Sağların Ermənistana dəstəyi heç də sağ əməl deyil
Foto: Almaniya üçün Alternativ partiyasının üzvləri Xankəndində (18 Oktyabr, 2020). Ermənistan İctimai Televiziyası
Almaniya Bundestaq və Landtaqının (əyalət parlamenti) üzvlərindən ibarət heyət davam edən müharibə şəraitində, 18 oktyabr tarixində qondarma “Dağlıq Qarabağ Respublikası”nı ziyarət etdi. Nümayəndə heyətinə aid Şteffen Kotre, Andreas Qalau və Andreas Kalbits Dağlıq Qarabağ münaqişəsində erməni tərəfinə dəstəyini ifadə edən radikal sağçılardan ibarət uzun siyahıya daxildirlər.
***
Sentyabrın 27-də Azərbaycan ordusunun işğal olunmuş ərazilərini azad etmə kampaniyasına start verməsi ilə erməni tərəfi münaqişəyə dini don geyindirməklə və konflikti müsəlman-xristian davası kimi təsvir etməklə sivilizasiyaların toqquşması narrativini təbliğ etməyə başladı. Erməni rəhbərliyinin və cəmiyyətinin “Qərb sivilizasiyasının son qəsri”, “Yüksəlməkdə olan Türk/İslam xilafətinə qarşı qala” kimi sevimli şüarlarını təkrarlaması qarşıdurmanın təkcə mahiyyətini təhrif olunması ilə yanaşı beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpaqlarının işğal olunması faktından yayındırmaq cəhdi idi. Psevdo-intellektual və irqçi konsepsiya kimi tanınan “Sivilizasiyaların toqquşması” qitədə bir sıra radikal sağ və populist partiyalar arasında simpatiyaya malikdir. Təəccüblü deyil ki, son bir neçə həftə ərzində ermənilərlə həmrəyliyə dair bəyanatlar əsasən Avropanın ən ziddiyyətli siyasi xadimlərindən və qüvvələrindən gəldi.
Niderlandın siyasi spektrində ultra-sağçıların lideri olan Gert Vilders sentyabrın 27-də “Tvitter”də "Azərbaycandan gələn İslam təcavüzü"nə qarşı "xristian erməni dostları"nı dəstəklədiyini ifadə etdi. Daha sonra “Feysbuk”da mövqeyini oxşar bir ifadə ilə təkrarladı. Ksenofob fikirləri ilə tanınan Vilders dəfələrlə müxtəlif etnik və dini qruplara qarşı ayrı-seçkilik və ədavəti qızışdırmaqda ittiham olunub.
Eyni gündə Fransada Mari Le Penin başçılıq etdiyi radikal sağçı “Milli Yığıncaq” partiyası tərəfindən Ermənistana dəstək bəyanatı dərc olundu. Əsası Holokostun inkarı və İslamofobiyaya görə tanınan atası tərəfindən qoyulmuş, partiya hələ də Fransa və Avropa siyasətində radikal sağçı qruplar və Kremllə qeyri-şəffaf əlaqələri ilə gündəmə gəlir. Le Penin özü marginal və irredentist hərəkat olan, Valloniyanın Fransa ilə birləşməsinə çağıran Rattaşizmə dəstəyini gizlətmir. Onun ən yaxın məsləhətçisi Emmanuel Leroy isə 2015-ci ildə Rusiyanın dəstəklədiyi seperatçı "Donetsk Xalq Respublikası"nın "müstəqilliyini" qeyd etməyə yollanmış Avropa nümayəndə heyətinə (əsasən radikal sağçı siyasətçilərdən ibarət) qoşulmaqla diqqətləri öz üzərinə çəkmişdi.
İsveçli Çarli Veymers Avropa Parlamentinə müraciətində Avropanı Azərbaycan Prezidenti İlham Əliyevə qarşı sanksiyalar tətbiq etməyə və Türkiyəni Azərbaycan ərazilərində yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası”na qarşı “aqressiyasına” görə ATƏT-in Minsk qrupundan kənarlaşdırmağa çağırıb. Qəribədir ki, Veymers kökü İsveç faşizmi və ağ milliyyətçiliyə gedib çıxan, sağ populist və mühafizəkar siyasi qüvvə kimi xarakterizə edilən “İsveç Demokratları”nı təmsil edir.
