Fövqəladə dövrlər fövqəladə tədbirlər tələb edir: AB-nin xarici siyasətində kəskin dəyişikliklər
Bir həftə ərzində dünya kəskin şəkildə dəyişdi və fevralın 27-də Avropa Birliyi Ukrayna ordusu üçün silahlanmaya 500 milyon avro ayırmağa razılaşdı. Bu qərar AB-nin xarici siyasətində dönüş nöqtəsi sayıla bilər, çünki Birlik ilk dəfədir ki, üçüncü ölkəni kollektiv şəkildə hərbi material ilə təchiz edir.
Nəzəri olaraq, hərbi və ya müdafiə ilə bağlı fəaliyyətlər AB büdcəsindən maliyyələşdirilə bilməz. Ancaq cəmi bir il əvvəl büdcədən kənar fəaliyyət göstərən, lakin bütün üzv-dövlətlərin töhfələri ilə hərbi fəaliyyətə dəstək fondu olan Avropa Sülh Mexanizminin əsası qoyuldu. Və bu gün tarixdə ilk dəfə olaraq AB münaqişə zonasına silah göndərə bilir.
Bəzi üzv-dövlətlər də ayrı-ayrılıqda tarixi sayıla biləcək addımlar atıblar. Almaniya Ukraynaya 1000 tank əleyhinə silah və 500 “Stinger” raketi tədarük etməyi öhdəsinə götürərək, müharibə şəraitində olan ölkələrə silah ixrac etməmək ənənəsini pozub. Bundan daha təəccüblüsü isə, Olaf Şoltsun (Olaf Scholz) rəhbərlik etdiyi Sosial Demokrat hökumətinin NATO-nun ÜDM-in 2%-ni müdafiəyə xərcləmə hədəfinə əməl edərək, müdafiə məqsədi ilə 112 milyard dollar ayıracağını vəd edib. Bu tarixi qərarla Almaniyanın hərbi büdcəsi dünyada üçüncü və Avropada ən böyük hərbi büdcəyə çevriləcək. İsveç keysi isə daha diqqətəlayiqdir. İsveç hökumətinin Moskvanın ekspansionist məqsədlərinə qarşı silah verməsi ilk dəfə olmasa da (məsələn, 1939-cu ildə İsveç SSR-nin hücum etdiyi Finlandiyaya dəstək göstərmişdi), İkinci Dünya Müharibəsindən sonra müharibədə olan ölkəyə hərbi yardım göndərilməsi ilk belə təcrübədir. AB-yə daxil olmayan və ənənəvi bitərəf ölkə İsveçrənin də AB və ABŞ-ın sanksiyalarına bənzər sanksiyaları qəbul etmək öhdəliyi götürməsi digər təəccüb doğuran məqamdır.
Rusiyanı təcavüzü Avropa Birliyini əvvəllər nadir hallarda baş vermiş şəkildə birləşdirdi. Almaniyanın yenidən silahlanma planları uzun müddət AB daxilində müzakirə səviyyəsində qalmış Avropa ordusunun reallaşdırılmasına yol aça bilər. Avropa Komissiyasının sədri Ursula fon der Leyen 2021-ci ilin sentyabr ayındakı çıxışında "Bizə lazım olan Avropa Müdafiə İttifaqıdır" deyə bildirmişdi. Rusiyanın Ukraynaya hücumu müxtəlif üzv-dövlətlərə Avropa ordusunun əhəmiyyətini həm ümumi müdafiə planları kontekstində, həm də NATO və ABŞ-dan asılılığını azaldılması baxımından vacib görünə bilər. AB-nin yalnız “yumşaq güc”ə sərmayə qoyduğu bir neçə onillikdən sonra Putin dünya ictimaiyyətinə sərt gücün və buna görə də hərbi gücün hələ də vacib olduğunu xatırlatdı. Beləliklə, təhlükəsizlik və müdafiə sahəsində AB-nin daha geniş inteqrasiyası prioritet olmalıdır.