Qubadlı, Zəngilan və Laçın uğrunda döyüşlər (Birinci hissə)
İşğal dövrü
Laçın rayonunun mərkəzi Laçın şəhəri daxil cənub hissəsi 1992-ci ilin may ayında, şimal hissəsi 1993-cü ilin aprel ayında, Qubadlı rayonu 1993-cü ilin avqust ayında, Zəngilan rayonu isə 1993-cü ilin oktyabr ayında Ermənistan ordusu tərəfindən işğal edilmişdi. 1992-ci ilin may aylarında Laçını ələ keçirən erməni qüvvələri bu işğalı hüquqi formaya salmaq üçün “Laçın kürd respublikası” adlı bufer respublika yaratmaq istədilər, lakin heç bir etnik dayaq tapmadıqları üçün 1 həftə sonra bu “dövlət” ləğv edildi. Azərbaycan bölmələri 1992-cü ilin payızında Qubadlıdan hücuma keçərək yenidən Laçına 4 km-ə qədər yaxınlaşa bilsələr də əks-hücuma keçən erməni qüvvələri Azərbaycan Ordusunu Qubadlının Muradxanlı kəndinə qədər geri oturda bildi.
1993-cü ilin yay aylarında isə Ermənistan Ordusu “DQR” bölmələri ilə birlikdə Qubadlıya hücuma keçərək rayonun mərkəzini ələ keçirir və sentyabr-oktyabr aylarında Araz çayı vadisinə qədər hücumu davam etdirərək Zəngilanı blokadaya alır. Burada yerləşən Azərbaycan əsgərləri və əhali Araz çayı vasitəsi ilə İrana keçərək tamamilə məhv olmaqdan qurtulur.
Hələ müharibə davam edərkən Qarabağın erməni rəhbərliyi 2 dekabr 1993-cü ildə işğal edilən Laçın, Qubadlı və Zəngilan rayonlarını birləşdirərək burada “Kaşatağ rayonu” formalaşdırır. Bu rayon işğal dövründə “DQR”-in ən böyük rayonu idi. Rayonun mərkəzi Laçının adı işğal dövründə adı dəyişdirilərək Berdzor, Qubadlı Sanasar[1], Zəngilan isə Kovsakan adlandırılır. Yeni inzibati idarəetmədə bu 3 rayon ərazisində 3 şəhər (Berdzor, Kovsakan və Mincavan[2]) şəhərləri formalaşdırılmışdı. 2011-ci ildə Laçın, Qubadlı və Zəngilan rayonlarında ümumi 8500 nəfər əhali yaşayırdı.
2011-ci ildən etibarən Suriyada başlayan vətəndaş müharibəsindən sonra regiondan qaçan erməni əhalisinin Qarabağda yerləşdirilməsinə başlanılır. Suriyadan qaçan ermənilərin demək olar ki, hamısı ərazi geniş və münbit olduğu üçün Qubadlı, Laçın və Zəngilan rayonlarında məskunlaşdırılırdı. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq qurumlara bunun müharibə cinayəti olması ilə bağlı şikayət ünvanlansalar da buna məhəl qoyulmur. 2011-2013-cü illərdə regiona 25 ailə köçürülür. İlk məskunlaşan ailələr Zəngilanda yerləşdirilmiş, digərləri üçün isə Laçında qonaq evlərində pulsuz olaraq yaşamaq icazəsi verilmişdi. Köçürülən 25 ailədən 16-sı Zəngilanda yerləşdirilmişdi. 2013-cü ildə Suriya erməniləri üçün Zəngilanda 12 mənzilli binanın inşasına başlanılır və burada yaşayan Suriya ermənilərinin də sayı 74-ə yüksəlir. 2014-cü ildən etibarən Suriyanın Kesab şəhərindən Dağlıq Qarabağa erməni qaçqınları gəlməyə başlayır. “Tufenkyan” fondunun hesabına bu dəfə Qubadlının Xanlıq qəsəbəsində Suriya erməniləri üçün 37 evin tikilməsinə start verilir. Qeyd etmək lazımdır ki, Qarabağ və ətraf işğal olunmuş ərazilərə Suriyadan qaçan çox kasıb ermənilər gətirilirdi, varlı Suriya erməniləri üçün Ermənistan hökuməti ölkədə “Yeni Hələb” adlı lüks kompleks tikirdi. 2019-2020-ci illərdə Suriyadan başqa Livandakı müharibə və sosial böhran səbəbi ilə də Qarabağ və ətraf ərazilərə ermənilərin köçü başladı. Qarabağda yerləşdirilən Livan ermənilərinin demək olar ki, hamısı Laçın və dəhliz boyu kəndlərdə yaşayırdı.
1994-2020-ci illərdə davam edən süni məskunlaşma yolu ilə regionda aparılan köç istənilən nəticəni vermədi. Sosial vəziyyətin ağırlığı və eyni zamanda siyasi qeyri-sabitlik səbəbi ilə regionda çox az adam yaşayırdı. İşğal dövründə erməni əhalisinin ən çox məskunlaşdığı məntəqə Laçın idi və burda əhalinin sayı 2015-ci il statistikasına əsasən 2190 nəfərə çatırdı. Digər iki şəhər Zəngilanda 376, Mincivanda isə 344 nəfər erməni əhali yaşayırdı. 2015-ci il statistikasına əsasən, Laçının ən böyük yaşayış məntəqələri adı Tsaxkaberd olaraq dəyişdirilən Güləbird (271 nəfər), adı Qaregah olaraq dəyişdirilən Qarıkaha (229 nəfər), adı Moşatağ olaraq dəyişdirilən Bozlu (214 nəfər) və Mirik kəndi (199 nəfər) idi. Qubadlı rayonu ərazisində isə adı İşxanadzor olaraq dəyişdirilən Xanlıq qəsəbəsi (183 nəfər), adı Urekan olaraq dəyişdirilən İşıqlı kəndi (165 nəfər), adı Vourgavan olaraq dəyişdirilən Xəndək kəndi (160 nəfər), adı Tiqranavan olaraq dəyişdirilən Padar kəndi (153 nəfər) və adı Getap olaraq dəyişdirilən Qaraağac kəndini (131 nəfər) misal göstərmək olar. Zəngilanda isə ermənilər Zəngilan və Mincivandan sonra ən çox adı Vardanants olaraq dəyişdirilən Məmmədbəyli kəndində yaşayırdı.
Cəbrayıl-Zəngilan döyüşləri
27 sentyabr 2020-ci ildə başlamış İkinci Qarabağ müharibəsinin gedişatı zamanı Azərbaycan bölmələri Cəbrayılın Araz vadisi boyunca cəbhə xəttini yardıqdan sonra 4 oktyabrda Şükürbəyli kəndinə çatdı. Həmin gün azad edildiyi elan olunan Şükürbəyli kəndinin 7 oktyabrda video görüntüləri yayımlanır. Azərbaycan Prezidenti İlham Əliyev 5 oktyabr tarixində öz “Tvitter” səhifəsində Şükürbəylinin qarşısında duran Şıxalıağalı, Sarıcalı və Məzrə kəndlərinin azad edildiyini bildirir. Azərbaycan bölmələri tam olaraq bu kəndləri 7 oktyabrda nəzarət altına ala bilir. Növbəti hədəf isə Əmirvarlı kəndi idi. Strateji əhəmiyyəti olduğu üçün bu kənd uğrunda döyüşlərdə quru qoşunları ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin (DSX) qoşunları və Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları iştirak edirdi. Ümumilikdə, DSX ordusunun Arazboyu əməliyyatına general-leytenant İlham Mehdiyev rəhbərlik edirdi. Bu kənd uğrunda gedən döyüşlər Vətən müharibəsində ən uzun müddətli davam edən döyüşlərindən olur.
