Niyə Qarabağ Cənubi Osetiya və ya Donbasa bənzəmir
Foto: Azərtac
10 Noyabr atəşkəs razılaşmasının Dağlıq Qarabağın müvəqqəti statusunu müəyyənləşdirməməsi və bəzi şərtlərin qeyri-aydınlığı, habelə Rusiya tərəfindən Gürcüstan ərazilərinin faktiki işğalının mənfi təcrübəsi Azərbaycan ictimaiyyətinin bir hissəsində müəyyən pessimist gözləntilər yaratdı. Bəzi insanlar münaqişə bölgəsindəki mövcud vəziyyəti hətta Ukraynanın separatçı Donbas bölgəsinin hazırkı status-kvosuna və ya 1999-2008-ci illər arasında Gürcüstanın Cənubi Osetiya bölgəsindəki durum ilə müqayisə edirlər. Halbuki, Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisində olması bəzi yeni risklər doğursa da, Dağlıq Qarabağdakı yeni vəziyyət bir neçə mühüm amilə görə yuxarıdakı iki haldan mahiyyətcə fərqlənir.
Əvvəla, bütün görünən oxşarlıqlara və parallellərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi digər post-sovet münaqişələrindən çox vacib bir mənada fərqlənir; bu münaqişə Sovet İttifaqının iki müttəfiq respublikası arasında baş tutub. Abxaziya, Cənubi Osetiya, Dnestryanı və ya Donbasda isə müttəfiq respublikalar müəyyən mənada Rusiyanın iştirakı ilə üzləşməli olublar. Eyni hal Dağlıq Qarabağla bağlı deyilə bilməz. Moskvanın Bakıdan çox İrəvana daha yaxın olmasına baxmayaraq, onun birinci müharibədə Ermənistanın qələbəsindəki rolu çox şişirdilir. Bu yaxınlarda baş vermiş müharibə də Rusiyanın strategiyasının öz gündəmini təyin etməkdənsə, tərəflər üzərindəki təsirini qorumaq üçün münaqişə dinamikasının "axını ilə getməyə" çalışdığını nümayiş etdirdi. Azərbaycan ilə Ermənistan arasındakı münaqişə yöndəmsiz və ziddiyyətli Sovet siyasəti sayəsində yenidən alovlanıb daha da şiddətlənsə də, onun kökü 20-ci əsrin əvvəllərində baş verən hadisələrə gedib çıxır. Bu baxımdan o, öz post-sovet “ögey qardaşlarından” daha acı və kəskin ssenariyə malikdir. Buna görə də Moskvanın münaqişənin bütün açarlarını öz əlində saxladığını iddia etmək böyük bir mübaliğə olardı. Hazırkı münaqişədə Rusiyanın rolu artsa da, onun dinamikası son nəticədə Azərbaycan-Ermənistan qarşıdurmasından asılıdır. Azərbaycan və Ermənistan arasında uzlaşma prosesi münaqişənin həlli üçün ilkin şərtdir. Əlavə olaraq, İrəvan Dağlıq Qarabağdakı qondarma rejimini qorumaq üçün güclənən və zənginləşən rəqiblə üz-üzə olaraq daha radikal və güzəştsiz mövqe tutmağın ən yaxşı seçim olduğuna qərar verdiyi bir zamanda, rusiyalı sülhməramlıların mövcudluğu gözlənilməz nəticələrə gətirib çıxara bilər. Təhlükəsizlik zəmanətçisi öhdəliyindən azad olduqdan sonra Ermənistan uzunmüddətli rəqibi ilə barışığa daha çox meyilli ola bilər.