İtalyan senator və radikal sağçı "Şimal Liqası" partiyasının əsas fiquru Matteo Salvini isə ölkəsində ermənilərə dəstək mitinqinə qoşulub və "Yaxın Şərq və Qafqazda Avropa sivilizasiyasının forpostu" olan Ermənistanın müdafiəsinin vacibliyindən bəhs edib.
Bundan əlavə yuxarıda adı çəkilən “Almaniya üçün Alternativ” (AfD) partiyası son illərdə “Dağlıq Qarabağ Respublikası”nın tanınmasını təşviq edərək kifayət qədər fəallıq göstərmişdir. AfD üzvlərinin keçmişdə də Ermənistana dəstək verdikləri və hətta bir neçə il əvvəl “seçkiləri” izləmək üçün Dağlıq Qarabağa nümayəndə heyəti göndərmələri də təəccüblü deyil. Ermənistanın ultra-konservativ və konspirologiya əsaslı proqrama malik sağçı partiyası olan "Adekvad" yaxın ideologiyaya malik AfD-ni dost partiya qiymətləndirir.
Qeyd edək ki, bu yaxınlarda Yunanıstanda neo-nasist və faşist partiya kimi tanınan “Qızıl Şəfəq” tərəfindən də Ermənistana dəstək səsləndirilib. Partiyanın veb-səhifəsi Dağlıq Qarabağla bağlı bir neçə bəyanat dərc edib və məhkəmə işlərinə baxmayaraq münaqişəyə dair qətnamə təqdim edib. Belə ki bu yaxınlarda Yunanıstanda Ali Məhkəmə "Qızıl Şəfəq"i cinayətkar təşkilat kimi tanıyıb, partiyanın siyasi rəhbərliyini, o cümlədən Nikolaos Mixaloliakosu qətl və bir sıra cinayətlərdə ittiham edib.
Erməni mübarizəsinin daha bir atəşli dəstəkçisi isə qalmaqalları ilə məşhur olan sidneyli jurnalist Pol Antonopulosdur. Bəşər Əsəd tərəfdarı “Əl-Məsdər” xəbər bülletenində işləmiş Antonopulos neo-nasist mövqeyi və irqçi təhqirlərinə görə agentlikdən kənarlaşdırılmışdı. Onun “Tvitter” hesabı isə ermənipərəst baxışlarını əks etdirməklə yanaşı Azərbaycan və Türkiyəyə qarşı dezinformasiyalar yaymaqla məşğuldur.
Rusiyanın ən ziddiyyətli fiqurlarından Vitali Milonov da oktyabrın 16-da Dağlıq Qarabağa baş çəkib və Ermənistan tərəfinə, xüsusilə regionda qurulmuş separatçı rejimə öz dəstəyini ifadə edib. Hakim "Vahid Rusiya" partiyasının üzvü və Dövlət Dumasının deputatı Milonov homofob və anti-semit fikirləri ilə daima qalmaqal obyekti olmuşdur. "Rusiyanın anti-gey qanununun memarı" adlandırılan Milonov bir neçə il əvvəl “Rus dünyası” dəyərlərini və “Novorossiya” layihəsini təbliğ etmək üçün Donbasa səfər etmişdi.
***
Erməni hakim dairələri tərəfindən aktiv şəkildə təbliğ edilən sivilizasiyaların toqquşması narrativi beynəlxalq siyasi spektrin radikal soldan radikal sağa qədər müxtəlif cərəyanlarının diqqətini cəlb etmək üçün xarici auditoriyaya ünvanlanmışdır. Lakin bu narrativ əslində Ermənistanın əleyhinə işləyə bilər, çünki radikal sağçı qrupları legitimləşdirmək və onlarla oxşar ideologiyaları bölüşmək (və ya bölüşməyi göstərmək) erməni tərəfinə simpatiya qazandırmayacaq. Həm də əlavə və lazımsız ünsürlər münaqişənin həllinə əhəmiyyətli bir şey qatmayacaq.
Öz növbəsində siyasi məsələləri uzun müddət İslam və Xristianlıq arasında sivilizasiyaların toqquşması kimi qələmə verməkdə davam edən Qərb və Rusiya siyasi qüvvələri münaqişəni mahiyyətini dərk etmədən Dağlıq Qarabağ problemini dinlər arasında başqa bir döyüş meydanı kimi xarakterizə edə bilərlər. Dağlıq Qarabağ münaqişəsindən öz siyasi məqsədləri üçün istifadə etməkdə maraqlı olan bu qüvvələrin Ermənistana dəstəyi yardımdan çox zərər gətirə bilər.