Hekayəsini axtaran Azərbaycan: haradan başlamalı?
44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan ordusu təkcə ərazi bütövlüyümüzü təmin etmədi, həm də beynəlxalq təşkilatların, xarici ekspertlərin, jurnalistlərin “dolanışıq” vasitəsi hesab etdiyi Qarabağ məsələsini həll etdi. Təsadüfi deyil ki, müharibənin ən qızğın anlarında ordumuz uğurlu əməliyyatları ardıcıl sıralayarkən həmin xarici mütəxəssislər bütün olanlara skeptik yanaşır, ordumuzun buna nail olmaq üçün gücünün olmadığını iddia edir, ən sonda da müasir dünyada konfliktlərin hərbi yolla həll edilməməli olduğunu səsləndirirdilər. Görünür ki, bu tendensiya daha bir müddət davam edəcək. Lakin torpaqlarımızın azad edilməsi bizim üçün həm də yeni bir mərhələnin başlanması deməkdir. Bu mərhələ “Qarabağ kimi problemi” həll edən Azərbaycanın öz həkayəsinin axtarışını və müəyyən edilməsini ehtiva edəcək. Son otuz ildə hər şeyin Qarabağ narrativi ilə qurulduğunu nəzərə alsaq, axtarışımızın elə də asan olmayacağını təxmin etmək mümkündür. Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycan yeni narrativini formalaşdıracaq alternativlərə sahibdir. Məhz bu yazıda həmin alternativlərin mahiyyəti nəzərdən keçirilib, aktuallığı müzakirə ediləcək.
Xəyanət, hazırlıqsızlıq və səriştəsizlik ucbatından məğlubiyyətlə yekunlaşan Birinci Qarabağ müharibəsi sadəcə ölkənin siyasi və iqtisadı böhranını dərinləşdirmədi, həm də tələsik formalaşdırılan siyasi, tarixi və ideoloji diskursun əsassız şəkildə aktuallaşmasına şərait yaratdı. “Qədim Ermənistan”, “dənizdən dənizə Ermənistan” narrativindən geri qalmamaq üçün Azərbaycan ərazisində mövcud olmuş qədim Atropatena, Albaniya, ərəb xilafəti sonrası yaranmış dövlətlər daxil olmaqla Azərbaycanın qədim dövlət ənənəsinin olduğunu isbat etmək üçün ardıcıl təşəbbüslər oldu. Hazırlıqsızlıq, bilgi məhdudluğu və resurs qıtlığı ilə başlayan bu proses ən sonda bilgi kirliliyi və əsassız iddialara gətirib çıxardı. Xüsusən də sovet tarixçiliyinin planlı şəkildə yaratdığı Səfəvilər dövrü analizləri düşünülmədən, mühakimə edilmədən qəbul edildi və Dərbənddən İran körfəzinə, Anadoludan Xorasana qədər Böyük Azərbaycan narrativi təbliğ edilməyə başlandı. Bütün bunlar edilərkən təkcə akademik əsaslılıq arxa plana atılmadı, həm də xalqın düzgün maarifləndirilməsi şansı əldən qaçırıldı.