Əmirvarlı erməni ordusunun dərin eşelonlaşdırılmış üçüncü müdafiə xəttinin əsas məntəqəsi idi. Tankların hücum etməməsi üçün ərazi qazıldığı və əsas yüksəkliklərdə güclü müdafiə xəttinin qurulması texniki baxımdan ərazinin tutulmasını əlçatmaz edirdi. Əmirvarlı kəndinin alınması əməliyyatına kapitan-leytenant Orxan Qədirov və üçüncü dərəcəli kapitan Sirac Siracov rəhbərlik edirdi. Üçüncü dərəcəli kapitan Sirac Siracov xatırlayır: “Yaradılmış “val”ın bir ucu körpüyə çıxdığına görə düşmən artilleriya atışlarından daldalana bilirdi, artilleriya atışı bir qədər səngiyəndə yenə “val”dan döyüşçülərimizin irəliləməsinin qarşısını ala bilirdilər. Düşmənin yüksəkliklərdə yerləşdirdiyi minaatanların atışları əmrin operativ şəkildə yerinə yetirilməsində çətinliklər yaradırdı”.. 8 gün davam edən döyüşdə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları kəndin sağ və sol ətrafındakı yüksəklikləri ələ keçirə bilir. Bu yüksəklikləri əldən vermək istəməyən və müdafiə xəttinin qırılmasını əngəlləmək üçün erməni ordusu bu istiqamətdəki bölmələri ağır artilleriya ilə vurmağa başlayır. “Azərbaycan Ordusu” qəzetinin əməkdaşı Rəşid Hüseynov döyüşləri belə xarakterizə edir: “Düşmən sığınacaqlardan çıxıb mövqelərə qaçırdı, döyüşçülərimiz artilleriya yönləndirməsi ilə onları məhv edirdilər. Qəflətən Tural Orxana bildirdi ki, qarşıda bir nəfər atəş açmır, boylanır, elə bil harasa məlumat ötürür. Orxan snayper tüfənginin optik nişangahı ilə müşahidə etdi ki, həqiqətən də, orada bir düşmən qalxır, boylanır, sonra çöməlir. Az sonra döyüşçülərimizin mövqeyi intensiv atəşə tutulur. Orxan onun düşmən qrupunun komandiri olduğunu güman etdi. Bir qədər səbirlə gözlədi. Həmin adam başını qaldırıb yenə boylandı. Orxan ona atəş açmadı. Qalxıb bir də baxanda tətiyi çəkdi. O tərəfə çökən sakitlik 10-12 saniyə çəkdi. Birdən qarşı tərəfdən müxtəlif istiqamətlərdən atəşlər açıldı. Komandirlərinin ölümü düşməni coşdurmuşdu.”
Dronlarla erməni ordusunun istifadə etdiyi “Qrad” raketləri neytrallaşdırıldıqdan sonra mühasirə halqası daralır və erməni ordusu onlar üçün çox vacib olan bu xətdən geri çəkilməyə məcbur olur. Beləliklə, Azərbaycan bölmələri 15 oktyabrda Əmirvarlıya daxil olur. Bu istiqamətdə ikinci güclü müqavimət xətti isə Soltanlı kəndi idi. Soltanlının azad edilməsi əməliyyatı DSX qoşunları tərəfindən həyata keçirildi. Burda da Əmirvarlıda olduğu kimi kiçik qruplarla erməni mövqelərinə sızma əməliyyatı aparıldıqdan sonra 3 gün davam edən döyüşlərdən sonra kənd ələ keçirildi. Soltanlının ələ keçirilməsi ilə bu istiqamətdəki erməni cəbhəsi tamamilə çökdü. Prezident İlham Əliyev bu döyüşlər barədə bunları deyir: “Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün oldu. Mən demişəm, bir daha demək istəyirəm ki, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu. Yəni bir neçə gün bizə lazım oldu ki, strateji əhəmiyyət daşıyan o kəndləri azad edək və ondan sonra artıq Zəngilanın azad edilməsi labüd idi. Deyə bilərəm ki, Zəngilan şəhərini Ermənistan ordusu demək olar ki, az müdafiə edirdi..” Xaotik şəkildə geri çəkilən erməni qüvvələri sadəcə mühəndis maneələri yaradaraq DSX qoşunlarını ləngitməyə çalışırdı. Bu istiqamətdə gedən döyüşləri İran azərbaycanlıları sərhədin digər istiqamətində izləyirdi.
2 qrup şəklində 11 km yarım ərazidə əməliyyat aparan DSX qoşunları Xudafərin və ətraf əraziləri itki vermədən ələ keçirir. Oktyabrın 17-də Azərbaycan bölmələri Xudafərin kəndinə daxil olur. Həmin gün kənddən 2 km cənubda yerləşən Xudafərin su anbarının yaxınlığındakı yüksəklikdə Azərbaycan bayrağını qaldıran hərbçinin görüntüləri yayımlanır. 1 gün sonra polkovnik Babək Ələkbərov Prezident İlham Əliyevə Xudafərin körpüsü və ətraf ərazilərin azad edilməsi barədə məruzə edir. Azərbaycan bölmələri oktyabrın 18-də artıq Cəbrayılın Göyərçin Veysəlli, Əlikeyxanlı, Maşanlı, Həsənli, Xələfli, Qumlaq, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı və Xudafərin kəndlərinə tamamilə nəzarət edirdi.[3] Oktyabrın 19-da Cəbrayıl şəhərinin cənubundakı Azərbaycan bölmələri şimal-şərqə doğru hərəkət edərək Tulus, Sedi və Hovuslu kəndlərini, Göyərçin Veysəlli istiqamətindən hücuma keçən qrup isə Niyazqulular, İsaqlı, Şahvəlli, Hacı İsmayıllı, Qoşabulaq və Qovşudlu kəndlərini ələ keçirir.
Bu istiqamətdə cəbhənin çökməsi eyni zamanda Ermənistan ilə “DQR” rəhbərliyi arasında koordinasiyanın tamamilə pozulmasına gətirib çıxardı. “DQR” lideri Arayik Arutyunyan oktyabrın 20-də döyüşlərin artıq Zəngilan, Mincivan istiqamətində başladığını söyləsə də, Ermənistan MN mətbuat katibi Şuşan Stepanyan Azərbaycan bölmələrinin Xudafərin su anbarından geri çəkilməsi barədə absurd açıqlama ilə yadda qaldı. Bu əsnada Araz çayı ətrafında olan bölmələr isə iki istiqamətdə hücuma keçir. Xudafərin su anbarından başlayan sürətli “blitskriq” əməliyyatı həyata keçirən iki qrup 1 gün ərzində 25 km irəliləyərək Zəngilanın Məmmədbəyli, Həkəri, İkinci Ağalı, Babaylı, Sarıl, Xumarlı kəndlərini azad edərək Zəngilan şəhərinə daxil olur. Azərbaycan bölmələri oktyabrın 20-də Zəngilan şəhərində yerləşən məktəb binasında Azərbaycan bayrağını dalğalandırır. Bu əməliyyat zamanı DSX qoşunları heç bir itki vermir. Ermənistan MN nümayəndəsi Artsrun Ovannisyan isə Zəngilan şəhərinin görüntülərini belə şərh edir: “ Onlar necə Hadrutu və Füzulini ələ keçiriblərsə indi də Zəngilanı ələ keçiriblər. Mən yalnız bir şey deyə bilərəm, müharibə zamanı bəzən tələ qurmaq üçün geri çəkilirik. Biz ilk gündən demişdik ki, çox itki verəcəyimiz xətləri müdafiə etməyəcəyik. Azərbaycan Ordusu üçün biz burada cəhənnəm hazırlamışıq”.