İkincisi, Donbas, Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Dağlıq Qarabağın Rusiya ilə sərhədi yoxdur və bu da böyük bir sülhməramlı qüvvənin saxlanılması xərclərini əhəmiyyətli dərəcədə artırır və ən əsası, ondan Azərbaycana təzyiq aləti kimi istifadə etmək qabiliyyətini azaldır. Gürcüstan 2008-ci ildən bəri Rusiya hərbi tranziti üçün öz ərazisini qapalı saxladığına görə Rusiyanın Qarabağla yeganə quru əlaqəsi Azərbaycan ərazisindən keçəcək və bu, əlbəttə ki, Moskva Bakıya qarşı açıq təxribatçı addımlar atacağı təqdirdə qarnizonu blokada təhdidi altına alır. Post-sovet məkanında baş verən son hərbi qarşıdurmalar sürətin başlıca amil olduğunu və hər keçən günün böyük əhəmiyyət daşıdığını göstərdi. 2008-ci ildə Moskvanın Cənubi Osetiyada qüvvələrini sürətli bir şəkildə yerləşdirə bilməsi məsələni çox xərc çəkmədən və ciddi beynəlxalq təzyiqdən yayınaraq həll etməyə imkan verdi; oxşar hal 2014-cü ildə Krımın ilhaqı zamanı da baş verdi. Üstəlik, Bakı Kiyev və Tbilisidən bir əhəmiyyətli cəhətdə fərqlilik göstərir; onun son müharibədə Türkiyə kimi real dəstək verən etibarlı və sınanmış bir hərbi müttəfiqi var. Türkiyə hal-hazırda Moskvada Gürcüstan və Ukraynanı dəstəkləməli olan Qərbdən fərqli olaraq birmənalı rəqib kimi qəbul edilmir. Müharibə zamanı Ankara bir neçə dəfə münaqişənin həllini Rusiyanın müstəsna sərəncamına qoymayacağını açıqlamış, Suriya və Liviyada bəzi güzəştlər etməklə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz payını saxlamağın prinsipial məsələ olduğunu nümayiş etdirmişdir. Müharibənin nəticələri Ankaranın Cənubi Qafqazda tamhüquqlu bir oyunçuya çevrildiyini və Qarabağın özündə hərbi iştirak yaratmaq ümidlərinin tamamilə reallaşmamasına baxmayaraq, bundan sonra Azərbaycanda hansı formada olursa olsun, daimi sürətdə mövcud olacağını göstərir.
Üstəlik, bu dəfə Rusiyanın, hər zamankı güman və narahatlıqlara rəğmən, yeni status-kvonu “dondurmaq” əvəzinə sülh prosesi başlatmağa hazır ola biləcəyini fərz etmək üçün kifayət qədər əsas vardır. Prezident Putin son müsahibəsində münaqişənin birdəfəlik həll olunmasının vacibliyini bildirmiş, çoxlarını təəccübləndirərək Baş nazir Paşinyana birmənalı dəstək göstərərək bunu Ermənistanda sabitliyin qorunması və 10 noyabr bəyanatının hərtərəfli tətbiqinə zəmanət verilməsinin vacibliyi ilə izah etmişdir. Erməni liderin yolların açılması və Qarabağ gündəminin tam müstəqillik istəyi əvəzinə "statusun müəyyənləşdirilməsi" kimi formalaşdırılması ilə bağlı müraciətləri də onun sazişin əldə edilməsinin vacibliyini anladığını göstərir. Hazırda Paşinyanın təhlükəsizliyinin Rusiyanın təminatından asılı olduğunu nəzərə alsaq, çox güman ki, onun bəyanatlarının Moskva ilə razılaşdırıldığını demək olar. Bu məsələ ilə bağlı həm də dolayı siqnallar mövcuddur. Buna misal olaraq siyasi cəhətdən önəmli layihələrin maliyyələşməsini təmin edən, xüsusilə Rusiyanın işğalından sonra Krım bazarına ilk əmlak maqnatı kimi daxil olan sankt-peterburqlu milyarder Qrant Oqasyanın "Azərbaycan-Ermənistan biznes şurası"nın yaradılması ideyasını irəli sürməsini göstərə bilərik. Əlbəttə, onun təklifi Kremlin dəstəyi olmadan çətin ki edilə bilərdi.
