Rusiyanın Azərbaycanda mövcudluğu. Dvoryane, tovarişi, oliqarxi
Son 250 ildir Rusiya ilə birbaşa əlaqadə olan azərbaycanlıların bu dövr ərzində şimal qonşuları haqqında müxtəlif fikir və mülahizələri də formalaşıb. Rusiyanın Qafqazda genişlənməsi və Türkmənçay müqaviləsindən bəri Azərbaycandakı siyasi, iqtisadi və ictimai varlığı 19-cu əsrin ortalarından etibarən yazılı və sözlü müzakirələrin əsas mərkəzində dayanır. Fərqli dünya görüşlərini ehtiva edən bu müzakirələr heç vaxt bir mənalı qarşılanmayıb. Hər şeydən əvvəl Azərbaycan tarixçiliyi Rusiyanın xanlıqları ilhaq və zəbt etməsini, ardınca imzalanan Türkmənçay müqaviləsini mahiyyətini hələ də obyektiv şəkildə təqdim edə bilmir. Bundan başqa sosial elmlər də “Rusiya bizim üçün niyə bu qədər aktualdır?” sualına cavab verməkdə çətinlik çəkir. Bir tərəfdən Azərbaycan tarixçiliyi hər şeyi “işğal” narrativi (hekayəsi) ətrafında təqdim etməyə çalışır, digər tərəfdən isə sosial elmlər və beynəlxalq münasibətlər mütəxəssisləri məsələni sadəcə geosiyasət, enerji təhlükəsizliyi çərçivəsində analiz edir. Amma nədənsə azərbaycanlı kimliyinin, xalqın formalaşma prosesinin məhz Rusiya İmperiyası dövründə baş verməsi, eləcə də modernizm təşəbbüslərimizin bu dövrə aid olması ya müzakirə edilmir, ya da ki bunun əhəmiyyəti tam başa düşülmür. Müstəqillikdən sonra Rusiyanın Azərbaycandakı təqdimatı demək olar ki, bütünlüklə birinci və ikinci Qarabağ müharibələrinin yekun nəticəsi ilə əlaqəndirilir. Əgər 1990-cı illərdəki məğlubiyyətin birbaşa səbəbi kimi Rusiyanın təsiri göstərilirdisə, 2020-ci il 10 noyabr sülh müqaviləsi nəticəsində Rusiya sülhməramlı qüvvələrinin Qarabağın ermənilər yaşayan ərazisində yerləşdirilməsini daha böyük bir təhlükə kimi təqdim edilməkdədir. Rus qoşunlarının Azərbaycanda yerləşməsini müstəqilliyimizə təhlükə kimi göstərənlər bunu Rusiyanın ölkəmizdə mövcudluğu ilə əlaqələndirirlər. Amma nəzərdən qaçırılan ən vacib məsələ budur ki, Rusiyanın Azərbaycanda mövcudluğu heç vaxt bitməmişdi. Zaman-zaman forma dəyişdirən mövcudluq əslində Türkmənçay müqaviləsindən bəri sosial, sinifi və iqtisadı münasibətlər çərçivəsində aralıqsız davam etməkdədir. Bu yazıda son iki yüz illik dövrə sosioloji çərçivədən nəzər salınacaq, Rusiyanın Azərbaycandakı mövcudluğu müxtəlif mərhələlərdə analiz ediləcəkdir.
“Dvoryane”
1828-ci il Türkmənçay müqaviləsindən sonra Cənubi Qafqazda bütünlüklə yerləşən Rusiya İmperiyası ilk başlarda lokal (Quba, Car-Balakən kimi) xarakterli üsyanlarla üzləşsə də, ümumilikdə böyük çətinliklərlə qarşılaşmadı. Çünki yerli xalq xanlıqlar dövrü lokal çaxnaşmalardan, ardınca Rusiya-İran müharibələrinin fəsadlarından xilası mərkəzi hakimiyyətin bərqərar olmasında görürdü. O günə qədər fərqli xanlıqlara aid olan tayfa birliklərinin torpaqlar üzərində keçici hakimiyyəti bir mərkəzin nəzarətinə keçir. Ancaq fərqli mahallara yayılan tayfalar üzərində mütləq hakimiyyəti qurmaq buraya yad olan bir dövlət üçün elə də asan deyildi. Odur ki, Qafqazın ilk canişini Mixail S. Vorontsovun seçdiyi yol yeni əraziləri ruslaşdırmaq deyil, yerli əsilzadələr, imtiyazlı təbəqə ilə əməkdaşlıq etmək, daha doğrusu həmin zümrəni yaratmaq oldu.
