də isə bölmələrimiz Madagizin üst tərəfində əlverişli mövqelərdə yerləşdi”.

Oktyabrın 3-də artıq Azərbaycan bölmələri Madagizin qərbində, su anbarının yaxınlığında idi. Yuxarı komandanlıqdan həmin gün döyüşlərdə yaralanan polkovnik-leytenant Bayram İbişova Madagizdə bayrağın asılması və videosunun çəkilib göndərilməsi ilə bağlı əmr verilir. O, tapşırığı icra etmək üçün kəşfiyyatçılardan ibarət qrup yaradır. Fərid Məmmədli, Tərlan Qəzənfərov, Rəşad Tarverdiyev və İlkin Fərzəliyevdən ibarət dəstə 26 il sonra Madagizə ayaq basan ilk Azərbaycan əsgərləri olurlar. Bayrağı asan əsgər isə İlkin Fərzəliyev olur: “Komandir bildirmişdi ki, 4 nəfər aşağı düşüb bayrağı asmalıdır. Komandirə o dəqiqə dedim ki, mənim üstümdə bayraq var. Dedi ki, düş, as. 3 döyüşçü yoldaşım da mənimlə idi. Ermənilər bizi görsə də, bayrağımızı Madagizə asdıq.” Həmin gün çəkilən görüntülərdə Azərbaycan əsgərinin Madagiz su anbarının yaxınlığındakı hərbi bazada Azərbaycan bayrağını qaldırdığı nümayiş etdirilir. Buna baxmayaraq, qəsəbə erməni ordusunun nəzarətində qalmaqda idi. Bu istiqamətdəki bölmələr əmrə əsasən mövqeləri N saylı hərbi hissəyə təhvil verərək şəxsi heyətin komplektləşdirilməsi məqsədilə Talış kəndinə göndərildi.  

Azərbaycan bölmələrinin həmin gün əsas yol istiqamətindən Madagizə yaxınlaşmaq istəyi isə fəlakətlə nəticələnir. Hücum zamanı şimaldakı yüksəkliklər erməni bölmələrinin nəzarətində olduğu üçün yaxınlaşan yük maşınları açıq şəkildə görünürdü. Bu əməliyyat ya kəşfiyyatın səhv məlumatı, ya da hücumu həyata keçirən zabitin təcrübəsizliyi ilə ölçülə bilər. Ermənistan MN-in paylaşdığı kadrlarda tank əleyhinə idarə olunan raket vasitəsilə Azərbaycan Ordusuna məxsus 2 ədəd yük maşını vurulur. Azərbaycan bölmələrinin yol boyu hərəkəti erməni bölmələri tərəfindən müşahidə olunur və ərazi tank əleyhinə idarə olunan raketlər və artilleriya ilə ağır formada bombalanır. Ən azı 40 Azərbaycan əsgərinin həlak olduğu bu qarşıdurma zamanı irəliləyən bölmələr Talış kəndi istiqamətində geri çəkilir. Frontal hücum alınmadığı üçün mühasirə halqası üçün dağlardakı erməni bölmələrini sıxışdırmaq lazım idi. Lakin erməni xüsusi təyinatlılarının israrla yüksəkliklərə əks-hücumu buna imkan vermirdi. 3 gün davam edən döyüşlərdə Madagiz şərqdən tamamilə, 4 gün davam edən döyüşlərdən sonra isə qərbdən qismən mühasirəyə alınır. Madagizin Suqovuşan adlandırılması haqqında qanun qəbul edilən gün, 7 oktyabrda Azərbaycan bölmələri şərqdəki bütün yüksəklikləri götürə bilir. Yola nəzarətin Azərbaycan bölmələrinin nəzarətinə keçdiyi üçün qəsəbənin şimalında duran erməni bölmələri yüksəkliklərdən geri çəkilir. Suqovuşan qəsəbəsinin oktyabrın 9-dakı ilk rəsmi görüntüləri məhz qəsəbənin şərqində çəkilmiş kadrlar idi. Ordu qərb tərəfdə də təzyiqi davam etdirdikdən oktyabrın 10-u qəsəbəni saxlamağın mümkün olmadığını görən erməni bölmələri ərazini tərk edir. Ermənistan bölmələrinin qəsəbəni tərk etməsindən 1 gün sonra, oktyabrın 11-də  Azərbaycan MN Suqovuşan qəsəbəsinin görüntülərini yayımlayır.

Beləliklə, 2 həftə davam edən döyüşlərdən sonra 1-ci Ordu Korpusu Ağdərə əməliyyatının birinci hissəsini ağır itkilər hesabına uğurla başa vurur. Lakin, Suqovuşanın cənubunu və erməni şimal-şərq cəbhəsini mühasirəyə almaq üçün ordu Levonarx, Lüləsaz, Tonaşen və Dostagir kəndlərini tutmalı idi.

 


[1] Bu döyüş atəşkəsdən sonra erməni bölmələrinin ən böyük itkisi kimi tarixə düşüb.

[2] Videonun 5:30-5:40 saniyələrində bu barədə danışılır.

[3] Sovet hərbi komandanlığına aid topoqrafik xəritələrdə belə bir yüksəkliyə rast gəlinmir.

[4] Azərbaycan MN-in bu məlumatını “Müdafiə Ordusu” təsdiqləyir.

[5] Bu istiqamətdəki döyüşlər Goranboy rayonu ərazisində aparılırdı.

[6] Bu yüksəklik Sovet topoqrafik xəritələrində qeydə alınmayıb.

[7] Bu ərazi oktyabrın sonunda erməni bölmələri tərəfindən yenidən ələ keçirilib.

[8] Yaralanan əsgər Nəriman Atakişiyev daha sonra  “İgidliyə görə” medalı ilə təltif edilib.

[9] Ermənilər bu atışma zamanı 1 əsgər itirdiklərini iddia edir.

[10] Bu təyyarələr “kukuruznik” olaraq adlanır.

[11] 1 gün sonra “Müdafiə Ordusu” Madagizin Azərbaycanın nəzarətində olması ilə bağlı verilən açıqlamanı təkzib edir.

[12] Bu yüksəklik Sovet hərbi  topoqrafik xəritələrində qeyd olunmayıb.