1 gün sonra Zəngilanı geri almaq üçün erməni dəstəsi şəhərə əks-hücuma keçir. Zəngilana hücum edən qrup Qafan və Üçmüədzindən Zəngilan istiqamətinə gətirilmişdi və təxminən 61 nəfərdən ibarət idi. Ağır döyüşlərdə kiçik gizirlər Şükürov Alim, İbrahimov Sultan, İbrahimov Elnur, Qasımov Mirağa və gizir Məhəmmədəli Ələkbərov həlak olur, ancaq şəhərə basqın zamanı qrupun yarısından çoxu öldürülür və ya əsir alınır, kiçik hissəsi isə qaçmağa imkan tapır. Həmin hücumda iştirak edən erməni zabit Arsen Abqaryan isə Zəngilan döyüşlərini belə xatırlayır: “Zəngilanda olanda mühasirəyə alındıq. Yalnız 2 gün sonra 22 əsgərlə mühasirədən çıxa bildik. Orda bizim qrupda əsir düşən əsgərlər oldu, saylarını amma deyə bilmirəm.”
Oktyabrın 21-də Ermənistan MN bu döyüşlər zamanı Azərbaycan bölmələrinin ciddi itki verdiyini və Ermənistan Ordusunun bu istiqamətdəki bölmələri mühasirəyə aldığı barədə məlumat verir. Rusiyalı hərbçi, polkovnik İqor Strelkov həmin gün verdiyi açıqlamada erməni tərəfinin mühasirə açıqlamasına skeptik yanaşırdı: “Azərbaycan bölmələrinin irəliləyişini ləngitmək üçün erməni xüsusi təyinatlı dəstələri Zəngilana gedən yola hücum ediblər. Azərbaycan Ordusunun arsenalında gecəgörmə cihazları və yüksək döyüş xüsusiyyətlərinə malik termal görüntüləmə aparatları olduğu üçün ermənilərin həlledici döyüşə girməsi onların məğlubiyyəti ilə nəticələnəcək.”
Strelkovun proqnozu özünü doğruldur. Hücumu dəf edən DSX qoşunları oktyabrın 21-də cənub istiqamətinə dönərək Üdgün, Məlikli və İçəri Muşlan kəndlərini, Araz çayı ətrafındakı bölmələr isə Hacallı, Muğanlı, Xurama, Cahangirbəyli, Turabad və strateji əhəmiyyətli Mincivan qəsəbəsini ələ keçirir. Elə həmin gün Zəngilanın Kosakənd və Mincivanın qərbində yerləşən Baharlı kəndi də azad edilir. Mincivandan Araz çayı boyunca hərəkət edən Azərbaycan bölmələri isə Vətən müharibəsinin ən sürətli “blitskriq”ini həyata keçirir: 2 gün ərzində[4] 32 km irəliləyən DSX qoşunları Zəngilanın Çöpədərə, Dəllək, Bartaz kəndlərini ələ keçirərək oktyabrın 22-də Ağbənd qəsəbəsinə daxil olur. DSX qoşunları Ağbəndə qədər uzanan 30 kilometr ərazidə ən ciddi müqavimətə Bartaz qəsəbəsində rast gəlmişdi. Lakin qısa bir müddət ərzində ermənilərin müqaviməti qırılır və Ağbənd zastavası uğrunda 6 saatlıq qızğın döyüş başlayır. Oktyabrın 21-də gecə davam edən döyüşlər Arazın digər tayında olan İran azərbaycanlıları tərəfindən çəkilir. “Harop” kamikadze dronundan istifadə edən və sayca çox olan DSX qoşunlarına tab gətirə bilməyən erməni ordusu geri çəkilir. Oktyabrın 22-də DSX qoşunları prezidentə Ağbənd zastavasının Azərbaycan Ordusunun nəzarətində olması barədə məruzə verir. Ağbənd sərhəd zastavasının alınmasında iştirak edən mayor Röyal Quliyev bu əməliyyat zamanı itki verilmədiyini qeyd edir: “Hücumumuz o qədər sərrast və güclü oldu ki, düşmən silah-sursatlarını maşınlara yükləyib qaçarkən elə zastavanın həyətindəcə bizim artilleriyanın dəqiq atəşinə məruz qaldı. Ermənilər ölü və yaralı əsgərlərini götürərək Arazın sahili ilə Ermənistan ərazisinə qaçmağa başladılar. Biz zastavaya daxil olanda içərisi silahla dolu maşınlar yanırdı. Ağbənd sərhəd zastavasını, beləcə, yaralı və şəhid vermədən düşməndən azad etdik”.
1 gün sonra DSX qoşunları artıq Ermənistan sərhədinə çatır. Oktyabrın 23-də İran istiqamətindən çəkilən görüntülərdə Ermənistan-Azərbaycan sərhəddində Rusiya bayrağının dalğalandığı müşahidə olunurdu. Oktyabrın 22-də DSX qoşunları Ağbənd qəsəbəsi ilə birlikdə bu ərazinin şimalında yerləşən Əmirxanlı kəndini, Zəngilan şəhərindəki bölmələr isə cənub istiqamətində Qaradərə, Qaragöz, Çöpədərə, Ördəkli və Qarqulu kəndini, şimal istiqamətində Malatkeşin, Genlik kəndini, qərb istiqamətində isə Ermənistanla sərhəd kəndi olan Kolluqışlağı ələ keçirir. Beləliklə, Zəngilanın Kolluqışlaq kəndi rəsmi olaraq azad edilən ilk sərhəd kəndi kimi tarixə düşür.[5]
DSX qoşunları Ağbəndi ələ keçirdikdən sonra şimal-qərb istiqamətində hərəkət edərək strateji əhəmiyyətli Sığırt yüksəkliyi (1371 metr) uğrunda əməliyyata başladı. Bu yüksəkliyin alınması Vejnəli qızıl yatağının yerləşdiyi eyni adlı kəndin ələ keçirilməsi demək idi. DSX qoşunları ən güclü müqavimətə bu istiqamətdə rast gəlir. 22 oktyabrda Sığırt yüksəkliyi istiqamətində başlayan əməliyyatda leytenant Murtuz Abbasovun bölüyü pusquya düşür və burdakı döyüşlərdə komandir ilə birlikdə 6 DSX əsgəri (Səbuhi İsgəndərli, Rəvan Əliyev) həlak olur. 5 gün sonra Vejnəli ətrafındakı adsız yüksəklikdə davam edən döyüşlərdə isə kapitan Elməddin Meydanov həlak olur. Kapitanın həlak olduğu adsız yüksəklik hazırda onun şərəfinə “Meydanov zirvəsi” adlandırılıb. DSX qoşunları 9 gün davam edən döyüşlərdən sonra oktyabrın 30-da Vejnəli kəndinə tam olaraq nəzarət edə bilir. Vejnəli uğrunda döyüşləri mayor Röyal Quliyev belə xatırlayır: “Şəhid və yaralılarımızı adsız yüksəklikdən təxliyyə etdikdən sonra Vejnəlini, kənd yaxınlığındakı qızıl zavodunu və ətraf əraziləri öz nəzarətimizə keçirməli idik. Bunun üçün yaxınlıqdakı ən mühüm strateji yüksəklik olan Sığırt yüksəkliyi rəhbərliyim altında işğaldan azad edildi. Artıq Vejnəli kəndi, qızıl zavodu və kəndin bütün giriş-çıxış yolları bizim nəzarətimizə keçmişdi. Lakin buna baxmayaraq erməni ordusu bir gün sonra yenidən Vejnəliyə və yüksəkliklərə hücum etdi. Mühasirəyə düşsək də 8 saat ərzində davam edən döyüşdə PUA-ların da köməyi ilə hücumu dəf etdik.”