Elmi və ideoloji çevrələrin tarixi reallıq və akademik standartlardan uzaq başlatdığı narrativ inşa etmək prosesini bir növ irredentizm də adlandırmaq olar. Bununla belə, cəmiyyətdə həmin prosesin qarşılıq görmədiyini də qeyd etməliyik. Əvəzində isə cəmiyyət böyük itkilər, iqtisadi, siyasi problemlərə baxmayaraq torpaqların itirilməsi ilə barışmamaqla Qarabağ problemi ətrafında mobilizasiya oldu. Məhz bu mobilizasiyasının aktuallığı və effektivliyi dərk edildikdən sonra Qarabağ, işğal edilmiş torpaqlar dövlətin dominant diskursuna çevrildi. Azərbaycanın iqtisadi inkişafı, müxtəlif beynəlxalq təşəbbüsləri uğur hekayəsi olaraq davamlı vurğulansa da, mədəni və siyasi diskurs Qarabağ narrativi ətrafında inşa edildi. Altadan gələn bu tələb zaman-zaman istər xalqın, istərsə də dövlətin reaktiv reflekslər təkmilləşdirməsini sürətləndirdi. Odur ki, müəyyən dövrlərdə cəmiyyətdə hakim olan bu dominant ritorika müxtəlif şəkillərdə istismar edildi. Bunun səbəbkarı kimi müəyyən qruplar, çevrələr göstərilə, ittiham edilə bilər. Lakin bunun qaçınılmaz olduğunu da qəbul etməliyik. Çünki reaktiv dinamika ilə formalaşan narrativ hər zaman fərqli çevrələrin manipulasiyalarının açıq hədəfinə çevrilir. Düzdür, tarixi vərdiş və bacarıqlarımızdan irəli gələn cəld reaksiya vermək reflekslərimiz sayəsində bir çox məsələlərdə (məs. geosiyasət) alternativlər təkmilləşdirsək də, ölkənin son 30 ildəki əsas hekayəsi reaktiv diskursdan kənara çıxa bilmədi. Hər şeyin sadəcə son otuz ilə sığışdırılması, alternativlərin göz ardı edilib, məğlubiyyətin, faciənin qabardılması bunun əyani göstəricisidir. Artıq reallıq və şərtlərin dəyişdiyi bir dövrdə proaktiv narrativin qurulması qaçınılmazdır, hətta zəruridir.
Vətən müharibəsi dövründə Azərbaycana qarşı sadəcə beynəlxalq mediada deyil, həm də qərbli intellektuallar arasında formalaşan dominant diskurs “əzabkeş xristian ermənilərin” qarşısındakı “revanşist müsəlmanlardan” ibarət idi. Təsadüfi deyil ki, tez-tez islam məhfumuna istinad edərək BMT-in tərəfindən torpaqlarımızın işğalı ilə əlaqədar qəbul edilmiş qətnamələri belə göz ardı etməyə çalışdılar. Qərbin avrosentrik və orientalist hafizəsi yenidən oyandı və məsələləri kolonial kontekstdən oxumağa başladı: modern xristian ermənilər və onların qarşısında ənənəvi müsəlman azərbaycanlılar. Aydındır ki, qərbli mütəxəssislər Qafqazı, xüsusən də azərbaycanlıları çox zəif bilir, hətta bir çoxu əsas qaynaqları, yerli şəraiti bilmədən öz statuslarına, akademik dərəcələrinə arxayın olub iddialar səsləndirməkdən çəkinmir. Bu yeni bir şey deyil, Qərb intellegentsiyası son iki yüz ildir Yaxın Şərq, Mərkəzi Asiya, İslam dünyası haqqında bu cür bilgi istehsalını sistemli şəkildə həyata keçirir. Ancaq bizim burada gözardı etdiyimiz əsas məsələ azərbaycanlı intellegentsiyanın kolonial hegomoniyaya qarşı təkmilləşdirdiyi anti-kolonial modernist ənənə və onun dünyadakı orijinallığıdır.
Bu prosesi daha yaxşı başa düşmək üçün Azərbaycanın modernist meyllərinin formalaşmasına və onun tarixi dinamikasına nəzər yetirmək lazımdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra yeni mərhələyə qədəm qoyan Azərbaycan Rusiya İmperiyasının dominant kolonial modernizminə alternativ istiqamət müəyyənləşdirməkdə gecikmədi. Rusiya İmperiyasının Azərbaycanda sadəcə potensial məmur kimi gördüyü yerli intellegentsiya qısa bir zamanda proaktiv reflekleslər göstərməyə başladı. Bu proses həm qonşu erməni, gürcü və ruslarla bir başa münasibətlərdən təsirlənərək, həm də islam dünyasında aktuallaşan modernləşmə təşəbbüslərini izləyərək formalaşdı. Lakin bizi bu prosesdə unikal edən əsas məsələ islam dünyasında dominant olan kolonial modernist doktrinaların sorğulanması və nəticəsində yeni ənənənin başlanması oldu. 1875-ci il “Əkinçi” qəzetinin nəşri ilə sadəcə milli mətbuatımızın əsası qoyulmur, həm də Azərbaycan intellegentsiyasının anti-kolonial modernizm mübarizəsi başlayır. Başlanğıcda sadəcə Həsən bəy Zərdabinin fədəkarlığı davam edən bu prosesin sonunda Azərbaycan Xalq Cümhuriyyəti qurulacaqdı.