Rusların Qafqaza gəlişinə qədər imtiyazlı təbəqə olan bəy və ağalara məxsus torpaqlar xanlığın, ondan əvvəl isə Əfşarlar və Səfəvilər dövründə dövlətin mülkiyyəti idi. Müxtəlif hərbi xidmət qarşılığında xan, bəy və ağalara verilən tiyul torpaqların gəlirinin yarısı bir başa xəzinəyə gedirdi. Dövlət istədiyi zaman həmin torpağı birindən alıb, başqasına verə bilirdi. Odur ki, istər sosial status kimi əsilzadəlik, istərsə də onlara məxsus torpaqlar müvəqqəti xarakter daşıyırdı. Məhz buna görədir ki, Vorontsovun tövsiyəsi ilə Çar I Nikolay 1846-cı ilin dekabrında müsəlman əsilzadələrin titul torpaqlar üzərində tamhüquqlu sahiblik səlahiyyətini təsdiq edən qərarnamə qəbul edir. Həmin qərarnamə ilə mülk sahibinin varislik hüququ təsdiqlənir, bəylik və ağalıq statusu rəsmi şəkildə tanınır, onların övladlarına rəsmi dövlət qurumlarında işləmək icazəsi verilir. Azərbaycanda əsrlərlə davam edən dövlətə məxsus mülkiyyət rəsmi qaydada şəxslərin əmlakına çevrilir. Şəxsi mülkiyətin tanınması Azərbaycan cəmiyyətinin formalaşmasında ilk qırılma anıdır. Çünki bu proses həm də imtiyazlı zümrənin (Rusiyada bu zümrə dvoryanlar adlanırdı) yaranmasının da başlanğıcı oldu. Əsilzadə sinifinə aid olanların övladları dövlət təqaüdlərindən faydalana bilir və beləliklə də dövrün şərtlərinə uyğun müasir təhsil almaq imkanı əldə edirdilər.
Rusiya İmperiyasının bu siyasətinin əsas qayəsi Azərbaycanda mövqeyini möhkəmləndirmək və yenə həmin siyasətinə uyğun yerli “dvoryanlar”, məmur sinifi yetişdirmək idi. Bu dövrdə “tatar-müsəlman” adlandırılan azərbaycanlılar Rusiyanın nəzərində imtiyazlı ermənilər, sevimli gürcülərdən daha az diqqət görsə də ənənəvi zəhmətkeşlik və sahib olduğu vərdişlərlə qısa zamanda öz istiqamətini müəyyənləşdirdi. Şübhəsiz ki, bu istiqamətin əsas katalizatoru məhz Rusiya və onun modernist axtarışları oldu. Azərbaycanlılar da həm müstəqil, həm də imperiyanın tərkibindəki digər müsəlman xalqlarla birlikdə bu axtarışın bir parçasına çevrildi. Digərlərindən fərqli olaraq bizim prinsipiallığımız, tarixi şərtləri düzgün dəyərləndirməyimiz və fürsətlərdən yararlanmağımız nəticəsində imperiya siyasətinin diqtəsindən bu və ya digər şəkildə yayına bildik. Bu proses təsadüfən baş verən hadisələr silsiləsi deyil, sistemli və ardıcıl cəhdlərin nəticəsi idi. “Tatar-müsəlman” adlandırılan xalq Rusiya imperiyasının tərkibində özünün aid olduğu kimliyini idrak etdi və bu kimliyin ətrafında dövlət qurdu. Rusiyanın özünə müttəfiq kimi gördüyü imtiyazlı zümrə, əsilzadə sinifi gözləntilərin əksinə imperiyanın ucqarlarında milliləşdi, siyasiləşdi və mərkəzləşdi.