Oktyabrın 23-də isə Zəngilan şəhərindəki bölmələr şimala doğru hərəkət edərək Mirzəhəsənli, Aladin, Vənədli kəndinə, oktyabrın 26-da isə şərqdəki bölmələr Birinci Alıbəyli, Rəbənd, Yenikənd kəndlərinə daxil olur. Oktyabrın 27-də ordu Beşdəli kəndinə daxil olur. Beşdəli kəndi uğrunda döyüşlərdə DSX ordusu itki vermir. Oktyabrın 28-də Ermənistan hərbi rəhbərliyi Zəngilanda Azərbaycan bölmələrinin irəliləyişinin qarşısını almaq üçün sonuncu ümid kimi xüsusi təyinatlılarını döyüşə atır. Zəngilan şəhərinin qərbində, Zəngilan-Qafan yolunda baş verən döyüşdə qrup Azərbaycan bölmələri tərəfindən müəyyən edilir və bütün bölmə məhv edilir.
Qərb istiqamətində hərəkət edən DSX ordusu isə Ermənistan-Azərbaycan sərhəddi boyunca şimala doğru hərəkət etməyə başlayır. Növbəti hədəf Bartaz yüksəkliyi (2269,5 metr) və Şükürataz yüksəkliyi (2006,2 metr) idi. Bartaz yüksəkliyinə yol olmadığı üçün ərazi texnika köməyi olmadan xüsusi qruplar vasitəsi ilə azad edilməli idi. 4 gün Bartaz yüksəkliyi uğrunda gedən döyüşlərdə ciddi itkilər hesabına DSX qrupu bu yüksəkliyi ələ keçirə bilir. DSX xüsusi qrupu paralel olaraq eyni günlər ərzində 5 km şimalda olan Şükürataz yüksəkliyi uğrunda əməliyyata başlamışdı. Bu yüksəklik uğrunda gedən döyüşlərdə erməni hərbi rəhbərliyi SU-25 qırıcı təyyarədən istifadə edir. Baş leytenant Şükür Ağayev həmin döyüşü belə xatırlayır: “Qırıcı çox aşağı meyllikdə uçurdu. Biz hazır vəziyyətdə idik. Təyyarənin üzərinə əlimizdə olan bütün arsenaldan istifadə edərək atəş açdıq. Pilot manevr eləmək istəsə də buna imkan tapa bilmədi və qayaya çırpıldı.” Bu döyüşlə bağlı noyabr 1-də Azərbaycan MN rəsmi açıqlama verir: “Gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan məntəqəsinə basqın etməyə cəhd göstərib. Döyüş zamanı 30-a yaxın şəxsi heyətini itirən düşmən Ermənistan ərazisinə çəkilməyə məcbur olub. Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 hücum təyyarəsi də vurulub”. Həmin gün Zəngilanın Quyudərə Xəştab kəndinin cənubunda erməni ordusuna məxsus 2 ədəd “Qrad” reaktiv yaylım atəş sistemi dronla məhv edilir. Ümumilikdə,
Azərbaycan-Ermənistan sərhəddi boyunca döyüşlər üçtərəfli saziş imzalanan günə qədər davam edir. 1117,0 metrlik adsız yüksəklikdə baş verən döyüşlərdə DSX xüsusi təyinatlılarının bölük komandiri Habil Əbdürrəhmanlı və əsgərləri Mürtaza Qasımov, Hüseynov Vüsal həlak olur. İtkilərə baxmayaraq, DSX qoşunları Ermənistan-Azərbaycan sərhəddi boyunca şimal istiqamətdə 30 km əraziyə nəzarət edə bilir. Noyabr ayında digər istiqamətlərdə gedən döyüşlərdə isə ordu Zəngilanın Məşədiismayıllı, Şəfibəyli, Sobu, Dərə Gilətağ, Böyük Gilətağ və İsgəndərbəyli kəndini ələ keçirə bilir.
Beləliklə, 10 noyabrda Zəngilan rayonunun təxminən 70 faizi[6] Azərbaycan Ordusunun nəzarətində idi.
Qubadlı döyüşləri
Müharibə zamanı Qubadlı “DQR” “Müdafiə Ordusu” üçün əsas hərbi bazalardan biri idi. Bu ərazi həm yaşayış məskənlərinin olması, həm də strateji əhəmiyyətinə görə ciddi qorunurdu. Ermənistan hərbi rəhbərliyi Qarabağdakı 2 ədəd[7] “S-300” zenit-raket qurğusundan birini Qubadlıda saxlamışdı. Bu “S-300” idarəetmə sistemi 10 oktyabrda “Harop” vasitəsilə sıradan çıxarıldı.
Azərbaycan bölmələri Qubadlı rayonu ərazisinə oktyabrın sonunda gəlib çatır. Oktyabrın 21-də Cəbrayılın Dağ Tumas və Dağ Maşanlı kəndindən irəliləyən bölmələr Qubadlı ərazisinə daxil olur və burda baş verən şiddətli döyüşlərdən sonra Balasoltanlı kəndini azad edir.[8] Həmin döyüşlərdə iştirak edən xüsusi təyinatlı gizir Asim Quliyev xatırlayır: “Qubadlıya gedən yol Cəbrayıldan keçir. Həmin yolu isə düşmən kəsmişdi. Əsas tapşırığımız Əlipaşa yüksəkliyinin götürülməsi idi ki, bu da Qubadlıya gedən yolun açılması demək idi. Bu hakim yüksəkliyi ələ keçirə bildik. Cəbrayılın sonuncu kəndi olan Dağ Tumas kəndinə qədər ara-sıra bir-iki erməni qalmışdı. Kəndə çatdıqda isə bir ermənini məhv etdik, digərini əsir götürdük. Dağ Tumas kəndində 1 tabora qədər şəxsi heyət müdafiə olunurdu. Düşmən kəndin yolu, körpünün üstü və sağ-sol şumlanmış ərazilərdə qarışıq minalardan istifadə edərək mina sahəsi yaratmışdı. Həmin yerdə xüsusi təyinatlıların mayoru Rzayev Polad minaya düşdü. Dağ Tumas kəndində minalanmış əraziləri aşkar etdikdən sonra mən öz qrupumla səhər saat 8 radələrində orada yerləşmişdim. Ayın 21-i gecə idi. Dağlarla hərəkət etdik, orada mina sahələri yaratmışdılar. Biz orada Dağ Tumas kəndi ilə üzbəüz olan Balasoltanlı kəndində yerləşən yüksəkliyə qalxdıq və oradan da Padar kəndinə doğru hərəkət etdik. Sağdan isə Laçının Güləbird kəndi istiqamətində qoşunlarımız hərəkət edirdi”.