Məsələyə aydınlıq gətirərkən onu qeyd etmək lazımdır ki, anti-kolonial modernizm məhfumu sosial elmlərdə elə də çox istinad edilmir. Bunun ən əsas səbəbi konseptin aktual olmaması deyil; əksinə, istinad edilən örnəklərin bu fenomeni kifayət qədər təsvir edə bilməməsidir. Bundan başqa sosial elmlərdəki avrosentrik bilgi isteshalı məsələni yalmız və yalnız modernizm məhfumu ilə təsvir və təbliğ edir. Aydınlanma dövrü və kapitalizimin təcəssümü kimi ortaya çıxan modernizm qısa zamanda imperyalizmin əsas ideoloji vasaitəsinə çevrildi. Çünki, imperiya mərkəzləri müstəmələkələrdə hakimiyyətini bərqərar etmək üçün silah, barıt, əsgərlə yanaşı modernist doktrinaların vacibliyini başa düşürdü. İmperyalizmin müstəmləklərdə apardığı və təbliğ etdiyi ağıl və tərəqqi əslində imperial maraqlara xidmət edirdi. Müstəmləkələrdə intellektual və mədəni dəstəyin vacibliyini dərk edən imperyalizm öz standardlarına uyğun zümrə yaratmaq üçün modernizmin xidmətlərindən yararlandı. Bu prosesdə imperyalizimin ideoloji hegemoniyasının təsiri altında müstəmləklərdə formalaşan modernizm əslində kolonial modernizmdir və reaktiv mexanizmlərdən ibarətdir. Reaktiv mexanizmlər isə öz növbəsində aydınlanma, kapitalizm və imperyalizmin tərəqqi üçün tək alternativ olduğunu, sadəcə bu yolun ışıqlı gələcəyə apardığına əsaslanırdı.
İmperializimin keçdiyi inkişaf yolunu olduğu kimi qəbul edib və tətbiq edilməyə çalışıldığı müstəmləkələrdə kolonial modernizm sadəcə status kvonu qorumaqda vasitəçi oldu. İmperyalizmə xidmət edəcək yerli məmur və ziyalı zümrəsinin ortaya çıxmasında rol oynayan modernizm öz standardlarını cəmiyyətə qəbul etdirərək prosesə uzun müddət nəzarət edə bildi. Biz bunu Rusiya İmperiyasının Türkmənçay müqaviləsindən sonra Azərbaycanda yeritdiyi siyasətində də görə bilərik. Yerli intellegensiya ancaq potensial məmur səviyyəsində görüldüyü üçün ana dilli məktəblər, mətbuat, ictimai fəallıq kimi cəmiyyətin inkişafı üçün vacib məsələlər planlı şəkildə gecikdirilməkdəydi. Lakin Həsən bəy Zərdabinin tək başına başlatdığı hərəkat Azərbaycan xalqının bütün taleyini dəyişdi. Ana dilində ilk qəzetin nəşri və xalqı maarifləndirmə təşəbbüsü modernizmin təcəssümü olsa da, Həsən bəy Zərdabi bunu böyük bir imperiyanın ucqarlarında müstəmləkəçi təfəkkürü müxtəlif manevrlərlə keçərək reallaşdıra bildi. Kolonializmlə başa-baş gedən bu proses proaktiv xarakter daşıyırdı. Təlqin və təbliğ edilən “tatar-müsəlman” kimliyinə qarşı ortaya çıxn “azərbaycanlı” anlayışı da bu prosesin nəticəsidir, Azərbaycan dövləti də. Beləliklə proaktiv dinamika ilə formalaşan bu növ modernizm bizim anti-kolonial mübarizəmizin mərkəzində dayanır.