“Tovarişi”
1917-ci il oktyabr çevirilişindən sonra hakimiyyəti ələ keçirən bolşeviklər daha əvvəl vəd etdiyi hər şeyin üstündən xətt çəkərək Rusiya imperiyasının sərhədlərini bərpa etməyi qarşısına məqsəd qoymuşdu. 28 aprel 1920-ci il işğalı ilə cümhuriyyətinin müstəqilliyinə son qoyulur, Azərbaycan işğal edilir. Bununla həm də bizim modernizm axtarışımız və intelligensiyamızın son əlli illik ardıcıl fəaliyyəti sonlanır. Onu da qeyd etmək lazımdır ki, sadəcə biz deyil, qlobal səviyyədə dünya bundan təsirləndi. Alternativ modernizmin təcəsümü kimi ortaya çıxan komunizim Rusiya imperiyasının sərhədlərini bərpa etməklə dünyada sivilizasiya prosesinin inkişafına bir başa müdaxilə etdi. Sovet Marksist-Leninist məktəbi modernizm məhfumundan sistemli şəkildə imtina etsə də, təqdim edilməyə çalışılan alternativ modernizm məhz elə Qərb dünyasının məhsulu idi. Qərb imperializmi ilə inqilabi ideologiyanın törəməsi olan sovet modeli ilk başlarda ultramodernist xətt seçsə də Stalin dövründə bundan imtina edildi.
Rusiya mərkəzli komunizmin Azərbaycanda bərqərar olması ilə birlikdə intelligensiyamızın nailiyyətlərinin üstündən xətt çəkilir. Sovet modeli insanlara sistemli şəkildə xalq inqilabının məhsulu kimi təlqin və təbliğ edilməyə başlanır. Bu prosesdə təbii ki, intelligensiya və aydınlar sistemli şəkildə fiziki və mənəvi olaraq məhv edilir, anti-inqilabi ünsürlər kimi damğalanır. Fəhli-kəndli hökumət modeli, kollektivçilik kimi tezislərlə yola çıxan bolşeviklərın Stalin represiyaları zamanı sradan çıxarılması, imperializimin içə qapanması da əslində alternativ olanı qorumaqdan başqa bir şey deyildi. Repressiyalardan ən çox əziyyət çəkən xalqlardan biri şübhəsiz ki azərbaycanlılar oldu. Çünki sadəcə əldə edilən naliyyətlər itirilmədi, həm də bunu hazırlayan düşünən zümrə yox edildi. “Bəy-mülkədar” sinifinə aid olan istənilən şəxsi düşmən kimi görən bolşeviklər, sinifsiz cəmiyyət yaratmaq istəsələr də ən totalitar quruluşlardan birini yaratdılar. Azərbaycanda intelegensiyanın yerini alan “tovarişi” (yoldaşlar) uzun müddət sinifsiz cəmiyyət arzusunun imtiyazlı təbəqəsinə çevrildi.
Sinifsiz cəmiyyət idealı ilə başlayan şəxsi mülkiyyətin ləğv edilməsi prosesi təsirsiz ötüşmədi. Tarixilik nöqtəyi nəzərdən baxdıqda bu hadisə xalqın formalaşmasında ikinci qırılma anıdır. Mülkiyyətin yaratdığı iqtisadi və hüquqi münasibətlərlə daha yeni tanış olan cəmiyyət təbiidir ki, tamamilə ilə yad bir quruluş ilə qarşılaşdığında lazimi refleksləri göstərə bilmədi. Üstəlik həmin cəmiyyətin çox kiçik bir qisminin yeni quruluşun nəzəri və ideoloji konsepsiyasından xəbərdar olduğu faktını da nəzərə alsaq buradan özünə yeni yol müəyyən etməkdə çətinliklərlə qarşılaşması yadırğanmamalıdır. Odur ki, sovet dövrünün Azərbaycan üçün faydalı olacaq fikir istehsalı çərçivəsində analizi aktual görünmür. Lakin bunun əvəzində mövcud şərtlərə uyğun olaraq reflekslərimiz də nəzərdən qaçırılmamalıdır. Biz bunu hər şeydən əvvəl Stalinin ölümündən sonra başlayan yumuşalmanın təsiri ilə Bakının tədricən azərbaycanlılaşdırılması və başqa millətlərlə müqayisədə azərbaycanlıların sayının bərabərləşməsində, hətta artmasında görürük. Bakının kosmopolitiziminin insanların həm avanqard etirazlarına (geyim, musiqi kimi) həm də ticari münasibətlərinə (qara bazarın əhəmiyyəti) bir başa təsiri oldu. Odur ki, Moskvanın imperiya ucqarlarında etimad göstərdiyi “tovarişi” məlum sonu uzatmaqdan başqa bir işə yaramadı.
