Gürcüstanda Pasxa müharibəsi: Kilsə Dövlətə qarşı

Gürcüstanda Pasxa müharibəsi: Kilsə Dövlətə qarşı

Foto: Patriarx II İlia Müqəddəs Üçlük Kafedralında Pasxa ayinini icra edir. 19 aprel 2020. 1tv.ge

Fövqəladə vəziyyət dövründə Gürcüstanda cərəyan edən bütün digər xəbərləri və məsələləri kölgədə saxlayan ən əlamətdar hadisə Kilsə və Dövlət arasında qarşıdurma oldu. Ölkəboyu fövqəladə vəziyyətə (21 martda elan edilib), komendant saatına, məhdudlaşdırıcı tədbirlərə, toplaşma qadağasına və sosial məsafənin təşviqinə baxmayaraq Gürcü Pravoslav Kilsəsi (GPK) sanki ətrafında baş verənlərə məhəl qoymayaraq, bəzən hətta sanitariya tədbirlərini nəzərə almadan kütləvi ayinlər təşkil edərək öz vahəsində yaşamağa davam etdi. Bütün xalq Kilsə və Dövlət arasında Pasxa ərəfəsində pik həddə çatan ritorika müharibəsinin şahidi oldu: buna görə də bu il Gürcüstanda Pasxa bayramı və ona aparan günlər çox maraqlı keçdi.

*                        *                        *

Kilsə və Pasxa qabağı karantin

Kilsənin mövqeyi ilə bağlı ilk narahatlıq mart ayında Gürcüstanın tədricən koronavirus ilə mübarizə üçün karantin rejiminə uyğunlaşdığı dövrdə yarandı: epidemiyanın sürətlə yayılması fonunda din adamlarının inadla davam etdirdiyi xaç və ikonaların kütləvi öpülməsi, eyni ayin qaşığından istifadə etməsi kimi qeyri-gigiyenik mərasimləri tənqidlə qarşılandı. Bu vəziyyətdə Kilsəyə qarşı gələ biləcək yeganə qurum dövlət olsa da, o bir neçə epizodda məğlubiyyətə uğradı. Məsələn, səhiyyə orqanlarının çağırışlarına baxmayaraq, ruhanilər keçirdikləri ayinlər üçün birdəfəlik əşyalara keçmədilər.

Pasxa yaxınlaşdıqca, karantin qaydaları daha da sərtləşdirildi (həm də kilsələrdə izdihamlı mərasimin qarşısını almaq məqsədilə): şəxsi avtomobillərin idarə edilməsi qadağan olundu və Gürcüstanın ən böyük dörd şəhərində giriş və çıxış məhdudlaşdırıldı. Lakin xristian bayramı ərəfəsində, qarşıdurmanın başqa bir döyüşü də Kilsənin qətiyyətli qələbəsi ilə bitdi: Gürcüstan Patriarxlığı avtomobil qadağasının əvvəlcədən onunla razılaşdırılmadığı bəhanəsi ilə ruhaniləri üçün avtomobillərdən istifadə imtiyazı qazandı.

19 apreldə keçiriləcək pravoslav Pasxa bayramından əvvəl konfrontasiya daha da gərginləşdi. Əksər təşkilatlar artıq bağlanmış və ya qeyri-ofis rejiminə keçsə də, Kilsə möminləri evdə Pasxa bayramını qeyd etməyə çağırmaqdan imtina etdi. Hətta bəzi kilsələrin keşişləri və köməkçi heyəti arasında virusa yoluxma halları belə dini qurumun mövqeyini yumşaltmadı.

Öz siyasətində möhkəm dayanmalı olan hakimiyyət isə fövqəladə rejim qaydalarını Kilsəyə tətbiq etmək iqtidarında olmadı. Bundan əlavə, ziddiyyətli açıqlamalar hökumətin özünü bölünmüş kimi göstərirdi: Baş nazir Giorgi Qaxariya əvvəlcə qadağanın "hər kəsə və hər şeyə" şamil olunduğunu bildirsə də, parlamentin spikeri Arçil Talakvadze isə ayinlərdə iştirakın möminlərin ayrılmaz hüququ olmasını əsaslandıraraq qadağanın dini azadlıqları məhdudlaşdırmayacağını qeyd etdi. Eyni vaxtda Patriarxlıq dini mərasimlərə getməyin qadağan olunmasını “qəbuledilməz” və “Allah qarşısında cinayət” adlandırdı.