Beləcə, Azərbaycan bölmələri Ermənistan sərhədinə 14 km məsafədə yaxınlaşır. Balasoltanlıdan sonra Azərbaycan bölmələri şimala doğru hərəkət edir və 2 gün ərzində Qubadlının Sarıyataq, Padar, İşıqlı, Qaraağac, Xəndək, Qarakişilər, Muradxanlı kəndlərini azad edərək oktyabrın 22-də Laçının Güləbird kəndinə daxil olur.[9]
Azərbaycan bölmələrinin Laçın dəhlizinə doğru sürətli həmləsinin qarşısını almaq üçün erməni ordusu əks-hücum əməliyyatı hazırlayır. Oktyabrın 20-də Qubadlının Qayalı kəndindən Qaraağac və Sarıyataq kəndinin cənubu istiqamətində əks-hücum baş verir. Ermənilərin əsas məqsədi Balasoltanlı kəndindən şimal istiqamətində - Laçın dəhlizinə doğru hərəkət edən qrupu cənubdan mühasirəyə almaq idi. Mümkün hücumu nəzərə alan Azərbaycan hərbçiləri Balasoltanlıdan şimala hərəkət edən qüvvələrin cinahını qorumaq üçün Sarıyataq kəndinin qərb istiqamətdəki yüksəkliyə bir qrup yerləşdirir. Erməni hərbçiləri bu yüksəkliyin boş olduğunu zənn edirdi. Düzgün kəşfiyyat işi aparılmaması isə qrupun ifşa edilməsi ilə nəticələnir. Bu istiqamətə hərbçiləri gətirən avtomobillər yüksəklikdə Azərbaycan əsgərlərinin olduğunu görür və tabeliyindəki əsgərləri Mahmudlu-Padar yolunun yarısında, açıq sahədə saxlamağa məcbur olur. Açıq sahəyə çıxan qrupun yeri vaxtında aşkarlanır və koordinatları yuxarı komandanlığa verilir. Dərhal ərazi RYAS (Smerç) raketləriylə bombalanır və praktiki olaraq bütün erməni dəstəsi məhv edilir. Eyni gün Qubadlının Saray kəndinin şimalından Zəngilan istiqamətində hücuma hazırlaşan erməni ordusunun konvoyu dronlarla atəşə tutulur və məhv edilir.
Əks-hücumu dəf edən Azərbaycan bölmələri Qubadlı şəhərini ələ keçirmək üçün əməliyyata başlayır. Zəngilandan fərqli olaraq bu istiqamətdə Azərbaycan bölmələri güclü müqavimətə rast gəlir. 21 oktyabrda Mollabürhan və Xocik kəndini ələ keçirən Azərbaycan bölmələri ilə “DQR” 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri arasında Qubadlı ətrafındakı yüksəkliklər uğrunda döyüşlər başlayır. Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə Qubadlı istiqamətində baş verən döyüşlərdə Azərbaycan bölmələri şəhərin ətrafındakı yüksəklikləri ələ keçirə bilir. Bu döyüşlərdə Azərbaycan Ordusu ciddi itkiyə məruz qalır. 22 oktyabrda Mollabürhan kəndi ilə Qubadlı şəhəri arasında yerləşən yüksəklikdə gedən döyüşlər zamanı Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov həlak olur. Erməni ordusunun geri çəkilməməsi və hərəkətinin tam məhdudlaşdırılması məqsədilə artilleriya qoşunları Qubadlının girişindəki körpünü partladır. Körpünün ətrafından Qubadlıya doğru yolda 31 ədəd tank əleyhinə, 22 ədəd isə piyada əleyhinə mina aşkarlayan xüsusi təyinatlılar Qubadlıya girişi təmin edir. Qubadlı əməliyyatında eyni zamanda cənub istiqamətindən irəliləyən bölmələr də iştirak edirdi. 19 oktyabrda Cəbrayılın Sirik və Govşutlu kəndini ələ keçirən Azərbaycan bölmələri oktyabrın 20-də Qubadlının Xanlıq qəsəbəsinə yaxınlaşır və 1 gün sonra buranı ələ keçirir. Xanlıq qəsəbəsi ərazisində davam edən ağır döyüşlərdən sonra geri çəkilən erməni qüvvələri Azərbaycan bölmələrinin hücumunu ləngitmək üçün Həkəri çayı üzərindəki körpünü partladır. Buna baxmayaraq, Xanlıqdan şimal-şərqə doğru hücuma keçən bölmələr oktyabrın 23-də Qubadlıya cənub istiqamətindən 3 km məsafədə yaxınlaşır. Xanlıq-Laçın yolu (R-36) istiqamətində şimala doğru hərəkət edən digər bölmələr isə 2 gün ərzində Çaytumas, Həmzəli, Yusifbəyli, Əfəndilər və Mərdanlı kəndlərini azad edir.
Oktyabrın 23-də Azərbaycan bölmələrinin bir neçə istiqamətdən Ermənistanla sərhədə yaxınlaşması ordu üçün bəzi problemlər yaşadırdı. İlk növbədə Ermənistanın rəsmi sərhədinin Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində Rusiya qoşunları tərəfindən qorunması ordunun hərəkət sürətini azaltmasına və ehtiyatlı hərəkəti ilə nəticələndi. Bundan istifadə edən erməni qüvvələri oktyabrın 24-də Qubadlıya doğru hərəkət edən Azərbaycan bölmələrini Gorus rayonundan atəşə tutmağa başlayır. Oktyabr 26-da yayımlayan görüntülərdə Azərbaycan bölmələrinin Qafanın Kaxnut kəndində daha bir “S-300” zenit raket qurğusunu sıradan çıxardığı nümayiş olunur.
Ermənistan istiqamətdən hücumlara baxmayaraq, Azərbaycan bölmələri oktyabrın 24-də cənubdan, şimaldan[10] və şərqdən Qubadlını mühasirəyə almağa başlayır. Qubadlını israrla qorumaq istəyən erməni ordusu döyüşə təyyarələri cəlb edir. Oktyabrın 24-də bu təyyarələrdən biri Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulur. Oktyabrın 25-i Ermənistan MN nümayəndəsi Artsrun Ovannisyan Azərbaycan bölmələrinin Qubadlıya 10-a yaxın hücum əməliyyatı icra etdiyini bildirir. Oktyabrın 25-də axşam saatlarında Azərbaycan bölmələri şəhərin mühasirə halqasını daraltdığı üçün erməni ordusu şəhəri tərk etməyə məcbur olur. Qubadlı döyüşlərində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları xüsusilə fərqlənir. Həmin döyüşlərdə iştirak edən xüsusi təyinatlı gizir Asim Quliyev xatırlayır: “Düşmən ordumuza güclü müqaviməti Qubadlı şəhərinin ətrafındakı yüksəkliklərdə, eyni zamanda Yazıdüzü istiqamətində göstərmişdi. Hakim yüksəkliklər azad olunandan sonra şəhər azad olunmuş sayılırdı. Bizimlə əməliyyatda Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları iştirak edirdi. Onlar 9 nəfərlik bir qrup idi, biz ümumilikdə 28 nəfərdən ibarət olmaqla üç kəşfiyyat xüsusi təyinatlıları qrupu, sağdan da 18 nəfərlik xüsusi təyinatlı qrupla birlikdə Qubadlı şəhərinə daxil olduq”.
Beləliklə, 25 oktyabr axşam saatlarında Qubadlı şəhəri Azərbaycan bölmələrinin tam nəzarətinə keçir və gecə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları prezidentə şəhərin azad edilməsi barədə məruzə edir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirov həmin günü belə xatırlayır: “Hər bir qəsəbə, xırda kənd və yüksəkliyin alınması bizim üçün çox önəmli idi. Ancaq Qubadlı kimi tarixi bir şəhərdə bizim xüsusi təyinatlılar tərəfindən ilk olaraq Azərbaycan dövlət bayrağının ucaldılması və Ali Baş Komandanımıza məruzə olunması bizim üçün hədsiz sevinc hissi yaşatdı. İnanın, həmin gecə o xəbəri alanda mən səhərə qədər sevincimdən bir an belə yata bilmədim”.
Oktyabrın 26-da Azərbaycan MN Qubadlı şəhərinin görüntülərini yayımlayır. Həmin gün Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edir.