“Oliqarxi”
Komunizimin təsirinin azalması, Sovet İttifaqı ətrafındakı qüvvələrin Moskvadan qopması məlum sonu hazırlasa da heç kəs ittifaqın bu cür görkəmli şəkildə çökəcəyini gözləmirdi. Şübhəsiz ki, Qərbin populyar kültürü və mədəni təsiri artıq ötən əsrin 1970-1980-ci illərindən içəriyə daha çox nüfuz etməkdəydi. Odur ki, 1980-ci illərdən başlayaraq Qərbin müəyyən elementlərinin aktuallığı hər hansı fantaziyanın məhsulu deyil; əksinə, bolşeviklərin ilk başlarda əsaslandığı iddiaların təzahürü idi. Sovet İttifaqının ilk illərində izlənən bu yol (Qərb mənşəli alternativ modernizim) onun sonlarına doğru da qərbləşməni zərurətə çevirdi. Təbii ki, bu prosesdə “Qorbaçov fenomenini” də qeyd etmək lazımdır. Onun başlatdığı islahatlar hər nə qədər sonu sürətləndirsə də, qaçılmaz idi. Çünki daxildə pul münasibətləri başqa bir səviyyəyə keçmişdi və komunizim buna qarşı alternativ təkmilləşdirməkdə aciz qalırdı. İqtisadi model kimi işləməyən bir sistemin tarixin bütün dövrlərində olduğu kimi dağılması da labud idi.
Odur ki, sovet quruluşundan ayrılan cəmiyyətlərin ilk illərdə üzləşdiyi böhran pul-maliyyə münasibətləri üzərindən ələ alınmalıdır. Sərbəst iqtisadi münasibətlərə keçid dönəmində Azərbaycanın üzləşdiyi əsas sıxıntıların başında da maliyyə böhranı gəlirdi. Biz bunu sadəcə dövlətin resurslarının tükənməsi kimi deyil, həm də insanların birdən birə alışıq olmadıqları pul dövriyəsindən çıxış yollarının axtarması kontekstində də düşünə bilərik. Pul ilə sınağın ilk mərhələsi Rusiya mərkəzli ticarətçi zümrənin formalaşması ilə başlayır. Hələ 1980-ci illərin sonundan etibarən Rusiyada müxtəlif ticarətə başlayan azərbaycanlıların “biznes” fəaliyyətləri sovet ittifaqının dağılması ilə daha geniş miqyaslı hal alır. Rusiya keçmiş Sovet İttifaqından olan digər xalqlar kimi azərbaycanlılar üçün pulun mənbəyi olaraq görülür. Bu isə cəmiyyətin formalaşmasında üçüncü qırılma anını təşkil edir. Rusiya bazarlarında getdikcə daha çox pul qazanma vərdişlərinə yiyələnən azərbaycanlıların içərisindən müəyyən bir zümrə daha ön plana çıxır. Dövlət qurumlarının, rəsmilərinin əməkdaşlığından faydalanaraq biznes fəaliyyətlərini böyüdərək yeni formalaşan oliqarxlar qrupuna daxil olurlar. Neo-liberalizm ilə kapitalizimin bütün imkanlarından yararlanan oliqarxik iqtisadi model müstəqil Azərbaycan Respublikası üçün də rol modelinə çevrilir.
