Bağla

TƏHLİL

Qaragöl insidenti və Ermənistanın daxili siyasəti

15-05-2021, 05:23   3571
Qaragöl insidenti və Ermənistanın daxili siyasəti

Mayın 12-dən başlayaraq Ermənistanda sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyanın və keçmiş prezident Robert Köçəryanın nəzarətində olan kütləvi informasiya vasitələrində və sosial media hesablarında Azərbaycanın silahlı qüvvələrinin Ermənistanın Zəngəzur (Sünik) bölgəsinə daxil olması ilə bağlı şayiələr yayılmağa başladı. Bu şayiələr əvvəlcə Ermənistanın Müdafiə Nazirliyi tərəfindən təkzib edilsə də, sonradan bu xəbərlər Ermənistan hökuməti tərəfindən təsdiqləndi. Erməni tərəfi iddia edir ki, Azərbaycan silahlı qüvvələri “Ermənistan ərazisinə daxil olaraq” İşıqlı Qaragöl gölünü tam nəzarət altına alıb. Ermənilərin fikrincə, gölün 70%-i onların ərazisində yerləşir. Eyni zamanda sosial şəbəkələrdə azərbaycanlı əsgərlərin digər bölgələrdə də “peyda olması” barədə sistematik şəkildə dezinformasiya yayılmağa başladı. Qeyd etmək lazımdır ki, həmin ərazilərdə demarkasiya tamamlanmayıb və Azərbaycan tərəfi məhz mübahisəli ərazilərdə sərhədlərin dəqiqləşdirilməsi ilə məşğuldur və əslində baş verənlər rutin bir prosesdir. Bəs niyə bu rutin proses birdən-birə həm Ermənistanda, həm də Ermənistandan kənarda bu qədər ilk baxışdan tamamilə qeyri-adekvat reaksiyaya səbəb oldu?

Bu, ilk növbədə, Ermənistanda iyun ayının 20-də keçiriləcək seçkilər ərəfəsində baş verən daxili siyasi proseslərlə bağlıdır. Belə ki, Ermənistanda aparılan müxtəlif sorğular göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra Nikol Paşinyanın populyarlığı nisbətən azalsa da, o, hələ də rəqiblərindən inamla irəlidədir və onun seçkilərdə qələbə qazanması şübhə doğurmur. Xüsusilə əyalətlərdə Paşinyan hələ də ciddi dəstəyə malikdir. Seçkilərdə namizəd olan Köçəryanın komandası bu tip dezinformasiya ilə ölkədə, xüsusilə əyalətlərdə, insanlar arasında qorxu və panika yaymaq, bununla da Paşinyanın nüfuzu sarsıtmaq istəyir. Qeyd etmək lazımdır ki, Qaragöl Ermənistanın Gorus şəhəri ilə sərhəddə yerləşir və şəhərin meri Aruş Aruşanyan açıq şəkildə Köçəryan tərəfdarıdır. O, 2020-ci ilin dekabr ayında insanları hökumətə qarşı qiyama təhrik etməkdə ittiham edilərək həbs edilsə də, sonrada məhkəmə tərəfindən sərbəst buraxılmışdı. Aruşanyan İrəvan merindən sonra Ermənistanın ikinci ən varlı icma rəhbəridir. 

Demarkasiya prosesinin təhrif olunaraq Köçəryana məxsus mediada “işğal” kimi göstərilməsinin digər səbəbi lokal qeyri-nizami hərbi birləşmələrin (yerli milis) baş verənləri bəhanə edərək silahlanmağa çalışması ilə də bağlıdır. Seçkilərdə məğlub olacağı təqdirdə Köçəryanın nəticələri qəbul etməyəcəyi və zorakılıq yolu ilə hakimiyyəti dəyişdirməyə çalışacağı istisna edilmir. Buna nail olmaq üçün isə onun tərəfdarlarının silahlanmaya ehtiyacı var. Xüsusilə Paşinyanın qeyri-populyar olduğu Sünikdə hökumətin və Müdafiə Nazirliyinin vəziyyətə nəzarət edə bilməməsini və Azərbaycanın regionu “işğal” etməyə hazırlaşdığı bəhanə edərək, yerli “özünümüdafiə” dəstələri silahlanmaya və həmin silahlardan iyunda qiyam qaldıraraq Paşinyan hökumətinə qarşı istifadə etmək istəyirlər. Qeyd etmək lazımdır ki, bu könüllü “özünümüdafiə” dəstələri müharibədən sonra hökumət tərəfindən tərk-silah edilmişdilər.  