Ermənistan MN nümayəndəsi Artsrun Ovannisyan isə verdiyi açıqlamada müharibə ərzində ilk dəfə olaraq Azərbaycanın rəsmi məlumatını təsdiqləyir: “Təəssüf ki, dünən axşam saatlarında döyüşlər zamanı düşmən Qubadlını ələ keçirərək bəzi istiqamətlərdə irəliləyib. Buna baxmayaraq, vəziyyət hələ ki, kritik deyil. Sabah biz interaktiv xəritə ilə itirilən əraziləri göstərəcəyik”.
Qubadlını işğaldan azad edən Azərbaycan bölmələri şəhərin şimaldan təhlükəsizliyini qorumaq üçün həmin istiqamətdə hücuma keçir. Oktyabrın 27-də Qubadlının Qayalı kəndinin şərqi istiqamətində olan erməni qüvvələri ağır itkilər verərək geri çəkilir və Azərbaycan MN 1 gün sonra ələ keçirilən erməni texnikalarını nümayiş etdirir. Həmin gün Azərbaycan Ordusu Qubadlının Həmzəli, Əfəndilər, Yuxarı Mollu, Aşağı Mollu və Qəzyan kəndlərinə nəzarəti tam olaraq ələ keçirir.
Oktyabrın 28-dən oktyabrın 31-ə qədər olan döyüşlərdə Azərbaycan bölmələri Qubadlının şimal hissəsində erməni ordusunun güclü müqavimətinə rast gəlir. Ordu Mahmudlu kəndinə yaxınlaşsa da Qayalı, Ləpəxeyranlı, Bəxtiyarlı, Xələc və Çardaqlı istiqamətində müqavimət ilə üzləşir və bu istiqamətdə cəbhə xətti stabilləşir.
Qubadlının cənubunda davam edən döyüşlərdə isə 30 oktyabra qədər Hal, Məmər, Hüseynuşağı, Kavdadıq, Mollalı, Mahrızlı kəndləri azad edilir.
Digər tərəfdən sərhədə yaxınlaşdıqca rus ordusunun arxasındakı erməni qüvvələri Qubadlını artilleriya atəşinə məruz qoyurdu. Azərbaycan Ordusu 2 noyabrda artilleriya atəşinə cavab verir və axşam saatlarında endirilən zərbə nəticəsində Sünikin David Bek kəndində 1 şəxs məhv edilir, 2 nəfər isə yaralanır. Ermənistan MN-in ittihamlarına Azərbaycan tərəfindən 7 noyabrda verilən açıqlamada isə deyilirdi: “Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutur. Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür. Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur.”
Azərbaycan Ordusu noyabrın 3-9-u arası baş verən döyüşlərdə Qubadlının şimal-qərbində yerləşən Armudlu, Başarat və Milanlı kəndlərini və Ermənistan sərhəddi boyunca uzanan Ballıqaya, Boyunakər, Çərəli kəndlərini azad edir.
Beləliklə, 10 noyabrda imzalanan Azərbaycan-Rusiya-Ermənistan liderlərinin birgə bəyanatına qədər Qubadlının təxminən 50 faizinə Azərbaycan Ordusu nəzarət edirdi. [11]
Laçın uğrunda döyüşlər
Azərbaycan Ordusu Laçın rayonunda oktyabrın 22-də cənubdan həyata keçirilən əməliyyat zamanı daxil olur. Xaotik şəkildə şimala doğru geri çəkilən erməni ordusu yollara mina döşəyərək və digər mühəndis qurğuları ilə hücumu ləngitməyə çalışırdı. Oktyabrın 22-də Güləbirdin şimalındakı görüntülərdə də məhz irəliləyən zirehli maşının tank əleyhinə minaya düşdüyü görünür.
Beləliklə, Azərbaycan Ordusu Ermənistan sərhədinə 5 km, Laçın-Şuşa yoluna isə 20 km məsafədə yaxınlaşır. Bu istiqamətdəki bölmələrin əsas hədəfi Ermənistan ilə Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin tutulması idi. Dəhlizin tutulması Qarabağdakı erməni qruplaşmasının taleyini həll edirdi.
Təhlükəni başa düşən erməni rəhbərliyi Qubadlıdakı əsas qüvvələri şimala doğru çəkir. Vəziyyət mürəkkəb olduğu üçün Ermənistan müdafiə naziri David Tonoyan oktyabrın 23-ü Xankəndiyə gəlir və artıq oktyabrın 24-də Azərbaycan bölmələri şimalda ciddi müqavimətlə rastlaşırlar. Ermənistan hərbçiləri dəhliz boyu kəndlərə çox sayda “Qrad”, minaatan və artilleriya bölmələri yerləşdirir. Həmin gün baş verən döyüşlərdə Azərbaycan xüsusi təyinatlıları ağır itki verərək geri çəkilməyə məcbur olur. Digər qoşunlar isə 2 gün davam edən döyüşlərdən sonra şərq istiqamətdə yerləşən Türklər kəndini azad edərək Səfiyan kəndinə yaxınlaşır.
Oktyabrın 26-da Azərbaycan bölmələri ilə erməni ordusu arasında Laçının Səfiyan kəndi ətrafında döyüşlər başlayır. Bu döyüşlər zamanı erməni ordusunun müqavimətini qırmaq mümkün olmur və cəbhə xətti Mazutlu-Xanalılar kəndləri boyunca stabilləşir.
Birbaşa dəhlizə yaxınlaşmaq mümkün olmadığı üçün Azərbaycan bölmələri Səfiyan kəndinin şərqi istiqamətdə hərəkət edirlər. Oktyabrın 26-da Laçının Güləbird kəndindən hücuma keçən Azərbaycan bölmələri Quşçular, Aşağı Fərəcan və Fərəcan kəndini işğaldan azad edir. Bu istiqamətdən şimala doğru isə hərəkət etmək mümkün olmur. Laçın dəhlizi çox güclü qorunduğu üçün Azərbaycan bölmələri Laçın-Şuşa yolunu ən az qorunan hissədən kəsmək üçün dağlarda sızma əməliyyatlarına başlayır. Köhnəkənd və Qışlaq yaşayış məntəqələri isə əməliyyatlar zamanı Azərbaycan ordusu tərəfindən azad edilən Laçın rayonuna daxil olan sonuncu kəndlər idi.
Buna baxmayaraq, noyabrın 10-a qədər Azərbaycan bölmələri Laçına girmək daha bir cəhd edir. Noyabrın 5-də edilən cəhd isə Laçının Turabı kəndi istiqamətində texnikaların aşkarlanması və tamamilə məhv edilməsi ilə nəticələnir.
Beləliklə, oktyabrın 22-dən noyabrın 10-a qədər olan döyüşlərdə Azərbaycan bölmələri Laçının 8 kəndini işğaldan azad edə bilir.[12]
İtkilər
Azərbaycan tərəfdən Zəngilan əməliyyatında rəsmi qaynaqlara əsasən 3435, Qubadlı əməliyyatı zamanı isə 5867 hərbçi iştirak etmişdi.[1] Azərbaycan bölmələri bu əməliyyatlar zamanı Qubadlıda 173, Zəngilanda 37, Laçında isə 58 nəfər hərbçisini itirir.
Azərbaycan qüvvələri ən zəif müqavimətə Zəngilan istiqamətində rast gəlmişdi. “Arabo” dəstəsinin komandiri Manvel Yeqiazaryan noyabrın 10-da jurnalistlərə verdiyi müsahibədə deyirdi: “Sizin xəbəriniz varmı ki, onlar Zəngilanı 3 “Pikap” ilə tutublar?” Zəngilan istiqamətində Azərbaycan bölmələri xüsusilə ağır döyüşləri Ermənistan-Azərbaycan sərhədi boyunca aparmışdı ki, əsas itkilər də bu istiqamətdə olmuşdu.