Rusiya təqdim etdiyi həmin model ilə növbəti dəfə Azərbaycanda cəmiyyət-dövlət münasibətlərinin formalaşmasına təsir göstərir. Bu prosesdə Moskvanın təmsilçisi rolunu Rusiya mərkəzli azərbaycanlı böyük kapitalistlər və ya “oliqarxi” yerinə yetirir. Bu qrup Rusiyada yerləşsə də onların biznes fəaliyyəti Azərbaycana da yayılır və ölkədə iqtisadi münasibətlər üçün əsas istinada çevrilir. Dövlətin imkanlarını istifadə edərək sərvət sahibi olmaq potensialı Azərbaycanda da qısa zamanda mənimsənilir. Beləliklə Rusiyadan sonra Azərbaycanda da oliqarxlar iqtisadi proseslərin əsas hərəkətverici modelini yaradırlar. Cəmiyyətə pul qazanmağın tək yolunun bu model olaraq qəbul etdirilməsi Rusiyanın Azərbaycanda mövcudluğunun bir başa göstəricisidir. Rusiyanın bu prosesdə rus oliqarxiyasının Azərbaycanda fəaliyyətini təşviq edərək öz təsir mexanizmini daha da möhkəmləndirməsini də unutmamalıyıq. Bununla da dövlətin resurslarından faydalanaraq iqtisadi varlığını bərqərar edən oliqarxiya Rusiyadakı müttəfiqlərinə Azərbaycan dövlətinə təsir mexanizmi yaratmaqda da zəmin yaradır. Lakin onu da qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda dövlətin mərkəzləşməsi ilə oliqarxiya ilə münasibətlər yeni mərhələyə qədəm qoymaqdadır. Odur ki, yaxın illərdə bu mərhələnin nəticələrinə hazır olmaq lazımdır.
Beləliklə...
Tariximizin son iki yüz ilinin istənilən mərhələsində Rusiyanın varlığı ilə qarşı-qarşıya qaldığımız danılmaz bir həqiqətdir. Bu dövr ərzində üç fərqli quruluşu ətrafındakı xalqlara yayan, tabe və diqtə etdirən Rusiyanın bizim perspektivimizdən də sistemli analizi mütləqdir. Çünki hər quruluşdan fərqli cür təsirlənən azərbaycanlılar üçün Rusiya hələ də çox şeyi ehtiva etməkdədir. Bununa belə onu da qeyd etmək lazımdır ki, iqtisadi, mədəni, siyasi hətta məişət məsələlərinə qədər bir çox şeyi Rusiya mərkəzli düşünən soydaşlarımız hər hansı bir qınağın hədəfinə qoyulmamalıdır. Ən azı sosial elmlər çərçivəsindən bunu etmək həm faydalı deyil, həm də elmi standardlara ziddir. Rusiyanı geosiyasət, beynəlxalq münasibətlər çərçivəsində araşdırmaqla bərabər aysberqin danışılmayan tərəfinə də nəzər yetirmək lazımdır. Tarixi və sosioloji prizmadan məsələyə baxdıqda görürük ki, Rusiya cəmiyyətimizin formalaşmasını istiqamətləndirərək yaxın gələcəkdə varlığını qorumağa davam edə biləcək. Buna qarşı dirənməyin nə qədər vacib və mümkün olması isə ayrı bir yazının mövzusudur. Bu yazıda isə mülkiyyət, sinifsiz cəmiyyət və iqtisadi münasibətlər çərçivəsində Rusiyanın Azərbaycanda mövcudluğu və bunu təmin edən qrupların funksiyası nəzərdən keçirildi. “Dvoryane”, “tovarişi” və “oliqarxi” olaraq üç kateqoriyaya aid olan həmin təmsilçilərin qrup daxili dinamikasına da ayrı – ayrılıqda daha dərindən nəzər yetirilməlidi. Bu mümkün olacağı təqdirdə Rusiya ilə dialoqumuzda müxtəlif incə məqamları daha əsaslı şəkildə qabarda bilərik. Son olaraq onu da qeyd etmək lazımdır ki, bütün bunların reallaşması Azərbaycan mənşəli nəzəri bazanın yaradıldığı halda mümkün olacaq. Çünki əsaslı nəzəri bazaya istinad etmədən qurulan istənilən konsepsiya bir müddət sonra sıradan çıxmağa məhkumdur.