Ümumiyyətlə, hökumətin müdafiə mövqeyi nəticəsində əmələ gələn ritorika da birbaşa Kilsəyə yox, dindar vətəndaşlara ünvanlanaraq məsuliyyəti onların üzərinə qoydu: Prezident Salome Zurabişvili, vətəndaşlara nümunə olmaq üçün Pasxa mərasimlərinə qatılmayacağını və komendant saatı da daxil olmaqla, hökumətin məhdudiyyətlərini pozmayacağını söylədi. Ölkə daxilindəki kilsələrin açıq qalacağını elan edərək dini qurumların qarşısında əyilmək məcburiyyətində qalan küncə sıxışdırılmış Baş nazir Qaxariya isə ictimaiyyətin məsuliyyətli davranacağına və kilsəyə getməyəcəyinə ümid etdiyini bildirdi.

Pasxa liturgiyası ilə bağlı ziddiyyətlər aprelin 15-də uzun məsləhətləşmələrdən sonra başa çatdı. Gürcüstan hökuməti və Patriarxatın birgə qərarına əsasən, Pasxa gecəsi bütün ölkə boyu kilsələr fəaliyyət göstərəcəkdi. Mərasimlər müvafiq antivirus tövsiyələrinə uyğun olaraq aparılmalı idi: Kiçik kilsələrdə yalnız ruhanilərə icazə verilir, böyüklərində isə 2 metrlik sosial məsafə qorunmalı idi. Məbədlərdə Səhiyyə Nazirliyi tərəfindən təyin olunan bütün təhlükəsizlik standartlarına riayət edilməli idi. Kilsələr bağlanmasa da, onların ətrafında polislər patrul xidməti yerinə yetirəcəkdi. Keşişlər komendant saatına riayət etmək üçün saat 9-dan əvvəl kilsələrə gələ və yalnız səhər 6-dan sonra oranı tərk edə bilərdi. Kilsənin yeganə kompromisi və hökumətin kiçik qələbəsi Pasxa bayramının ayrılmaz hissəsi olan qəbiristanlara ziyarətin qadağan edilməsi oldu.

Bir sıra yüksək vəzifəli məmurlar, o cümlədən, Səhiyyə naziri konsensusu alqışladığı vaxt ölkənin baş epidemioloqları hökumətin zəif mövqeyi fonunda əhaliyə dini mərasimlərdə iştirak edərək ölümcül səhv buraxmamaları barədə xəbərdarlıq edirdi.

 

Pasxa gecəsi və reaksiyalar

Şənbədən bazara keçən gecə arasındakı Pasxa mərasimi ölkənin bir çox kilsələrində, həmçinin 87 yaşlı Patriarx II İliyanın şəxsən keçirdiyi əsas ayin baş məbəd olan Müqəddəs Üçlük Kafedralında baş tutdu. Dini lider “Həyat da, ölüm də Allahın əlindədir” deməklə Kilsənin mövqeyini bir daha vurğuladı.

Ruhanilər ehtiyat tədbirləri vəd etsələr də, bir çox məbədlərdə belə olmadı: Gürcüstanın ikinci böyük şəhəri Kutaisidə toplaşanlar məsafəni qorumamış, maska taxmamışdılar. Müqəddəs Üçlük Kafedralında da canlı yayımlanan görüntülərdə hökumətin sosial məsafə tələbinin pozulduğu açıq-aşkar görünürdü. 

Patriarxlığın münasibəti cəmiyyətin dünyəvi seqmenti ilə yanaşı mötədil möminlərin qəzəbini artırdı. İki ilahiyyatçı bu məsələyə xüsusilə sərt reaksiya verdi: Beka Mindiaşvili gürcü kilsəsinin hərəkətlərini “bioterrorizm”, Bazil Kobaxidze “ruhanilər tərəfindən xalq qırğını” adlandırdı.

 

Gürcü Pravoslav Kilsəsinin təsiri

Gürcü Pravoslav Kilsəsi vətəndaş müharibəsi, separatizm, işsizlik, yoxsulluq ilə xarakterizə olunan postsovet xaosu və qeyri-müəyyənliyi fonunda ölkənin ən nüfuzlu qurumu kimi ortaya çıxmışdı. Yerli əhali arasında böyük hörmətə malik Patriarx II İlianın rəhbərliyi altında güclü geri dönüşün etmiş Kilsə üç onillik ərzində yalnız gücünü artıraraq həyatın hər sahəsinə müdaxilə edən siyasiləşmiş bir qurum halına gəlmişdir. Gürcü pravoslavlığının milli kimliyin vacib elementi kimi qəbul edilməsi Kilsənin qüdrətini ayaqda saxlayır: hətta dinin dövlətdən ayrı olduğunu bəyan edən Konstitusiya belə Gürcü Pravoslav Kilsəsinin ölkə tarixindəki xüsusi rolunu vurğulayır.