Azərbaycan bölmələri xüsusilə ağır itkilərə Qubadlı istiqamətində məruz qalır. Bu döyüşlərdə Azərbaycan Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov həlak olur. Prezident İlham Əliyev həmin anı belə xatırlayır: “Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı. Şükürün həlak olması bizim üçün böyük itkidir, onun ailəsi, onun yaxınları, atası üçün, hamımız üçün.”
Bundan başqa, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə Azərbaycan xüsusi təyinatlıları da çox ciddi itkilər verir. Qubadlı uğrunda gedən döyüşlərdə baş leytenant Elton Qənbərli, baş gizirlər Camal İsmayılov və Sübhan Cəbrayılov, gizirlər Şəhriyar Quliyev və Elyar Vəliyev, kiçik gizir Tarzən Həşimov, Laçın uğrunda gedən döyüşlərdə isə baş leytenant Həmid Abbasbəyli həlak olur. Laçın istiqamətində Quru qoşunları da ciddi itkilər vermişdi. Belə ki, burda həlak olan 58 hərbçidən 3-ü polkovnik-leytenant (Vidadi Xəlilov, Ruslan Tağıyev , Rəşad Sadıqov) idi. Zəngilanda həlak olan ən yüksək rütbəli zabit isə polkovnik-leytenant Qərib Baxşəliyev olur.
Erməni ordusunun isə bu istiqamətlərdə verdiyi itkilərlə bağlı rəsmi məlumat yoxdur. Buna baxmayaraq, döyüşlərin intensivliyini və qüvvələrin çoxluğunu nəzərə alaraq bu əməliyyatlar zamanı erməni ordusunun Qubadlının Balasoltanlı, Padar, Xanlıq və Muradxanlı kəndində, Zəngilan istiqamətində isə Zəngilan şəhərində və Ermənistan-Azərbaycan sərhədi istiqamətindəki yüksəkliklərdə böyük itkilər verdiyini söyləmək mümkündür. Xüsusən də Zəngilana oktyabrın 21-də edilən əks-hücum zamanı Ermənistan ordusunun verdiyi itkilər müharibədən sonra ölkədə ciddi etirazlara səbəb olmuşdu. Dekabrın 1-də Üçmüədzindəki hərbi hissənin qarşısında Zəngilanda itkin düşənlərin valideynləri oğullarının qaytarılması üçün böyük etiraz aksiyası keçirir. Övladını itirən valideynlərin söylədikləri Ermənistan ordusunda olan özbaşınalığı və eyni zamanda hökumətin biganə münasibətini göstərirdi: “Bizim uşaqlar məhz bu hərbi hissədən cəbhəyə aparıldı. Müharibənin bitməsindən 44 gün keçir, bizim hələ də onlardan xəbərimiz yoxdur. Uşaqlarımızı buradan xüsusi təyinatlılar kimi cəbhəyə aparıblar. Uşaqlarımız kimyaçı idi, xüsusi təyinatlı yox. Onların gülləkeçirməz jiletləri və dəbilqələri belə yox idi. Onları kim Zəngilana göndərib? Müharibəyə aparılan 50 nəfərdən 34-ü itkin düşüb, 16-sı geri qayıdıb. Geri qayıdanlar da bu barədə heç nə danışmır, hiss olunur ki, onları da təhdid ediblər. Biz uşaqlarımızı dövlətdən tələb edirik.”
Dekabrın ortalarına qədər Üçmüədzin və Qafandakı etirazlardan sonra Azərbaycan hökuməti “Qırmızı Xaç” təşkilatının xahişini nəzərə alaraq burada axtarış tədbirlərinə icazə verir. Zəngilan ərazisində 11 yanvar tarixinə qədər aparılan axtarışlarda 14 nəfər erməni əsgərinin cəsədi tapılaraq ailələrinə təhvil verilir.
Erməni ordusunun Qubadlıda ən çox itki verdiyi məntəqə isə Xanlıq idi. Xanlıq qəsəbəsində müharibə zamanı baş verən bir hadisə Ermənistanda rezonans yaradır. Belə ki, dekabrın 30-da isə həlak olmuş əsgərin atasının ifadəsi əsasında hərbi hissə komandirinin müavini saxlanılır. İddia əsasında məlum olur ki, hərbi hissə komandirinin müavini oktyabrın 9-da Qubadlının Xanlıq qəsəbəsində Azərbaycan PUA-sının səsini eşidən və maşından çıxıb qaçan əsgərlərə yenidən maşına minmələrini əmr edib. Əsgərlərin maşına minməsindən dərhal sonra avtomobilə PUA ilə zərbə endirilmiş və burada bir neçə əsgər həlak olmuşdu. Müharibədən sonra da ən çox bu istiqamətdə erməni əsgərinin cəsədinə rast gəlinir. 20 dekabrda aparılan axtarışlarda Qubadlının Xanlıq qəsəbəsinin də daxil olduğu 3 məntəqədə 22 nəfər, 30 dekabrdakı axtarışlarda Qubadlının da daxil olduğu 4 məntəqə ərazisində 22 nəfər , 12 fevral tarixindəki axtarışlarda Xanlıq qəsəbəsi ərazisində 3 nəfər, 14 fevralda aparılan axtarışlarda isə Qubadlıda 4 nəfər erməni əsgərinin cəsədi tapılır.
Müharibədən sonra regiondakı vəziyyət
Zəngilan, Qubadlı və Laçın rayonlarının azad edilməsi ilə müharibədən sonra regionun inkişafı üçün layihələr formalaşdırılmağa başladı. Müharibədən sonra ilk infrastruktur layihəsi Laçında baş tutdu. Fevralın 14-də Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavatt gücündə “Güləbird” SES-in açılışında iştirak etdi və onu işə saldı. Bölgədə elektrik infrastrukturunun formalaşması üçün yeni yarımstansiyaların da açılışı həyata keçirilirdi. Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 25-də Qubadlıdakı çıxışında qeyd edirdi: “Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik. Bu yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Yəni, biz Qubadlının gələcək inkişafını belə görürük. Sovet vaxtında, işğala qədər Qubadlı rayonunun əhalisi haradasa 28 min idi, indi mənə verilən məlumata görə əhali 40 minə çatıb. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.”
Strateji əhəmiyyətinə görə həm hökumət, həm də xarici investisiya baxımından ən çox sərmayə ayrılan rayon Zəngilan idi. 2021-ci ilin fevralın 14-də Naxçıvan və Zəngilanı birləşdirəcək dəmiryolu xətti layihəsinin ilk mərhələsi kimi ümumi uzunluğu 100 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulur. Həmin gün Prezident İlham Əliyev Zəngilanın İkinci Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icra ediləcəyini bildirir: “Bir neçə aydan sonra İkinci Ağalı kəndinin yenidən qurulması prosesinə start veriləcək. Bu, bərpa ediləcək birinci kənd olacaq. İkinci Ağalı kəndi “ağıllı kənd” konsepsiyası əsasında qurulacaq. Eyni zamanda, Birinci və Üçüncü Ağalı kəndlərinə qayıdacaq soydaşlarımız da eyni imkanlardan istifadə edəcəklər. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.” Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin nümayəndələri iştirak edirdi. Kəndin qurulmasında rəqəmsal texnologiyanı isə “Huawei-Azərbaycan” şirkəti həyata keçirirdi. Layihənin təməli 2021-ci ilin aprelin 26-da qoyulur və icrası üçün dövlət büdcəsindən 10,8 milyon manat vəsait ayrılır.