Bəs niyə Moskva hər iki ölkədə təsir mexanizmlərini təmin etmək baxımından kifayət qədər uğurlu olmuş siyasətini dəyişməlidir? İngilis tədqiqatçı Lourens Broers bu ilin əvvəlində dərc olunan "Münaqişənin Anatomiyası" adlı kitabında status-kvonu təmin edən mexanizmi “önəmli qorxu” kimi təsvir edir və bununla da hər bir tərəfin özü üçün əlverişsiz nəticələr qazanmadan müharibəyə başlayacağına inanmadığını nəzərdə tuturdu. Lakin Azərbaycan öz uğuru ilə bu stereotipi məhv etdi və buna görə də Rusiyanın eyni aləti yenidən tətbiq etmək cəhdləri, böyük ehtimal, səmərəli olmazdı. Moskva çox yaxşı anlayır ki, əvvəlki siyasəti həm Bakını, həm də İrəvanı Moskvaya bağlamaqla yanaşı, həm də hər iki cəmiyyət arasında da Moskvaya qarşı güclü bir inamsızlıq yaratmış və hər birinin onu “düşmənimin dostu” kimi görməyə səbəb olmuşdu. Beləliklə də, bu proses Rusiyanın bölgədəki struktur nüfuzuna xələl gətirmişdir. Paşinyan kimi qərbyönümlü fiqurların populyarlığı qismən bu halla bağlı idi. Beləliklə, Rusiya sülh prosesini başlatmaqla daha güclü legitimlik əldə edə, Türkiyənin Bakıya təsirinin güclənməsinin (Dağlıq Qarabağ ətrafında "nə sülh, nə müharibə” vəziyyətinin qalacağı halda, o qaçılmazdır) qarşısını ala, eləcə də Ermənistanın qisas almaq ümidi ilə bəzi xarici dövlətlərlə möhkəm hərbi tərəfdaşlıq münasibətləri qurmaq cəhdlərinin ehtimalını azalda bilər.
Nəhayət, Dağlıq Qarabağdakı mövcud vəziyyətin BMT-nin mandatı altında fəaliyyət göstərən Rusiya sülhməramlı missiyasının 2008-ci ildə baş vermiş müharibəyə qədər yerləşdirildiyi Cənubi Osetiya ilə müqayisəsi dünya nizamının o vaxtdan bəri əsaslı şəkildə dəyişdiyini nəzərə alaraq edilməlidir. Sabitliyi bərqərar edən və oyunun qaydalarını aydın şəkildə müəyyənləşdirən təkqütblü sistem artıq tarixə qovuşub. Kosovonun müstəqilliyi, Krımın ilhaqı, Qərb ölkələrində populizmin artması ilə birlikdə Atlantizm böhranı və Türkiyə kimi regional güclərin ambisiyalarının artması bizi ittifaqların zamanın şərtlərinə görə dəyişkən olduğu, lokal münaqişələrin daha çox yayıldığı yeni bir dünyaya gətirir və burada çoxtərəflilik və beynəlxalq hüquq siyasətin hərəkətverici mühərrikləri arasında arxa planda qalır. Beləliklə, bölgədəki mövcud vəziyyətə əsasən, Rusiyanın Dağlıq Qarabağdakı daimi hərbi mövcudluğunun təməlini qoyacağını irəli sürmək məntiqli deyil. Bundan əlavə, Azərbaycan daha əvvəl qarşılaşmadığı bəzi çətinliklərlə üz-üzə qalsa belə, geniş imkanlar əldə etmiş və müharibədən sonrakı müddətdə təhlükəsizliyini maksimum dərəcədə artırmaq və davamlı sülhə nail olmaq üçün ən optimal siyasi qərarları vermək üçün təşəbbüsü öz əlinə almışdır.