Anti-kolonial modernizimin əsas səciyyəvi cəhəti imperyalizimin siyasi, mədəni və intellektual hegemoniyası qarşısında yerli fikir istehsalının yaranmasını təmin etmək oldu. Məhz bunun nəticəsində də, Rusiya İmperiyasının ucqar müstəmləkəsi olan Azərbaycan üçün planlaşdırdığı siyasət forma dəyişdirdi. Azərbaycanlılara məxsus passiv etriaz və şərtləri düzgün dəyərləndirmək vərdişləri 19-cu əsrin sonundan etibarən iki fərqli - Bakı və Gəncə - mərkəzdə Rusiya İmperiyasındakı müsəlmanlar üçün nümunə olacaq fikir istehsalını sürətləndirdi. Artıq mərkəzin ümidinə qalmağın müsəlmanlar və ya azərbaycanlılar üçün bir faydasının olmayacağının dərk edildiyi andan etibarən xalqın gələcəyi məsələsi bizim modernist istiqamətimizi müəyyənləşdirdi. Bunun nəticəsi kimi ortaya çıxan Azərbaycan Xalq Cümhuriyyəti Türkmənçay müqaviləsindən 90 il sonra dövlət qura bilən bir xalqın anti-kolonial mübarizəsinin təcəssümüdür.
Bizim gözdən qaçırdığımız məsələ də bu prosesin bizim üçün əhəmiyyəti və dünyadakı orijinallığıdır. Tamamilə intellektual hərəkatın və fikir istehsalı prosesinin məhsulu olan Azərbaycan dövlətinin dünyadakı qarşılığı çox azdır. Məhz bu prosesə istinad edərək təkcə daxildə deyil, xaricdə də yumuşaq güc formalaşdırmaq olar. Çünki 20-ci əsrin əvvələrində Azərbaycanda yüksələn intellektual hərəkat Mərkəzi Asiyadan Kırıma, İrandan Osmanlıya hər kəsin yaxından izlədiyi dövr idi. Təsadüfi deyil ki bizə məxsus olan modernləşmək təşəbbüsləri islam dünyasında rol modeli kimi qəbul edilməkdəydi. Bunlar kiçik addımlar olsa da dövrünün şərtlərinə görə çox əhəmiyyətli idi. Coğrafi və demoqrafik miqyasına görə kiçik bir ərazini əhatə edən xalq kolonializmlə qarşılaşdığı andan etibarən şərtləri düzgün dəyərləndirdi və digərləri üçün istinad mərkəzinə çevrildi. Və yenə həmin xalqın başlatdığı intellektual hərəkat tarix boyu ərazi vahidi olan Azərbaycandan suveren dövlət yaratdı. Bəlkə də tariximizə analitik baxa bilmədiyimizə görədir ki, Azərbaycan dövlətinin yaranma prosesini düzgün analiz edə bilmirik.Azərbaycan dövləti həm də bir axtarışın nəticəsidir. Hansı ki, bu axtarış həm də azərbaycanlı kimliyini formalaşdırdı. Sovetlər zamanı dondurulan axtarışımız bu gün də davam edir. Əslinə qalsa biz sovetlərin ilk vaxtlarında da əlimizdəki resurslara görə bir çox məsələni öz xeyrimizə həll edə bildik. Axtarışımızı yenidən düzgün müəyyənləşdirmək və hekayəmizi bunun ətrafında qurmaq qaçınılmazdır. Çünki müstəqil Azərbaycan dövləti imperializmlə yenidən qarşı qarşıyadır və onun diqtəsindən köhnə təcrübəmizi düzgün analiz edib, nəzəri bazasını formalaşdırıb və tətbiq edərək yayına bilərik. Unutmamaq lazımdır ki, son iki yüz ildir davam edən axtarışımız hələ ki yekunlaşmayıb.