Taliban: gender ayrı-seçkiliyi və yaranan sosial-iqtisadi çətinliklər
2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban ölkədəki məktəblərin fəaliyyətini dayandırdı, payızda isə qadınları universitetlərdə təhsil almaqdan kənarlaşdırdı. Keçən ay universitetlərdə oxuyan qadın tələbələri və 6-cı sinifə qədər qız şagirdləri üçün təhsil müəyyən şərtlər və qanunlar əsasında bərpa olunsa da, bir çox yerlərdə 13 yaşdan böyük qızlara hələ də məktəbə getməyə icazə verilmir. Təhsil məhdudiyyətləri ilə yanaşı, tibb və tədris sahələri istisna olmaqla, qadınlar bir çox iş yerlərindən də uzaqlaşdırılıblar.
Qadınlara qarşı tətbiq olunan bu qadağalar və məhdudiyyətlər artıq ölkə iqtisadiyyatına öz təsirini göstərməyə başlayıb.
Birincisi, qızların təhsil almasına qoyulan məhdudiyyətlər ölkənin insan kapitalının azalmasına və ABŞ müdaxiləsi dövründə qadınlar arasında ikiqat artmış savadlılığın azalmasına səbəb olur ki, bu da öz növbəsində ağır sosial-iqtisadi nəticələrə gətirib çıxaracağı gözlənilir. Bundan başqa, artıq beynəlxalq birlik də qadınlara qarşı tətbiq olunan bu qadağalara sərt reaksiya göstərməyə başlayıb. Belə ki, Dünya Bankı təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində bir sıra layihələrin icrasını dayandırıraraq, hər bir şəxsin bu layihələrdən bərabər şəkildə faydalanmasının önəmliyini vurğulayıb.
İkincisi, taliblərin hakimiyyətə gəlməsindən sonra ölkənin işçi qüvvəsinin 20%-ni (2020-ci il göstəricisi) təşkil edən qadınların fəaliyyətinə qoyulan məhdudiyyətlər əhalinin sosial vəziyyətinə və bütövlükdə ölkə iqtisadiyyatına mənfi təsir göstərir. BMT-nin paylaşdığı məlumatlara görə, bütün bunlar yaxın zamanlarda Əfqanıstanın ÜDM-ni 5% aşağı sala və adambaşına düşən illik gəlirin 350 ABŞ dollarına qədər düşürə bilər ki, bu da onsuz da kasıb olan ölkənin iqtisadiyyatına ciddi təsir göstərəcək. Qeyd etmək lazımdır ki, bu tədbirlər həm də hərəkatın rəsmi hökumət kimi tanınmasına mane olur. Çünki beynəlxalq birliyin taliblərin qarşısında qoyduğu əsas tələblərdən biri qadınlar üçün bərabər hüquqların yaradılmasıdır.
Beləliklə, Talibanın hakimiyyətə gəlişindən sonra yoxsul və beynəlxalq yardımından yüksək dərəcədə asılı olan ölkəyə çökmüş iqtisadi böhran gender ayrı-seçkiliyin artması ilə daha da dərinləşəcək. Beynəlxalq birliyin qadınlar üçün təhsil və bərabər hüquq və imkanların yaradılmasının tələblərinin yerinə yetirilməməsi nəticəsində Əfqanıstana dəstək verməkdən imtina etməsi də vəziyyəti daha da ağırlaşdırır və taliblər ilə beynəlxalq birlik arasında daha da böyük uçurum yaradır. Sadalanan amillərlə yanaşı, Əfqanıstanın yenidən 2001-ci ildəki kimi beynəlxalq və regional terror qruplaşmaları üçün sığınacaq ola bilməsi taliblərin öhdəsindən gəlmək iqtidarında olmayacağı miqyaslı iqtisadi böhrandan danışmaq imkanı verir.