Dalbadal bir neçə il Kilsə ölkənin ən nüfuzlu qurumu sayılır; doğrudur, son illərdə bu nüfuz xeyli azalmışdır: əhalinin Kilsəyə müsbət münasibəti 2013-cü ildəki 95%-dən 2019-cu ildə 64%-ə, 2020-ci ildə 50%-ə enmişdir. Tanınmış siyasi analitik Gia Nodiyanın sözlərinə görə, Gürcüstanda dövlət faktiki olaraq suverenliyin bir hissəsini ölkənin həmidarəçisi kimi fəaliyyət göstərən Pravoslav Kilsəsi ilə bölüşüb. Həm Kilsə, həm də onun lideri II İlia o qədər böyük nüfuza malikdir ki, Gürcüstanın az qala teokratiyaya çevrildiyi belə spekulyasiya edilir.

Patriarxlığın bu cür qüdrət və nüfuzunu nəzərə alan gürcü siyasətçilər, əsasən da iqtidarda olanlar adətən onun dəstəyini qazanmağa çalışırlar: Şevardnadzenin dövründə Gürcü Pravoslav Kilsəsi 2002-ci il konkordatı ilə xüsusi status əldə etdi, Saakaşvili zamanında ruhanilər bahalı nəqliyyat vasitələri və lüks malikanələrə sahib oldular, İvanişvili də onları daha çox subsidiya və imtiyaz təmin ilə təmin etmişdir.

Dini rəhbərliyin dəstəyini təmin etmək cəhdlərinə paralel olaraq, hər bir lider həmçinin Kilsənin təsirini zəiflətməkdə maraqlı olub. Pandemiya ritorikası konflikti bu tip ilk münaqişə deyil; amma bu dəfə vətəndaşların iştirak dərəcəsi daha yüksək, reaksiyalar isə daha sərt oldu. Ruhani və dünyəvi hökumətlər arasındakı bu qarşıdurma bir mütəxəssis tərəfindən sürətlə bir-birinə qarşı şütüyən və digərinin qorxub kənara çəkilməsini gözləyən iki yarış maşınına bənzədilmişdi. Aydındır ki, bu dəfə intihar yarışını davam etdirməməyə və Kilsə ilə toqquşmamağa qərar verən yenə dövlət oldu.

Digər tərəfdən, iqtidardakı “Gürcü Arzusu”nun ikili standartlarının səbəbi başa düşüləndir: partiya 2020-ci ilin oktyabrına planlaşdırılan parlament seçkilərindən əvvəl Kilsə ilə mürəkkəb münasibətlərini pozmaq istəmir. Ruhanilərin dəstəyi hakim elita üçün yenidən vacib olacaq. Münasibətlərin kəskinləşməsi isə, şübhəsiz ki, mühafizəkarlar və dindarların səslərinin itirilməsinə səbəb ola bilər.

 

Nəticə

Pravoslav Kilsəsi milli kimliyin ayrılmaz bir hissəsi olaraq görülsə də, Patriarxlıq dini ayinləri ləğv etmədiyinə və fövqəladə vəziyyət rejimini tanımaq istəmədiyinə görə ziddiyətli durum yaratmış və Gürcüstanın müstəqilliyindən bəri ən ciddi üç ictimai tənqidlə üzləşmişdir.

Dövlətin Kilsəyə qarşı dura bilməməsi isə bir çox vətəndaşlarda çaşqınlıq, hirs və ümidsizlik yaratmışdır. Buna görə dövlət qurumları da güclü dövlətçiliyə və cəmiyyət həmrəyliyinə ehtiyac duyulduğu bu həyati əhəmiyyətli dövrdə mülayim və müdafiə mövqeyinə görə xeyli tənqidə tuş gəldi.

Həqiqətən də dövlətin Kilsəyə qarşı apardığı, ikincinin daha da qüdrətlənməsi, birincinin də təslim olması ilə nəticələnən sakitləşdirmə siyasəti dövlət qurumunlarının işləkliyi, ölkə daxilində tam səlahiyyətləri, habelə hökumətin səlahiyyətləri və pandemiya zamanı real prioritetləri barədə narahatlıq yaratmalıdır. Son hadisələr Gürcüstanda dünyəvi dövlətçilik ideyasını sarsıda və onun liberal-demokratik istiqamətinə xələl gətirə bilər.