Prezident İlham Əliyevin 2021-ci ilin aprelin 26-da Zəngilana səfəri zamanı İsrail və İtaliya şirkətlərinin birgə layihəsi olan camış fermasının tikiləcəyi bəlli olur. Şirkət nümayəndəsi fermada ilkin olaraq 300-400 baş camış olacağını, daha sonra isə bu sayın 1000-ə qədər çatdırılacağını qeyd edirdi: “Biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik". Kənd təsərrüfatı naziri İnam Kərimov camışların İtaliyadan idxal olunacağını qeyd edirdi. Layihə meneceri Cüzeppe Qrisoliya isə yüksək keyfiyyətli "motsarella", "burrata" və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsini planlaşdırdıqlarını bildirirdi. Bu layihənin isə 2021-ci ilin dekabrında başlayacağı gözlənilir.
Prezidentin apreldə baş tutan səfəri zamanı Zəngilanda beynəlxalq hava limanının və uzunluğu 124 km olan 6 zolaqlı Zəngilan-Horadiz avtomobil yolunun da təməli qoyulur. Bölgənin iqtisadi şaxələnməsi üçün isə 7 iyul tarixində Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl ərazisində Şərqi Zəngəzur iqtisadi rayonu yaradılır. 2021-ci ilin oktyabr 20-də Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı isə burada təməli qoyulan layihələrin icrası barədə rayon ictimaiyyətinə məlumat verir: “İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi. Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq. Aprel ayında gələndə hava limanının təməli qoyuldu. İndi oraya baş çəkdim, artıq zolağın torpaq işləri hazırlanır. Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir.”
Noyabrın 17-də İqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sözünə əsasən Zəngilandakı “Ağıllı kənd” layihəsində son tamamlanma işləri aparılır. Zəngilan hava limanının isə 2022-ci ildə tamamlanacağı gözlənilir. Tikinti, kənd təsərrüfatı sahəsi ilə birlikdə regionda ekoloji vəziyyətin düzəldilməsi ilə də bağlı layihələr icra edilir. Belə ki, 2021-ci ilin fevralın 14-də böyük hissəsi dağıdılan Bəsitçay qoruğunda çinar ağacları əkilir və çaydakı balıq populyasiyasını artırmaq üçün balıqlar buraxılır.
2020-ci ilin oktyabrın 26-da isə Zəngilana ilk xarici dövlət başçısı kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfər edir. Türkiyə liderinin bölgəyə səfəri Azərbaycan və Türkiyənin Ermənistana Zəngəzur dəhlizini açması üçün təzyiq kimi xarakterizə etmək olar. Azərbaycan hökuməti Azərbaycan-Rusiya-Ermənistan liderlərinin 10 noyabr bəyannaməsinin 9-cu bəndinə əsaslanaraq Naxçıvan ilə Zəngilanı birləşdirəcək yolu “dəhliz” adlandırır. Ermənistan hökuməti isə bu bəyanatda dəhliz ifadəsinin olmadığını və sadəcə kommunikasiya xətlərinin bərpasının qeyd olunduğunu bildirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı 9-cu bəndi regionun iqtisadi inkişafı üçün əsas faktor kimi görürdü: “Gümrü-Naxçıvan-Mehri-Bakı və İcevan-Qazax-Bakı. Nəzərə alsaq ki, Qarsdan Gümrüyə də dəmiryolu xətti mümkündür, bütövlükdə xarici mənbələrin hesablamalarına görə, Qars-Gümrü-Naxçıvan-Mehri-Bakı üçün təxmini 434 milyon ABŞ dolları xərc tələb edilir və dəmir yol layihəsi illik 10 milyon ton yük daşımaqla fəaliyyətinin 13-cü ilində mənfəət gətirə bilər. Bununla yanaşı, Türkiyədə Qarsdan Naxçıvana və Naxçıvandan Mehri dəhlizi üzərindən Zəngilana planlaşdırılan dəmiryolu xətti daha böyük strateji əhəmiyyət kəsb etməklə yuxarıdakı layihəni tamamlayır. Beləliklə, Azərbaycan və Türkiyənin dəmiryolu xətlərinin inteqrasiyasına Ermənistanın qoşulmaq imkanları rəsmi Yerevanın nə qədər rasional siyasət yürütməsindən asılı olacaq.”.
2021-ci ilin yaz aylarında Ermənistan hökumətinin Naxçıvan-Zəngilan yolu ilə bağlı konkret addımlar atmamasına Azərbaycan Prezidenti İlham Əliyev çox sərt cavab verir: “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik.” Oktyabr 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə prezident bir daha Zəngəzur dəhlizi məsələsinə qayıdır və Ermənistanla danışıqlarda pozitiv dəyişikliklərin olduğunu qeyd edir: “Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur. Bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər və bizim mövqeyimiz orada bir daha səslənəcək.” Müsbət proqnoza baxmayaraq Moskvadakı danışıqlarında konkret razılaşma əldə edilmir. Hazırda “Zəngəzur dəhlizi” Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərdə əsas gündəm məsələsi kimi qalmaqdadır.
QEYDLƏR
[1] Qubadlı şəhəri haqqında Kaşunik, Vorotan adları da istifadə edilib.
[2] Zəngilanın Mincivan qəsəbəsinin ermənilər tərəfindən təhrif edilmiş adı.
[3] Bu kəndlərin alınmasını 1 gün sonra Prezident İlham Əliyev “Tvitter” səhifəsində elan edir.
[4] Polkovnik-leytenant Ruslan Xanov Mincivandan Ağbəndə 3 günə gəldiklərini qeyd edir.
[5] Bu kənd rəsmi olaraq işğaldan azad edildiyi elan olunsa da kəndlə bağlı müharibə ərzində heç bir video görüntü paylaşılmadı. Bundan başqa Kolluqışlağın azad edilməsi üçün Şatarız və Rəzdərə kəndlərini də götürmək lazım idi ki, müharibə ərzində bu kəndlərin azad edilməsi barədə də heç bir məlumat verilmədi.
[6] Zəngilanın mərkəz daxil, 83 yaşayış məntəqəsindən 59-u hərbi əməliyyatlar zamanı azad edilib
[7] Digəri Şuşakənddə idi.
[8] Rəsmi olaraq 7 noyabrda elan edilib.
[9] Rəsmi olaraq 9 noyabrda azad edildiyi elan olunub.
[10] Prezident İlham Əliyevin dediyinə görə, Qubadlı şəhəri Mahmudlu kəndi istiqamətindən də mühasirəyə alınıb. De-fakto isə bu kəndin müharibə zamanı azad edilməsi ilə bağlı rəsmi məlumat verilməyib. Qubadlıya şimal istiqamətdən hücum olduğunu Artsrun Ovannisyan da təsdiqləyir.
[11] 1993-cü ildə işğal edilən Qubadlı rayonu 1 şəhər və 93 kənddən ibarət idi. Şəhər və 41 kənd Vətən Müharibəsi zamanı döyüş əməliyyatları nəticəsində azad edildi. Yerdə qalan 52 kənd isə 10 noyabrda qüvvəyə minən üçtərəfli birgə bəyanatdan sonra Azərbaycana geri qaytarılıb.
[12] Rəsmi məlumata əsasən müharibə ərzində Laçının 3 kəndi (Güləbird,Səfiyan və Türklər) kəndi azad olunub.
[13] Laçının azad olunması medalını isə 5775 hərbçi alsa da, mükafatlandırılan hərbçilərin böyük əksəriyyəti Suqovuşan istiqamətində vuruşmuşdu və Laçın döyüşləri ilə bilavasitə əlaqəsi yox idi.