Ümumiyyətlə, Ermənistanda hələ Birinci Qarabağ müharibəsindən başlayaraq “Yerkrapah” kimi könüllü hərbi birləşmələrlə (“fədailər”) hökumət arasında münasibətlər heç bir zaman birmənalı olmayıb. Bu, Ermənistanda 1990-cı illərdə dövlət quruculuğunun spesifikasından qaynaqlanır. Belə ki, Ermənistanda ordu könüllü hərbi birləşmələr formasında dövlət institutlarından əvvəl formalaşmışdı. Yəni Ermənistanda əvvəl ordu, sonra dövlət insitutları formalaşmışdı. Birinci Qarabağ müharibəsindən sonra geri qayıdan könüllü hərbi dəstələrin üzvlərini hökumət müxtəlif yollarla əla almağa, dövlətə inteqrasiya etməyə çalışır, inteqrasiya olunmaq istəməyənləri isə neytrallaşdırırdı. O zaman bu prosesin mərkəzində Müdafiə Naziri Vazgen Sərkisyan dururdu. Yerkrapahı “Respublika” partiyasına inteqrasiya etməyə çalışan Sərkisyanın 1999-cu ildə parlamentdə öldürülməsi bu prosesi yarımçıq qoydu. 

Köçəryan və Serj Sarkisyan dövründə Manvel Qriqoryan (“tuşonka Manvel”) və Suren Xaçatryan (“Liska”) kimi könüllü hərbi dəstələrin komandirləri Ermənistanın müxtəlif əyalət, şəhər və kəndlərində faktiki neofeodal sistem qurmağı və bu bölgələri özlərinə tabe etməyi bacarmışdılar. Paşinyanın ən böyük nailiyyəti hakimiyyətə gələndən sonra bu keçmiş komandirlərdən bölgələri təmizləmək və bu sistemi dağıtmaq olmuşdu. Ona görə də Ermənistanın bir çox əyalət və kəndlərində müharibədə məğlub olmasına baxmayaraq Paşinyana hələ də ciddi rəğbət var. Bu könüllü hərbi dəstələr və onların komandirləri onsuz da Paşinyandan onların gücünü məhdudlaşdırdığı üçün kəskin şəkildə narazı idilər, bu narazılıq İkinci Qarabağ müharibəsindən sonra daha da artdı. Bu qruplaşmalar Sünik və digər sərhəd bölgələrində qəsdən panika və qorxu yaymaqla Paşinyana qarşı narazılığı artırmaqla yetərincə silah əldə etməyə və son nəticədə Paşinyanı devirməyə çalışırlar.

Bundan əlavə, Paşinyan hökuməti xalqın bir çox hissəsinin gözündə həqiqi “inqilabi rejim” hesab edilir. Məşhur siyasi alimlər Stiven Levitski (Steven Levitsky) və Lukan Veyin (Lucan Way) öz araşdırmalarında göstərdikləri kimi, İran, Çin, Şimali Koreya kimi aşağı siniflərin hakim elitaya qarşı ciddi mobilizasiyası nəticəsində formalaşmış inqilabi rejimlər böyük dayanıqlığa və bütün çətinliklərə baxmayaraq xalqın ciddi dəstəyinə malik olurlar. Xalqın ciddi dəstəyi də Paşinyana qarşı olan və keçmiş elitanın nəzarətindəki güc strukturlarının Paşinyanı devirmək niyyətlərinin qarşısını alır. Xüsusilə Paşinyanla Milli Təhlükəsizlik Xidməti arasında ciddi gərginliyinin olması heç kimdə şübhə doğurmur. Belə ki, MTX-ni nəzarət altına almağa çalışan Paşinyan 2018-ci ildən bəri 4 MTX rəhbərini dəyişsə də, hələ də öz məqsədinə nail ola bilməyib. Müharibədən sonra separatistlərin lideri Araik Arutunyan MTX birləşmələrini qəsdən döyüşlərdə iştirak etməməkdə ittiham etmişdi. Bütün bunlara görə də, Ermənistanda bəzi ekspertlər bu tip provokasiyaların arxasında Paşinyanı zəiflətməyə çalışan MTX-nın da dura biləcəyini istisna etmirlər. 

Paşinyan hökuməti əvvəlcə sərhəddə baş verənlərin böyüdülməməsinə çalışsa da, sonradan həm daxildə, həm də xaricdə artan narazılıq onları strategiyanı dəyişdirməyə meylli etdi. Bundan əlavə, Paşinyan bu məsələdən, xüsusilə erməni diasporası və lobbisinin təzyiqi nəticəsində Fransa, Kanada, ABŞ-dan gələn Ermənistan meylli reaksiyalardan sonra, seçki ərəfəsində öz reytinqini artırmaq və ya, ən azından, qorumaq üçün istifadə edə biləcəyini də başa düşdü.